Kategori: Analizler

Körfəz ölkələri bu bölgəyə maraq göstərirlər

Böyük dövlətlərin Mərkəzi Asiya uğrunda mübarizəsinə ərəb dünyası da qoşulub. İyul ayında Səudiyyə Ərəbistanında “Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) + Körfəz Əməkdaşlıq Şurası (Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn)” sammiti keçirilib. Bu Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələrinin ilk sammitidir.  Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi güc baxımından körfəz ölkələrinin lideri sayıldığından sammitin bu ölkədə keçirilməsi anlaşılandır. Digər tərəfdən SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ilə ilk sıx əlaqələr quran ərəb ölkəsi Səudiyyə Ərəbistanı olub.

Sammitə hazırlıq bir il əvvəl başlayıb. Mərkəzi Asiya və körfəz ölkələrinin xarici işlər nazirləri 2022-ci ildə Səudiyyə Ərəbistanında ortaq toplantı keçirmişdilər. Varlı körfəz ölkələri Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirməyi planlaşdırırlar. Bu sıraya nəqliyyat yollarının inşasından tutmuş yaşıl energetikanın inkişafına qədər layihələr aiddir. Bölgə ölkələri terrora qarşı birgə mübarizə imkanlarını da müzakirə ediblər. Liderlərin sammitində iki bölgə arasında 2027-c ilə qədər nəzərdə tutulan əməkdaşlıq proqramı imzalanıb.

Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev ötən il Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ortaq layihəyə imza atmışdı. Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin milyardlarla dollar yatırımlara ehtiyacları var. Qazaxıstan prezidenti sammitdə körfəz ölkələrinin Azərbaycanın da marağında olduğu Transxəzər layihəsinə dəstək vermələrini istəyib. Söhbət Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat layihələrindən gedir.

Qazaxıstan prezidentindən sonra Səudiyyə Ərəbistanına Özbəkistan prezidenti Şavkat Mirziyoyev səfər edib. Özbəkistan Səudiyyə Ərəbistanı ilə dəyəri milyardlarla dollar olan enerji layihələrinin reallaşmasını planlaşdırır. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də Mərkəzi Asiya ölkələrinə yatırımlarının həcmi ilbəil artır.

Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələri arasında sammit Vaşinqtonun, Moskvanın və Pekinin diqqət mərkəzində olub. Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə artan yatırımları Vaşinqtonu narahat etmir. Çünki körfəz ölkələri ABŞ-ın tərəfdaşlarıdır. Moskva və Pekin isə narahat ola bilərlər. Çünki Rusiya və Çinin Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi maraqları var və bu maraqlar bəzən başqa dövlətlərin maraqları ilə üst-üstə düşmür. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Tacikistan maliyyə baxımından Çindən asılı vəziyyətdədir. Buna baxmayaraq, Tacikistan varlı körfəz ölkələrinin də yatırımlarına ehtiyac duyur. Misal üçün Qətər Tacikistanda yeni açılan məscidin tikintisinə 100 milyon dollar ayırmişdi. Beləliklə, Mərkəzi Asiyanın ölkələrinın həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb.

"Atlas" Araştırma Merkezi

 

“Bir kəmər, bir yol” layihəsi əngəllə üzləşib

İtaliya 4 il əvvəl Çinlə imzaladığı “bir kəmər, bir yol” investisiya sazişindən çıxmaq barədə qərar verib. Roma 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməyəcək. Roma ilə Pekin arasında İtaliyanın “bir kəmər, bir yol” təşəbbüsünə qoşulması memorandumu 2019-cu ilin martında imzalanmışdı. İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu da təsdiqləmişdi. İtaliya bu proqramı təsdiqləyən Avropa İttifaqının ilk ölkəsi idi.

Romanın 4 il əvvəlki qərarı Brüsselin və Vaşinqtonun narazılığına səbəb olmuşdu. ABŞ və Avropa İttifaqı İtaliyaya tələsik addımın nəticələri ilə bağlı xəbərdarlıq etmişdilər. İtaliya hökuməti 4 il sonra xəbərdarlığı nəzərə aldı.

İtaliyanın Çinin layihəsindən çıxmasının səbəbi nədir?

İtaliyanın xanım baş naziri Corca Meloni sağ mühafizəkar siyasi cərəyanın təmsilçisi kimi ABŞ-la ittifaqın tərəfdarıdır. İtaliyanın “La Repubblica” nəşrində yayımlanan məqalədə bu məsələylə bağlı baş nazir Corca Meloninin ABŞ prezidenti Cozef Baydenlə geniş müzakirəsi olub. Aydındır ki, İtaliyanın Çin layihəsindən çıxmasının təşəbbüskarı Vaşinqton olub. Ancaq Vaşinqton İtaliyanın Çinin layihəsindən çıxmasının əvəzinə alternativ layihələr təklif etməlidir ki, İtaliyanın iqtisadi itkiləri olmasın.

İtaliyanın “bir kəmər, bir yol” layihəsindən imtinası Çinin iqtisadi və təhlükəsizlik maraqlarına zərbə vurur. Çin bu layihə çərçivəsində yeni tikilən dəmiryolları, avtomobil yolları və limanlar vasitəsilə Avropa ölkələrinə daşınan məhsulların həcmini artırmağı planlaşdırırdı. Çin mövcud layihə vasitəsilə müxtəlif bölgələrdə “yumşaq gücünü” də artırmış olurdu. Çin müxtəlif ölkələrdən keçən nəqliyyat şəbəkələrinin qurulması layihələrinə 1.4 trilyon dollar xərcləməyi nəzərdə tuturdu. Layihə ümumi əhalisi 4 milyard 400 milyon nəfər olan 64 ölkəni əhatə etməli idi. Bu dünya iqtisadiyyatının 40 faizi deməkdir. Çinin nəzərdə tutduğu vəsait ABŞ-ın İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin yenidən bərpası üçün həyata keçirdiyi “Marşal planı”ndan 12 dəfə çoxdur.

Çin eyni zamanda layihənin son məntəqəsi olan Avropa ölkələrində, o cümlədən İtaliyada müxtəlif layihələri maliyyələşdirməyi, o cümlədən strateji limanlarda pay sahibi olmağı planlaşdırırdı. Ancaq Çin öz planını reallaşdırmaq istəyərkən qarşısında iki əngəllə üzləşib. ABŞ və Avropa İttifaqı Çinlə ticarət əlaqələrini davam etdirsələr də, “bir kəmər, bir yol” layihəsinin reallaşmasının əleyhinədirlər. Vaşinqton və Brüssel hesab edirlər ki, Pekin bu layihə vasitəsilə Avrasiya və Avropa qitəsində möhkəmlənməyə çalışır. Vaşiqnton və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qfaqaz bölgəsini ehtiva edən “Böyük İpək yolu” layihəsinə də təhlükə yarada bilər. Çünki bu layihə “bir kəmər, bir yol” layihəsinin tərkib hissədidir. Layihənin bir hissəsinə əngəl yaranacaqsa, digər hissəsi ilə daşınmaların artması da sual altında olacaq.

"Atlas" Araştırma Merkezi

Yeni qanunla mübarizə sərtləşəcək

Çin parlamentinin xarici əlaqələr barədə qəbul etdiyi yeni qanun yerli və xarici ekspertlərin diqqət mərkəzindədir. Çünki Çində keçmiş illərdə oxşar qanun qəbul edilməyib. Yeni qanuna görə, Qərbin müxtəlif sanksiyaları ilə üzləşən yerli şirkətlərin maraqları həm ölkə daxilində, həm də ölkə xaricində qorunacaq. Yeni qanun Pekinin ölkənin suverenliyinə və təhlükəsizliyinə artan diqqətindən xəbər verir.

Yeni qanuna görə, Qərb ölkələrinin müxtəlif sanksiyaları ilə üzləşən Çin şirkətlərinə maliyyə və hüquqi dəstək veriləcək. Misal üçün ABŞ Rusiyaya strateji məhsullar satan Çin şirkətlərinə müxtəlif sanksiyalar tətbiq edib. Pekin yeni qanuna görə həmin şirkətləri həm təzyiqdən qorumağa çalışacaq, həm də maliyyə dəstəyi verəcək. Pekin eyni zamanda həmin şirkətlərin Qərb ölkələrində üzləşə biləcəyi hüquqi problemlərin həlli ilə də məşğul olacaq.

Yeni qanun Çində fəaliyyət göstərən xarici şirkətlərə müəyyən çətinliklər yaradacaq. Həmin şirkətlər vaxtilə Asiya bazarında yer tutmaq və ucuz işçi qüvvəsindən istifadə etmək üçün Çində müəssisələrini açmışdılar. Yeni qanunla Pekin Çində fəaliyyət göstərən xarici şirkətlər və satdıqları məhsullar üzərində nəzarəti gücləndirəcək. Bu Pekinlə Çində fəaliyyət göstərən xarici şirkətlər arasında gərginlik yaradacaq. Xarici şirkətlər Çin Kommunist partiyasının direktivləri əsasında fəaliyyət göstərmək istəmirlər. Xarici şirkətlər Çin parlamentinin yeni qanuna tabe olsalar, öz ölkələrində problemlərlə üzləşəcəklər. Oksford Universitetinin professoru Corc Maqnasın fikrincə, Qərb ölkələri Çin parlamentinin yeni qanununu Pekinin aqressiv diplomatiyasının tərkib hissəsi kimi qiymətləndiriblər.

Pekin yeni qanuna ona görə ehtiyac duyub ki, ABŞ-ın sanksiyaları ilə üzləşən Çin şirkətləri dövlətin hüquqi dəstək mexanizmlərinə malik deyil. Yeni qanunla durum dəyişməlidir. Honkonqda nəşr olunan “South China Morning Post” qəzeti Pekinin Vaşinqtonun ssiyasətinə bənzər siyasətə üstünlük verdiyini yazıb. Vaşinton da Amerika şirkətlərini həm ölkə daxilində, həm də ölkə xaricində təzyiqlərdən qoruyur. Pekin da yeni qanunla şirkətlərini yalnız Çində deyil, fəaliyyət göstərdiyi xarici ölkələrdə də dəstəkləyəcək. Ekspertlərin fikrincə, Çin lideri Tsi Cinpin yeni qanunla ölkə təhlükəsizliyini gücləndirməyə çalışır. Yeni qanun Tsi Cinpinin həyata keçirdiyi təhlükəsizlik siyasətinin tərkib hissəsidir.

Beləliklə, Pekin Qərblə mübarizənin yeni mərhələsinə daxil olub. Pekin keçmiş illərdə özünə aid olmayan qlobal problemlərlə və dünya iqtisadiyyatına bağlı  proseslərə qarışmırdı. Hazırda Pekin ona aid olan və aid olmayan bütün qlobal proseslərdə fəal iştirak edir, mövqeyini bildirir. Pekin bu səbəbdən Vaşinqton kimi milli yurisdiksiyasından başqa ölkələrin ərazisində də istifadə edəcək. Pekin bu fəaliyyətə böyük maliyyə ayırmağı planlaşdırıb. Bu fəaliyyət Pekin-Vaşinqton qarşıdurmasını daha da alovlandıracaq.

"Atlas" Araştırma Merkezi

 

Xəfiyyələr Almaniyaya tökülüşüblər

Almaniya Kəşfiyyat Xidmətinin yayımladığı son hesabata görə Rusiya və Çin xəfiyyələri Almaniya ərazisində fəallaşıblar. Rusiya və Çin xəfiyyələri əsasən Almaniya Müdafiə Nazirliyindən məlumatlar əldə etməyə çalışırlar. İran xəfiyyələrinin də Almaniyada fəallaşması barədə məlumatlar var. Rusiya, Çin və İran həm Almaniyada məxfi məlumatları əldə etməyə, həm də Almaniya vətəndaşlarını casusluğa sövq etməyə çalışırlar.

Kreml Ukraynaya qarşı içğalçı müharibəyə başladıqdan sonra Rusiyanın Almaniyaya “marağı” daha da artıb. Almaniya digər Qərb ölkələri kimi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Almaniya eyni zamanda Ukraynaya hərbi dəstəyini artırıb, Kiyevə müxtəlif növ hərbi texnikalar göndərib. Almaniya Bundesveri (Müdafiə Nazirliyi) ukraynalı hərbçilər üçün kurslar təşkil edib. Buna görə də Rusiya Almaniyada xəfiyyə işini gücləndirib. Rusiya Almaniyada keçirilən müxtəlif konfrans və seminarlar barədə də leqal üsullarla məlumatlar toplayır. Bu zaman Rusiya səfirliyinin diplomatlarının xidmətlərindən istifadə edilir.  Bundesverin bir neçə zabiti Rusiyaya casusluq etdiklərinə görə həbs ediliblər. Rusiya Almaniya ərazisindəki NATO mərkəzlərinə də maraq göstərir.

Çin xəfiyyə işində Rusiyadan geri qalmır. Çin 2049-cu ilə qədər supergücə çevrilməyi qarşısına məqsəd qoyub. Pekin buna nail olmaq üçün dünyanın inkişaf etmiş ölkələrindən texnologiyaların oğurluğu ilə məşğuldur. Pekini əsasən müxtəlif dövlətlərin, o cümlədən Almaniyanın elmi naliyyətləri maraqlandırır. Bu sırada aparıcı ölkələrin hərbi-sənaye komplekslərinin yenilikləri də Çinin diqqət mərkəzindədir. Çin əldə etdiyi kəşfiyyat məlumatları əsasında yüksək texnologiyalara yiyələnir və bunun sayəsində sənaye və hərbi istehsalını modernləşdirməyə çalışır.

Almaniya əks-kəşfiyyatı Rusiya, Çin və İran xəfiyyələri ilə mübarizəni gücləndirsə də, təhlükənin qarşısını tam ala bilməyib. Əks-kəşfiyyat xidməti 2022-ci ildə 57 min yoxlama aparıb. Bəlli olub ki, bunlardan mini Almaniyanın təhlükəsizliyi üçün risq təşkil edirmiş.

"Atlas" Araştırma Merkezi

 

Xəzər dənizi Qara dənizi əvəz edə bilərmi?

Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı yaranıb. Rusiya prezidenti Vladimir Putin “taxıl sazişinin” imzalanmasında əsas rol oynayan iki əsas vasitəçini – Birləşmiş Millətlər Təşkilatını və Türkiyəni pis vəziyyətdə qoyub. Putin bu mövzuda BMT baş katibi Antonio Quterreş və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla müzakirəni davam etdirmək istəmir.

Rusiyanın “taxıl sazişindən” çıxması Afrika ölkələrinə mənfi təsir edib. Ukrayna taxılı bu ölkələrin bir qisminə çatdırılırdı. Rusiya “taxıl sazişindən” çıxmaqla Ukraynaya öz taxılını müxtəlif ölkələrə, o cümlədən Afrika qitəsinə çatdırmasının qarşısını alıb. Rusiya taxılı daşımaq məqsədilə Ukrayna limanlarına yaxınlaşan gəmiləri hədəf götürüb. Rusiya bundan başqa taxılın toplandığı Ukrayna limanlarına zərbələr endirib.

Kreml eyni zamanda anlayır ki, Qara dəniz üzərindən taxılın daşınmasına yaratdığı əngəl Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir edir. Kreml sahibi Vladimir Putin münasibətlərin normallaşması məqsədilə Sankt-Peterburqda “Rusiya-Afrika” sammitinin keçirilməsinə qərar verdi. Toplantıya bir sıra Afrika ölkəsinin lideri qatıldı. Putin toplantıdakı çıxşında günahı həmişəki kimi Qərbin üzərinə atdı. Putinin məntiqinə görə, Rusiya taxılının Qara dəniz üzərindən Afrika ölkələrinə çatdırılmasını Qərb ölkələri əngəlləyirlər. Halbuki, Rusiya Ukraynanın Qara dəniz limanlarına zərbələr endirdiyinə görə bölgədə ümumilikdə gəmilərin hərəkəti məhdudlaşıb.

Putinin çıxışından o da aydın oldu ki, Rusiya Ukrayna taxılının bundan sonra da daşınmasına imkan verməyəcək. Kreml sahibi Afrika ölkələrinə yalnız Rusiya taxılını məsləhət görüb: “Ukrayna 47 milyon ton taxıl ixrac etdiyi halda Rusiyanın taxıl ixracı gücü 60 milyon tondur. Dünya taxıl bazarının 20 faizi Rusiyaya aiddir”. Putin bu rəqəmləri səsləndirməklə demək istəyib ki, guya Rusiya Afrika ölkələrini ac qoymayacaq, hətta lazım gələrsə, “taxıla və onun Afrika ölkələrinə çatdırılmasına görə pul da istəməyəcək”. Putinin sonuncu cümləsi tədbirə dəvət edilən Afrika ölkələrinin liderlərinə pis təsir edib. Onlar çıxışlarında pulsuz taxıl istəmədiklərini, sadəcə Ukrayna taxılının da ixracına şərait yaradılması vacibliyini bildirdilər. Sankt-Peterburq toplantısında iştirak edən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa daha sərt cümlə işlədib: “Biz buraya hədiyyələr istəməyə gəlməmişik”. Bununla “Rusiya-Afrika” sammiti nəticəsiz qalıb.

Rusiyanın “taxıl sazişindən” imtinası strateji tərəfdaşı olan Çinin də maraqlarına mənfi təsir edib. Çünki Çin Ukrayna taxılını alan ölkələrdən idi. Çin ucuz qiymətə Ukraynadan milyonlarla ton taxıl idxal edirdi. Rusiya Ukrayna limanlarını bombalayarkən, Çin üçün nəzərdə tutulmuş taxın anbarına da zərbə vurub. Bu səbəbdən Çinin yenidən xarici işlər naziri təyin olunan Van Yi ilk xarici səfərini Türkiyəyə edib. Onun Ankarada müzakirə etdiyi mövzular içərisində “taxıl sazişi” də olub. Türkiyə və Çin mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Ankara və Pekin Kremli ittiham etmək istəmirlər, ancaq Rusiyanın “taxıl sazişinə” qayıtması üçün diplomatik fəallqılarını artırmağı qərar veriblər. Ankara ilə Pekinin birgə fəallığı Türkiyədəki siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Türkiyədəki siyasi qüvvələr əvvəlkitək Çinin uyğurlara qarşı zülmünü tənqid edirlər. Buna baxmayaraq, “taxıl” mövzusu iki dövlətin maraqlarını yaxınlaşdırıb.

Rusiya öz taxılının müxtəlif ölkələrə çatdırılmasının alternativ yolları barədə düşünür. Bunlardan biri Volqa çayı və Xəzər dənizi üzərindən taxılın İrana çatdırılması, oradan isə Bəndər Abbas limanından məhsulun müxtəlif ölkələrə, o cümlədən Çinə çatdırılmasıdır. Bu planın reallaşması problematikdir. İranın özündə yol infrastrukturu böyük həcmdə Rusiya taxılının daşınmasına imkan vermir. Digər tərəfdən Çin Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qursa da, taxılı Ukraynadan almaq istəyir.

