Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynanın təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib. Ukrayna prezidenti Hindistanın televiziya kanallarından birinə verdiyi müsahibədə fikirini belə izah edib: “Ukrayna təhlükəsizlik zəmanətində maraqlıdır. Biz bu təkliflə Çinə və Türkiyəyə müraciət etmişik. Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmasını istəyirik. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir və belə bir prosesdə iştirakı hamı üçün faydalı olar”.
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynaya ötən ay Kiyevə səfər edərək ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşmüşdü. Bu görüşdə sülh əldə etmək üçün beynəlxalq səylər, Qara dəniz təhlükəsizliyi və ikitərəfli əlaqələr müzakirə edilmişdi. Subrahmanyam Jaishankar Hindistanın son aylarda sülhə dair ümumi çağırışlardan Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələrə keçdiyini bildirib. Hindistanın baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki görüşdə Kreml sahibinə açıq söyləmişdi ki, müharibəni dayandırmaq lazımdır. Narendra Modi oxşar sözləri 2024-cü ildə Moskvada Vladimir Putinlə keçirilən görüşdə də bombaların, silahların və güllələrin işlədildiyi şəraitdə sülh danışıqlarının uğurlu olmayacağını bildirmişdi. Görünür, baş nazirindən təlimat alan Subrahmanyam Jaishankar Rusiya və Ukrayna təmsilçiləri ilə danışıqları intensivləşdirib.
Türkiyə kimi Hindistanı narahat edən məqamlardan biri Qara dənizdə gəmiçiliyin maneələrlə üzləşməsi, raket və dronların ticarət gəmilərini hədəf almasıdır. Bu səbəbdən Hindistanın əsas diqqəti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Yeni Dehli Kiyev və Moskva ilə taxıl və enerji daşıyıcılarının təhlükəsizliyinin təminatı mövzularını da müzakirə edib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa təhlükəsizlik mövzularıyla bağlı müxtəlif ölkələrdən, o cümlədən Hindistandan təkliflər aldığını təsdiq edib. Hindistanın təklifinin ən əhatəli olduğunu bildirən Andriy Sibiqa Yeni Dehlinin enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, eləcə də Qara dənizdə vəziyyətlə bağlı razılaşmaları istədiyini vurğulayıb.
Beləliklə, Yeni Dehli həm Moskva, həm də Kiyevlə məsləhətləşmələri davam etdirir. Kiyevlə yanaşı Moskva da Yeni Dehlinin səylərini müsbət qiymətləndirir. Rusiya prezidenti Vladimir Putin daha əvvəl Hindistanın baş naziri Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər adlandırıb. Buna baxmayaraq, Rusiya Prezidenti Yeni Dehlinin təkliflərini reallaşdırmağa tələsmir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Yeni Dehlinin təklifləri barədə Moskva ilə Kiyev arasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamayıb.