Ay: Fevral2026

Tokionun Cənubi Qafqaza marağı artacaq

Yaponiyada parlament seçkilərində baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok qələbə əldə edib. Hakim Liberal Demokrat Partiyası (LDP) parlamentdə 224 mandat, koalisiya tərəfdaşı olan “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyası isə 23 mandat qazanıb. Takaiçi seçki nəticələri açıqlandıqdan sonra seçki kampaniyası zamanı verdiyi vədlərin yerinə yetiriləcəyini bildirib. Bu ilk növbədə Yaponiya iqtisadiyyatının üzləşdiyi problemlərin həlliylə bağlıdır.

Sanae Takaiçini ilk təbrik edən müttəfiqi ABŞ Prezidenti Donald Tramp olub. Ağ Ev sahibi sosial media hesabında paylaşım edərək Sanae Takaiçi və onun koalisiyasını çox vacib seçkilərdə böyük qələbə münasibətilə təbrik edib. Tramp qələbə qazanan Liberal Demokrat Partiyasının İkinci Dünya Müharibəsindən bəri ilk dəfə tarixi üçdə iki səs çoxluğuna malik olduğunu xatırladıb.

Sanae Takaiçi növbəti mərhələdə Yaponiyanın təhlükəsizlik sahəsində üzləşdiyi problemlərin həlli ilə məşğul olacaq. Bunlardan ən başlıçası bölgədə hərbi gücünü artıran Çinlə münasibətlərdir. Çinin patrul gəmiləri tez-tez Şərqi-Çin dənizində yerləşən mübahisəli Senkaku adaları zonasına yaxınlaşırlar. Həmin adalar Yaponiyaya məxsus olsa da, Çinin də həmin ərazilərə iddiası var. Bundan başqa Çinlə Rusiyanın bölgədə keçirdiyi birgə hərbi təlimlər Tokionu ciddi narahat edir. Sanae Takaiçinin bir müddət əvvəl Tayvan barədə açıqlaması Pekində narahatlıq doğurmuşdu. Takaiçi Çinin Tayvana hücum edəcəyi təqdirdə Yaponiyanın müdaxilə edəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Çin Yaponiyadan dəniz məhsullarının idxalını, vətəndaşlarının Yaponiyaya turist səfərlərini, o cümlədən Yaponiyaya vacib mineralların ixracını məhdudlaşdırmışdı.

Yaponiyanın Rusiya ilə münasibətlərində də gərginlik var. Tokio Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanskiyalara qoşulub. Bundan başqa Yaponiya ilə Rusiya arasında sülh sazişinin bu vaxta qədər imzalanmaması ikitərəfli münasibətlərdə əlavə gərginlik mənbəyidir. Buna baxmayaraq, Sanae Takaiçi Rusiya ilə münasibətləri mürəkkəb qiymətləndirsə də, Tokionun Moskva ilə sülh müqaviləsi imzalamağa ümidini itirmədiyini vurğulayıb. Halbuki, Moskva Yaponiyanın iddia etdiyi Kuril adalarını güzəştə getmək fikrində deyil. Adalar Yaponiyaya qaytarılmadan isə iki ölkə arasında sülh sazişinin imzalanması problematikdir.

Bu arada, Yaponiyanın Mərkəzi Asiyaya marağı artıb. ABŞ və Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında zirvə görüşləri keçirdikdən sonra oxşar sammit Tokioda keçirildi. Yaponiya hökuməti Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulub. Tokio bu məqsədlə Mərkəzi Asiyada müxtəlif layihələrə yatırımlar qoyacaq. Tokionun Mərkəzi Asiyaya marağı Cənubi Qafqaz bölgəsinə də marağının artmasına şərait yaradır. Cənubi Qafqazda sülh və sablitliyin formalaşması, nəqliyyat xətlərinin Mərkəzi Asiyaya uzanması da buna dəlalət edir.

Hindistan Azərbaycandan qaz alacaq

Hindistanın “Bharat Petroleum” şirkətinin LNG üzrə bölməsinin rəhbəri Pandiyan Qoa şəhərində keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində “The Hindu” qəzetinə açıqlamasında bildirib ki, Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir. “Bharat Petroleum” şirkətinin bölmə rəhbəri qeyd edib ki, Hindistanın dövlət neftayırma şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qaz alınması barədə danışıqlar aparır. Şirkət eyni zamanda təchizatın şaxələndirilməsi üçün ABŞ-dan da ucuz qiymətə LPG almağı planlaşdırır və bununla əlaqədar tender elan edib.

