Kategori: Açıklamalar

Bakıdakı sammitdə müxtəlif dövlətlərin rəsmiləri iştirak edəcəklər

Bakıda oktyabrın 15-də Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək. Sammitdə üzv və müşahidəçi dövlətlərin, o cümlədən tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Təşkilatda 28 üzv dövlət var.  Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr var. Bu amylin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.

Kamboca Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistan xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqhin artıq Bakıdadırlar. Kirti Vardhan Sinqh sosial şəbəkəsində bunları yazıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm”. Hindistanın dövlət nazirinin sammitlə yanaşı Bakıda müxtəlif görüşlər keçirəcəyini də proqnozlaşdırmaq olar. Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq yaratsa da, Bakı ilə Yeni Dehli arasında dialoq davam edir. Yeni Dehli Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücüylə işləməsində maraqlıdır. Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə ilə giriş imkanı qazanacaq. Ancaq bunun üçün İran daxilindəki nəqliyyat yollarının tikintisinə başlamaq zərurəti var.

Azərbaycana səfər edəcək qonaqlar arasında Çinin xarici işlər naziri Van İ də olacaq. Van İ Bakıdan sonra Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək. Van İ Bakıda sonuncu dəfə 7 il əvvəl olub. Çinin xarici işlər nazirinin Bakıdakı sammitdə iştirak etməklə yanaşı, Azərbaycan rəsmiləri ilə ikitərəfli əlaqələri və nəqliyyat layihələrin müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Pekin Orta Dəhlizə maraq göstərsə də, nəqliyyat yolunun “Tramp yolu”ndan keçən hissəsi barədə ehtiyatlı mövqe tutub. Azərbaycan rəsmiləri Çinin xarici işlər naziri ilə görüşə Zəngəzur dəhlizinin Çin üçün faydalı olduğunu inandırmağa çalışacaqlar.

Süni intellekt tədqiqatçıları uğrunda mübarizə gedir

ABŞ və Çin süni intellekt (Sİ) sahəsində üstünlük uğrunda mübarizə apardığı bir vaxtda, Tramp administrasiyası şirkətlərin xarici tədqiqatçıları işə götürməsini çətinləşdirib. Çin isə dünyanın ən yaxşı alimlərini cəlb etməyi milli prioritetə ​​çevirib. Çin son iki il ərzində beynəlxalq tədqiqatçılar üçün qapılarını geniş açıb, alimlər üçün xüsusi viza növü tətbiq edib və cəlbedici tədqiqat qrantları təklif edib. Ancaq bunun əksi də baş verib.

ABŞ-da çalışan çinli alimlərin sayı azalmaq əvəzinə, əksinə, artıb. “Carnegie Endowment for International Peace” beyin mərkəzi tərəfindən aparılan araşdırmaya əsasən, 2025-ci ildə ABŞ-da süni intellekt sahəsində çalışan hər 30 çinli tədqiqatçıya qarşılıq, Çinə əks istiqamətdə köçən yalnız bir tədqiqatçı olub. ABŞ ilə Çin arasındakı gərginliyə baxmayaraq, ABŞ-da çalışan çinli tədqiqatçıların sayı üç il əvvəllə müqayisədə azalmaq əvəzinə artıb.

Tədqiqatçılar alimlərin qlobal miqyasdakı yerdəyişmələrini müəyyən etmək üçün ötən il keçirilən və maşın öyrənməsi ilə hesablama neyroelminə həsr olunmuş akademik konfrans olan “NeurIPS”-də qəbul edilmiş elmi məqalələri təhlil ediblər. Məqalə müəlliflərinin harada ali təhsil aldıqları, harada elmi dərəcələrə yiyələndikləri və sonda harada işləməyə başladıqları araşdırılıb. Nəticələr, ABŞ və Çinin süni intellekt tədqiqatlarının ən çox aparıldığı iki yer olduğu barədə geniş yayılmış anlayışı təsdiqləyib. ABŞ Çindən, eləcə də Hindistandan, Cənubi Koreyadan mühacirət etmiş xarici tədqiqatçıları işə götürməklə liderliyini qoruyub.

