Автор: Шахин Эльханоглу

Pekin geri addım atacaqmı?

ABŞ Prezidenti Donald Tramp əmindir ki, tariflərin artırılması son nəticədə ölkəsi üçün faydalı olacaq. Donald Tramp hesab edir ki, tariflərin artırılması həm yerli istehsalçıları qoruyacaq, həm də ABŞ-a xarici investisiyaların həcmi artacaq. Çünki, Tramp müxtəlif ölkələrin şirkətlərinə vəd edib ki, əgər onlar ABŞ-da istehsala başlasalar, onların məhsullarına yüksək vergilər tətbiq edilməyəcək.

Ağ Ev sahibi eyni zamanda tariflərin artırılmasının qssa müddət üçün ABŞ üçün çətinliklər yaradacağını da etiraf edib. Həqiqətən, ABŞ müxtəlif ölkələrə tarifləri artırıbsa, həmin ölkələr də ABŞ-dan gətirilə malların qiymətlərini artıracaqlar. Bundan başqa səhmləri ucuzlaşan ABŞ-ın iri şirkətlərini başqa çətinliklər gözləyir. Məsələ burasındadır ki, ABŞ-ın müxtəlif şirkətləri istehsal üçün lazım olan detalları ucuz qiymətə müxtəlif ölkələrdən alırlar. Həmin detallar bahalaşacağından ABŞ-dakı istehsal da bahalaşacaq. Bu isə ABŞ vətəndaşlarının alıcılıq qabiliyyətini zəiflədəcək.

Buna baxmayaraq, Donald Tramp geri çəkilmək istəmir. Ticarət müharibəsində ABŞ-ın əsas rəqibi Çindir. Bu iki dövlət arasında başlanan ticarət müharibəsi hər iki ölkə üçün çətinliklər yaradacaq. Donald Tramp eyni zamanda Çinlə ticarət kəsirinin ortadan qaldırlacağı halda Pekinlə saziş imzalana biləcəyini vurğulayıb. Ağ Ev sahibi iki ölkə arasındakı ticarət kəsirini sıfra endirmək istəyir. Çünki, Trampın sözlərinə görə, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir.

Pekin əvvəldən Vaşinqtonla ticarət müharibəsindən çəkinməyə çalışırdı. Ancaq, bu alınmadı. İndi top Çinin meydanındadır. Doğrudur, Vaşinqton Çin məhsullarına tarifləri artırdıqdan sonra Pekin də ABŞ məhsullarına tarifləri artırıb. Ancaq Pekində anlayırlar ki, ABŞ-la ticarət müharibəsinin davamı Çinin iqtisadi problemlərini artıracaq. Çünki, Çin üçün ABŞ bazarı illəri uzun prioritet təşkil edib. Çin son illərdə ABŞ bazarından asılığını azaltmaq məqsədilə digər bazarlara istiqamətlənsə də, uğur qazana bilməyib. Misal üçün Avropa İttifaqı ölkələri də ucuz Çin məhsullarına qarşı mübarizə metodları həyata keçirirlər. Asiya bazarına gəldikdə isə, bu qitənin ölkələri özləri də daxili bazarları qorumağa çalışırlar. Belə şəraitdə Pekin Vaşinqtonla ticarət müharibəsinin sonlandırılmasını yollarını axtaracaq. Ancaq bu dəfə şərtləri Vaşinqton diqtə edəcək.

Исследовательский центр "Атлас"

Ağ Ev poçt xidməti qiymətlərini də artırdı

ABŞ Prezidenti Donald Trampın qüvvəyə minən sərəncamı qlobal ticarət tərəfdaşları üçün genişmiqyaslı yeni tarifləri elan etdikdən sonra imzalayıb. Ağ Evdən “Reuters” agentliyinə bildiriblər ki, bu addım ticarət naziri Howard Lutnick-in göndərişlərdə “tarif gəlirlərini toplamaq üçün adekvat sistemlərin mövcud olduğunu” təsdiqlədikdən sonra atılıb. O, Çin və Honq-Konqdan beynəlxalq poçt şəbəkəsindən kənara göndərilən və 800 dollar və ya ondan aşağı olan idxal mallarının indi bütün tətbiq olunan rüsumlara tabe olacağını bildirib.

