Kateqoriya: Analizlər

Sülh Forumu Rusiyanı dayandırmayacaq

Isveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayanlar ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar.

“Reuters” agentliyinin yaydığı məlumata görə, bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib. Sənəddə Zaporojye atom elektrik stansiyanın və dəniz limanlarının Ukrayna geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiyanın təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsi vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir.

Aydındır ki, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. Çinin Sülh Forumunda iştirak etməməsi Kiyevi məyus edib. Əksinə, Ukrayna Prezidenti Volodimir Zelenski Pekini başqa ölkələrin sammitdə iştirak etməsinə mane olduğunu söyləyib. Ukrayna prezidenti iyunun 3-də Sinqapurda Şanqri-la Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bunu demişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ittihamı rədd edərək demişdi ki, Pekin əvvəldən görüşə böyük əhəmiyyət verməyib. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib. Bu Forum Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, ssanksiyalar sərtləşdikcə iqtisadi problemləri artır.

“Atlas” Araşdırmalar Mərkəzi

Taliban qonşulara təhlükə yaradırmı?

Rusiya rəsmilərinin və diplomatlarının Əfqanıstanda hakimiyyətdə olan Taliban qruplaşmasının rəhbərliyi ilə təmasları illərdir mövcuddur. Kreml yeni bir addıma da hazırlaşır. Rusiya hakimiyyəti Talibanı terrorçu qruplaşma siyashından çıxarmaq istəyir. Kremlin Talibandan əsas istəyi Rusiya və tərəfdaşları olan Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmamasıdır. Çünki Əfqanıstanda hələ də müxtəlif terrorçu qruplar mövcuddur ki, onlar Mərkəzi Asiya ölkələrinə hücum planlaşdıra bilərlər. Taliban qonşularıyla münasibətlərdə problem istəmir. Ancaq Taliban Əfqanıstanın tamamına da nəzarət edə bilmir.

Bu arada, Talibanın qonşu İran və Pakistanla münasibətlərinə ara-sıra problemlər olur, sərhəddə gərginliklər yaşanır. Son belə gərginlik iyunun 7-də Əfqanıstan-Pakistan sərhədində qeydə alınıb. Pakistan hökumətinin qərarına görə, vizası və pasportu olmayan Əfqanıstan vətəndaşlarına ölkəyə keçid qadağan edilib. Bu əfqanlar arasında etiraza səbəb olub. Əvvəllər pakistanlılar və əfqanlar şəxsiyyət vəsiqələrini göstərərək sərhədi keçirdilər. İndi bu mümkün deyil.

“Çaman” sərhəd məntəqəsində 17 təhlükəsizlik işçisi də daxil olmaqla ən azı 40 nəfər yaralanıb, etirazçılar oturaq aksiyanın liderlərinin həbsindən hiddətlənərək, dərhal azad edilmələrini tələb edərək hökumət binalarına və qurğularına hücum ediblər. İğtişaşlar daha sonra sərhəd şəhəri boyunca yayılıb. Ətrafdakı dükanlar bağlanmaq məcburiyyətində qalıblar. Həbs edilən liderlər hökumətin yalnız etibarlı pasportları və vizası olanların Çaman sərhəd keçidindən keçməsinə icazə vermək qərarına qarşı Çamanda aylarla davam edən oturma aksiyasının bir hissəsi idi. Pakistan rəsmilərinin sözlərinə görə, etirazçılar milli magistral da daxil olmaqla, əsas yolları bağlamağa çalışarkən qarşıdurmalar başlayıb və barrikadalarla nəqliyyatın hərəkətini pozublar. Daha sonra nəqliyyatın hərəkəti bərpa edilib. Nümayişçilər rabitə sistemlərini də sıradan çıxararaq enerji təchizatını kəsməyə cəhd ediblər. Nümayişçilərə qarşı rezin güllələrdən istifadə edilib. Polis və nümayişçilər arasında yaralanlar olub. Məsələyə bölgə ağsaqqaları qarışmlaı olublar, danışıqlar nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub. Buna baxmayaraq, etirazçılar həbs edilənlərin tamamının azadlığa buraxılmasını tələb ediblər.

İki ölkə arasında sərhəddə gərginlik müvəqqəti azalsa da, bu, problemin köklü həllini yaxınlaşdırmayıb. Pakistan hökuməti ötən ilin noyabr ayında ölkə ərazisində sənədi olmayan əfqanların deportasiyasına qərar verib. Əvvəlcə Pakistan ərazisində kiçik cinayətlərə görə həbs olunan əfqanların deportasiya olunub. Pakistanda 400 mindən çox qanunsuz əfqan mühacir müəyyən edilib. Ümumiyyətlə son 40 ildə Əfqanıstandan Pakistana 4 milyondan çox qaçqın gəlib ki, onların da 1,7 milyonunun ölkədə yaşamaq üçün sənədi yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Nüvə müharibəsi təhlükəsi artırmı?

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bugünə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib. Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.

Həmişə olduğu kimi nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedevdir. O bildirib ki, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər. “Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı” deyən Medvedev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub. Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdırlar və bu qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsini məsələsi barədə fikir bildirmirlər.

Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var. Ancaq Çin rəsmiləri rusiyalı tərəfdaşları kimi “nüvə müharibəsi” mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri açıqlama verərək Pekinin müdafiə strategiyasında nüvə silahından iqtifadə edilməməsinin tərəfdarıdır:  “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.

 

Buna baxmayaraq, Vaşinqton Pekinin Rusiyaya artan hərbi dəstəyində narahatdır. Halbuki, Pekin Rusiyaya hərbi texnika vermədiyini israr edir. Digər tərəfdən Pekin nüvə silahından istifadə edilməməsi strategiyasını bəyan etsə, nüvə arsenalını ildən ilə artırır. Çinin Tayvan ətarfındakı hərbi təlimlərində nüvə başlığı daşıya bilən gəmilər də var idi. Bu təlimlər rəsmi olaraq başa çatsa da, Çinin ada ətrafında hərbi fəaliyyətini bitirməyib, döyüş təyyarələri və hərbi gəmilər birgə döyüş hazırlığı patrulunu davam etdirirlər.

Çinin bölgədə artan gücü Hindistanı ciddi narahat edir. Hindistan strateji dəniz layihəsi reallaşdırır, Andhra Pradeş əyalətində nüvə sualtı qayıqları üçün yeraltı baza tikilir. Qərargahı Visakhapatnamda yerləşən Şərq Dəniz Komandanlığı tərəfindən idarə olunan Hindistanın şərq sahilindəki bu qabaqcıl dəniz bazası Benqal körfəzində əsas nöqtə kimi xidmət edəcək. Layihə 20 kvadrat kilometr ərazini əhatə edir və 2025-2026-cı illərdə tam istismara verilməsi gözlənilən bazada ən azı 10 nüvə sualtı qayığı yerləşdiriləcək. Bazanın tikintisi dağa çoxsaylı tunellərin, böyük dayaqların və dəstək qurğularının yaradılması da daxil olmaqla geniş mühəndislik səylərini əhatə edir. Dəqiq dəyəri bilinməsə də, hesablamalar onun 3,75 milyard dollara çatacağını göstərir.

Bu arada, Avropanın Pekinin siyasətindən daha bir narahatlığı var. Praqada yerləşən analitik mərkəzi olan Beynəlxalq Əlaqələr Assosiasiyasının son araşdırmasına görə, Çin Avropa seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan, o cümlədən siyasi təsir, informasiya manipulyasiyası, rüşvətxorluq və casusluqdan istifadə edir. Pekin yeni Avropa Parlamentinin Çinə münasibətinin dəyişəcəyinə ümidlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Rusiya texnologiyaları haradan əldə edir?

ABŞ və NATO rəhbərliyi Çini Ukrayna müharibəsində Rusiyaya dəstək verməsində ittiham edir. Pekin hər dəfə bu ittihamları rədd edərək iki ölkə arasında ancaq iqtisadi və ticarət əməkdaşlığının mövcud olduğunu bəyan edir. Pekin müharibəni davam etdirmək üçün Rusiyaya hərbi texnika satmadığını bildirir. Vaşinqtonun və Brüsselin isə mövqeyi belədir ki, Rusiya hərbi-sənaye kompleksi üçün lazım olan avadanlıları və müasir texnologiyaları məhz Çindən əldə edir.

Bu arada, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan açıqlama verərək, Çin ordusunun Rusiya silahlı qüvvələri ilə birgə dünyada ədaləti qoruyacaqlarını bildirib. Çin nümayəndəsi beynəlxalq və regional sabitlik naminə iki ölkənin silahlı qüvvələrinin birgə çalışacaqlarını vurğulayıb. Pekin bu açıqlama ilə Vaşintona və Brüsselə mesaj göndərib ki, Çin Rusiya ilə hərbi əməkdaşlığı gizlətmək fikrində deyil, eyni zamanda iki ölkənin silahlı qüvvələrinin “beynəlxalq və regional sabitliyi birə qoruyacağı” bəndi beynəlxalq aləmin narahatlığına səbəb olacaq.

Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tayvan ətrafında hərbi təlimlərin də izahını verib: “Hərbi təlimlər Tayvanın müstəqillik və bu siyasətə dəstək verənlərə qarşı mübarizə vasitəsidir. Bu Çinin qanuni addımıdır. Tayvan Çinin daxili məsələsidir. Bu baxımdan Çin praktik addımlarla ölkənin ərazi bütövlüyünü və suvenerliyini qorumağa hazırdır”. Pekinin Tayvanın Çinə birləşməsinin Avropa nümunəsinə  müraciət edib: “İki Almaniya birləşdiyi kimi Çin və Tayvan da birləşməlidir”. Yəni Pekin demək istəyir ki, Almaniyanın birləşməsi normal qəbul olunduğu kimi Tayvannın da Çinə birləşməsi beynəlxalq aləm normal qəbul etməlidir.

Çinin Tayvana hücum edəcəyi təqdirdə dünyanın böyük iqtisadi itkilərlə üzləcəyi barədə proqnozlar verilir. Hesablamalara görə, müharibə nəticəsində həm qlobal ticarət pozulacaq, həm də dünya iqtisadiyyatı təxminən 10 faiz kiçiləcək. Tayvan boğazı qlobal yük daşımaları üçün çox vacibdir, çünki yük gəmilərinin 50 faizindən çoxu bu bölgədən keçir. Çin-Tayvan toqquşması qlobal tədarük zəncirini pozacaq. Çinin Monqolustan və Kamboca ilə birgə keçirdiyi hərbi təlimlər də diqqətdən yayınmayıb. Bu təlimlər Çin üçün qlobal mənzərədə təsirini genişləndirmək üçün güclü vasitə rolunu oynayır. Çin Cənub-Şərqi Asiyada rekord sayda hərbi təlimlər keçirməklə artan gücünü nümayiş etdirir.

Kreml Tayvan məsələsində Çinin mövqeyini tam dəstəkləyir. Rusiyanın informasiya agentlikləri bu mövzuda Çin-Ukrayna münasibətlərini gərginləşdirmək məqsədilə Kiyevin Tayvanla gizli əlaqələri barədə xəbərlər yayıblar. Ukrayna nümayəndə heyətinin aprel ayında Tayvana səfər etdiyi bildirilib. Nümayəndə heyəti Tayvan hökumətinin Ukraynanın enerji infrastrukturunun yenidən qurulmasında iştirakını təklif edib. Kiyev Pekinlə münasibətlərdə gərginlik istəmir. Ona görə də Kiyevin Tayvanla münasibətləri inkişaf etdirməyə çalışması xəbərləri şübhəlidir. Çünki bu halda Ukrayna-Çin münasibətləri gərginləşəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Hindistan yolunu dəyişmir

Hindistanda parlament seçkilərinin nəticələri bəlli olub. Ümumilikdə Hindistanda keçirilən seçkidə 642 milyon seçici səs verib ki, bu dünya rekordudur. Misal üçün bu nəticə Avropa İttifaqına üzv olan 27 ölkəsində səs verənlərin tamamından 2.5 dəfə çoxdur. Hindistan Seçki Komissiyasının rəhbəri Raciv Kumarın sözlərinə görə, səs verən 642 milyon nəfərin 312 milyonu qadın olub. Başqa bir rekord da vurulub. Seçki komissiyalarının və təhlükəislzik xidmətlərinin təşkilinə 15 milyon işçi cəlb edilib. Hindistanda seçki yeddi mərhələdə keçirilib. Hindistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 967 milyon nəfərdir. Bu ABŞ, Avropa İttifaqı və Rusiya əhalisinin toplamından da çoxdur. Hindistanda səs vermək üçün 1 milyon seçki məntəqəsi fəaliyyət göstərib.

