Рубрика: Анализы

Alternativ marşrutlar nəyə görə əhəmiyyətlidir?

Hörmüz boğazıyla bağlı gərginlik azalmır. İran boğazın girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır. Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bu bölgədən neft və sıxılmış qaz nəql edən ölkələrlə yanaşı İranın özünə də ciddi problem yaradıb. Çünki, ABŞ İran sahillərinə yaxlnlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürüb. İranın əsas gəlir mənbəyi neftin ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır.

Bu arada, Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər. Qərb ekspertləri tarixi misallara müraciət edirlər. Misal üçün Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra yaponlarla döyüşən  müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkilişi reallaşdı. Bu yol konsepsiyanın ideya müəllifi olan ABŞ generalı Cozef Stilvellin şərəfinə Stilvel Yolu adlandırıldı. Digər misal Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyşlə bağlı gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu İran neftini Avropaya daşımaq istəyən İsrail və İran arasında əməkdaşlıq layihəsi idi. İranda İslam inqilabından sonra İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildəki xəbərlərdə boru kəmərinin Birləşmiş Ərəb Əmirliklərinin neftini daşıya biləcəyi irəli sürülürdü. 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni bir limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir göstərəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi. Səudiyyə Ərəbistanın təklifi reallşsaydı, bu gün İranın Hörmüz boğazıyla bağlı siyasəti nəticə verməyəcəkdi. Çünki, tankerlər Hörmüz boğazına daxil olmadan Oman limanında neft və sıxılmış qazı daşıyacaqdılar.

Yəməndəki silahl husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəf aldıqda, bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun bir yol qət etdilər. Bu yol uzun olsa da, hər halda alternativdir. Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə yaşıl işıq yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə əsrin müqaviləsini imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhen boru kəmərlərinin tikintisini də reallaşdırdı. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiyk limanınadan daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorosiyk limnaından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır.

Hörmüz boğazına alternativlər axtarılır

Hörmüz boğazının işlədilməsiylə bağlı Iranla Oman arasındakı danışıqlar başa çatmaq üzrədir. İran tərəfi yekun nəticəyə yaxın olduqlarını bildiriblər. Ancaq iki ölkə arasında danışılqarın yekunlaşması hələ problemin həll demək deyil.

Hörmüz boğazından neft ixrac və idxal edən ölkələr alternativlər barədə düşünürlər. Çünki, bu dövlətlər hesab edirlər ki, Omanla İran arasında razılaşma müvəqqəti xarakter daşıya bilər və ABŞ-İran müharibəsi yenidən alovlanarsa, Tehran yenidən boğazı qapadacaq. Bu isə boğazdan neft və sıxılmış qazın daşınmasının yenidən durdurulması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə mövcud olan silahlı qruplar, o cümlədən onların əlində olan dronlarla alternativ marşrularla daşınan yanacağa da təhlükə yarada bilərlər. Tam təhlükəsizk marşrutların işə salınması üçün isə zaman və maliyyə resurslarına ehtiyac var. Hər halda Səudiyyə Ərəbistanı Qırmızı dənizə uzanan boru xətti ilə neft nəqlini 2 milyon barelə çatdırmağı planlaşdırır.

Hindistan da qərarını verib. Bu ölkə neft idxalının həcminə görə dünyada üçüncü sıradadır. Hindistan son iki ildə Rusiyadan neft alışnı artırmasına baxmayaraq, neftə olan tələbatının 40 fazini Hörmüz boğazı üzərindən əldə edirdi. Ancaq mövcud vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neftayrıma zavodları Hörmüz boğazından neft alışını başqa istiqamətlərlə əvəzləməyə başlayıblar. Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprises” aldığı sifariş əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlanan və Ərəb dənizindən Hindistan sahillərinə qədər uzanan boru xəttinin tikintisini layihələndirir. Layihənin iqtisadi səmərələliyi hesablanacaq. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına 9 milyard dollara yaxın vəsait xərcləməyi planlaşdırıb. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal etmək məcburiyyətindədir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək.

Yaponiya da Hindistanla oxşar vəziyyətdədir. Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında gərginlik fonunda ölkə tarixində ən böyük həcmdə azalıb. Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 100 milyon barel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb. Halbuki, Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Mövcud vəziyyətdə Yaponiya Yaxın Şərqdən neft tədarükündən asılılığını azaltmağa qərar verib. Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan neftini də alıb və bu sahədə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmaq olar.

Yaponiya eyni zamanda yanacaq böhranından əziyyət çəkən qonşularına da yardım əli uzatmağa qərar verib. Yaponiya Baş naziri Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını bildirib. Bu yardım Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Misal üçün enerni böhranı Filippini fövqəladə vəziyyət elana məcbur edib.

