Gün: 12 Ağustos 2025

“Vaşinqton razılaşması Ukraynanı sevindirdi”

Dünyanın müharibələrə çox sürətlə alışdığı bir zamanda – 2025-ci il avqustun 8-də Vaşinqtondan ümidverici bir xəbər gəldi. ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan postsovet məkanının ən uzunmüddətli münaqişələrindən birinə son qoyan Birgə Sülh Bəyannaməsini imzaladılar.

Sülh məhz Vaşinqtonda – “Ağ ev”də imzalandı və bu, regionda yeni qüvvələr balansının formalaşdığına dair aydın bir siqnaldır. ABŞ Prezidenti Donald Tramp əsas vasitəçi rolunu üzərinə götürərək Cənubi Qafqazda dayanıqlı sülhün təməlini qoydu. Eyni zamanda, bu strateji əhəmiyyətli regionda Rusiya nəzarəti və təsiri sürətlə yox olur, Kreml prosesdən kənarda qalan bir müşahidəçiyə çevrilir. Bu, Cənubi Qafqazın Rusiya hegemonluğundan çıxdığını və ABŞ ilə beynəlxalq ictimaiyyətin himayəsi altında təhlükəsizlik, inkişaf və əməkdaşlığın yeni dövrünə qədəm qoyduğunu açıq şəkildə göstərir.

Bəyannamənin yeddi bəndi sadəcə quru razılaşmalar toplusu deyil, real fəaliyyət planıdır: müharibəsiz gələcək qurmaq, yeni nəqliyyat marşrutları açmaq, revanşist yanaşmalardan imtina etmək, iqtisadi tərəfdaşlığı dərinləşdirmək və ən əsası – suverenliyə, ərazi bütövlüyünə və sərhədlərə qarşılıqlı hörməti təmin etmək.

ATƏT-in Minsk prosesinin başa çatması, genişmiqyaslı infrastruktur layihəsi TRIPP – “Tramp Marşrutu”nun başlanması, nəqliyyat dəhlizlərinin inkişafı, ABŞ-la müdafiə əməkdaşlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması – bütün bunlar Xəzər-Qara dəniz regionunda yeni geosiyasi reallıq yaradır və Azərbaycan ilə Ermənistanı sülhün yalnız bir arzu deyil, gündəlik gərgin əmək və inanılmaz səylərin nəticəsi ola biləcəyinin nümunəsinə çevirir.

Ukrayna xalqı azadlıq və müstəqilliyin qiymətini yaxşı bilir – çünki biz 2014-cü ildə Rusiyanın hibrid təcavüzünün başlanğıcında da, 2022-ci ildə rus işğalçı qoşunları Kiyev ətəyinə çatanda da dayana bildik. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərini müdafiə edir və biz dəqiq anlayırıq ki, silahla gələnlərə edilən heç bir “təqdimat” nə etibarlı təhlükəsizlik, nə də dayanıqlı sülh gətirəcək. Yalnız müttəfiqlər və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən ortaq təzyiq və güclü, birmənalı mövqe aqressoru terror və zorakılıqdan əl çəkməyə məcbur edə bilər.

Ukrayna və Azərbaycan Respublikası hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Bu gün beynəlxalq ictimaiyyət “Ukrayna üçün uzunmüddətli sülh”dən danışarkən biz vurğulayırıq: belə bir sülh yalnız BMT Nizamnaməsi əsasında, Ukrayna Konstitusiyasından kənara çıxmadan və suverenliyin alver mövzusuna çevrilmədən mümkündür. Bu, maksimalizm deyil – bu, sülhün yeni hücumla dağılmamasının yeganə təminatıdır.

Avqustun 10-da Ukrayna Prezidenti Volodımır Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Ukrayna dövlət başçısı Prezident İ. Əliyevi və bütün Azərbaycan xalqını Prezident D. Trampın köməyi ilə Ermənistanla əldə edilmiş razılaşmalar münasibətilə təbrik edərək, bunun Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik naminə mühüm addım olduğunu bildirdi. O, Vaşinqtonda keçirilən üçtərəfli görüşün dünya tərəfindən son dərəcə müsbət qarşılandığını və hər şeyin işlək mexanizmə çevriləcəyinə ümid etdiyini vurğuladı.

