Blog

BRİCS müharibəni dayandıra biləcəkmi?

Rusiya, Çin və Hindistan ABŞ və İsrailin İrana qarşı müharibəsini diqqətlə izləyir və yaranan fürsətlərdən istifadə etməyə çalışırlar. Birincisi, ABŞ-ın İrana qarşı müharibə fonunda Vaşinqton Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Bundan istifadə edən Rusiya dünya bazarlarına daha çox neft ixrac etməyə başlayıb. Rusiya nefti ilə dolu tankerlər Asiya ölkələrinin limanlarına yaxınlaşırlar. İkincisi, İrana qarşı müharibə və Hörmüz boğazındakı gərginlik neftin qiymətlərinin qalxmasına da səbəb olub ki, bu Rusiyanın gəlirlərini artırıb. Üçüncüsü, ABŞ Hindistana Rusiyadan neft almağa qoyduğu qadağını müvəqqəti dondurub. Bu isə Hindistanın işinə yarayıb. Çinə gəldikdə, bu ölkə də Rusiyadan enerji ixracatını artırıb. Çin 2026-cı ilin ilk ayında Rusiyadan neft idxalının son 11 ilin ən yüksək səviyyəsinə qaldırıb. Çin yanvar və fevral aylarında Rusiyadan 161 milyon barel neft alıb. Bu gündəlik 2.7 barel deməkdir. Beləliklə, Hinidtan kimi Çin də ABŞ-ın Rusiya neftinə sanksiyaların yumşalmasından istifadə edib.

Bu arada, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfər hazırlaşdığı xəbəri yayılıb. Əslində Çinə bu ayın sonunda ABŞ Prezidenti Donald Tramp səfər etməlidi. Ancaq İranla müharibənin davam etməsi səbəbindən Tramp Çinə səfərini ən azı bir ay təxirə salıb. Görünür, Putin Trampın Çinə səfərini təxirə salmasından öz məqsədləri üçün istifadə edərək Ağ Ev sahibindən əvvəl Pekinə getmək istəyir. Putinin Çin lideri Si Cinpinlə müzakirə edəcəyi mövzular arasında Yaponiyanın hərbi gücünü artırması mövzusu da olacaq. Yaponiya Çin və Şimali Koreya təhlükəsi qarşılığında hərbi büdcəsini və raket istehsalını artırmağı planlaşdırır. Bu Moskva ilə Pekinin narahatlığına səbəb olub. Rusiya və Çin hesab edirlər ki, Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra qəbul etdiyi sülhpərvər Konstitusiyasının bəndlərinə riayət etməlidir. Halbuki, bölgədə reallıqlar dəyişib və Tokio mövcud təhlükələr qarşılığında hərbi gücünü artırmaq məcburiyyətindədir.

Rusiya Çinlə yanaşı Hindistanla da əməkdaşlığı genişləndirməyi planlaşdırır. Hindistanın baş naziri Narendra Modinin yaxın aylarda Rusiyaya səfəri reallaşacaq. Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. Narendra Modi BRİCS təşkilatının rolunun artırılmasında maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib. Pezeşkianın mövqeyi belə olub ki, bölgədə gərginliyin aradan qaldırılması üçün ABŞ və İsrailin İrana təcavüzü dayandırılmalıdır. Pezeşkian həmçinin, Qərbi Asiya ölkələrindən ibarət təhlükəsizlik çərçivəsi ideyasını isrəli sürüb. Ancaq Pezeşkianın təkliflərinin reallaşması çətindir. Çünki, İran qonşu ölkələrə də raket və dron zərbələrini davam etdirir. Belə şəraitdə İranın iştirakı ilə yeni regional ittifaqların formalaşması problematikdir.

Atəşkəs müvəqqətidir

Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb. İslamabad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin atəşkəslə bağlı müraciətlərinə müsbət cavab verib. Atəşkəsin uzun çəkəcəyini söyləmək çətindir, bayramdan sonra iki ölkə arasında döyüşlərin yenidən başlayacağı ehtimalı yüksəkdir.