Amerikada çalışan çinli alimlərin sayının yüksək qalmasının izahı, onların Tramp administrasiyası keçən il viza almaqda məhdudiyyətlər qoymadan və tədqiqat maliyyələşdirməsini azaltmazdan əvvəl ABŞ-a gəlmələridir.

Buna baxmayaraq, ABŞ üçün təhlükə ondan ibarətdir ki, istedadları cəlb etmək baxımından ölkənin cazibədarlığı onilliklər ərzində tədricən azalır. Bu təsir statistik göstəricilərdə özünü büruzə verənə qədər isə vəziyyəti geri döndərmək çətin olur. İllər ərzində Çinli alimlər və dünyanın müxtəlif ölkələrindən olan həmkarları startaplarda karyera imkanları və geniş akademik maliyyələşdirmə təklif edən ABŞ-a üz tuturdular. Ancaq son illərdə Çin süni intellekt (Sİ) sahəsində çalışan tədqiqatçılar üçün əhəmiyyətli bir alternativə çevrilib. 2022-ci ildə “NeurIPS” konfransında elmi məqalələr dərc edən ilk 30 qurumdan yalnız altısı Çində yerləşirdi; 2025-ci ildə isə bu rəqəm 12-yə yüksəlib. Çinin aparıcı akademik qurumlarından olan Pekin Universiteti və Tsinhua Universiteti siyahının zirvəsində qərarlaşaraq, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Karnegi Mellon kimi ABŞ-ın nəhəng təhsil müəssisələrini geridə qoyublar. Həmçinin, ötən il “NeurIPS”-də məqalələri dərc olunan müəlliflər arasında Çinli tədqiqatçılar 41% təşkil edərək, 34%-lik göstəriciyə malik ABŞ tədqiqatçılarını üstələyiblər.

Çin şirkətlərinin yüksəlişi, çinli Sİ tədqiqatçılarının böyük əksəriyyətinin niyə məhz ölkədə qalmağı seçdiyini izah edə bilər. Hökumət onların getməsinə icazə vermək istəmir. Çin xarici istedadları cəlb etməkdə çətinlik çəksə də, xaricdəki Çin tədqiqatçılarını və rəhbərlərini geri qayıtmağa təşviq etmək səylərində bəzi irəliləyişlər əldə edib.

Tehran Məkkə Sazişi üzvlərini təhdid edir

İran Məkkə Sazişinin işə düşməsindən narahatdır. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub. Bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub. O Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki, Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Sazişi barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib. Əslində İbrahim Əzizi narahatlığı İranla bağlı deyil, iranlı deputat sazişə imza atan dövlətlərin Tehranın dəstək verdiyi Yəmən husilərinə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladıqları Məkkə Sazişi müdafiə xarakterlidir. Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq. Hazırda Yəmən husiləri Səudiyyə Ərəbistanına hava hücumları təşkil edirlər. Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidirlər.

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildiriblər. Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəyini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei minlərlə Pakistan hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə bağlı suala cavab olaraq bunu deyib: “Biz də bu şayiəni eşitmişik və ümid edirik ki, bu, doğru deyil”. O, əlavə edib ki, “Region ölkələri Yəmən məsələsinə hər hansı bir müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər” və Məkkə müqaviləsi kimi paktların “müsəlman icmasının maraqlarına və rifahına qarşı” istifadə olunmayacağına ümid etdiyini bildirib. Öz növbəsində İran xarici işlər naziri Abbas Əraqçi birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri “özünəgüvən” prinsipinə və “səmimi qardaşlıq” əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. O, həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq.

İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil. İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız”.

İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək. Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur. Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Misal üçün İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər. Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı İranla normal münasibətləri qoruması çətin olacaq.

