Kateqoriya: Açıqlamalar

İranla “Əl-Qaidə” arasında ittifaq mümkündürmü?

ABŞ mənbələrinə görə, “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahiri Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürüldükdən altı ay sonra terror qruplaşmasının rəhbərliyi onun İrandakı varisinə Sayif Əl-Adil keçib. Bu şəxs Misirin keçmiş xüsusi təyinatlılarının zabiti olub, müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandirdir, sonrakı illərdə terrorçu təşkilata qoşulub.

Tehran “Əl-Qaida” ilə əlaqələrinə dair məlumatları hər zaman təkzib edib. Ancaq müxtəlif ölkələrin kəşfiyyat xidmətləri əllərindəki faktlara əsaslanaraq İranla “Əl-Qaida” arasında əməkdaşlığın olduğunu bildirirlər. Niyə də olmasın? Tehran “düşmənimin düşməni mənim dostum olmasa da, tərəfdaşımdır” prinsipindən çıxış edə bilər. Əgər “Əl-Qaida” başda ABŞ olmaqla Qərb ölkələrini hədəf seçibsə, bu Tehranın da maraqlarına uyğundur. Tehran İslam Keçikçiləri Korpusunun ABŞ-ın rekat zərbəsiylə öldürülən komandiri Qasım Slüyemaninin intiqamını başqalarının əli ilə reallaşdırmaq istəyə bilər. Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısının 26 ildir İranda gizləndiyinə dair mətbuatda yayılan məlumat da çox nəsnədən xəbər verir.

 

Paşinyan Bakıya hansı təklifləri göndərib?

Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq. Paşinyanın Münhendə arqumenti bu olacaq ki, “sülh təkliflərinə” Bakıdan cavab gözləyir. Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə – ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb, “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar. Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq.

 

 

İran silahları hər iki tərəfdə olacaq

Ukraynaya qarşı müharibədə İran silahlarından yalnız Rusiya ordusu istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək. Ancaq bu dəfə silahları göndərən Tehran olmayacaq. Deməli, İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərib. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar Amerikaya lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır, sadəcə bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır.

Bu arada, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-la ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər, onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları gələcəkdə ərəb ölkələri üçün təhlükə mənbəyinə çevriləcək. Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəf götürüb. İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir.

 

 

Münhendə yenə debat olacaqmı?

Münhendə 17-19 fevral tarixlərində ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı təsdiqlənib. Görünür, Nikol Paşinyan bu tribunadan istifadə edib Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir. Azərbaycanın da tədbirdə yüksək səviyyədə təmsil olunacağı ehtimalı yüksəkdir.

Münhendə konfransla yanaşı müxtəlif mövzularla bağlı debatlar da keçirilir. Belə debatlardan biri Qarabağ mövzusuyla bağlı olmuşdu. İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin fevralın 15-də debatda iştirak etdilər. Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi.

Prezident İlham Əliyevin konfransda iştirakı təsdiqlənərsə, Nikol Paşinyanla Münhendə yenə debat keçirilə bilərmi? Bəlkə də konfransın təşkilatçıları belə bir debatda maraqlıdırlar. Belə bir debat olsa yenə gərgin keçəcək. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər.

 

 

 

Separatçılar Türkiyə məhsullarını araşdıracaqlar

Qarabağ separatçılarının “Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti” belə bir xəbər yayıb ki, “Arsaxda Türkiyə kənd təssərrfüatı məhsullarının satışı xəbərini araşdıracaqlar”. Guya Türkiyə istehsalı olan məhsullar Xankəndi bazarında peyda olub. Xəbərin bu şəkildə yayılması təfriqə yaratmaq məqsədi daşıyır. Bəllidir ki, hətta işğal dövründə də Ermənistanda Türkiyə istehsalı olan məhsullar satılırdı. Türkiyənin məhsullarının daha keyfiyyətli olduğunu ermənilər də anlayırlar. Həmin məhsullar illər boyu Ermənistana Gürcüstan üzərindən çatdırıb.

Hazırda Türkiyə-Ermənistan dialoqu genişlənib, sərhəd açılıb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədədir, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək fikir mübadiləsi aparıb. Bunun fonunda separatçılar Türkiyə istehsalı olan məhsulların Xankəndidə satılması barədə qəsdən xəbər yayıblar ki, bu Azərbaycanda qarışıq suallar yaratsın. Narahat olmağa dəyməz. Türkiyə-Ermənistan dialoqunun genişlənməsinin, o cümlədən Türkiyənin kənd təssərrüfatı məhsullarının Ermənistanda və ya Qarabağda satılmasından Azərbaycana zərər dəyməz. Ermənilərin strateji müttəfiqimiz Türkiyənin məhsullarına artan tələbatı düşmən dedikləri dövlətdən necə asılı olduğunu göstərir. Mirzoyan elə ona görə Türkiyəyə gedib ki, zəlzələ nəticələrinin ortadan qaldırılması adı altında qonşu dövlətlə siyasi məsələlərin həlli sürətlənsin.

 

Moskva Ruben Vardanyanı bu məqsədlə qaytarıb

Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir. Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib. Rusiyalı rəsmilər Azərbaycanla “strateji tərəfdaşlıqdan” ağır dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Bu suallar açıq qalır: 1. Ruben Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar? 2. Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib? 3.Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?

Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmiləri və diplomatlar heç zaman suallara aydınlıq gətirmədilər. Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə Xovayevin “sülh” barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz buna heç zaman razılaşa bilmərik.

