Kategori: Açıklamalar

Səfirlər Bakıdan kimlərə mesaj göndəriblər?

Məlum səbəblərə görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev ara-sıra səfirlə görüşüb fikir mübadiləsi aparırdı. Ancaq Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra bu görüşlərə də ara verilib. İki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildünümünü keçirə bilmədi. Keçirsəydi belə rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayacaqdı.

Ukrayna müharibəsinə görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur. Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər. Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3” təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər. Bu aysberqin görünən tərəfidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, “Sizin görüşünüz çalışdığınız ölkəyə və Qərbə mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil”.

Bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır. Rusiya erməni separatizmini idarə edir, İran isə Ermənistana Zəngəzur dəhlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsələr də, Türkiyənın, Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda artan fəallıqlarına mane ola bilmirlər. ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Qevara İranla sərhədi – Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Tehrana bir başqa mesajı göndərib.

 

Moskva ilə İrəvan arasında uçurum artır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan İrəvana “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə mesaj göndərib. Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verib: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Simonyan bununla Lavrova demək istəyib ki, bizim işimizə qarışmayın.

Beləiklə, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Bu azmış kimi İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəsy sorğuları da Rusiyanın Qərbin geridə qaldığını göstərir. Bundan sonra hələ rusiyalı nazir Lavrov bizə ağıl qoymağa çalışır ki, “Laçın yolunda nəzarət postu olmamalıdır”…

 

Lavrov sərhəd xidmətinin əleyhinədir

Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.
Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır. Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq.

 

 

Onlayn diplomatiya nədir?

Xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçmişik, şərtləri bir-birimizə ötürürük” ifadəsindən çıxan nəticə odur ki, tərəflər internet üzərindən müzakirələr aparırlar. Bu əvvəllər yox idi. Əslində bu qədər vasitəçiyə ehtiyac yoxdur. Hər ölkə və təşkilat “bölgədə mən də varam” demək üçün tərəflər arasında görüşlər təşkil edir, fotolarla poz verirlər, ortada isə nəticə yoxdur. Müzakirələri internet üzərindən görüntülü şəkildə aparılmasının zərəri yoxdur.

Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar yer qalmayıb Azərbaycandan şikayət etməsinlər. Birinciləri birbaşa dialoqa cəlb etmək lazımdır, ikincilərin isə texniki persionalı ilə yerlərdə müxtəlif məsələri həll etmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra ən azı 3 dəfə Qarabağ erməniləriylə birbaşa təmas olub. Birinci görüş Sərsəng su anbarıyla bağlı olub, ikinci görüşdə onlardan Laçın azad olunanda təxribata yol verməmələri tələb edilib, üçüncü görüş isə bugünlərdə yataqlarda monitorinqlə bağlı həyata keçirilib. Qarabağın tammamında suverenliyimizin bərpası üçün bütün imkanlardan istifadə etməliyik.

 

3 mühüm hadisə bir ölkəylə bağl idi

Bu həftə beynəlxalq aləmin 3 əsas hadisəsi Ukrayna ilə bağlı olub. Birincisi, ABŞ prezidenti Co Baydenin Kiyevə qəfil səfəri, ikincisi, Rusiya prezidenti Vladimir Putinin Feredal Məclisdə müharibəylə bağlı çıxışı və üçüncüsü Çinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə irəli sürdüyü 12 təklifi müzakirə predmetidir. Baydenin müharibənin ildönümü ərəfəsində Kiyevə gəlişi Ukraynanın tək olmadığını və ərazi bütövlüyünü təmin edənə qədər bu ölkəyə maliyyə və hərbi dəstəyin davam edəcəyini göstərirdi. Putin çıxışında yenə heç nə deyə bilmədi, tükənib, hədələri təsir gücünü itirib. Pekinin 12 maddəlik təklifi isə ümumi sözlərdən ibarət idi. Təkliflərin ümumi mahiyyəti təxminən belədir: “Müharibə dayandırılsın, hamı dayandığı yerdə qalsın, Rusiyaya qarşı sanksiyalar ləğv olunsun”. Pekinin tələbləri içərisində Rusiya qoşunlarının Ukrayna ərazisini tərk etməsi barədə bir cümlə belə yoxdur. Pekin irəli sürdüyü təkliflərin qəbul edilməyəcəyini əvvəlcədən bilirdi, sadəcə Qərbin artan təzyiqi qarşısında “sülhpərvər” görüntüsü yaratmaq istəyirdi.

