Month: June 2026

Çin-Şimali Koreya ittifaqı güclənir

Çin lideri Si Cinpinin 7 illik fasilədən sonra Şimali Koreyaya səfəri dünya mediasının diqqətini çəkib. Çünki, Si Cinpinin bu il ilk xarici səfəri olmaqla yanaşı, bu onun Şimali Koreyaya 2-ci səfəri olacaq. Si Cinpin sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada səfər etmişdi. Bunun qarşılığında Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çinə səfər etmişdi.

Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir. İki ölkə arasında siyasi və iqtisadi münasibətlər üst səviyyədədir. Çin Şimali Koreyanın əsas tərəfdaşı sayılır. Şimali Koreya son illərdə müstəqil siyasət yürütməyə çalışsa da, Pxenyanın hər zaman Çinin dəstəyinə ehtiyacı var. Çünki Şimali Koreya ilə münasibətləri gərgin olan ölkələrin sayı çoxdur. Şimali Koreya xarici ticarətinin təxminən 90 faizi Çinlə həyata keçirilir. Digər tərəfdən Şimali Koreyaya ərzağın böyük hissəsi Çindən idxal olunur.  İki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Şimali Koreya uranın zənginləşdirilməsi məqsədilə gərəkli təhcizatı Çindən əldə edir.

Buna baxmayaraq, Şimali Koreyanın son illərdə Kremllə də tərəfdaşlığı güclənib. Şimali Koreya Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Kremlə dəstək verib, hərbçilərini müharibəyə göndərib. Moskva isə bunun qarşılığında Şimali Koreyaya maliyyə ayırıb, ərzaq göndərib. Pekin Pxenyan-Kreml yaxınlığından narahatdır. Pekin Şimali Koreyanın yalnız Çindən asılı olmasını istəyir.

Şimali Koreyanın nüvə ambisiyaları bölgə ölkələrini narahat edir. Çinlə Şimali Koreya arasında strateji tərəfdaşlıq qonşu Cənubi Koreyada diqqətlə izlənilir. Çünki, Seul hesab edir ki, Pekinin Pxenyanı dəstəyi Cənubi Koreyanın təhlükəsizlik maraqlarına problemlər yaradır. Eyni zamanda ABŞ-la Cənubi Koreya arasındakı hərbi strateji müttəfiqlik Çinin maraqlarına ziddir.

Tayvan ətrafında gərginlik artıb

ABŞ Prezidenti Donald Tramp Tayvana silah satışı məsələsində mövqeyini müəyyənləşdirməyə çalışır. Ağ Ev sahibi Çinə səfərindən sonra Tayvan lideri Lay Tsin-de telefonla danışmağı planlaşdırırdı. Söhbət ABŞ-ın Tayvana 11 milyard dollar silah satışından gedir. Tramp bununla bağlı hələ qərar verməyib. Aydındır ki, Pekin ABŞ-la Tayvan arasında hərbi əməkdaşlığın dayandırılmasını tələb edir. Pekin eyni zamanda ABŞ Prezidentinin qeyri-legitim hesab etdiyi Tayvan lideri ilə telefon danışğının da əleyhinə olduğunu gizlətmir. Halbuki, Donald Tramp 2016-cı ildə birinci prezidentliyi döründə Tayvanın o vaxtkı lideri ilə 10 dəqiqə ərzində telefonla söhbət etmişdi. Pekin həmin telefon danışığına görə, Vaşinqtona etirazını bildirmişdi.

“Financial Times” dərgisinin məlumatına görə, Pekin ABŞ müdafiə sektoruna rəhbərlik edən şəxslərin Çinə rəsmi səfərlərinə icazə vermir. Pekinin bu icazəni ona görə vermir ki, həmin şəxslər Tayvana silah satışını təmin edirlər. Donald Tramp Tayvana silah satışıyla bağlı hələ qərarını verməsə də, Vaşinqton Pekinin təzyiqi ilə Tayvanla hərbi əməkdaşlıqdan imtina etmək də istəmir.

