Rusiya və Çin son bir neçə ildə Yaponiyanın müdafiə siyasətinin əhəmiyyətli dəyişikliklərə məruz qalmasından narahatdırlar. Moskva və Pekin Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı pasifist konstitusiyasının tətbiq etdiyi məhdudiyyətlərdən tədricən uzaqlaşdığını və yenidən militarizmə doğru getdiyini iddia edirlər. Buna nümunə kimi ABŞ-ın “Tayfun” raket sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi göstərilib. Moskva bunu Yaponiyanın Rusiyanın Vladivostok şəhərini təhdid kimi qiymətləndirib.
Yaponiyanın Rusiyadakı səfirliyi açıqlama yayaraq, raket sistemləri ilə bağlı narahatlığın əsassız olduğunu bildirib. Açıqlamada, raket sistemlərinin yerləşdirilməsinin yalnız Yaponiyanın öz müdafiə qabiliyyətlərini gücləndirməyə yönəldiyi, hər hansı ölkəyə qarşı yönəlmədiyi və buna görə də, Rusiyanın narahatlıqları əsassız olduğu vurğulanıb.
Həqiqətən Tokio son illərdə hərbi büdcəsini artırıb və ABŞ-dan müxtəlif növ raket sistemləri alıb. Bunun səbəbi Yaponiyaya qonşu plan Rusiya və Çinin siyasətidir. Rusiya-Ukrayna müharibəsi Yaponiya sahillərindən uzaq məsafədə olsa da, Tokio Kremlin təcavüzkar siyasətini başqa istiqamətlərdə də həyata keçirə biləcəyini ehtimal etmək məcburiyyətindədir. Tokio digər tərəfdən Çinin bölgədə artan hərbi gücü və Rusiya ilə Yaponiya sahillərinə yaxın sularda tez-tez keçirdiyi birgə təlimlərdən narahatdır. Bu vəziyyət Yaponiyaya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb. Misal üçün Tokio 2026 maliyyə ili üçün ucqar adaları müdaxilədən qorumaq üçün okean gəmiləri donanmasını inkişaf etdirmək üçün 618 milyon dollar ayırıb.
Yaponiyanın Hindistanla hərbi əməkdaşlığını gücləndirməsi də bölgədəki vəziyyətlə bağlıdır. Yaponiyanın baş naziri Sanae Takaiçinin Hindistana 3 günlük səfəri zamanı əməkdaşlığın müxtəlif sahələri ilə yanaşı iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi mövzuları da müzakirə olunub. Misal üçün iki ölkə dəniz rabitəsi üçün ilk dəfə birgə hazırlanmış müdafiə sistemiylə bağlı razılığa gəliblər.
Bu arada, Yaponiya Ukrayna ilə dron istehsalı layihəsinə də başlamaq üzrədir. Yaponiya Ukrayna ilə dron sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı Kiyevin döyüş təcrübəsini öyrənir. Tokio Ukraynanın çoxlu sayda ucuz dron istehsalı təcrübəsindən faydalanmaq istəyir. Yaponiya hazırda ildə təxminən min dron istehsal edir. Tokio hesab edir ki, bu həm azdır, həm də bahalı istehsaldır. Ona görə də Yaponiyanın dron istehsalçıları Ukraynanın müdafiə şirkətlərinin təcrübəsini öyrənmək qərarına gəliblər. Dronlar Yaponiya üçün yalnız hərbi məqsədlər üçün deyil, həm də fəlakətlərin aradan qaldırılması, logistika, sahil nəzarəti, sualtı yoxlamalar və təhlükəli mühitlərdə əməliyyatlar üçün dronlar istehsal etməsi üçün əhəmiyyətlidir.