 

“Qarabağ klanının” bir başı da kəsildi

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə müxalifətdə olan “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinin açılması baş nazir Nikol Paşinyanın əlini gücləndirir. Nikol Paşinyan hər zaman bildirir ki, ordu o hakimiyyətə gəlməmişdən əvvəl bərbad durumdaydı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya ilə məşğul idilər. Seyran Ohanyana qarşı qaldırılan cinayət işinin materialları Paşinyanın haqlı olduğunu göstərir. Ermənistanın baş prokuroru Ohanyanın müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını ucuz qiymətə yaxınlarına satmaqda ittiham edib. Seyran Ohanyana qarşı başqa ittihamlar da var. Seyran Ohanyanın korrupsiyaya bulaşdığı onun nazir olduğu illərdə də bəlli idi. Ohanyan 2010-cu ildə İrəvanın mərkəzində bütöv bir binanı satın almışdı.

Beləliklə, Nikol Paşinyan rəqiblərindən birini də neytrallaşdırdı. “Qarabağ klanı” itir-itirə gedir. Klanın lderləri Robert Köçəryan və Serj Sərkisyan Paşinyana rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb.

Paşinyan Kremlinin xoşuna gəlmir, erməni baş nazirin açıqlamaları Moskvanı qıcıqlandırır. Rusiya hakimiyyətinin imkanı olsa onu devirər. Ancaq Kremlin hazırda Ermənistanda bunu reallaşdıracaq adamı yoxdur. Kreml 1990-cı illərin ortalarında prezident Levon Ter-Petrosyanı asanlıqla devirdi, çünki baş nazir Robert Köçəryan və daxili işlər naziri Serj Sərkisyana qiyama rəhbərlik etdilər, o zaman üçün onlar nüfuzlu idilər. İndi isə belələri yoxdur. Paşinyanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq ölkəsində rəqibi yoxdur.

 

 

Sərhədin açılması Azərbaycan üçün təhlükəlidirmi?

Ermənistan sərhəd məntəqəsindən Türkiyəyə humanitar yardım göndərib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç humanitar yardıma görə Ermənistana minnətdarlığını bildirib. 1988-ci ildə Ermənistanda zəlzələ olanda Türkiyə eyni marşrutla qonşu ölkəyə humanitar yardım göndərmişdi. 30 ildən sonra Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana təhlükə yaradırmı?

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən Ermənistan öz məhsulları Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur.

Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi? Bu Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq.

 

İran da Paşinyan üçün yükə çevrilib

Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinə ona görə Azərbaycanla təmas xəttində yerləşməyə razılaşmayıb ki, 1) ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə xələl gəlməsin; 2) Qərb Ermənistanın Rusiya ilə birgə təmas xəttində Azərbaycana qarşı təxribat yaradacağı ittihamıyla üzləşməsin.

Paşinyannın bu açıqlaması onun Rusiyanın maraq dairəsindən uzaqlaşması anlamına gəlir. O bu açıqlamadan bir neçə həftə əvvəl “Ukraynada müharibə aparan Rusiyanın Ermənistanda hərbi varlığı (oxu: hərbi bazalarının varlığı) Ermənistan üçün təhdiddir” cümləsini işlətmişdi. Paşinyanın bu tip açıqlamaları Kremlı açıq-aşkar qıcıqlandırır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə “Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edib” cümləsini işlədib.

Paşinyan Azərbaycana qarşı mübarizədə Qərbin dəstəyini almaq üçün Rusiya ilə münasibətlərdə məsafə saxalamağa başlayıb. Paşinyan eyni məntiqlə İrandan da uzaq dayanmağa çalışmalıdır. Ukraynada işğalçı müharibə aparan Rusiya ilə ittifaq Qərbdə Ermənistanın imicinə zərbədirsə, sanksiya altında olan teokratik İranla yaxınlıq da İrəvana Vaşinqton və Brüsellə münasibətlərdə problem yarada bilər. Bəlkə buna görədir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İranın Ermənistanı dəstəkləməsinin ermənilərə olan böyük sevgidən irəli gəlmədiyini bildirib: “İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir. İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir”.

Bu yeni etirafdır. Deməli, İranla ittifaq da Ermənistana yükdür. Tehran İrəvanın xarici siyasətini korrektə etməsinə qıcıqlanacaq. İçərisində fransalı müşahidəçilərin yer alacağı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanla təmas xətti ilə yanaşı İrana yaxın ərazidə yerləşməsi Tehranın maraqlarına ziddir. “Bölgə ölkələrinin münasibətlərindəki problemlərin həllində kənar ölkələr iştirak etməməlidirlər” – bu iranlı rəsmilərin, diplomatların, din xadimlərinin və generallarının təkrarən söylədiyi açıqlamadır. İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir.

 

Səfir Ermənistanın əvəzinə danışıb

İrəvanda bir neçə gün əvvəl Ermənistan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirildi, budəfə isə Ermənistan-İran münasibətlərinə dair müzakirələr təşkil edilib. Birinci dəyirmi masada erməni ekspertlər Rusiyanın siyasətindən narazılıqlarını ifadə edir, Moskvanın Ermənistanı lazım qədər müdafiə etmədiyini bildirirdilər. İranla bağlı dəyirmi masadan isə erməni ekspertləri razı qalıblar.
Çünki dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri ermənilərin eşitmək istədiklərini deyib.

Birincisi, səfir deyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər. İranlı diplomat bu sözləriylə dəhlizin açılmamasının Ermənistanın da maraqlarına zidd olduğunu iddia edib. Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə bu dəhlizin statusu ətrafında fikir ayrılığı mövcuddur.

İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəklilərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanın təmas xəttindən geri çəkilməsi Ermənistanla yanaşı İranın da imkanı xaricindədir.

Üçüncüsü, səfir deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır. Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra fəaliyyətə başladı, indi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir. Rəsmi İrəvanın Azərbaycan şəhərində Ermənistan konsulluğunun onlar üçün faydalı olacağını hesablamasına ehtiyac var.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1401750
azAZ