Kateqoriya: Açıqlamalar

Vardanyan marağın azalmasından narahatdır

Erməni separatçılarının Rusiyadan Xankəndinə “ixrac edilən yeni lideri” Ruben Vardanyan profilində yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi “Arsax” mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır. Adam narahatdır. Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb. Həqiqətən Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, “blokada mövzusuna” çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir. Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır. Bunun iki səbəbi var.

Birincisi, beynəxalq aləmin diqqətini məşğul edən başqa mövzular var. Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin “yolu açın” çağırışları eşidilmədiyinə görə eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər.

İkincisi, ilk günlər “Arsax blokadadır” yalanına inanlar real vəziyyəti görməyə başlayıblar. Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır, nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa “blokada” nağıllarına inanaların sayı azalır.

Bu iki amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir. Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, “Laçın blokadadır” yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz.

 

 

Kreml Ermənistan yükündən qurtulacaqmı?

İrəvanda erməni və rusiyalı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Erməni saytlarında bəzi çıxışları izlədim. Rusiyalı ekspertlərin ümumi fikri bu oldu ki, Ermənistan hakimiyyəti Rusiyanın əvəzinə Qərbi seçərsə, Kreml bu dövlətə kömək edə bilməyəcək. Erməni ekspertlər isə əksini bildiriblər: “Bizi Azərbaycanın əlindən ala bilməsəz, Ermənistanı itirəcəksiniz”. Erməni ekspertlər həm də ondan narahatlıqlarini dilə gətiriblər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Cənubi Qafqaza nəzarəti azalıb və Kreml Azərbaycana mane olmur.

İrəvandakı dəyirmi masadakı müzakirələrdən çıxan qənaət budur ki, Rusiya Ermənistanın itirilməsindən narahat deyil. Kreml İrəvana seçim imkanı verir. İrəvanın Qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazasını oradan çıxartması olacaq. Ermənistandakı həmin hərbi baza Rusiyaya yükdən başqa bir şey deyil. Bunun əvəzinə Rusiya qazın qiymətini Ermənistana artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Qərbə qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin. Əksinə Rusiya Ermənistan adlı ballastdan imtina etsə, bu hamının xeyrinə olacaq. Əlbəttə, bu ideal variantdır.

 

Ermənistan bəyanatdan çıxsa, nə baş verəcək?

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fevralın 3-də parlamentdə “Laçın yolunun bağlanmasıyla” bağlı keçirilən dinləmələrdə bir neçə təklif irəli sürüb: “Birincisi, Ermənistan Dağlıq Qarabağın müstəilliyini tanımalıdır. Onsuz da Azərbaycanla münasibətlərimiz düzəlməyəcək. İkincisi, xarici siyasət prioritetlərizimizi müəyyənləşdirməliyik, Rusiya və Qərb arasında vurnuxmamalıyıq. Üçüncüsü, Ermənistan 9 noyabr 2020-ci il bəyanatından çıxmalıdır. Onsuz da iki ildən sonra bəyanat qüvvədən düşəcək və Bakı bildiyini edəcək”.

2025-ci il yaxınlaşdıqca Qarabağda separatizmin sonunun gələcəyini anlamağa başlayıblar. Əslində baş nazir Nikol Paşinyan Qrant Baqratyanın “təklfilərini” reallaşdırmaq istəsə bizim işimizi asanlaşdıracaq. Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı” və ya 2020-ci il 9 noyabr bəyanatından çıxacağı halda Azərbaycan ordusuna 2025-ci ili gözlməyə ehtiyac qalmayacaq və Xankəndinə daxil olmaq tezləşəcək. Bunlar özlərini güclü hiss etdikləri illərdə  – işğal dövründə qorxularından “Dağlıq Qarabağın müstəqilliyini” tanımadılar. Hər il bu mövzunu parlamentin müzakirəsinə çıxaracaqlarını elan edər, sonradan müzakirələrdən vaz keçərdilər. Çünki keçmiş illərdə “Dağlıq Qarabağın müstəqliiyini” tanımaq həm Minsk Qrupunun timsalında vasitəçilərdən imtina etmək, həm də Azərbaycana rəsmən müharibə elan etmək demək idi. Bu risqə getmədilər. İkinci Qarabağ müharibəsindən sonra zəif düşüblər, “Qarabağ klanı” Paşinyanın mövqeyini zəiflətmək üçün mövzular tapmağa çalışır. Həmin Qrant Baqratyan sabah Nikol Paşinyanı devirib özü baş nazir kürsüsündə otursa, bu gün dediklərini təkzib edəcək.

 

Tehranın ikiüzlü siyasəti

İsrailin baş naziri Binyamin Netanyahu hökuməti formalaşdırdıqdan sonra ilk xarici səfərini Fransaya edib. Fransa prezidenti Emmanuel Makron Benyamin Netanyahu ilə İrana qarşı birgə hərəkət etmək barədə qərara gəliblər. Makron və Netanyahu görüş zamanı İranın nüvə çalışmalarını davam etdirməsindən narahatlıqlarını bildiriblər. Hər ikisi o fikirdədir ki, İranın nüvə proqramını davam etdirməsi bölgədə gərgin vəziyyət yaradacaq. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını da səsləndiriblər.

Beləliklə, Makron Netanyahunun İrana qarşı sərt siyasətinə dəstək verdiyini nümayiş etdirib. Bu o deməkdir ki, Makron İsrailin İranın hərbi mərkəzlərinə endirdiyi zərbələri də dəstəkləyib. İran üçün Fransanın İsraildən fərqi qalmayıb.

Tehranın ikiüzlü siyasəti burada da özünü biruzə verir. Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir. Ancaq Fransanın kiçik bacısı olan Ermənistanın ünvanına təhdid səsləndirmir. Halbuki, Fransanı Cənubi Qafqazda fəallığa təşviq edən, o cümlədən əsasını fransalı müşahidəçilər təşkil edəcək Avropa İttifaqının monitorinq qrupunu Zəngəzura, yəni İranın yaxınlığına sürükləyən İrəvandır.

 

Pomidorla mübarizə tanklarla əvəz olundu

Kremldə Rusiya prezidenti Vladimir Putin üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər. Onlar bəzən mətndə yalnız bir sözü dəyişməklə mətnin hədə hissəsinə toxunmurlar. Kreml sahibi dünən Volqoqradda çıxış zamanı Ukraynaya tank verən Qərb ölkələrini bu sözlərlə hədələyib: “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Türkiyə 2015-ci ildə sərhədi pozan Rusiya təyyarəsini vurmuş və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Putin o zaman Türkiyəni bu sözlərlə hədələmişdi: “Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək”. Putin pomidoru ona görə xatırlatmışdı ki, Rusiya Türkiyənin əsas kənd təssərrüfatı məhsulunun Rusiyaya ixracına qadağa qoymuşdu.

Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib. Daha sonra Türkiyə pomidoru Rusiya bazarına yol tapdı və Putin dediklərini unutdu. Qərb tanklarıyla bağlı dediyi sözləri də bir gün unutmaq məcburiyyətində qalacaq.

 

Azərbaycan poliqon deyil

Deməli İran rəsmiləri açıqlama veriblər ki, İsrail İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirib, erməni “ekspertləri” isə elə hey bildirirlər ki, “İsrail Azərbaycan ərazisindən istifadə edib”. Ermənistandakı dairələrin məqsədi aydındır, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır. Əlbəttə, İranın siyasətini sərt tənqid edirik, ancaq Ermənistandan ötürülən dezinformasiya tələsindən özümüzü qorumalıyıq. Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq, bunu İrandakı dairələr də anlayırlar, sadəcə iranlı “ekspertlər” də erməni qardaşlarıyla birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər.

 

 

 

 

Putin Qərb tankları ilə necə mübarizə aparacaq?

Rusiya prezidenti Vladimir Putin Ukraynaya tank tədarük edən Avropa ölkələrini bu sözlərlə təhdid edib:  “Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Putinin “Rusiya ilə müharibə tamamilə fərqli olacaq” və “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” sözlərini necə başa düşmək lazımdır? Bir neçə variant mümkündür: 1. Rusiya Ukraynaya qarşı total müharibəyə keçəcək, raket zərbələrinin coğrafiyasını genişləndirəcək; 2.Rusiya Qərb tankları Ukraynaya çatdırılana qədər onları Polşa-Ukrayna sərhədində raket zərbələri ilə məhv etməyə çalışacaq; 3.Rusiya Ukraynanın qonşularının, o cümlədən Polşa və Baltik  ölkələrinin ərazilərindəki hərbi obyektləri hədəf seçəcək; 4. Rusiya ordusu Ukraynaya verilən tankların hücumları qarşısında geri çəkilərsə, Qərb ölkələrini yenə nüvə silahıyla təhdid edəcək.

Putin geri çəkilməyəcək. Kreml sahibi hədəfinə çatmayana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək. Ukraynaya verilən Qərb tankları Putinin işğal planlarına ciddi maneədir. O bu maneəni aşmaq üçün istənilən risqi planı həyata keçirməyə çalışacaq.

 

Kreml Bakıya mane ola bilməyəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib. Doğrusu bunu Lavrovun dilindən ilk dəfədir eşidirəm. Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər. Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib.

Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb. Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək.

 

 

Netanyahu Tehrana və Kremlə hansı mesajı göndərib?

İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın “CNN” televiziya kanalına müsahibəsində deyib ki, ölkəsi İran istehsalı olan pilotsuz uçuş aparatlarının Ukraynaya qarşı istifadəsinin qəti əleyhinədir. Bununla Netanyahu Tehran və Moskvaya mesaj göndərib. Onun Tehrana mesajı budur ki, “İranın dron istehsal edən mərkəzlərini İsrail vurub”, Kremlə mesajı isə budur ki, “İsrail İran istehsalı olan dronların Rusiyaya ötürülməsinə mane olacaq”.

Maraqlıdır ki, Rusiya rəsmiləri Netanyahunun açıqlamasına və İranda dron istehsal edən mərzəklərinı vurulmasına münasibət bildirməyiblər. Halbuki, Kreml də anlayır ki, ABŞ-İsrail tandemi birgə hərəkət edərək İranın Rusiyaya hərbi texnika verməsinə mane olmağa çalışır. Buna baxmayaraq, İsrail Vaşinqtondan fərqli olaraq Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, Kremlin işğalçı siyasətini pisləmir. Benyamin Netanyahu İranı başlıca düşmən adlandırsa da, Kreml sahibi Vladimir Putinlə isti münasibətləri var. Misal üçün Netanyahu Kiyevin hərbi yardım xahişlərinə müsbət cavab verməyib.

 

Soydaşlarımıza necə yardım edə bilərik?

İranda zəlzələ nəticəsində evləri dağlan və soyuqda açıq havada gecələyən və ərzaq qıtlığı ilə üzləşən soydaşlarımıza necə kömək edə bilərik? Bu sual çoxlarımızı narahat edir. Azərbaycanın İranla münasibləti gərgindir, terror hücumu nəticəsində Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Buna baxmayaraq, soydaşlarımıza kömək üçün İran hakimiyyətinə müraciət oluna bilər. Belə bir müraciət olunub, Tehran yardım təklifimizi rədd edib. Başqa alternativ yardımlarımızı Türkiyə üzərindən İrandakı soydaşlarımıza çatdırmaq olardı. Ancaq Tehran Türkiyənin də yardım təklifindən imtina edib. Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq. Tehranın Urmiya gölünün qurumasına və ekoloji fəlakətə seyrçi qalmasıyla zəlzələ qurbanlarına münasibətində heç bir fərq yoxdur. Eyni siyasətdir.

Daha nə edə bilərik? Variantlardan biri Araz çayının şimal sahilində müvəqqəti çadır şəhərciyi quraraq zəlzələ qurbanı olan soydaşlarımıza sahib çıxmaqdır. Ancaq bunun reallaşması üçün sərhədi müvəqqəti açmalı və zəlzələdən zərər çəkən soydaşlarımızı ölkəmizə dəvət etməliyik. İran buna da mane olarsa Tehranın vətəndaşlarını ölümə məhkum etdiyi aydınlaşacaq.

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 262850
azAZ