Avropa ədalətsiz rəqabətdən şikayətçidir

ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər. Almaniya kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri prezidenti Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün onun Kremlə təsir göstərməyi xahiş edib. Almaniya kansleri Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Olaf Şolts 2024-cü ildə Çinə səfər edən ilk Qərb lideri olub.

Şolts Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakın vacibliyini bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil.

Almaniya kanslerinin Çinə səfərindən nəticəsiz qayıtması bir sıra Qərb mətbuatında tənqid olunub. Hesab edilib ki, Şoltsun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki, Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar.  Digər tərəfdən Almaniyanın böyük şirkətləri Çinlə əməkdaşlıqdan imtina etmək istəmirlər. Brüsselin mövqeyi fərqlidir. Brüssel hesab edir ki, Çin şirkətləri dövlətdən aldıqları dəstək sayəsində Avropadakı məhsullarını ucuz qiymətə sata bilirlər. Bu isə bərabər rəqabət imkanlarını mənfi təsir edir.

“Reuters” agentliyinin məlumatına görə, Pekin Berlinlə əməkdaşlığı inkişaf etdirmək istəyir. Çin lideri iki ölkənin ticarət mübadiləsinin tərəflərin maraqlarına cavab verdiyi qənaətindədir. Almaniya ilə Çin arasında əlaqələr Vaşinqtonda diqqətlə izlənilir. Almaniyanın özündə Çinin yerinə ABŞ-la ticarət əlaqələrinə əhəmiyyət verilməsini dəstəkləyənlər var.  Bu səbəbdən kansler Olaf Şolts Çinlə əməkdaşlıq mövzusunda Almaniya daxilindəki siyasi qüvvələr arasında balansı qorumağa çalışmalıdır.

“The New York Times” nəşrində yayımlanan məqalədə Almaniya istisadiyyatının tədricən Çindən asılılığının artdığı vurğulanıb və Pekin bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Çin məhsulları Almaniya bazarında satılarkən, Almaniya məhsullarının Çin bazarında çətinlikləri var. Çünki dövlətin dəstəyi hesabına Çin məhsulları ucuzdur və belə bir rəqabət şəraitində Almaniya məhsullarının Çində satış imkanları məhduddur.

Исследовательский центр "Атлас"

Siam körfəzi yeni gərginlik mənbəyidir

Asiya və Sakit Okean bölgəsində vəziyyət gərgindir. ABŞ və onun bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdırlar. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı irəli sürülür. Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.

“The Washington Post” nəşrində bir müddət əvvəl yayımlanan məqalədə Çinin Kambocadakı “Ream” hərbi bazasının tikintisini sürətlə davam etdirdiyi yazılmışdı. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.

Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zellandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlarələrini gücləndiriblər.

Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq.

Buna baxmayaraq, Vyetnam Kamboca rəhbərliyinə yeni kanalla bağlı narahatlığını bildirib. Yeni kanalın ekologiya ilə yanaşı Mekonq çayına mənfi təsir edəcəyi bildirilib. Buna görə də Vyetnam rəhbərliyi kanalın tikintisi ilə bağlı Kambocanın onunla məsləhətləşməsini istəyir. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsəilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffavlığın yaradılmasını istəyir.  Kamboca hökuməti narahatlıq üçün əsas görmdəyini açıqlayıb.

Исследовательский центр "Атлас"

Dərman bazarındakı liderin problemləri də çoxdur

Almaniya dərman bazarında əsas dövlətlərdən biridir. Bu dövlətin bazardakı əsas rəqibi Hindistandır. Ukrayna müharibəsi bu sahəyə də təsir edib. Hindistan Almaniyanı geridə qoyaraq Rusiyaya dərman tədarükçüsündə lider olub. Bu, 2023-cü ildə Hindistan ixracının 3% artaraq 293 milyon paketə çatması, Almaniyanın ixracının isə 20% azalması ilə bağlıdır.

“Dünyanın əczaxanası” statusunu daşıyan Hindistanın dünya əczaçılıq sənayesində əsas oyunçu sayılır. Hindistan 2023-cü ildə 25 milyard dollardan çox əczaçılıq məhsulu ixrac edərək dünyanın ən böyük tədarükçüsü kimi mövqeyini möhkəmləndirib. Bu dünyada ixrac edilən ümumi dərmanların 20%-ni təşkil edir. Bu sektor Hindistanın ümumi ixracının əhəmiyyətli hissəsini (5,71%) təşkil edir. Hindistanda dərman istehsalıyla məşğul olan şirkətlərin sayı 12 mindir. Hindistan 200-dən çox ölkəyə dərman ixrac edir. Bu dövlət eyni zamanda ABŞ və Böyük Britaniya üçün dərmanların əhəmiyyətli hissəsini təmin edən vaksinlərin mühüm tədarükçüsüdür.

Hindistan dünya dərman bazarında lider rolunu bir neçə faktorla əlaqələndirmək olar. Birincisi, Hindistan beynəlxalq təşkilatların müəyyən etdiyi yüksək standartlara cavab verən qurğularla əczaçılıq istehsalı üçün güclü infrastruktura malikdir. İkincisi, Hindistan dərman istehsalında ucuz işçi qüvvəsindən istifadə edir. Bu dərman qiymətlərinin qiymətlərin ucuz olmasına təsir edir. Üçüncüsü, Hindistanda tədqiqatların maliyyəsi də aşağıdır. Hindistanın 7 əczaçılıq şirkəti gəlirlərinə görə qlobal miqyasda ilk 100-lükdə yer alır.

 

Hindistan əczaçılıqdan başqa, peyvənd istehsalında da liderdir. O, qlobal istehsalın 60%-ni təşkil edən dünyanın ən böyük peyvənd istehsalçısıdır və münasib qiymətə vaksinlərin əsas tədarükçüsüdür. Hindistan eyni zamanda qlobal bazarın həcminə görə 20% paya sahib olmaqla, dünyanın ən böyük ümumi dərman tədarükçüsüdür. Əzcazçılıq dövlətə böyük gəlir gətirdiyindən Hindistan hökuməti bu sahəyə yatırımları artırıb. Bundan başqa hökumət əzcazçılıq sahəsinə aid konfrans və sərgilərin keçirilməsinə də maliyyə ayırır.

Buna baxmayaraq, dərman idxal edən dövlətlərin aldığı məhsulların yoxlanışına çox vaxt ayırması Hindistanın dərman ixraçatçılarına əlavə problemlər yaradıb. Yoxlamalar çox vaxt uzun və mürəkkəb təsdiq proseslərini əhatə edir, bu isə ixracatçılar üçün gecikmələrə və əhəmiyyətli xərclərə səbəb olur. Başqa bir narahatlıq saxtakarlıq təhlükəsi və əqli mülkiyyətin zəif qorunmasıdır. Bu, Hindistan istehsalı olan dərmanların reputasiyasına xələl gətirir və sağlamlıq üçün risklər yaradır. Daim dəyişən beynəlxalq tənzimləmə mənzərəsi də uyğunluq yükünü artıraraq daimi monitorinq və düzəlişlər tələb edir. Bu problemlərin həlli üçün hərtərəfli strategiya mütləqdir.

Beləliklə, Hindistan əczaçılıq sənayesi yol ayrıcındadır. Bu sahənin inkişaf potensialı var, ancaq onun qarşısında mühüm problemlər də dayanır. Sənayenin gələcək uğuru bu problemlərin effektiv həllindən, xüsusən də keyfiyyətə nəzarət və normativlərə uyğunluqdan asılıdır.

Исследовательский центр "Атлас"

Husilər geri çəkilmirlər

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və müttəfiqləri Qırmızı dənizdə husilərə qarşı mübarizədə istədikləri uğuru qazana bilmirlər. Husilərin mövqelərinin raket atəşinə tutulması nəticə vermir. Buna baxmayaraq, ABŞ-ın Qırmızı dənizdəki qüvvələrinin komandanı Mark Miqesin sözlərinə görə, hüsilərin imkanları bir qədər azalıb. Ancaq amerikalı admiral ticarət gəmilərinin nə zaman Qırmızı dənizdə rahat üzəcəyinə dair konkret fikir söyləyə bilməyib. Husilər itkilərinin yerini qısa zamanda doldururlar.

İran husilərə dəstəyini davam etdirir. ABŞ-ın husilərin əlində nə qədər silah olmasına dair məlumatı yoxdur. Digər tərəfdən ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir. ABŞ-ın “Eyzenhauer” təyyarə daşıyan gəmisi Qırmızı dənizi tərk edə bilmir. Husilər ticarət gəmilərinə raketlərlə yanaşı dron hücumları da təşkil edirlər. Ticarət gəmilərin əksəriyyəti bu təhlükəyə görə əvvəlkitək Qırmızı dənizdən yan keçməyə çalışırlar. Halbuki, dünya ticarətinin 15 faizi Qırmızı dəniz üzərindən həyata keçirilirdi. Süveyş kanalından istifadə xeyli azalıb.

Bu arada, “Politico” nəşri Çinin husiləri dolayı yollarla maliyyələşdirdiyinə dair məqalə yayımlayıb. İran öz neftinin 90 fazini Çinə satır. Burdan əldə edilə gəlirin bir hissəsi isə İslam Keşikçiləri Korpusunun “Qüds” qruplaşmasına çatır ki, onlar bu bu pulla hüsiləri silahlandırırlar. Əslində husilərin dəstəklənməsi Çinin də maraqlarına uyğun deyil. Çünki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Çinin dünya ölkələri ilə apardığı ticarətə mənfi təsir edir. Çin gəmiləri Qırmızı dənizdən yan keçməklə uzun məsafəni seçdiklərinə görə məhsulların qiyməti qalxıb. Buna baxmayaraq, Pekin husilərə dəstək məsələsində Tehrana təzyiq etmir. Pekinin Tehrandan yeganə xahişi husilərin Çin gəmilərinə hücumlardan çəkindirməkdir. “Boomberg” agentliyinin məlumatına görə, Rusiya və Çinin İran üzərindən husilərlə şifahi razılaşması var ki, qruplaşma Qırmızı dənizdə Rusiya və Çinə məxsus gəmilərə hücum etməsinlər. Ancaq bır sıra hallarda husilər gəmilərin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirmıdən həmin gəmilərə zərbələr endirirlər. Husilər yanlış olaraq bir neçə dəfə Rusiya və Çin gəmilərinə raket atıblar. Ona görə Qırmızı dəniz hətta Rusiya və Çin gəmiləri üçün də təhlükəlidir. Buna baxmayaraq, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur.

Исследовательский центр "Атлас"

İtaliya müqavimət göstərir

Çin iqtisadi artım templərinin yavaşlaması və daşınmaz əmlak sektorunda yaranan problemlərlə mübarizəni davam etdirir. Çin iqtisadiyyatında mövcud problemlər Avropa ölkələrində də müzakirə olunur. İtaliya parlamentində bir müddət əvvəl  “İtaliya, Avropa və Çin: Akademik təsirlər və İqtisadi balanssızlıqlar” mövzusunda konfrans keçirilib. Roma bu mövzuya daha çox diqqət yetirməyə başlayıb. Məsələ burasındadır ki, İtaliya hökuməti Pekinin “Bir kəmər, bir yol” təşəbübbsünü tərk etdiyini açıqlayıb. Halbuki, Pekinlə Roma arasında 2019-cu ildə anlaşma memorandumu imzalanmışdı.  Çinin təsirinin azaldılması İtaliyanın mühafizəkar baş naziri Meloninin hədəflərindən biridir. 

Buna baxmayaraq, Pekin təslim olmaq istəmir. Pekin İtaliya infrastrukturuna nəzarət etmək üçün cəhdlərini davam etdirir. Romada keçirilən konfransda Pekinin bu cəhdləri müzakirə edilib. Konfrans iştirakçıları Çinin İtaliyanın tədqiqat və akademik dairələrinə nüfuz etmək cəhdlərinə diqqət yetiriblər. Çin İtaliya infrastrukturuna, xüsusən də limanlara yatırımlar qoymaq istəyir. Roma əvvəlcə buna müsbət yanaşmışdı, ancaq sonrakı illərdə bu yatırımların İtaliya təhlükəsizliyinə təhdid edəcəyi qənaətinə gəlinildi. Çin şirkətləri İtaliyanın qaz və elektrik paylayıcı şirkətlərində pay sahibi olmağa çalışırlar.

