Месяц: Апрель 2026

Bəhreynin qətnaməsi niyə qəbul olunmadı?

BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreynin Birləşmiş Ərəb Əmirlikləri ilə birgə irəli sürdüyü Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirməli idi. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani qətnamənin əhəmiyyətini belə izah etmişdi ki, Hörmüz boğazındakı vəziyyət yalnız bölgə ölkələrinə deyil, dünya xalqlarına təhlükə yaradıb. Haqlıdır. Hörmüz boğazındakı vəziyyət dünyada yanacaq qiymətlərini artırmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə də təsir edib.

Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzdündən 3-ü – Fransa, Rusiya və Çin qətnamənin qəbulunun qarşısını alıblar. Bundan əvvəl isə Tehran Moksva və Pekindən həmin qətnamənin qəbulunu əngəlləməyi xahiş edib. İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, Bəhreynin qətnaməsi Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq əvəzinə bölgədə gərginliyi daha da artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarını bu sözlərlə dəstəkləyib: “Hazırki qətnamə sülh danışıqlarını pozmağa və İrana qarşı müharibəyə haqq qazandırır”. Birincisi, müharibənin dayandırılması üçün danışıqlar getmir, ikincisi görünür, Hörmüz boğazındakı mürəkkəb vəziyyət Rusiyanın maraqlarına cavab verir ki, Moskva BMT-də qətnamənin qəbulunun əleyhinədir.

Rusiyadan fərqli olaraq Hörmüz boğazındakı gərgin vəziyyət Fransa və Çinin maraqlarına cavab verməməlidir. Ümumiyyətlə Qərb ölkələrindən hər hansı birinin BMT-də Rusiya və Çinlə birgə mövqedən çıxış etməsi nadir hallarda baş verir. BMT Təhlükəsizlik Şurasında adətən Rusiya-Çin tandemi xoşlarına gəlməyən qətnamələrin qarşısını alırlar. Bu dəfə onlara Fransa da qoşulub. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron İrandakı rejimi tənqid etsə də, ABŞ və İsrailin müharibəyə başlaması qərarını pisləyib. Bu səbəbdən Fransa BMT-də Rusiya və Çinlə birgə Körfəz ölkələrinin qətnaməsinin qarşısını alıb.

Hörmüz boğazında sabitliyin bərqərar olması birinci növbədə Çinin maraqlarına cavab verməlidir. Çünki, məhz Çin bu bölgədən ona lazım olan neftin idxalını həyata keçirir. Doğrudur, hazırda İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə mane olmur. Ancaq müharibənin davamı bütün hallarda Çinin iqtisadi və enerji maraqlarına zərbə vurur. Buna baxmayaraq, Pekin Hörmüz boğazında sabitliyin bərqərarını İrana qarşı müharibənin dayandırılması vacibliyi ilə əlaqələndirir. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van İ deyib ki, İranda müharibə davam etdiyi halda, Hörmüz boğazında sabitlik bərqərar olmayacaq. Tramp Pekinin bu mövqeyinə görə Çinə səfərini təxirə salıb.

ABŞ-ın hərbi resursları tükənib

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfərini başqa tarixə keçirməsi Pekində narahatlıqla qarşılanıb. Tramp Çinə səfərini İran müharibəsinə görə təxirə salıb. Bu isə Pekində belə qiymətləndirilir ki, Tramp müharibəni qələbə ilə başa çatdırıb Çinə səfər etmək istəyir. Çin isə ABŞ-ın İrana qarşı müharibədə qələbə qazanmasını istəmir. Digər tərəfdən Donald Trampın Pekinə səfəri təxirə salması Çin lideri Si Cinpinin görüşlər qrafikinə təsir edib.

