ABŞ Prezidenti Donald Tramp İran üzərində qələbədən danışsa da, müharibə davam edir, hələ ki, qalib yoxdur. Trampdan başqa kimsə ABŞ-ın və ya İsrailin qələbəsi barədə danışmır. Çünki, bu reallıqla uzlaşmır.
Bu arada, İranın Hörmüz boğızını hədəfdə saxlaması Trampı narahat edir. ABŞ öz gücüylə neft daşıyan tankerlərin təhlükəsizliyini təmin edə bilmir. Tramp bu səbəbdən NATO ölkələrindən dəstək istəyib. Ancaq NATO ölkələri dəstəyə tələsmir. Çünki, HATO-nun hansısa ölkəsi Hörmüz boğazına hərbi gəmi göndərsə və İran həmin gəmiyə zərbə endirsə, hərbi gəmisi vurulan ölkə ABŞ və İsraillə birgə İranla müharibəyə qoşulmalıdır. Bu baş verməsin deyə, NATO ölkələri Trampa müsbət cavab verməyiblər. Bircə Böyük Britaniyanın baş naziri Kim Starmer deyib ki, boğazda tankerlərin qorunması üçün dronlar göndərə bilər. Ancaq ABŞ-a Hörmüz boğazının qorunması üçün dronlar yox, hərbi gəmilər lazımdır. Müttəfiqlərindən rədd cavabı alan Donald Tramp sosial şəbəkə hesabında “müharibə bitdikdən sonra gələnləri tarix unutmayacaq” cümləsini yazıb.
ABŞ Prezidenti İranın tərəfdaşı Çindən də dəstək gözləyir. Donald Tramp “Financial Times” qəzetinə telefonla verdiyi müsahibədə bildirib ki, Çin neftinin 90 faizini boğazdan alır. Tramp belə deyib ki, Çin lideri Si Sinpinlə görüşü, Pekin sammitini gözləmək çox gec olardı. Məlumdur ki, Tramp bu ayın sonunda Çinə rəsmi səfər hazırlaşır. Ancaq Tramp səfərin təxirə salına biləcəyinə bu sözlərlə işarə edib: “Çin səfəri gözləyə bilmərəm. Bu barədə əvvəlcədən bilmək istərdik. İki həftə çox uzundur. Səfəri təxirə sala bilərik”.
Tramp İranda istədiyi nəticəni əldə etsəydi, Çin daha güclü şəkildə gedəcəkdi. Ancaq İranın mühafizəkar rejimi müqavimətini davam etdirir. Bu halda Trampın iki seçimi qalır. O ya Pekindəki görüşlərdə Hörmüz məsələsinə gündəmə gətirəcək, ya da səfərdən imtina edəcək. Bütün hallarda Pekin Vaşinqtona dəstək verməyəcək. Doğrudur, Hörmüz boğazının bağlı qalması Çinə enerji sahəsində problemlər yaradır. Ancaq Çin Hörmüz boğazının təhlükəsizliyi məqsədilə İrandakı rejimlə münasibətlərini gərginləşdirməyəcək. Pekin əksinə ABŞ-la müharibədə İrana gizli dəstəyini davam etdirəcək, Moskva ilə birgə Tehrana kəşfiyyat məlumatlarını ötürəcək.