Month: August 2026

Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir

Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Özbəkistana Hindistanın baş naziri Narendra Modi səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Narendra Modi ilə görüşdə Hindistanı ölkəsi üçün vacib və perspektivli strateji tərəfdaş kimi qiymətlənirib. Şavkat Mirziyoyev Narendra Modiyə Özbəkistanın ali mükafatını təqdim edib.

Şavkat Mirziyoyev Narendra Modi ilə əməkdaşlığın bütün istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparıb. Liderlər hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək barədə, o cümlədən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar civarındadır. Deməli, iki ölkə yaxın 3-4 ildə müxtəlif ortaq layihələr reallaşdırmalıdır ki, ticarət mübadiləsini 5 dəfə artıra bilsinlər. Təsadüfi deyil ki, son bir neçə ildə müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistanla Hindistan arasında təyyarə uçuşlarının sayının artması isə turizmin inkişafına təkan vermək məqsədi daşıyır. Ümumilikdə liderlər Daşkənddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən xeyli sənəd imzalayıblar.

Özbəkistan Hindistanla siyasi əlaqələri inkişaf etdirməklə yanaşı hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirməyə də qərar verib. Liderlər əməkdaşlığın perspektivli sahələri kimi enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesinin inkişafını göstəriblər. Liderlər ümumi sözlərlər kifayətlənməyərək vurğuladıqları hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul şəxslər və son tarixlər göstərilməklə hökumətlərinə ayrıca “yol xəritələri” hazırlamağı göstəriş veriblər. İki ölkənin lideri beynəlxalq və regional, o cümlədən BMT, Şanşay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatlar çərçivəsində koordinasiyanın vacibliyini də vurğulayıblar.

Hindistanın baş nazirinin Özbəkistana səfəri xeyli müddətdir hazırlanırdı. Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov bu məqsədlə avqustun əvvəlində Hindistana 4 günlük səfər etmişdi. Hindistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Yeni Dehli bu mənada Mərkəzi Asiyada marağı olan rəqibi Çindən geri qalmaq istəmir. Öz nəvbəsində Özbəkistan Hindistanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır. Hazırda Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Özbəkistan Hindistana Mərkəzi Asiyada möhkəmlənmək üçün lokomotiv rolunu oynamaq funskiyasını öz üzərinə götürüb.

Rusiya Şərq bazarına yönəlib

Avropa Rusiya neftindən asılılığını azaltdıqdan sonra Hindistan Moskvanın ikinci ən böyük xam neft alıcısına çevrilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl Hindistan Rusiyadan gündəlik cəmi 84 min barel neft alırrdı, hazırda bu həcm 1.8 – 2.8 milyon barel civarındadır. Bundan başqa Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları Moskvanı Hindistan benzini idxal etməyə məcbur edib və bu birtərəfli xam neft axınını Hindistanın kəsirini azalda biləcək ikitərəfli enerji ticarətinə çevirib.

Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları ölkənin enerji sektoru üçün əhəmiyyətli problemlər yaradıb. Kreml 2022-ci ildə Ukraynaya hücum etməyə başlamazdan əvvəl Avropa Rusiya enerji ixracatı üçün əsas istiqamət idi. 2021-ci ildə Rusiya Avropa Birliyinin neft idxalının 25,8 faizini təşkil edirdi və bu da onu blokun ən böyük neft tədarükçüsü edirdi. Rusiya həmin il 27 ölkəni əhatə edən bloka orta hesabla gündə 4,7 milyon barel xam neft ixrac edirdi. Müqayisə üçün, 2021-ci ildə Hindistan Rusiyadan gündə təxminən 84.000 barel xam neft idxal edirdi ki, bu da onun ümumi xam neft idxalının yalnız iki faizini təşkil edirdi.