Poçt şəbəkəsi vasitəsilə göndərilən və dəyəri 800 ABŞ dolları və ya ondan aşağı olan idxal malları indi onların dəyərinin 30%-i və ya hər göndəriş üçün 25 ABŞ dolları məbləğində rüsum dərəcəsinə tabe olacaq və bu dərəcə iyunun 1-dən sonra hər göndəriş üçün 50 ABŞ dollarına yüksələcək. Tramp fevralın 1-də ucuz Çin mallarının rüsumsuz girişinə son qoyan ilkin sərəncam imzalamışdı, lakin sonradan milyonlarla aşağı dəyərli göndərişin yoxlanılmasını çətinləşdirən logistik problemlər səbəbindən sifarişi dayandırmışdı.

Son illərdə rüsumsuz marşrutla ABŞ-a daxil olan göndərişlərin sayı artaraq, keçən il təxminən 1,4 milyard paketə çatıb. ABŞ-a gələn bütün paketlərin 90%-dən çoxu indi de minimis vasitəsilə daxil olur və bunların təxminən 60%-i Temu və Shein kimi birbaşa istehlakçıya pərakəndə satıcıların rəhbərlik etdiyi Çindən gəlir. ABŞ de minimis həddində gözlənilən dəyişikliklərlə Temu, malların birbaşa müştərilərə deyil, xaricdəki anbarlara toplu şəkildə göndərildiyini görən Amazon kimi strategiya olan yarı idarə olunan modelini sürətlə genişləndirdi. PDD Holdings-in baş icraçı direktoru Chen Lei keçən ay analitiklərə qlobal biznesi üçün “çağırışlar” gözlədiklərini söylədi və əlavə etdi ki, PDD-nin cavaba yeni biznes modellərinin tədqiqi və “innovativ lokallaşdırılmış təchizat zənciri həlləri” ilə təcrübə daxildir.

Исследовательский центр "Атлас"

Напряженность вокруг Тайваня растет

Çin ordusu əsas limanlara və enerji obyektlərinə zərbələri imitasiya etmək üçün Tayvan boğazında atəşli təlimlər keçirib. Kod adı “Boğaz gurultusu” olan təlim Pekinin öz ərazisi olduğunu iddia etdiyi Tayvan ətrafında çərşənbə axşamı Çinin keçirdiyi hərbi təlimlərin genişləndirilməsidir.

Tayvanın prezident ofisi çərşənbə axşamı bildirib ki, boğazlararası əlaqələrin kəskinləşməsi fonunda getdikcə adi hala çevrilən “hərbi təxribatları” “qətiyyətlə pisləyir”. Təlimlər Çinin Tayvan prezidenti Lai Çinq-teyə qarşı ritorikasını kəskinləşdirərək onu “parazit” və “separatçı” kimi qələmə verdiyi vaxta təsadüf edir. Lai bu ayın əvvəlində Çini “xarici düşmən qüvvə” adlandırmışdı.

Çinin son hərbi təlimlərinə cavab olaraq, Ağ Ev çərşənbə axşamı bildirib ki, ABŞ prezidenti Donald Tramp “Tayvan boğazında sülhün qorunmasının vacibliyini vurğulayır”. Çərşənbə günü ABŞ Dövlət Departamenti Tayvana qarşı “qalıcı öhdəliyini” bir daha təsdiqlədi.

Asiyaya son səfəri zamanı ABŞ-ın müdafiə naziri Pete Hegseth də dəfələrlə Çinin bölgədəki təcavüzünü tənqid edib və Tayvan boğazı da daxil olmaqla, “möhkəm, hazır və etibarlı çəkindirmə” təmin edəcəyinə söz verib. Tayvan ətrafında Çinin hərbi təlimləri müntəzəm olaraq keçirilməklə gərginlik artır. Bəzi ekspertlər bu təlimləri gələcəkdə Taypeydə hökuməti devirmək cəhdi üçün real blokada üçün geyim məşqi kimi qiymətləndirirlər. Bundan əlavə, analitiklər hesab edirlər ki, Pekin Tayvan əhalisinə Çin tərəfindən ilhaqın qaçılmaz olduğunu qəbul etmək üçün təzyiqi artırmaq üçün hərbi təlimlərin tezliyini və həcmini artırır. Tayvan rəsmiləri Çinin bu ilin sonunda, Lainin vəzifəyə gəlməsinin ildönümü və ya oktyabrda Tayvanın Milli Günü kimi tarixlərdə daha çox hərbi təlim keçirə biləcəyi barədə xəbərdarlıq edib. Çin hər dəfə hərbi təlimlər keçirəndə Tayvanın hərbi rəhbərləri öz qüvvələrini istənilən real hücuma daha yaxşı hazırlamaq üçün manevrləri öyrənə biləcəklərini bildirirlər. Çin Xalq Azadlıq Ordusunun bəyanatında deyilir ki, təlimlər “ciddi xəbərdarlıq və “Tayvanın müstəqilliyi” separatçı qüvvələrinin güclü şəkildə mühafizəsi məqsədi daşıyır. Çin Kommunist Partiyasının “People’s Daily” qəzeti Lai-ni “problem yaradan” və “istirahətçi” kimi pisləyən bir sıra məqalələr dərc edib.

