Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib.
Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Rusiyanın Çindən asılılığı artıb. Misal üçün Putin deyib ki, Çinin Sibirin zəgniliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Rusiyanın Ukrayna müharibəsi səbəbindən qonşu ölkənin iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aaparmasaydı, Rusiyanın Çindən bu qədər yatırım ehtiyacı olmazdı.
Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir. Təsadüfi deyil ki, NATO baş katibi son açıqlamalarının birində Mark Rutte Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib. Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çindən Trampla həm də ona görə görüşməyə çalışır ki, böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir.