Müəllif: Şahin Elxanoğlu

İrandan sonra növbə kimindir?

Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb.

Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.

Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.

Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə – 263 milyard dollara çatdırıb.

Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər.

Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər.

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü – Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.  Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir.

“Atlas” Araşdırmalar Mərkəzi

“Bağıran meymunlar bizə əngəl deyillər”

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Bu ölkələrin başında əvvəlkitək Çin gəlir.

Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib. Bugünlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu konfrans 2015-ci ildən davamlı şəkildə keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər.

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Tsin Qan konfrans iştirakçılarına təbrik məktubu göndəriblər. Maraqlıdır ki, konfrans Yevgeniy Priqojinin və onun “Vaqner” muzdlu qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki, Çin Xarici İşlər Nazirlyinin yayımladığı açıqlamada, Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişafına və tərəqqi əldə edəcəyinə inanır”. Çin lideri Tsin Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur.

Rusiya prezidenti Vladimir Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri əvvəlki yüksək səviyyədə saxlamaqda qərarlıdır. Sergey Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”.  Təhqiramiz müqayisədir. Lavrov qayıdakıları “Rusiya və Çinə” bənzədərkən, “bağıran meymunları” Qərbin siyasəti ilə əlaqələndirib. Lavrovdan fərqli olaraq Çin xarici işlər naziri Tsin Qan Qərb haqqında təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını bildirib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin daima “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqqında “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur.

“Atlas” Araşdırmalar Mərkəzi

Taliban yalnız bu ölkəyə ümid edir

Taliban 2021-ci il avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq şirkətlərin əksəriyyəti bu ölkəni tərk edib. Xarici şirkətlər qeyri-müəyyənliyə və təhlükəsizlik problemlərinə görə Əfqanıstanı tərk ediblər. Buna baxmayaraq, Çin şirkətləri Əfqanıstanda çalışmaqdan çəkinmirlər. Pekinin Talibanla sıx dialoqu var. Çin şirkətləri Əfqanıstanı tərk edən şirkətlərin boşalan yerlərini doldurmağa çalışırlar.

Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə yönələrkən Çin Əfqanıstandakı siyasi və iqtisadi mövqelərini möhkəmləndirib. Əfqanıstanda Çin vətəndaşlarının sayı artdığına görə, paytaxt Kabildə hətta çinlilərə aid məhəllə formalaşıb. Taliban qruplaşmasının anti-ABŞ siyasəti də Pekinin işinə yarayıb. Əfqanıstanın yatırımlara ehtiyacı var. Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan Mərkəzi Bankının xarici banklardakı 9.2 milyard dolları dondurulub. Əfqanıstanda ərzaq çatışmazlığı var, insanların qidalanma problemi mövcuddur. Talibanın bu ağır vəziyyətdə ümidi yalnız Çinədir.

Çin şirkətləri təhlükəsizliklə bağlı risqə getsələr də, Əfqanıstanda qazanclarını artırıblar. Çinli iş adamları Taliban silahlılarından ethiyat etmir, onlarla əməkdaşlığı genişləndiriblər. Talibanın rəhbərliyi çinli iş adamları üçün hər cür şərait yaradıblar. Talibanı idarə edənlər çinli iş adamların Əfqanıstanda yaranan problemlərini qısa müddətdə həll edirlər.

40 milyon əhalisi olan Əfqanıstan çinli iş adamları üçün münbit bazardır. Əfqanıstanın zəngin və hələ istifadə olunmayan yeraltı zənginlikləri də çinli iş adamlarını bu ölkəyə cəlb edib. Pekin ayrıca, “İpək yolu” layihəsində Əfqanıstanın imkanlarından istifadə etməyi planlaşdırıb. Çin bu istiqamətdə layihənin reallaşması üçün on milyardlarla dollar xərcləyəcək. Çinin “Xinjiang Central Asia Petroleum and Gas” şirkəti Əfqanıstanda neft istismar edəcək. Çin çirkəti Talibanla 25 illik müqavilə imzalayıb. Çin şirkəti birinci il 150 milyon dollar, sonrakı illərdə 540 milyon dollar yatırım qoyacaq.

Çinin Talibanla sıx əlaqələrinə və yatırımlarına baxmayaraq, Pekinin Kabildən tələbləri də var. Pekinin Talibandan əsas tələbi silahlı uyğurların Əfqanıstandan çıxarılmasıdır. Həmin uyğurlar Əfqanıstanın şərq hissəsində qərarlaşıblar. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlara dəstək verməyəcək, ancaq onların ölkədən çıxarılması çətindir. Pekin ehtiyat edir ki, həmin silahlı uyğurlar Əfqanıstan ərazisindən Çinə silahlı hücumlar təşkil edə bilərlər. Taliban Çinlə münasibətlərdə problem istəmir, ancaq silahlı uğurları tərksilah edə də bilmir.

“Atlas” Araşdırmalar Mərkəzi

Fələstinlilərə olar, uyğurlara olmaz?

Çin vasitəçi statusunu artırmağa çalışır. Pekin İranla Səudiyyə Ərəbistanını barışdırdıqdan sonra bu dəfə İsraillə Fələstini barışdırmaq istəyir. İranla Səudiyyə Ərəbistanını barışdırmaq çətin deyildi, hər iki dövlət münasibətlərin normallaşdırılmasına hazır idilər. Çində apaırlan danışıqlar müsbət nəticə verdi, İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətlərini bərpa etməyə qərar verdilər. İsraillə Fələstini barışdırmaq isə Pekin üçün çətin olacaq.

Buna baxmayaraq, Çinin xarici işlər naziri Tsin Qan İsraillə Fələstin arasında sülh danışıqlarını ölkəsində bərpa etməyə çağırıb. Tsin Qan bu təkliflərlə bağlı həm israilli, həm də fələstinli həmkarıyla telefonla danışıb. “Çinin danışılqarı bərpa etməsində eqoist maraqları yoxdur” deyən Tsin Qan Pekinin sadəcə, İsraillə Fələstin arasında sülhü və bu yolla bölgədə sabitliyi dəstəklədiyini bildirib. Ancaq aydındır ki, Pekinin məqsədi Avrasiya bölgəsində rolunu artırmaq və Amerika Birləşmiş Ştatlarıyla rəqabətdə vasitəsçi statusunu artırmaqdır.

Bu arada, Fələstin lideri Mahmud Abbasın bu ayın ortasında Çinə dörd günlük səfəri Pekinin Yaxın Şərqdə fəallaşması marağından irəli gəlirdi. Vaşinqtonun Yaxın Şərq siyasətində çətinlikləri var. Vaşinqton keçmiş illərdə olduğu kimi İsraili Fələstinlə barışdırmaq və yekun sülh sazişi imzalamaq üçün diplomatik fəallıq göstərmir. Moskvanın da başı Ukrayna müharibəsinə qarışdığına görə, Kremlin də Yaxın Şərqə diqqət ayrımağa boş vaxtı yoxdur. Pekin yaranan boşluqdan istifadə edərək bu bölgədə diplomatik səylərini artırmağa qərar verib. Mahmud Abbas bu il Çini ziyarət edən ilk ərəb lideri olub. Çin Fələstin dövlətini ilk tanıyanlardandır. Pekinin Fələstin Azadlıq Təşkilatı ilə də sıx əlaqələri var.  Təşkilatın Pekində ofisi 1965-ci ildən fəaliyyət göstərir.

Fələstin Pekinin vasitəçiliyinə müsbət yanaşsa da, İsrail hökuməti Çinin təşəbbüsünə şübhəylə yanaşır. İsrail bölgədə ABŞ-ın strateji müttəfiqidir. Çin isə ABŞ-ın rəqibidir. Digər tərəfdən Pekinin ərəb dünyası ilə sıx əlaqələri və Fələstinə artan dəstəyi İsraili narahat edir. Ona görə də İsrailin Pekinin vasitəçi təklifinə müsbət yanaşacağı problematikdir. Eyni səbəbdən Ukrayna da Pekinin vasitəçiliyinə şübhəylə yanaşır. Halbuki, Pekin bu istiqamətdə də fəallaşaraq Moskvaya və Kiyevə 11 maddətlik təkliflər paketini təqdim edib. Pekin Rusiyanın işğal etdiyi ərazilərin rəsmiləşdirilməsinin tərəfdarı olduğunu görə Kiyev Çinin vasitəçiliyini qəbul etməyib. İsrail rəsmiləri də düşünürlər ki, Pekinin vasitəçiliyi Fələstinin işinə yarayacaq. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Çinin dəvətini qəbul edərək Mahmud Abbasın ardınca Pekinə gedəcək.

