Day: October 7, 2025

Kreml iddiaları rədd edib

Kreml Rusiya ilə Çin arasında peyk kəşfiyyatı məlumatlarının paylaşılması barədə yayılan məlumatları rədd edib. Kremlin sözçüsü bildirib ki, Rusiya öz kosmik və hərbi potensialına malikdir və bütün “Xüsusi Hərbi Əməliyyat” tapşırıqlarını yerinə yetirə bilir. Daha sonra Peskov əlavə edib: Avropada dronlarla bağlı Rusiyanı günahlandırmaq üçün heç bir əsas yoxdur. Bir çox Avropa siyasətçiləri hər hadisədə Rusiyanı ittiham etməyə meyllidir, lakin bu, əsassız və qərəzlidir. Avropa siyasətçilərinə tövsiyə olunur ki, “düşüncə dairələrini genişləndirsinlər” və hər dron uçuşunu Rusiyaya bağlamasınlar. Donald Trampın Rusiya Prezidenti Putinin strateji hücum silahları (DSHV) təklifi ilə bağlı açıqlaması ABŞ-ın təşəbbüsü dəstəkləyəcəyinə ümid yaradır. Ekspertlər hesab edirlər ki, Kremlin mövqeyi Avropada Rusiya əleyhinə əsassız ittihamların qarşısını almağa və diplomatik narahatlıqları yumşaltmağa yönəlib.

Bu arada, Rusiya dornlarının Avropa ölkələrinin hava sahəsini pozması mövzusu ətrafında müzakirələr davam edir. Almaniyanın müdafiə naziri Boris Pistorius “Handelsblatt” qəzetinə verdiyi müsahibədə deyib ki, Rusiyanın dron hücumlarının arxasında Qərbdə qorxu yaratmaq istəyi dayanır. O, belə halların qorxu və inamsızlıq mühiti yaratmağa yönəlmiş psixoloji əməliyyatlarla bağlı olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Rusiya bu cür addımlardan Almaniyada ictimai əhval-ruhiyyəni təsirləndirmək və sabitliyi pozmaq məqsədilə istifadə edir. “Söhbət təxribatdan gedir — qorxu yaratmaq, ictimaiyyəti çaşdırmaq, şübhə toxumu səpmək və lazımsız mübahisələrə səbəb olmaq cəhdindən,” – deyə Pistorius bildirib. O, Rusiya prezidenti Vladimir Putinin “Almaniyanı çox yaxşı tanıdığını”, ölkənin mentalitetini, zəif tərəflərini və “cəmiyyətin reflekslərini” dərindən bildiyini qeyd edib: “O, hansı mövzuların bizdə narahatlıq yaratdığını, hansı hisslərin manipulyasiya üçün yararlı olduğunu başa düşür və bundan istifadə edir”. Pistoriusun fikrincə, Almaniya bu kimi psixoloji manipulyasiyalara uymamalı, soyuqqanlı və toparlanmış vəziyyətdə qalmalıdır. Nazir həmçinin ordudan həddindən artıq gözləntilər barədə xəbərdarlıq edib: “Bundesver hər səmada görünən drona reaksiya verə bilməz. Bizim gücümüz hərəkət edən hər şeyə atəş açmaqda deyil, baş verənləri təmkinlə və rasional şəkildə qiymətləndirməkdədir”.

Qərbin Rusiya dronları ilə bağlı Çinə də iradı var. “Reuters” agentliyi daha əvvəl yaydığı xəbərdə Çin şirkətlərinin Rusiyaya hərbi dronlar tədarük etdiyini, həmçinin Çin mühəndislərinin dronların sınaqlarında iştirak etdiyini yazmışdı. Məlumata görə, Çin mütəxəssisləri Rusiya Müdafiə Sənayesi müəssisəsi “Kupol”a dəfələrlə səfər edərək hərbi pilotsuz aparatlarla texniki işlər aparıblar. Qeyd edilirdi ki, keçən ildən etibarən Çin nümayəndələri müəssisəyə altıdan çox dəfə səfər edib. Həmin dövrdə zavod Rusiya vasitəçiliyi ilə Çin istehsalı hücum və kəşfiyyat dronları alıb.

Türk dövlətləri inteqrasiyanı gücləndirir

Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə toplantısı oktyabrın 7-də işə başladı. 2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hər sahədə genişlənib. Budəfəki sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır. Bu mövzu ona görə seçilib ki, ətrafdakı müxtəlif müharibələrin bölgəyə sıçraması ehtimalı var və bunun qarşısının alınmasında türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə ehtiyac var. Türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı hərbi-texniki sahədə də əməkdaşlıq yolları aranmalıdır. Bu sıraya birgə hərbi təlimlərin keçirilməsindən tutmuş hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılmasına qədər bəndləri aid etmək olar.

Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var. Birinci yanaşma müsbətdir, ikinci yanaşma mənfidir. ABŞ və Avropa İttifaqı ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşırlar. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini təhlükəli deyil, əksinə faydalı olduğunu düşünür. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətlərin arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir. İkincisi, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə 5+1 əməkdaşlıq formatı mövcuddur. Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də 5+1 formatının davamında maraqlıdırlar. Çünki, Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmir, alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir.

Türk dövlətləri arasında inteqrasiyadan narahat olan 3 ölkə var. Bu Rusiya, Çin və İrandır. Bu 3 ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki, türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişaflarını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyir. Türk birliyi isə Qərblə dialoq içərisindədir.

Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcək. Çünki, türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir. Qəbələdəki toplantıda Şimali Kipr Respublikasının (Kuzey Kıbrıs Türk Cumhuriyyəti) Cumhurbaşqanı Ersin Tatar da iştirak edəcək. Ersin Tatar türk dövltələri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunub. Türkiyə Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidini dəstəkləyir. Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır, son söz Mərkəzi Asiya ölkələrinin liderlərinindir.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1403789
en_USEN