“Reuters” agentliyinin məlumatına görə, Tayvan 2029-cu ilin əvvəlinədək gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır. Ada daha əvvəl ABŞ istehsalı olan 450 ədəd “Harpoon” gəmi əleyhinə raketi alıb. Tayvan cari ildə daha 400 qanadlı raketin tədarükü üçün 2,4 milyard dollarlıq sazişin yerinə yetirilməsini gözləyir. Sazişə görə, həmin raketlərin 2029-cu il martın sonunadək Tayvanın arsenalına daxil olacağı gözlənilir. Beləliklə, 2029-cu ilin əvvəlində Tayvanın sərəncamında ümumilikdə 850 ABŞ istehsallı “Harpoon” raketi olacaq. Bununla yanaşı, adanın Müdafiə Nazirliyi gəmi əleyhinə raket istehsalını da genişləndirib. Tayvanın hakimiyyət orqanları iyulun 1-dən etibarən radiolokasiya sistemlərini, pilotsuz uçuş aparatlarını və gəmi əleyhinə raket bölmələrini vahid komandanlıq altında birləşdirəcək yeni struktur yaratmağı düşünür.

Beləliklə, Tayvan ABŞ-a arxayın olmadan hərbi texnikanın yerli istehsalını genişləndirib. Bununla yanaşı  ABŞ Tayvanın əsas silah təchizatçısı olaraq qalır. Buna cavab olaraq Çin Tayvan adası ətrafında hərbi gəmilərinin sayını artırıb. Pekin bunu xüsusi dəniz əməliyyatı adlandırıb. Pekin bölgədə təhlükəsizlik tədbirləri həyata keçirdiyini bildirib. Tayvan hökuməti mövcud vəziyyətdən narahat olduğunu açıqlayıb.

Bu arada, Yaponiya və Fillipin dəniz sərhədlərinin delimitasiya müzakirəsinə başlayıblar. Görünür, Çinin “xüsusi dəniz əməliyyat” Yaponiya ilə Filippin arasında başlanan danışıqlara cavabdır. Pekin də bu danışıqlarda iştirak etmək istəsə də, Yaponiya və Filippindən müsbət cavab almayıb.

BMT çökmək üzrədir

ABŞ və Çinin Birləşmiş Millətlər Təşkilatına ödənişlərinin bir hissəsini dondurması və ya gecikdirməsi nəticəsində təşkilatın büdcə kəsiri kəskin şəkildə artıb. İki böyük dövlətin bu qərarı Birləşmiş Millətlər Təşkilatı ciddi maliyyə problemləri ilə üzləşməsinə səbəb olub. ABŞ-nin BMT qarşısında borcu 4 milyard dolları ötüb. Pekin isə BMT-yə 455 milyon dollar borcludur. Bu iki ölkə BMT büdcəsinin 42%-ni təşkil edir və onların ödənişləri olmasa, vəsait avqustun ortalarına qədər tükənəcək.

Vaşinqton təşkilatın xərclərini və fəaliyyətinin səmərəliliyini tənqid edərək BMT-nin bir sıra proqramlarından, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı daxil olmaqla bəzi beynəlxalq strukturlardan çıxıb. ABŞ Prezidenti Donald Tramp BMT-nin ümumiyyətlə lazımsız təşkilat hesab edir. ABŞ keçmiş illərdə hansısa dövlətə qarşı hərbi əməliyyat barədə qərar verəndə, BMT-nin rəyi ilə hesablaşmırdı. Bunun sadə səbəbi var. BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Rusiya və Çin ABŞ-ın istənilən təşəbbüsünə qarşı veto hüququndan istifadə edirlər. Buna görə də, Vaşinqton BMT ilə hesablaşmır.

Pekin beynəlxalq problemlərin BMT müstəvisində müzakirəsinin və həllinin tərəfdarı kimi çıxış etsə də, “The Wall Street Journal”ın məlumatına əsasən, Çin də beynəlxalq təşkilata ödənişlərin həyata keçirilməsində gecikmələrə yol verir. Halbuki, Pekin Vaşinqtondan fərqli olaraq özünü BMT-nin əsas müdafiəçilərindən biri kimi təqdim edir.

BMT rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün Vaşinqton və Pekinlə danışıqları intensivləşdirib. Həll yolu tapılmasa, BMT-də büdcə kəsiri dərinləşəcək. BMT bu halda həm işçilərini, həm də proqramlarını ixtisar etmək məcburiyyətində qalacaq. Maaşlar BMT xərclərinin təxminən 70 faizini təşkil edir. ABŞ və Çin BMT-yə gərəkən maliyyəni ayırmasa, o biri dövlətlərin ianələrinin böyük əhəmiyyəti olmayacaq. Digər tərəfdən başqa ölkələr də ABŞ və Çin kimi BMT-yə ianə ödəməkdən imtina edə bilərlər.

