Kategori: Analizler

Azərbaycan üçün MDB müzakirə platformasıdır

Moskvada dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirildi. Bu, ilin sonu üçün ənənəvi islacdır. Kreml MDB üzvlərini Moskvaya toplamaqla həm tərəfdaşlarıyla ilə yekun vurur, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbə bu şəkildə mesaj göndərir: “Rusiya təcrid olunmayıb, qonşularının bir çoxu ilə siyasi və iqtisadi əlaqələrini gücləndirib”. Təsadüfi deyil ki, toplantı çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustin həmkarlarına “Rusiya” beynəlxalq sərgi-forumuna baxış təşkil edib. MDB-yə sədrlik 2024-cü ildə Rusiyaya keçəcək. Bu ilə təşkilata Qırğızıstan sədrlik edirdi.

Baş nazir Əli Əsədov toplantıdakı çıxışında Azərbaycanın MDB formatında ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Əli Əsədov xatırladıb ki, 2025-ci ildə III MDB ölkələri Oyunları Gəncədə keçiriləcək. Baş nazir çıxışında Azərbaycan-Ermənista danışıqlarına da toxunaraq Bakının İrəvanla konstrtuktiv dialoqu davam etdirməkdə maraqlı olduğunu söyləyib. Əli Əsədov bu mövzuda çıxışını “yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgə yaşayış ümidləri bəxş edəcək” cümləsiylə bitirib.

Müstəqil Dövlət Birliyi formal olaraq fəaliyyət göstərir. Bu format çərçivəsində üzv ölkələr sadəcə, görüşüb, fikir mübadiləsi aparmaq üçün imkan qazanırlar. Azərbaycan və digər üzv dövlətlər ikitərəfli əlaqələrə əhəmiyyət verirlər. Keçən il Azərbaycanın birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Kreml də MDB-nin gücləndirilməsinin mümkün olmadığını anladığından qonşularıyla ikitərəfli əlaqələrin gücləndirilməsi siyasətinə üstünlük verib.

Rusiyanın ikitərəfli əlaqələrə önəm verməsinə nümunə kimi Moskva-Pekin əlaqələrini göstərmək olar. Mixail Mişustin Moskvadakı toplantıdan bir gün sonra Pekinə səfər edib. Mişustin Çin lideri Si Tsinpin və bu ölkənin baş naziri Li Çianqla görüşəcək. Pekində iki ölkənin hökuməti başçılarının 28-ci görüşü keçiriləcək. Tərəflər ticarət əməkdaşlığını daha gücləndirmək və birgə iri layihələrin reallaşmasını sürətləndirmək istəyirlər.

Qərbin sanksiyaları ilə üzləşən Çin bazarı Rusiya üçün xilas yoludur. Misal üçün Rusiya Qərb ölkələrinə sata bilmədiyi neft və qazını Çinə yönəldib. Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib. Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. Qazın Çinə ixracı 2019-cu ilin dekabrında başlayıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı müharibə qərarı verməmişdən əvvəl Avropaya sata bilməcəyi qazı Çinə sata biləcəyini hesablamışdı və Pekin də bununla razılaşmışdı. Deməli, Kreml Ukraynaya qarşı hərbi əməliyyata başlaya biləcəyi planı ilə Pekinlə bölüşmüşdü. Halbuki, çinli rəsmilər Rusiyanın Ukraynaya hücum edəcəyindən xəbərsiz olduqlarını bildirirdilər. Rusiya üçün Çinlə strateji tərəfdaşlıq önəmli olduğu kimi iki ölkənin iştirakçısı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) MDB-ni üstələyir. Rusiya və Çin hazırda bu iki təşkilata daha çox dövlətin qəbuluna çalışırlar. Moskva ilə Pekinin məqsədi bu yolla Amerika Birləşmiş Ştatlarının hegemon mövqeyinə son qoymaqdır. Buna cavab olaraq da Vaşinqton Rusiya və Çinə qarşı ittifaqları gücləndirir.