Pandiyan qeyd edib ki, Bharat Petroleum ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal etmək üçün tender elan edib. “Yaxın Şərqdə münaqişə var. Bəs Hörmüz boğazı bağlanarsa, biz nə edəcəyik? Bu – elan edilmiş tender – təchizat mənbələrimizi diversifikasiya etmək məqsədimizin bir hissəsidir”, o deyib. Pandiyan həmçinin bildirib ki, Çinin ABŞ-nin neft-qazı tədarükündən imtinası Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.

Azərbaycan müxtəlif ölkələrə neft və qaz satır. Ticarət sərhəd tanımır. Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladı, qonşu ölkə ilə müharibələrdə minlərlə vətəndaşımızı itirdik. Hazırda iki ölkə sülh quruculuğuna start verilib. Bu çərçivədə Azərbaycan Ermənistana yanacaq satır. Bu həm sülh quruculuğuna töhvə verir, həm də Azərbaycana əlavə qazanc gətirir. Hindistanın Ermənistana hərbi texnikası satması Azərbaycanda suallar doğurur. Eyni zamanda Azərbaycanla Hindistan arasında ikitirəfli münasibətlər çərçivəsində dialoq mövcuddur. İki ölkə Qoşulmayan Hərəkatının üzvüdür. Azərbaycana gələn turistlər içərisində Hindistan vətəndaşları ilk sıralardadır. Bir neçə il əvvəl iki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı.

Hindistan Azərbaycan neftinin alıcılarındandır. Mümkündür ki, Hindistan Azərbaycandan neft alışını artırsın. Çünki, Vaşinqton Dehliyə təzyiq edir ki, Hindistan Rusiyadan neft alışını dayandırsın. Bu halda Hindistan başqa ölkələrdən aldığı neftin həcmini artırsın. Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz alışını da həyata keçirərsə, bu iki ölkə arasında enerji əməkdaşlığını genişləndirəcək. Dehli Azərbaycanın Cənubi Qafqazın əsas dövlətə çevrildiyi amilini nəzərə almaya bilməz. Doğrudur, Hindistan Ora dəhliz layihəsində iştirak etmir və “Tramp yolu”ndan istifadə etməyəcək. Ancaq Hindistan Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin iminalarından istifadə etməyi planlaşdırır. İrandakı indiki gərgin durum və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını azaldıb. Ancaq bölgədə vəziyyət dəyişərsə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalar artacaq və bu prosesdə Hindistan da istifadə edəcək.

Avropada xəfiyyələr həbs olundu

Fransa və Yunaistanda eyni gündə Çin xəfiyyələrinin həbsi Avropada böyük qalqamala səbəb olub. Avropa ölkələrində keçmiş illərdə də Rusiya və Çin xəfiyyələri həbs olunurdu. Ancaq budəfəki həbslərin miqyası genişdir. Fransa hüquq-mühafizə orqanları peyk rabitə məlumatlarını ələ keçirmək planı ilə bağlı casusluq şübhəsi üzrə ikisi Çin vətəndaşı olmaqla, 4 nəfəri həbs edib. Çin kəşfiyyatına bağlı şəxslər Fransanın cənub-qərbindəki bölgədə 2 metr diametrli peyk antenası quraşdırıblar. Yerli sakinlər bu haqda polisə məlumat verdikdən sonra antenanı quraşdırılanlar izlənəliərək həbs olunublar. Axtarış zamanı peyk antenalarına kompüter sistemlərinin quraşdırıldığı, siqnalların tutulmasına imkan verən texniki avadanlıqlar aşkar edilib. Çin vətəndaşları Fransada strateji əhəmiyyətli peyklərdən, o cümlədən “Starlink” peyk şəbəkəsindən və hərbi obyektlərdən məlumat toplayırmışlar.

Yunanıstanda isə silahlı qüvvələrdə xidmət edən yüksək rütbəli zabit NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri Çinə ötürürmüş. Zabit dindirilmə zamanı Çinə casusluq etdiyini etiraf edib. Maraqlıdır ki, Yunanıstanda həbs olunan zabit orduda telekommunikasiya və informasiya texnologiyaları sahəsinə cavabdeh idi. Həmin zabitin Yunanıstan Silahlı Qüvvələrinin texnoloji infrastrukturuna çıxış imkanı var idi. Araşdırmalar zamanı polkovnikin məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərdiyi müəyyən edilib.