Asiyada ən böyük gərginlik uzun illər Hindistanla Pakistan arasında olub. İki ölkə arasında bir neçə dəfə müharibə olub, on minlərlə insan həlak olub, yüzminlərlə insan qaçqına çevrilib. Hindistanla Pakistan arasında Kəşmirə görə ara-sıra yenə də münaqişə baş verir. Ancaq artıq Pakistanla Əfqanıstan arasında tez-tez baş verən toqquşmalar Hindistan-Pakistan gərginliyini arxada qoyub. Bunun səbəblərindən biri hər iki ölkənin nüvə silahına malik olması və müxtəliq növ hərbi təyyarələrə malik olmalarıdır. Güclər təxminən bərabərdir. Pakistan-Əfqanıstan müharibəsində isə İslamabad havada üstünlüyə malikdir. Əfqanıstanın qırıcı təyyarələri yoxdur, hava müdafiə sistemləri zəifdir. Pakistan bundan istifadə edərək Əfqanıstan ərazisindəki silahlı qrupların mərkəzləşdiyi yerlərə zərbələr vurur. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. Halbuki, Taliban vaxtilə elə Pakistan ərazisində formalaşıb.

Pakistanla Əfqanıstan arasında gərginliyin iki səbəbi var. Birinci səbəb Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik Durand Xəttidir. Əfqanıstan vaxtilə ingilis müstəmləkiçələrinin müəyyənləşdirdiyi bu xətti mübahisəli hesab edir. İki ölkə arasındakı gərginliyin ikinci səbəbi Əfqanıstan ərazisindəki Pakistan hakimiyyətinə müxalif olan silahlı qrupların varlığıdır. Bu iki məsələ həll olunmadan Pakistanla Əfqanıstan arasında atəşkəslər müvəqqəti xarakter daşıyacaq. Hava üstünlüyü Pakistanın tərəfində olsa da, Əfqanıstanın hərbi gücləri qonşu ölkənin sərhədəki məntəqələrinə hücumlar təşkil etmək gücündədir. Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq.

Yaponiyanın ABŞ-ın hərbi dəstəyinə ehtiyacı var

ABŞ Prezidenti Donald Trampın Çinə səfərini ən azı altı həftə təxirə salması İrana qarşı müharibənin yekunlaşmaması ilə əlaqəlidir. Donald Trampın martın sonlarında, aprel ayının ilk günlərində Çinə səfər edəcəyi barədə xəbər ABŞ-ın İrana müharibəyə başlamadan öncə yayılmışdı. Görünür, Tramp və onun ətrafı düşünürdü ki, Çinə səfərə qədər İran təslim olacaq. İran zəifləsə də, müqavimətini davam etdirir. Belə vəziyyətdə Donald Tramp İranla məsələləri bitirmədən Çinə səfərin doğru olmayacağı qənaətinə gəlib.

Tramp Çinə səfərin təxirə salındığını martin 19-da Ağ Evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüş zamanı bildirib. “Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm” – deyən Tramp Pekinlə Tokio arasında gərginliyin qaldığını vurğulayıb. Tramp bunu ona görə xatırladıb ki, bu gərginliyi də yalnız o aradan qaldıra bilər.

ABŞ Prezidenti ilə Yaponiyanın baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcəkləri barədə razılığa gəliblər. Sanae Takaiçi Yaponiyanın ABŞ iqtisadiyyatına 73 milyard dollar yatırım qoyacağını vəd edib. Bundan başqa Yaponiya ABŞ-dan idxal etdiyi neftin həcmini artıracaq. İki ölkənin liderinin görüşündə beynəlxalq mövzular da müzakirə edilib. Sanae Takaiçi İran məsələsində ABŞ-ı dəstəklədiyini bildirib. Yaponiyanın baş naziri Hörmüz boğazındakı mürəkkəb vəziyyətin Yaxın Şərqlə yanaşı Hind və Sakit Okean bölgəsinə də mənfi tsətirləri olduğunu söyləyib.