"Atlas" Araştırma Merkezi

 

3 ölkə yaxınlaşıb

İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə barışdıqdan sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Pekin bununla kifayətlənməyərək bu iki ölkə arasında vasitəçiliyini daha da gücləndirməyə qərar verib. Dekabrın 15-də Pekində 3 ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçirilib. Növbəti görüşün Səudiyyə Ərəbistanında keçirilməsinə dair razılıq var.

Çinin xarici işlər naziri Van İnin sədrliyi ilə Çin-Səudiyyə Ərəbistanı-İran Komissiyasının ilk iclasında Yaxın Şərqdə beynəlxalq əməkdaşlıq məsələləri və Fələstin-İsrail münaqişəsi müzakirə olunub. Səudiyyə Ərəbistanını xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xereyci, İranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil ediblər. Van İ toplantıda deyib ki, Çin Yaxın Şərq xalqlarını dəstəkləməkdə davam edir. Bunun nə demək olduğunu söyləmək çətindir. Çünki Yaxın Şərqdə bir-biri ilə gərgin münasibətldə olan dövlətlər var. Çinin xarici işlər naziri onu da bildirib ki, Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqu gücləndirmək və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə daha bir töhfə vermək üçün üçtərəfli qarşılıqlı fəaliyyət formatından istifadə etməyə üstünlük verir.

İranla Səudiyyə Ərəbistanı barışıbsa Pekinin vasitəçiliyini davam etdirməsinə nə ehtiyac var? Görünür, bu yolla Pekin bölgədə rolunun artmasına işarə edir. Vaşinqtonla Tehran arasında diplomatik əlaqələr olmadığına və iki ölkə arasında gərginlik davam etdiyinə görə ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqda iştirak edə bilməz. Bu Pekinin işinə yarayır. Çin lideri keçmiş aylarda həm İrana, həm də Səudiyyə Ərəbistanına səfər edib. Pekin İrana yüz milyardlarla dollar yatırım qoyacağını da açıqlayıb. Ancaq Pekin bu məsələdə hələ tələsmir. İranın özündə də Çindən iqtisadi asılılığın təhlükələri barədə polemika gedir.

Pekindəki görüşdə Çin, İran və Səudiyyə Ərəbistanı birgə bəyanat qəbul ediblər. 3 ölkə İsraili dayandırmağın və Qəzza bölgəsinin bombalanmasının qarşısını alınmasının vacibliyini bildiriblər. Tərəflər fələstinlilərin evlərindən zorakı üsullarla qovulmalarının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Aydındır ki, bu bəyanat İsraildə sərt reaksiyaya səbəb olub. İsrailin Çinlə təmasları olsa da, Tel-Əviv Pekinin Yaxın Şərq siyasətindən narazıdır. Digər tərəfdən İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq isdeyasından imtina etməyib. Qəzzadakı döyüşlər dayanmayana qədər bu mümkün olmayacaq. Ancaq sonrakı mərhələdə dialoqun bərpası mümkündür, sadəcə Çin-İran-Səudiyyə Ərəbistanı üçbucağı Tel-Əvivə əlavə problemlər yaradacaq. Vaşinqton da Pekinin vasitəçi təşəbbüslərini diqqətlə izləyir. Çünki Vaşinqtonda hesab edirlər ki, Pekin bölgədə ABŞ-ın sıxışdırmağa çalışır.

"Atlas" Araştırma Merkezi

Çində varis planı hazırlanıb

Si Cinpin Çini dəmir əllə idarə edir. Cinpin eyni zamanda varis barədə də düşünmək məcburiyyətindədir. Bu arada baş nazir Li Çianın səlahiyyətlərinin artırılması beynəlxalq medianın diqqətini çəkib. Li Çian Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvüdür. Li Çian Çin Kommunist Partiyasına 1983-cü ildə üzv olub. O, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının bu ilin martın 11-də keçirilən sessiyasında Çin Xalq Respublikasının baş nazir vəzifəsinə təyin olunub.