Avropa ölkələri hazırda Rusiyadan enerji asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Buna görə də Moskva enerji ixracı üçün yeni bazarlar tapıb. Şərq Rusiyanın əsas ixracat məkanıdır. Bu dəyişiklik nəticəsində Hindistan Rusiyanın enerji ticarətində mühüm tərəfdaşına çevrilib. Dünyanın ən çox əhalisi olan ölkəsi hazırda Rusiya neftinin qlobal miqyasda ikinci ən böyük alıcısıdır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarıın avqustun 25-də  Moskvaya səfərindən sonra Yeni Dehli Rusiyanın “fasiləsiz şəkildə Hindistana enerji təchizatını” davam etdirəcəyinə dair zəmanət alıb. İki ölkə arasında ticarət əhəmiyyətli – beş ildə təxminən dörd dəfə artaraq, 2021-22-ci illərdə təxminən 13 milyard dollardan 2025-26-cı illərdə təxminən 60 milyard dollara çatsa da – disbalans da xeyli genişlənib. Hindistanın böyük emal sənayesinin iyun və iyul aylarında Rusiyaya bir milyon bareldən çox benzin tədarük etdiyi təxmin edilir. Rusiyadan idxalın əsas hissəsini xam neft təşkil etməsinə baxmayaraq, ticarət artıq birtərəfli deyil. Yeni Dehli Moskva ilə ticarət kəsirini azaldıb. Eyni zamanda, ölkənin əsas prioritetlərindən biri kimi görünən enerji idxalını şaxələndirməklə Hindistan enerji təhlükəsizliyinin hər hansı bir təchizatçıdan çox asılı olmamasını təmin edib. Hindistan eyni zamanda ABŞ-dan sıxışdırılmış qazın alışını da kəskin artırıb. Bu Hindistana Vaşinqton və digər təchizatçılarla enerji əlaqələrini dərinləşdirərkən Moskva ilə tərəfdaşlığını qorumağa imkan verir. ABŞ-ın İrana qarşı təzyiqi və Hörmüz boğazında qeyri-müəyyənlik davam edərkən   Vaşinqton Hindistana Rusiyadan neft alışına mane olmayacaq. Bu vəziyyət Ukraynanı narahat etməmiş deyil.

İranla iqtisadi əməkdaşlıq təhlükəlidirmi?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ eyni zamanda hərbi gəmiləri vasitəsilə Hörmüz boğazının girişinə və çıxışa nəzarəti gücləndirib. Pentaqondan yayımlanan açıqlamaya görə, ABŞ hərbi gəmiləri Hörmaz boğazını minalardan təmizləyiblər. Bundan başqa ABŞ-ın Hörmüz boğazından neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyini təmin etdiyi bildirilib. Halbuki, SEPAH generalları bu məlumatları təkzib ediblər.

Donald Tramp İranla yanaşı bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri cəzalandıracaqlarını da açıqlayıb. Siyahıda ilk sırada Çin gəlir. Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib. Tramp jurnalistin mövzuyla bağlı sualına cavab olaraq İranla əməkdaşlıq edən Çin şirkət və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.

Çin rəsmiləri Trampın açıqlamasına sərt reaksiya veriblər. Pekin İranla əməkdaşlığıa davam edəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır. Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinə tərəfdar olduğu fikrini təkrarlayıb. Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu Çinin nüfuzunə zərbə vuracaq. Çin İran neftinin əsas alıcılarından biridir. Pekin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməyəcək.

Tramp avqustun 20-də verdiyi açıqlamada, İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan etmişdi. O, həmçinin söyləmişdi ki, maliyyə qurumlarına, şirkətlərinə, hava limanlarına və ya dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bütün müstəqil ölkələrin ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməsi və istənilən sanksiyanı rədd etməsi gərəkliyi vurğulanıb. SEPAH komandanlığının hədəsi daha sərtdir. İran generalları ABŞ-ın sanksiyasina riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar.

Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? Azərbaycan bütün qonşularıyla olduğu kimi İranla da ticarət əlaqələrinin davamında maraqlıdır. İki ölkə arasında mhdud həcmdə enerji mübadiləsi var. Bununla yanaşı Azərbaycan İranda heç bir layihəni maliyyələşdirmir. Odur ki, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməyə heç bir əsası yoxdur. Digər tərəfdən Azərbaycan Ağ Evin hədəsi qarşılığında İranla ticarət əlaqlərindən də imtina etməyəcək. Bu baxımdan SEPAH komandanlığının hədəsinin də Azərbaycana aidiyyatı yoxdur.

Afrika uğrunda rəqabət artıb

Dünyada resurslar uğrunda mübarizə genişlənib. Böyük iqtisadi gücə malik olan dövlətlərə istehsallarını yüksək səviyyədə saxlamaq üçün müxtəlif məkanlarda yeraltı resurslara malik olmaq lazımdır. Afrika qitəsi belə məkanlardan biridir. Çin şirkətləri aşağı qiymətli maliyyələşdirmə və inteqrasiya olunmuş layihələrin həyata keçirilməsi yolu ilə Afrikanın infrastruktur bazarında dominantlıq etməyə davam edirlər. Eyni zamanda Türkiyə, Körfəz ölkələri və Hindistan etibarlı rəqiblər kimi ortaya çıxaraq qara qitənin infrastruktur yarışını getdikcə çoxqütblü edirlər.