Pakistan-İran münasibətlərində gərginlik yarana bilər

İran Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdə davam edir. İran ordusu bununla kifayətlənməyərək, Küveytin yanacaq və istitlik sistemlərinə, o cümlədən sutəmizləmə mərkəzlərinə də zərbələr endirir. Küveyt bu vəziyyətdən çıxış yolları axtarır. Küveytin ABŞ-la müttəfiqliyi və bu ölkədə hərbi bazalarının varlığı təhlükəsizliyin qorunması baxımından yetərli deyil. Ona görə də Küveyt öz təhlükəsizliyini təmin etməyin başqa yollarını da axtarır.

Küveyt Pakistanla genişləndirilmiş müdafiə müqaviləsi üzrə danışıqlar aparır. Küveytin Pakistanla belə bir ittifaqa çalışması səbəbsiz deyil. Birincisi, Pakistanın həm ABŞ, həm də İranla tərəfdaşlıq münasibətləri var. İkincisi, Küveyt Pakistanın nüvə dövləti olması amilini nəzərə alır. Üçüncüsü, Pakistanın Küveytin müttəfiqi Səudiyyə Ərəbistanıyla müdafiə sazişi mövcuddur.

Pakistanla Küveytlə müdafiə müqaviləsinin imzalanmasında maraqlı ola bilərmi? Məsələ burasındadır ki, 2025-ci ildə Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan “Birgə Strateji Müdafiə Sazişi” ABŞ-İran müharibəsində effektli olmadı. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyırdı. Razılaşmada vurğulanırdı ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. İran Səudiyyə Ərəbistanına raket və dronlar atdı, hədəf yalnız ABŞ hərbi bazaları deyildi. Məntiqlə bu halda Pakistan İrana qarşı siyasətini sərtləşdirməli idi. Ancaq İslamabad ehtiyatlı mövqedən çıxış etdi. Çünki, İrana qarşı Səudiyyə Ərəbistanının özü ciddi tədbirlər həyata keçirmədi. İkincisi, İslamabad Ər-Riyadla saziş imzaladıqdan sonra Səudiyyə Ərəbistanının Pakistana böyük yatırımlarının həyata keçirəcəyini gözləyirdi. Bu da olmadı. Pakistan Küveytlə oxşar saziş imzalayarsa, bu sənədin Səudiyyə Ərəbistanı ilə imzalanan sazişdən fərqi olmayacaq. Yeni saziş o halda reallığa çevrilə bilər ki, varlı Küveyt dövləti Pakistana böyük yatırımlar cəlb etsin. Bu halda İranın Küveyti bombalaması İslamabadın Tehrana mövqeyinin sərtləşməsinə səbəb ola bilər.

İran hazırki müharibə şəraitində Pakistanın qarşıdurmadan kənarda qalmasını istəyir. Bu səbəbdən İran rəsmiləri tez-tez Pakistana səfərlər edirlər. Ancaq əgər İran Pakistanın Körfəz ölkələrindəki tərəfdaşlarının ərazilərini bombalamaqda davam edərsə, İslamabadın seyrçi qalması çətinləşəcək. Bu halda Pakistan-İran münasibətlərində çat əmələ gələcək. Hər iki ölkənin sərhədində fəaliyyət göstərən silahlı bəluclar vəziyyəti daha da gərginləşdirə bilərlər.

Tokio pasifist siyasətdən imtina edir

Yaponiya İkinci Dünya müharibəsinin nəticələrindən qurtulmağa çalışır. ABŞ müharibədən sonra Yaponiyaya böyük orduya malik olmağı qadağan etmişdi. Ancaq dünyada və bölgədə reallıqlar dəyişib. ABŞ strateji müttəfiqi Yaponiyanın hərbi gücünü artımasına nəinki icazə verib, bunu təşviq etməyə başlayıb. Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi nüvə silahl mövzusuyla bağlı geniş müzakirəyə başlamaq zərurətindən danışıb. Müdafiə nazirinin fikrincə, Yaponiya üçün nüvə silahları müzakirə olunmalı mürəkkəb bir məsələdir, lakin bu mövzunu görməzdən gəlmək olmaz: “Vəziyyətin kritik təbiətini qəbul edərək, tabu yaratmadan müxtəlif tədbirlər barədə müzakirələri irəli aparmalıyıq”.

Göründüyü kimi, Yaponiya nüvə silahına malik olmaq istiqamətində irəliləyir. Yaponiyanın münasibətlərindəki gərginlik yaşadığı qonşularının – Rusiyanın, Çinin və Şimali Koreyanın nüvə silahları var. Bu səbbədən Tokio da nüvə silahına malik olmaqğın zərurətini vurğulamağa başlayıb. Vaşinqton Yaponiyanın nüvə silahına malik olmaq istəyinin əleyhinə deyil.

Bu arada, Yaponiya hakuməti Milli Kəşfiyyat Bürosunun yaradılmasına qərar verib. Büro birbaşa baş nazirə tabe olacaq. Nazirlər Kabineti yanında kəşfiyyat xidməti əvvəl də olub. Ancaq bu xidmət yalnız daxil olan məlumatların analizi ilə məşğul olub. Yeni büronun yaradılmasında məqsəd isə ölkə sirlərini, o cümlədən ölkə şirkətlərinin texnologiyalarını qorumaqdır. Büronun bir başqa vəzifəsi müxtəlif dövlətlərin Yaponiyada xəfiyyə çalışmalarını əngəlləmək olacaq. Bu zaman əsasən Rusiya və Çin dövlətlərinin adı çəkilir. Çində yapon dilində yayımlanan saytlar Tokionun ciddi narazılığına səbəb olub. Büro kibertəhlükəsizlik məsələləri ilə də məşğul olacaq.

Yeni büro müxtəlif nazirliklərin daxilindəki qurumların işini də sistemləşdirəcək. Yaponiya hökumətində hesab edirlər ki, sistemsiz fəaliyyət xarici xəfiyyələrin işini asanlaşdırıb. Yeni büro bunun qarşısını almalıdır. Büronun geniş səlahiyyətləri olacaq, müxtəlif nazirliklərə, o cümlədən polisə təlimat vermək səlahiyyəti olacaq.

Yaponiyanın xanım baş naziri Sanae Takaiçi ölkəsini uzun illər həyata keçirilən pasifist siyasətindən imtina etmək istəyir. Baş nazir həm hərbi xərcləri artırıb, həm də İkinci Dünya müharibəsindən sonra ilk dəfə hərbi texnikanın ixracını genişləndirib. Misal üçün Yaponiya Ukrayna ilə birgə dron istehsalına başlayacaq. Aydındır ki, yeni büronun əsas tərəfdaşı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi olacaq. Yaponiya son illərdə Almaniya və Avstraliya ilə də bu sahədə əməkdaşlığı genişləndirib. Yaponiya eyni zamanda Hindistanla strateji əlaqələri dərinləşdirir. Yaponiyanın baş naziri Sanae Takaiçinin bir müddət əvvəl Hindistana səfəri zamanı iki ölkə arasında yarımkeçiricilər, süni intellekt və enerji sahələrini əhatə edən 100-dən çox biznes müqaviləsi imzalanıb. Yaponiya və Hindistan arasındakı münasibətlərin ənənəvi iqtisadi əməkdaşlıqdan kənara çıxaraq hərtərəfli strateji tərəfdaşlığa doğru irəliləyib. İki ölkə müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməyə qərar verib.

Pekin Tokionun siyasətindən narahatdır. Pekində hesab edirlər ki, Yaponiya hökuməti miltarist siyasətə geri dönüş edib. Tokionun başqa alternativi yoxdur. Beynəlxalq aləmdə güc amili ön plana çıxıb, beynəlxalq hüquq işləmir. Belə vəziyyətdə Yaponiyanın hərbi gücünü artırmaqdan və müttəfiqləriylə hərbi əməkdaşlığı genişləndirməkdən başqa seçimi yoxdur.

Alternativ nəqliyyat marşrutlarına ehtiyac yaranıb

Hörmüz boğazında mürəkkəb vəziyyət sahil və böyük dövlətləri bu istiqamətdən asılılığın azaldılmasına və alternativlər axtarmağa məcbur edib.  Şaxələndirilmiş enerji təchizatı, daha güclü dəniz tərəfdaşlığı, genişləndirilmiş infrastruktur və təhlükəsiz alternativ dəhlizlər qeyri-sabitliyin qlobal ticarəti pozmaq qabiliyyətini azaldır.

Dəniz yollarından ən çox istifadə edən ölkələrdən biri Hindistandır. Bu ölkə Yaxın Şərqin enerji istehsal edən bölgələri, Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatları və Şərqi Asiyanın istehsal gücləri arasında yerləşir. Qərb sahil xətti Fars körfəzi ilə Qırmızı dənizi birləşdirən dəniz yollarına baxır, Andaman və Nikobar adaları (Hindistana məxsus) isə Hind okeanı ilə Sakit okean arasında keçid olan Malakka boğazına strateji giriş təmin edir. Bu səbəbdən Hindistan iqtisadiyyatının dəniz əlaqəsindən asılılığ böyükdür.

Körfəz ətrafındakı qeyri-sabitlik qlobal enerji qiymətlərinə, Hind okeanındakı təhdidlər isə Asiya təchizat zəncirlərinə təsir göstərir. Husilərin Qırmızı dənizdə kommersiya gəmiçiliyinə hücumları acı reallığı nümayiş etdirib. Minlərlə kilometr uzaqlıqdakı münaqişə daşınma xərclərini sürətlə artıra, təchizat zəncirlərini poza və dünya ölkələrinə zəifliklərini xatırlada bilər.

Hindistan qlobal miqyasda üçüncü ən böyük neft istehlakçısı, ən böyük sıxılmış qaz idxalçılarından biridir. Hindistanın neft email gücü ildən-ilə artır. Bu isə öz növbəsində neftə təbəlatı artırır. Körfəz ölkələri etibarlı enerji bazarlarından asılıdır. Hindistan-Körfəz Əməkdaşlıq Şurası ticarəti 2024-25-ci illərdə təxminən 178 milyard dollara çatdı ki, bu da Hindistanla Yaxın Şərq arasında iqtisadi qarşılıqlı asılılığın dərinliyini nümayiş etdirir. Ona görə də Yaxın Şərqdə gərginlik artanda bu Hindistana da təsir edir. Hindistan dəniz yolları ilə daşınan məhsullarını qorumaq üçün hərbi dəniz qüvvələrini gücləndirməli olub.

Hindistan Körfəz ölkələri ilə güclü əlaqələri ilə yanaşı, İsrail ilə münasibətləri dərinləşdirməyə, ABŞ ilə uzunmüddətli tərəfdaşlığı və Afrika və Avropa ilə artan əlaqələri qoruyub saxlamağa üstünlük verir. Hindistanın İran və Rusiya ilə davam edən ticarət münasibətləri Qərb tərəfdaşlarının narazılığına səbəb olsa da, Yeni Dehli mövcud siyasətindən imtina etməyib. Buna baxmayaraq, Hindistanın Rusiyadan narazı qaldığı hallar da az deyil. Misal üçün iyulun 20-də Odessa limanında yük gəmisinə endirilən zərbə nəticəsində Hindistanın 4 vətəndaşının həlak olmasından sonra Hindistan Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmilərinə hücumları pisləyib və mülki şəxslərin həyatını təhlükə altına atan bu cür hadisələrin dayandırılmasına çağırıb. Bu, Rusiya-Ukrayna münaqişəsində hind dənizçilərinin ilk ölüm faktıdır. Hindistan tərəfi vurğulayıb ki, bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır.

Hindistanın İsraillə tərəfdaşlığını gücləndirməsi diqqət mərkəzindədir. Hindistan və İsrail arasındakı münasibətlər ənənəvi müdafiə əməkdaşlığından çox kənara çıxıb. İsrail Hindistan üçün mühüm texnoloji tərəfdaşa çevrilib, Hindistan isə İsrailə sənaye miqyası və istehsal gücü təmin edir. Hindistanda İsrailə məxsis Dəmir Günbəz hava müdafiə sistemlərinin istehsalı planlaşdırılıb.

BRİCS dollardan imtina edə bilmir

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının təsis olunmasından 20 il keçib. Daha sonra təşkilata bir qrup ölkə də qoşulub. Rusiya təşkilata sədrlik etdiyi dövrdə Mərkəzi Asiya ölkələrini də təşkilata üzvlüyə dəvət edib. Qazaxıstan və Özbəkistan dəvəti qəbul ediblər, Tacikistan, Türkmənistan və Qırğızıstan isə gözləmə mövqeyində qalıblar.

BRİCS təşkilatının mərkəzi ofisi yoxdur. Buna baxmayaraq, təşkilatın təsis etdiyi müxtəlif strukturlar üzv dövlətlərdə yerləşib. BRİCS iqtisadi, Şanxay Əməkdaşlıq Təşkilatı isə daha çox təhlükəsizlik mövzularında ixtisilaşıb. Bu iki təşkilatı təsis edən – Rusiya və Çinin əsas məqsədi Amerika Birləşmiş Ştatlarının hegemonluğuna son qoymaqdır. Ancaq bu məsələdə də Rusiya ilə Çin arasında fərqlər var. Pekin ikiqütblü dünyanın, Rusiya isə çoxqütblü dünyanın formalaşmasını istəyir. Rusiya ona görə çoxqütblü dünyanın formalaşmasını istəyir ki, Çin kimi və ABŞ-la rəqabət aparacaq gücə malik deyil. Buna görə də Rusiya tərəfdaş toplamaqda maraqlıdır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə Kremlə çoxqütblü dünya formalaşdırmağa imkan vermir. Digər tərəfdən Qazaxıstan və Özbəkistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsa da, Moskvanın ABŞ-qa qarşı planlarında yer almaq istəmirlər. Təşkilata digər üzvlərin də fərqli maraqları mövcuddur. Misal üçün BRİCS üzvü olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın müttəfiqlərindəndir. Ən maraqlısı odur ki, BRİCS-in digər üzvü İran Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirir. Bu BRİCS təşkilatının mövcud vəziyyətini göstərir.

Qazaxıstan və Özbəkistanın BRİCS-ə üzvlüyü təşkilatın bankından ucuz kreditlər əldə etməsiylə bağlıdır. Hər iki dövlət kreditlər hesabına müxtəlif iqtisadi layihələrini reallaşdırmağa çalışırlar.

BRİCS yaranışının 20 ilində ortaq valyuta formalaşdıra bilməyib. Üzv ölkələr arasında ticarət milli pul vahidləriylə və dollar əsasında həyata keçirilir. Təşkilatın ən böyük iqtisadiyyatına malik Çin beynəlxalq ticarəti tənzimləmək üçün valyuta kimi yuanı təşviq etməyə çalışsa da, dollardan imtina edə bilmir. Çinin böyümə modeli qlobal valyuta sisteminin mövcud strukturlarına sıx bağlıdır. Bu asılılıq yalnız ticarət həcmləri və ya valyuta ehtiyatları ilə bağlı deyil. Söhbət dolların qlobal maliyyənin onurğa sütunu kimi oynadığı roldan gedir.

Növbəti vasitəçi hansı dövlət olacaq?

ABŞ-la İran arasındakı hərbi qarşıdurma illərlə davam edə bilər. Tərəflərin 14 bəndlik memorandumu yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Çünki, kağız üzərindəki bəndlər tərəflərin maraqlarını əks etdirmirdi. Digər tərəfdən İranda hakimiyyətin kimin və ya kimlərin əlində cəmləşdiyinin bəlli olmaması da memorandumun yerinə yetirilməsi ehtimalını azaldırdı. Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazıyla bağlı bir mövqedən çıxış etdi, SEPAH generalları isə yenidən tankerlərə atəş açmağa üstünlük verdilər.

İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoydular. İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı. Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüçünün də nəticəsi olmadı.

İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Misal üçün həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi? Çətin. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur. Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar. İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindililər arasında ölənlər olub. Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb. Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Cabahar İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı.

ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq. Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək. Hindistanın vasitəçi rolunda çıxış etməməsinin başqa səbəbi də var. Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi olan Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz.

Yeni Zelandiyanın strateji əhəmiyyəti artıb

10-11 iyul tarixlərində Yeni Zelandiyaya rəsmi səfər edən Narendra Modi, 40 ildən sonra ölkəyə səfər edən ilk Hindistan baş naziri oldu. Modidən əvvəl ölkəyə səfər edən sonuncu Hindistan baş naziri Raciv Qandi idi. Modinin səfəri Yeni Zelandiya Baş naziri Kristofer Luksonun 2025-ci ilin mart ayında Hindistana səfərindən sonra baş tutdu. Səfərin vaxtında olması, iki ölkə liderinin cəmi iki qarşılıqlı səfəri nəticəsində strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından aydın olur: “Hindistan-Yeni Zelandiya Strateji Tərəfdaşlığı: 2030-cu ilə qədər Yol Xəritəsi”. Ümumilikdə, Modinin səfəri zamanı iki tərəf qarşılıqlı maraq və əməkdaşlıq sahələrini əhatə edən 10 müqavilə imzaladı.

Mərasimlər arasında Modinin Yeni Zelandiyaya səfəri Hindistan tərəfinin diplomatik səylərindəki çatışmazlığı kompensasiya etmək və iki ölkə arasında iqtisadi və strateji boşluqları aradan qaldırmaq cəhdi idi. Bu, heç bir ölçüdə kiçik bir uğur deyildi. İdman əlaqələri Hindistan-Yeni Zelandiya münasibətlərinə daha az əhəmiyyət kəsb edən bir ölçü qatır. Hər iki ölkə kriket və xokkeyə dərin mədəni sərmayə qoyur və bu, simvolik olaraq bu il “İdman Vasitəsilə Birliyin 100 illiyi”ni qeyd edən anım mərasimlərində öz əksini tapır.

Üçüncüsü, 2026-cı il, 1992-ci ildə başlanan Şərqə Baxış siyasətinin proaktiv təkamülünü təmsil edən Modinin Şərq Aktı Siyasətinin başlamasından 12 il keçir. Bu çərçivə, Modinin bu il Malayziya, İndoneziya, Avstraliya və indi Yeni Zelandiya da daxil olmaqla Cənub-Şərqi Asiya və Hind-Sakit Okean ölkələrinə çoxsaylı səfərləri ilə sübut edildiyi kimi, Hindistanın şərqə doğru əlaqəsinin mərkəzindədir. Yaponiya, Myanma və Vyetnamdan olan liderlərin də daxil olduğu regional liderlərin qarşılıqlı səfərləri bu dövlətlərin Hindistanın Hind-Sakit Okean strategiyası üçün əhəmiyyətini daha da vurğulayır.