Исследовательский центр "Атлас"

Van Yi Moskvaya niyə səfər edəcək?

Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur. Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyini gizlətmir. Bu Kremlin siyasətinə ziddir. Bu səbəbdən Kreml Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın.

Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Yayılan xəbərlərdə nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir. Fevral ayının sonunda Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə telefon söhbətində Ukrayna mövzusunu geniş müzakirə etmişdi. Bu söhbətdən sonra Cinpin Moskvanı Pekinin yaxın dostu adlandırmışdı. “Biz bir-birimizin inkişafına dəstək veririk” deyən Si Cinpin Moskva ilə Vaşinqton arasındakı dialoqa dəstəklədiyini bildirmişdi.

Buna baxmayaraq, Pekin rusların ata sözlərində olduğu kimi, Moskva ilə münasibətlərdə “inan, ancaq yoxla” prinsipindən çıxış edir. Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir. Pekin Trampın bu planından narahatdır. Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə əksinə sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanır.

Исследовательский центр "Атлас"

Vaşinqton İran neftini alanı da, email edəni də hədəf götürüb

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib. ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə  Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır.

Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır. Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq.

Исследовательский центр "Атлас"

Dalay Lama varis axtarışındadır

Tibet yaxın müddətdə beynəlxalq aləmin yeni müzakirə mövzularından birinə çevriləcək. Tibet buddizminin mühacirətdəki lideri Dalay Lamanın son “Səssizlərin səsi” kitabından bu qənaətə gəlmək olar. Böyük Britaniyanın “The Guardian” nəşrində yayımlanan məqalədə Dalay Lamanın kitabında varisinin Çindən kənarda doğulacağını bəyan etdiyinə yer verilib. Məsələ burasındadır ki, 90 yaşın içində olan  Dalay Lama nə qədər sağlam görünsə də, varisi barədə düşünmək məcburiyyətindədir. Tibet ənənəsinə görə, yüksək səviyyəli buddist rahibin ruhu ölümündən sonra bir uşağın bədənində yenidən doğulur. Hazırkı Dalay Lama sələfinin reenkarnasiyası olaraq iki yaşında tanınıb.

Dalay Lamanın varis barədəki yeni açıqlaması onunla Pekinlə arasındakı gərginliyi daha da artıracaq. Dalay Lama 65 il əvvəl Çini tərk edərək Hindistanda qərar tutub. Bundan sonra Pekin Dalay Lamanı qanundankənar elan edərək Tibeti Çinə tabe etdirib. Pekin illər boyu Dalay Lamanın müxtəlif dövlətlərlə əməkdaşlığına və səfərlərinə qarşı mübarizə aparıb. Dalay Lama hansı ölkəyə səfər edibsə, Pekin həmin dövlətin rəsmilərinə etirazını bildirib.

Dalay Lama kibatında öz həyatını, Çinlə aparılan danışıqları, tibetlilərin azadlıq mübarizəsini və tibetlilərin üzləşdikləri çətinlikləri əks etdirib. Kitabın əsas qayəsini varisin seçiminə həsr edib. Görünür, mühacirətdə olan tibetlilərin də bu kitaba ehtiyacı olub. Həmin tibetlilər Dalay Lamanın vəfatından sonra bu istitutun davam etdirilməsini istəyirlər. Halbuki, Dalay Lama əvvəlki açıqlamalarının birində ruhani liderlər xəttinin onunla birlikdə bitə biləcəyini söyləmişdi. İndi isə Dalay Lama tərsini söyləyir, varisinin Çindən kənarda doğulacağını vurğulayıb. Dalay Lama “Çindən kənarda” dedikdə varisinin mühacir həyatı yaşadığı Hindistanda doğulacağına işarə edib. Dalay Lama hesab edir ki, onun varisi Çinin nəzarət etdiyi Tibetdə doğulsa, həmin şəxs Pekinin siyasətinə tabe olacaq. Dalay Lama buna yol vermək istəmir. Dalay Lama özü Tibetdə doğulsa da, 1959-cu ildə Çinin bölgəni nəzarət altına almasına qarşı uğursuz üsyandan sonra minlərlə tibetli ilə birlikdə Hindistana qaçıb. Pekin Dalay Lamanı tibetlilərin legitim lideri hesab etmir, onu separatçı adlandırır. Pekinin Tibetdə özünün müəyyənləşdirdiyi rihani lideri var.

Исследовательский центр "Атлас"

Saziş bir ay ərzində imzalana bilərmi?

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə nikbin danışıb. Paşinyan birincisi, deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. İkincisi baş nazir bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır.

İlin sonuna cəmi bir ay qalıb. Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq. Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstutisiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, bu il Konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar.

Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Halbuki, həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda Müstəqillik Bəyannatından qurtulmağın bir yolunu tapmalıdır. Əks halda Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar – bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda veridiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır.

Исследовательский центр "Атлас"

Frenk Pallone Bakıya niyə gəlmişdi?

Ermənipərəst konqresmen Frenk Pallone COP-29 tədbirində iştirak etmək üçün Bakıya gəlmişdi. Onun Azərbaycana gəlişi böyük narazılıq yaratdı. Çünki Frenk Pallone hər zaman Azərbaycan əleyhinə olub, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Qarabağ separatçılarını dəstəkləyib.

Frenk Pallone ilk dəfə 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Frenk Pallone Azərbaycana xanımı ilə gəlmişdi. Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydə Əliyevdən mətbuatı görüşü tərk etmələrini istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq görüşdə medianın iştirakını təmin etmişdi.

Frenk Pallone Azərbaycanın mövqeyini 25 il əvvəl Bakıda dinləmək imkanı qazanıb. Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o əvvəlkitək Azərbaycanı ittiham edib, Azərbaycanın torpaqlarının işğalı illərində Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə  mübarizədə iştirakı davam edir. Konqresin energetika və ticarət Komitəsinin üzvü olan Pallone yeni prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: “Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nə idi?” Bakıda etirazla qarşılanan Pallone Azərbaycana səfər proqramını yarımçıq tərk etdi. Başqa cür ola da bilməzdi.

Nazir Vaşinqtonda, müavini Ankaradadır

Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib.

Ukrayna Xarici İşlər Nazirliyi müharibənin 1000 gününü geridə qoymasıyla bağlı yaydığı bəyanatda İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində Rusiyanın başlatdığı ən irimiqyaslı təcavüzkar müharibənin beynəlxalq təhlükəsizlik sistemini məhv etdiyi bildirilib. “Rusiya ordusunun Buça, İrpin, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi dəhşətli cinayətlər, Kaxovka su elektrik stansiyasının dağıdılması, ukraynalı hərbi əsirlərin edam edilməsi, o cümlədən  yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mülki infrastrukturun qəsdən məhv edilməsi qeydə alınıb” – deyilən bəyanatda ukraynalıların Rusiya, Şimali Koreya və İran istehsalı olan müxtəlif növ idarə olunan bombalar, raketlər və pilotsuz təyyarələrin davamlı hücumları şəraitində yaşadığı qeyd edilib. Bəyanatda bütün çətinliklərə baxmayaraq, Ukraynanın Avropa İttifaqı NATO üzvlüyünə doğru irəlilədiyi vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü ilə bağlı Parlamentdəki çıxışında deyib ki, ukraynalıların yalnız özlərinə güvənmələri zəruritini bu sözlərlə izah edib: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla dayandırmayacaq.

Buna baxmayaraq, Volodimir Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdğını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O Prezident seçilən Donald Trampın yaxın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var. Birinci məqsəd Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək, ikinci məqsəd Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara anlatmaqdır.  Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən, onun yeni təyin olunan müavini Oleksandr Mişenko Ankarada görüşlər keçirib. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfir vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir.

Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsini Rusiyanın işğalını rəsmiləşdirməyə imkan verən sülh istəyir. Ona görə də 1000-ci gününü geridə qoyan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir.

Исследовательский центр "Атлас"

Səudiyyə Ərəbistanı Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxacaq

Səudiyyə Ərəbistanı son illərdə xarici və təhlükəsizlik siyasətini balaslaşdırıb. Bu Ər-Riyadın manevr imkanlarını genişləndirib. Keçmiş illərdə Amerika Birləşmiş Ştatlarının müttəfiqi kimi çıxış edən Ər-Riyad yaxın və uzaq ölkələrlə faydalı əməkdaşlığa üstünlük verməyə başlayıb. Səudiyyə Ərəbistanı bir neçə il əvvəl Qətər dövlətinə qarşı ultimatum irəli sürmüş, Dohadan xarici və təhlükəsizlik siyasətini korrektəsini tələb etmişdi. Səudiyyə Ərəbistanı tərəfdaşları ilə birgə Qətərə qarşı blokada siyasəti yürütməyə başlamışdı. Ancaq Qətər təzyiq altında siyasətini dəyişdirmədi. Səudiyyə Ərəbistanı bu siyasətini korrektə edərək mehriban qonşuluq münasibətlərinə üstünlük verdi.

Səudiyyə Ərəbistanı eyni ilə İranla da münasibətləri normallaşdırmağa üstünlük verib. Bu iki dövlət arasındakı münasibətlər uzun illər gərgin olub. Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı güc siyasətini dəstəkləyib. Ancaq bir müddət sonra Səudiyyə Ərəbistanı İran siyasətini də korrektə etməyə qərar verib. İki dövlət arasında diplomatik münasibətlər bərpa edilib. Ər-Riyad artıq ABŞ-ın və ya İsrailin İrana qarşı hərbi təzyiqini dəstəkləmir. Bu həftə ərzində Səudiyyə Ərəbistanı ilə İran müdafiə nazirlərinin Tehranda görüşünün baş tutması yaxınlaşmanın elementi kimi göstərmək olar. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə sülhün bərpası və bölgə dövlətləri arasında əməkdaşlığa üstünlük verir.

Səudiyyə Ərəbistanının Çin və Hindistanla da yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Al Səudun 12 noyabrda Hindistana başlayan iki günlük səfəri də bundan xəbər verir. O Dehlidə hindli həmkarı Subrahmanyam Jaishankarla birgə Hindistan-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurasının Siyasi, Təhlükəsizlik, Sosial və Mədəniyyət Komitəsinin 2-ci iclasına həmsədrlik edib. Bu komitə Hindistanın baş naziri Narendra Modinin 2019-cu ilin oktyabrında Səudiyyə Ərəbistanına səfərindən sonra yaradılıb. Komitənin məqsədi iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə nail olmaqdır. Hindistan və Səudiyyə Ərəbistanı son illərdə qida, əczaçılıq, enerji, kiçik və orta sahibkarlıq, rəqəmsallaşdırma və elektron istehsal kimi sektorları əhatə edən bir çox ikitərəfli sazişlər imzalayıblar. Ər-Riyad və Dehli yeni texnologiyalar, enerji səmərəliliyi, təmiz hidrogen, tekstil, mədənçıxarma sahələrində əməkdaşlıq imkanlarını araşdırırlar.

Səudiyyə Ərəbistanının Cənubi Qafqaz və Mərkəzi Asiyaya da marağı artıb. Səudiyyə Ərəbistanının şirkətləri Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda alternativ enerji istehsalına yatırımlar ediblər. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Qazaxıstan və Özbəkistan Prezidentləri ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi imzalayıb. Bakıdakı tədbirdə Səudiyyə Ərəbistanının enerji naziri də iştirak edib.  İlham Əliyev çıxışında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyətini xüsusi qeyd edib. Bu şirkət hər 3 ölkədə alternativ enerji istehsalıyla məşğuldur. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaxın illərdə Avropaya alternativ enerjinin nəqlini həyata keçirməyi planlaşdırırlar. Bu, bölgə ölkələrinə həm yeni gəlir imkanları qazandıracaq, həm də Orta dəhlizlə birgə Xəzər və Qara dəniz hövzəsini birləşdirəcək əsas layihələrdən birinə çevriləcək.

Исследовательский центр "Атлас"

 

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1439811
ru_RURU