Donald Tramp Hörmüz boğazı məsələsində Tokiodan əməli dəstək gözlədiyini gizlətməyib. “Yaponiyanın 45 min hərbçisi var” – deyən Tramp yaponiyalı hərbçilərin Hörmüz boğazının təhlükəsizliyində iştirakını arzuladığını bildirib. Tokio üçün bu məsələdə qərar vermək çətindir. Yaponiyanın baş naziri sözdə ABŞ-ı dəstəklədiyini bildirsə də, İrana qarşı müharibədə rol almaq istəmir. Ancaq Tokionun manevr imkanları məhduddur. Tokio Trampın dəstək çağırışlarına səssiz qalarsa, ABŞ-ın Yaponiyanı hərbi sahədə dəstəyi zəifləyə bilər. Bu isə bölgədə hərbi gücünü artıran Çinin işinə yarayacaq ki, bu halda Yaponiya üçün ciddi təhlükəsizlik problemi yaranacaq. Tokio həm də ondan narahatdır ki, Donald Tramp Çinə səfəri zamanı Yaponiyanın maraqlarını arxa plana ata bilər. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərinin sayını artırıb. Çinin Tayvanı nəzarətə götürmək siyasəti də Tokionu ciddi narahat edir. Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq. Tokionun Vaşinqtonun dəstəyinə ehtiyacı var. Belə olan halda Tokio Vaşinqtonun istəklərini nəzərə almaq məcburiyyətindədir.

Hörmüz boğazında gərgin vəziyyət davam edir

Vaşinqton Çin Xarici İşlər Nazirliyinin Hörmüz boğazındakı hərbi gərginliyin qlobal iqtisadiyyata vurduğu zərərlə bağlı bir neçə gün əvvəl yaydığı bəyanata əhəmiyyət vermədi. Həmin bəyanatda bölgədə sabitliyin pozulmasının beynəlxalq enerji və ticarət marşrutlarının birbaşa təhdid edildiyi vurğulanmışdı. Pekin artıq neçənci dəfədir ki, tərəfləri dərhal hərbi fəaliyyətləri dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb. Hörmüz boğazından neft məhdud şəkildə daşınarkən, mayeləşdirilmiş təbii qazın hərəkəti faktiki olaraq dayanıb. Sığorta şirkətləri Hörmüz boğazından neft və qazı daşınmasını həyata keçirən tankerlərlə müqavilə bağlamaq istəmirlər. Sığorta şirkətlərinin bir qismi isə tarifləri kəskin şəkildə artırıblar.

Hörmüz boğazındakı mürəkkəb vəziyyət və bu bölgədən neftin daşına bilməməsi Vaşinqtonu narahat etmir. Çünki, ABŞ-ın Hörmüz boğazından daşınan neftə ehtiyacı yoxdur. Buna baxmayaraq, boğazdakı mürəkkəb vəziyyət neftin qiymətlərinin sürətlə artmına səbəb olub ki, bu Vaşinqtonu problemdən çıxış yolları axtarmağa məcbur edir. Vaşinqtonun Avropa ölkələrinə “Hörmüz boğazından keçidin təhlükəsizliyinə dəstək verin” çağırışı nəticə vermədi. Vaşinqton eyni çağırışı Pekinə də etmişdi. Ancaq Çin Nörmüz boğazından tankerlərin keçidinin təhlükəsizliyinin təminatına dəstək verərsə və həmin bölgəyə hərbi gəmilərini göndərərsə, bu Pekinin ABŞ-la İsrailin İrana qarşı apardığı müharibəyə dəstək verməsi mənası daşıyacaq. Pekin buna razılaşa bilməz. Çin Hörmüz boğazı probleminin həlli yolunu müharibənin dərhal dayandırılmasında görür.

Vaşinqton Hörmüz boğazındakı mürəkkəb vəziyyət səbəbindən Rusiya neftinin və qazının satışına qoyduğu sanksiyaları müvəqqəti olaraq dondurub. Bundan birinci istifadə edən ölkə Hindistan olub. Vaşinqton İrana qarşı müharibədən əvvəl Hindistana Rusiyadan neft alışını dayandırması tələbini qoymuşdu. Vaşinqton İrana qarşı müharibə fonunda bu tələbindən imtina edib. Bundan istifadə edən Hindistan Rusiyadan ucuz neft alışını artırıb. Qısa zaman kəsiyində Rusiyadan çıxan neftlə dolu 7 tanker Hindistan limanlarına yaxınlaşıb. Bu tankerlərdəki neftin bir qismi Çin üçün nəzərdə tutulsa da, sonradan marşrut dəyişdirilib. Vaşinqtonun icazəsi alındıqdan sonra Hindistanın neftayırma zavodları Rusiyadan 30 milyon barel neft alıblar. Hİndistan Rusiyadan daha çox neft almaqla ehtiyatını artırmağa çalışır. Çünki, İrana qarşı müharibə dayandırılsa, Vaşinqton yenidən Rusiya neftinin alışına qadağa qoyacaq.

“Bir kəmər, bir yol” layihəsinə hansı ölkədən təhlükə var?

Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə olan təhlükədir. Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi ilə əməkdaşlıq etsə də, taliblər ölkədəki müxtəlif silahlı qruplara nəzarət etmirlər. Həmin qruplar, Əfqanıstana qonşu olan ölkələrə təhlükə yaradılar. Bu səbəbdən Çin 2017-2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə qurğusu tikib. Ümumlikdə Çinin Tacikistanda maliyyələşdirdiyi 15 hərbi və təhlükəsizlik qurğusunun inşa edildiyi sənədləşdirib. Çinə məxsus “Huawei” avadanlıqları Tacikistanın simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir və paytaxtın “Təhlükəsiz Şəhər” kamera şəbəkəsi 21 milyon dollarlıq Çin krediti ilə qurulub.

Tacikistan parlamenti bu ilin martın 4-də ölkənin Əfqanıstanla sərhəd boyunca əlavə olaraq doqquz sərhəd qurğusunun tikintisi üçün Çin tərəfindən maliyyələşdirilən layihəni təsdiqləyib. Layihənin ümumi dəyəri Pekin tərəfindən geri qaytarılmayan qrant kimi təxminən 61 milyon dollar civarında qiymətləndirilir. Bunun müqabilində Düşənbə layihəni vergilərdən, gömrük rüsumlarından və digər məcburi ödənişlərdən azad edəcək. Tikinti işləri müşahidə məntəqələri və qərargahlar da daxil olmaqla 17.109 kvadrat metrlik obyekti üç mərhələdə əhatə edəcək. Çin şirkətləri bu məqsədlə avadanlıq, giriş yolları, su təchizatı və elektrik bağlantısı təmin edəcəklər.

Tacikistanın Çinlə birgə Əfqanıstanla sərhədi daha çox nəzarət altına alması bölgədə artan gənginliklə əlaqəlidir. 2025-ci ilin noyabr ayının sonlarında partlayıcı qurğu daşıyan pilotsuz təyyarə Xatlon vilayətində Çinin qızıl mədən şirkətinə məxsus əraziyə zərbə endirdi və nəticədə üç çinli işçi həlak oldu. Tacikistan hakimiyyəti hər iki hücumun Əfqanıstanın Bədəxşan əyalətindəki kəndlərdən qaynaqlandığını bildirdi. Məhz bu hadisədən 3 ay sonra Tacikistan Çinlə birgə Əfqanıstanla sərhəd məntəqələrinin sayının artırılması qərarına gəldilər.

Əfqanıstan ərazisindən edilən hücumdan sonra Tacikistanla Çini birləşdirəcək beynəlxalq avtomobil yolunun tikintisi dayandırılıb və Çinin Düşənbədəki səfirliyi sərhəd yaxınlığındakı işçilərə təxliyə əmri verib və Tacikistan hakimiyyətindən onların qorunmasını təmin etmək üçün “lazımi tədbirləri” görməsini tələb edib. Hücumları heç bir qrup öz üzərinə götürməyib, ancaq hərbi ekspertlər terrorun arxasında Xorasan əyaləti İslam Dövlətinin (İŞİD) olduğunu bildiriblər.

Əfqanıstan ərazisindən edilən terror hücumları Pekinin ideya müəllifi olduğu və Mərkəzi Asiyadan keçən “Bir Kəmər, Bir Yol” latyihəsinə və yatırımlarına təhdiddir. Çin Tacikistanın ən böyük yatırımçı ölkəsidir. Tacikistanın Çinə borcu 800 milyon dolları aşıb. Bu Tacikistanın Çindən asılılığını artırıb. Buna baxmayaraq, Pekin Tacikistana pul xərcləməkdən imtina etmir. Tacikistanın Əfqanıstanla 1344 kilometrlik sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu vacib təhlükəsizlik buferinə çevirib. Çin lideri Si Cinpin 2014-cü ildə xəbərdarlıq etmişdi ki, münaqişə zonalarından qayıdan uyğur döyüşçülər Əfqanıstanı birbaşa Sincanla birləşdirən dar Vaxan dəhlizi vasitəsilə Çinə hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edə bilərlər. Çinin Takicistan-Əfqannıstan sərhədini daha da möhkəmləndirməsinin səbəblərindən biri də budur.

Çin Tacikistanla təhlükəsilik sahəsində əməkdaşlığı genişləndirərkən, Rusiya ilə rəqabət aparmaq istəmir. Tacikistan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın bu ölkədə hərbi bazası var. Tacikistan silah və hərbi texnikaya olan tələbatının təxminən 90 faizini Rusiyadan alıb. Çinin Tacikistanın sərhəd təhlükəsizliyini gücləndirməsi Rusiyanın da maraqlarına uyğundur. Çünki, Çin kimi Rusiya da Əfqanıstandakı müxtəlif silahlı qrupların bölgəyə yayılmasını istəmir.

İran müsəlman ölkələrdən niyə narazıdır?

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani son açıqlamasında müsəlman ölkələrin İranı dəstəkləməməsindən məyus qaldığını söyləyib. “Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiniz?”, – deyə Laricani bildirib. Əli Laricani günahı ölkəsinin illərdir yürütdüyü siyasətində axtarsın. Vaxtilə Azərbaycan da müsəlman ölkələrinin siyasətindən narazı idi. İslam Konfransı Təşkilatının sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilsə də, əməldə təşkilata üzv ölkələrin bir qismi, o cümlədən İran işğalçı Ermənistanla sıx əməkdaşlıq edirdi. İndinin özündə müsəlman ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəsinin əleyhinədirlər. Ancaq İran narazı qaldığı müsəlman ölkələrin ərazisinə raket və dronlar atdığına görə, heç bir müsəlman ölkəsi Tehranı dəstəkləmək istəmir.

Bu arada, Pakistanla Əfqanıstan arasında hərbi qarşıdurmanın genişlənməsi də diqqət mərkəzindədir. Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirib. İlkin məlumatlara görə, ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Pakistan “Taliban”a aid hərbi hədəflərə dəqiq zərbələr endirildiyini açıqlayıb. “Taliban” isə zərbələrin mülki yerlərə dəydiyini iddia edir. İki ölkə arasında fevral ayından başlanan qarşdurma qısa fasilələrlə davam edir. İki ölkənin sərhədində qarşılıqlı hücumlar daima qeydə alınır. İki ölkə arasında vasitəçilik səyləri nəticə verməyib.

Beləliklə, bölgədə 3 – ABŞ və İsrailin İrana, İsrailin Livana qarşı, Pakistan – Əfqanıstan arasında müharibə şiddətlənib. Bu sıraya İranın Körfəz ölkələrinə endirdiyi raket və dron zərbələrini də əlavə etsək, Yaxın Şərqdəki gərginliyin genişləndiyini söyləmək mümkündür. Əfqanıstan daha ağır vəziyyətdədir. Qonşuluğunda müharibə gedir, eyni zamanda Pakistanla da hərbi qarşıdurma içindədir.

Müharibələrin davamı milyonlarla insanın qaçqına çevriləcəyi və açlığa sürüklənəcəyi ehtimalını artırıb. ABŞ və İsrailin zərbələri illər öncə İranda məskunlaşan minlərlə əfqan miqrantı evlərinə qayıtmağa məcbur edib. Ancaq evdə də qeyri-sabitlikdir. Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan əhalisinin təxminən yarısının – təxminən 21,9 milyon insanın – bu il humanitar yardıma ehtiyacı olacağını proqnozlaşdırıb. Humanitar yardımların çatdırılmasını davam etdirmək üçün BMT-nin Ümumdünya Ərzaq Proqramı hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstana alternativ təchizat yollarını araşdırır.

Tramp hansı nəticə ilə Pekinə gedəcək?

ABŞ Prezidenti Donald Tramp İran üzərində qələbədən danışsa da, müharibə davam edir, hələ ki, qalib yoxdur. Trampdan başqa kimsə ABŞ-ın və ya İsrailin qələbəsi barədə danışmır. Çünki, bu reallıqla uzlaşmır.

Bu arada, İranın Hörmüz boğızını hədəfdə saxlaması Trampı narahat edir. ABŞ öz gücüylə neft daşıyan tankerlərin təhlükəsizliyini təmin edə bilmir. Tramp bu səbəbdən NATO ölkələrindən dəstək istəyib. Ancaq NATO ölkələri dəstəyə tələsmir. Çünki, HATO-nun hansısa ölkəsi Hörmüz boğazına hərbi gəmi göndərsə və İran həmin gəmiyə zərbə endirsə, hərbi gəmisi vurulan ölkə ABŞ və İsraillə birgə İranla müharibəyə qoşulmalıdır. Bu baş verməsin deyə, NATO ölkələri Trampa müsbət cavab verməyiblər. Bircə Böyük Britaniyanın baş naziri Kim Starmer deyib ki, boğazda tankerlərin qorunması üçün dronlar göndərə bilər. Ancaq ABŞ-a Hörmüz boğazının qorunması üçün dronlar yox, hərbi gəmilər lazımdır. Müttəfiqlərindən rədd cavabı alan Donald Tramp sosial şəbəkə hesabında “müharibə bitdikdən sonra gələnləri tarix unutmayacaq” cümləsini yazıb.

ABŞ Prezidenti İranın tərəfdaşı Çindən də dəstək gözləyir. Donald Tramp “Financial Times” qəzetinə telefonla verdiyi müsahibədə bildirib ki, Çin neftinin 90 faizini boğazdan alır. Tramp belə deyib ki, Çin lideri Si Sinpinlə görüşü, Pekin sammitini  gözləmək çox gec olardı. Məlumdur ki, Tramp bu ayın sonunda Çinə rəsmi səfər hazırlaşır. Ancaq Tramp səfərin təxirə salına biləcəyinə bu sözlərlə işarə edib: “Çin səfəri gözləyə bilmərəm. Bu barədə əvvəlcədən bilmək istərdik. İki həftə çox uzundur. Səfəri təxirə sala bilərik”.

Tramp İranda istədiyi nəticəni əldə etsəydi, Çin daha güclü şəkildə gedəcəkdi. Ancaq İranın mühafizəkar rejimi müqavimətini davam etdirir. Bu halda Trampın iki seçimi qalır. O ya Pekindəki görüşlərdə Hörmüz məsələsinə gündəmə gətirəcək, ya da səfərdən imtina edəcək. Bütün hallarda Pekin Vaşinqtona dəstək verməyəcək. Doğrudur, Hörmüz boğazının bağlı qalması Çinə enerji sahəsində problemlər yaradır. Ancaq Çin Hörmüz boğazının təhlükəsizliyi məqsədilə İrandakı rejimlə münasibətlərini gərginləşdirməyəcək. Pekin əksinə ABŞ-la müharibədə İrana gizli dəstəyini davam etdirəcək, Moskva ilə birgə Tehrana kəşfiyyat məlumatlarını ötürəcək.

İranın hava müdafiə sistemi niyə çökdü?

Ötən ilin yayındakı müharibədə olduğu kimi İranın hava müdafiə sistemi hazırki müharibədə də çökdü. ABŞ və İsrailin hərbi təyyarələri İranın hava məkanında sərbəst şəkildə uçur və istədikləri hədəflərə zərbələr endirirlər. İranın Rusiya və Çindən aldıığı hava müdafiə sistemləri işə yaramadı, böyük əskəriyyəti bombardmanlar nəticəsində dağıdıldı. Rusiya və Çinin hava müdafiə sistemlərinin işə yaramadığı ilk dəfə Venesuelada özünü biruzə verdi. Venesuelanın keçmiş lideri Nikolas Maduro Rusiyadan hava müdafiə sistemlərinin alınmasına milyardlarla dollar xərcləmişdi. Ancaq həmin hava müdafiə sistemləri ABŞ helikopterlərinin paytaxt Karakasa enməsinə və Maduronun oğurlanmasına mane ola bilmədilər.

İran Rusiya ilə yanaşı Çindən də hava müdafiə sistemləri almışdı. İranda keçirilən hərbi paradlarda həm Rusiyanın S-300, həm də Çinin JY-27 radar sistemləri, o cümlədən HQ-9B raketləri nümayiş etdirilirdi. Ancaq İranın ABŞ və İsraillə müharibəsində bu radar və raketlər işə yaramadı. İran ABŞ və İsraillə müharibədə özünün istehsal etdiyi dron və ballistik raketlərdən istifadə edir. Əslində Çinin hava müdafiə sistemləri Rusiyanın S-400 və ABŞ-ın Patriot hava müdafiə sistemlərinin oxşarıdır. Bu hava müdafiə sistemləri nəzəri olaraq eyni anda birdən çox hədəfi izləmək və vurmaq üçün daxili radar sistemlərinə malikdirlər. Praktikada isə bunlar özünü doğrultmadı.

İrana qarşı müharibə Rusiya və Çin istehsalı olan hərbi texnikaya marağı azaldıb. Venesueladakı olaylara və İran müharibəsinə qədər müxtəlif dövlətlər, o cümlədən Misir və bir qrup Latın Amerikası ölkəsi Rusiya və Çinin hərbi texnikasını almaq barədə düşünürdülər. Ancaq artıq bu ölkələr Qərb ölkələrinin istehsalı olan hərbi texnikaya maraq göstərməyə başlayıblar.

Yaxın Şərqdəki alov böyük dövlətləri narahat edir

Yaxın Şərqdə davam edən müharibə bölgə ölkələrini ciddi narahat edir. İran ərazisindən qonşu Türkiyəyə yenə raket atıldı. İrandakı rejim alovu ətrafa yaymaqla yanaşı, neft və qazın Hörmüz boğazından daşınmasına mane olur. Bu neft və qaza ehtiyacı olan ölkələrin təcili alternativ bazarlar axtarmasına səbəb olub.