Coğrafi baxımdan Yeni Zelandiya uzun müddət nominal olaraq Şərq Aktı çərçivəsinin bir hissəsi olub, lakin onun inteqrasiyası tarixən həm diplomatik, həm də institusional baxımdan digər regional tərəfdaşların inteqrasiyasından daha zəif olub. Modinin Avstraliya ilə əlaqələrin inkişafı və Sakit Okean adaları ölkələri ilə əlaqələrin genişləndirilməsi Hindistanın Cənubi Sakit Okeandakı mövcudluğunu gücləndirsə də, alt bölgənin institusional cəhətdən əsas oyunçusu olan Yeni Zelandiya ilə davamlı yüksək səviyyəli əlaqələrin olmaması siyasətin həlledici bir lövbərinin olmaması demək idi. Şərq siyasətinin daha geniş Hind-Sakit Okean çərçivəsinə daxil edilməsi artıq məntiqlidir. Bu daxilolma həmçinin Yeni Dehlinin daha geniş Hind-Sakit Okean bölgəsinə doğru irəliləmək və bir sıra ortaq cəhətləri paylaşdığı eyni düşüncəli demokratiyalarla daha güclü əlaqələr qurmaq səylərini nümayiş etdirir və Yeni Zelandiya bu strateji dizayna yaxşı uyğun gəlir.

Dördüncü və mübahisəsiz ən əhəmiyyətlisi strateji əsaslandırmadır. Bir çox ABŞ müttəfiqləri və tərəfdaşları Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə nə qədər etibar edə biləcəklərinə daha az əmindirlər ki, bu da Tramp administrasiyasının yanaşmasının gözlənilməzliyi ilə daha da kəskinləşir. Bu, ABŞ-ın üstünlüyünün artıq qəbul edilə bilməyəcəyi daha mübahisəli, çoxqütblü bir nizama doğru daha geniş bir keçidə uyğun gəlir.

Bu məqam 6 iyulda Çinin Cənubi Sakit Okeana saxta döyüş başlığı daşıyan sualtı qayıq əsaslı ballistik raketi sınaqdan keçirməsi ilə daha da gücləndi; raket 1986-cı il Rarotonqa Müqaviləsi ilə yaradılmış Cənubi Sakit Okean Nüvəsiz Zonasına düşdü. Yeni Zelandiyaya cəmi bir neçə saat əvvəl xəbərdarlıq edildi. Bu epizod hətta Yeni Zelandiyanın da artan təhlükəsizlik təzyiqlərindən və ABŞ-ın uzadılmış çəkindirmə qüvvəsinin davamlı gücündən narahatlığından təcrid olunmadığını vurğuladı.

Görünür, keçmiş ittifaqların və mexanizmlərin əvvəlkindən daha az çəki daşıdığı bir dövrə qədəm qoyuruq. Lakin Hindistan üçün institusional asimmetriya həmişə tənliyin bir hissəsi olub. İndi ABŞ-ın regionda mövcudluğu daha az hiss olunduğundan, Hindistan öz Hind-Sakit Okean yanaşmasını yenidən istiqamətləndirir ki, ABŞ-ın mərkəziliyi regional inkişaflardan birbaşa təsirlənən dövlətlərin səlahiyyətlərindən daha az əhəmiyyət kəsb etsin və Yeni Zelandiya bu yenidənqurmada önəmli yer tutur. Hər iki ölkə dəniz təhlükəsizliyinə və daha sıx əməkdaşlığa vurğu edərək, rəsmi müzakirələrdə Hind-Sakit Okean məsələləri üzrə mübadilələri dərinləşdirmək niyyətlərini təkrarladılar.

Modinin Yeni Zelandiya səfəri həm ikitərəfli, həm də regional əhəmiyyət kəsb edərək geniş məsələlərə toxundu. Bu səfər, həmçinin Hind-Sakit okean regionundakı orta güclərin ABŞ-ın mövcudluğunun artıq qəbul edilə bilməyəcəyi regional bir şəkildə öz aralarında təhlükəsizlik tənzimləmələrini gücləndirməyə çalışdığı bir vaxta təsadüf etdi. Hər iki tərəf bu impulsu davam etdirməkdə qərarlı görünür, lakin bu irəliləyiş təmin edilmir.

Yüksək səviyyəli səfərlər simvolik və diplomatik çəkiyə malikdir, lakin bu zirvə görüşləri öz-özlüyündə davamlı dəyişikliklər əvəzinə, yalnız ad-hoc, epizodik nəticələrə səbəb ola bilər – xüsusən də birdəfəlik razılaşmalar əvəzinə davamlı institusional izləmə tələb edən təhlükəsizlik əməkdaşlığı. Yeni Zelandiyanın daxili siyasəti, o cümlədən mobillik tənzimləməsinə qarşı əks-səda və hind diasporuna qarşı hücumlar, diqqətlə idarə olunmazsa, məsələləri asanlıqla çətinləşdirə bilər. Yeni Zelandiya Hindistanla əlaqələri dərinləşdirərkən Avstraliyanın oxşar gərginlikləri idarə etmək modelinə baxmağı faydalı hesab edə bilər. Hələlik vacib olan bu təkanın dayanmasına icazə verilməməsidir; Hindistan baş nazirinin Yeni Zelandiyaya yenidən səfər etməsi üçün daha dörd onillik çəkməməlidir. Hazırkı vəziyyətdə hər iki tərəfdə qarşılıqlı əlaqəni davam etdirmək üçün kifayət qədər iqtisadi və strateji əsaslandırma var.

