Kateqoriya: Analizlər

Honkonq modelini Qarabağ üçün təklif edənlər gecikiblər

Azərbaycan prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün dünyada mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir. Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə “müstəqillikdən” başqa heç bir “təklifi” qəbul etməyəcəklərini bildirdilər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diqtə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildilər. Ermənistanın baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib tuturdu.

İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Azərbaycan qələbə çaldı və torpaqlarının böyük hissəsini azad etdi. Hazırda şərtləri diqtə edən tərəf Azərbaycandır. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır. Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.

Buna baxmayaraq, erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırlıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər.

Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir. Honkonqda isə çoxpartiyalı sistem mövcuddur. Honkond Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir.

Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır.

Birincisi, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur.

İkincisi, prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

Dialoq aşağı səviyyədədir

Vaşinqtonla Pekin arasında dilaoq yaxın tarixin ən aşağı səviyyəsindədir, rəsmilərin qarşılıqlı səfərləri azalıb. Sinqapurda iyunun əvvəlində keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq konfransda ABŞ və Çinin müdafiə nazirləri Llyod Ostinlə Li Şanqfu şam yeməyində qısa fikir mübadiləsi aparıblar. Halbuki, daha əvvəl müdafiə nazirlərinin geniş fikir mübadiləsi aparacaqları anons edilmişdi. Olmadı. Çin müdafiə naziri görüş keçirməkdən imtina edib. Çin müdafiə naziri amerikalı həmkarıyla telefonla danışmağı da bir neçə dəfə rədd edib.

“Şanqri-La Dialoqu” Asiya və Sakit okean regionu ölkələrinin müdafiə nazirlərinin ənənəvi görüş və müzakirə formatıdır. Tədbirə Avropadan da qonaqlar dəvət edilib. Vaşinqton bu konfrans vasitəsilə Pekinlə dialoqu bərpa etmək istəyirdi. Pekin rədd cavabı verib. Məsələ burasındadır ki, ABŞ-ın Çinin müdafiə naziri Li Şanqfuya qarşı sanksiyaları mövcuddur. Vaşinqtonun bu sanksiyaları Çinin müdafiə nazirinin Rusiyadan hərbi təyyarələr  və C-400 raket komplekslərinin alışıyla bağlıdır. Çinin müdafiə nazirinə qarşı sanksiya qərarı Donald Trampın prezidentliyi dövründə qəbul olunub. Co Bayden bu qərarı ləğv etməyib.

“Reuters” agentliyinin məlumatına görə, Sinqapurdakı toplantıda 20 ölkənin təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri arasında qapalı şəraitdə görüş də baş tutub. Tərəflər mövcud təhlükələri müzakirə ediblər. Qapalı görüşdə Çin təmsilçisi iştirak etsə də, təhlükəsizlik məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Çində ingilis dilində nəşr olunan “South China Morning Post” qəzetində yayımlanan məqalədə hazırki şərtlər altında iki ölkə arasında danışıqların mümkün olmayacağı vurğulanıb. Doğrudur, kiçik ranqlı diplomatlar arasında təmaslar qeydə alınır, ancaq liderlər və nazirlər görüşmürlər. Pekin təmasların başlaması üçün Vaşinqtonun Çinə qarşı sanksiyaların ləğvini vacib sayır. Bundan başqa Pekin Vaşinqtonun bölgədə hərbi bloklar yaratmasından narahatdır. Bunlardan biri AUKUS-dur. ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən bu blok bölgədə birgə hərbi təlimlərin sayını artırıb. Pekin hesab edir ki, bu fəallıq Çinə qarşı yönəlib. Bu arada, Pekin Çin şirkətlərinə ABŞ istehsalı olan “Micron” yarımkeçiricilərinin alınmasını qadağan edib. Pekin hesab edir ki, həmin yarımkeçiricilər Çinin təhlükəsizliyi üçün təhdiddir.

Vaşinqton Pekinin Ukrayna və Tayvan siyasətindən narahatdır. Bu narahatlıq ortadan qaldırılmayana qədər Vaşinqtoun Çinə qarşı sanksiyalarını yumşaldacağı problematikdir. Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləmir, əksinə Rusiyanın “maraqlarının” nəzərə alınması vacibliyini bildirir. Çin lideri Tayvanı ələ keçirmək siyasətindən də əl çəkməyib. Əslində Tayvanla münaqişə birinci növbədə Çinin maraqlarına ziddir. Çinin Rusiya ilə ticarət mübadiləsi 190 milyared dollar olduğu halda Tayvan adasıyla ticarət mübadiləsinin həcmi 200 milyard dollardır. Yəni Çinin “müstəqilliyini” tanımadığı ada ilə ticarət mübadiləsinin həcmi yaxın dostu və tərəfdaşı olan ölkə ilə ticarət mübadiləsinin həcmini ötür.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekinin “yumşaq gücü” necə formalaşıb?

Çinlə ABŞ həm birbaşa mübarizə aparır, həm də hər ikisinin maraqları müxtəlif ölkələrdə toqquşur. ABŞ müttəfiqləri vasitəsilə Liviyada Qəddafi rejimini süquta uğradınca Çinin neft şirkətləri bu ölkədə 50 milyard dollara yaxın yatırımlarını itirdilər. Və ya Yəməndə vətəndaş müharibəsi başladıqda Çin öz vətəndaşlarını bu ölkədən çıxarmaq üçün hərbi gəmilərindən istifadə etdi. Yəni Çin yatırım qoyduğu ölkələrdə qeyri-sabit durumla üzləşdikdə maliyyə itkiləriylə də üzləşir. Pekində hesab edirlər ki, Vaşinqton qəsdən Çinə müxtəf ölkələrdə problemlər yaşadır.

Çinin növbəti nəhəng layihəsi “Böyük İpək yoludur”. Bu nəqliyyat layihəsində onlarla ölkə iştirak etməyə maraq göstərir. Çin bu nəqliyyat yolu vasitəsilə məhsullarını Avropa bazarlarına çatdıracaq. Nəqliyyat yolunun üzərindəki hər hansı ölkədə qeyri-sabit duruma yaranarsa bu Çinin də maraqlarına mənfi təsir edəcək. Çin şirkətləri bəzən çalışdıqları ölkədə də təhlükəsizlik problemi yaşayırlar. Misal üçün Pakistanda Çinə məxsus “China Gezhouba Group Company Limited” şirkətinin mühəndislərini daşıyan maşın karvanı partladılmışdı. Mərkəzi Asiya ölkələrində də zaman-zaman yerli işçilərlə çinlilər arasında gərginliklər yaşanır. Bu səbəbdən Pekin yatırımlarını və müxtəlif ölkələrdə çalışan işçilərini qorumaq barədə də planlar hazırlayır.

Çində hərbi hazırlıq çalışmaları genişlənib. Pekin bu sahədə tərəfdaş ölkələrlə əməkdaşlığa əhəmiyyət verir. Misal üçün Çinin hərbi mərkəzlərində 107 ölkədən 6 minə yaxın hərbçi təhsil alıb. Çin bununla dost sayını artırmağa çalışır. Çində təhsil alan xarici hərbçilər arasında 8 müdafiə naziri təyinatı alan olub.

Pekinin istifadə etdiyi “yumşaq güc” ona daha çox dost qazandırmağa hesablanıb. Çin müxtəlif ölkələrdə ona lazım olan yeraltı zənginliklərin istismarına maraq göstərir. Pekin əvvəlcə həmin ölkəyə maliyyə dəstəyi verir, sonra ora yatırımları cəlb edir, üçüncü mərhələdə hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Misal üçün Çin Afrikanın neftlə zəngin ölkəsi olan Nigeriya ilə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirib. Nigeriyalı hərbçilər Çinin hərbi mərkəzlərində kurslarda iştirak edirlər. Çin Nigeriya hərbçilərinə anti-terror əməliyyatları həyata keçirmək təlimləri keçir. Bu Pekin üçün ona görə vacibdir ki, həmin nigeriyalı hərbçilər Çinin bu ölkədəki yatırımlarını və müəssisələrini qoruya bilsinlər. Çin Mərkəzi Asiya ölkələriylə də eyni əsasda əməkdaşlıq etməyə çalışır. Mərkəzi Asiya ölkələri Çinlə iqtisadi əlaqələrə əhəmiyyət versələr də, Pekinlı hərbi əməkdaşlıqda ehtiyatlı mövqeyə üstünlük verirlər. Mərkəzi Asiya ölkələrinin hərbçiləri Türkiyənin hərbi mərkəzlərində təhsilə maraq göstərirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Tramp sürətlə irəliləyir

ABŞ-ın 45-ci prezidenti Donald Trampın reytinqi artmaqda davam edir. Tramp prezident Baydenlə mübarizəyə hazırlaşır. Doğrudur, bunun üçün Tramp Respublikaçı Partiyanın əsas namizədi seçilməli və partiyadaşlarıyla mübarizədə ilkin seçkinin qalibi olmalıdır. Rəy sorğuları göstərir ki, Tramp partiyadakı rəqiblərini xeyli üstələyir. Misal üçün “Morning Consult” şirkətinin araşdırmasına görə, Trampla respublikaçı əsas rəqibi – Florida ştatının qubernatoru Ron Desantis arasında 43 faizlik fərq var. Yəni Trampa 61 faizlik dəstək varsa, Desantisə dəstək cəmi 18 faiz civarındadır. Buna baxmayaraq, Desantis Trampla gələcək mübarizəyə hazırlaşır.

Trampı sərt çıxışları yenidən məşhurlaşdırıb. Tramp sadə amerkiların eşitmək istədiklərini deyir. Misal üçün Tramp deyir ki, o prezident olarsa Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvan ələ keçirə bilməyəcək. Trampın fikrincə, Pekin Vaşinqtonun şərtlərini qəbul edəcək. Tramp Rusiya prezidenti Vladimir Putinlə və Çin lideri Tsi Cinpinlə dil tapacağını vurğulayır. Halbuki, ABŞ-la Çin arasında münasibətlərdə gərginlik məhz Trampın prezidentliyi dövründə başlamışdı və Ağ Evin o zamankı sahibi Çinə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Co Bayden bu siyasəti davam etdirmək məcburiyyətində qalıb. Çin Tayvanı ələ keçirmək istəyərsə, Trampın Pekini necə saxlayacağı sual doğurur. Tramp prezidentliyi dövründə Şimali Koreyanın diktator liderini nüvə silahından imtinaya inandıra bilmədi. O bunu bacarmadısa, Pekini Tayvandan imtinaya necə inadıracaq?

ABŞ-ın “The Hill” dərgisində yayımlanan məqalədə Tramp Respublikaçı rəqibləriylə amansız mübarizəyə hazırlaşır və qələbə çalacağına əmindir. Tramp istənilən rəqibi ilə televiziyalarda debat aparmağa hazır olduğunu bildirib. Ümumiyyətlə Tramp son aylarda müsahibələrin sayını artırıb, hətta vaxtilə onu tənqid edən kanallarda da çıxışlar edir. Prezident seçkisi yaxnlaşdıqca Tramp fəallığını daha da artıracaq. Tanınmış respubkaçı senatorlar, o cümlədən vaxtilə partiyalarından prezidentliyə iddalı olan Marko Rubio və Ted Kruz da Trampı dəstəkləməyə hazırdılar. Görünür, hər iki senator bununla Trampın qələbəsi halda müxtəlif vəzifələrə ümid edirlər.

Ağ Evin hazırki sahibi Co Baydenin reytinqi yüksək deyil. Baydenin fiziki halı və çıxışları zamanı səhvləri amerikalıları narahat edir. Ona görə də gələcək seçkidə Trampın şansları yüksək sayıla bilər. Trampa mane ola biləcək amillərdən biri ona qarşı hər hansı məhkəmə çəkişməsi ola bilər. Ancaq Tramp bu kimi sınaqlardan uğurla çıxa bilən siyasətçidir. Amerika tarixində adətən bir dəfə prezident olan sonrakı illərdə iddiasını ortaya qoymur. Özü də Tramp prezidentliyini davam etdirmək üçün rəqibi Baydenə məğlub olub. Buna baxmayaraq, Tramp ənənəvi siyasətçilərdən deyil və gələcək mübarizəyə köklənib.