Mahmud Abbasın Pekində söylədikləri türk millətçiləri arasında narazılıq doğurub. Mahmud Abbas Çin lideri Tsi Cinpinlə görüşdə deyib ki, “Çində uyğurların məsələsi insan haqlarıyla əlaqəli deyil, Pekin terrorla mübarizə aparır”. Bu açıqlama uyğularla yanaşı Türkiyə Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının da sərt etirazına səbəb olub. Baxçalı bununla bağlı parlamentin qrup toplantısında çıxış edib. Fələstinlilər kimi uyğurlar da haqları uğrunda mübarizə aparırlar. Ancaq Fələstin lideri öz xalqının mübarizəsini haqlı sayır, uyğurları isə terrorçularla müqayisə edir.

“Atlas” Araşdırmalar Mərkəzi

Vaşinqton iki rəqibinə qarşı müttəfiqini seçib

Amerika Birləşmiş Ştatları iki rəqibi – Rusiya və Çini durdurmaq üçün müttəfiqlərinin sayını artırmağa çalışır. Vaşinqton Ukrayna müharibəsinə görə Moskva ilə dialoqu dayandırıb. Vaşinqton Pekinlə münasibətlərində hələ ki, dialoqa üstünlük verir, ancaq bu dialoq müsbət nəticə vermir. Misal üçün uzun müddətdən sonra ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər etdi. Çin lideri Tsi Cinpin Blinkenlə görüşdə iki ölkə arasında dialoqun genişlənməsi və münasibətlərin normallaşdırılması vacibliyini səsləndirdi. Blinken bununla razılaşdı. Ancaq Blinken geri döndükdən sonra ABŞ prezidenti Co Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla Blinkenin Çinə səfəri və Pekində keçirdiyi görüşlər heçə endi.

Vaşinqton son illərdə Hindistanla ittifaqı gücləndirib. Hindistanın baş naziri Narendra Modi iyunun 21-də Amerika Birləşmiş Ştatlarına 3 günlük səfərinə Nyu-Yorkdan başladı. Modi Nyu-Yorkda sayca 9-cu Beynəlxalq yoqa günündə iştirak etdi. Yoqa Amerikada populyar idman növüdür. Nyu-Yorkda tədbirə rekord sayda – 2 min iştirakçı qatıldı, içərilərində şəhərin meri və BMT baş katibinin müavinləri də var idi. Açıq havada 135 millətin nümayəndəsinin iştirak etdiyi tədbir “Ginnesin rekordlar kitabına” düşdü. Bundan əvvəlki rekord 2022-ic ildə Qətərdə qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarında 3.4 milyon hindli yaşayır, bu böyük diaspordur.  Narendra Modi Nyu-Yorkda “Tesla” şirkətinin təsisçisi və tanınmış biznesmen İlon Maskla görüşdü. Maskın Çinin Şanxay şəhərində zavodu olmasına rəğmən, o Hindistan bazarıyla da maraqlanır. “Times of India” qəzetində yayımlanan məqaləyə görə, İlon Mask Hindistanda elektormobillər istehsal edəcək zavod tikəcək. Maskın özü “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bu il ərzində zavodun tikintisinə başlaya biləcəyini deyib. Mask bundan başqa Hindistana “Starlink” peyk şəbəkəsini yerləşdirmək istəyir. Bu Hindistanda internet xidmətlərinin sürətlənməsinə imkan yaradacaq.

Narendra Modi Nyu-Yorkdan sonra paytaxt Vaşintona keçdi. “Reuters” agentliyinin məlumatına görə Vaşinqton bir müddətdir Narendra Modinin Amerikaya səfərinə hazırlaşırdı. Narendra Modi həm Ağ Evin sahibi Co Bayden, həm də vitse-prezident Kamilla Harislə görüşdü. Hindistanın baş naziri Konqresdə çıxış etdi. Ağ Ev və Dövlət Departamenti Narendra Modinin Amerikaya səfərinin uğurlu alınması üçün bütün imkanlarını səfərbər etdi.

Vaşinqton Çinlə mübarəzədə Hindistanı yanında görmək istəyir. Modinin səfərindən əvvəl ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Dehlidə görüşlər keçirmişdi. Dehlidə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi mövzuları müzakirə olunmuşdu. Bu sıraya yüksək texnologiyalardan tutmuş, süni intellekt və hərbi sahə üçün vacib olan yarımkeçiricilərin birgə istehsalına qədər mövzular aid idi. Amerika Birləşmiş Ştatları Hindistana pilotsuz uçuş aparatları üçün “General Electric” şirkətinin mühərriklər satmağı planlaşdırır. Müqavilə 3 milyard dollar dəyərindədir. Bununla Vaşinqton Rusiyanın Hindistanın hərbi bazarına rolunu azaltmağa çalışır. Hindistan Rusiyadan silah və hərbi texnika alışını azaldıb. Hindistan ABŞ istehsalı olan dronlara maraq göstərir. Dehli Rusiya-Ukrayna müharibəsinin gedişatını diqqətlə izləyir. Bu müharibə Rusiya hərbi texnikasının keyfiyyətinin aşağı səviyyədə olduğunu göstərib. Bu Dehlinin diqqətindən yayınmayıb.

Beləliklə, Dehli Vaşinqtonla sıx əməkdaşlığı genişləndirməyə hazırdır. Narendra Modi Vaşinqtondakı çıxışlarında ölkəsinin Amerika ilə hər sahədə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu bütün sahələri əhatə edəcək. Narendra Modinin Amerikaya səfərinin yekunu olaraq hərbi-sənaye sahəsində əməkdaşlığın “yol xəritəsi” razılaşdırılıb. ABŞ hərbi gəmiləri Hindistan limanlarına lövbər salıb və bu limanlarda təmir oluna biləcək. Buna baxmayaraq, Dehli Vaşinqtonun istəyi ilə Rusiya və Çinlə münasibətlərdən tap qopmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

BRIKS-in cazibəsi artıb

BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzv olmaq istəyən dövlətlərin sayı artıb. Misir BRIKS-ə daxil olmaq üçün rəsmi şəkildə təşkilata müraciət edib. Qahirənin müraciəti araşdırılacaq. Misirin ABŞ-la tərəfdaşlıq münasibətləri mövcud olsa da, ABŞ-a rəqib olan – Rusiya və Çinlə də yaxşı münasibətləri var. Rusiya və Çin Misir kimi bölgəsinin lider ölkələrini BRİKS-də görməkdən şad olardılar.

Bu arada, Parisdən də oxşar təklif gəlib. Fransa prezidenti Emmanuel Makron cənubi afrikalı həmkarı Siril Ramafosadan onu BRİKS sammitinə dəvət etməyi xahiş edib. Fransa bu təşkilatın üzvü deyil. Buna baxmayaraq, Makron təşkilatın Cənubu Afrika Respublikasında avqust ayında keçirilməsi planlaşdırılan zirvə toplantısında iştirak etmək istəyir.

Moskva və Pekin Makronun zirvə toplantısında iştirak etmək istəyinin arxasındakı səbəbləri araşdırmağa çalışırlar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu mövzuyla bağlı ona verilən suala belə cavab verib: “Yaxşı olardı ki, Fransa prezidenti BRİKS tioplantısında niyə iştirak etmək istəyini izah edərdi. Paris bununla nəyə nail olmaq istəyir? Bu Fransanın artan fəallığı ilə əlaqəlidir, yoxsa Parsini gizli planı mövcuddur?”.

Fransa prezidentinin BRİKS toplantısında iştirakının bir neçə səbəbi ola bilər.

Birincisi, Afrika ölkələrinin bir qismi keçmiş illərdə Fransanın müstəmləkələri olub və Parisə elə gəlir ki, bu qitədə keçirilən görüş və müzakirələrdən xəbərdar olmalıdır. Makron BRİKS-in Cənubi Afrika Respublikasındakı toplantısında iştiraka çalışmaqla ölkəsinin Afrika qitəsindəki marağının azalmadığına eyham vurmaq istəyir.

İkincisi, Emmanuel Makron Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalara qoşulsa da, Fransa prezidenti ölkəsinin ABŞ-dan asılı siyasət yürütmədiyini göstərməyə çalışır. Paris bu məqsədlə Amerikanın rəqibləriylə də dialoq imkanlarını nəzarətdə saxlamaq istəyir. Ukrayna müharibəsinə görə Parisin Moskva ilə dialoqunda çətinliklə mövcud olsa da, Pekinlə dialoq genişlənib. Fransa prezidenti bir müddət əvvəl Çinə səfər etmişdi. Makron Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. Makronun fikrincə, Tayvan adası ətrafında gərginlik artarsa, Avropa İttifaqı Çinə qarşı ABŞ-la eyni koalisiyada yer almamalıdır. Makron bu səbəbdən də BRİKS toplantısında iştirak arzulaya bilər. Ancaq Moskva və Pekin Makronun səmimiyyətinə inanmırlar. Ona görə də Fransa prezidentinin BRİKS-in avqust toplantısında iştirakı problematikdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Tehranın bir gözü Vaşinqtonda, digəri Pekindədir

Tehran yaxın və uzaq qonşularla münasibətlərin normallaşmasına çalışır. Tehran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırdıqdan və iki ölkənin səfirlikləri qarşılıqlı olaraq fəaliyyətə başladıqdan sonra Misirlə də yaxşı münasibətlər qurmağa çalışır. Tehran hətta ən qatı düşməni Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün də imkanlar axtarır.

Qərb mənbələri ABŞ və İran nümayəndələrinin Oman dövlətində qapalı danışıqlar apardıqlarına dair xəbərlər yayıblar. Keçmiş illərdə də belə təmaslar olub, ancaq danışıqlar nəticə verməyib. Vaşinqtonla Tehranın bir-birlərindən tələb və istəklərini bu şəkildə ümumiləşdirmək mümkündür:

Birincisi, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir. İranda polis rejimi xarici vətəndaşları kütləvi surətdə həbs edir. Bunların içərisində ABŞ vətəndaşları da var.

İkincisi, İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehranın bu məsələdə güzəştə gedəcəyi şübhə doğurur. Çünki Tehran keçmiş illərdə də uranı zənginləşdirməyəcəyini vəd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları İranda uranı zənginləşdirməklə məşğul olan gizli mərkəzlər aşkarlamışdılar.

Üçüncüsü, Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran İslam Keşikçilər Korpusu qonşu dövlətlərdə ABŞ-a aid mərkəzləri hədəf götürüb və bu siyasətindən imtina etməyib.

Dördüncüsü, İran Rusiyaya ballistik raketlər verməməlidir. İran Rusiyaya pilotsuz uçuş aparatları ilə yanaşı raketlər də verir və hərbi texnika son aylarda Xəzər dənizi üzərindən Rusiyaya çatdırılıb. Tehranın Moskva ilə bu əməkdaşlıqdan imtina edəcəyi problematiktdir.

Beşincisi, İran Amerikanın istəklərinin bir qismini nəzəri olaraq yerinə yetirəcəyi halda Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını tələb edir.

Vaşinqtonla danışıqlarda daha çox Tehran maraqlıdır. Sanksiyalar İran iqtisadiyyatını zəiflədib. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var – ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır.