Yeni Dehli Kiyev və Moskvaya təfkliləri verib

Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynanın təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib. Ukrayna prezidenti Hindistanın televiziya kanallarından birinə verdiyi müsahibədə fikirini belə izah edib: “Ukrayna təhlükəsizlik zəmanətində maraqlıdır. Biz bu təkliflə Çinə və Türkiyəyə müraciət etmişik. Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmasını istəyirik. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir və belə bir prosesdə iştirakı hamı üçün faydalı olar”.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynaya ötən ay Kiyevə səfər edərək ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşmüşdü. Bu görüşdə sülh əldə etmək üçün beynəlxalq səylər, Qara dəniz təhlükəsizliyi və ikitərəfli əlaqələr müzakirə edilmişdi. Subrahmanyam Jaishankar Hindistanın son  aylarda sülhə dair ümumi çağırışlardan Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələrə keçdiyini bildirib. Hindistanın baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki görüşdə Kreml sahibinə açıq söyləmişdi ki, müharibəni dayandırmaq lazımdır. Narendra Modi oxşar sözləri 2024-cü ildə Moskvada Vladimir Putinlə keçirilən görüşdə də bombaların, silahların və güllələrin işlədildiyi şəraitdə sülh danışıqlarının uğurlu olmayacağını bildirmişdi. Görünür, baş nazirindən təlimat alan Subrahmanyam Jaishankar Rusiya və Ukrayna təmsilçiləri ilə danışıqları intensivləşdirib.

Türkiyə kimi Hindistanı narahat edən məqamlardan biri Qara dənizdə gəmiçiliyin maneələrlə üzləşməsi, raket və dronların ticarət gəmilərini hədəf almasıdır. Bu səbəbdən Hindistanın əsas diqqəti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Yeni Dehli Kiyev və Moskva ilə taxıl və enerji daşıyıcılarının təhlükəsizliyinin təminatı mövzularını da müzakirə edib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa təhlükəsizlik mövzularıyla bağlı müxtəlif ölkələrdən, o cümlədən Hindistandan təkliflər aldığını təsdiq edib. Hindistanın təklifinin ən əhatəli olduğunu bildirən Andriy Sibiqa Yeni Dehlinin enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, eləcə də Qara dənizdə vəziyyətlə bağlı razılaşmaları istədiyini vurğulayıb.

Beləliklə, Yeni Dehli həm Moskva, həm də Kiyevlə məsləhətləşmələri davam etdirir. Kiyevlə yanaşı Moskva da Yeni Dehlinin səylərini müsbət qiymətləndirir. Rusiya prezidenti Vladimir Putin daha əvvəl Hindistanın baş naziri Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər adlandırıb. Buna baxmayaraq, Rusiya Prezidenti Yeni Dehlinin təkliflərini reallaşdırmağa tələsmir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Yeni Dehlinin təklifləri barədə Moskva ilə Kiyev arasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamayıb.

Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var

Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya Prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələri olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb.

Vladimir Putin çıxışı zamanı Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə əhəmiyyət verdiyini bildirib. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir bir problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb. Putin layihənin ləngiməsinin İranla bağlı olduğunu işarə edib: “Şimal-Cənub nəqliyyat dəhlizinnin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdırlar”. Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib.

Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var. Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ki, ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüəksədir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq bunun üçün Yeni Dehli İran ətrafında gərginliyin ortadan qaldırılmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daima gündəmə gətirir. Modi Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur. Vladimir Putin Modi ilə son görüşündə Hindistanın baş nazirinin müharibəylə bağlı söylədiklərindən narazı qaldığını biruzə verməməyə çalışsa da, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindli həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib.

Putin Çinə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib.

Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Rusiyanın Çindən asılılığı artıb. Misal üçün Putin deyib ki, Çinin Sibirin zəgniliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Rusiyanın Ukrayna müharibəsi səbəbindən qonşu ölkənin iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aaparmasaydı, Rusiyanın Çindən bu qədər yatırım ehtiyacı olmazdı.

Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir. Təsadüfi deyil ki, NATO baş katibi son açıqlamalarının birində Mark Rutte Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib. Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çindən Trampla həm də ona görə görüşməyə çalışır ki, böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir.