Pekinin BMT-dən narazılığı Qərb ölkələrinin Çindəki insan hüquqları mövzusunu gündəmdə saxlamağa çalışmasıyla da bağlıdır. Misal üçün Donald Trampın Pekinə səfərinə baxmayaraq, dövlət katibi Marko Rubio Çini tənqid edərək, bu ölkənin ölkənin 1989-cu ildə Pekinin Tiananmen Meydanında demokratiya tərəfdarı etirazçılara qarşı hərbi əməliyyatların senzura edilməsi və xatirələrini silməyə çalışdığını iddia edib. Rubio beynəlxalq aləmin 4 iyun tarixini Çin Kommunist Partiyası rəhbərliyinin verdiyi əmr əsasında ordunun Tiananmen Meydanı və ətrafında minlərlə dinc nümayişçiyə hücum əmrini verməsinin 37 illiyini qeyd etdiyini vurğulayıb. O, əlavə edib ki, həyatını itirən çinli tələbələr, işçilər və digər mülki şəxslər fundamental hüquqlarından istifadə etmək və demokratik islahatlar və korrupsiyaya görə məsuliyyət tələb etmək üçün toplaşmışdılar. Trampın özü insan haqları mövzusuna maraq göstərməsə də, onun administrasiyasının üzvləri rəqibləri ilə mübarizədə insan haqları mövzusunu diqqətdə saxlayır və bunu BMT kimi beynəlxalq təşkilatlarda müzakirəsini təşkil etməyə çalışırlar.

Kremlin Talibana dəstəyi artıb

Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyanı da “unutmamağa” çalışır. Kreml əlindən gələni edir ki, bazar günü Ermənistanda keçirilən parlament seçkisində baş nazir Nikol Paşinyanın partiyası məğlub olsun. Rusiyanın son bir ayda Ermənistan hökumətinə təzyiqi artıb, kənd təsərrüfatı məhsullarının girişinə qadağa qoyulub, Kreml İrəvanı qazın qiymətini artırmaqla hədələyir. Bu təzyiqlərə baxmayaraq, Ermənistanda keçirilən sorğular Paşinyanın qələbə qazanacağını göstərir.

Bu arada, Kremlin Əfqanıstana da diqqəti artıb. Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstan tərəfdən isə bu ölkənin müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Maraqlıdır ki, Taliban hərəkatı son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.

Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir. Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan başqa Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb. Digər tərəfdən Talibanla Pakistan arasında münasibətlər gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir. Belə vəziyyətdə Talibanın daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanlstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub.

Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya hakimiyyətinin Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir. Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın yeraltı zənginliklərindən faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada rəqibdirlər. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reakssiya verəcəyi çətindir.

Atəşkəs nisbidir

ABŞ-la İran arasında atəşkəs nisbi xarakter daşıyır. ABŞ zaman-zaman İranın dəniz limanlarına və hərbi katerlərinə zərbələr endirir, İran isə Vaşinqtonun bölgədəki müttəfiqlərini hədəf alıb. İranın Küveytin hava limanına endirdiyi zərbələr iki ölkə arasında münasibətləri gərginləşdirib. Tehranın həmişəki ittihamı bundan ibarətdir ki, ABŞ İrana hücumlarında Körfəz ölkələrindən, o cümlədən Kuveyt ərazisindən istifadə etməkdədir.

Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyyət də dəyişməz olaraq qalır. Hörmüz boğazı ətrafındakı vəziyyət beynəlxalq aləmdə enerji qiymətlərinin artımına səbəb olmaqla yanaşı, müxtəlif ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir. Misal üçün “Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazındakı mövcud vəziyyətlə əlqaədar olaraq 2026-cı ilin may ayında Pakistanda istehlak qiymətləri 11,7 faiz artıb. Bu dinamikanın əsas səbəblərindən biri enerji qiymətlərinin artmasıdır. Bu fonda Pakistan Mərkəzi Bankı aprel ayında təxminən üç ildən sonra ilk dəfə olaraq əsas faiz dərəcəsini qaldırmaq məcburiyyətində qalıb. Hörmüz boğazının bağlanmasının başqa qurbanları da var. Müharibədən əvvəl Yaxın Şərq enerji axınlarının əhəmiyyətli bir hissəsi Asiya-Sakit Okean bölgəsinə yönəldilirdi. İdxalın kəskin azalması yalnız Pakistanda deyil, Sinqapur, Filippin, Şri-Lanka, Hindistan, Yaponiya və bir sıra digər ölkələrdə yanacaq qiymətlərinin sürətlə artmasına səbəb olub.