Bölgənin böyük dövlətlərindən Çin və Hindistan enerji təminatı məqsədilə neft ehtiyatlarını artırmağa çalışırlar. Çin hazırda nə İrandan, nə də Körfəz ölkələrindən neft ala bilir. Hindistan da eyni vəziyyətdədir. Dehlini narahat edən digər məqam Körfəz ölkələrində çalışan milyonlarla hindlinin taleyidir. Yaxın Şərq Hindistanın strateji mənzərəsində mərkəzi yer tutur. Hindistanın Körfəzdəki münasibətləri son iki onillikdə kəskin şəkildə inkişaf edib. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman və Qətər kimi ölkələr Dehlinin əsas strateji tərəfdaşlarına çevriliblər. Əməkdaşlıq hazırda ənənəvi enerji əlaqələrindən daha çox ticarət, infrastruktur investisiyaları, texnologiya tərəfdaşlıqları və təhlükəsizlik dialoqunu əhatə edir. Körfəz suveren sərvət fondları Hindistanın infrastruktur, bərpa olunan enerji və texnologiya sektorlarında əsas investorlara çevrilib. Təxminən doqquz milyon hindli Körfəz ölkələrində yaşayır və işləyir. Yaxın Şərqdəki qeyri-müəyyənliyə baxmayaraq, Dehli ehtiyatlı xarici siyasətə üstünlük verir. Hindistan hökuməti Yaxın Şərqdəki vəziyyəti yaxından izləyərək zəruri hallarda hindlilərin təhlükəsiz köçürülmə və ya təxliyəni asanlaşdırmaq mexanizmlərini də işə sala bilər.

Hindistanla yanaşı Pakistan da olayları diqqətlə izləyir. İranda xaos qonşu ölkələrin, o cümlədən Pakistanın maraqlarına cavab vermir. İran-Pakistan sərhədi sabit deyil, silahlı bəluclar hər iki ölkəyə ciddi problemlər yarada bilərlər. Silahlı bəluclar Çin-Pakistan İqtisadi Dəhlizinə də təhlükə yaradırlar. Pakistan İrandan gələn təhlükəyə baxmayaraq, Tehranla praqmatik münasibətlərə malikdir. Ancaq müharibə davam edərsə, silahlı bəlucların yenidən təxribatlara əl atacağı istisna deyil.

Hindistan – Çin münasibətləri normallaşır

Dehli Çinin Hindistan iqtisadiyyatına qoyduğu investisiya məhdudiyyətlərinin yumşaldılmasına qərar verib. Bu, Baş nazir Narendra Modinin Pekinlə əlaqələri bərpa etmək və altı illik çəkişməyə son qoymaq məqsədilə atılan addımdır.

Yaxın Şərqdə müharibə fonunda Hindistan və Çin münasibətlərin normallaşmasına çalışırlar. Asiyada iki nüvə silahına malik ölkə – Çin və Hindistan arasında 2020-ci ildə sərhəddə gərginlik yaşamışdı. İki ölkənin sərhədçiləri arasında baş verən toqquşmadan sonra Dehli Pekinlə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmağa qərar vermişdi. Dehli bundan başqa Çinin Hindistana yatırımlarına məhdudiyyət qoymuş, müxtəlif birgə layihələr dondurulmuşdu. Hindistan milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək TikTok da daxil olmaqla Çin mənşəli 59 texnoloji şirkətin fəaliyyətini qadağan etmişdi. Dehli Çinin nəhəng avtomobil istehsalçısı olan BYD-nin 1 milyard dollarlıq investisiya təklifini rədd etmişdi.

Buna baxmayaraq, Hindistan və Çin 2024-cü ildə dörd illik hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli sərhədlərini patrul etmək barədə razılığa gəldilər. Bu ona görə vacib idi ki, sərhədin dağlıq hissələrində növbəti dəfə toqquşma baş verməsin. Bu qərardan bir il sonra Hindistanın baş naziri Narendra Modi 7 illik fasilədən sonra Çinə səfər etdi. Bu səfər nəticəsində Hindistan və Çin arasında beş illik fasilədən sonra birbaşa uçuşlar bərpa olundu.

Hindistanla Çinin yaxınlaşması ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi fonunda baş verib. Bu müharibədən həm Çin, həm də Hindistan əziyyət çəkir. Hər iki dövlətin İrana yatırım planları var idi. Bundan başqa İranın Hörmüz boğazını atəş altında saxlaması Çinin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Belə vəziyyətdə Pekin və Dehli öz aralarında iqtisadi əlaqələri genişləndirməyə qərar veriblər.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1403614
en_USEN