“Atlas” Araşdırmalar Mərkəzi

“Quad” NATO-ya bənzəyəcəkmi?

“Hindustan Times” dərgisində yayımlanan məqalədə yazılıb ki, Hindistan və Avstraliya “böyük yeddilər”ə daxil olmasalar da, Yaponiyadakı toplantıya dəvət almışdılar və bu, bölgədə yeni təhlükəsizlik formatının təsisiylə əlaqələndirilib. Bununla “Quad” ölkələri (ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın üzv olduğu təhlükəsizlik dialoqu) Yaponiyanın Xirosimo şəhərində fikir mübadiləsini davam etdiriblər. Təşkilat çərçivəsində hərbi əməkdaşlığın genişlənməsi ön plana çıxıb. “Quad”a üzv ölkələrin baş qərargah rəisləri arasında təmasların sayı artıb. Toplantılarda Böyük Britaniyanın yüksək rütbəli hərbçiləri də iştirak edirlər. Üzv ölkələrin hərbçiləri toplantılarda mümkün təxribata qarşı birgə fəaliyyətin mexanizmlərini müzakirə edirlər.

“Quad” dialoq formatı 2004-cü ildə təsis olunub. Həmin il Hind okeanında sunami nəticəsində müxtəlif sahil ölkələrində 200 minə yaxın insan həlak olmuşdu. Dialoq formatının məqsədi fövqəladə hallar zamanı birgə əməkdaşlığın təşkili idi. “Quad” 2017-ci ilə qədər fəal format olmayıb. Təşkilatı sonrakı illərdə ABŞ-ın keçmiş prezidenti Donald Tramp fəallaşdırıb. Tramp administrasiyası “Quad”ı Çinin artan gücünə qarşı formata çevirməyə qərar verdi. Trampdan sonrakı prezident Co Bayden bu siyasəti davam etdirməyə qərar verdi. Pekinlə “Quad” arasında qarşıdurma artıb.

Hindistan adətən hərbi bloklara qoşulmur. Ancaq Hindistanın Çinlə münasibətlərində artan gərginlik və son illərdə sərhəddə baş verən toqquşmalar Dehlini də “Quad” üzvü olmağa həvəsləndirdi. Hindistan son illərdə Qərb ölkələrindən hərbi texnika alışını artırıb. Halbuki, Dehli son illərə qədər Rusiyadan daha çox hərbi texnika alırdı. Ancaq Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətiylə bağlı ciddi suallar yaradıb. Buna görə də Dehli Rusiya ilə əməkdaşlığı davam etdirməklə yanaşı Qərb texnologiyalarına üstünlük verməyə başlayıb.

Beləliklə, “Quad” NATO-ya bənzəməyə başlayıb. Doğrudur, “Quad” çərçivəsində hansısa təhlükəsizlik sənədləri imzalanmayıb və ya bu dialoq formatı NATO-dan fərqli olaraq ortaq müdafiə siyasət yoxdur. Buna baxmayaraq, Vaşinqton Asiya qitəsində tərəfdaşlarıyla müttəfiqliyi gücləndirmək məqsədilə regional bloklar formalaşdırmağa maraq göstərir.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekin Ankaranı əvəz edə biləcəkmi?

Rusiyanın Baxmut şəhərini işğal etməsi müharibəni uzadacaq. Ukrayna bu şəhəri itirsə də, əks-hücum əməliyyatlarından imtina etməyib. Belə vəziyyətdə tərəflər arasında danışıqlar real deyil. Türkiyə müharibəni dayandırmaq üçün bir ara vasitəçi kimi çıxış etsə də, müharibənin artan şiddəti qarşısında geri çəkildi. İstanbulda bir neçə görüş keçirilsə də, nəticə əldə olunmadı. Ankaranın vasitəçiliyində əsas uğur “taxıl anlaşması” oldu. Ancaq anlaşmanın hər dəfə uzadılmasına ehtiyac yaranır ki, danışıqlar çətin irəliləyir.

Bu arada, Pekin Ankaranın yerini tutmağa çalışır. Çin lideri Tsi Cinpin Rusiyaya iki günlük səfərindən bir müddət sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışdı. Ancaq vasitəçi olmaq üçün bu kifayət etmir. Bu səbəbdən Tsi Cinpin Kiyevə nümayəndəsini göndərdi. Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huin Kiyevdə müzakirələr apardı. Çinli diplomat Kiyevdən sonra Ukraynadakı müharibənin həlli yollarını tapmaq məqsədilə Polşa, Fransa, Almaniya və Rusiyada da müzakirələr apardı. Li Huin vaxtilə Çinin Rusiyada səfiri olub.

Pekinin bu təşəbbüslərinə baxmayaraq, nəticə yoxdur. Pekinin müharibənin dayandırılması üçün bir neçə ay əvvəl hazırladığı 12 bəndlik təkliflər paketi işə yaramadı. Bu təkliflərin ən böyük qüsuru Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinə dair bir cümlənin belə olmamasıdır. Qərb ölkələri Pekinin səmimiyyətinə inanmırlar. Fransa prezidenti Emmanuel Makronun Ukrayna müharibəsinə görə Rusiyanın faktiki olaraq Çinin vassalına çevrildiyini bildirib. «Böyük yeddilərin» Yaponiyadakı toplantısında liderlər Çinə çağırış edərək, müharibənin dayandırılması məqsədilə Pekinin Kremlin siyasətinə təsiri vacibliyini vurğulayıblar. Pekinin isə müharibənin və işğalın dayandırılması məqsədilə Kremlə təsir etmək fikir yoxdur. “Böyük yeddilər” hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin müharibəni dayandırmağa imkanı var, ancaq Pekin bu imkandan istifadə etmək istəmir.

Vaşinqton və Brüssel Pekinin Rusiya ilə Ukrayna arasında vasitəçi olmasına imkan verməyəcəklər. Kiyev Çinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini müsbət qiymətdirsə də, Ukrayna Qərbin maliyyə və hərbi yardımından asılı vəziyyətdədir. Kiyev Vaşinqton və Brüsselin rəyini nəzərə almaq məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

Çin Xəzəri də seçib

“Çin – Mərkəzi Asiya” sammitində Çinin Mərkəzi Asiya ölkələrinə 3.7 milyard dollar yardım edəcəyi ilə bağlı qərar verilib. Çin lideri Tsi Cinpinin sözlərinə görə, Çin yoxsulluğun aradan qaldırılması sahəsində Mərkəzi Asiya ilə elmi və texnoloji əməkdaşlıq planı yaradacaq, həmçinin Çin şirkətlərini regionda daha çox iş yeri yaratmağa təşviq edəcək. Sammitdə Çin lideri ilə yanaşı Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Özbəkistan prezidenti Şövkət Mirziyayev və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak edib. Çin lideri Tsi Cinpin Mərkəzi Asiya ölkələrinə ilk dəfə 2013-cü ildə səfər edib və daha sonra səfərlərin sayı artıb.

Maraqlıdır ki, bu ölkələrin əksəriyyəti Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Belə olan halda Çinin Mərkəzi Asiya ölkələri ilə özəl format yaratmağa nə ehtiyacı var?

Birincisi, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri arasında Rusiya və Hindistan da var. Çinin Hindistanla sərhəd problemi mövcuddur, Mərkəzi Asiya uğrunda mübarizədə Pekin tərəfdaşı Kremli rəqib sayır. Pekin Şanxay Əməkdaşlıq Təşkilatında Mərkəzi Asiya ilə inteqrasiyanı gücləndirə bilmədiyndən bölgə ölkələri ilə Rusiya və Hindistanın yer almadığı formata ehtiyac duyub.

İkincisi, Mərkəzi Asiya uğrunda mübarizəyə ABŞ da qoşulub. Vaşinqtonun  Mərkəzi Asiya ölkələri ilə ortaq “5+1” formatı var. ABŞ dövlət katibi ildə bir dəfə Mərkəzi Asiya xarici işlər nazirləri ilə birgə toplantı keçirir. Bu toplantıda Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq mövzuları müzakirə olunur. Bu Rusiya ilə yanaşı Çində narahatlıq doğurur.

Üçüncüsü, Mərkəzi Asiya ölkələri zəngin enerji və mineral yataqlara malikdirlər. Bu böyük potensialdır. Maliyyəsi ildən ilə artan Çinin isə daha çox enerji və mineral zənginliklərə ehtiyacı var. Ona görə də Pekin Mərkəzi Asiya ölkələrinə investisiyalar və yardımlar ayırır. Rusiya və ABŞ Mərkəzi Asiya ölkələrinə edilən yatırımların və yardımların həcminə Çindən geri qalırlar. “Reuters” agentliyinin məlumatına görə, Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı cari ildə 4.2 faiz artacaq. Bu rəqəmi Beynəlxalq Valyuta Fondu da təsdiq edib. Çin bu potensialdan istifadə etməyə çalışır. Mərkəzi Asiyanın neft və qaz xətlərinin bir hissəsi Çinə istiqamətlənib. 2022-ci ildə Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət mübadiləsinin həcmi 70 milyard dollara çatıb.

Dördüncüsü, Çinin “Böyük İpək” yolu layihəsinin əsas ana xətti Mərkəzi Asiyadan keçir və keçməlidir. Pekin Mərkəzi Asiya ölkələrinin tamamını “Böyük İpək” yolu layihəsinə cəlb etmək istəyir. Bu arada, Pekin müxtəlif marşrutlarla yanaşı Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Azərbaycan və Türkiyəyə çıxışına da müsbət yanaşır. Bununla yanaşı Çin İran və Ermənistanla əməkdaşlıqda maraqlıdır. Xəzər üzərindən keçən marşrut Azərbaycan, Gürcüstan və Türkiyədən Avropaya uzanır. Digər marşrutun isə Türkmənistandan quru yolla İrana və Ermənistana keçidi nəzərdə tutulub. Azərbaycanla Ermənistanın razılaşma əldə edəcəyi halda Zəngəzur dəhlizi də “Böyük İpək” yolunun tərkib hissəsinə çevriləcək. Bununla Pekin Avrasiya bölgəsindəki ölkələrinin mütləq əksəriyyətini “Böyük İpək” yolu layihəsinə cəlb etməyə çalışır.

Buna baxmayaraq, Çinin bölgədə artan fəallığının risqləri də var. Pekin Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasa da, bu ölkələrin xarici və təhlükəsizlik siyasətində balansı qorumasını istəyir, yəni bu ölkələrin ABŞ və Rusiya ilə yaxınlaşmasının əleyhinədir. Bundan başqa Mərkəzi Asiya ölkələri Çindən daha çox borc aldıqca Pekindən asılı vəziyyətə düşürlər. Çin rejiminin zülmündən qaçan uyğurlar əsasən Mərkəzi Asiya ölkələrində məskunlaşırlar. Bu amil də Pekini narahat edir.

“Atlas” Araşdırmalar Mərkəzi

“Böyük yeddilər” Rusiya ilə Ermənistan arasında gizli sövdələşmədən xəbərdardır

Böyük yeddilərin” liderlərinin Yaponiyanın Xirosimo şəhərində keçirilən sammitinın əsas mövzusu yenə Ukrayna oldu. Əlbəttə, böyük dövlətlərin liderləri iqlim dəyişikliyi, qlobal iqtisadi durum, nüvə təhlükəsizliyi kimi mövzuları da müzakirə etdilər. Ancaq Ukrayna bütün mövzuların fövqündə idi.

Toplantının ilk günü liderlər Ukrayna müharibəsiylə bağlı birgə bəyanat qəbul etdilər. Bəyanat 11 bənddən ibarət idi. Liderlər Ukraynaya nə qədər lazımdırsa o qədər dəstək verəcəklərini bir daha vurğuladılar. Bu o deməkdir ki, “böyük yeddilər” əllərindən gələni edəcəklər ki, Ukrayna məğlub olmasın. Ancaq müzakirənin başladığı ikinci gün Rusiyanın Ukraynanın Baxmut şəhərinin işğalını yekunlaşdırdığı xəbər gəldi. Halbuki, Rusiya ordusu və “Vaqner” muzdluları aylardır şəhəri işğal etməyə müvəffəq olmur, on minlərlə itki verirdi. Ukrayna ordusu müqavimətini sona qədər davam etdirməyə çalışsa da, geridə daha münasib mövqeyə çəkildi. Bu son deyil, Ukrayna Baxmutu geri qaytarmaq uğrunda mübarizəsini davam etdirəcək.

