День: 19.09.2026

Azərbaycanın “Mərkəzi Asiya – Koreya Respublikası” formatına qatılması əhəmiyyətlidir

Seulda sentyabrın 16 və 17-də ilk dəfə “Mərkəzi Asiya – Koreya Respublikası” sammiti keçirilib. Bu sammit Cənubi Koreyanın daha əvvəl elan etdiyi “Yeni şimal siyasəti” təşəbbüsünün gücləndirilməsinə xidmət edib. Bu strategiya Avrasiyada sülh və birgə rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəlib.

Sammitdə Mərkəzi Asiya liderləri müxtəlif təkliflər səsləndiriblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdən bir gün əvvəl Seula səfər edərək Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə edib. İki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Özbəkistanda Koreya kapitalı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Özbəkistan iqtisadiyyatına qoyulan Koreya investisiyalarının ümumi həcmi 8 milyard dolları ötüb. Bundan başqa Özbəkistan və Cənubi Koreya ümumi məbləği təxminən 12 milyard dollar olan yeni layihələr hazırlayıblar. Şavkat Mirziyoyev sammitdə müxtəlif təkliflər irəli sürüb. Bunlar içərisində Mərkəzi Asiya Cənubi Koreya ilə tərəfdaşlığın strateji planlaşdırılmasını hazırlanması, Özbəkistanda Koreya ilə birgə texnoloji parkın yaradılması, nadir torpaq elementlərinin birgə istismarı kimi təkliflər var.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə sənaye və texnologiya sahəsində təşəbbüslərə üstünlük verilməsi zərurətini vurğulayıb. Qazaxıstan Prezidenti birgə istehsalın üçüncü ölkələrə ixracının təşkil edilməsinin də mümkünlüyünə toxunub. Tokayev Qazaxıstanın Koreya Respublikasına enerji nəql edə biləcəyini də vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edib. Bu təklif Koreya Respublikasının Mərkəzi Asiya bazarlarında iştirakının möhkəmlənməsinə xidmət etməlidir. Sadır Japarov bunula yanaşı birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib. Tacikistan və Türkmənistan Prezidentləri də ölkələrinin Cənubi Koreya ilə əməkdaşlıqlarını dərinləşdirmək məqsədilə müxtəlif təkliflər səsləndiriblər.

Mərkəzi Asiya liderlərinin təkliflərini dəstəkləyən Koreya Prezidenti Li Çje Myonq əməkdaşlığın 5 sütuna söykənməsi vacibliyini bildirib. Bunlar tərəfdaşlıq, sülh, qarşılıqlı faydalı əlaqə, yeni texnologiyalar və insanlar arasında əlaqələrdir.

Koreya Respublikası Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Öz növbəsində Mərkəzi Asiya ölkələri güclü iqtisadiyyatı olan və yüksək texnologiyalara malik Cənubi Koreya ilə əməkdaşlıqdan faydalanmağa çalışırlar. Cənubi Koreya və Mərkəzi Asiya ölkələri hər iki ildən bir sammit keçirməyi qərarlaşıblar. Növbəti sammit 2028-ci ildə Qazaxıstanda keçiriləcək. Həmin sammitdə Azərbaycanın da iştirakını proznozlaşdırmaq olar. Birincisi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirən yeni 5+1 strateji əməkdaşlıq modeli formalaşıb. Mərkəzi Asiya liderlərinin iştirak etdikləri sammitlərdə Azərbaycanın da iştirakı əhəmiyyətlidir. İkincisi, Azərbaycan da Mərkəzi Asiya ölkələri kimi Koreya Respublikasıyla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Avropa ciddi çağrışılarla üz-üzədir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sentyabrın 16-da Avropa Parlamentindəki çıxışı bir neçə hissədən ibarət olub.

Birincisi, Ursula fon der Lyayen Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirməli olan Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb edəcəklərini bildirdi. “Bu, bağlantı sahəsində yeni beynəlxalq layihə olacaq” deyən Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, bu layihəyə dövlət və özəl investisiyaların cəlb edilməsi üçün “Global Gateway” təşəbbüsündən faydalanacaqlar. Avropa İttifaqının Orta Dəhliz layihəsini dəstəkləməkdə məqsədi daşınma marşrutlarını şaxələndirmək və ticarət axınlarını bir neçə dəfə artırmaqdır.

İkincisi, Ursula fon der Lyayen Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığının azalmasını uğur kimi qiymətləndirdi. O Avropanın alternativ enerji mənbələrini gücləndirməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Üçüncüsü, Ursula fon der Lyayen Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı təzyiqin artırılması vacibliyini vurğuladı. Avropa Komissiyasının Prezidenti hesab edir ki, Rusiyaya qarşı sanksiyalar bəhrəsini verir. Müharibənin uzanmasının Avropaya yayılması ehtimalı var. Görünür, bu səbəbdən Ursula fon der Lyayen Rusiyaya təzyiqlərin artırılmasının tərəfdarıdır ki, bununla Kremli dayandırsınlar.

Dördüncüsü, Ursula fon der Lyayen Avropa ölkələrinin hərbi xərclərini artırmasına diqqəti çəkdi. Avropa ölkələrinin son 5 ildə hərbi xərcləri 80 faiz artıb. Avropa Komissiyasının Prezidenti Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətli olduğunu xatırlatdı. Avropa İttifaqı 2022-ci ildən Ukrannaya 221 milyard avro ayırıb.

Beşincisi, Avropa Komissiyasının Prezidenti Avropadan Çindən asılı olduğunu da etiraf etdi: “Avropa nadir torpaq elementlərinin ehtiyacını 90 faizini Çindən əldə edir”. Məsələ burasındadır ki, Çin nadir torpaq elementlərinin ölkə xaricinə daşınmasına məhdudiyyət qoyub. Bu qərar Avropa ölkələri üçün ciddi çətinliklər yaradıb. Avropa İttifaqı eyni zamanda öz sənayesini Çindən qorumağa çalışır. Avropa öz istehsalını qorumaq məqsədlə “Made in Europe” prinsipinə üstünlük verir. “Made in Europe” Avropa istehsalçılarını Çinin ucuz, dövlət tərəfindən subsidiyalaşdırılan məhsullarından qorumalıdır. Ursula fon der Lyayen layihənin Avropada istehsalı canlandırmaq, karbon emissiyalarını azaltmaq və Avropa İttifaqı sənayesinin xarici, xüsusilə subsidiyalaşdırılan Çin məhsullarından asılılığını zəiflətmək məqsədi daşıdığı qənaətindədir. Ancaq bu məsələylə bağlı Avropa İttifaqının iki aparıcı dövləti – Fransa ilə Almaniya arasında fikir ayrılığı mövcuddur.

Beləliklə, Ursula fon der Lyayenin Avropa Parlamentindəki çıxışından bir daha bəlli oldu ki, Brüsselin ciddi çağırışlarla üz-üzədir. Avropa həm müharibədən yayınmalı, eyni zamanda müdafiə qabiliyyətini gücləndirməli, həm Rusiyadan enerji asılılığını azaltmalı, həm də Avropa bazarını Çinin ucuz məhsullarından qorumalıdır.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1830049
ru_RURU