Bu arada, İranın pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən istifadə etdiyi məlum olub. “The Wall Street Journal” qəzetində yayımlanan məqalədə Çinin İrana üç ay ərzində Rusiyaya pilotsuz uçuş aparatları  istehsal etmək üçün kömək etdiyi yazılıb. Ukrayna İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra onda aşkarlanan Çin hissəsinin üç ay ərzində hazırlanaraq Rusiyaya göndərildiyi aşkarlanıb. Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. “Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub. Deməli, Pekin bir tərəfdən Rusiyaya silah və hərbi texnika göndərmədiyini iddia edir, digər tərəfdən İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təhciz etmək üçün çalışmalar həyata keçirir.

“Atlas” Araşdırmalar Mərkəzi

Xalq diplomatiyası nəticə verəcəkmi?

ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə iki günlük səfəri və müzakirələri münasibətlərdəki gərginliyi zəiflətmək məqsədi daşıyır. Vaşinqton Pekinin Moskva ilə yaxınlığını və Tayvana nəzarət etmək istəyinə tənqidi yanaşır. Ağ Ev administrasiyası Pekinlə fərqli  formatlarda dialoq qurmağa çalışır. Entoni Blinkendən əvvəl Çinə Amerikanı təmsil edən digər nümayəndələr səfər ediblər. Vaşinqton Çinlə münasibətlərdə xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib.

Amerikalı məşhur iş adamı, İlon Mask bir müddət əvvəl şəxsi təyyarəsi ilə Çinə səfər edib. Maskın “Tesla” zavodunun Çinin Şanxay şəhərində bölməsi var. İlon Mask Şanxaydakı zavoduna baş çəkdikdən sonra Pekində Çinin xarici işlər naziri Çin Qanla görüşüb.  Çinin xarici işlər naziri amerikalı iş adamına bildirib ki, ölkəsinin “Tesla” da daxil olmaqla bütün dünya şirkətləri üçün bazaryönümlü beynəlxalq biznes mühiti yaratmaq, yüksək səviyyəli sərbəstliyi davamlı şəkildə təşviq etmək istəyi var.

İlon Maskdan sonra ABŞ-ın digər məşhur iş adamı Bill Qeyts Çinə səfər edib. ABŞ-ın “Microsoft” şirkətinin sahibi və dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeyts Pekində Çin lideri Tsi Cinpinlə görüşüb. Çin lideri Bill Qeytsin həmsədri olduğu Bill və Melinda Qeyts Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyini və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğunu bildirib. Tsi Cinpin Bill Gates-ə bu il Pekində görüşdüyü ilk amerikalı olduğunu bildirib. Çinin Amerika xalqı ilə dostluq etmək istədiyini bildirən Tis Cinpin sadə insanlar arasında ünsiyyətin vacibliyinə diqqəti çəkib.

Görünür, Tsi Cinpin bu açıqlamalarıyla demək istəyib ki, əgər liderlər səviyyəsində ABŞ-la Çin arasında dialoq zəifdirsə və gərginlik davam edirsə, iki ölkənin sadə vətəndaşları dialoq vasitəsilə gərginliyi azalda bilərlər. Ancaq İlon Mask və Bill Qeyst sadə amerikalı deyillər, milyardlarla qazancı olan şirkətlərə rəhbərlik edir və dünyada texnologiyaların inkişafında böyük rolları olan şəxslərdir.

İlon Maskın və Bill Qeytsin Çinə səfərləri ABŞ-ın mühafizəkar dairələrində tənqid olunsa da, Vaşinqtondakı beyin mərkəzləri bu tipl təmasların vacib olduğuna diqqəti çəkiblər. 1970-ci illərdə ABŞ-la Çin arasında isti münasibətlər məhz idman yarışları vasitəsilə qurulmuşdu. Bundan sonra iki ölkənin liderlərinin qarşılıqlı səfərləri oldu və iki ölkə arasında əməkdaşlıq genişləndi. O illərdə Pekinlə sıx dialoq Vaşinqtona ona görə lazım idi ki, kommunsit Çinlə kommunist SSRİ ABŞ-a qarşı ittifaq qurmasınlar. Ağ Ev o zaman buna nail oldu. Ancaq hazırda beynəlxalq aləmdə durum fərqlidir. Vaşinqton hazırki siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir, ancaq hələ ki, bu alınmır. İlon Maskın və Bill Qeytsin, o cümlədən Entoni Blinkenin Çindəki görüşlərindən nəticə əldə edəcəyi problematikdir. Çünki Çin ABŞ-la rəqabətdə gücünü artırmağa çalışır.

