Месяц: Июль 2026

Fələstin İran üçün prioritetlər sırasında deyil

ABŞ-İran hərbi qarşdurması, qarşılıqlı hücumlar Tehranın bölgədəki proksi qüvvələrə əməli dəstəyini arxa plana keçirib. Əlbəttə, İran əvvəlkitək bölgədəki silahlı müttəfiqləriylə əməkdaşlığı davam etdirir, ancaq indiki şərtlər altında həmin qruplara maliyyə və silah-sursatın çatdırılması çətinləşib. Bunun birinci səbəbi ağır raket zərbələri alan İranın mövcud durumudursa, ikinci səbəb silah və sursatın proksi qüvvələrə çatdırılmasının çətinliyi ilə əlaqəlidir.

Qərb ekspertləri İranın ritorikası ilə strateji davranışı arasında ziddiyyəti ortaya çıxarıblar. Qəzzada müharibə başlayandan bəri Tehran müttəfiq qrupları dəstəkləməyə, güclü bəyanatlar verməyə və “müqavimət” dilini təbliğ etməyə hazır olsa da, öz milli maraqları birbaşa təhlükə altında olduqda ehtiyatlı mövqedən çıxış etməyə başlayıb. Bu, İranın Fələstin qruplaşmaları ilə münasibətlərindən imtina etdiyi anlamına gəlmir. Bununla belə, Fələstin məsələsinin liderliyinə iddia etməklə və onu müdafiə etməyin birbaşa hərbi xərclərini ödəməyə hazır olmaq arasında böyük bir boşluq var.

“Hizbullah” Tehranın ən güclü regional tərəfdaşı və İranın çəkindirmə strategiyasının vacib bir hissəsi olaraq qalır. Təsadüfi deyil ki, Tehran Vaşinqtonla danışıqların tərkib hissəsi kimi Livan mövzusunu ön planda tutmağa çalışırdı. Ancaq İsrail ordusu Livanın cənubunu tərk etməməklə yanaşı “Hizbullh”ın silah və sursat anbarlarını dağıtmaqda davam edir. Tehran bu prosesi əngəlləməkdə acizdir.

Yaxın Şərqdə artan gərginlik fonunda Qəzza mövzusu da sanki arxa plana keçib. Halbuki, Qəzzanın məsələsi həll olunmayıb, sadəcə nisbi atəşkəs mövcuddur. Halbuki, ABŞ-İran müharibəsinə qədər Qəzza beynəlxalq aləmin əsas mövzularından biri idi. İran öz müdafisəni düşünmək məcburiyyətində qaldığı mərhələdə HƏMAS-ı fəallaşdırmaq imkanına sahib deyil. Digər tərəfdən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Terhanda qaldığı oteldə raket zərbəsiylə öldürülməsi İranın imicinə zərbə oldu. Tehran İran Prezidentinin andiçmə mərasiminə qatılan qonağının təhlükəsizliyini təmin edə bilmədi. Bu amil də HƏMAS qruplaşmasının İrana münasibətinin dəyişməsinə səbəb olub. Digər tərəfdən hazırki şərtlər daxilində “Hizbullah” İranın milli təhlükəsizliyi və bu ölkəyə hücumların qarşısını almaq qabiliyyəti baxımından Tehran üçün daha əhəmiyyətlidir. Fələstindəki silahlı qruplar isə hazırda İranın düşməni İsrailə ciddi problemlər yaratmadıqlarına görə, Tehranın gözündə həmin qrupların əhəmiyyəti azalıb. HƏMAS və Fələstindəki digər silahlı qrupları İrandan uzaqlaşdıran digər amil isə SEPAH komandanlığının müharibə zamanı Körfəz ölkələrinə raket və dron zərbələri endirmələridir. Məsələ burasındadır ki, HƏMAS-ın maliyyə və siyasi dəstək aldığı ölkələr içərisində Körfəz ölkələr də var. Misal üçün Qətər SEPAH-ın hamisi olan ölkələrdən sayılır. İran Qətərə də zərbə vurursa, bu halda HƏMAS Tehranla eyni mövqedən çıxış edə bilməz.

Moskva və Pekin “Starlink” sistemini niyə məhv etmək istəyirlər?

“The Insider” nəşri “Der Spiegel” və “Le Monde” ilə birgə apardığı araşdırmaya əsasən Rusiya və Çin ABŞ-yə məxsus “Starlink” peyk rabitəsi sisteminə qarşı birgə fəaliyyət planı hazırlayıb. Əldə olunan sənədlərə əsasən, plan hüquqi və diplomatik tədbirlərlə yanaşı, peyklərin orbitdə fiziki məhv edilməsini nəzərdə tutur.

2023-cü ilin noyabrında Çinin Quançjou şəhərində üçüncü Çin-Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumu keçirilib. Jurnaslitlər məhz bu forumda tərəflərin ABŞ-yə məxsus “Starlink” peyk rabitəsinə qarşı mübarizə barədə qərara gəldiyi qənaətindədirlər. Tərəflər arasında müzakirələr eyni ildə Moskvada da davam edib. Jurnalistlərin əldə etdiyi sənədlərdə peyklərin məhv edilməsi imkanları geniş müzakirə olunub. Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın genişləndirilməsi bununla kifayətlənməyib. Tərəflər hava müdafiə sistemlərinin inteqrasiyasına razılaşıblar. Bu o deməkdir ki, Rusiya və Çin onlara məxsus hava müdafiə sistemləri barədə bir-birlərini məlumatlandırmalı və texnoloji cəhətdən daha təkmilini birgə istehsal etməyi planlaşdırıblar.