Ukrayna prezidenti Volodimir Zeenskinin sammitdə videokonfrans vasitəsilə iştirakı açıqlanmışdı. Buna baxmayaraq, Zelenski sammitdə iştiraka qərar verdi. Bu Zelenski üçün ona görə vacib idi ki, liderlərilə ümumi və təkbətək söhbətlərdə Ukraynaya dəstəyin artırılması vacibliyini onlara izah etsin. Misal üçün Ukrayna ABŞ-dan F-16 təyyarələrini almağa çalışır. Vaşinqtonda bu xahişə müsbət yanaşanlar da var, mənfi yanaşanlar da. Rusiya təyyarələri Ukrayna səmasında  üstünlüyə malikdilər.

“Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların təsirli olduğunu və Rusiyanın gərlirlərinin azaldığını bildirdilər. Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi və soyadı əlavə olunacaq. Misal üçün Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında isə Rusiyanın 70 şəxsi və şirkəti yer alıb. ABŞ-ın siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıq edən Ermənistan şirkətləri də var. “Atlas” Araşdırmalar Mərkəzinin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərin siyahısı dərc edilmişdi.  Bu Ermənistanla Rusiya arasında gizli sövləşmədir.

“Böyük yeddilərin” ikinncə əsas mövzusu Çin idi. Liderlər Çinin okeanlarda hərbi gücünü artırmasından, Tayvana qarşı hərbi planlar hazırlamasından və uyğurlara qarşı təzyiq siyasətindən narahat olduqlarını bildiriblər. Pekin bu ittihamlara sərt reaksiya verib. Pekin Yaponiyada Çinə qarşı səslənən fikirlərin münasibətlərə zərər vuracağını bildirib. Pekin Tayvan və uyğurlar məsələsinin Çinin daxili işi olduğunu bəyan edib.

Pekinin bəyanatına baxmayaraq, Qərb ölkələri hər iki məsələylə bağlı fərqli mövqeyə malikdirlər. Təsadüfi deyil ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Çini qlobal təhlükəsizliyiə ən böyüj təhdid adlandırıb. “Böyük Yeddilik Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir” deyən Böyük Britaniya hökumətinin başçısı Rusiya ilə yanaşı Çinlə də mübarizənin davam etdirilməsi vacibliyinə toxunub.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropanın yeni strategiyası kimə qarşı olacaq?

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrel rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. Ancaq Borrel yalnız Rusiya ilə kifayətlənmir. O son çıxışlarının birində Avropa İttifaqı ölkələrini Çinlə mübarizəyə də səsləyib. Borrel Çinin dünyada artan gücündən narahatdır. Ona görə də avropalı baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir. Borrel bütün bu fikirlərini “Financial Times” qəzetində yayımlanıb. Borrel ayrıca, mövzu ilə bağlı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Borrel həmin məktubda yazıb ki, Avropa İttifaqı ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar.

Borrel Çinin siyasətindən niyə narahatdır?

Birincisi, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.

İkincisi, Borrel hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün heç nə etməyib, halbuki, buna cəhd edə bilərdi.

Hadisələrin bu istiqamətdə gedidaşı Pekinin narahat edir. Çin ABŞ-la siyasi və təhlükəsizlik sahəsində rəqabət aparır. Ancaq Pekin eyni rəqabəti Avropa ölkələri ilə aparmaq istəmir. Çinin xarici işlər naziri Tsin Qan Avropa ölkələrinə səfəri zamanı münasibətləri gərginləşdirməməyə və Brüsseli Amerikanın yolu ilə getməməyə çağırıb. Tsin Qan hesab edir ki, Vaşinqton qəsdən Avropa ilə Çin arasındakı münasibətləri gərginləşdirir. Buna baxmayaraq, Çinin artan gücü onu istər-istəməz Avropa ilə də üz-üzə qoyur.

