Hörmüz boğazıyla bağlı gərginlik azalmır. İran boğazın girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır. Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bu bölgədən neft və sıxılmış qaz nəql edən ölkələrlə yanaşı İranın özünə də ciddi problem yaradıb. Çünki, ABŞ İran sahillərinə yaxlnlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürüb. İranın əsas gəlir mənbəyi neftin ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır.
Bu arada, Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər. Qərb ekspertləri tarixi misallara müraciət edirlər. Misal üçün Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra yaponlarla döyüşən müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkilişi reallaşdı. Bu yol konsepsiyanın ideya müəllifi olan ABŞ generalı Cozef Stilvellin şərəfinə Stilvel Yolu adlandırıldı. Digər misal Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyşlə bağlı gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu İran neftini Avropaya daşımaq istəyən İsrail və İran arasında əməkdaşlıq layihəsi idi. İranda İslam inqilabından sonra İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildəki xəbərlərdə boru kəmərinin Birləşmiş Ərəb Əmirliklərinin neftini daşıya biləcəyi irəli sürülürdü. 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni bir limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir göstərəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi. Səudiyyə Ərəbistanın təklifi reallşsaydı, bu gün İranın Hörmüz boğazıyla bağlı siyasəti nəticə verməyəcəkdi. Çünki, tankerlər Hörmüz boğazına daxil olmadan Oman limanında neft və sıxılmış qazı daşıyacaqdılar.
Yəməndəki silahl husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəf aldıqda, bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun bir yol qət etdilər. Bu yol uzun olsa da, hər halda alternativdir. Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə yaşıl işıq yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə əsrin müqaviləsini imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhen boru kəmərlərinin tikintisini də reallaşdırdı. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiyk limanınadan daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorosiyk limnaından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır.