Liderlər oyun qaydalarını müəyyənləşdirə bilməyəcəklər

Beynəlxalq aləmin diqqəti ABŞ, Rusiya və Çin liderləri – Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçiriləcək görüşə yönələcək. Rusiyalı ekspertlər bu görüşü “ikinci Yalta” kimi qələmə verməyə çalışırlar. Yəni guya 3 böyük ölkənin lideri dünyanın gələcəyini və öz aralarında oyun qaydalarını müəyyənləşdirəcəklər. Halbuki, reallıq fərqlidir. 3 dövlət arasında ciddi fikir ayrılıqları ABŞ, Rusiya və Çin arasında oyun qaydalarını müəyyənləşdirməyə imkan vermir. İkinci Dünya müharibəsinin sonuna yaxın 3 böyük dövlətin – ABŞ, Böyük Britaniya və keçmiş SSRİ liderləri Yaltada ona görə razılaşma əldə etdilər ki, birincisi, hər üçü nasist Almaniyasına qarşı savaşda ittifaq yaratmışdılar, ikincisi, dağılan Avropanın gələcəyəni müəyyənləşdirməli idilər. 1945-cı ildə Yaltada keçirilən konfransdan fərqli olaraq hazırda ABŞ, Rusiya və Çin arasında ittifaq yoxdur, üstəgəl bu dövlətlərdən hər biri öz aralarında illərdir oyun qaydalarını müəyyənləşdirə bilməyiblər. Bir görüşlə oyun qaydalarını müəyyənləşdirmək mümkün deyil.

3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki, bu dövlətlərin hər biri daxildə çətinlik yaşayır. ABŞ-da Konqresə keçirilən ara seçkilərin nəticələrinə görə Prezident Donald Trampın mövqeyi zəifləyib, onun xarici siyasətdə əvvəlki manevr imkanları qalmayıb. Görüş ərəfəsində Ukraynanın Krım körpüsünə endirdiyi dron və raket zərbəsi Vladimir Putinin ölkədaxili nüfuzuna xələl yetirib. Çünki, Krım körpüsü Putinin şəxsi layihəsidir və Kreml belə bir təbliğat aparırdı ki, Ukrayna körpüyə zərər yetirə bilməz. Halbuki, körpünün bir hissəsinin uçurulması nəticəsində avtomobillərin Krım yarımadasına hərəkəti hər iki istiqamətdə dayandırılıb. Bu zərbə həm də onu göstərdi ki, Rusiya liderlərin masasında yer alacaq gücə malik deyil. Çində də daxili vəziyyət birmənalı deyil. Si Cinpin korrupsiya ilə mübarizə adı altında partiyadakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli generalları neytrallaşdırıb, bəziləri həbs edilib, digərləri istefaya göndərilib. Böyük ehtimalla Si Cinpin Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçiləcək. Ancaq onun bu kürsüdə müddətini uzatmağa çalışması partiyada yeni rəqiblərinin meydana çıxmasına şərait yaradacaq.

ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsi və İranla bağlı razılaşma əldə edəcəyi çətindir. Kreml sahibi işğalı bitirməyənə qədər müharibəni dayandırmayacaq. Çin lideri üçlü zirvədə Rusiya-Ukrayna müharibəsi müzakirə etməkdə maraqlı deyil. Eyni zamanda Çin və Rusiya liderləri İran mövzusunu ABŞ Prezidenti ilə müzakirəyə maraq göstərmirlər. Ümumiyyətlə Moskva və Pekin Vaşinqtondan fərqli olaraq İran rejiminin ayaqda qalmasını istəyir.

APEC sammiti çərçivəsində keçiriləcək Si-Tramp görüşündə süni intellekt  sahəsində yaranan vəziyyətin müzakirə ediləcəyi də gözlənilir. Rusiya süni intellekt sahəsində ABŞ və Çindən geri qaldığından bu mövzu Kreml sahibini maraqlandırmır. ABŞ və Çin isə süni intellekt sahəsində xeyli irəliləyiblər və rəqiblərə çevriliblər. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Çindəki danışıqlardan istifadə edərək süni intellektlə bağlı ikitərəfli dialoqu irəli aparmaq niyyətindədir. Bununla belə, o, hər iki tərəfin mövcud fikir ayrılıqları ilə bağlı “heç bir illüziyaya qapılmamalı” olduğunu vurğulayıb. Vaşinqton Çinin ən qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır. Sammitin nəticəsi nə olursa olsun, Pekin bu məhdudiyyətlərdən yan keçməyin yollarını axtarmağa davam edəcək. “The New York Times” qəzetinin yazdığına görə, Çin son bir neçə ildə müxtəlif vasitələrlə milyardlarla dollar dəyəri olan modern çiplər əldə edib. Bunun qarşısını almaq məqsədilə demokratların nəzarətinə keçən Konqresin süni intellekt sahəsində məhdudlaşdırıcı qanunlar qəbul edəcəyini proqnozlaşdırmaq olar. ABŞ ixraca nəzarəti gücləndirməklə süni intellekt sahəsində liderliyini qorumağa çalışacaq.

 

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 515
Bugun 515
Umumi 2115431
ru_RURU