Modinin səfəri haqlı olaraq əlamətdar bir hadisə hesab olunur. Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyi Hindistanı Yeni Zelandiya üçün strateji prioritet adlandıraraq, Hindistanın qlobal miqyasda artan siyasi və iqtisadi təsirini vurğulayıb. Bu münasibət Oklenddə Modinin aldığı səmimi qarşılanmada özünü göstərib.

Vellinqtonun ikitərəfli və regional çərçivələrdəki əhəmiyyəti Hindistan üçün də unudulmayıb. Modinin Yeni Zelandiyaya səfərinin əsas səbəbini bir çox amillər dəstəkləyir. Birinci əsas səbəb ikitərəfli əlaqələrin özüdür. Modinin 40 illik fasilədən sonra səfəri, coğrafi məsafəyə baxmayaraq, Hindistanın Yeni Zelandiya ilə əlaqələrini gücləndirmək istəyini göstərdi. Hər iki tərəfin də göstərdiyi kimi, məsafə, xüsusən də maraqlar üst-üstə düşdükdə, əməkdaşlığa maneə olmamalıdır.

İqtisadi maraqlar bu yenilənmiş əlaqələrin əsas hərəkətverici qüvvəsidir. İkitərəfli ticarət təxminən 2,4 milyard ABŞ dolları səviyyəsində təvazökar qalsa da, 2026-cı ilin aprelində imzalanmış və təsdiqlənməsini gözləyən Hindistan-Yeni Zelandiya Azad Ticarət Sazişi daha geniş iqtisadi əməkdaşlığın açılmasını hədəfləyir. Yeni Zelandiya alma, kivi və Manuka balı kimi məhsullar üçün Hindistan bazarına daha yaxşı çıxış yolu axtarır, Hindistan isə kiçik fermerləri qorumaq üçün süd sektorunu qorumağa davam edir.

Ticarətdən əlavə, saziş kənd təsərrüfatı, qida texnologiyası və bacarıqların mobilliyi sahələrində əməkdaşlığı genişləndirir, o cümlədən Kənd Təsərrüfatı Məhsuldarlığı Tərəfdaşlığı çərçivəsində Kivi Fəaliyyət Planı və hər il 5000 ixtisaslı hind işçisinin Yeni Zelandiyada işləməsi üçün bir yol. Miqrasiya müddəaları daxili müzakirələrə səbəb olsa da, daha geniş iqtisadi gündəm iddialıdır, Yeni Zelandiya 15 il ərzində Hindistana 20 milyard ABŞ dolları investisiya qoymağı və hər iki tərəf ikitərəfli ticarəti 7 milyard Yeni Zelandiya dollarına (təxminən 4 milyard ABŞ dolları) çatdırmağı hədəfləyir.

İkinci əsaslandırma diaspora ilə əlaqə və insanların əlaqə qurması ilə bağlıdır. Diaspora ilə əlaqə Modi hökumətinin xarici siyasətinin təkrarlanan bir aləti olub və təxminən 300.000 hindli və hind mənşəli şəxsin yaşadığı Yeni Zelandiya onun yerləşdirilməsi üçün təbii bir seçim idi. Xüsusilə, Modinin səfəri, bu yaxınlarda bağlanmış mobillik müddəalarından sonra Yeni Zelandiyada hind miqrasiyası ilə bağlı daxili narahatlıq fonunda baş tutdu. Yeni Zelandiyanın siyasi müzakirələrində multikulturalizmə və müxtəlifliyə əhəmiyyətli dərəcədə diqqət yetirildiyi və hind diasporunun artan seçki əhəmiyyəti nəzərə alınmaqla, bu cür qarşıdurma siyasətçilər üçün əhəmiyyətsiz siyasi xərclər daşıyır. Modinin səfəri, ən azı qismən, bu narazılığı azaltmaq cəhdi kimi qəbul edilə bilər. Onun icma qarşısındakı çıxışında iştirak edən və coşğulu bir qəbulun xəbərləri və görüntüləri onun Yeni Zelandiyadakı diaspora arasında mövqeyinin əsasən dəyişməz qaldığını göstərir.

Fələstin İran üçün prioritetlər sırasında deyil

ABŞ-İran hərbi qarşdurması, qarşılıqlı hücumlar Tehranın bölgədəki proksi qüvvələrə əməli dəstəyini arxa plana keçirib. Əlbəttə, İran əvvəlkitək bölgədəki silahlı müttəfiqləriylə əməkdaşlığı davam etdirir, ancaq indiki şərtlər altında həmin qruplara maliyyə və silah-sursatın çatdırılması çətinləşib. Bunun birinci səbəbi ağır raket zərbələri alan İranın mövcud durumudursa, ikinci səbəb silah və sursatın proksi qüvvələrə çatdırılmasının çətinliyi ilə əlaqəlidir.

Qərb ekspertləri İranın ritorikası ilə strateji davranışı arasında ziddiyyəti ortaya çıxarıblar. Qəzzada müharibə başlayandan bəri Tehran müttəfiq qrupları dəstəkləməyə, güclü bəyanatlar verməyə və “müqavimət” dilini təbliğ etməyə hazır olsa da, öz milli maraqları birbaşa təhlükə altında olduqda ehtiyatlı mövqedən çıxış etməyə başlayıb. Bu, İranın Fələstin qruplaşmaları ilə münasibətlərindən imtina etdiyi anlamına gəlmir. Bununla belə, Fələstin məsələsinin liderliyinə iddia etməklə və onu müdafiə etməyin birbaşa hərbi xərclərini ödəməyə hazır olmaq arasında böyük bir boşluq var.

“Hizbullah” Tehranın ən güclü regional tərəfdaşı və İranın çəkindirmə strategiyasının vacib bir hissəsi olaraq qalır. Təsadüfi deyil ki, Tehran Vaşinqtonla danışıqların tərkib hissəsi kimi Livan mövzusunu ön planda tutmağa çalışırdı. Ancaq İsrail ordusu Livanın cənubunu tərk etməməklə yanaşı “Hizbullh”ın silah və sursat anbarlarını dağıtmaqda davam edir. Tehran bu prosesi əngəlləməkdə acizdir.

Yaxın Şərqdə artan gərginlik fonunda Qəzza mövzusu da sanki arxa plana keçib. Halbuki, Qəzzanın məsələsi həll olunmayıb, sadəcə nisbi atəşkəs mövcuddur. Halbuki, ABŞ-İran müharibəsinə qədər Qəzza beynəlxalq aləmin əsas mövzularından biri idi. İran öz müdafisəni düşünmək məcburiyyətində qaldığı mərhələdə HƏMAS-ı fəallaşdırmaq imkanına sahib deyil. Digər tərəfdən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Terhanda qaldığı oteldə raket zərbəsiylə öldürülməsi İranın imicinə zərbə oldu. Tehran İran Prezidentinin andiçmə mərasiminə qatılan qonağının təhlükəsizliyini təmin edə bilmədi. Bu amil də HƏMAS qruplaşmasının İrana münasibətinin dəyişməsinə səbəb olub. Digər tərəfdən hazırki şərtlər daxilində “Hizbullah” İranın milli təhlükəsizliyi və bu ölkəyə hücumların qarşısını almaq qabiliyyəti baxımından Tehran üçün daha əhəmiyyətlidir. Fələstindəki silahlı qruplar isə hazırda İranın düşməni İsrailə ciddi problemlər yaratmadıqlarına görə, Tehranın gözündə həmin qrupların əhəmiyyəti azalıb. HƏMAS və Fələstindəki digər silahlı qrupları İrandan uzaqlaşdıran digər amil isə SEPAH komandanlığının müharibə zamanı Körfəz ölkələrinə raket və dron zərbələri endirmələridir. Məsələ burasındadır ki, HƏMAS-ın maliyyə və siyasi dəstək aldığı ölkələr içərisində Körfəz ölkələr də var. Misal üçün Qətər SEPAH-ın hamisi olan ölkələrdən sayılır. İran Qətərə də zərbə vurursa, bu halda HƏMAS Tehranla eyni mövqedən çıxış edə bilməz.

Azərbaycanın hərbi gücünü artırmaqdan başqa alternativi yoxdur

NATO-nun Ankara sammitinin yekunlarının müzakirəsi bitməmiş Yaxın Şərq yenidən qarışıb. ABŞ Prezidenti Donald Tramp elə Ankarada olarkən, İrana zərbə vurmağa qərar verib. Livanda da müharibənin şiddətlənməsi ehtimalı var. İranın təlimatıyla İsrail ərazisinə yeni zərbələrin endirilməsi Tel-Əvivi qonşu ölkənin ərazisində hərbi müdaxiləni genişləndirməsiylə nəticələnəcək.

ABŞ-la İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb. İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı. İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb. İslamabaddan yayılan açıqlamada, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ olmadığı bildirilib. Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb.

Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətindir. ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib.

Pakistanla yanaşı Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər. Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir.

Beləliklə, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb. Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. gəlir. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müvaqilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər.

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsina baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir. Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil. Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1668822
ru_RURU