Həmçinin, Volodımır Zelenski azərbaycanlı həmkarına tərəfdaşlarla təmaslar barədə məlumat verdi və hamının Ukraynada müharibəni həqiqətən bitirməyə və effektiv diplomatiyaya yönəldiyini bildirdi. Tərəflər ABŞ və Avropa ölkələri ilə kommunikasiya, sülhə yaxınlaşdıra biləcək əsas prinsipləri müzakirə etdilər.

Ukrayna Prezidenti xalqımıza və dövlətçiliyimizə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etdi. Liderlər enerji əməkdaşlığını da müzakirə etdilər: “Əhəmiyyətli nəticələr əldə olunub. Razılaşdıq ki, bununla kifayətlənməyəcəyik və imkanlarımızın genişləndirilməsi üzərində işləməyə davam edəcəyik. Enerji obyektlərimizə edilən Rusiya zərbələri barədə məlumat verdim. Ukrayna bunu Rusiyanın bizə və digər Avropa ölkələrinə enerji müstəqilliyi təmin edən yolları bloklamağa yönəlmiş məqsədyönlü cəhdi hesab edir. Ölkəmizi və insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik,” – deyə Ukrayna Prezidenti Volodımır Zelenski vurğuladı.

Cənubi Qafqaz bu gün tarixində yeni bir səhifə açır. Dostlarımızı və tərəfdaşlarımızı bu qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik. Ukrayna beynəlxalq tərəfdaşlarla birlikdə hər gün öz torpağında beynəlxalq hüquqa əsaslanan, çoxdan gözlənilən ədalətli, hərtərəfli və dayanıqlı sülhün yaxınlaşması üçün çalışır. Çünki əsl sülh – güc diktəsi altında deyil, hüququn qoruması altında yaşanan sülhdür.

Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri

Yuriy Husyev

Çinli diplomat niyə həbs olunub?

“Wall Street Journal” dərgisində yüksək rütbəli çinli diplomat Liu Ciançaonun həbs olunduğu barədə məlumat yayımlanıb. Xəbərdə Çin hüquq-mühafizə orqanlarının Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Ciançaonu dindirilmək üçün saxladığı yazılıb. Bildirilib ki, yüksək vəzifəli çinli diplomat iyulun sonunda xarici işgüzar səfərdən Pekinə qayıtdıqdan sonra saxlanılıb. Onun saxlanılma səbəbi açıqlanmayıb.

Nəşrin qeyd etdiyinə görə, Liu Ciançao Vaşinqton və Nyu-Yorka səfərləri zamanı isti qarşılanıb və diplomatiya sahəsindəki təcrübəsi və uzunmüddətli fəaliyyəti nəzərə alınaraq, Çin xarici işlər naziri postuna ciddi namizəd hesab olunurdu. Bundan əvvəl Çinin xarici işlər naziri Sin Qan vəzifəsindən uzaqlaşdırılmışdı. O vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Van Yi xarici işlər naziri təyin olundu.

“Wall Street Journal” dərgisində yayımlanan məqalədə göstərilib ki, Liu Ciançaon iyulun sonunda xarici ezamiyyətdən qayıdarkən Pekində həbs olunub. 61 yaşlı Liu Ciançaon 2022-ci ildən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinə başçılıq edirdi. O bu vəzifədə onlarla ölkəyə səfər edib. Liu Ciançaon diplomatic fəaliyyətə tərçüməci kimi başlayıb. O 2000-ci illərdə Çinin Böyük Britaniyadakı səfirliyində çalışıb. Bundan sonra o Çinin Filippin və İndoneziyada səfiri olub. Ekspertlər Liu Ciançaon yaxın gələcəkdə xarici işlər naziri təyin olunacağını proqnozlaşdırırdılar.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1404387
tr_TRTR