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) parlament seçkilərində qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. İlkin məlumatlara görə, Modinin partiyası 543 yerlik parlamentdə 350 ilə 370 arasında yeri qazanıb. Hökuməti təkbaşına formalaşdırmaq üçün bu kifayətdir. “Twitter” hesabında “Hindistan yenə qalib gəldi” yazan Modi yenə rəqiblərini üstələməyə müvəffəq olub. Hindistan Milli Konqresin simasında müxalifət bloku parlamentdə cəmi 125 ilə 154 millət vəkili yeri qazana bilib. Bu Modinin Hindistanda reytinqinin yüksək olduğunu göstərir. Son parlament seçkisini Modi ilə bağlı bir referendum sayanlar da az deyil.

Beləliklə, Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək. Bu Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunun təkrarıdır. “The New York Times” nəşri Modinin seçki kampaniyası dövründə 200 mitinqdə iştirak etdiyini və 80-ə yaxın müsahibə verdiyini yazıb. Bu qələbə Narendra Modinin xarici və təhlükəsizlik siyasətində onun əlini gücləndirəcək. Modi növbəti 5 ildə də Hindistanın iqtisadi gücünü artırmağa çalışacaq. Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi ölkəsi olacağı ehtimal edilir. Buna baxmayaraq, Modi hakimiyyətdə olduğu 10 ildə kifayət qədər iş yerləri aça bilməyib. Aprel ayında mart ayı ilə müqayisədə işsizlik artıb.

Narendra Modinin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir. O Rusiya ilə ABŞ arasında balansı qorumağa çalışsa da, iqtisadi əməkdaşlıqda Qərb ölkələrinə üstünlük verir. Bu siyasət gələcək illərdə də davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Sinqapurdan Kiyevə uzanan yol

Kiyev 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa böyük əhəmiyyət verir. Kiyevin ümidi onadır ki, bu konfransda Rusiyanın işğalçı siyasəti qınanılacaq və qəbul edilən yekuna bəyanatda Ukraynaya dəstək artırılacaq. Bu proqnozlar özünü doğrultmaya da bilər. Konfransa dəvət olunan ölkələrin sayı çoxdur və bu dövlətlərin bir qismi Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiya ilə açıq qarşıdurmada maraqlı deyillər.

Buna baxmayaraq, Rusiyaya tərəfdaş ölkələrdən də İsveçrədəki foruma qatılanlar olacaq. Misal üçün Hindistanın baş naziri Narendra Modi 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək Sülh Forumunda iştirak edəcəyini bildirib. Halbuki, Kreml çox çalışırdı ki, Dehli həmin forumda iştirak etməsin. Hindistanın baş naziri Narendra Modi bildirib ki, Hindistan qlobal sülhə, təhlükəsizliyə və inkişafa dair beynəlxalq aləmdəki vacib sammitlərdə iştirakını davam etdirəcək. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanı konfransa dəvət etmək üçün şəxsən Dehliyə səfər etmişdi. Kiyev əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanın tədbirə qatılmasına çalışdı və müsbət nəticə əldə etdi.  Dehli Moskva ilə sıx əməkdaşlığa çalışsa da, Rusiyadan məsafə saxlamağı da bacarır. Bundan başqa Kremlin Pekinlə çox yaxınlaşması Çinlə sərhəd mübahisələri olan Hindistan hakimiyyətini narahat edir.