Si Cinpinin təlimatıyla Li Çian Mərkəzi Maliyyə Komissiyasına da rəhbər təyin olunub. Ondan əvvəlki baş nazirlərin bu səlahiyyəti yox idi. Bəzi ekspertlər bunu Çin iqtisadiyyatındakı ağır durumla izah ediblər. Çinin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəbdir. Tikinti şirkətləri aldıqları kreditləri qaytara bilmirlər, ölkədə borclanma artıb. Çinin maliyyə sabitliyini geri qaytarmağa və korrupsiya ilə mübarizəni gücləndirməyə ehtiyacı var. Digər ekspertlər isə Si Cinpinin Li Çianı öz yerinə hazırladığı versiyasını irəli sürüblər. Digər tərəfdən mümkündür ki, Si Cinpin hakimiyyətin bir hissəsini və məsuliyyəti baş nazirlə bölüşmək istəyir. Si Cinpin Li Çianın səlahiyyətlərini artırmaqla gələcəkdə hakimiyyət uğrunda mübarizəyə hazırlaşan partiyadaxili qüvvələrə mesaj göndərmiş olur.

“South China Morning Post” nəşri Li Çianın Çini bir çox beynəlxalq tədbirdə təmsil etdiyinə diqqəti çəkib. Misal üçün Çini “böyük iyirmilərin” Hindistanda keçirilən sammitində Li Çian təmsil edib. Bu səbəbdən Li Çianın fəaliyyəti Qərbin siyasi və ekspert dairələrində ciddi analiz edilir. Li Çianın mövqelərinin möhkəmlənməsi onun Çin iqtisadiyyatındakı problemləri necə həll edəcəyindən asılı olacaq.

Bu arada, Qərbdə Çinin artan hərbi gücü də diqqət mərkəzindədir. Çinin hərbi donanması dünya liderliyinə iddialıdır. “Bloomberg” agentliyinin məlumatına görə, Çin 2030-cü ilə qədər nüvə arsenalını iki dəfədən çox artıracaq. Çinin arsenalında hazırda 500-dən çox nüvə başlığı var. Çin hakimiyyəti bunu yetərli saymır və nüvə başıqlarının sayının artırılması üçün hərbi-sənaye kompleksinin imkanlarını bir neçə dəfə artırıb. “Bloomberg” agentliyinin digər məlumatında hipersəs raketləri sahəsində də Çinin Qərbi geridə qoymağa çalışdığı vurğulanıb. Çin süni intellektin inkişafına böyük sərmayələr yatırdığı da gələn xəbərlər arasındadır.

Qərb balansın Çinin xeyrinə dəyişməsinin qarşısını almaq üçün müvafiq addımlar atmaq məcburiyyətindədir. ABŞ Çini müasir texnologiyalara çıxışını məhdudlaşdırmaqla bu ölkənin inkişafını ləngitməyi planlaşdırır. Vaşinqton ümid edir ki, Çin iqtisadiyyatında yaranan dərin problemlər onun hərbi gücünü artırmarmaq planlarını dəyişdirəcək.

“Atlas” Araşdırmalar Mərkəsi

Yaponiya birqütblü dünyanın zəifləməsindən narahatdır

“Soyuq müharibədən” sonra Amerika Birləşmiş Ştatlarının simasında formalaşan birqütblü dünyaya qarşı müqavimət artıb. ABŞ dünyada baş verən müxtəlif proseslərdə rol almağa çalışsa da, bəzi hallarda bu həlledici əhəmiyyət daşımır.

Yaponiya Müdafiə Nazirliyinə bağlı araşdırma mərkəzinin hazırladığı hesabatda Rusiya və Çinin dünya düzənini dəyişmək istədikləri bildirilib. Hesabat müəllifləri hesab edirlər ki, Rusiya və Çin liberal dəyərləri qeyri-demokratik oyun qaydaları ilə əvəz etməyə çalışırlar. Buna Rusiya-Çin hərbi ittifaqının gücləndiyini misal göstərirlər. Bəziləri bunu “yeni internasional” kimi qiymətləndirirlər. Ancaq “soyuq müharibə” illərindən fərqli olaraq bu “dünya kommunizminin” qələbəsi uğrunda mübarizə deyil, dünyadakı nizamı avtoritar üsul-idarə ilə əvəz edilməsinə nail olmaqdır.

ABŞ Rusiya-Çin ittifaqı ilə üz-üzədir. Buna baxmayaraq, Pekin Ukrayna müharibəsindən çəkindiyinə görə Rusiya ilə müdafiə və təhlükəsizliklə bağlı saziş imzalamağa tələsmir. Çünki Çin iqtisadiyyatının əsas hissəsi Qərb ölkələri ilə əməkdaşlıq üzərində formalaşıb. Yaponiyadakı mərkəzin hesabatında keçmiş illərdə Pekinlə Moskva arasında fikir ayrılıqlarıının olmasına baxmayaraq, Amerikaya qarşı mübarizədə bunun arxa plana keçdiyi vurğulanıb. Çin lideri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putin arasında sıx dostluq əlaqələri formalaşıb.

Hesabat müəllifləri Çinin Rusiyanın dəstəyinə arxalanaraq Asiya və Sakit Okean bölgəsində hərbi gücünü artırdığını bildiriblər. Bu Rusiyanın da maraqlarına cavab verir. Çin Asiya bölgəsində müxtəlif ölkələrlə münasibətlərini gərginləşdirərkən Rusiya Ukraynadakı müharibədə manevr imkanlarını artıra bilir. Bundan narahat olan əsas ölkələrdən biri Yaponiyadır. Rusiya və Çinin bölgədə keçirdikləri birgə hərbi təlimlər Yaponiyanın adalarına yaxın ərazilərdə həyata keçirilir. Yaponiyanın Rusiya ilə münasibətlərində gərginlik artsa da, Tokio üçün əsas təhlükə mənbəyi Pekinin siyasətidir. Buna görə də Yaponiya həm özünün hərbi potensilalını, o cümlədən büdcənin hərbi xərclərini atrırır, həm də ABŞ-la hərbi müttəfiqliyi gücləndirir.

Almaniyada nəşr olunan “Der Spiegel” qəzetində yayımlanan məqalədə Rusiya-Çin ittifaqının Yaponiya ilə yanaşı Avropa İttifaqını da ciddi narahat etdiyi yazılıb. Pekin Rusiya-Ukrayna müharibəsində neytrallığını elan etsə də, Çin iqtisadi əməkdaşlıq zəminində Rusiyanın gəlir imkanlarını atrırır ki, Kreml bunun hesabına işğalçı müharibəni davam etdirə bilir.

"Atlas" Araştırma Merkezi

Məsləhətləşmələr fikir ayrılıqlarına son qoymadı

Pekində Çin-Avropa İttifaqı sammiti keçirildi. Bu, Brüssellə Pekin arasında yüksək səviyyədə keçirilən sayca 16-cı məsləhətləşmələr idi. Sonuncu məsləhətləşmələr 2019-cu ildə baş tutmuşdu. Çin lideri Si Cinpin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə fikir mübadiləsi aparıb. Tərəflər əməkdaşlığa dair müsbət fikirlər söyləsələr də, Si Cinpinin Çinlə Avropa İttifaqı arasında hərtərəfli strateji tərəfdaşlığın 20 ilinin tamam olmasıyla bağlı fikirləri diqqət çəkicidir. Çin lideri bildirib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaşlıq etməli, ikitərəfli siyasi etimadı daim gücləndirməli, strateji konsensusu formalaşdırmalıdırlar. Demək tərəflər arasında konsensus yoxdur ki, Çin lideri bunun vacibliyini söyləyib.

Avropa İttifaqı ABŞ-dan fərqli olaraq Çinlə açıq qarşıdurmadan çəkinir. Brüssel Pekinlə qarşılıqlı faydalı əməkdaşlığın davam etməsini istəyir. Pekin də Vaşinqtonla münasibətlərdəki gərginlikdən fərqli olaraq Brüssellə münasibətlərdə problem istəmir. Çünki Avropa ölkələri Çinin əsas tərəfdaşlarındandır. Bundan başqa Çinin Avropanın müxtəlif ölkələrinə milyardlarla avro yatırımları mövcudddur.

Buna baxmayaraq, Brüssellə Pekin arasında fikir ayrılıqları ortadan qaldırılmayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Brüssel əvvəlkitək Pekinin Ukrayna müharibəsiylə bağlı Moskvaya təsir etməsini istəyir. Ancaq Pekin Ukraynaya qarşı işğalçı müharibənin dayandırılması üçün heç nə etmir. Brüsselin Pekinə iqtisadi zəmində də iradı var. Pekinin Çində istehsal olunan elektrik avtomobillərinə dövlət subsidiyaları ayırması Brüsselin narazılığına səbəb olur. Çünki bu bəbabər rəqabətə maneədir. Avropa İttifaqı rəsmiləri Çindən iqtisadi asılılığı azaltmağı hədəfləyiblər. Pekinin isə Brüsselə iradı odur ki, Avropa İttifaqı Çin şirkətlərinin hüquqlarını tez-tez pozur. “Politico” nəşri diqqəti ona yönəldir ki, bu kimi səbəblərə görə Pekin və Brüssel vahid mövqe ifadə edən ortaq bəyanat verə bilmirlər.

Bu arada, NATO-nun keçmuş baş katibi Foq Rasmussen Avropa İttifaqının Çinə qarşı Tayvanı dəstəkləməsi vacibliyini bildirib. Onun bununla əlaqədar “The Financial Times” qəzetində məqaləsi yayımlanıb. Məqalədə Pekinin dünyada baş verən hadisələrə reaksiyasi sərt tənqid olunub. Rasmusssen hesab edir ki, Brüsselin Pekinə yumşaq siyasəti doğru deyil. Çünki Çin Tayvanı ələ keçirmək istəsə bu Avropanın maraqlarına da zidd olacaq. Yaponiya rəsmiləri də Rasmussenin narahatlığını bölüşürlər. Tayvanda problem çıxsa yüz minlərlə ada sakini Yaponiyaya axın edəcək. Avropa ölkələrindən Litva və Çexiya da Tayvana dəstəyin artırılmasının tərəfdarıdırlar.

"Atlas" Araştırma Merkezi

Bu ölkə uğrunda gərgin mübarizə gedir

Çinin qonşu ölkələrlə münasibətlərindəki gərginliyi davam edir. Yaponiya, Hindistan, Avstraliya və digər dövlətlər Çinin bölgədə artan hərbi gücündən narahatdırlar. Vyetnamın da Çinin siyasəti ilə bağlı sualları az deyil. Buna baxmayaraq, Çində olduğu kimi Vyetnamda da hakimiyyətdə Kommunist Partiyasıdır və bu amil iki ölkə arasında dialoqu mümkün edir.

Çinin xarici işlər naziri Van Yinin bir neçə gün əvvəl Vyetnama səfəri əməkdaşlığı gücləndirmək məqsədi daşıyırdı. Çin bu məqsədlə Vyetnama maliyyə yatırımlarını artırıb. Pekinin Vyetnama diqqətinin artırmasının məqsədi ABŞ və Yaponiyanın Hanoyla təmaslarını intensivləşdirməsidir. ABŞ və Yaponiya Vyetnamın onların tərəfinə keçməsinə çalışırlar. Bu Pekini ciddi narahat edir.  “Reuters” agenliyinin yaydığı xəbərdə Çinlə Vyetnam arasında 1979-cu ildə silahlı qarşıdurmanın olduğu xatırladılır. “Global Times” dərgisində yayımlanan məqalədə isə Vyetnamın Yaponiya strateji tərəfdaşlığı daha üst səviyyəyə qaldırdığı yazılıb.

Vyetnam prezidenti Vo Van Thuong bir müddət əvvəl Yaponiyaya səfər etmişdi. O Tokioda Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşmüşdü. Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, 40 dəqiqə davam edən görüşdə iki lider Yaponiya və Vyetnam arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Yaponiya ilə yanaşı Vyetnamın da dənizlərdə Çinlə adalarla bağlı sərhəd mübahisələri mövcuddur. Tokio məhz bu amildən istifadə edərək Vyetnamla strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Digər tərəfdən Tokionun məqsədi Çini tərk etməyi planlaşdıran xarici şirkətləri Vyetnama istiqamətləndirməkdir. Həqiqətən Vyetnam xarici investorlar üçün münasib şərtlər təklif edir.

Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir. Bu səbəbdən Pekin Vyetnamın müstəqil xarici siyasətindən narazıdır. Çindəki siyasi dairələr hesab edirlər ki, Vyetnam Qərb ölkələrinə qapılarını açıb. ABŞ prezidenti Cozef Baydenin bu ilin sentyabr ayında Vyetnama səfəri Pekində diqqətlə izlənilirdi. Yaponiya kimi ABŞ da Vyetnamla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. ABŞ Vyetnama hətta müasir silahlar təklif edib. Beləliklə, böyük dövlətlərin Vyetnam uğrundakı mübarizəsi yeni mərhələyə qədəm qoyub.

"Atlas" Araştırma Merkezi

Bu ölkədə nazirlər yoxa çıxırlar

Qərb və Rusiya mətbuatında Çinin xarici işlər naziri Tsin Qanın öldüyü barədə məlumatlar yayılıb. İlkin ehtimallara görə, o ya işgəncə nəticəsində ölüb, ya da özünə qəsd edib. Bu Çində siyasi xadimlərdən birinin növbəti müəmmalı ölüm faktıdır. Bundan əvvəl keçmiş baş nazir Li Ketsyanın evində cansız bədəni aşkarlanmışdı.

Tsin Qan çox az müddət ərzində xarici işlər naziri vəzifəsində çalışıb, onu 2023-cü ilin yayında qəfil istefaya göndəriblər. O istefadan əvvəl yox çıxmış, onun iştirakı ilə nəzərdə tutulan bir sıra rəsmi görüş ləğv olunmuşdu. “Politico” nəşrinin yazdığına görə, Tsin Qan vaxtilə ölkə lideri Tsi Cinpinin tərəfdarı idi. Tsi Cinpin 2014-2018-ci illərdə xarici siyasət məsələlərini və xarici həmkarlarıyla görüşlərini Tsin Qanla razılaşdırırdı. Tsi Cinpin Tsin Qanı 2021-ci ildə ABŞ-a səfir təyin edib, cəmi 6 ay sonra onu Vaşinqtondan Pekinə çağıraraq xarici işlər naziri vəzifəsinə gətirib. Ancaq onun nazirlik müddəti çox çəkməyib. Tsi Cinpin Tsin Qanı istefaya göndərdikdən sonra keçmiş xarici işlər naziri Van Yini yenidən köhnə vəzifəsinə qaytarmaq məcburiyyətində qalıb. Bəs nə baş verdi ki, böyük ümidlər bəslənilən Tsin Qan qısa müddətdə istefaya göndərildi?

Qərb mətbuatının yazdığına görə, Tsin Qanın Böyük Britaniyada təhsil alan çinli xanım tələbədən nigahdankənar övladı olub. Doğulan körpənin isə ABŞ vətəndaşlığı barədə xəbərlər yayılıb. Bu xəbərin yayılması Pekində qalmaqala səbəb olub. Ona görə də Çin rəhbərliyi Tsin Qanın siyasi karyerasına son qoymağa qərar verib. Bununla yanaşı “Politico” nəşri Tsin Qanın ölkənin keçmiş hərbi rəhbərliyi ilə korrupsiya əlaqələri barədə də xəbər yayıb. Tsin Qandan sonra Çinin müdafiə naziri və bir çox güc naziri də istefaya göndərilib. Yüksək rütbəli hərbçilər korrupsiya əməllərindən günahkar biliniblər. Onları da sakitcə vəzifələrindən uzaqlaşdırıblar. Bundan sonra keçmiş müdafiə naziri Li Şanfu da yoxa çıxıb. Onun sonrakı taleyi barədə məlumat yoxdur. Daha bir şübhə ondan ibarətdir ki, Çinin keçmiş nazirləri ölkənin nüvə silahları və raket qüvvələri haqqında məxfi məlumatları Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə ötürürmüşlər.

Qərb ekspertləri Çində baş verən müəammalı ölümlərin hakimiyyətdə təmsil olunan digər siyasi xadimləri qorxutduğunu bildirirlər. Hakimiyyətin siyasi kursu ilə razılaşmamaq təhlükəlidir.

"Atlas" Araştırma Merkezi

Yeni sədr sammitdə münaqişə istəmir

“Böyük iyirmilər”ə sədrlik Hindistandan Braziliyaya keçib. “Böyük iyirmilər”in növbəti zirvə toplantısı gələn ilin noyabrında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Braziliya prezidenti Luis de Silva sədrlik müddətində ölkəsi qarşısında əsas hədəfləri müəyyənləşdirib. Birinci hədəf sosial inteqrasiyanı gücləndirmək, aclıq və kasıblıqla mübarizəni təşkil etməkdir. İkinci hədəf iqlim dəyişikliyinin müzakirəsi və alternativ enerji mənbələrinin inkişafına nail olmaqdır. Braziliyanın “böyük iyirmilər”ə sədrliyi dövründə üçüncü hədəfi qlobal idarəetmə istitutlarının islahatına çalışmaqdır. Böyük hədəflərdir. Bu haqda illərdir danışılır, ancaq real nəticə yoxdur.

Braziliya prezidenti ədalətli dünya uğrunda fəaliyyət göstərəcəyini açıqlayıb. Braziliya “böyük iyirmilər” çərçivəsində iki operativ məsləhət qrupu yaradacaq. Braziliya 2030-cü ilə qədər dünyadakı aclıq son qoymağı hədəfləyib. Ancaq bunun üçün bəyanat vermək azdır, yeni resurslara və texnologiyalara ehtiyac var. Braziliya prezidentinin digər hədəfi inkişaf etməkdə olan ölkələrin Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun idarəetməsinə daha fəal cəlbini təmin etməkdir.

Braziliya prezidenti “böyük iyirmilərin” zirvə toplantısında fikir ixtilafı yaradan mövzuların müzakirəsinin əleyhinədir. Əgər 2024-cü ildə də Rusiya-Ukrayna müharibəsi davam edərsə, Braziliya “böyük iyirmilər”in toplantısında bu mövzunun müzakirəsinin əleyhinə olacaq. Rəsmi Dehli də bu mövzununu Hindistandakı toplantıda müzakirəsinə imkan vermədi. Çünki bu halda Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma yaranacaq və yekun bəyanat qəbul edilməyəcəkdi. Ona görə də Dehli yekun bəyanatı elə formada hazırladı ki, həmin sənəd yekdilliklə qəbul edildi.  Braziliya da eyni siyasətə sadiq qalacaq.

