День: 11.03.2026

Müharibə alovu ətrafa yayılır

ABŞ və İsrailin İrana qarşı son hücumları Yaxın Şərq və Cənubi Asiyada yerləşən kövrək geosiyasi və məzhəb çatlaqlarını üzə çıxardıb. Hərbi ölçüdən kənara çıxan bu hadisələr regional sabitlik və onsuz da dəyişkən bir mühitdə eskalasiya riski ilə bağlı daha geniş narahatlıqlar doğurur.

Türkiyə bölgədə radikal kürdlərin ABŞ və İsrailin əlində alət olmasından ehtiyat edir. İrana qarşı müharibə başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp İraqdakı iki əsas kürd fraksiyasının liderləri – Məsud Bərzani və Bafel Tələbani ilə telefonla danışaraq İranla aparılan müharibəni və mümkün gələcək hərəkətləri müzakirə etmişdi. Bundan sonra kürdlərin İran-İraq sərhədi boyunca minlərlə əsgər yerləşdirdiyi və müharibə irəlilədikcə, həlledici ola biləcək strateji ərazilərə nəzarət edə biləcəkləri xəbəri yayıldı. Bundan başqa İrsail rəsmilərinin də bölgənin kürd liderləriylə təmasda olduğu bildirildi.

Buna baxmayaraq, radikal və silahlı kürdlərin liderləri İrana qarşı müharibədə iştirak etməyəcəklərini söyləyiblər. Onlar bunu ona görə bəyan ediblər ki, İranın silahlı qüvvələri kürd qruplaşmalar zərbələr endirməsin. Ancaq İrandakı rejim zəifləyərsə, bölgədəki silahlı kürdlərin fərqli qərar verə biləcəkləri də mümkündür.

İranla sərhədi olan Pakistan da qonşu ölkədə qeyri-müəyyənlikdən narahatdır. Pakistan neytrallığını qorusa da, İrana qarşı müharibənin davamı İslamadadı ciddi narahat edir. İran-Pakistan sərhədindəki silahlı bəlucların yenidən fəallaşması ehtimalı İslamabadı qabaqlayıcı addımlar atmağa məcbur edə bilər. Bəlucların yaşadıqları bölgələr qeyri-sabitdir. Bəluc separatçıları həm İranda, həm də Pakistanda hücumlar təşkil edə bilərlər. Pakistan bu səbəbdən sərhəddə əlavə təhlükəsizlik tədbirləri görüb. Bəlucların hücumları Çini də hər zaman narahat edib. Çünki, separatçı bəluclar Çin-Pakistan İqtisadi Dəhlizinə təhlükə yaradırlar. Pekin bu layihəyə milyardlarla dollar yatırım qoyub.

Pakistanın Çinlə strateji müttəfiqliyinə baxmayaraq, Donald Tramp ABŞ Prezident seçiləndən sonra İslamabadın Vaşinqtonla da sıx tərəfdaşlıq münasibətləri qurulub. Pakistanın baş naziri Nəvaz Şərif Donald Trampla dostluq münasibətlərinə malikdir. Pakistan Trampın təsis etdiyi “Sülh Şurasının” üzvüdür. Əfqanıstanla Pakistan arasında hərbi toqquşmada Vaşinqton İslamabadı dəstəkləyib. Pakistan İrana qarşı müharibədə tərəf olmasa da, İslamabad Tehranın qonşu ölkələrə qarşı raket və dron zərbələrini tənqid edib. İran alovu bölgəyə yaymağa çalışarsa, Pakistanın neytrallığını qorumaq çətin olacaq. Misal üçün İslamabad bəyan edib ki, İran Səudiyyə Ərəbistanına raket və dron zərbələrini dayandırmasa, Pakistan buna seyrçi qalmayacaq. Ər-Riyadla İslamabad arasındakı uzunmüddətli münasibətlər Pakistanın xarici siyasətinin vacib sütunu olaraq qalır. İki ölkə 1980-ci illərdən bəri müdafiə sahəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı həmçinin iqtisadi gərginlik dövrlərində Pakistana maliyyə yardımı göstərib və bu da onların tərəfdaşlığının əhəmiyyətini daha da artırıb.

Hörmüz boğazında sular durulmur

İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüz boğazının ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacağını bildirib. Bu o deməkdir ki, İrandakı rejim müharibə alovunu ətrafa yaymağa çalışır.

Hörmüz boğazının atəş altında saxlanılması böyük dövlətlərdən Çinlə yanaşı Hindistanı da ciddi narahat edir. Müharibənin ilk günlərində Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Hörmüz boğazı ərazisində ilişib qalmışdı. Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval “The Times of India” qəzetinə verdiyi açıqlamada bildirmişdi ki, “Hörmüz boğazında ilişib qalan gəmilərdə min nəfərdən çox Hindistan dənizçisi var. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar isə martın 9-da parlamentdəki çıxışı zamanı bölgədəki münaqişə zonasında iki Hindistan vətəndaşının həlak olduğunu söyləmişdi.

Dehlini İranın Körfəz ölkələrinə raket və dron zərbələri də narahat edir. Çünki, Körfəz ölkələrində 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır. Körfəz ölkələrinin Hindistanla illik ticarət dövriyyəsi 200 milyard dollara yaxındır. Digər önəmli məqam Hindistanın neft idxalının böyük hissəsi Körfəz ölkələrinin payına düşür. Buna görə də Dehli müharibənin qısa zamanda bitməsində maraqlıdır. Müharibə davam etdikcə Körfəz ölkələrində yaşayan və çalışan hindlilər özlərini təhlükəsiz hiss etməyəcəklər. Təsadüfi deyil ki, müharibə başlayandan bu yana 70 minə yaxın Hindistan vətəndaşı münaqişə bölgəsini tərk edib.

Bu arada, Vaşinqtonun Hindistanın Rusiyadan neft alışına yaşıl işıq yandırması Dehli üçün əhəmiyyətli qərar olub. Hindistanın enerji nəhəngi “Reliance Industries” şirkəti mart ayı üçün Rusiyadan ən azı 6 milyon barel xam nefti alıb. “Reuters” agentliyinin məlumatına görə, şirkət Rusiyanın ixrac markalı Urals neftini bazar qiymətlərindən nisbətən ucuz qiymətə alıb. Yaxın Şərqdə müharibə davam etdikcə, ABŞ Hindistanın Rusiyadan neft alışının əleyhinə çıxmayacaq. ABŞ maliyyə naziri Skott Bessent Hindistanın Rusiya neftinin alışına məhdudiyyətin müvəqqəti götürüldüyünu desə də, nə qədər ki, Yaxın Şərqdə müharibə davam edir, qadağanın yenidən tətbiqinin ehtimalı azdır. Gərgin vəziyyət Hindistanın neft ehtiyatını artırmasını diktə edir. “The Times of India” qəzeti Hindistanın kifayət qədər benzin, dizel və reaktiv yanacaq ehtiyatı olduğunu yazıb. Buna baxmayaraq, müharibənin aylarla uzanması dünya enerji bazarında böhranın dərinləşməsinə səbəb olacaq.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1395370
ru_RURU