 

Oskanyan Qarabağı Cavahetiyaya bənzədib

Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Vardan Oskanyan baş nazir Nikol Paşinyana müxalif qüvvələrin ümumi xoruna qoşularaq  hakimiyyətin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını əngəlləmək vacibliyini bildirib. Vaskanyan  hesab edir ki, İrəvan Bakı ilə sülh sazişi imzalayacağı halda Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımış olacaq.Vardan Oskanyanın ümumi sözləri ilə yanaşı “Dağlıq Qarabağı Cavahetiyanın taleyi gözləyəcək” cümləsi diqqətimi çəkib.

Ermənilər daxilən heç zaman Cavahetiyanın Gürcüstan ərazisi olmasıyla barışmayıblar, sadəcə Azərbaycanla yanaşı Gürcüstanla da düşmən olmamaq üçün adı çəkilən bölgə ilə bağlı planlarını Qarabağda istədiklərinə nail olduqdan sonra reallaşdırmağı düşünürdülər. Ancaq sonrakı mərhələdə anladılar ki, Gürcüstanla da düşmən olsalar tam blokada vəziyyətinə düşəcək və bu Ermənistan adında dövlətin yox olmasıyla nəticələnəcək. Buna baxmayaraq, əgər Oskanyan kimi diplomat Cavahetiya ilə Qarabağ arasında paralel aparırsa demək xəstə təxəyyüldən qurtula bilmirlər.

 

Ruben Vardanyan məyusdur

Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığını (yerli separatçılar ona əvvəlcə “vəzifə” verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. “Qarabağda yaşayan ermənilərin hamıya – ədalətə, hakimiyyətə və gələcəyə inamları itib” deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib. Vardanyanın bu sözləri acı etirafdır. O faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəhərlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini “müstəqillik” yolundan dönməməyə çağırıb.

 

 

Blinken Azərbaycana nə zaman gələcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfəri istisna deyil. Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş buna sübutdur.

Sergey Lavrov Bakıya fevralın 27-də gələcək. Bundan bir gün sonra Entoni Blinken Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya “bölgədə biz də varıq” mesajını göndərmiş olar.

 

Müharibə olmaya bilərdimi?

Müharibə olmaya bilərdimi? Rusiyanın hansı tələbi yerinə yetirilsəydi Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı? Bu sual bəzi dairlərdə hələ də səslənir. Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi. Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi.

Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi. Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi.

 

Laçın yolu Putini narahat etmir

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə bugünkü telefon söhbətinin sətiraltı məqsədi bəllidir. Telefon zəngindən əvvəl erməni separatçılarının “lideri” Araik Arutunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Paşinyan bu istefanı istəyib. Ermənistanın baş naziri Araik Arutunyanın əli ilə Ruben Vardanyanı istefaya göndərdikdən sonra Putinə anlatmaq istəyib ki, prezident İlham Əliyevin istəyini yerinə yetirib və bunun qarşılığında Laçın dəhlizinin açılacağına ümid edir. Paşinyan Putinə Beynəlxalq Məhkəmənin Laçın yoluyla bağlı qərarını da xatırladıb.

Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər, bu Paşinyanın da işinə yaradı. Putin Ukraynaya qarşı müharibə ilə özünü və ölkəsini dərin böhrana yuvarlandırıb, həyatında görmədiyi Laçın yolundakı vəziyyət onu narahat etmir. Üstəgəl Avropa İttifaqı müşahidə missiyasını Ermənistanda yerləşdirən Paşinyan Kreml sahibini qəzəbləndirib. Belə vəziyyətdə Putin Laçın yolundakı etirazla bağlı Bakıdan niyə nəsə xahiş etməlidir ki?

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 262868
tr_TRTR