“Atlas” Araşdırmalar Mərkəzi

3 güc arasında qalan dünya yeni “Karib böhranına” sürüklənir

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə böyük Avropa bazarını itirdikdən sonra yeni bazarlar axtarmağa çalışır. Rusiyanın əsas alternativi Çindir. Təsadüfi deyil ki, bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % artaraq 93,8 milyard ABŞ dollarına çatıb. Bir il ərzində Çinin Rusiyaya ixracının dəyəri 75,6 % artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 % artaraq 50,85 milyard ABŞ dolları olub. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3 % artaraq 190 milyard ABŞ dolları təşkil edib.

Çinin elə bir məhsulu yoxdur ki. Rusiyaya ixrac etməsin. Çin Rusiyaya smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb. Çinin Rusiyadan aldıqları isə neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsullarıdır.

Rusiya Çinlə hərbi əməkdaşlığı da genişləndirməyə çalışır. İki ölkə arasında birgə hərbi təlimlərin sayı artıb. Bu vəziyyət Yaponiyanı narahat edir. Yaponiya hökumətinin sözçüsü Hirokazu Matsunonun sözlərinə görə, Çin və Rusiyanın Yaponiya ətrafında birgə hava təlimləri bu ölkənin milli təhlükəsizliyi üçün “ciddi narahatlıq” yaradıb. Hirokazu Matsuno bildirib ki, Yaponiya Çin və Rusiya bombardmançılarının birgə uçuşlarını qeydə alıb. Bu ay Çin və Rusiya Yapon dənizi və Şərqi Çin dənizi üzərində birgə hava patrulu da həyata keçiriblər. Yaponiya bu səbəbdən tərəfdaşlarıyla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır, NATO ilə təmasları artırıb.

Bu arada, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “CNN” telekanalına müsahibəsində Çinlə bağlə vəziyyətin gərginləşdiyini bildirib: “Biz müəyyən rəqabət şəraitindəyik, konfrontasiya mərhələsindəyik, amma hələ ki münaqişəmiz yoxdur”. Millinin sözlərinə görə, Çin ilə ABŞ arasında müharibə qaçılmaz deyil. Amerikalı general hesab edir ki, rəqabət vəziyyəti ilə bağlı status-kvonu saxlamaq vacibdir. Bunun üçün ölkələrin bir-biri ilə əlaqə saxlaması və böhran zamanı deeskalasiyaya cəhd göstərməsi lazımdır.

Mark Milli beynəlxalq aləmdə 3 gücün – ABŞ, Rusiya və Çinin ön planda olduğunu etiraf edib: “Bu 3 dövlətin simasında çoxqütblü dünya formalaşmağa başlayıb”. Halbuki, SSRİ dağldıqdan sonra ABŞ-ın simasında birqtblü dünya formalaşmışdı. Demək, vəziyyət dəyişib. Çinin hərbi zəmində fəallaşmasına misal kimi “The Wall Street Journal” dərgisində yayımlanan məqaləni göstərmək olar. Məqalədə Çinin Kuba adasında gizli baza formalaşdıracağı yazılıb. Kuba ilə Çin əldə etdikləri gizli razılaşmaya görə, Çin Kuba ərazisində yüksək texnologiyalardan istifadə edərək ABŞ-ın ərazisini müşahidə edəcək. Kubadakı bazadan ABŞ-ın cənub ərazisi dinləniləcək və elektron məktublar ələ keçiriləcək.  Həmin bazadan ABŞ hərbi gəmilərinin yerdəyişməsi də nəzarətdə saxlanılacaq. Çinin Kubadakı həmin bazası ABŞ-ın Florida ştatından təxminən 100 kilometr məsafədə yerləşəcək. Çinin həmin bazaya görə Kubaya milyardlarla dollar ödədiyi bildirilib. Ağıq iqtisadi durumda olan Kubanın valyutaya ehtiyacı var.