Konfransda Çinin İtaliyada 12 Konfutsi İnstitutunun fəaliyyət göstərdiyi, orta məktəblərdə Çin dili müəllimlərinin işlədiyini və hamısının Çin hökuməti tərəfindən maliyyələşdirildiyinə diqqət çəkilib. Konfrans iştirakçıları bunu Çinin yumşaq gücü kimi dəyərləndiriblər. Çin təhsildən təbliğat və siyasi gündəmini inkişaf etdirmək məqsədilə istifadə edir. Hesab edilib ki, Çinin nüfuz etdiyi İtaliya Universitetlərində müasir texnologiyaları izləmək və onları gizli üsullarla əldə etmək vasitəsi kimi texniki əməkdaşlıqla məşğuldur.

Romadakı konfransda çıxış edən İtaliya xarici işlər nazirinin keçmiş müavini və parlamentin üzvü Gianni Vernetti Çinin qlobal şəbəkə yaratmaq cəhdlərinə diqqəti çəkib. Vernetti misal olaraq Maldiv adalarını göstərib. İtaliyalı diplomatın qənaətinə görə, Maldiv adaları Çin sərmayələrindən asılı vəziyyətə düşüb və bununla siyasi gələcəyini təhlükəyə altına atıb.

Konfransda danışılanlara baxmayaraq, İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir. Covid-19 pandemiyası məhz çinli işçilər tərəfindən İtaliyada sürətlə yayıldı və minlərlə insanın ölümünə səbəb oldu. Məlum oldu ki, geyim paytaxtı sayılan Milanda tikiş fabriklərində işləyənlərin əksəriyyəti çinlilərdir. Həmin fabriklər çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edib. Həmin çinlilər isə ölkələrindən tətildən qayıdarkən pandemiyanın da yayılmasına səbəb oldular.

Исследовательский центр "Атлас"

İttifaqa yeni üzv qəbul olunub

ABŞ prezidenti Cozef Bayden aprelin 10-da Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kisida ilə görüşdə iki ölkə arasında iqtisadi və hərbi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə edib. Bu Yaponiya baş nazirinin son 9 ildə ABŞ-a ilk rəsmi səfəri idi. Fumio Kisidanın Vaşinqtona səfərinin əsas məqsədi Yaponiyanın AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) ittifaqına daxil olmasıdır.

Tokio Yaponiyaya qonşu olan 3 dövlətin – Çin, Şimali Koreya və Rusiyanın regional siyasətindən narahatlığını gizlətmir. Buna görə də Fumio Kisida ölkəsinin təhlükəsizlik təminatının gücləndirilməsinə çalışır. Bunun yolu isə Yaponiyanın ABŞ-la hərbi ittifaqını gücləndirməsindən keçir. Digər tərəfdən Tokio bu il ABŞ-da prezident seçkisinin nəticələrindən narahatdır. Tokioda hesab edirlər ki, Donald Tramp qələbə qazanarsa, bu Amerikanın Yaponiyanın təhlükəsizliyinə marağın azalmasına səbəb ola bilər. Buna görə də Tokio indidən Vaşinqtonla razılaşmalar əldə etməyə çalışır ki, Tramp prezident olsa belə həmin razılaşmalardan imtina edə bilməsin. Tokio ABŞ Konqresində də lobbi fəaliyyətini gücləndirib. Respublikaçılar və Demokratlar Partiyası Yaponiyaya dəstəyin artırılmasının əleyhinə deyillər. Bu mənada Tramp prezident seçilərsə və Tokioya dəstəyi azaltmağı planlaşdırarsa, Konqres bunun əleyhinə çıxacaq.

Yaponiyada nəşr olunan “Japan Times” qəzetinin yazdığına görə, Tokio Asiyada balansın tədricən Çinin xeyrinə dəyişdiyini müşahidə edir. Bu Tokionin narahatlığını daha da artırıb. Çin Yaponiya ilə hesablaşmır. Tokio Çinin kiberhücumlarından da əziyyət çəkir. Yaponiyanın hərbi gücü Çini qorxutmur. ABŞ-ın Yaponiyada hərbi bazaları mövduddur. Tokio Yaponiya ordusunun həmin bazalardakı amerikalı hərbçilərlə sıx əməkdaşlığın artırılmasını istəyir. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı da müzakirə predmetidir. ABŞ Yaponiyaya “Patriot” raketlərini satmağı planlaşdırır.

Beləliklə, Yaponiya İkinci Dünya müharibəsindən sonra təhlükəsizlik siyasətini gücləndirməyə qərar verib. Yaponiya büdcəsinin hərbi xərcləri artırılacaq. ABŞ İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya güclü ordu saxlamaq və təhlükəsizliyə böyük maliyyə xərcləməyi qadağan etmişdi. Ancaq hazırda dünyada baş verənlərdən, o cümlədən Çin, Rusiya və Şimali Koreyanın bölgə üçün yaratdığı təhlükələrdən çıxış edən Vaşinqtonun özü Yaponiyaya ordusunu gücləndirməyə və təhlükəsizlik sisteminə daha çox maliyyə xərcləməyi məsləhət görüb.

Исследовательский центр "Атлас"

Moskva Pekinin vasitəçi olmasını istəyir

Rusiya xarici işlər naziri Sergey Lavrovun Pekinə səfəri iki ölkə arasında bu il planlaşdırılan sammitin hazırlıqları ilə bağlı idi. Bununla yanaşı Lavrov çinli həmkarı Van Yi ilə Ukrayna böhranını da müzakirə edib. Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə iyun ayında İsveçrədə “sülh forumu” keçiriləcək. Tədbirə 100-ə yaxın dövlətin təmsilçisinin qatılacağı planlaşdırılır. Kreml “sülh forumu” təklifinə qarşı Pekinlə birgə hərəkət etmək istəyir. Çin Kiyevin təklif etdiyi “sülh forumu” tədbirində iştirak etməyəcək, Pekinin mövqeyi belədir ki, Rusiyanın iştirak etmədiyi tədbir mənasızdır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin qonşusu Hindistanın İsveçrədəki toplantıya qatılması məqsədilə Dehliyə səfər etmişdi. Pekindən fərqli olaraq Dehli İsveçrədəki tədbirdə iştirak edib-etməməklə bağlı qərar verməyib. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, İsveçrədəki tədbirdə iştirak etməklə Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir.  

Pekin bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskva və Kiyevə 12 maddəlik təkliflər paketini göndərmişdi. Kiyev Pekinin təklifinə razılaşmadı. Qərb ölkələri də Pekinin təkliflərinin əleyhinə çıxdılar. Çünki həmin təkliflərdə Rusiya ordusunun işğal altındakı əraziləri tərk etməsi barədə bənd yox idi. Bundan başqa təkliflər içərisində Ruisyaya qarşı sanksiyaların ləğv tələb olunurdu. Moskva Pekinin yenidən fəallaşmasını istəyir. Bu yolla Moskva Pekinin Kiyevin “sülh forumuna” platformasına alternativ olacağını düşünür. Əslində ABŞ və Avropa İttifaqı da Çinin fəallığının əleyhinə deyil, sadəcə Vaşinqton və Brüsselin istəyi Pekinin Moskvanı işğaldan imtina etməyə inandırmaqdır. Ancaq Pekin işğala etiraz etmir. Pekin eyni zamanda mövzu ilə bağlı Qərb ölkələri ilə dialoqunu davam etdirir.

“Reuters” agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər edəcək. Pekində görüşlə zamanı Ukrayna müharibəsi ilə yanaşı Asiya və Sakit oken bölgəsindəki durum da müzakirə ediləcək. Kreml Çinin Asiya və Sakit okean bölgəsində artan hərbi rolunu dəstəkləyir. Bu ittifaq bölgə ölkələrini narahat edir.

Исследовательский центр "Атлас"  

Moskvanın miqrant siyasəti sərtləşdikcə Mərkəzi Asiyanın yeganə alternativi qalır

Moskvada son terror aksiyasından sonra Rusiyada çalışan Mərkəzi Asiya vətəndaşlarına qarşı siyasət sərtləşib. Miqrantların bir qismi Rusiyanı tərk etmək məcburiyətində qalıb. Terror hücumundan sonra Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakılıq halları artıb. Halbuki, terror hücumuna görə məsuliyyəti İslam Dövləti terror qruplaşmasının Cənub-Mərkəzi Asiyada, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən və Mərkəzi Asiyadan olan üzvlərin də daxil olduğu İslam Dövləti-Xorasan vilayəti öz üzərinə götürüb.

Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları tarixən Rusiyadakı miqrant əməkçilərin pul köçürmələrindən asılı olub. Əgər miqrantlar kütləvi şəkildə geri qayıdarlarsa, bu Mərkəzi Asiya ölkələrinin sosial problemlərini artıracaq. Bu səbəbdən Mərkəzi Asiya ölkələri digər iqtisadi tərəfdaşları olan Çinlə əlaqələri gücləndirməyə çalışırlar. Bu zaman Çinin uyğurlara qarşı sərt siyasəti nəzərə alınmayacaq. Çindən qaçan uyğurların bir qismi Mərkəzi Asiya ölkələrində sığınacaq tapıb. Uyğurların hüquqlarının müdafiəsi ilə məşğul olan və Vaşinqtonda yaşayan Salih Hudayarın sözlərinə görə, uyğurlara qarşı zorakılaqlara baxmayaraq, Mərkəzi Asiya ölkələri Çinlə əlaqələri dərinləşdirmək siyasətinə üstünlük verəcəklər. Misal üçün Çinin ictimai təhlükəsizlik naziri Van Syaohonq Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb. Aprelin 1-də keçirilən görüşdə müasir çağırışlara və təhlükəsizliyə təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi və birgə səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Pekinin Özbəkistan və Qazaxıstandan əsas istəyi odur ki, Daşkənd və Astana uyğurlara sığınacaq verməsinlər, keçmiş illərdə sığınacaq tapan uyğurların fəaliyyəti barədə isə Çinlə əməkdaşlıq etsinlər. Çin və Mərkəzi Asiya üzrə ekspert Temur Umarovun fikrincə, Mərkəzi Asiya liderlərinin Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək üçün bütün addımları atmağa hazırdılar. Bu Mərkəzi Asiya ölkələri liderlərinin praqmatizmindən irəli gəlir: “Onlar açıq şəkildə anlayırlar ki, Çinsiz öz iqtisadiyyatlarının inkişafını və siyasi sabitliyi təsəvvür etmək mümkün deyil”. Digər tərəfdən Mərkəzi Asiyadan Çinə bütün logistik qovşaqlar və enerji ixracı xətləri uyğruların yaşadığı Sincan bölgəsindən keçir. Bundan başqa Mərkəzi Asiyada filialları olan şirkətlər və onların investisiya layihələrinin əksəriyyəti Sincanla əlaqəlidir. Çin Mərkəzi Asiyanın 5 dövləti üçün əsas ticarət tərəfdaşıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, keçən il ikitərəfli ticarət 31,5 milyard dollara çatıb, Sincan 64%-dən çox, yəni 20,3 milyard dollar töhfə verib.

Türkiyənin də Mərkəzi Asiya ölkələri kimi Çinlə sıx iqtisadi əlaqələri mövcuddur. Ankara Çindən başlayan nəqliyyat xətlərinin Türkiyədən keçməsini istəyir. Buna baxmayaraq, Ankara uyğur mövzusunu arxa plana atmır. Doğrudur, Ankara insan haqları pozuntularına görə Pekini Qərb ölkələri kimi ittiham etmir, ancaq uyğur mövzusunun Türkiyə cəmiyyəti üçün həssas olduğunu Çin hakimiyyətinin dəqiqətinə çatdırır.

Исследовательский центр "Атлас"

Haker müharibələri səngimir

Dünyada isti müharibələrlə yanaşı haker müharibələri də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, diqqət Çinə yönəlib.

ABŞ, Böyük Britaniya və Yeni Zellandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. “The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.

Pekin bu ittihamları rədd edib. Əksinə, Pekin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.

London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi.   

Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir.

Исследовательский центр "Атлас"

Asiya da Rusiyanı məyus edib

Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlanmaları səbəbindən Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb. Ödənişlə bağlı gecikmələr aylarla uzanıb. Bu isə Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bir sıra banklar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. Banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-ın sanksiya siyahılarında olub-olmadığını araşdırırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemi etiraf edib. Peskovun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pul köçürmələriylə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqtonun və Brüsselin qərarlarıyla hesablaşır.

Rusiya başqa problemlə də üzləşib. Rusiya pul köçürmələriylə bağlı üzləşdiyi çətinliklə yanaşı neft satışında da problemlərlə üzləşib. Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli Hindistanın neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdirlər. Görünür, Hindistanın neft emalı zavodları da Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarla hesablaşır. Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb.  

Beləliklə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb. Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarlarıyla hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir.

Исследовательский центр "Атлас"

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1426629
ru_RURU