"Atlas" Araştırma Merkezi

 

Qətərin Ukraynada hansı maraqları var?

Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ukraynaya səfər edərək, bu ölkənin prezidenti Volodimir Zelenski ilə görüşüb. Nazir Qətər əmiri Şeyx Təmin bin Həməd Al Taninin salamını Zelenskiyə çatdırıb. Qətərli nazir ukraynalı həmkarı Dmitro Kuleba və baş nazir Denis Şmıqalla da görüşüb.

Qətər əmirinin nazirini müharibə gedən uzaq Ukraynaya göndərməkdə məqsədi nədir?

Qətər son illər bölgədə fəallığını artırıb. Qətər yaxın bölgələrdə baş verən münaqişələrin danışıqlar yolu ilə həllində maraqlıdır. Misal üçün Qətər Qərb ölkələri ilə sıx əməkdaşlıq etsə də, ABŞ-ın bu ölkədə hərbi bazası olsa da, Dohanın Tehranla da yaxşı münasibətləri var. Qətər vaxtilə Əfqanıstanla bağlı ABŞ v Taliban nümayəndələri arasında danışıqlara ev sahibliyi etmişdi.

Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövləti bir neçə il əvvəl Qətərlə münasibətləri dondurmuş və Dohaya tələblər siyahısı göndərmişdi. Doha milli və təhlüksizlik maraqlarına zidd qiymətləndirdiyi həmin tələbləri yerinə yetirmədi. Türkiyə bu qarşıdurmada Qətəri dəstəklədi. Səudiyyə Ərəbistanı və tərəfdaşları Dohaya qarşı təzyiqin nəticə vermədiyini anladıqdan sonra Doha ilə əvvəlki əlaqələri bərpa etdilər. Zəngin ölkə olan Qətərin blokadaya alınması nəticə verdi. Bu həm də Qətərin bölgədə artan rolundan xəbər verirdi.

Qətər İran ətrafındakı gərginliyin azalmasının tərəfdarıdır. Bu baxımdan İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası və səfirliklərin qarşılıqlı olaraq açılması Qətərin təhlükəsizlik maraqlarına uyğundur. Ancaq Qətər bununla kifayətlənmək istəmir. Qətər Rusiya-Ukrayna müharibəsinin də      qısa zamanda bitməsini arzulayır və bu istiqamətdə diplomatik fəallığını artırıb. Misal üçün Qətərin xarici işlər naziri bir ay əvvəl Rusiyada da səfər etmiş və bu ölkənin rəsmiləri ilə də görüşmüşdü. Qətərli nazir Moskvaya yollanmadan öncə isə Ukrayna mövzusunu ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə etmiş, Paris və Berlində də müharibənin dayandırılması mövzusu ətrafında fikir mübadiləsi aparmışdı.

Qətər Türkiyə və Qərb ölkələri kimi Rusiyanın “taxıl anlaşmasından” çıxmasının əleyhinədir. Qətər Ukraynaya humanitar məqsədlərlə 100 milyon dollar yardım ayırıb. Bu pullar Ukrayna üçün tibbi avadanlılqarın alınmasına və digər sosial problemlərin həllinə xərclənəcək.

Qətərli nazir Kiyevdə ukraynalı həmkarıyla birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həllinə töhvə verməyə hazırdır. Qətərli nazir eyni zamanda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamağı da unutmayıb. Şeyx Məhəmməd bin Əbdül Rəhman Moskvaya səfəri zamanı da Qətərin dövlətlərin ərazi bütövlüklərinə və suverenliklərinə hörmətlə yanaşdığını ifadə etmişdi. Bu yanaşma Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Kremlin maraqlarına cavab vermir.

"Atlas" Araştırma Merkezi

Bu ölkə də Rusiyanı böyük təhlükə adlandırdı

Yaponiya Müdafiə Nazirliyinin illik hesabaında Rusiya ilk dəfə “tək və əsas təhlükə” kimi qiymətləndirilib. Hesabat Yaponiya Nazirlər Kabinetinə təqdim edilib. Sənəddə Rusiyanın siyasətinin Avropa üçün təhlükə mənbəyi olduğu vurğulansa da, Kremlin Kuril adalarıyla bağlı artan fəallığı da təhlükə kimi qiymətləndirilib. Rusiya Kuril adalarında yerləşdirdiyi hərbi texnikanın sayını artırıb. Yaponiya Kuril adalarını özününkü hesab edir.

