Day: October 23, 2024

Ümid Donald Trampadır

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ – ın strateji nüvə qüvvələrinin ( SNF ) ixtisarı ilə bağlı mümkün məsləhətləşmələri mənasız adlandırıb. Vladimir Jirinovski vəfat etdikdən sonra onun vəzifəsini boynuna gotürmüş keçmiş prezidentin dedikləri əslində Kremlin indiki rəhbərinin sözləridir. Medvedev ABŞ-la danışıqları zərərli hesab edir, çünki bu ölkə Ukraynaya yardım edir. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan nüvə silahının ixtisarına dair Moskva ilə danışıqlara hazır olduqlarını bildirib. Rusiyanın bu danışıqlardan imtina etməsinin səbəbi nüvə silahının bu ölkənin əlində əsas qorxu aləti olmasıdır. Uzun illərdir ki, Rusiya Qərbi məhz nüvə silahı ilə qorxudur.

Bu yaxınlarda nüvə silahının Rusiya tərəfindən istifadə sərhədlərinin genişləndirilməsi Qərbdə xüsusi narahatlıqla qarşılanıb. ABŞ-ın hazırda əsas missiyası bu məsələdə Rusiyanı cilovlamaq və rəqibinin nüvə gücünə nəzarət etməkdir. ABŞ və Rusiya nüvə silahına malik iki böyük dövlətdir. Ancaq bu ölkələrin nüvə silahına baxışlarında böyük fərqləri var. ABŞ hazırda heç bir ölkəni bu silahdan istifadə ilə bağlı təhdid etmir. Rusiya isə davamlı şəkildə Qərb ölkələrinə  bununla bağlı təhdidlər yağdırır.  İkinci səbəb isə Baydenin özünün şəxsi nüfuzu ilə bağlıdır. Ağ evin hazırkı rəhbərinin Rusiya ilə bağlı xarici siyasəti fiaskoya uğrayıb və bu respublikaçıların ən güclü tənqididir. Bayden nə qədər çalışsa belə Rusiyaya qarşı dünyada vahid cəbhə formalaşdıra bilməyib. ABŞ-ın niyyəti Rusiyanı Ukraynada bataqlığa salmaq idi. Necə ki, vaxtilə Əfqanıstanda eynisini SSRİ-yə qarşı tətbiq etmişdi. Ancaq Putin fərqli strategiya izləyib. SSRİ Əfqanıstanda hakimiyyəti dəyişmək və özünə sadiq qüvvələri hakimiyyəti gətirmək istəyirdi. Rusiya isə faktiki olaraq Ukrayna dövlətçiliyini rədd edib və tutduğu bütün ərazilərin federasiya tərkibinə daxil olacağını bildirib. Moskva Qərbə göstərib ki, onun niyyəti Ukrayna hakimiyyəti deyil,  Ukraynanın torpaqlarıdır. İkinci bir səbəb isə Qərb çox çalışmasına baxmayaraq Ukraynada partizan hərəkatı qura bilməyib. Əfqanıstanda isə radikal dini qruplar sovet qoşunlarına həm hərbi, həm ideoloji olaraq böyük zərbələr vurdu. Ukraynada Rusiya ordusunun dərinliyinə girəcək partizan dəstələri yoxdur. Coğrafi amillər, həmçinin Ukrayna cəmiyyətinin özünün partizan mübarizəsi üçün təcrübəsiz olması və Volodimir Zelenski hökumətinin bu işdə maraqlı olmaması prossesin qarşını alıb. Qərbin ehtiyat etdiyi Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsidir. Bu hal Kiyevin dirənişini qıra bilər. Bayden Ağ Evi tərk etməmiş Rusiyanı nüvə müqaviləsinə məcbur etməklə öz uğursuzluğunu az da olsa kompensasiya etmək istəyir. Diqqət çəkən digər məqam isə bu razılaşmaya niyə Putinin  deyil, Medvedevin etiraz etməsidir.  Medvedev nə qədər ağır çəkili fiqur olsa belə onun sözü Rusiyanın rəsmi mövqeyi deyil. Görünür, Putin gələcəklə bağlı ehtiyyatı əldən vermək istəmir. Kreml sahibinin Bayden sonrasına ümidi böyükdür. Əgər Donald Tramp yenidən Ağ evə gələ bilərsə Moskva və Vaşinqton arasında buzlar müəyyən qədər əriyəcək. Rusiya gələcəkdə ABŞ-la nüvə anlaşma imzalaya bilər. Ona görə də Putin özü hələ ki, bu məsələyə münasibət bildirmir. Dmitri Medvedevin açıqlaması isə göstərir ki, nüvə silahı hələ bir müddət də Rusiyanın Qərbə təhdid vasitəsi olaraq qalacaq.

"Atlas" Research Center

BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə bildirib ki, Çin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəldiyini və həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub. Subrahmanyam Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu bildirib.

Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİCS sammitindən bir neçə gün əvvəl verilib. Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər qeydə alınmışdı. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər.

İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq.

Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur. Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1408491
en_USEN