Hindistan Hörmüz boğazındakı böhran fonunda Rusiyadan daha çox neft almağa başlayıb və bu həcmi artırmağı planlaşdırır. Hindistan enerji ehtiyacının 70-80 faizini idxal hesabına ödəyir. Hörmüz boğazında bir çox dövlətin, o cümlədən Hindistana aid tankerlər var. Tehran ara-sıra dost və tərəfdaş saydığı ölkələrin tankerlərinin keçidinə icazə versə də, bu enerji qıtlığını aradan qaldırmağa şərait yaratmır. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların davamında israrlı olsa da, yanacağa olan tələbat Asiya ölkələrini Rusiyadan neft almağa sövq edir. Hörmüz boğazının mühasirəsi Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünə ciddi təsir edib. Rusiya neftinin əvəzlənməsi əvvəllər Hindistan üçün təhlükəli hesab olunurdu. Çünki, ABŞ Hindistana təzyiq edirdi ki, bu dövlət Rusiyadann eft alışını azaltsın. Ancaq Vaşinqton Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyəti nəzərə alaraq hazırda Hindistanın və digər dövlətlərin Rusiyadan neft alışına mane olmur.

Avropa İttifaqının Asiyaya marağı artıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Pakistana səfər edib. O İslamabadda Pakistanın xarici işlər naziri İshaq Darla birgə “Avropa İttifaqı – Pakistan Strateji Dialoqunun” 8-ci toplantısında iştirak edib. Toplantıda İran ətrafındakı gərgin vəziyyət, regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib. Pakistanın baş naziri Şahbaz Şərif Kaya Kallasla görüşdə ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək öhdəliyini bir daha təsdiqləyib. Kaya Kallasın Pakistana və daha əvvəl Hindistana səfərləri göstərir ki, Brüsselin əsas diqqəti Rusiya-Ukrayna müharibəsinin bitməsinə yönəlsə də, Avropa İttifaqı Asiya qitəsindəki maraqlarını da unutmayıb.

İshaq Dar avropalı həmkarıyla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, tərəflərin qlobal təhlükəsizlik çağırışlarına dair müxtəlif aspektləri nəzərdən keçiriblər. Bu o deməkdir ki, Avropa İttifaqı ilə Pakistanın baxışlarının üst-üstə düşən tərəfləri ilə yanaşı baxışlarının fərqli tərəfləri də var. Avropa İttifaqı Pakistanın ABŞ-la İran arasındakı vasitəçilik səylərini müsbət qiymətləndirir. Doğrudur, İran ətrafında gərginlik azalmayıb, ancaq ən azı müharibə yoxdur və tərəflər Pakistan üzərindən bir-birlərinə ötürdükləri təklifləri müzakirə edirlər. Brüsseli eyni zamanda Pakistan-Əfqanıstan gərginliyi narahat edir. Pakistanla Əfqanıstan arasında sərhəd müəyyənləşmədiyinə görə iki ölkənin silahlı qüvvələri arasında tez-tez toqquşmalar baş verir. Bundan başqa İslamabad Taliban rejimini Əfqanıstan ərazisində Pakistana hücumlar təşkil edən terrorçu təşkilatlara şərait yaratmaqda iddia edir və qonşu ölkənin ərazilərinə zərbələr endirir. Taliban İslamabadın iddialarını rədd edir. Bu arada, Pakistan və İrandan Əfqanıstana köçürülən milyonlarla əfqanın vəziyyəti ağır olaraq qalır. Əfqanların bir hissəsinin Avropaya qeyri-leqal miqrant axını Brüsseli ciddi narahat edir. Avropa İttifaqı bunun qarşısını almağa çalışsa da, Əfqanıstana məcburən qayıdanlar ağır şəraitdə həyatlarını davam etdirirlərsə, onların bir hissəsi müxtəlif yollarla Avropaya köçməyin yollarını arayırlar.