Bu həbslər göstərir ki, Rusiya ilə yanaşı Çin də Qərb ölkələrində casus şəbəkəsini genişləndirib. Çin iqtisadi baxımdan inkişaf etsə də, Qərbdə istifadə olunan texnoloji vasitələrə ehtiyac duyur. Bu məqsədlə Çin kəşfiyyatı həmin texnoloji vasitələrin mexanizmlərini ələ keçirməyə çalışır.

Avropa dövlətləri Çin kəşfiyyatı ilə mübarizə apararkən, ABŞ Çinin nüvə potensialını artırmasından narahatdır. Təsadüfi deyil ki, Vaşinqton Moskva ilə nüvə silahlarının azaldılmasıyla bağlı yeni sazişi imzalamaq istəmir. Çünki, Vaşinqton həmin sazişə Çinin də qoşulmasını istəyir. Pekin isə Vaşinqtonun bu istəyini qəbul etmir. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Çin 2020-ci ildən bu yana nüvə başlıqlarının sayını 200-dən 600-ə qədər artırıb və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola bilər. Beləliklə, Çinin Vaşinqtona rədd cavabı ABŞ-la Rusiya arasında yeni nüvə müqaviləsinin imzalanmasına imkan vermir. Belə olan halda isə böyük dövlətlər nüvə arsenalını gücləndirməkdə davam edəcəklər.

“Bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir”

Hindistanın baş naziri Narendra Modi deyib ki, bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir. “Dünya yeni qlobal nizam istiqamətində hərəkət edir” – deyən Modi İkinci Dünya müharibəsindən sonra bir dünya nizamı yaradıldığını, indi isə həmin nizamın pozulduğunu və beynəlxalq aləmin yeni nizam yolunda olduğunu vurğulayıb.

Narendra Modi haqlıdır. Donald Tramp dünya nizamını darmadağın etməkdədir. Ancaq onun Ağ Evdə yerləşməsindən əvvəl də dünya nizamı çat verirdi. Beynəlxalq hüquq Donald Tramp Prezident seçilmədən öncə də işləmirdi. Beynəlxalq hüquq işləsəydi, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamamalı, Rusiya Ukraynaya qarşı müharibəyə başlamamlıydı. Bunlar hamını ona görə baş verdi ki, BMT və ATƏT kimi strukturların qətnamələrini saya salan olmadı. Tramp mövcud dağılma prosesini daha da sürətləndirdi. Trampın Venesuelanı nəzarətə götürməsi, Danimarkaya məxsus Qrenlandiya adasını tələb etməsi, İran ətrafında həlqənin daralması Modinin də söylədiyi kimi, bəşəriyyətin yeni dünya nimzamına keçidin əlamətidir.

Trampa qədər ekspertlərin bir qismi birqütblü dünyanın çoxqütblü dünyaya keçdiyini söyləyir, Rusiya və Çinin sürətlə irəlilədiyini bildirirdilər. Tramp hücum diplomatiyasına üstünlük verməklə birqütblü dünyanın hələ ayaqda olduğunu göstərməyə çalışır. Həqiqətən çoxqütblü dünyaya iddialı olan Rusiya və Çin dünənki tərəfdaşları Venesuelanı ABŞ-ın nəzarətindən xilas edə bilmədilər. Tramp İranı da ram etməyi qarşısına məqsəd qoyubsa, Rusiya və Çinin etirazı yenə bu iki ölkənin Xarici İşlər Nazirliklərinin heç nəyə təsir etməyə bəyanatları ilə kifayətlənəcək. Moskva və Pekin Trampla qarşıdurmadan çəkinirlər.

Görəsən, Trampdan sonrakı mərhələdə ABŞ lider mövqeyini qoruya biləcəkmi? Əsas suallardan biri budur. Əgər ABŞ-ın növbəti Prezidenti Trampın tərəfdarlarından biri, dövlət katibi Marko Rubio və ya vitse-prezident Ceyms Vens olsa Ağ Evin hazırki aqressiv siyasəti davam edəcək, yox əgər demokratlardan biri qələbə qazanarsa, Trampdan öncəki dövrə geri dönüş mümkündür.

