Month: October 2024

Ankara Bakı ilə koordinasiyalı fəaliyyət göstərir

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində söyləmişdi ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Bu proqnoz şişirdilib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdıraraq, nəqliyyat yollarının tamamının açılmasını təmin etsə belə, 10 milyardlar dollar əldə etməsi çətin olar. Bütün hallarda Ermənistan qarşısındakı başlıca vəzifə Azərbaycan və Türkiyə ilə nəiyyat yollarının açılmasına nail olmaqdır. Nikol Paşinyan özü də etiraf edib ki, Ermənistanın nəqliyyat yollarına çıxışının 70 faizi qapalıdır. Paşinyan Türkiyə və Azərbaycan üzərindən nəqliyyat yollarının Ermənistan üçün bağlı olduğunu nəzərdə tutub. Ermənistanın İran üzərindən dünya bazarlarına çıxışı yoxdur. İki ölkə arasında dəmir yolu mövcud deyil. Ermənistan Rusiya bazarına məhsullarını Gürcüstan üzərindən çatdırır. Ancaq dağlardan keçən bu yol qış aylarında tez-tez bağlanır. Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu isə bağlıdır. Həmin yol Gürcüstan ərazisindən və Rusiyanın nəzarət etdiyi Abxaziyadan keçir. Gürcüstanla Abxaziya arasında bütün nəqliyyat yolları bağlıdır. Bir neçə il əvvəl dəmiryolunun açılmasıyla bağlı danışıqlar aparılsa da, nəticə vermədi.

Ermənistan dünya bazarlarına çıxışı Azərbaycan və Türkiyə üzərindən reallaşdıra bilər. Ancaq bunun üçün Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Sülh sazişi imzalamadan Ermənistan Azərbaycan və Türkiyənin nəqliyyat imkanlarından istifadə edə bilməyəcək.

Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini etmək məqsədilə İrəvanda konfrans təşkil olunacaq. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.

Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətləri normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.

"Atlas" Research Center

 

İrana hücumda onlar da iştirak ediblər

İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb.  Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum ediblər. Nəticədə onlarla İran hərbçisi həlak olub.

Bəluclar İran hakimiyyətində təmsil olunmayıblar. Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər. Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələrin oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi.

Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir.

"Atlas" Research Center

Ümid Donald Trampadır

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ – ın strateji nüvə qüvvələrinin ( SNF ) ixtisarı ilə bağlı mümkün məsləhətləşmələri mənasız adlandırıb. Vladimir Jirinovski vəfat etdikdən sonra onun vəzifəsini boynuna gotürmüş keçmiş prezidentin dedikləri əslində Kremlin indiki rəhbərinin sözləridir. Medvedev ABŞ-la danışıqları zərərli hesab edir, çünki bu ölkə Ukraynaya yardım edir. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan nüvə silahının ixtisarına dair Moskva ilə danışıqlara hazır olduqlarını bildirib. Rusiyanın bu danışıqlardan imtina etməsinin səbəbi nüvə silahının bu ölkənin əlində əsas qorxu aləti olmasıdır. Uzun illərdir ki, Rusiya Qərbi məhz nüvə silahı ilə qorxudur.

Bu yaxınlarda nüvə silahının Rusiya tərəfindən istifadə sərhədlərinin genişləndirilməsi Qərbdə xüsusi narahatlıqla qarşılanıb. ABŞ-ın hazırda əsas missiyası bu məsələdə Rusiyanı cilovlamaq və rəqibinin nüvə gücünə nəzarət etməkdir. ABŞ və Rusiya nüvə silahına malik iki böyük dövlətdir. Ancaq bu ölkələrin nüvə silahına baxışlarında böyük fərqləri var. ABŞ hazırda heç bir ölkəni bu silahdan istifadə ilə bağlı təhdid etmir. Rusiya isə davamlı şəkildə Qərb ölkələrinə  bununla bağlı təhdidlər yağdırır.  İkinci səbəb isə Baydenin özünün şəxsi nüfuzu ilə bağlıdır. Ağ evin hazırkı rəhbərinin Rusiya ilə bağlı xarici siyasəti fiaskoya uğrayıb və bu respublikaçıların ən güclü tənqididir. Bayden nə qədər çalışsa belə Rusiyaya qarşı dünyada vahid cəbhə formalaşdıra bilməyib. ABŞ-ın niyyəti Rusiyanı Ukraynada bataqlığa salmaq idi. Necə ki, vaxtilə Əfqanıstanda eynisini SSRİ-yə qarşı tətbiq etmişdi. Ancaq Putin fərqli strategiya izləyib. SSRİ Əfqanıstanda hakimiyyəti dəyişmək və özünə sadiq qüvvələri hakimiyyəti gətirmək istəyirdi. Rusiya isə faktiki olaraq Ukrayna dövlətçiliyini rədd edib və tutduğu bütün ərazilərin federasiya tərkibinə daxil olacağını bildirib. Moskva Qərbə göstərib ki, onun niyyəti Ukrayna hakimiyyəti deyil,  Ukraynanın torpaqlarıdır. İkinci bir səbəb isə Qərb çox çalışmasına baxmayaraq Ukraynada partizan hərəkatı qura bilməyib. Əfqanıstanda isə radikal dini qruplar sovet qoşunlarına həm hərbi, həm ideoloji olaraq böyük zərbələr vurdu. Ukraynada Rusiya ordusunun dərinliyinə girəcək partizan dəstələri yoxdur. Coğrafi amillər, həmçinin Ukrayna cəmiyyətinin özünün partizan mübarizəsi üçün təcrübəsiz olması və Volodimir Zelenski hökumətinin bu işdə maraqlı olmaması prossesin qarşını alıb. Qərbin ehtiyat etdiyi Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsidir. Bu hal Kiyevin dirənişini qıra bilər. Bayden Ağ Evi tərk etməmiş Rusiyanı nüvə müqaviləsinə məcbur etməklə öz uğursuzluğunu az da olsa kompensasiya etmək istəyir. Diqqət çəkən digər məqam isə bu razılaşmaya niyə Putinin  deyil, Medvedevin etiraz etməsidir.  Medvedev nə qədər ağır çəkili fiqur olsa belə onun sözü Rusiyanın rəsmi mövqeyi deyil. Görünür, Putin gələcəklə bağlı ehtiyyatı əldən vermək istəmir. Kreml sahibinin Bayden sonrasına ümidi böyükdür. Əgər Donald Tramp yenidən Ağ evə gələ bilərsə Moskva və Vaşinqton arasında buzlar müəyyən qədər əriyəcək. Rusiya gələcəkdə ABŞ-la nüvə anlaşma imzalaya bilər. Ona görə də Putin özü hələ ki, bu məsələyə münasibət bildirmir. Dmitri Medvedevin açıqlaması isə göstərir ki, nüvə silahı hələ bir müddət də Rusiyanın Qərbə təhdid vasitəsi olaraq qalacaq.

"Atlas" Research Center

BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə bildirib ki, Çin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəldiyini və həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub. Subrahmanyam Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu bildirib.

Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİCS sammitindən bir neçə gün əvvəl verilib. Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər qeydə alınmışdı. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər.

İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq.

Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur. Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq.

"Atlas" Research Center

Ermənistan 3+3 formatından imtina edərmi?

Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibələrinin birində bir neçə etiraf edib. Onun birinci etirafı odur ki, Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda hərbi əməliyyat keçirib. Bu həm də onun etirafıdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlər üçün keçərli olan BMT qətnamələrinin yerinə yetirilməsini – ərazi bütövlüyünü təmin edib. Simonyan məhz bu səbəbdən dünyanın Ermənistana dəstək vermədiyini bildirib. Onun ikinci etirafı isə odur ki, Ermənistana və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Simonyanın fikrincə, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər bölgədə sülh istəmirlər.

Alen Simonyan “düşmən münasibət bəsləyən dövlətlər” cümləsini cəm şəklində işlədib, yəni söhbət sanki bir neçə dövlətdən gedir. Bir dövlətin adı Azərbaycana bəllidir – Fransa. Bu ölkə Ermənistanı silahlandırmaqla, eyni zamanda anti-Azərbaycan siyasətini davam etdirməklə sülh prosesini əngəlləməyə çalışır. Çünki sülh əldə olunarsa Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesi başlayacaq. Bu isə Parisin maraqlarına cavab vermir. Ancaq Simonyan “düşmən ölkələr” dedikdə hər halda Fransanı nəzərdə tutmayıb. Fransa Ermənistanın strateji müttəfiqidir. Simonyan “düşmən ölkələr” deyərkən nə Fransa, nə ABŞ, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. O əvvəllər də Rusiyanı sərt tənqid edən fikirlər söyləyib. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi digər cümləsində də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm” – deyən Simonyan 3+3 platformasının əleyhinə olduğunu işarə vurub. Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir.

Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi 3+3 formatından imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqeyi kimi qiymətləndiriləcək. İrəvan formatdan imtina etməklə riskə getməz. Orası da var ki, Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Paşinyan birbaşa söyləyə bilmədiklərini Simonyanın vasitəsilə səsləndirir. Demək, Paşinyanın da 3+3 formatına baxışı eynidir, prinsip belədir “formatın gələcəyinə inanmırıq, ancaq iştirak imtina etməyəcəyik”.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1407909
en_USEN