Çin Afrikanın ən böyük infrastruktur qurucusu olsa da, bu ölkənin dominantlığı artıq mübahisəsiz deyil. Türkiyə, Hindistan və Körfəz ölkələri maliyyə, tikinti təcrübəsi və strateji tərəfdaşlıqdan istifadə edərək qitənin infrastruktur bazarını yenidən formalaşdıraraq öz təsirlərini davamlı olaraq genişləndirirlər. Buna baxmayaraq, Çin Afrika ölkələrinə on milyardlarla dollar yatırım qoymaqda davam edir. Ən son nümunə Keniyadır. Çin bu ölkənin paytaxtı Nayrobidə hava limanının moderləşdirilməsinə 1,2 milyard dollar yatırım qoyub. Çin Keniyanın avtomobil yollarına da yatırımların miqyasını artırıb. Bu layihələr Çinin Afrikadakı dərin köklərini gücləndirir.

Çinin ən böyük üstünlüyü inteqrasiya olunmuş paket təklif etmək qabiliyyətidir. Çin şirkətləri adətən maliyyələşdirmə, mühəndislik, tikinti və bir çox hallarda uzunmüddətli əməliyyatları vahid bir tənzimləmə çərçivəsində birləşdirirlər. Bu paket yanaşma Afrika hökumətləri üçün layihənin icra risklərini əhəmiyyətli dərəcədə azaldır. Qərb şirkətləri bu təkliflərə uyğunlaşmaqda çətinlik çəkirlər. Daha yüksək əmək xərcləri, daha sərt maliyyələşdirmə normaları və daha yüksək risk mükafatları Avropa və ABŞ şirkətlərini böyük infrastruktur təkliflərində daha az rəqabətli edir. Bunun əvəzinə, bir çox Qərb şirkəti yüksək dəyərli məsləhət, dizayn və layihə idarəetməsinə keçiblər.

Çin struktur iqtisadi üstünlüklərdən faydalanır. nisbətən daha aşağı mühəndislik xərcləri ilə bir çox rəqibin uyğunlaşmaqda çətinlik çəkdiyi qiymətlərlə böyük layihələri maliyyələşdirə və inşa edə bilər. Bununla belə, Afrikada rəqabət mənzərəsi dəyişib. Türkiyə və Körfəz ölkələri bir vaxtlar Çinin ərazisi hesab edilən layihələri getdikcə daha çox əldə edirlər. Türkiyənin mühəndislik şirkətlərindən biri Mərkəzi Afrikada əsas dəmir yolunun tikintisini həyata keçirir. Türkiyə şirkəti Tanzaniyada böyük dəmiryolu tikintisini reallaşdırır. Türkiyənin rəqabət üstünlüyü nisbətən aşağı əmək xərcləri və layihə maliyyələşdirməsiylə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə Afrikada fərqli  strategiyaya üstünlük verir. Bol kapitaldan istifadə edən BƏƏ şirkətlərindən biri uzunmüddətli güzəştlər yolu ilə Afrikanın ən böyük limanlarından birinə yiyələnib. BƏƏ şirkətləri Seneqalın və Mozambikin dərin sulu limanını inkişaf etdirmək layihələrini icra edirlər. BƏƏ-yə məxsus şirkətlər Afrikada logistika, liman idarəetməsi, aviasiya sahələrinə üstünlük verirlər.

Hindistan şirkətləri isə güzəştli maliyyələşdirmə vasitəsilə bir neçə Afrika ölkəsində mövqelərini möhkəmləndiriblər. Ancaq Çindən fərqli olaraq, Hindistan maliyyələşdirmə, tikinti və uzunmüddətli əməliyyatları mükəmməl şəkildə birləşdirən sistem qura bilməyib.

Beləliklə, böyük dövlətlərin rəqabəti Afrikada fərqli mənzərə yaradıb. Çin miqyaslı və inteqrasiya olunmuş maliyyələşdirmə təklif edir. Türkiyə mühəndislik və işçi qüvvəsi xərcləri üzrə rəqabət aparır. Körfəz dövlətləri maliyyə gücündən və logistika təcrübəsindən istifadə edirlər. Hindistan isə strateji tərəfdaşlıqlar və kommersiya investisiyaları vasitəsilə imkanlar axtarır. Buna baxmauyaraq, Çin qitədə dominant infrastruktur oyunçusu olaraq qalır. Ancaq Afrikanın infrastruktur bazarı artıq yalnız bir ölkə tərəfindən müəyyən edilmir. Afrika maliyyələşmə modellərinin, geosiyasi təsirin, uzunmüddətli strateji maraqların, o cümlədən limanların, dəmir yollarının müəyyən etdiyi çoxqütblü rəqabət arenasına çevrilir.