Rusiya müstəqillik qazandıqdan sonra Yaponiya ilə münasibətləri normal idi. İki ölkənin liderləri tez-tez görüşür və geniş fikir mübadiləsi aparırdılar. Rusiyanın ilk prezidenti Boris Yeltsin hətta bir ara Kuril adalarını Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Vladimir Putin prezident seçildikdən sonra Kuril adalarının Yaponiyaya geri qaytarılması fikrindən imtina etdi. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynaya qarşı keçən ilin fevralında müharibəyə başladıqdan sonra Tokio ilə Kreml arasında dialoq faktiki dayandırıldı. Yaponiya ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşuldu. Yaponiyadan Rusiyaya mühərrik gücü böyük olan avtomobillərin ixracı qadağan edilib. Rusiyada son Konstitusiya dəyişikliyi Tokioda növbəti narazılıq yaratdı. Çünki Konstitusiyadakı dəyişikliyə görə Rusiyanı idarə edənlərə ərazi “güzəşti” qadağan edilib. Həmin bəndə görə, Rusiyanın Kuril adalarını Yaponiyaya geri qaytarmasının qarşısı alınıb.

Rusiya-Yaponiya münasibətlərinin normallaşması Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmalı və Kuril adalarıyla bağlı danışıqları davam etdirməlidir. Ancaq bunun indiki şərtlə altında reallaşması problematikdir. Yaponiya Müdafiə Nazirliyinin son hesabatında Rusiyanın Ukraynaya hücumu beynəlxalq nizamın pozulması kimi qiymətləndirilib.

Yaponiya Müdafiə Nazirliyinin hazırladığı hesabatda Rusiyanın Çinlə hərbi strateji ittifaqı güclədirməsi də bölgə üçün böyük təhlükə kimi qiymətləndirilib. Tokionun dəyərləndirlməsi əsaslıdır. ABŞ Milli Kəşfiyyat Xidmətinin hesabatına görə, Çinin Rusiyaya ixrac etdiyi texnologiyaların və avadanlıqların sayı artıb və Kreml əldə etdiyi bu texnologiya və avadanlıqlardan Ukraynaya qarşı müharibədə istifadə edir. Hesabatda qeyd edilib ki, Rusiyanın hərbi gücünü artırmasında əsas dövlət Çindir. Misal üçün Çin Rusiyaya 12 milyon dollar dəyərində pilotsuz uçuş aparatları çatdırıb.

"Atlas" Araştırma Merkezi

Keçmiş nazir yoxa çıxan yeni naziri əvəzlədi

Çin parlamentinin ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad etməsi dünya mətbuatının ən çox işıqlandırdığı mövzulardandır. Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub. Vanq Yinin yenidən xarici işlər naziri təyin olunması qərarı tələsik verilib. Görünür, Qin Qanqın yerinə kimin kimi xarici işlər nazir təyin olunacağına düşünməyə zaman yox idi. Ona görə də hələlik, keçmiş naziri əvvəlki vəzifəsinə qaytarıblar.

Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib. “Financial Times” dərgisinin yazdığına görə, Qin Qanq sonuncu dəfə 25 iyunda görülüb.

Qin Qanq 11 iyulda ASEAN ölkələrinin İndoneziyada keçirilən toplantısında iştirak etməyib. Pekin 57 yaşlı nazirin yoxuluğunu onun səhhətindəki “problemlə” izah edib. Qin Qanqı həmin toplantıda yenidən xarici işlər naziri vəzifəsinə gətirilən Vanq Yi əvəz etmişdi. İndi aydın olur ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrelin iyulun 10-da Pekinə səfəri niyə təxirə salınıb. Çünki Borrel Pekində yoxa çıxan nazirlə görüşə bilməyəcək və bu əlavə suallar doğuracaqdı.

Qin Qanqın karyerası son hadisəyə qədər sürətlə inkişaf edib. O 2021-ci ildə ABŞ-a səfir təyin edilmişdi. Bundan sonra Qin Qanqı Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzv qəbul etmişdilər. Nəhayət qısa müddətdən sonra Qin Qanq Çinin xarici işlər naziri təyin edildi. O nazir vəzifəsində ABŞ-ı Tayvan siyasətinə görə kəskin tənqid edir, Rusiya ilə dialoqu genişləndirirdi.

Çində yüksək vəzifəli məmurları adətən ya yaşına, ya da korrupsiya şübhəsinə görə işlərindən uzaqlaşdırırlar. Bu dəfə səbəb fərqli olub. Çində yüksək çinli məmurları vəzifəsindən uzaqlaşdıranda adətən bir müddət bu haqda məlumat verilmir. İnterpolun keçmiş rəhbəri Men Xunvey də oxşar aqibətlə üzləşmişdi. “İnterpol” şefi Men Xunvey 2018-ci ilin sentyabrında Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi o yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Men Xunvey korrupsiyada şübhəsi ilə həbs olunmuşdu. Məsələ burasındadır ki, Xunvey “İnterpol”a rəhbərlik etməklə yanaşı, Çinin İctimai Təhlükəsizlik Nazirliyində müavin postunu da tuturdu. Men Xunvey 2 milyon dollar rüşvət almaq ittihamı ilə 13 il həbsə məhkum olunub. Me Xunvey hələ yaxşı qurtarıb, Çində böyük məbləğdə rüşvətə görə güllələnməyə də məhkum edirlər.