Bir gündə iki telefon danışığı oldu

Pekin ABŞ-ın planlarından narahatdır. Bunu Çin lideri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı sübut edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Cinpin arasında danışıqlarda Rusiyanın Çinə neft və qazın ixracı mövzusunun müzakirə edildiyini bildirib. Əlbəttə, bu mövzu ilk növbədə Kremli maraqlandırır. Çünki, Qərbin sanksiyalarına görə, Rusiya öz neftini və qazını ucuz qiymətə Çinə sata bilir. Hindistan Trampın təzyiqlərinə görə, Rusiyanın ucuz neftinin alışını xeyli azaldıb. Deməli, Rusiya üçün tək bazar qalıb.

Vladimir Putin və Si Cinpin telefon danışığında enerji mövzularıyla yanaşı İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti də müzakirə ediblər. Uşaqkov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itiriblər, Kubada da vəziyyət ağırdır. Kuba Venesuelanın ucuz neftindən məhrum olub. Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan Kubanın onsuz da ağır olan iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Rusiya və Çin Kubaya yardım əli uzada bilməyəcəklər.

Putin və Cinpin telefon danışığında ABŞ-la münasibətləri də müzakirə ediblər. Əsas mövzulardan biri budur. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Moskva və Pekin İranı Venesuela kimi itirmək istəmirlər. Müharibə başlayarsa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqları çərçivəsindədir. Rusiya Ukrayna müharibəsinə görə, İrana əməli hərbi dəstək verə bilmir. Çinin bu rolda çıxış etdiyinə dair məlumatlar var. Çin hərbi təyyarələrinin son həftələrdə İrana müxtəlif yüklər daşıdığına dair məlumatlar var. İranın bu gün ən çox hava müdafiə sistemlərinə ehtiyacı var.

Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev sahibinin gələcək planlarını müəyyənləşdirməyə çalışıb. Ci Cinpinin Donald Trampla telefon danışığı daha uzun və ətraflı olub. Bu barədə Tramp öz “Truth Social” hesabında paylaşım edib. Liderlər telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvanı müzakirə ediblər.

Tramp aprel ayında Çinə səfər edəcək. O Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Trampın və onun administrasiyasının əsas hədəfi Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən narahatdır. Pekinin isə əsas hədəfi Tayvanı ələ keçirməkdir. Vaşinqton Tayvana dəstəkdən imtina etməyəcək.

Yeni nüvə müqaviləsi niyə imzalanmadı?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həyəcan təbili çalıb. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında imzalanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa çatır. Bu sazişin müddəti uzadılmayıb. Vaşinqton Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməyib. Bunun səbəbi Çindir.

“Soyuq müharibə” illərində nüvə qarşıdurması ABŞ-la keçmiş SSRİ arasında idi. Bu iki dövlət müxtəlif illərdə nüvə silahlarının azaldılmasıyla bağlı müqavilələr imzalamışdılar. SSRİ-nin varisi olan Rusiya ABŞ-la yeni müqavilə imzaladı. Ancaq bu illərdə Çin nüvə arsenalını xeyli artırıb. Buna görə də Vaşinqton hesab edir ki, Çin də nüvə silahlarının azaldılması müqaviləsinə qoşulmalıdır. Vaşinqton Pekinin imzası olmadan Moskva ilə nüvə silahlarının azaldılması müqaviləsini əhəmiyyətsiz hesab edir. Çünki, hazırda ABŞ özünə Rusiyanı deyil, Çini rəqib kimi görür.

Yeni müqaviləsiz qalan Kreml Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Dmitri Medvedev müqavilə imzalanmasa, Rusiyanın nüvə arsenalını artıra biləcəyinə işarə edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir, əksinə ABŞ müxtəlif qitələrdə hərbi gücünü artırmağa üstünlük verir.

ABŞ-la Rusiya arasında nüvə sazişi sonuncu dəfə 2010-cu ildə imzalanıb. Sənədə hər iki ölkənin o zamankı Prezidentləri Barak Obama və Dmitri Medvedev imza atmışdılar. Müqavilənin müddəti 10 il olsa da, sənədin müddəti daha sonra 5 il uzadılmışdı. Donald Tramp Prezident seçilən kimi həmin sazişi uzatmaqdan imtina etdi. Tramp buna səbəb kimi Çinin nüvə anlaşmalarından kənarda qaldığını göstərirdi. Həqiqətən ABŞ və Rusiya sazişə görə nüvə arsenallarını azaldarkən, anlaşmada imzası olmayan Çin rahat şəkildə nüvə arsenalını artırmaq imkanına malikdir. Vaşinqtonu narahat edən odur ki, Moskva tərəfdaşı olan Pekini anlaşmağa qoşulmaya dəvət etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pekin nüvə danışıqlarında iştirak etmək istəmir. Peskovun sözlərinə görə, Çinin nüvə arsenalı Rusiya və ABŞ-ın nüvə arsenalından azdır. Halbuki, Çin ildən-ilə nüvə arsenalını gücləndirir.