Keçmiş SSRİ müttəfiq saydığı ölkələrə hərbi texnika satsa da, heç bir halda həmin texnikanın istehsal sirlərini hər hansı dövlətlə bölüşməyib. Rusiya da uzun illər bu siyasətə sadiq qalıb. Rusiya S-300 və S-400 hava müdafiə sistemlərini müxtəlif ölkələrə satsa da, bu sistemin hazırlanması mexanizmini bölüşməyib. Digər tərəfdən keçmiş SSRİ və Rusiya Çinlə əməkdaşlıq etsələr də, bu dövlətlə hərbi əməkdaşlığın genişlənməsi məsələsində ehtiyatla davranıblar. Rusiyanın hazırki Prezidenti Vladimir Putin isə Pekinlə daha çox yaxınlaşmağa qərar verib. Rusiyanın Ukraynaya qarşı illərdir apardığı işğalçı müharibə bu dövləti Pekindən asılı vəziyyətə salıb. Görünür, bu səbəbdən Moskva SSRİ-dən qalma və daha sonra təkmilləşdirilən hava müdafiə sistemlərinin istehsal sirlərini Pekinlə bölüşməyə qərar verib. Çin bu sirlərə yiyənlədikdən sonra texnoloji cəhətdən daha modern hava müdafiə sistemləri istehsal edəcək.

“Starlink” peyk rabitəsi sisteminə qarşı birgə mübarizə isə Pekinə Vaşinqtonla münasibətlərdə əlavə problemlər yaradacaq. “Starlink” sistemindən daha çox Rusiya rahatsızdır. Çünki, Ukrayna ordusu bu sistemdən istifadə edir. “Starlink” peyk rabitəsi sisteminin sahibi İlon Maskın Çinlə əməkdaşlığı var. Buna baxmayaraq, Maskın rəhbəri olduğu peyk rabitə sisteminin varlığı Pekini ciddi narahat edir. Moskva ilə Pekinin əməkdaşlığının bir istiqaməti “Starlink” rabitəsini sıradan çıxarmağa hesablanıb. Ancaq buna nail olmaq çətindir. Çünki, İlon Mask da yerində saymır, onun rabitə sistemini neytrallaşdırmağa çalışan sistemə qarşı müqavimət imkanlarını artıracaq.

Azərbaycanın hərbi gücünü artırmaqdan başqa alternativi yoxdur

NATO-nun Ankara sammitinin yekunlarının müzakirəsi bitməmiş Yaxın Şərq yenidən qarışıb. ABŞ Prezidenti Donald Tramp elə Ankarada olarkən, İrana zərbə vurmağa qərar verib. Livanda da müharibənin şiddətlənməsi ehtimalı var. İranın təlimatıyla İsrail ərazisinə yeni zərbələrin endirilməsi Tel-Əvivi qonşu ölkənin ərazisində hərbi müdaxiləni genişləndirməsiylə nəticələnəcək.

ABŞ-la İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb. İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı. İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb. İslamabaddan yayılan açıqlamada, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ olmadığı bildirilib. Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb.

Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətindir. ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib.

Pakistanla yanaşı Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər. Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir.

Beləliklə, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb. Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. gəlir. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müvaqilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər.

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsina baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir. Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil. Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur.

Avstraliya Hindistana uran ixrac edəcək

Hindistanın baş naziri Narendra Modi Avstraliyaya səfəri zamanı bu ölkə ilə mühüm razılaşma əldə edib. Avstraliya və Hindistan nüvə enerjisi sənayesində istifadə üçün Avstraliya uranının Hindistana ixracı ilə bağlı razılığa gəliblər. Bundan başqa tərəflər bərpa olunan enerji mənbələri, vacib minerallar və yaşıl hidrogen sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Hindistan uzun müddətdir ki, 2047-ci ilə qədər 100 gigavatt nüvə enerjisi tutumu hədəfinə çatmaq üçün Avstraliyanın uran ehtiyatlarına diqqət yetirir, Avstraliya isə əsas tərəfdaşı olan Çindən asılılığından kənara çıxaraq ticarəti şaxələndirməyə çalışır.

“Avstraliya və Hindistan yaxın tərəfdaşlar və daha da yaxın dostlardır”, Avstraliyanın Baş naziri Entoni Albanese cümə axşamı Melburnda səfərdə olan Hindistan Baş naziri Narendra Modi ilə müqaviləni yekunlaşdırdıqdan sonra jurnalistlərə bildirib.

“Bu razılaşma, Avstraliyanın Hindistana uran ixracını asanlaşdırır və qeyri-qaz yanacaq gücünün payını artırmağa kömək edir və Avstraliya resurs sektoru üçün əlavə bazar təmin edir.”