Əsas suallardan biri də bu olacaq: Rusiya prezidenti Vladimir Putin Braziliyadakı zirvə toplantısına qatılacaqmı? Bunun üçün Putin gələn ilin mart ayında keçiriləcək prezident seçkisində qələbə qazanmalıdır. Bu çoxlarında şübhə doğurmur. Putin Hindistandakı toplantıda iştirak etmədi. Putinin Braziliyaya səfər edəcəyi də problematikdir. Çünki Hindistandan fərqli olaraq Braziliya Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna imza atıb.

Buna baxmayaraq, Vladimir Putin internet üzərindən beynəlxalq tədbirlərdə çıxışlar edir. Misal üçün Putin bir müddət əvvəl Hindistanın təşkil etdiyi “böyük iyirmilər”in virtual sammitində çıxış etmişdi. Həmin sammitə ABŞ prezidenti Cozef Bayden və Çin lideri Tsi Cinpin qatılmadılar. Görünür, Bayden virtual sammit olsa belə Putinlə birgə iştirak etmək istəmədi. Halbuki, Vaşinqton Dehlini özünün strateji tərəfdaşı sayır. Tsi Cinpin isə ölkəsinin Hindistanla sərhəd məsələsinə görə sammitə qatılmadı. Putin Hindistanın təşkilatçılığı ilə keçirilən virtual sammitdə Braziliyaya yeni sədrlikdə uğurlar arzulamışdı. Əgər Putin Braziliyadakı sammitə qatılmasa, bu ölkə Hindistan kimi zirvə toplantısından sonra virtual toplantı da keçirə bilər ki, bu halda Kreml sahibi internet üzərindən çıxışa hazırlaşacaq.

"Atlas" Araştırma Merkezi   

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi?

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, hələ ki, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə Həmas arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib.

Vaşinqton əvvəlcə İsrailin Həmas qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyi dəyişdi. Vaşinqton atəşkəsə və danışıqlara üstünlük verir. Entoni Blinken “The Washington Post” qəzetində yayımlanan məqaləsində mülki insanların qorunması zərurətini bildirib. Blinken Qəzzaya humanitar yardımların, tibbi ləvazimatların və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb.

Buna baxmayaraq, ABŞ-ın indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar vediyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Rouds “The New York Times” qəzetində yayımlanan məqaləsində Vaşinqtonun beynəlxalq hüquq və normalarına müxtəlif yanaşmasını yazıb. Əslində bunun adı “ikili standartlardır”. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Vaşinqton illər uzunu Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə başladılar.

Beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır. “NBC News” televiziya kanalı rəsmi mənbələrə istinad edərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq ləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını hər zaman dəstəkləyir, ancaq eyni zamanda bu mübarizədə “qırmızı çizgilərin” aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netahyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil.

Bu arada, Avropa İttifaqında da İsrailin siyasətiə ilə bağlı narazılıq artıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.

Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir. Pekin bu məqsədlə beynxalq konfransın təşklinin vacib sayır.

Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir. Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Misal üçün Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planın reallaşacağı problematikdir.

"Atlas" Araştırma Merkezi

Rusiya Asiyadan niyə narahatdır?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi. Halbuki, Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsiylə Krımı ilhaq etdi. Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlyandiya Şimali Atlantika Blokuna qəbul olundu.

Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir. Misal üçün Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kremlı sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır.

Əslində Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə hərbi təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən birgə hərbi təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz nəvbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” dərgisində yayımlanan məqalədə ABŞ hərbi-sənaye kompleksinin müttəfiqləri gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazıb, müqavilələrin sayı artıb. ABŞ Tayvanı silahlandırmaqda davam edir.

Buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir. ABŞ prezidenti Cozef Baydenin “The Washington Post” qəzetində yayımlanan  məqaləsində Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açılacağını yazıb. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Bu dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya və Sakit Okean bölgəsində vəziyyət nəzarətdən çıxmasın. Buna baxmayaraq, ABŞ-la Çinin bir-birinə inamları yoxdur, kiçik olay böyük qığılçıma səbəb ola bilər.

"Atlas" Araştırma Merkezi 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1408250
tr_TRTR