Kateqoriya: Analizlər

Bütün yollar San-Fransiskoya aparır

Vaşinqton Pekinlə dialoqu müxtəlif formalarda davam etdirir. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı münasibətlərdəki gərginliyi azaltmaq üçün danışıqlar apardı. Onun ardınca, amerikalı senatorlar Çinə səfər ediblər. Nümayəndə heyətinə demokratların Senatdakı çoxluğunun lideri Şak Şumer başçılıq edib.

Senatorlar Pekində xarici işlər naziri Van Yi və Çin lideri Tsi Cinpinlə görüşüblər. Senatorların səfəri iki ölkə arasındakı münasibətlərdə yeni gərginliklə yadda qalıb. Naməlum şəxs avtomobilini Çinin Amerikanın San-Fransisko şəhərindəki konsulluq binasının üzərinə sürüb. Pekin bu insidentin ciddi şəkildə araşdırılmasını tələb edib. Çinin San-Fransiskodakı konsulluq binasına keçmiş illərdə də hücumlar olub, 2014-cü ildə konsulluq binasını yandırmaq istəyiblər. Problem ondadır ki, San-Fransikoda çinlilərin böyük diasporu mövcuddur və həmin çinlilər kommunsit sisteminə nifrət edirlər. Noyabrın 11-17 tarixlərində isə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti keçiriləcək. Həmin tədbirə Çin lideri də dəvətlidir. Vaşinqton həmin tədbirə qədər şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

İki ölkə arasında xəfiyyə qalmaqalları da bitmir. “The New York Times” nəşrinin yazdığına görə, San-Fransiskoda ABŞ vətəndaşı keçmiş yüksək rütbəli hərbçi həbs olunub. Həmin hərbçinin ölkəsinin gizli məlumatlarını Çinə ötürdüyü məlum olub. Həmin hərbçi bir müddət Honkonqda yaşayıb, ABŞ-a geri döndükdən sonra həbs olunub.

Bu arada, “The Washington Post” dərgisində yayımlanan məqalədə, ABŞ prezidenti Co Baydenin Tsi Cinpinlə görüşməyə çalışdığı yazılıb. Blinkenin və demokrat senatorların Pekinə səfərlərinin əsas məqsədini də bu təşkil edib. Bu istəyə baxmayaraq, görüşə mane olan açıqlamalar var. Co Bayden çıxışlarının birində Tsi Cinpini diktator adlandırıb, Çin lideri isə ABŞ-ın imperialist siyasət yürütməkdə ittiham edib.

Yaxın Şərqdəki son qanlı hadisələr də Vaşinqtonla Pekin arasında fikir ayrılığı yaradıb. Vaşinqton hesab edir ki, Pekinin İsrailə hücum edən Həmas təşkilatını əməlini pisləməməsi yanlış idi. Pekinə səfər edən senatorlar bununla bağlı narazılıqlarını bildiriblər. “Mən Çin xalqını İsrailə xalqına dəstək verməyə çağırıram” deyən senator Şumer Pekinin İsraillə Həmas arasında bərabərlik işarəsinin qoyulmasının doğru olmadığını vurğulayıb. ÇİN Xarici İşlər Nazirliyinin bəyanatında Yaxın Şərqdəki problemlərin həlli Fələstinin müstəqil dövlət kimi tanınmasından keçdiyi bildirilib. Bu Vaşinqtonun xoşuna gəlməyib. Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi kimi uğur qazandıqdan sonra eyni uğuru Fələstinlə İsrail arasında danışıqlarda qazanacağını ümid edirdi. Ancaq bu alınmadı.

“Atlas” Araşdırmalar Mərkəzi   

Donald Trampın hədəfləri bəllidir

Dünyada nə neqativ hadisə baş verirsə, keçmiş ABŞ prezidenti Donald Tramp bunda Ağ Evin hazırki sahibi Cozef Baydeni və onun administrasiyasını günahlandırır. Tramp növbəti dəfə prezident seçkisinə hazırlaşdığına görə Ağ Ev administrasiyasını istənilən mövzuda tənqid edir.

Donald Tramp Həmas qruplaşmasının İsarilə hücumunu ABŞ-ın zəifliyi kimi qiymətləndirib. Tramp hesab edir ki, İsrailə hücum dünyada ABŞ-ın gücünə inam azaldığına görə baş tutub. “Bizi zəif kimi görməyə başlayıblar” deyən Tramp ölkəsinin liderinin zəif olduğunu xatırladıb. Tramp bildirib ki, o prezident seçkisində qələbə qazanarsa İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək.

Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir. Trampın fikrincə, ABŞ Ukraynanı dəstəkdən imtina etməlidir. Donald Trampın fikrincə, Ukraynaya dəstək Avropa İttifaqının Ukraynaya dəstəyi qədər olmalıdır. “Niyə zəif prezident Cozef Bayden Avropanı Ukraynaya gərəkən maliyyə ayırmağı məcbur edə bilmir” sualını səsləndirən Tramp Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Amerikanın üzərindən götürülməsi vacibliyini irəli sürüb. Bu o deməkdir ki, Donald Tramp növbəti seçkidə qələbə qazanarsa ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyə bilər. Ona görə də Ukrayna müharibədə dönüş yaratmaq istəyirsə, bunu Cozef Baydenin prezidentlik müddəti bitənə qədər reallaşdırmalıdır.

Donald Tramp Rusiya-Çin ittifaqına görə də Cozef Baydenin və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib. Tramp “Just The News” dərgisinə verdiyi açıqlamada, Obamanın və Baydenin yanlış siyasətinin Çin-Rusiya ittifaqına gətirib çıxardığını bildirib. “Mən tarixdən bilirəm ki, Çinlə Rusiya yaxınlaşmasına imkan verəndə ABŞ-ın problemləri artır” deyən Tramp bildirib ki, Vaşinqtonun siyasətinin Moskva ilə Pekinin yaxınlaşmasınin qarşısını almaq üzərində qurulmalıdır: “Rusiya Çinin uzun sərhədi var. Rusiyanın ərazisi böyük, Çininki azdır. Buna görə də bu iki dövlət dost ola bilməz”.

Donald Tramp bu məsələdə haqlıdır. Rusiya-Çin ittifaqı ABŞ-a əlavə problemlər yaradıb. Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırırlar. Moskva və Pekinin çoxqütblü dünya yaratması təşəbbüsləri də ABŞ əleyhinədir. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə Çin-Rusiya ittifaqını zəiflədə biləcək. Donald Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub.

“Atlas” Araşdırmalar Mərkəzi   

Liderlərin görüşünə ehtiyac var

Pekin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələ ki, bu alınmır. Çin lideri Tsi Cinpin iyun ayında ABŞ dövlət katibi Entoni Blinken Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmağa yol açmalıydı. Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ prezidenti Cozef Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi.

Pekin Vaşinqtonun “münasibətlərin normallaşması” vədlərinə inanmır. Buna baxmayaraq, Çin ABŞ-la dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələ ki, mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada “böyük iyirmilərin” sammitində görüşmüşdülər.

Liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur. Bu arada, Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir.

Buna baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmirlər. Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə gah qamçı, gah da kökə siyasətindən istifadə edirlər. “The Financial Times” dərgisi Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması vəziyyətindən necə çıxacağı ilə əlaqələndirib. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Dünya iqtisadiyyatı təhlükə altındadır

Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilərini göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Amerika Birləşmiş Ştatlarının Virçiniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər. Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. Amerika Birləşmiş Ştatlarını isə Dövlət Departametinin, Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanı hərbi gücünü artırmağa çalışır. Bundan başqa ABŞ müttəfiqləri ilə birgə Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Entoni Blinken “Atlantic” dərgisinə verdiyi müsahibədə deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.

Buna baxmayaraq, Çin lideri Tsi Cinpin mövqeyində qətidir. O Çin Xalq Respublikasının yaranmasının 74-cü ilində yenə eyni fikri təkrarlayıb: “Heç bir qüvvər Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz”. Çin lideri “vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda Tayvanda 2024-cü ilin yanvarında keçiriləcək administrasiya rəhbərliyinə seçkilər də müzakirə edilib.

Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlayarsa bu dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa dünyada qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Entoni Blinken də bununla razıdır. Blinken Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir. Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “bir yol, bir kəmər” forumunda iştirak edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Koreya yarımadası həyəcan içindədədir

Şimali Koreyanın nüvə proqramı və davamlı raket sınaqları qonşusu Cənubi Koreyanı ciddi narahat edir. Seul Şimali Koreyanın digər iki nüvə dövləti Rusiya və Çinlə artan əlaqələrindən də narahatdır. Şimali Koreya diktatorunun bir müddət əvvəl Rusiyaya səfəri və president Vladimir Putinlə müzakirələri Seulda diqqətlə izlənilirdi. Bundan sonra Çindən böyük heyət Şimali Koreyaya səfər etdi.

Aydındır ki, Moskva və Pekin Şimali Koreyanın Qərblə qarşıdurmasını dəstəkləyirlər. Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur. Bu vəziyyət Cənubi Koreya üçün ciddi təhdid yaradır.

“Financial Times” qəzetində yayımlanan məqalədə, Seulun Pekinə çağırış etdiyi bildirilib. Seul Pekinə çağırış edib ki, Şimali Koreyaya nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreyanın rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Şimali Koreyanın nüvə proqramını dəstəkləyirlər. Bu Şimali Koreyaya imkan verir ki, nüvə proqramını və raket sınaqlarını davam etdirsin.

Pekinin Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur. Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Pekinin maraqlarına cavab verir. Çünki Qərbin və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün hər zaman Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb.

Bu vəziyyətdə Cənubi Koreya ABŞ və Yaponiya ilə birgə üçlü ittifaq formalaşdırıblar. 3 ölkənin lideri bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında birgə görüş və müzakirələr keçiriblər. Seulun başqa alternativ qalmayıb. Halbuki, bəzən Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diqtə edir.

Bu arada, Avstraliyanın Siyasi Araşdırma Mərkəzinin hesabatına görə, Çin sensor texnologiyalarında ABŞ-ın üstələyib. Pekin inertial naviqasiya sistemləri, maqnit sahəsi sensorları, multispektral və hiperspektral sensorlar, fotonik sensorlar, radar, peyk yerləşdirmə və naviqasiya, sonar və akustik sensorlar sahəsində Vaşinqtonu, ABŞ isə kvant sensorları, atom saatları üzrə tədqiqatlarda Çini qabaqlayır. Bu Qərb ölkələri üçün həyəcan siqnalı ola bilər. Çünki Çin ABŞ üstələdəyi texnologiyalarla Qərblə mübarizə aparan ölkələrlə bölüşə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Rusiya nədən məhrum olub?

Ukrayna müharibəsinin Rusiya iqtidsadiyyatına mənfi təsirləri davam edir. Rusiya rublu dəyərdən düşməkdədir. Bu arada, Rusiya Avropaya sata bilmədiyi qazı başqa bazarlara yönətlməyə çalışır. Ancaq Rusiyanın nəhəng “Qazprom” şirkətinin də imkanları tükənir. “Qazprom” 2023-cü ildə daxili və xarici bazarlara ötən illə müqayisədə 26.5 faiz az qaz nəql edib. Şirkət ötən ilin eyni dövründə bazarlara 225.7 milyard kubametr qaz nəql etmişdi. Bu ilin eyni dövrün göstəricisi 166 milyard kubametrdir. “Qazprom” bu azalmanı siyasi və iqtisadi amillərlə izah edib. Şirkət “siyasi amillər” dedikdə Avropanın Rusiya qazından imtinanı nəzərdə tutub. Bundan başqa 2022-ci ilin qışının nisbətən az soyuq olduğunu təsiri də vurğulanıb. Halbuki, Rusiya rəsmiləri və mediası təbliğat aparırdı ki, Avropa donma təhlükəsi yaşayacaq və bu halda Rusiya qazına ehtiyac duyacaq. Avropa donmadı və başqa rerurslar hesabına vəziyyətdən çıxdı. “Qazprom” şirkətinin ümidi Türkiyə və Çinədir. Türkiyə üzərindən qazın satışı hələ müzakirə dövründə olduğuna görə əsas bazar əvvəlkitək Çin sayılır.

Qaz nəqlinin xaricində Rusiya-Çin iqtisadi münasibətlərində mənfi amillər diqqəti çəkir. CNN televiziya kanalının məlumatına görə, Rusiya Çinə təxminən 150 min boş konteyneri geri qaytara bilmir. Çindən Rusiyaya daşınan məhsulların həcmi o qədər çoxdur ki, boşalan konteynerlər sərhəddə ilişib qalıb. Bundan başqa iki ölkə arasında ticarətdə disbalans yaranıb. Çin Rusiyaya müxtəlif məhsulları satır, Rusiyadan isə ancaq xammal alır. Xammalı isə həmin konteynerlərdə geri göndərmək mümkün deyil.

İki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 155 milyard dollara çatmasına baxmayaraq, Çinin ixrac gücünün azaldığı diqqət mərkəzindədir. Bütün hallarda Rusiya Ukrayna müharibəsinə görə Çin məhsullarına möhtac qalıb. Rusiyanın Avropa ölkə ilə ticarət mübadiləsi dayanıb. Rusiya özünə lazım olan məhsulları Çindən almağa çalışır. Çin Rusiyanın maşın bazarında əhəmiyyətili rol oynamağa başlayıb. Rusiya Çində istehsal olunan maşınları alır. Çinin avtomobil istehsal edən müəssisələri Rusiyada kütləvi şəkildə ticarət mərkəzləri açırlar. Bunun hesabına Çinin “Chery” avtomobil şirkətinin gəlirləri dəfələrlə artıb, xarici bazarlarda, o cümlədən Rusiyada 450 min nəqliyyat vasitəsi satıb. Rəqəmlər artsa da, Rusiya istehlakçıları məmnun deyillər. Çünki Ukrayna müharibəsinə qədər Rusiya vətəndaşları Avropanın modern nqəliyyat vasitələrini almaq imkanına malik idilər. İndi isə ya keyfiyyətsiz yerli maşınlar almalı, ya da Çindən gətirilən nəqliyyat vasitələrinə üstünlük verməlidirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Putin bu ölkədən daha böyük dəstək gözləyir

Rusiya prezidenti Vladimir Putin Çinə səfər etməyə hazırlaşır. Doğrudur, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Putin Rusiyadan kənara çıxmamağa çalışır, avqust ayında tərəfdaş adlandırdığı Türkiyəyə səfərdən də imtina etdi. Ancaq Türkiyədən fərqli olaraq Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskvada bu dövləti müttəfiq adlandıranlar da var. Digər tərəfdən Çin lideri Tsi Cinpin bir müddət əvvəl Rusiyaya səfər edib Putinlə görüşmüşdü. Həmin görüşdə Cinpin Putini Çinə dəvət etmişdi. Kreml sahibi səfərdən imtina etsəydi, bu, onun dostu Cinpinə qarşı hörmətsizliyi kimi başa düşülə bilərdi. Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiyanın dost və tərəfdaşı onsuz da azdır. Putinin Çinin dəstəyinə ehtiyacı var. Vladimir Putin Pekində “Bir kəmər, bir yol” forumunda da iştirak edəcək.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Putinin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə ediləcək. Bunu Çinin Rusiyadakı səfiri Çjan Xanxey də təsdiqləyib. Səfir Pekindəki müzakirələrdə iki ölkənin beynəlxalq aləmdə əməkdaşlığın davamı mövzuları ilə bağlı fikir mübadiləsinin aparılacağını bildirib. Moskva və Pekin Qərbin təzyiqlərinə və sanksiyalarına qarşı birgə mübarizəni davam etdirməkdə maraqlıdırlar.

Rusiyada Çinin iqtisadi modelinə də maraq var. Ancaq Rusiya bu modeldən faydalana bilmir. Bunun səbəbini Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabibullina belə izah edib: “Çinin inkişaf modeli Rusiyaya yaramır, iki ölkənin iqtisadiyyatlarında fərqliliklər çoxdur. Misal üçün Çin kapitalın və maliyyə bazarlarının liberallaşdırılmasına yeni keçib. Rusiya isə bu yolu çoxdan keçib. Ona görə də bizə geri qayıtmağa ehtiyac yoxdur”. Rusiya Mərkəzi Bankı rublun gücləndirilməsi üçün Çin modelinin təhlükəli olduğu qənaətindədir. Buna baxmayaraq, rusiyalı iqtisadçıların bir qismi rublun möhkəmləndirilməsi üçün Çin modelindən istifadəni faydalı hesab edirlər.

Rusiya Mərkəzi Bankının Çin modelindən faydalanmasının başqa səbəbi də var. Çində 2023-cü ildə iqtisadi inkişaf tempi azalıb. “Bloomberg” agentliyinin analizinə görə, Çində illik artım cəmi 5 faiz olub. Bu illərdir böyüyən Çin iqtisadiyyatı üçün kiçik rəqəmdir. Çinin daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Bundan başqa Çinin ixracı azalıb. Bu isə yerli istehsalın məhsuldarlığına mənfi təsir edir.

Vladimir Putin üçün hazırda önəmli olan siyasi əlaqələrdir. Ancaq Çin iqtisadiyyatındakı problemlərin Rusiya iqtisadiyyatına da mənfi təsiri var. Rusiya Avropaya sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Ancaq əgər Çinin valyuta gəlirləri azalırsa, bu ölkənin Rusiyanın qazının əsas hissəsini almasında da problemlər yaranacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

“Nüvə klubu”nun üzvləri poliqonlarını niyə gücləndirirlər?

“CNN” televiziya kanalının yaydığı xəbərə görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?

Peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb. Bu Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub.

Bu o deməkdir ki, bu 3 ölkə bir-birlərinə inanmırlar və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər. Halbuki, keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün poliqona gedib. Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı həyata keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa nüvə silahından istifadə barədə düşünəcək.

Dünyada nüvə dövlətlərinin sayı getdikcə artır. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Bu iki ölkə kollektiv Qərbə qarşı güclərini birləşdirir

Rusiya Ukrayna müharibəsi fonunda Qərb ölkələri ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Moskva bu mübarizədə strateji tərəfdaşı Pekinə arxayındır. Çinin xarici işlər naziri Van Yi bir müddət əvvəl Rusiyaya dörd günlük səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla müxtəlif mövzuları müzakirə edib. Van Yi eyni zamanda Moskvada iki ölkə arasında 18-ci strateji təhlükəsizlik məsləhətləşmələrində iştirak edib.

Van Yi Sergey Lavrovla yanaşı Rusiya Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşüb. Patruşev deyib ki, Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Moskva Pekini dəstəkləyir. Patruşevin sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün kollektiv Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.

Rusiya və Çin BMT, BRİCS, “böyük iyirmilər” və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Pekin və Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar. Qərbin Rusiya və Çinə münasibəti oxşardır, Moskva və Pekinin siyasətlərini beynəlxalq aləm üçün təhlükə kimi qiymətləndirir. Belə olan halda  Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanın gücləndirirlər.

Buna baxmayaraq, Çinin Rusiyadan fərqi var. Qərb Kremllə münasibətlərini dondurub, Pekinlə isə müxtəlif səviyyələrdə təmaslar davam edir. Misal üçün Qərb diplomatları Pekinə səfər edir və çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Qərb diplomatları BMT-də Sergey Lavrovla görüşmədilər. Qərb diplomatları işğalçı dövlətin rəsmiləri ilə görüşmək istəmirlər.

ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşməyi planlaşdırıb. Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərinin görüşünü hazırlamaq üçün tez-tez təmas qururular. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Van Yi ilə Malta adasında 12 saatlıq müzakirələr aparıblar. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək.

Bu görüşlərə və müzakirələrə baxmayaraq, Vaşinqton Pekinə təzyiq siyasətindən itmina etmək istəmir. Vaşinqton Çin-Rusiya strateji tərəfdaşlığını, Çinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti ABŞ üçün təhlükə kimi qiymətləndirir. Vaşinqton bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyadan formalaşan AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Adalar uğrunda mübarizə yeni mərhələyə daxil olub

Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı F-16 hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı.

Bu arada, ABŞ prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır. Halbuki, Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetmanda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüz minlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib.

Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələr satacaq. Halbuki, Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək.

Bu arada, Tayvan adası ətrafında da vəziyəti gərgindir. ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri “Reuters” agentliyinə verdikləri müsahibələrdə Çinin hərbi təlimlərinin bölgədə müharibə risqini artırdıqlarını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1405908
azAZ