Month: March 2025

Van Yi Moskvaya niyə səfər edəcək?

Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur. Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyini gizlətmir. Bu Kremlin siyasətinə ziddir. Bu səbəbdən Kreml Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın.

Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Yayılan xəbərlərdə nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir. Fevral ayının sonunda Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə telefon söhbətində Ukrayna mövzusunu geniş müzakirə etmişdi. Bu söhbətdən sonra Cinpin Moskvanı Pekinin yaxın dostu adlandırmışdı. “Biz bir-birimizin inkişafına dəstək veririk” deyən Si Cinpin Moskva ilə Vaşinqton arasındakı dialoqa dəstəklədiyini bildirmişdi.

Buna baxmayaraq, Pekin rusların ata sözlərində olduğu kimi, Moskva ilə münasibətlərdə “inan, ancaq yoxla” prinsipindən çıxış edir. Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir. Pekin Trampın bu planından narahatdır. Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə əksinə sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanır.

"Atlas" Research Center

Vaşinqton İran neftini alanı da, email edəni də hədəf götürüb

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib. ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə  Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır.

Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır. Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq.

"Atlas" Research Center

Dalay Lama varis axtarışındadır

Tibet yaxın müddətdə beynəlxalq aləmin yeni müzakirə mövzularından birinə çevriləcək. Tibet buddizminin mühacirətdəki lideri Dalay Lamanın son “Səssizlərin səsi” kitabından bu qənaətə gəlmək olar. Böyük Britaniyanın “The Guardian” nəşrində yayımlanan məqalədə Dalay Lamanın kitabında varisinin Çindən kənarda doğulacağını bəyan etdiyinə yer verilib. Məsələ burasındadır ki, 90 yaşın içində olan  Dalay Lama nə qədər sağlam görünsə də, varisi barədə düşünmək məcburiyyətindədir. Tibet ənənəsinə görə, yüksək səviyyəli buddist rahibin ruhu ölümündən sonra bir uşağın bədənində yenidən doğulur. Hazırkı Dalay Lama sələfinin reenkarnasiyası olaraq iki yaşında tanınıb.

Dalay Lamanın varis barədəki yeni açıqlaması onunla Pekinlə arasındakı gərginliyi daha da artıracaq. Dalay Lama 65 il əvvəl Çini tərk edərək Hindistanda qərar tutub. Bundan sonra Pekin Dalay Lamanı qanundankənar elan edərək Tibeti Çinə tabe etdirib. Pekin illər boyu Dalay Lamanın müxtəlif dövlətlərlə əməkdaşlığına və səfərlərinə qarşı mübarizə aparıb. Dalay Lama hansı ölkəyə səfər edibsə, Pekin həmin dövlətin rəsmilərinə etirazını bildirib.

Dalay Lama kibatında öz həyatını, Çinlə aparılan danışıqları, tibetlilərin azadlıq mübarizəsini və tibetlilərin üzləşdikləri çətinlikləri əks etdirib. Kitabın əsas qayəsini varisin seçiminə həsr edib. Görünür, mühacirətdə olan tibetlilərin də bu kitaba ehtiyacı olub. Həmin tibetlilər Dalay Lamanın vəfatından sonra bu istitutun davam etdirilməsini istəyirlər. Halbuki, Dalay Lama əvvəlki açıqlamalarının birində ruhani liderlər xəttinin onunla birlikdə bitə biləcəyini söyləmişdi. İndi isə Dalay Lama tərsini söyləyir, varisinin Çindən kənarda doğulacağını vurğulayıb. Dalay Lama “Çindən kənarda” dedikdə varisinin mühacir həyatı yaşadığı Hindistanda doğulacağına işarə edib. Dalay Lama hesab edir ki, onun varisi Çinin nəzarət etdiyi Tibetdə doğulsa, həmin şəxs Pekinin siyasətinə tabe olacaq. Dalay Lama buna yol vermək istəmir. Dalay Lama özü Tibetdə doğulsa da, 1959-cu ildə Çinin bölgəni nəzarət altına almasına qarşı uğursuz üsyandan sonra minlərlə tibetli ilə birlikdə Hindistana qaçıb. Pekin Dalay Lamanı tibetlilərin legitim lideri hesab etmir, onu separatçı adlandırır. Pekinin Tibetdə özünün müəyyənləşdirdiyi rihani lideri var.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1406686
en_USEN