Çin İsveçrədəki Sülh Forumunda iştirak etməyəcəyini rəsmən bəyan edib. Halbuki, Ukrayna Prezidenti Volodimir Zelenski Çin rəhbəri Si Cinpinin foruma qatılmasını çox istəyirdi və dəvətini bir neçə dəfə təkrarlamışdı. Olmadı. Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda çıxış edən Volodimir Zelenski Çin nümayəndə heyəti ilə görüşə bilmədiyini bildirib və Pekinin Ukrayna ilə bağlı sülh sammitində iştirak etməyəcəyindən məyus olduğunu deyib. Zelenskinin sözlərinə görə, Çin başqa ölkələrin də sülh sammitinə gəlməsinin qarşısını almağa çalışır. Misal üçün Səudiyyə Ərəbistanı son anda İsveçdəki foruma qatılmayacağını bəyan edib. Volodimir Zelenski Vaşinqton və Brüssel kimi hesab edir ki, Çinin Rusiyaya dəstəyi Ukraynadakı münaqişəni uzadacaq. Zelenski Sinqapurdakı konfransda ABŞ müdafiə naziri Lloyd Austinlə görüşüb. Tərəflər Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər.

Sinqapurdakı konfransda itşrak edən Çinin müdafiə naziri admiral Dun Çzyun isə Asiya və Sakit Okeandakı durumdan danışıb. Admiral Tayvanı dəstəkləyənləri Pekinin xəbərdarlığını çatdırıb. O adanın müstəqilliyi üçün separatçıları cəsarətləndirən “xarici qüvvələrə” bildirib ki, bu siyasət bölgəni təhlükəli həddə çatdıra bilər. Çinli admiral Tayvanı Çindən ayırmağa cəsarət edən hər kəsin “özünü məhv edəcəyini” bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi

Ukrayna müharibəsi yeni ittifaqlar formalaşdırıb

Böyük Britaniya Ukraynaya hərbi dəstəyini artırıb. Bu Londonla Kiyev arasında strateji tərəfdaşlıq sazişinə uyğundur. Böyük Britaniya Amerika Birləşmiş Ştatları ilə birgə Rusiya ordusunun Ukraynada irəliləməsinin qarşısının almağa çalışır. Vaşinqton və London əvvəlcə Ukraynaya göndərdiyi raketlərin Rusiya ərazisini hədəf almasını istəmirdilər. Bu Vaşinqtonla Londonun Kremlə də mesajıydı ki, müharibənin genişlənməsini istəmirlər. Ancaq aylar keçdikcə Vaşinqton və London mövqelərini dəyişdirdilər. Rusiya Ukrayna şəhərlərini raketlərlə vurduğuna görə, Vaşinqton və London da Ukraynanın Rusiya ərazisini hədəf alması hüququnun olduğunu tanıdı.

Bu arada, Londonla Pekin arasında münasibətlər gərginləşib. Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ölkəsinin və ABŞ-ın kəşfiyyat məlumatlarına istinadən  bildirib ki, Çin Rusiyaya hərbi texnika göndərməyi planlaşdırır. Müdafiə naziri bununla bağlı Moskva ilə Pekin arasında razılaşmanın olduğunu deyib. Rusiyanın Çin, İran və Şimali Koreya ilə birgə hərbi ittifaq formalaşdırdığını Vaşinqtondakı mənbələr də iddia ediblər. NATO-nun ümumi büdcəsinin artırılması gərəkliyi məhz bu amillə izah edilib.

Çin Xarici İşlər Nazirliyi Böyük Britaniya müdafiə nazirinin və bu ölkənin siyasətçilərinin Çin əleyhinə açıqlamalarını əsassız və təxribatçı adlandırıb. Pekin hesab edir ki, müharibənin genişlənməsinə Çin deyil, Böyük Britaniyanın siyasəti səbəb olub. Pekin buna misal kimi Londonun iki il əvvəl Moskva ilə Kiyev arasında mümkün razılaşmanı pozduğunu göstərib. Pekin tərəflər arasında İstanbul görüşünü nəzərdə tutub. Çin rəsmilərinin fikrincə, London daha sonra Kiyevə təsir edib və Moskva ilə razılaşma pozulub. Halbuki, Kreml Rusiya qoşunlarının Ukrayna ərazisini tərkindən imtina edib. Buna baxmayaraq, Pekin sülhə Londonun mane olduğu qənaətindədir. Çinin sülh tərəfdarı olduğunu vurğulayan Pekin dialoqu dəstəklədiyini bildirib.