Banqladeş müdafiə paktına üzv olmaq istəyir

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə keçirilən üçtərəfli sammit zamanı birgə müdafiə sazişi imzalayıb. Saziş tərəflərin kollektiv təhlükəsizliyi gücləndirməsini, müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməsini, eləcə də regionda və ondan kənarda sülh və sabitliyin təşviqini nəzərdə tutur. Hazırda sazişin yeni üzvlərlə genişləndirilməsi istiqamətində danışıqlar başlayıb. Türkiyə Misirin üzvlüyünə üstünlük verir. Ancaq Səudiyyə Ərəbistanının Misirlə bağlı tərəddüdləri var.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Azərbaycanın strtateji müttəfiqləri və tərəfdaşlarıdır. Buna baxmayaraq, Azərbaycanın bu sazişə qoşulması barədə müzakirələr getmir. Çünki, saziş anti-İsrail mahiyyəti də daşıyır. Azərbaycan isə sazişə qoşulmaqla İsraillə münasibətlərinə zərər vurmaq istəmir. Azərbaycan Türkiyə, Səudiyyə Ərəbistanı Pakistanla hərbi sahədə əməkdaşlıqda ikitərəfli əlaqələrə üstünlük verir.

Bu arada, Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabir ölkəsinin Məkkə paktına qoşulmaq istədiyini bildirib. Dövlət naziri vurğulayıb ki, Banqladeş İslam ölkələri arasında formalaşan istənilən təhlükəsizlik formatına maraq göstərir. Banqladeş müdafiə paktına qoşulmaqla müdafiə qabiliyyətini artırmağı planlaşdırır. Bundan başqa Banqladeş pakt vasitəsilə üzv ölkələrin hərbi texnologiyalarından faydalanmağı planlaşdırır. Banqladeş əsasən Türkiyənin müdafiə səneyasinin məhsullarına maraq göstərir.

Banqladeşin inkişaf modeli şaxələndirilmiş xarici əlaqələrdən asılıdır. İxrac bazarları, idxal olunan yanacaq və sənaye məhsulları, pul köçürmə dəhlizləri, inkişaf maliyyəsi, infrastruktur investisiyaları və texnologiya tərəfdaşlıqları fərqli strateji baxışlara malik ölkələr arasında yayılmışdır. Bu şəbəkədə etimadı qorumaq davamlı böyümə üçün vacibdir. Bu baxımdan Banqladeşin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla hərbi ittifaqı seçməsi Dəkkənin geosiyasi mövqeyində ciddi dəyişiklik kimi qəbul olunacaq. Misal üçün Banqladeşin müdafiə paktına qoşulması Dəkkənin Hindistanla münasibətlərinə təsir edə bilər. Yeni Dehli Banqladeşin müdafiə paktına qoşulmaası istəyindən narahatdır. Yeni Dehlidə hesab edirlər ki, Dəkkə xarici və təhlükəsizlik siyasətində “strateji muxtariyyət” modelinə üstünlük verməlidir. Bu  əsas tərəfdaşlarla sıx münasibətlər saxlamaq, müdafiə və təhlükəsizlik sahəsində selektiv əməkdaşlıq etmək və siyasət çevikliyi azalda biləcək öhdəliklərdən çəkinməyi diktə edir. İki il əvvəl Banqladeşdəki küçə etirazlarından sonra istefa verən keçmiş baş nazir Şeyx Həsinə Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətlərdə müəyyən gərginlik yaratsa da, sonra tərəflər dialoq yoluyla gərginliyi azaltmışdılar. Ancaq Banqladeşin Pakistanında üzv olduğu müdafiə paktına qoşulma istəyir Dəkkə-Yeni Dehli münasibətlərində yeni suallar yaradacaq.

Qazaxıstan nüvə sınaqlarının əleyhinədir

Qazaxıstanda nüvə silahlarıyla bağlı 3 mühüm hadisənin ildönümüylə bağlı xarici diplomatlarla fikir mübadiləsi aparılıb. Birincisi, avqustun 29-da Qazaxıstanın Semipalatinsk poliqonunun bağlanmasının 35 ili tamam olacaq. Keçmiş SSRİ dövründə Semipalatinsk poliqonunda 1949-cu ildən 1989-cu ilədək 500-dən çox nüvə sınağı keçirilib. Qazaxıstan müstəqillik qazandıqdan sonra 1991-ci ildə poliqonun fəaliyyətinə son qoyub. Bu sınaqlar bölgədə ekoloji problemlərə səbəb olub. Qazaxıstanda hələ SSRİ dövründə bu poliqonun bağlanmasıyla bağlı hərəkat fəaliyyət göstərib. 1991-ci ildə bağlanmış poliqonun bazasında Milli Nüvə Mərkəzi yaradılıb.

İkincisi, 20 il əvvəl, 2006-cı ildə Semipalatinsk şəhərində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın nümayəndələrinin nüvə silahından azad zona haqqında müqavilə imzalayıblar. Astana bu müqaviləyə də xüsusi əhəmiyyət verir. Sənəddə deyilir ki, bu müqaviləni imzalayan dövlətlər Mərkəzi Asiyada nüvə silahı və onun komponentlərinin, həmçinin nüvə partladıcı qurğularının istehsalı, alınması və yerləşdirilməsinə qadağa qoyulması ilə bağlı öz üzərlərinə öhdəlik götürürlər. Bununla belə, müqavilədə nüvə enerjisinin dinc məqsədlər üçün istifadə olunmasına icazə verilir. Müqavilə 2009-cu ilin martında qüvvəyə minib.

Üçüncüsü, sentyabrın 24-də nüvə sınaqlarının qadağan olunması tarixindən 30 il keçəcək. Bu artıq qlobal hadisə əhəmiyyəti daşıyır. BMT Baş Assambleyası Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsini 1996-ci ildə qəbul edib. Qazaxıstan həmin müqaviləni elə həmin ilin sentyabrında imzalayıb, parlamenti isə 2002-ci ilin may ayında ratifikasiya edib. Buna baxmayaraq, bəzi ölkələr müqaviləni hələ də ratifikasiya etməyiblər. Rusiya Ukraynaya qarşı müharibə fonunda Qərb ölkələrini ara-sıra nüvə sınaqlarını bərpa edə biləcəyi ilə hədələyir. Çin müqaviləyə imza atsa da, ratifikasiya etməyib. Əksinə, Çin nüvə arsenalını artırmaq siyasətini davam etdirir və Vaşinqtonun nüvə silahlarının azaldılması barədə sazişə qoşulması təklifini qəbul etmir. Pekinin nüvə arsenalını artırması siyasəti ABŞ-la yanaşı Çinə qonşu olan ölkələri, o cümlədən Qazaxıstanı narahat edir. Təsadüfi deyil ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Erjan Aşikbayev bir neçə gün əvvəl Çinin Astanadakı səfiri Xan Çunlinlə görüşündə tərksilah və nüvə silahlarının tərksilah və yayılmama mövzusunu müzakirə edib.

Putin Yeni Dehlidəki sammitdə iştirak edəcək

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar 23-24 avqustda Moskvada səfərdə olub. Hindli nazir Moskvada hökumətlərarası komissiyasının iclasında iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Jaishankarı qəbul edib.

Hindistanın xarici işlər nazirinin Moskvaya budəfəki səfəri ona görə diqqəti çəkib ki, Yeni Dehli Vaşinqtonla Moskva arasında balansı qorumağa çalışır. Məsələ burasındadır ki, Vaşinqton Yeni Dehli ilə Moskva arasında sıx əlaqələrin əleyhinədir. Vaşinqtonun təzyiqinə baxmayaraq, Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir, əksinə iki ölkə arasında ticarət əlaqələrinin həcmi artıb. Doğrudur, Vladimir Putin Subrahmanyam Jaishankarla söhbətində ticarət tərəfdaşlığının həcminin bir qədər azaldığını etiraf etsə də, Rusiya Prezidenti builki göstəricilərdən məmnun qaldığını söyləyib. Putin buna görə Hindistanın baş naziri Narendra Modiyə minnət olduğunu vurğulayıb. Görünür, Putin bununla demək istəyib ki, Modi Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrinin artmasında maraqlı olub.

Hindistan Rusiyadann neft alışının həcmini artırıb. Bunun iki səbəbi var. Birinci, səbəb Hörmüz boğazımda yaranan gərgin vəziyyətlə əlaqəlidir. Hindistan ABŞ-İran müharibəsindən əvvəl neftə olan tələbatının əsas hissəsini Hörmüz boğazı üzərindən əldə edirdi. Hazırda bu mümkün deyil. Ona görə Hindistan Rusiyadan neft alışını artırmaq məcburiyyətində qalıb. İkinci səbəb Rusiya neftinin qiymətlərinin Hindistan üçün münasib olmasıdır. Rusiya Qərbin sanksiyaları qarşılığında Hindistana nefti dünya bazar qiymətlərinə nisbətən ucuz satmağa üstünlük verir. Rusiyanın neft emalı zavodları Ukraynanın dron zərbələri altında olduğundan Moskva Hindistandan benzin alışını artırıb. Bu iki ölkə arasında ticarət həcminin artmasına şərait yaradır.

Rusiya Hindistanla Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də əməkdaşlığın inkişafında maraqldır. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı bu ayın sonunda Qırğızıstanda keçiriləcək. BRİKS-in zirvə toplantısı isə sentyabr ayında Hindistanda baş tutacaq. Vladimir Putin hər iki sammitdə iştirak etməyi planlaşdırır. Halbuki, Rusiya Prezidenti bundan əvvəlki sammitlərdə iştirakdan ehtiyat edirdi. Bu dəfə isə Putin Yeni Dehlidəki sammitdə iştiraka üstünlük verir. Təsadüfi deyil ki, Putin Hindistanın xarici işlər naziri ilə söhbətində yaxınlarda Narendra Modi ilə görüşəcəyinə işarə edib.

Çinin hərbi gücü Vaşinqtonu narahat edir

Çin Hərbi Dəniz Qüvvələrinin Sakit Okeanda artan fəallığında narahat olan ölkələrin sayı artıb. Çinin sualtı qayığının ötən ay simulyasiya edilmiş döyüş başlığı olan strateji raketin sınağını keçirməsi 38 ölkənin birgə bəyanatına səbəb olub. Cənubi Koreya, ABŞ, Yaponiya və daha 38 ölkə qitələrarası ballistik raketlərin sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışları və buraxılış vasitələri barədə əvvəlcədən xəbərdarlıq etməyə çağıran birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, əvvəlcədən xəbərdarlıq edilmədən nüvə qabiliyyətli raketlərin sınaqdan keçirilməsi bölgə üçün “təhlükəlidir” və regional sabitliyi pozur: “Sadələşdirilmiş, şəffaf bildiriş mexanizmləri heç bir ölkənin hərbi inkişafını və ya əməliyyat ehtiyaclarını məhdudlaşdırmır. Bunun əvəzinə, onlar səhv hesablama riskini azaldır, etimad qurur və təhlükəsizliyə ortaq öhdəliyi əks etdirir”. Bəyanatda vurğulanıb ki, bildirişlərə ballistik raketin və ya buraxılış vasitəsinin ümumi sinfi, buraxılış sahəsi və planlaşdırılan təyinat yeri kimi məlumatlar daxil edilməlidir.

Bu kimi bəyanatlar Pekini narahat etmir. Çin hakimiyyəti hərbi dəniz qüvvələrini və bu qüvvələrin nüvə başlıqlı raketlərlə təhciz olunması siyasətindən imtina etməyəcək. Çin bu sahədə ABŞ-la arasındakı fərqi azaltmağa çalışır. Çin nüvə arsenalını da artırmağa davam edir. ABŞ Çinin nüvə arsenalının məhdudlaşdırılması məqsədilə Pekinlə müvafiq saziş imzalamağa çalışsa da, nəticə əldə edə bilmir.

Hörmüz boğazı ətrafındakı gərginik göstərdi ki, ABŞ-ın müxtəlif dövlətlərdə hərbi bazalarının sayı, o cümllədən dünyanın ən güclü hərbi dəniz qüvvələrinə sahib olması kifayət etmir. Əsas məsələ okean və dənizlərdəki dar boğazlara nəzarət etməkdir. Boğaza nəzarət edən ticarət gəmilərinə də şərtlərini diktə edəcək. Çinin hərbi dəniz qüvvələrin gücləndirməsi və hərbi təlimlərinin sayının artırması məqsədləridən biri Tayvan boğazına nəzarət etməkdir. Əgər Hörmüz boğazı dünya yanacağının keçid yeri kimi tinanınırsa, Tayvan boğazı nadir torpaq elementlərinin və yarımkeçiricilərin daşındığı yer kimi tanınıb. Tayvan boğazı ABŞ üçün əhəmiyyətli olduğundan Çinin bu bölgədə hegemonluğunun qarşısını almağa çalışır.

