General niyə həbs olunub?

Qərb mətbuatında Çində generalların həbs barədə məlumatlar yayılıb. Çinin ən güclü iki hərbi lideri olan Çjan Yuşya və Liu Zhenli artıq rəsmi olaraq həbsdədirlər. Si Cinpinin müavini Çinin nüvə proqramı barədə məlumatlarını ABŞ-yə ötürməkdə ittiham olunur. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzetin yazdığına görə, Çin Xalq Respublikasının lideri Si Cinpinin Mərkəzi Hərbi Şuradakı birinci müavini Çjan Yuşya ölkənin nüvə proqramına dair məxfi məlumatları ABŞ-yə ötürməkdə ittiham olunub. Məlumata əsasən, yanvarın 24-də Çin silahlı qüvvələrinin yüksək rütbəli zabitləri üçün keçirilən qapalı brifinqdə bildirilib ki, Çjan ABŞ tərəfinə Çinin nüvə silahları ilə bağlı əsas texniki məlumatları təqdim edib. Bundan əlavə, hakimiyyət orqanları onun hərbi texnika üzrə tədqiqat, istehsal və satınalmaya cavabdeh quruma nəzarəti ilə bağlı fəaliyyətini də araşdırır.

Mənbələrin bildirdiyinə görə, Çjanın hərbi satınalma sistemində vəzifədə irəliləyiş qarşılığında rüşvət aldığı, həmçinin bir zabitin müdafiə naziri vəzifəsinə təyin olunmasına kömək etdiyi ehtimal olunur.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lyu Penqyunun “The Wall Street Journal”a verdiyi açıqlamada qeyd olunub ki, partiyanın Çjanla bağlı araşdırma aparması rəhbərliyin korrupsiyaya qarşı “tam dözümsüzlük və hərtərəfli mübarizə” siyasətinə sadiq olduğunu göstərir.

Çin lideri Si Cinpin ölkənin ən yüksək rütbəli generallarından birini istintaqa cəlb etməklə ordudakı güc balansını tamamilə dəyişib. Bu addım Si Cinpini hərbi iyerarxiyanın demək olar ki, yeganə qərarverici fiquruna çevirib və Pekinin Tayvanla bağlı planları da daxil olmaqla, region üçün ciddi suallar yaradıb. Bu sözlər CNN telekanalının analitiki Saymon Makkartinin yazısında yer alıb.

Müəllifin göstərdiyi kimi, Müdafiə Nazirliyinin yayımladığı 30 saniyəlik videoda Mərkəzi Hərbi Komissiyanın sədr müavini Çjan Yousya və Xalq Azadlıq Ordusunun əməliyyat rəhbəri Liu Çjenlinin istintaqa cəlb edildiyi açıqlanıb. Ardınca ordunun rəsmi nəşri olan PLA Daily bu şəxsləri Si Cinpinin iqtidarını sarsıtmaqda ittiham edib.

Mütəxəssislərə görə, bu addım son 10 ildə aparılan genişmiqyaslı “təmizləmə” kampaniyasının zirvə nöqtəsidir. 2023-cü ildən bəri 20-dən çox yüksək rütbəli hərbçi və müdafiə sektorunun rəhbəri vəzifədən uzaqlaşdırılıb. Brukinqs İnstitutunun eksperti Conatan Szin CNN-ə açıqlamasında bu prosesi Çin siyasətində “seysmik dəyişiklik” kimi qiymətləndirib. “Bu göstərir ki, sistem daxilində heç kim toxunulmaz deyil”, – deyə o qeyd edib.

Çjan Yusya uzun illər Si Cinpinin ən yaxın müttəfiqlərindən biri hesab olunurdu. Onların ailə bağları Çin Vətəndaş müharibəsi dövrünə qədər gedib çıxır. Məhz buna görə onun istintaqa cəlb edilməsi siyasi dairələrdə “şok effekti” yaradıb. “The Wall Street Journal”ın məlumatına görə, Çjan ABŞ-yə nüvə silahları ilə bağlı məxfi məlumat ötürməkdə və korrupsiyada ittiham olunur. Lakin CNN bu məlumatları hələ təsdiqləməyib. Bəzi ekspertlər hesab edir ki, bu ittihamlar daha çox partiya daxilində narahatlığı azaltmaq məqsədi daşıya bilər. Əsas məqsəd isə orduda bütün güc mərkəzlərini ləğv etməkdir.

Asiya Siyasət İnstitutunun analitiki Nil Tomas bildirib ki, rəsmi bəyanatların dili Çjanın Si Cinpin üçün təhlükəyə çevrildiyini göstərir. Si Cinpin 2012-ci ildən bəri ordunu köklü şəkildə yenidən qurur. Məqsəd yalnız modernləşmə deyil, həm də ordunun tam şəkildə partiyaya və liderə bağlı olmasını təmin etməkdir.

Sinqapurda yerləşən Müdafiə Araşdırmaları İnstitutunun eksperti Ceyms Çar CNN-ə deyib: “Si Cinpinin bu qədər yüksək rütbəli generalı kənarlaşdırması onun mövqeyinin sarsılmaz olduğunu göstərir”. Hazırda Mərkəzi Hərbi Komissiyanın əvvəlki altı üzvündən yalnız biri vəzifədə qalıb. Bu isə ordunun rəhbərliyində ciddi boşluq yaradıb. Analitiklər bildirir ki, bu vəziyyət Çin ordusunda müəyyən xaos yaratsa da, gündəlik fəaliyyət hələlik davam edir. Boş qalan vəzifələrə daha gənc və texniki baxımdan hazırlıqlı zabitlər gətirilir. Lakin bu prosesin Tayvan məsələsinə təsiri hələ də qeyri-müəyyəndir. Liu Çjenlinin istintaqa cəlb olunması xüsusilə diqqət çəkir, çünki o, ordunun əsas döyüş əməliyyatlarına nəzarət edirdi. Ekspertlərin fikrincə, Si Cinpin hazırda ABŞ-nin Tayvan məsələsinə nisbətən passiv yanaşmasından istifadə edərək orduda “təmizlik” aparmaq üçün münasib vaxt seçib. CNN-in analitiklərinə görə, Çin lideri qarşıdakı illərdə mümkün siyasi və hərbi ssenarilərə hazırlaşmaq məqsədilə orduda yalnız şəxsi sədaqətə əsaslanan yeni sistem qurur.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 2007
Сегодня 2
Umumi 1387018
ru_RURU