Bütün hallarda Çin hərbi gücünü artırmaqdadır. Çin lideri Si Cinpin ölkənin hərbi büdcəsinin artırılmasına qərar verib. Çinin Tayvan adası ətrafında genişmiqyaslı hərbi təlimləri buna misaldır. Tayvanı Çin ərazisi kimi dəyərləndirən Pekin adanın separatçı prezidenti ilə təmas qurmaq istəmir. Pekinin mövqeyi dəyişməzdir:  “Tayvan dövlət haqqı olmayan Çinin əyalətlərindən biridir”. Ada hakimiyyəti bu yanaşma ilə razı deyil.

Bu arada, Çin  məxfi saxlamağa çalışdığı müxtəlif hərbi proqramlar həyata keçirir. Bu hərbi proqramlar innovasiyalara əsaslanır. Misal üçün Çin öz donanmasını modernləşdirmək və regiona nəzarəti gücləndirmək məqsədilə dünyanın ilk iki gövdəli dron daşıyıcısını hazırlayır. Çin yeni texnologiyaları müxtəlif dövlətlərdən əldə etdiyi məxfi sənədlər əsasında reallaşdıra bilib. ABŞ-da son həbslərdə ikili vətəndaşlığı olan şəxslərin Çinə hərbi məlumatlar ötürüldüyü aşkarlanıb.

“Atlas” Araşdırmalar Mərkəzi

NATO ən pis sssenarilərə hazırlaşır

Rusiya – NATO münasibətləri gərginləşib. Şimali Atlantika Bloku Rusiyanın Ukraynada cəbhə xəttini yarmağa çalışmasından narahatdır. NATO-nun Brüsseldəki mənzil qərargahında Ukrayna üçün ən pis ssenariləri nəzərdən keçirməyə başlayıblar.

Bu arada, NATO baş katibi Yens Stoltenberqin ritorikası sərtləşib. Baş katib Kremllə yanaşı Rusiyaya dəstək verən dövlətləri də hədəf seçib. Yens Stoltenberq Sofiyada NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib ki, Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir. Baş katibin sözlərinə görə, Çin Rusiya ilə iqtisadi əlaqələri gücləndirməklə və ikili təyinatlı avadanlıqların çatdırılmasını təmin etməklə faktiki Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləmiş olur. Yens Stoltenberq başqa bir məqama da diqqəti yetirib: “Çin heç bir mərhələdə Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib. Əksinə Çin Rusiya ilə iqtisadi ticarət əlaqələrini gücləndirib”. NATO baş katibi buna misal kimi Rusiyanın ona lazım olan mikroelektronikanın 90 faizini Çindən aldığını bildirib: “Bu mikroprosessorlar, mikroelektronikadan Rusiya raketlər, döyüş tankları, təyyarələr yaratmaq üçün istifadə edir və sonradan bunlar Ukraynaya qarşı amansız müharibə aparmaq üçün istifadə olunur”.

Beləliklə, Yens Stoltenberqin məntiqinə görə, Çinin iqtisadi dəstəyi olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni tam gücü ilə apara bilməzdi. NATO baş katibi hesab edir ki, Kreml Çindən asılı vəziyyətə düşüb və bu gələcəkdə Rusiyaya əlavə problemlər yaradacaq. Pekin NATO baş katibinin iddialarını rədd edib.

Bu arada, ABŞ sualtı qayıqlarında nüvə silahı olan qanadlı raketlərin yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı mühüm qərarla üz-üzədir, bu, Çin və Rusiya ilə artan gərginlik fonunda onun çəkindirmə strategiyasını yenidən formalaşdıra bilər. Söhbət qanadlı raketlərin Virciniya sinifli nüvə sualtı qayıqlarından yerləşdirilməsindən gedir. Pekinin Tayvanı ram etməyə çalışması ABŞ və NATO-nun diqqət mərkəzindədir. Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimləri beynəlxalq aləmdə böyük əks-səda doğurub. Çin ada ətrafında hərbi təlimlərə 62 təyyarə və 27 gəmi cəlb edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında deyib ki, “Tayvanın müstəqilliyi” ilə məşğul olanlar üçün çıxılmaz vəziyyət yaranacaq və “Tayvanın müstəqilliyi”nə dəstək vermək yalnız əks nəticə verəcək. Çinin qonşu ölkələrlə davam edən ərazi mübahisələri bölgədə əlavə gərginlik yaradır. NATO Avropa təhlükəsizliyinin təminatçısı olaraq Rusiyanı durdurmağa çalışmaqla yanaşı Çinlə də qarşıdurma içərisindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