Bu arada, Çinin dövlətə məxsus enerji şirkəti olan Nüvə Enerjisi Korporasiyası nüvə sirlərini əldə etdiyinə ABŞ tərəfindən qara siyahıya alınıb. Bu şirkət Cənubi Koreyada beş elektrik stansiyası işlədir. Elektrik stansiyası həmçinin mühüm sənaye sahəsi olan neft-kimya şirkətlərinə də elektrik enerjisi verir. Bu hal Vaşinqtonu narahat edir. Məsələ burasındadır ki, Çinin Cənubi Koreyada işlətdiyi şirkətlər ABŞ ordusunun bu ölkədəki hərbi bazasının yaxınlığında yerləşir. Federal Təhlükəsizlik Bürosunun Çinin Cənubi Koreyadakı şirkəti ABŞ-ın nüvə texnologiyaları şəbəkəsinə sızmaq və ikili istifadə üçün nəzərdə tutulmuş qabaqcıl nüvə reaktoru dizaynlarını oğurlamaq üçün birgə müəssisələrdən, tərəfdaşlıqlardan və digər qanuni beynəlxalq ticarət təcrübələrindən istifadə edir. Buna görə də Çinin Nüvə Enerjisi Korporasiyası 2019-cu ildən bəri ABŞ Ticarət Nazirliyinin Qurumlar Siyahısındadır. Vaşinqtonda hesab edirlər ki, Nüvə Enerjisi Korporasiyası kəşfiyyat toplama platforması kimi fəaliyyət göstərir.

Avropa yeni ittifaq haqqında nə düşünür?

Hörmüz boğazı ətrafındakı gərginlik Bab əl-Məndəb boğazının əhəmiyyətini artırıb. İran Hörmüz boğazına nəzarət edərkən, SEPAH-la əlaqəli olan Yəməndəki husilər Bab əl-Məndəb boğazına nəzarət etməyə çalışırlar. İran bu məqsədlə husiləri raket və dronlarla təhciz edir. Bu boğaz Qırmızı dənizi və Ərəbistan dənizinin Ədən körfəzini birləşdirir. Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb ucu ilə Afrika materikinin şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşən qitələrarası boğazdır. Uzun illərdir ki, Somali piratları və Yəmən üsyançıları boğazda neft tankerlərinə təhlükə yaradırlar. Bir neçə il əvvəl husilərin hücumları tankerləri alternativ, ancaq daha uzun məsafədən istifadəyə məcbur etmişdi.

Husilərin Bab əl-Məndəb boğazından keçməyə çalışan tankerləri hədəf alması bu istiqamətdən istifadə edən dövlətləri narahat edir. Misal üçün Hindistan hərbi dəniz qüvvələri Bab əl-Məndəb boğazından keçən neft gəmilərini müşayiət etmək üçün gəmilər yerləşdirib. Hindistan hərbi dəniz qüvvələrinin qərb komandanlığı bu barədə sosial media səhifəsində elan edib və bildirib ki, hərbi dəniz qüvvələri həyati əhəmiyyətli enerji yüklərinin təhlükəsiz daşınmasını təmin etməyə və Hindistanın dəniz maraqlarını qorumağa davam edir. Hindistan hərbi dəniz qüvvələri həmçinin tankerlərlə yanaşı üzən döyüş gəmilərini, dəniz aviasiyası helikopterinin onları havadan müşahidə etdiyini göstərən fotoşəkillər dərc edib.

Səudiyyə Ərəbistanı illərdir husilərlə mübarizə apararaq boğazın təhlükəsizliyini təmin etməyə çalışır. Ancaq Səudiyyə Ərəbistanı təkbaşına istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir. Ər-Riyad bu səbəbdən ittifaq yaratmağa başlayıb. Bab əl-Məndəb boğazında və Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Çoxmillətli Dəniz Müdafiə Koalisiyasına 13 ölkə rəsmi olaraq qoşulub. 13 dövlət daxili prosedurları tamamlayaraq koalisiya nizamnaməsini imzalayıb və rəsmi şəkildə quruma qoşulduğunu elan edib. Bu addım koalisiyanın fəaliyyətə başlamasına və institusional, eləcə də əməliyyat mərhələsinə keçməsinə imkan verib. Koalisiyanın əsas məqsədi Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsidir. Bu kolasiya o deməkdir ki, husilərə qarşı böyük ittifaq formalaşıb və onlar ticarət gəmilərini hədəf götürərlərsə, qarşılarında artıq müxtəlif dövlətləri görəcəklər.