"Atlas" Araştırma Merkezi

 

Təhlükəsizlik Şurasına hansı dövlətlər namizəddirlər?

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, BMT Təlükəsizlik Şurasında islahatlara ehtiyac var. Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu bildirib. Lavrov Moskvanın Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını dəstəklədiyini vurğulayıb.

Sergey Lavrov Təhlükəsizlik Şurasının 15 üzvündən 6-nın Avropaya məxsus olmasını ədalətsizlik kimi qiymətləndirib. BMT baş katibi Antoniu Quterriş də ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasıyla bağlı imkanların öyrənildiyini bildirib.

Kremlin istəyi aydındır. Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir, digər üzvlər – ABŞ, Fransa və Böyük Britaniya isə Kremlə qarşı sərt mövqedən çıxış edirlər. Moskva Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasının üzvlüyünə dəstək verir. Halbuki, Türkiyə də Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdır. Moskva Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Rusiyanın Türkiyənin Təhlükəsizlik Şurasının üzvlüyünə dəstəyi barədə məlumat yoxdur. Təhlükəsizlik Şurasının üzvlüyünə böyük iqtisadi potensialları olan Almaniya və Yaponiya da iddialıdır. Ancaq Kreml bu iki dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına imkan verməyəcək. Çünki həm Almaniya, həm də Yaponiya ABŞ-ın müttəfiqləridir və BMT-dəki müzakirələrdə və səsvermələrdə Vaşinqtonun mövqeyini dəstəkləyəcəklər.

Pekin BMT Təhlükəsizlik Şurasının sayının artırılmasının əleyhinə deyil. Ancaq Pekun yeni üzvlərin konsensus əsasında müəyyənləşməsini istəyir. Bu o deməkdir ki, Pekin Moskvadan fərqli olaraq Hindistanın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə razı deyil. Halbuki, Hindistan əhalinin sayına görə lider ölkədir.  Pekin ancaq o ölkələrin Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyəcək ki, onlar birincisi, Amerika Birləşmiş Ştatlarının müttəfiqləri deyillər, ikincisi də Çinin xarici və təhlükəsizlik siyasətini tənqid etmirlər. Misal üçün Çin Brazliyanın və ya Misirin Təhlükəsizlik Şurasının üzvlüyünə etiraz etməz. Ancaq Pekin Moskva kimi Yaponiyanın da üzvlüyünə dəstək verməyəcək. Pekin Türkiyənin də üzvlüyünə müsbət yanaşmaz. Çünki Çində uyğurların üzləşdikləri problemlər Türkiyə cəmiyyətinin narahatlığına səbəb olub.

"Atlas" Araştırma Merkezi

Putin Polşanı niyə hədələyib?

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının son toplantısında Ukrayna ilə yanaşı Polşanın əleyhinə də fikirlər söyləyib. Putin Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını iddia edib: “Polşa liderləri NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, daha sonra özlərinə daha yağlı bir parça qoparmağı, Qərbi Ukraynanı geri qaytarmağı gözləyirlər”. Putinin iddiasına görə, Polşa Ukraynanın bir hissəsi ilə yanaşı guya Belarus ərazisinə də iddalıdır.

Putin Polşanın əleyhinə başqa iddia da səsləndirib. Kreml sahibi deyib ki, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. “Varşavadakı dostlarımız bunu unudublarmı” sualını səsləndirən Putin “bunu onlara xatırladacağıq” deməklə Polşanı hədələyib.

Rusiya prezidentinin fikrincə, Polşa qoşunları Lvova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaqlar. Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin prezidentinə dəstək verərək, Polşanın Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşdığını vurğulayıb.

Rusiya prezidenti tarixi həmişəki kimi özünə uyğun şəkildə “şərh” etməyə çalışır. Vaxtilə Polşa Rusiya imperiyasının tərkib hissəsi olub, Birinci Dünya müharibəsindən sonra müstəqilliyini qazanıb. Lenin və digər bolşeviklər Rusiyada çevriliş edib hakimiyyəti ələ aldıqdan sonra imperiyanın sərhədlərini başqa formada bərpa etməyə qarşılarına məqsəd qoydular. Lenin və ətrafı keçmiş Rusiya imperiyasına daxil olan ərazilərin bir qismini geri qaytararaq yeni imperiyanı SSRİ adıyla bərpa etdilər. Ancaq bolşeviklər Rusiya imperiyasına daxil olan Polşa və Finlyandiyanı geri qaytara bilmədilər. Bolşeviklər Polşa ilə müharibə etdilər. Diktator Stalinin dövründə isə Finlyandiya ilə müharibə apardılar və hər ikisində ağır zərbələr aldılar.

Lenindən sonra bolşevik imerpiyasının başına keçən İosif Stalin Polşa və polşalılardan “intiqamını” qəddarcasına aldı. Stalin 1939-cu ildə Hitler Almaniyası ilə “hücum etməmək” barədə saziş imzaladı. Hitler SSRİ-yə hücum etməyi planlaşdırırdı. Ancaq buna qədər o Polşa, Fransa və Avropanın digər ölkələrini işğal etməyi planlaşdırırdı ki, Moskva bu mərhələyə qədər ona mane olmasın. SSRİ və Almaniya xarici işlər nazirləri Molotovla Ribbentropun imzaladıqları sazişin gizli hissəsi də var idi. Bu gizli hissəsin bəndlərindən biri Polşanın bölüşdürülməsiydi. Almaniya Polşanın qərbini, SSRİ isə şərqini işğal etməliydi. Belə də oldu. Hitler Almaniyası 1 sentyabr 1939-cu ildə Polşaya qarşı işğalçı müharibəyə başladı, SSRİ qoşunları isə dərhal Polşanın şərqinə daxil oldular. SSRİ Polşanın şərqini işğal etdikdən sonra təxminən 22 minə yaxın polşalı zabit əsir götürüldü. Stalinin əmriylə həmin zabitlər 1940-cı ildə Katın meşəsində vəhşicəsinə qətlə yetirildilər (Kreml uzun illər bu faktı danmağa çalışırdı, yalnız SSRİ-də yenidənqurma illərində qətliamla bağlı etiraf edildi). Bu Stalinin Polşaya qarşı sonuncu cəzası deyildi. İkinci Dünya müharibəsinin bitişinə bir il qalmış, 1944-cü ildə polşalılar işğal altındakı Varşavada nasistlərə qarşı qiyam qaldırdılar. Alman ordusu qiyamı yatırmaqda çətinlik çəkirdi. SSRİ ordusu Varşavanın yaxınlığına idi. Qiyamçılar Sovet ordusunun komandanlığına müraciət edərək şəhərə daxil olmalarını və nasistlərlə birgə mübarizəyə başlamasını gözləyirdilər. Ancaq Stalinin əmriylə ordu yerindən tərpənmədi. Stalin nasistlərlə polşalıların bir-birlərini daha çox qırmalarını istəyirdii. Nasistlər qiyamı yatırtdılar və ələ keçirdikləri qiyamçıarı və onlara dəstək verənlərin tamamını qətlə yetirdilər. SSRİ ordusu qiyam yatırıldıqdan bir müddət sonra Varşavaya daxil oldu.

Putin deyir ki, Stalin Polşaya torpaq hədiyyəsi edib. Stalin əvvəlcə Polşa və polşalılara əzablı illər və itkilər yaşadıb. Polşanın yenidən bərpa olunması və itirdiyi torpaqların geri qaytarılması Stalinin arzusu deyildi. Diktator cəzalandırdığı ölkəni və xalqı niyə “mükafatlandırmalı” idi ki? Məsələ burasındadır ki, İkinci Dünya müharibəsi dövründə SSRİ. ABŞ və Böyük Britaniyadan ibarət ittifaq yaranmışdı. Polşanın ərazilərinin yenidən geri qaytarılmasını əsas dəstəkləyən dövlət Böyük Britaniya idi. Ona görə də Putinin “Stalin Polşaya torpaq hədiyyət etdi” iddiasının əsası yoxdur. Stalin sadəcə, Polşada demokratik seçkiyə imkan vermədi və müharibədən sonra bu ölkədə özü kimi komministlərin hakimiyyəti ələ keçirməsinə şərait yaratdı. Bu durum 1980-ci illərin ortalarına qədər davam etdi.

Putinin “Polşa Ukrayna və Belarusun ərazisinin bir hissəsini işğal etmək istəyir” iddiası isə ümumiyyətlə gülünc səslənir. Kreml sahibi Rusiya ilə Polşanı səhv salıb. Ukraynanın ərazisini işğal edən Rusiyadır, Ukraynaya işğaldan qurtulmağa dəstək verən əsas dövlətlərdən biri isə Polşadır. Putinin Polşanı hədələməsinin arxasında başqa məqsəd də var. Rusiya Ukraynanı işğal edə bilsəydi, növbəti hədəf Polşa və Baltik ölkələri olacaqdı. Putin keçmiş imperiyanın bərpası xülyasıyla yaşayır. Ancaq Putin bu gün Rusiyanın onsuz da böyük olan ərazisinin “artırılması” barədə deyil, olan ərazisinin itirilməsi və gələcək mərkəzdənqaçma meylləri barədə ciddi düşünməlidir.

"Atlas" Araştırma Merkezi

 

 

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1404347
tr_TRTR