Kaya Kallasın İslamabadda müzakirə etdiyi digər mövzu Pakistan-Hindistan münasibətləri olub. İki ölkə arasındakı münasibətlərdəki qeyri-müəyyənlik Brüsseli ciddi narahat edir. Brüsselin İslamabadla yanaşı Yeni Dehli ilə də sıx tərəfdaşlığı mövcuddur, bu ilin yanvar ayında Avropa İttifaqı ilə Hindistan arasında uzun illər davam edən danışıqlardan sonra ticarət sazişi imzalanıb. Bu saziş tərəflər üçün geniş iqtisadi imkanlar yaradıb. Bundan başqa Brüssellə Yeni Dehli hərbi-texniki sahədə də əməkdaşlığı dərinləşdirməyi qərarlaşdırıblar. Ona görə də Pakistanla Hindistan arasında gərginlik artanda, toqquşmalar qeydə alınanda bu vəziyyət Avropa İttifqının da maraqlarına toxunur. Avropa İttifaqının Hindistanla tərəfdaşlığını gücləndirməsi Çinin bölgədə artan rolunu nisbətən tarazlaşdırmaq məqsədi də daşıyır. Kaya Kallas İslamabaddakı görüşlərində Pakistanla Hindistan arasında münasibətlərin mövcud durumu haqqında fikir mübadiləsi aparsa da, Brüsselin bu məsələyə təsir etmək imkanları azdır. Buna baxmayaraq, Brüssel İslamabadla Yeni Dehli arasında dialoqun dərinləşdirilməsinə çalışır.

Çin Rusiyanı üstələyib

Avrasiya Iqtisadi Ittifaqının mayın 29-da Qazaxıstan paytaxtı Astanada keçirdiyi sammit Rusiyanın Ermənistanı hədələməsiylə yadda qaldı. Rusiya Prezidenti Vladimir Putin Moskvada söylədiklərini Astanada təkrarladı: “Ermənistan Avropa İttifaqına inteqrasiya olunmaq istəyirsə, Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirə bilməyəcək”. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqını tərk etmək planının olmadığının bir daha xatırlatdı.

Rusiya Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də təsir imkanlarını artırmağı planlaşdırır. Halbuki, reallıq fərqlidir. Çinin Mərkəzi Asiyadakı fəallığı Rusiyanın fəallığını üstələyib. Qazaxıstanın Çinə borcu sürətlə artır və Astananın Pekin qarşısındakı öhdəlikləri qarşıdakı illərdə artmağa davam edəcək kimi görünür. Qazaxıstan 2025-ci ildə Çindən təxminən 3,5 milyard dollardan çox kredit alıb və bu ölkəyə borcu təxminən 13 milyard dollara çatıb. Qazaxıstan Çinin istiqrazlarından da faydalanmağa çalışır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iddialı iqtisadi proqramlar qəbul edib və bu proqramların reallaşması üçün əlavə maliyyə resurslarına ehtiyac var.

Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Qazaxıstan Çinə 35 milyard kubmetr təbii qaz çatdıra biləcək boru kəmərinin tikintisini müzakirə ediblər. Qazaxıstan rəsmiləri bu ideyanı həyata keçirməyə hazır olduqlarını bildirsələr də, Çin Rusiyadan boru kəmərinin tikintisi ilə bağlı üzərinə öhdəlik götürmək istəmir. Bu mənada Rusiya Prezidenti Vladimir Putinin Pekində çinli həmkarı Si Cinpinlə danışıqları da nəticə vermədi. Pekin Rusiya nefti və qazından asılı olmaq istəmir.

Çin Rusiya əvəzinə Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstana yatırımlarını artırmaq siyasətini davam etdirir. Misal üçün Çin Qazaxıstanda 100 milyon dəyəri olan mis istehsal edəcək zavodun tikintisinə başlayıb. Bu, bölgədə ən böyük mis istehsal edən zavod olacaq. Ancaq bu zaman başqa problemlər yaranır. Çin müxtəlif ölkələrdə tikdirdiyi zavod və fabriklərdə öz vətəndaşlarını çalışdırır. Bu zaman yerli işçilərlə gəlmələr arasında müəyyən gərginliklər yaşanır. Bu hallar həm Qazaxıstanda, həm də Qırğızıstanda yaşanıb.