İxracın həcmi, dəyəri və ya vaxtı barədə heç bir məlumat dərhal verilməyib. Yeni razılaşma nüvə yanacağının yalnız dinc məqsədlər, məsələn, enerji istehsalı üçün istifadə olunmasını təmin edir. Modi Hindistanın Avstraliya ilə münasibətlərinin hər iki ölkə üçün bir neçə sahədə əməkdaşlıq etmək üçün “tarixi imkanlar” təqdim etdiyini söylədi. Modi bildirib ki, Avstraliyanın texnologiyası, kapitalı və resursları Hindistanın enerji keçidini sürətləndirməyə kömək edə bilər. O, həmçinin aşağı karbonlu alüminium layihələrində mümkün əməkdaşlığın işarəsini verdi. “Bu sahədə əməkdaşlıq etmək üçün tarixi imkanlarımız var”, Modi Avstraliyanın biznes icmasını Hindistanın yol, liman, dəmir yolu və şəhər infrastruktur layihələrinə uzunmüddətli investisiya qoymağa çağırarkən dedi. “Hindistan sizin fondlarınız üçün təhlükəsiz, sabit və davamlı böyümə seçimi təqdim edir”, o dedi.

Avstraliyanın ən böyük pensiya fondu olan ⁠AustralianSuper Hindistanın Milli İnvestisiya və İnfrastruktur Fonduna əlavə 500 milyon Avstraliya dolları (347 milyon dollar) sərmayə qoyacağını bildirdi.

Hər iki ölkə 2014-cü ildə nüvə əməkdaşlığı müqaviləsi bağlasa da, uran ixracı Hindistanın nüvə silahları proqramına düşə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən məhdudlaşdırılıb.

Modi ilə işgüzar tədbirdə görüşdükdən sonra Albanese Hindistan liderini Avstraliya və Hindistan arasında “canlı körpü” adlandırdı və Modinin vizyonunun Avstraliyanın Hindistanla iqtisadi əlaqələrinin yol xəritəsini yenidən formalaşdırmağa kömək etdiyini söylədi.

Hindistan Çin, Yaponiya, ABŞ və Cənubi Koreyadan sonra Avstraliyanın beşinci ən böyük ticarət tərəfdaşıdır, Avstraliyada isə 28 milyon əhalidən təxminən 1 milyon insan hind əcdadlarını iddia edir.

Modinin daha sonra minlərlə əcnəbi hindli qarşısında çıxış edəcəyi Melburndakı qapalı arenanın qarşısında çoxlu polis var idi. Təxminən iyirmi dörd ifrat sağçı etirazçıdan ibarət qrup immiqrasiya əleyhinə şüarlar səsləndirdi və hindlilərin Avstraliyadan qovulmasını tələb edən plakatlar tutdu, baxmayaraq ki, onların sayı Hindistan bayraqlarını dalğalandıran və nağara çalan insanlardan xeyli az idi.

Hindistan lideri xarici səfərləri zamanı genişmiqyaslı tədbirlər təşkil edib və Böyük Britaniya, ABŞ və digər ölkələrdə, o cümlədən böyük hindistanlı əhalisi olan ölkələrdə stadionlarda çıxış edib. Üç il əvvəl son səfəri zamanı minlərlə tərəfdar Sidneyin ən böyük qapalı stadionlarından birində toplaşıb.

Modi İndoneziyaya səfər etdikdən sonra Avstraliyaya gəlib. O, BrahMos kruiz raket sistemi də daxil olmaqla, kənd təsərrüfatı və müdafiə sahələrində bir sıra müqavilələr imzalayıb. O, cümə günü günortadan sonra Hindistana qayıtmazdan əvvəl Yeni Zelandiyaya yola düşəcək.

Hindistan və İndoneziya strateji tərəfdaşlığı gücləndiriblər

Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik Asiya və Sakit okean ölkələrində də diqqətlə izlənilir. Çünki, ətrafdakı gərginliyin bölgəyə sıçrama ehtimalı var. Bu məqsədlə bölgə ölkələri yeni ittifaqlar formalaşdırmağa çalışırlar. Hindistanın baş nazir Narendra Modinin Asiya-Sakit okean regionunda əlaqələri möhkəmləndirmək üçün İndoneziya, Avstraliya və Yeni Zelandiyaya səfəri də bununla bağlıdır. Modi səfərinə 6 iyulda İndoneziyadan başlayıb. Modi daha sonra Avstraliyaya gedəcək və səfərini 11 iyulda Yeni Zelandiyada başa çatdıracaq.

Bu, Modinin 2018-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından bəri İndoneziyaya ilk rəsmi səfəridir. Modinin İndoneziyanın prezidenti Prabovo Subiantonla görüşü olub. Liderlər Hind-Sakit Okean bölgəsində sabitliyin və sülhün qorunmasında oynaya biləcəyi rolu müzakirə ediblər. İki ölkə strateji tərəfdaşlığı gücləndirməyə qərar veriblər. Strateji tərəfdaşlıq bütün, o cümlədən dəniz və rəqəmsal bağlantıdan tutmuş təhlükəsizliyə qədər sahələri əhatə edir.

İndoneziya və Hindistan Qoşulmayanlar Hərəkatının və BRİCS-in üzvləridir. Yeni Dehli 2025-ci ildə İndoneziyanın 2025-ci BRICS-ə qoşulmasını dəstəkləyib. Hindistan kimi İndoneziya da Çinin bölgədə artan hərbi gücündən narahatdır. İndoneziya Çin hərbi gəmilərinin bir neçə dəfə onun sularına daxil olmasından narahatlığını bildirib. Çin isə bir neçə dəfə İndoneziyanın öz sularında qaz kəşfiyyat çalışmalarından narazılığını vurğulayıb. Bu iki ölkə arasında açıq qarşıdurmaya səbəb olmasa da, iki ölkə arasındakı mübahisələr ortadan qaldırılmayıb.

Göründüyü kimi, Hindistanın əsas diqqətini Hind okeanına yönəlib. Narendra Modi Dehlini tərk etməzdən əvvəl İndoneziya, Avstraliya və Yeni Zelandiyaya səfərinin Hindistanın Şərq siyasətini, o cümlədən “Mahasaqar konsepsiyasını” və “azad və açıq Hind-Sakit Okean regionu üçün vizyonumuzu” gücləndirəcəyini bildirib. Modinin 2025-ci Mavrikiyə səfəri zamanı elan etdiyi “Mahasaqar konsepsiyasının” ideyası bölgələr arasında təhlükəsizlik və artım naminə qarşılıqlı və vahid inkişafı nəzərdə tutur. Bu konsepsiya çərçivəsində Hindistan özünü Qlobal Cənub ölkələrinin ehtiyac və istəklərinin ödənilməsində “etibarlı təhlükəsizlik tərəfdaşı” kimi təqdim etməyə çalışır. Bu, təkcə Hindistanın yaxın qonşusu olan Hind okeanı bölgəsini deyil, həm də digər dəniz ərazilərini – Şərqi Afrika, Latın Amerikası və Cənubi Çin dənizinə qədər uzanan daha geniş Hind-Sakit okean bölgəsini əhatə edir.

İki qonşu ölkə razılığa gələ bilmir

Pakistanla Əfqanıstan arasında sular durulmur. “Associated Press” agentliyinin məlumatına görə, Pakistan təhlükəsizlik qüvvələri bir neçə gün əvvəl Əfqanıstanla sərhəd boyunca həyata keçirdiyi əməliyyat zamanı 29 nəfəri zərərsizləşdirib. Məlumata görə, əməliyyatdan bir gün əvvəl silahlı şəxslər Pakistanın Karaçi şəhərində reyncerlərin qərargahına hücum edib. Hadisə nəticəsində üç hərbçi həlak olub. Agentliyin məlumatına görə, hücum edənlərdən üçü məhv edilib, biri isə saxlanılıb. Saxlanılan şəxsin Əfqanıstan vətəndaşı olduğu bildirilir. Pakistan ordusu eyni zamanda sərhəd bölgəsində yerləşən silahlı qruplaşmaların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirilib. Pakistan rəsmiləri bildiriblər ki, İslamabad ölkənin təhlükəsizliyinə qarşı xaricdən dəstəklənən təhdidləri tamamilə aradan qaldırmaq məqsədilə davam etdirəcək.

İki dövlət arasında gərginliyin azalacağını ehtimal etmək çətindir. İl ərzində iki ölkə arasında tez-tez toqquşmalar baş verir və bu zaman hər iki tərəfdən itkilər olur. Ölənlər arasında mülki insanlar da az deyil. Görünür, Əfqanıstanla Pakistan arasında problemləri həll etmək üçün güclü vasitəçiyə ehtiyac var. Maraqlıdır ki, ABŞ-la İran arasında gərginliyin aradan qaldırılmasında əsas vasitəçi elə Pakistandır. İslamabad bölgədə müharibə istəmir, eyni zamanda qonşu Əfqanıstanla müharibə vəziyyətindədir.

Mövcud vəziyyətdən digər bölgə ölkələri də narahatdırlar. Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov Tacikistan Prezidenti Emoməli Rahmonun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Baş katib səfər çərçivəsində Tacikistan-Əfqanıstan sərhədindəki bir sıra əraziləri ziyarət edib. O təşkilatın məsuliyyət zonasının cənub sərhədindəki vəziyyətlə yerində tanış olub və buraxılış məntəqələrində olub. Səfər zamanı Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının komandanı, general-leytenant Murodali Rabjadzoda ilə görüş keçirilib. Görüşdə KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair Məqsədli Dövlətlərarası Proqramının icra vəziyyəti müzakirə olunub. Bundan əlavə, Baş katib Şuroabad istiqamətində, çətin keçidli dağlıq ərazidə inşa edilən sərhəd yolunun tikinti gedişatını da nəzərdən keçirib. Taliban hərəkatı Əfqanıstanda hakimiyyətdə olsa da, bu ölkədə müxtəlif silahlı qrupların mövcudluğu qonşu ölkələrdə, o cümlədən Tacikistanda narahatlıq yaradır.

Teoloji Diplomatiyanın Geosiyasi Kodu: Dövlət Yas Mərasimlərində Quran Ayələrinin Strateji Təhlili

Yaxın Şərqin mürəkkəb siyasi ekosistemində din və dövlət idarəçiliyi əsrlər boyu bir-birini tamamlayan və bəzən də birbaşa müəyyənləşdirən iki əsas sütun kimi çıxış etmişdir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsi dövlətlərin xarici siyasətini əsasən praqmatik maraqlar, hərbi-iqtisadi güc balansları və rasional qərarlar üzərindən təhlil etsə də, bu regionda dini-teoloji simvolizm və dövlət ritualları diplomatik dilin ən təsirli alətlərinə çevrilə bilir. Dövlət səviyyəli yas və anım mərasimləri bu kontekstdə sadəcə hüzn ifadəsi və ya protokol xarakterli rəsmiyyət deyil, həm də paytaxtların öz müttəfiqlərinə, tərəfdaşlarına və regional rəqiblərinə birbaşa geosiyasi mesajlar göndərdiyi yüksək səviyyəli diplomatik platformalardır.

Bu fenomenin ən bariz və teoloji baxımdan zəngin nümunələrindən biri, İranın sabiq ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimi zamanı tətbiq olunan xüsusi yas protokoludur. Belə ki, mərasimində iştirak edən xarici nümayəndə heyətləri ayrı-ayrılıqda tabutun qarşısına gələrək ehtiram nümayiş etdirərkən, rəsmi dövlət qariləri tərəfindən hər bir ölkə üçün xüsusi Quran ayələri oxunmuşdur. Bir çox sosial şəbəkə istifadəçiləri və beynəlxalq ekspertlər hər ölkə üçün seçilən Quran ayələrin məzmununa diqqət yetirib, onların arxasında “gizli siyasi mesajların və eyhamların” dayandığını bildiriblər. Onların rəyinə görə, seçilən ayələr hər bir ölkənin İranla mövcud ikitərəfli əlaqələrini, tarixi-mədəni bağlarını, regional statusunu və gələcək əməkdaşlıq perspektivlərini ehtiva edən strateji teoloji kodlaşdırma sistemidir. İrandakı son müharibədən sonra Tehranla region ölkələri arasında yaranan həssas münasibətləri nəzərə alsaq, bu məsələ həqiqətən də xüsusi diqqət çəkir. Buna görə İrana qonşu dövlətlər, müharibədən təsirlənən ərəb ölkələri, eləcə də müsəlman dünyasının nüfuzlu ölkələrində bu məsələyə birmənalı yanaşılmamışdır.

Mövzunun daha anlaşıqlı olması üçün bəzi ölkə nümayəndələrinin qarşılanması zamanı oxunan Quran ayələri və onların qısa strateji təhlilini aşağıda qeyd edək:

Azərbaycan nümayəndə heyəti cənazənin qarşısına gələrkən qari tərəfindən Ali-İmran surəsinin 139-cu ayəsi tilavət edilmişdir:

Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!

Bu ayənin seçilməsi regional geosiyasət müstəvisində Azərbaycanın son illərdə əldə etdiyi inamlı qələbələrə və bölgədəki artan nüfuzuna bir işarə kimi qiymətləndirilə bilər. Tehran, Bakının bu tarixi nailiyyətlərini və qətiyyətli müstəqil xarici siyasət kursunu tanıdığını və ikitərəfli münasibətlərdə ruhdan düşməməyin, nikbinliyin vacibliyini teoloji dillə ifadə edir.

Türkiyənin nümayəndə heyəti qarşılanarkən Nisa surəsinin 95-ci ayəsindən bu hissə oxunub:

Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.”

Bu ayə bir çoxları tərəfindən Türkiyənin regional təhlükəsizlik siyasətindəki aktiv və üstün roluna işarə kimi dəyərləndirilir.

Pakistan nümayəndə heyəti üçün İsra surəsinin 80-ci ayəsi tilavət olunub:

De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.”

Əksər rəylərə görə bu ayə vasitəsi ilə son müharibə zamanı Pakistanın uğurlu vasitəçilik yardımına verilən dəyər ifadə olunur.

Səudiyyə Ərəbistanı heyəti daxil olarkən Ali-İmran surəsinin 13-cü ayəsi oxunmuşdur:

Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

Bu ayə yeddinci əsrdə müsəlmanlar ilə bütpərəstlər arasında baş vermiş məşhur Bədr döyüşünə istinad edir. İslam tarixinin bu ilk böyük döyüşü, daha az saya və məhdud resurslarına baxmayaraq müsəlmanların qələbəsi ilə başa çatmışdır. Qeyd edilən ayənin seçimi beynəlxalq mediada və sosial şəbəkələrdə geniş rezonansa və böyük mübahisələrə səbəb olmuşdur. Bir sıra İran media orqanları ayənin seçilmə məqsədini konkret açıqlamasa da onu “mənəvi və siyasi mənalı bir mesaj” kimi qələmə veriblər. Bəzi ekspertlər mərasimdə bu ayənin oxunmasını Riyad və Tehran arasındakı tarixi-siyasi rəqabətin keçmişinə işarə kimi qiymətləndirsələr də, ayənin sonundakı “bəsirət sahibləri üçün bir ibrət” ifadəsi regionun iki böyük gücünü keçmiş ixtilaflardan dərs çıxarmağa və ortaq İslam həmrəyliyinə səsləyən yüksək bir çağırış kimi də dəyərləndirilə bilər.

Qətər nümayəndə heyəti üçün Fəth surəsinin ilk ayələri səsləndirilmişdir:

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə yenilməz bir qələbə ilə kömək etsin.” (Fəth, 1–3).

Bəzi şərhçilər ayədəki “günah” sözündən çıxış edərək, eyhama mənfi mənalar yükləməyə çalışsalar da, real kontekstdən yanaşıldıqda bunun yanlış nəticə olduğunu aydın görmək olar. Qətər, xüsusilə Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar və nüvə danışıqları zamanı Tehran ilə Vaşinqton arasında mühüm vasitəçi və maliyyə kanallarını təmin edən neytral platforma rolunu oynamışdır. Bu nəzərə alındıqda, oxunan ayələr İranın Doha ilə mövcud əməkdaşlıqdan razılığını və gələcək əməkdaşlığa açıqlığını simvolizə edən bir jest kimi qəbul edilə bilər.

Oman və İraqın rəsmi heyətləri qarşılanarkən hər ikisinə Fəth surəsinin 29-cu ayəsi (“Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər...”) oxunmuşdur. Bu seçim İraq və Omanın İslam dünyasındakı birləşdirici roluna və İranla mövcud olan sıx strateji tərəfdaşlığa dəlalət edir.

Misir nümayəndə heyəti üçün Beyyinə surəsinin 7-8-ci ayələri tilavət olunub: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər yaradılmışların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür.”

Misir nümayəndə heyətinə məhz bu ayələrin oxunması xeyli marağa səbəb olmuşdur. Misirin İslam mədəniyyətindəki elmi ağırlığı, əl-Əzhər kimi minillik təhsil institutunun mövcudluğu Qahirəyə qarşı hər zaman xüsusi ehtiramın göstərilməsini şərtləndirmişdir. “Yaradılmışların ən yaxşıları” və “Allahın onlardan razı olması” vurğusu Misir xalqının və onun intellektual elitasının İslam sivilizasiyasındakı misilsiz yerinə verilən ali teoloji qiymətdir. Bu, iki ölkə arasındakı gələcək ikitərəfli əlaqələrin ortaq elmi və mənəvi irs üzərində qurulması arzusunun diplomatik ifadəsidir.

Livan Hökumətinin nümayəndə heyəti qarşılanarkən Nisa surəsinin 66-cı ayəsi oxunuldu:

Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Bu ayə ilə verilən mesajla bağlı müxtəlif fikirlər var. Bəzilərinə görə Livan hökumətinin nümayəndə heyətinə bu ayənin oxunması olduqca sərt və çağırışedici bir mesaj kimi qiymətləndirilə bilər. Belə ki, ayə, çətin əmrlərə tabe olmaqda tərəddüd edənlərdən bəhs edir. Livan hökumətinin Hizbullahın da daxil olduğu mürəkkəb siyasi quruluşu və Tehranın Livandakı təsiri nəzərə alındıqda, bu ayə İranın Livanın daxili siyasətində öz xəttini izləməsini gözlədiyinin simvolik ifadəsi kimi də şərh olunur.

Digər rəylərə görə bu, ayənin seçilməsi Livanın mürəkkəb daxili siyasi sarsıntılarına, xalqın və dövlətin bütövlüyünü qorumaq naminə göstərdiyi ağır sosial fədakarlıqlara və bu fədakarlıqların milli birliyin qorunması üçün nə dərəcədə əhəmiyyətli olduğuna işarə edir.

Ermənistanın rəsmi nümayəndə heyəti üçün isə Əhqaf surəsinin 13-cü ayəsi oxunmuşdur:

Həqiqətən də, Rəbbimiz Allahdır! deyib, sonra düz yolla gedənlər üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”

Qeyri-müsəlman olan Ermənistanın heyəti qarşısında bu ayənin oxunması ilk baxışdan teoloji bir paradoks kimi görünə bilər. Lakin Şərq diplomatiyası və Qurani-Kərimin fəlsəfəsinə əsaslanaraq qeyd etmək olar ki, buradakı mesaj sırf siyasi sabitliyə və “istiqamətə” (düz yolda olmağa, verilən vədlərə sadiqliyə) yönəlmişdir. Güman etmək olar ki, İran bu ayə ilə İrəvanın Qərbyönümlü xarici siyasət kursunu dəyişməsinə incə bir xəbərdarlıq edir; rəsmi müstəvidə bu, Ermənistanın mövcud regional reallıqlar çərçivəsində sabit və proqnozlaşdırıla bilən siyasət yürütməsinin onun öz təhlükəsizliyi üçün mühüm olmasına verilən teoloji zəmanət kimi də oxuna bilər.

Mərasimdə Tehranın “Müqavimət Oxu” adlandırdığı regional proksi və partnyor qüvvələrə – məsələn, Livanın Hizbullah, Fələstinin Həmas, Yəmənin Husi hərəkatlarının nümayəndələrinə münasibətdə isə yas protokolunda sırf mənəvi səfərbərlik, ideoloji həmrəylik və dözümlülük xarakteri daşıyan ayələr xüsusi qabardılmışdır (Ali İmran 139,146; Əhzab 23).

Yuxarıda qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, İranın dövlət yas mərasimlərində Quran ayələrinin xüsusi olaraq hər bir xarici nümayəndə heyətinə uyğun seçilməsi təsadüfi bir dini protokol deyil, əvvəlcədən dərindən planlaşdırılmış teoloji xarici siyasət diplomatiyasıdır. Hər bir ölkənin nümayəndə heyəti qarşısında oxunulan ayələr, təkcə ikitərəfli münasibətlərin bu gününü əks etdirmir, həm də gələcək regional nizam və əməkdaşlıq fəaliyyətlərinin istiqamətini müəyyən edən strateji teoloji simvoldur.

Region ölkələri və beynəlxalq münasibətlər üzrə analitiklər bu “teoloji-diplomatik kodları” düzgün oxumalı və qiymətləndirməlidirlər. Bu analizlər göstərir ki, Yaxın Şərq və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və qarşılıqlı təhlükəsizliyin təmin olunması üçün dövlətlərin yalnız hərbi və iqtisadi addımlarını deyil, həm də onların daxili dünyagörüşünü, rəsmi rituallarını və müqəddəs mətnlərə əsaslanan mənəvi mesajlarını dərindən başa düşmək zəruridir. Teoloji diplomatiyanın bu dərin qatları, gələcək əməkdaşlıq və regional tərəfdaşlıq perspektivlərinin daha sarsılmaz əsaslar üzərində qurulmasına yol aça bilər.

Müəllif: Rasim Abdulla – Şərqşünas araşdırıcı

Ukrayna dron təcrübəsini bu ölkə ilə bölüşəcək

Rusiya və Çin son bir neçə ildə Yaponiyanın müdafiə siyasətinin əhəmiyyətli dəyişikliklərə məruz qalmasından narahatdırlar. Moskva və Pekin Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı pasifist konstitusiyasının tətbiq etdiyi məhdudiyyətlərdən tədricən uzaqlaşdığını və yenidən militarizmə doğru getdiyini iddia edirlər. Buna nümunə kimi  ABŞ-ın “Tayfun” raket sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi göstərilib. Moskva bunu Yaponiyanın Rusiyanın Vladivostok şəhərini təhdid kimi qiymətləndirib.

Yaponiyanın Rusiyadakı səfirliyi açıqlama yayaraq, raket sistemləri ilə bağlı narahatlığın əsassız olduğunu bildirib. Açıqlamada, raket sistemlərinin yerləşdirilməsinin yalnız Yaponiyanın öz müdafiə qabiliyyətlərini gücləndirməyə yönəldiyi, hər hansı ölkəyə qarşı yönəlmədiyi və buna görə də, Rusiyanın narahatlıqları əsassız olduğu vurğulanıb.

Həqiqətən Tokio son illərdə hərbi büdcəsini artırıb və ABŞ-dan müxtəlif növ raket sistemləri alıb. Bunun səbəbi Yaponiyaya qonşu plan Rusiya və Çinin siyasətidir. Rusiya-Ukrayna müharibəsi Yaponiya sahillərindən uzaq məsafədə olsa da, Tokio Kremlin təcavüzkar siyasətini başqa istiqamətlərdə də həyata keçirə biləcəyini ehtimal etmək məcburiyyətindədir. Tokio digər tərəfdən Çinin bölgədə artan hərbi gücü və Rusiya ilə Yaponiya sahillərinə yaxın sularda tez-tez keçirdiyi birgə təlimlərdən narahatdır. Bu vəziyyət Yaponiyaya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb. Misal üçün Tokio 2026 maliyyə ili üçün ucqar adaları müdaxilədən qorumaq üçün okean gəmiləri donanmasını inkişaf etdirmək üçün 618 milyon dollar ayırıb.

Yaponiyanın Hindistanla hərbi əməkdaşlığını gücləndirməsi də bölgədəki vəziyyətlə bağlıdır. Yaponiyanın baş naziri Sanae Takaiçinin Hindistana 3 günlük səfəri zamanı əməkdaşlığın müxtəlif sahələri ilə yanaşı iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi mövzuları da müzakirə olunub. Misal üçün iki ölkə dəniz rabitəsi üçün ilk dəfə birgə hazırlanmış müdafiə sistemiylə bağlı razılığa gəliblər.

Bu arada, Yaponiya Ukrayna ilə dron istehsalı layihəsinə də başlamaq üzrədir. Yaponiya Ukrayna ilə dron sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı Kiyevin döyüş təcrübəsini öyrənir. Tokio Ukraynanın çoxlu sayda ucuz dron istehsalı təcrübəsindən faydalanmaq istəyir. Yaponiya hazırda ildə təxminən min dron istehsal edir. Tokio hesab edir ki, bu həm azdır, həm də bahalı istehsaldır. Ona görə də Yaponiyanın dron istehsalçıları Ukraynanın müdafiə şirkətlərinin təcrübəsini öyrənmək qərarına gəliblər. Dronlar Yaponiya üçün yalnız hərbi məqsədlər üçün deyil, həm də fəlakətlərin aradan qaldırılması, logistika, sahil nəzarəti, sualtı yoxlamalar və təhlükəli mühitlərdə əməliyyatlar üçün dronlar istehsal etməsi üçün əhəmiyyətlidir.