Pekində ABŞ – İran müharibəsindən bu qənaətə gəliblər ki, Vaşinqton qlobal liderliyini qorumağa çalışır. ABŞ həm də sanksiyalar yolu ilə müxtəlif qitələrdə təsir gücünü artırmağı qarşısına məqsəd qoyub. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çin Tayvan adasını nəzarətə götürmək istəyir. Bunun üçün Çin münasib zamanda hərbi gücündən istifadə etməyi planlaşdırır. ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Çini Tayvan adasını nəzarətə götürməkdən çəkindirmək məqsədi də daşıyır. Əlbəttə, ABŞ Çinlə müharibəyə hazırlaşmır, ancaq İran müharibəsi vasitəsilə Pekinə mesaj göndərilir ki, hərbi qarşıdurma halında Tayvana hərbi dəstək veriləcək.

Vaşinqtonun Asiya və Sakit okean bölgəsində hərbi gücünü və hərbi bazalarının sayını artıracağı da proqnozlaşdırılır. ABŞ Çinə qarşı Yaponiya və Avstraliya ilə kolaisiya yaradacağı da ehtimal edilir. ABŞ eyni zamanda Çini neftlə təmin edən ölkələri də nəzarətə götürmək istəyir. Hörmüz boğazının açılması buna görə Çin üçün əhəmiyyətlidir. İran Hörmüz boğazından Çinə neft daşıyan tankerlərə toxunmasa da, bölgədəki gərginlik enerji daşıyıcılarının çıxış imkanlarını məhdudlaşdırıb.

ABŞ İrana qarşı müharibədə hərbi reruslarının, o cümlədən raketlərin böyük hissəsini istifadə edib. Amerikalı hərbi ekspertlərin fikrincə, əgər Çinlə hərbi münaqişə olarsa, ABŞ-ın cəmi 8 günlük raket və mərmi resursu var. Bu səbəbdən ABŞ İranla müharibəni bitirdikdən sonra həm hərbi xərclərini, həm də hərbi texnika, o cümlədən raket və mərmi istehsalını artıracaq.

Yaxın Şərqdəki gərginliyi Hindistanın siyasi dairələri də diqqətlə izləyirlər. Hindistan İranla münasibətləri dəyişməz qalıb. Buna görə də İran Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından rahat keçidinə şərait yaradıb. Bundan başqa ABŞ müharibə müddətində Hindistana Rusiyadan neft alışına icazə verib. Ancaq bu müvəqqəti xarakter daşıyır. Müharibənin davamı Hindistanın Yaxın Şərqdən keçməsi planlaşdırılan nəqliyyat layihəsinin reallaşmasına əngəldir.

Trampı Hörmüz boğazındakı vəziyyət narahat etmir

ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək. Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib. Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Misal üçün Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.

Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Pakistanla Çinin müharibənin dayandırılması məqsədilə irəli sürdüklər beş maddəlik plan sadədir. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır.

Donald Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır. ABŞ Prezidenti həmin tarixə qədər müharibəni bitirməyi planlaşdırır. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradır. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq.

Vaşinqton Pekinin vasitəçiliyinin əleyhinədir

ABŞ-ın müharibə naziri Pit Heqset martin 31-də keçirdiyi mətbuat konfransında “Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilirik” ifadəsini işlədib. Pentaqon başçısı Rusiya və Çinin İranla bağlı konkrett “nə etdiklərini” açıqlamasa da, Pit Heqset Moskva və Pekinlə mübarizə apardıqlarına işarə edib.

ABŞ-ın müharibə naziri böyük ehtimalla Rusiya və Çinin İrana hərbi dəstəyini davam etdirməyə çalışdığını demək istəyib. Müharibədən əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi, İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də riskləri mövcuddur.

Bu arada, Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir: Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi olacaqlarını bildirmişdilər. Görünür, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər. Ancaq Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla Çinin birgə təkliflərinə reaksiya veriblər.

Vaşinqton Pekinin vasitəçiliyini qəbul etmək istəmir. Çinin informasiya resursları Yaxın Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu vurğulayırlar. Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan, sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün başladıb”. Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin gücünü zəiflətməyə çalışmaqdır.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1392715
ru_RURU