Bu arada, Avropa institları Yaxın Şərqdəki proseslərdə diqqətin arıtırlması vacibliyi barədə müxtəlif hesabatlar yayımlayıblar. Avropanın əsas diqqəti Rusiya-Ukrayna müharibəsində olsa da, Yaxın Şərqdəki proseslərin də köhnə qitəyə təsiri var. Avropanın siyasi və ekspert dairlərində Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı geniş müzakirə olunur. Səudiyyə Ərəbistanının İslam dünyasında böyük maliyyə resursları və təsiri var. Pakistan Asiyada ən böyük silahlı qüvvələrdən birinə malikdir və yeganə müsəlman nüvə gücüdür. Türkiyənin isə NATO-da ikinci ən böyük ordusu, getdikcə inkişaf edən müdafiə sənayesi və ən əsası Avropaya uzanan coğrafiyası var. Müasir dronlar, raketlər, döyüş gəmiləri, zirehli maşınlar və elektron müharibə sistemləri istehsal edən Türkiyə eyni zamanda hərbi texnologiyanın mühüm ixracatçısına çevrilib. Türkiyənin gücü bununla kifayətlənmir. Ankaranın Suriya və Liviyaya artan təsiri Türkiyənin bölgədəki rolunu daha da artırıb. Buna görə Brüssel Məkkə Paktına yalnız Yaxın Şərq və ya İranla son müharibə kontekstində baxmır. Həmin paktda Türkiyənin iştirakı Avropa üçün əhəmiyyət kəsb edir. NATO üzvü olan Türkiyə Yaxın Şərqəki proseslərdə aktiv rol oynamaqla yanaşı, həm də Qərbin təhlükəsizlik alyansında yer alıb. Türkiyənin artan rolundan Qərbdə narahat olan qüvvələr və ölkələr də az deyil.

Yaponiya Çindən asılılığını azaltmaq istəyir

Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl Kuril adalarına səfəri Tokionun ciddi narazılığına səbəb oldu, Rusiyanın səfiri Yaponiya Xarici İşlər Nazirliyinə çağrılaraq etiraz bildirildi. Putinin hakimiyyətdə olduğu illər ərzində ilk dəfə Kuril adalarına səyahəti onun Tokioya bu şəkildə açıq mesajı idi: “Rusiyaya məxsus Kuril adaları heç bir halda Yaponiyaya verilməyəcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrov Tokionun kəskin reaksiyası qarşılığında Yaponiya hökumətinin hazırki xarici siyasətini tənqid edib. Lavrovu narazı salan odur ki, Yaponiya hərbi gücünü artırmağa başlayıb və hərbi sahədə ABŞ-la koordinasiya siyasətini genişləndirib. Bu yeni bir siyasət deyil. Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın sularda Rusiya ilə bərgə keçirdiyi hərbi təlimlər Tokionu hərbi gücünü artırmağa sövq edib. Vaşinqton Tokionun bu siyasətinə tam dəstək verib. Tokio eyni zamanda Moskva ilə dialoqdan imtina etməyib. Misal üçün bir Yaponiyanın biznes nümayəndə heyəti müddət əvvəl Moskvaya səfərinə etmişdi. Ancaq Putinin Kuril adalarına səyahəti iki ölkə arasındakı bu dialoqa zərbə vurdu.

Hazırki şərtlər altında Yaponiyanın yeganə alternativi müttəfiqi Vaşinqtonla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməsidir. Yaponiya, nadir torpaq metalları üçün dünyanın ən dərin sualtı mədəni tikmək üçün ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır.  Bununla ABŞ və Yaponiya nadir torpaq elementlərinin hasilatında dünya lideri lan Çindən asılılığı azaltmağı qarşılarına məqsəd qoyublar. Pekinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyət Yaponiyanı alternativlər axtarmağa məcbur edib.

Yaponiya torpaq elementlərinin əsas idxalçısıdır. Çinlə münasibətlərindəki gərginlik son bir ildə o qədər kəskinləşib ki, Yaponiyanı digər təchizat mənbələri axtarmağa məcbur edib. Yaponiya Sakit okeanın şimal-qərbində yerləşən və yaşayış olmayan adada nadir torpaq elementləri aşkarlayıb. İlkin araşdırmalar nəticəsində həmin adada ağır nadir torpaq elementlərinin əhəmiyyətli dərəcədə miqdarı aşkar edilib. Bu elementlər Yaponiya avtomobil və elektronika sənayesi üçün vacibdir. İlkin araşdırmalar təsdiq olunarsa, Yaponiyanın nadir torpaq elementləri sahəsində Çindən asılılığı azalacaq. Ancaq bu layihənin reallaşdırılması üçün milyardlarla dollar vəsait lazımdır. Yaponiya bu layihəyə ABŞ-ı cəlb etməklə hən iki ölkə arasındakı münasibətlərini gücləndirmək, həm də Çinin mümkün təzyiqlərindən sığortalamağı qarşısına məqsəd qoyub.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1735677
en_USEN