Bu arada, Çinin daha bir ölkə ilə münasibətləri gərginləşib. Kanada hökuməti Çinin Toronto şəhərindəki konsulluğunda çinli diplomatı ölkədən çıxardıqdan sonra eyni addımı Pekin atıb. Kanadanın Şanxay şəhərindəki konsulu persona non-qrata elan edib. Kanada hökumətinin ölkədən çıxardığı çinli diplomat Kanada parlamentinin Çin mənşəli deputatını şantaj edirmiş. Kanadanın “Globe and Mail” dərgisində şantajın mahiyyəti yazılıb. Kanadanın Çin mənşəli deputatı Maykl Çoxqun yaxın qohumları Honkonqda yaşayır. O isə Çinin insan haqları siyasətini tənqid edir. Çinli diplomat deputata xatırladıb ki, Pekinə qarşı tənqidlərini davam etdirsə, Honkonqdakı qohumları üçün pis olacaq. Pekin ABŞ və Kanada ilə münasibətlərin gərginlşməsini istəməsə də, bu qalmaqallar normallaşma prosesinə mane olur.

“Atlas” Araşdırmalar Mərkəzi

“Real danışıqlar” mümkündürmü?

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “CBS News” kanalına müsahibəsində deyib ki, Ukrayna və Rusiya arasında “real danışıqlar” ilin sonuna qədər mümkündür. Bəs vasitəçi kim olacaq? Kissincer Çini təklif edib.

Kissincer nəyə istinadən Pekinin vasitəçi ola biləcəyini deyib? Görünür, Pekinin son zamanlar artan rolu buna dəlalət edir. İranla Səudiyyə Ərəbistanın barışmasında da əsas vasitəçi Pekin oldu. Pekin özü də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. Ancaq bunun üçün zəmin yoxdur. Pekin Moskva ilə strateji tərəfdaşlığı gücləndirərkən Kiyevlə münasibətlərdə məsafə saxlayır. Doğrudur, Pekin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalı pisləmir və torpaqların Ukraynaya geri qaytaraılması vacibliyindən danışmır. Bu olmadan isə sülhü təmin etmək mümkün deyil.

Kissincerin Çinlə bağlı müsbət açıqlamasına baxmayaraq, Vaşinqton və Brüssel Çinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyini qəbul etmirlər. Ukraynaya əsas dəstək verən Vaşinqton və Brüsseldir. Kiyev bu iki mərkəzin rəyi ilə hesablaşmaq məcburiyyətindədir. Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Tsi Cinpinlə telefon danışığında sadəcə bu qənaətə gəlib ki, Çin Rusiyaya silah və hərbi texnika satmayacaq. Ancaq Vaşinqton və Brüsselin Pekinin bu vədi yerinə yetirəcəyinə inamı azdır.

Bu arada, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, Pekin öz maraqlarını qoruyacaq. Bu o deməkdir ki, Pekin də Avropa İttifaqı ölkələrinə qarşı sanksiyalar qəbul edəcək.

Pekin hesab edir ki, Vaşinqton ABŞ və Çin liderlərinin Bali adasında əldə edilən müsbət impulsu pozub. Bunu Çinin xarici işlər naziri Sin Qan ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə də deyib. 2020-ci ilin noyabrında Çin lideri Tsi Cinpin və ABŞ prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında “G-20” sammiti çərçivəsində uğurlu danışıqlar aparmışdılar. Pekin bu danışıqlardan sonra münasibətlərin normallaşacağına ümid edirdi. Olmadı. Pekin hesab edir ki, Bayden keçmiş prezident Donald Trampın siyasətinə qayıdıb. Çinlə münasibətlərin ən gərgin dövrü Donald Trampın prezidentliyi dövrünə təsadüf etmişdi.

Pekinin Vaşinqtonla münasibətləri normallaşdırması çətin olacaq. Pekin çalışır ki, eyni vəziyyət Avropa-Çin münasibətlərində yaranmasın. Ancaq bu Pekinin istəyindən asılı deyil. Brüssel Çinlə bağlı yeni strategiya hazırlayır. “Financial Times” qəzetində yayımlanan məqalədə Avropa İttifaqının Rusiyaya elektron avadanlıqlar tədarük edən  Çinin yeddi şirkətinə qarşı sanksiyalar tətbiq edə biləcəyi yazılıb. Nəşrin  məlumatına görə, mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən şirkətlərə məhdudiyyətlər qoyula bilər. Bunlar Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1403331
azAZ