“Böyük yeddilər”in yeni hədəfi kimdir?

“Böyük yeddilər” Çinin artan iqtisadi gücündən narahatdır. “Bloomberg” agentliyinin məlumatına görə, “böyük yeddilər” Çinin iqtisadi gücündən qorunmaq üçün “ortaq cəbhə” formalaşdırmağa qərar veriblər. Bununla bağlı layihə üzərində iş gedir. Həmin sənəddə “böyük yeddilər” qlobal iqtisadiyyatı və təhlükəsizliyi gücləndirmək məqsədilə aralarındakı əməkdaşlığı gücləndirməlidirlər.

“Böyük yeddilər” bununla etiraf edirlər ki, ayrı-ayrılıqda Çinlə mübarizə apara bilmirlər. Ona görə də Qərbin inkişaf etmiş yeddi ölkəsi sistemli mübarizəyə ehtiyac duyur. “Böyük yeddilər” aralarındakı ixdalın və ixracın kənar təsirlərdən qorunmasını təmin etməlidirlər. Kənar təsir dedikdə Çini nəzərdə tuturlar. Bunun alınacağı çətin görünür. Çünki Qərb ölkələrinin Çinlə ticarətindəki rəqəmləri fərqlidir, vergilər də eyni deyil. Bütün bunları sistemləşdirmək çətin olacaq. Məsələ burasındadır ki, “böyük yeddilər”ə üzv olan dövlətlər illər boyu “azad və ədalətli ticarətin” tərəfdarı olublar. İndi isə bu prinsipdən geri çəkiləcəklərini elan edirlər. Qərb ölkələri Çinlə azad və ədalətli ticarətə hazır deyillər. Digər tərəfdən Pekin Çindəki istehsala subsidiyalar ayırır ki, bunun özü də azad və ədalətli ticarətə müsbət təsir etmir. Qərb ölkələri ucuz Çin məhsulları ilə rəqabət apara bilmirlər. Çin isə ixracata yönəlik istehsalı ildən ilə artırır.

Bu arada, “Reuters” agentliyinin xəbərinə görə, ABŞ Ticarət Nümayəndəliyi elektrik avtomobilləri və onların akkumulyatorları, kompüter çipləri və tibbi məhsullar da daxil olmaqla, Çin məhsullarına kəskin tarif artımlarının avqustun 1-dən qüvvəyə minəcəyini açıqlayıb. Ağ Ev sahibi Cozef Bayden adı çəkilən Çin məhsullarına idxal rüsumlarını 100 faizdən çox artırmağa qərar verib. Bayden əvvəlki prezident Donald Tramp da Çin məhsullarına tətbiq edilən tarifləri artımışdı. Artan tariflər həm də Amerika işçilərini ucuz Çin idxalının qorxulu selindən qorumaq üçün nəzərdə tutulub. Böyük Britaniya da oxşar qərarlara hazırlaşır. Londonda beynəlxalq məsələlər üzrə beyin mərkəzi sayılan “Chatham House”da bununla bağlı müzakirələr keçirilib. London hesab edir ki, son illərdə süni intellekt ətrafında qızğın rəqabət dünyada güc dinamikasını dəyişdirmək iqtidarındadır və bu sahədə Çindən geri qalmaq olmaz.

“Atlas” Araşdırmalar Mərkəzi

Sülh Forumunda kimlər iştirak edəcək?

İsveçrədə 15-16 iyun tarixlərində Ukraynaya həsr olunmuş Sülh Forumu keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski bu foruma bir çox dövlət liderini dəvət edib. Zelenski xüsusi olaraq ABŞ Prezidenti Cozef Baydenin və Çin lideri Si Cinpinin tədbirə qatılmasını istəyir. Zelenski bu iki dövlətin liderinə şəxsən çağırış edib. Ukrayna prezidenti hesab edir ki, ABŞ və Çin liderlərinin tədbirə qatılması sülhü yaxınlaşdıra bilər.

Zelenskinin istəyinə baxmayaraq, ABŞ və Çin liderlərinin tədbirə qatılacağı çətindir. Əlbəttə, ABŞ İsveçrədəki Sülh Forumunda təmsil olunacaq. Ancaq şəxsən Ağ Ev sahibinin tədbirə qatılacağı sual altındadır. Yaşlı Cozef Bayden enerjisini prezident seçkisindəki rəqibi olacaq Donald Trampla mübarizəyə xərcləmək istəyir. Çin lideri Si Cinpin isə Rusiyanın iştirak etmədiyi tədbirə qatılmaq istəmir. “Politico” nəşrinin məlumatına görə, Si Cinpin Çindən İsveçrədəki tədbirə kimsənin qatılmasını da istəmir. Digər tərəfdən Çin rəsmiləri Tayvan ətrafında gərginlik fonunda amerikalı həmkarları ilə eyni masada oturmaq istəmirlər.

CNN-in verdiyi məlumata görə, Pekinin ada ətrafında böyük hərbi təlimlər keçirməsindən bir neçə gün sonra ABŞ senatorları Tayvana səfərləri zamanı ada sakinlərini Çindən qoruyacaqlarını vəd veriblər. Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəhbəri Tayvanda açıqlama verərək ABŞ-ın 1979-cu ildə qəbul olunan Tayvanla münasibətlər haqqında qanuna əsasən bu ölkəyə silah-sursat təchizatını davam etdirəcəyini bildirib. O bildirib ki, Tayvan beynəlxalq hüququn digər subyektləri kimi özünümüdafiə hüququna malikdir. Maykl Makkol təlimləri “demokratiyanı cəzalandırmaq üçün hədə-qorxu taktikası” kimi qiymətləndirib. Amerikalı senatorların Tayvana səfəri və orada verdiyi açıqlamalar Çin-ABŞ münasibətlərini daha da gərginləşdirəcək.

İsveçrədəki tədbirə 80-ə yaxın dövlətin təmsilçisi qatılacaq. Tədbirə qatılmayacaq dövlətlər arasında Braziliya və Cənubi Afrika Respublikası da var. Bu iki dövlət Rusiya və Çinin yer aldığı BRİCS təşkilatının üzvüdürlər. Buna baxmayaraq, BRİCS üzvlərindən Hindistan İsveçrdəki Sülh Forumunda iştirak edəcək.  Kiyev Cənubi Qafqaz ölkələrinin də Sülh Forumunda iştirakına ümidlidir.

Volodimir Zelenski “Reuters” agentliyinə verdiyi müsahibədə Sülh Forumunda əsas 3 mövzuya diqqət yetiriləcəyini bildirib. Bu nüvə təhlükəsizliyi, Qara dənizdə gəmilərin sərbəst hərəkət etmələri və müharibə dövründə oğurlanan ukraynalı uşaqların geri qaytarılmasıdır. Hər 3 mövzunun Rusiyaya dəxli var. Çünki Ruiya Ukraynada atom elektrik stansiyalarını təhlükə altında saxlayır, Qara dənizdə gəmilərin üzmələrinə müxtəlif əngəllər yaradır və işğal etdiyi ərazilərdə ukraynalı uşaqları Rusiyaya köçürür. İsveçrədəki forumda Rusiyanın işğala son verməsi vacibliyi barədə müzakirələr aparılmayacaq. Çünki bu halda bir sıra dövlət tədbirə qatılmayacaqdı. Kiyev müzakirə etmək istədiyi 9 mövzudan ancaq 3-nün müzakirəsini lazım bilib ki, iştirakçı sayı çox olsun. Zelenski ümid edir ki, Sülh Forumu Rusiyaya təzyiqin artırılmasına şərait yaradacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1409529
azAZ