Dmitri Medvedevin özü nüvə anlaşmasının imzalanması zərurətindən danışsa da, özü bir müddət əvvəl Qərb ölkələrini nüvə müharibəsiylə hədələyirdi. Onun “nüvə silahına malik ölkəyə rəhbərlik edən heç bir siyasətçi onun tətbiqi ehtimalını tam istisna edə bilməz” açıqlaması da buna sübutdur. Medvedev onu da xatırladıb ki, prezidentliyi dövründə ali baş komandan kimi bütün nəzərdə tutulan təlimlərdə, o cümlədən nüvə arsenalı ilə bağlı məşqlərdə iştirak edib. Medvedev Vaşinqtonun əsl hədəfinin Rusiya deyil, Çin olduğunu anlayır. Medvedev 4 il əvvəlki açıqlamasında söyləmişdi ki, ABŞ Rusiya ilə məsələni bitirməyə çalışdıqdan sonra Çini hədəf seçəcək və bu, onun sözlərinə görə, ağır böhrana və nüvə partlayışına səbəb olacaq.

“ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq” deyən Medvedev haqlıdır. ABŞ Prezidenti Donald Tramp Panama kanalını Çin şirkətlərinin nəzarətindən çıxartdı, Venesuela artıq Çinə ucuz neft sata bilmir, İran da ram edilsə, Pekin daha bir enerji tərəfdaşını itirəcək. Vaşinqtonun strategiyası Çinin siyasi və iqtisadi gücünün dünyaya yayılmasının qarşısını almağa yönəlib. Pekin bundan xəbərdardır və Vaşinqtonun planlarına qarşı mümkün qədər müqavimət göstərməyə çalışır.

Korrupsiya qalmaqalı böyüyür

“Röyters” agentliyinin məlumatına görə, Çinin fövqəladə hallar naziri Vanq Syanqsi “ciddi intizam və qanun pozuntuları” şübhəsi ilə araşdırılır. Bu, korrupsiyaya qarşı mübarizə təşkilatının şənbə günü bildirib ki, yüksək vəzifəli məmurların təmizlənməsi davam edir.

Mərkəzi İntizam Təftişi Komissiyası Kommunist Partiyasının katibi Vanqla bağlı açıqlamasında təfərrüatlar verməyib. Hazırda vəzifədə olan nazirin istintaqa cəlb olunması nisbətən nadir haldır.

Çin lideri Si Cinpinin illərdir davam edən korrupsiya təmizlənməsi çərçivəsində Müdafiə Nazirliyi ötən həftə ölkənin ən yüksək vəzifəli generalı, hərbi rəhbərlikdə yalnız Sidən sonra ikinci yerdə olan Çjanq Yuksyanın araşdırıldığını açıqlayıb.

Si bu ay bildirib ki, ötən il yüksək vəzifəli məmurlara qarşı rekord 65 istintaq aparıldıqdan sonra korrupsiyaya qarşı mübarizə Çinin uduzmamalı olduğu bir mübarizədir. Nəzarət universitetlərin və dövlət müəssisələrinin keçmiş rəhbərlərinə də şamil edilib.

63 yaşlı Vanq, dövlətə məxsus elektrik generatoru olan National Energy Investment Corp şirkətinin sədri vəzifəsində çalışdıqdan sonra 2022-ci ilin iyul ayında vəzifəyə başlayıb. Fövqəladə Halların İdarə Edilməsi Nazirliyinin rəsmi açıqlamasına görə, o, çərşənbə axşamı kadrların özünütənqid etdiyi müntəzəm daxili iclasda çıxış edib.

Dövlət mediası olan “China Daily”nin məlumatına görə, korrupsiyaya qarşı mübarizə orqanı Daxili Monqolustan muxtar bölgəsinin keçmiş Partiya katibi Sun Şaoçenq haqqında araşdırma başlatdığını açıqlayıb.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1400313
azAZ