Buna baxmayaraq, Pekin yatırımlarını azaltmır. Si Cinpinin bu ilin avqust ayında Qırğızıstana səfəri olacaq. Bişkəkdə əməkdaşlığın dərinləşdirilməsi məqsdəilə yeni sazişlər imzalanacaq.  Çin şirkəti Daşkənd və Səmərqənd arasında 282 kilometrlik pullu yolun tikintisi üzrə tenderi qazanıb. Bu layihənin təxminən 2,2 milyard dollara başa gələcəyi proqnozlaşdırılır və tikinti işlərinin iyul ayında başlanması planlaşdırılır. Çin-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutu üzrə ilk konteyner qatarı yola salınıb. Marşrutun Çin-Əfqanıstan ticarətinin inkişafına kömək etməsi nəzərdə tutulur. Bundan başqa Çin Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Pekin yalnız iqtisadi yatırım, zavod və fabriklərin tikintisi ilə kifayətlənmir. Çin Tacikistana iki ölkə arasında yeganə rəsmi quru sərhəd keçid məntəqəsi olan Kulma sərhəd məntəqəsinin modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılmasına kömək edir. Çin həmçinin layihənin xərclərini ödəməyi öhdəsinə götürüb. Bu o deməkdir ki, Çin Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi yollarını arayır. Çinin Mərkəzi Asiyada artan fəallığını müşahidə edən Türkiyə, ABŞ və Avropa İttifaqı da bölgə ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar. “Tramp yolu”nun işə düşməsiylə Mərkəzi Asiyanın zənginlikləri Türkiyə, Avropa İttifaqı ölkələrinə və ABŞ-a çatdırılacaq.

Asiya və Sakit Okean bölgəsi diqqət mərkəzindədir

Sinqapurda hər il may ayının sonunda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda Asiya və Sakit Okean bölgəsindəki durum analiz edilir. Forumda çıxış edən ABŞ-ın müdafiə naziri Pit Heqset bir neçə mövzuya toxunub. Birincisi, o deyib ki, ABŞ iki-üç il ərzində müəyyən növ sursatların istehsalını bir neçə dəfə artırmaq niyyətindədir. Görünür, İranla müharibə ABŞ sursatlarının azaldıb ki, Vaşinqton hərbi resurslarını artırmaq barədə qərar verib. Bu həm də onun işarəsidir ki, ABŞ növbəti regional müharibələrə hazırlaşır. Pit Heqsetin sözlərinə görə, ABŞ sursat istehsalını artırmaq üçün əlavə üç fabrik tikəcək. Buna baxmayaraq, Pentaqon başçısı ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün kifayət qədər sursatı olduğunu bildirib.

Pit Heqsetin forumdakı çıxışında ABŞ-ın Hindistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə və birgə silah istehsalı planı olduğunu xatırladıb. Pentaqon başçısı Vaşinqtonun “güclü və mənfəətli Hindistan”da maraqlı olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-Hindistan ittifaqı bölgədə güc balansını qoruyacaq. ABŞ Hindistanla birgə “Javel” tank əleyhinə idarə olunan raket istehsalını həyata keçirəcək. ABŞ Prezidenti Donald Trampla Hindistanın baş naziri Narendra Modi ilə 2025-ci ildə imzaladıqları anlaşmaya görə, iki ölkə arasında “Javelin” sistemləri ilə yanaşı “Stryker” zirehli personal daşıyıcıları birgə istehsalı da razılaşdırılıb. Bundan başqa ABŞ Hinidtsanın Hərbi Dəniz Qüvvələrinin gəmilərini gücləndirmək çalışmalarında da iştirak edir. Söhbət həmin gəmilərin yüksək texnologiyalarla təminatından gedir.

Sinqapurdakı toplantıda Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin də çıxışı diqqət çəkib. O Pekinin Yaponiyanın ünvanına “yeni militarism” ittihamlarını təkzib edib. Əskinə, Yaponiyanın müdafiə naziri bildirib ki, Çin bölgədə hərbi gücünü artırıb və bu iki ölkə arasında gərginliyin dərinləşməsinə səbəb olub.

Çin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam etdikcə, Yaponiya da hərbi büdcəsini artırmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, Çindən fərqli olaraq Yaponiyanın nüvə silahı arsenalı və strateji bombardmançı təyyarələri yoxdur. Yaponiya Asiya və Sakit Okean bölgəsindəki tərəfdaşlarıyla əlaqələri gücləndirmək siyasətinə üstünlük verir.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik fonunda Asiya və Sakit Okean bölgəsində də vəziyyət sabit deyil. Bu bölgədə müharibə olmasa da, Tayvan ətrafındakı vəziyyət hər an bölgə ölkələrinə üz-üzə qoya bilər.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1386177
en_USEN