Çinin Kubada yaratmaq istədiyi baza Vaşinqtonda ciddi narahatlıq doğurub. Vaxtilə SSRİ Kubada nüvə silahlarını yerləşdirəndə bu az qala üçüncü dünya müharibəsinə səbəb olacaqdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə “soyuq müharibə” illərinin ən gərgin günləri idi. Tarix təkrarlana bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Almaniya Asiyadakı tərəfdaşını seçib

Qərb ölkələrinin diplomatlarının Hindistana səfərləri artıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Dehlidəki görüşlərini yekunlaşdırdıqdan sonra Hindistanla strateji tərəfdaşlığı Vaşinqton üçün əhəmiyyətli olduğunu bildirib. Hindistana növbəti səfəri Almaniyanın müdafiə naziri Boris Pistorisu gerçəkləşdirib. Almaniyanın müdafiə naziri Hindistandan əvvəl Sinqapurda və İndoneziyada olub.

Almaniyanın müdafiə nazirinin Hindistana səfəri məhsuldar olub. Berlin Hindistana sualtı gəmilər satmağa hazırlaşır. Almaniya digər Qərb ölkələri kimi Hindistanın Rusiyadan silah və hərbi texnika alışını azaltmağı hədəfləyir. Boris Pistorius Dehlidə açıq deyib ki, silah və hərbi texnika təhcizatında Hindistanın Rusiyadan asılı olmasını istəmirlər. Almaniya Hindistanla yanaşı İndoneziyaya da silah və hərbi texnika satmağı planlaşdırır.

Beləliklə, Almaniya Asiyanın silah bazarında rolunu artırmağa çalışır. Boris Pistorius Hindistanın “The Indian Express” qəzetinə verdiyi açıqlamada, bir sıra Qərb ölkələrinin Hindistan bazarına fəallaşığını və Almaniyanın bu prosesdə geri qalmayacağını vurğulayıb. Boris Pistorius “The Indian Express” qəzetinə müsahibəsində Almaniya ilə Hindistanın eyni dəyərləri bölüşdüyünü belə izah edib: “Rusiya və Çinin siyasəti narahatlıq doğurur. Ona görə də Qərb ölkələri, o cümlədən Almaniya Hindistanla əməkdaşlığı gücləndirmək istəyirlər. Almaniya Hindistanla dəniz hərbi qüvvələrinin birgə təlimlər keçirəcəklər”.

Almaniyalı nazir hindli həmkarı Rajnath Singhlə bu mövzunu geniş müzakirə edib. Almaniyanın müdafiə naziri Dehlidən sonra Mumbayi şəhərindəki Hindistanın hərbi dəniz donanmasının komandanlığında görüşlər keçirib. Hindistanın müdafiə naziri Rajnath Singh almaniyalı həmkarıyla müzakirələri yüksək qüymətləndirib və “Twitter” səhifəsində bunları yazıb: “Boris Pistoriusla hərtərəfli müzakirələr apardıq, almaniyalı nazirin yoqaya marağına da yüksək qiymət veririk”.

Rajnath Singh onu da bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirmək və ortaq çalışmalar həyata keçirmək üçün yaxşı zəmin var. “Bloomberg” agentliyinin məlumatına görə, Almaniya ilə Hindistan dizellə çalışan sualtı gəmilərin tikitisini üçün birgə müəssisə yaradacaqlar. Hindistan ərazisində yerləşəcək müəssisəsinin dəyəri 5.2 milyard dollar civarında olacaq. İlkin mərhələdə Hindistan üçün 6 sualtı gəmi inşa ediləcək. Hindistanın ümumilikdə 24 sualtı gəmiyə ehtiyacı var. Hindistanda hazırda 16 sualtı gəmir var, onlardan 10-unun 30 yaşı var. Bundan əvvəl də Hindistan QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) dialoq formatına və Avropa ölkələrinə müraciət edərək sualtı gəmilərə ehtiyacı olduğunu bildirmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1426878
azAZ