Yaponiya Hindistanla hərbi tərəfdaşlığı gücləndirməyə qərar verib

Yaponiyanın baş naziri Sanae Takaiçi Hindistana üç günlük səfər edib. Bu Sanae Takaiçi Hindistana ilk rəsmi səfəridir. Sanae Takaiçi hindli həmkarı Narendra Modi ilə birlikdə 16-cı Hindistan-Yaponiya illik zirvə toplantısında iştirak edib. Tərəflər ikitərəfli əməkdaşlığı gücləndirmək, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında ümumilikdə nə az, nə çox 120 sənədin imzalanması nəzərdə tutulub. Müqavilələr süni intellekt, vacib minerallar, enerji və müdafiə sahələrində əməkdaşlığı ehtiva edir. Yaponiya investisiyaları artmaqda davam edərək, 2025 və 2026 maliyyə ili ərzində ikitərəfli ticarət təxminən 27,5 milyard dollara çatıb. Bununla Yaponiya Hindistanın ən böyük xarici investorlarından və inkişaf tərəfdaşlarından biri olaraq qalır.

Yaponiya və bu ölkənin şirkətləri Hindistana 12.4 milyard dollar yatırım qoymağı planlaşdırırlar. Hindistan-Yaponiya Bioqaz Təşəbbüsü çərçivəsində Hindistanda  bioqaz və üzvi gübrə zavodları qurulacaq. Bu layihə Hindistanın enerji balansını şaxələndirmək, kənd yerlərində enerjiyə çıxışı yaxşılaşdırmaq və idxal olunan qazıntı yanacaqlarından asılılığı azaltmaq səylərini dəstəkləyir.

Beləliklə, Tokio Yeni Dehli ilə tərəfdaşlığı gücləndirməyə qərar verib. Bunu Sanae Takaiçinin mətbuat konfransında “Narendra Modi ilə birgə iki ölkə arasındakı tərəfdaşlığı daha üst səviyyəyə qaldıracağıq” sözləri də xəbər verir. Yeni Dehlidəki müzakirələrdə süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsinin vurğulanması təsadüfi deyil. Dünyada aparıcı olan bu sahə üzrə əməkdaşlığa can atan dövlətlərin sayı artıb. Sanae Takaiçi və Narendra Modi mətbuat konfransında süni intellektin iqtisadiyyatın tamamlayıcı gücü olduğunu  vurğulayıblar. Yaponiya Hindistana qabaqcıl istehsal, dəqiq mühəndislik və sənaye texnologiyaları gətirir, Hindistan isə Yaponiuaya proqram təminatlı sənaye, bacarıqlı texnologiya ilə çalışan işçi qüvvə və sürətlə genişlənən rəqəmsal iqtisadiyyat təklif edir.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığı da gücləndirməyə qərar veriblər. Bu ilin sonuna qədər iki ölkənin müdafiə və xarici işlər nazirləri 2+2 formatında görüş keçirəcəklər. Hind və Sakit Okean bölgəsində gərginlik hiss olunur. Çinin artan hərbi gücü və dənizlərdə Rusiya ilə birgə hərbi təlimləri Tokionu narahat edir. Ona görə də Yaponiya bölgədəki tərəfdaşlarıyla hərbi əməkdaşlığa da üstünlük veriməyə başlayıb. İki ölkə arasında müdafiə əlaqələri son on ildə birgə hərbi təlimlər, dəniz əməkdaşlığı və müdafiə texnologiyaları mübadiləsi vasitəsilə davamlı olaraq güclənib. Çinin hərbi və iqtisadi təsiri genişləndikcə, Hindistan və Yaponiya əməkdaşlığı genişləndirməkdə davam edəcəklər.

Neft ölkəsinin yanacağa ehtiyacı var

Kreml Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Rusiyada iqtisadi tənəzzül davam edəcək. Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı hökm sürür, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə mənfi təsir edir. Rusiyada iflyasiya dərinləşib, ərzaq qiymətləri qalxıb. Çünki, artan yanacaq qiymətləri daşımaların qiymətinə, bu isə avtomatik olaraq digər məhsulların qiymətinə təsir edib. Rusiya Prezidenti Vladimir Putin qısa açıqlamasında ölkədə yanacaq çatışmazlığının yarandığını etiraf edərək, hökumətin vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər gördüyünü bildirib. Ancaq vəziyyət müsbətə doğru dəyişməyib. Belə vəziyyətdə neft ölkəsi olan Rusiya müxtəlif dövlətlərə müraciət etmək məcburiyyətində qalıb.

“Röyters” agentliyinin məlumatına görə, Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb. Xəbərdə Hindistandan Rusiyaya artıq ümumilikdə 60 min ton benzin göndərildiyi bildirilib. Digər tərəfdən hazırda hər birinin yükü 30-40 min ton olan iki tanker Rusiyaya doğru hərəkət edir. Maraqlıdır ki, Hindistan Hörmüz boğazında yaranan gərgin vəziyyətə görə Rusiyadan neft idxalını artırıb. “Röyters” agentliyinin məlumatına əsasən, Moskva yaxın aylarda Hindistan, Belarus və digər ölkələrdən hər ay 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. Belarus iyun ayında Rusiyaya dəmir yolu ilə benzin tədarükünü artıq üç dəfə artırıb.

Rusiya hokuməti Qazaxıstana da müraciət edib. Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”. Astana bütün riskləri hesablamaq məcburiyyətindədir.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1574692
ru_RURU