İki ölkə arasında gərginlik bölgə ölkələrini narahat edir

Pakistan yenə Əfqanıstana hava zərbəsi endirib. Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiulla Mocaxedin sözlərinə görə, Pakistanın endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb, 3 bina dağılıb. Bu hücumlar Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər ərazilərindəki yaşayış evlərini hədəf alıb. Kabil aviazərbəni bütün tanınmış prinsipləri pozan təcavüz aktı və cinayət kimi qiymətləndirib.

İl ərzində iki dövlət arasında buna bənzər toqquşmalar bir neçə dəfə olub. Mart ayında Mart Əfqanıstandan havaya qaldırılan dronlar Pakistan ordusunun bazasına zərbə endirmişdi. Bu zərbə nəticəsində Pakistan komandanlıq qərargahı dağıdılmışdı. Öz növbəsində Pakistan da Əfqanıstana cavab zərbəsi endirmişdi. Pakistanın Kabilə hava hücumları nəticəsində 4 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 10 gün əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə nəfər həlak olmuşdu.

Pakistan Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad Kabilin “Bəlucistan Azadlıq Ordusu”na da sığınacaq verdiyini iddia edir. Taliban bu ittihamlarla razılaşmır. Vəziyyəti gərginləşdirən iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 kilometr uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri çəkiblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu da gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir. Pakistan isə həm sərhəd məntəqələrin, həm də paytaxt Kabilə zərbə endirir.

Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış etsələr də, nəticə yoxdur. İki ölkə arasında gərginlikdən narahat olan ölkələrdən biri də Çindir. Bu ölkənin Pakistanda və Əfqanıstanda yatırımları mövcuddur. Pekin bu iki dövlətin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Ancaq Pakistanla Əfqanıstan arasında müharibə vəziyyət Çinin yatırımlarına və nəqliyyat layihələrinə təhlükə yaradır.

Tramp tərəfdaşlarını seçim qarşısında qoyub

Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra ölkəsinin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır. Əgər idxal və ixracda balans ABŞ-la əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir. Bu halda ABŞ-la iqtisadi sahədə əməkdaşlıq edən ölkənin iki yolu qalır, ya Amerikadan daha çox məhsul almaq, ya da Amerikaya yatırımları artırmaqdır.

Donald Tramp Çin və Hindistanı bu ölkələrin məhsullarına gömrük rüsumlarının tətbiqi ilə hədələyir. Çin lideri Si Cinpin bugünlərdə ABŞ-a səfər edərək, ticarət əlaqələrini yoluna qoymağa çalışdı. Vaşinqton Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti dondurub. Yeni Dehli də bu vəziyyətdən çıxış yolu axtarır və ilk addım atıldı.

Hindistanın “Essar Group” şirkəti ABŞ-da 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Bu, şirkətin xaricdəki ən böyük investisiya layihələrindən biri olacaq, Ayova ştatında 15 milyard dollarlıq polad zavodu tikiləcək. Donald Tramp Ayova layihəsi ilə bağlı məlumatı Ağ Evdə şirkətin sahibi olan Ruia ailəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə açıqlayıb. Bu layihəni “Essar”ın ABŞ-dakı törəmə şirkəti olan “Mesabi Metallics” həyata keçirəcək. Bu dünyadakı ən böyük polad zavodlarından biri olacaq. 2030-cu ildə istehsala başlaması nəzərdə tutulan zavodun tam istifadəyə verildikdən sonra ildə 10 milyon ton polad istehsal edəcəyi gözlənilir. Ağ Ev bəyan edib ki, bütün polad istehsalı prosesi ABŞ-da həyata keçiriləcək. Zavodun ABŞ-da inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və burada şirkətin Minnesota ştatındakı obyektlərindən əldə edilən dəmir filizindən istifadə olunması nəzərdə tutulur. Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb və onu respublikaçıların gərgin aralıq seçki mübarizəsi apardığı mühüm ştatda əldə edilmiş iqtisadi qələbə kimi qiymətləndirib. Tramp Amerika polad sənayesinin “güclü şəkildə canlandığını” qeyd edərək, bunu ötən il polad idxalına tətbiq etdiyi 50%-lik rüsumlarla əlaqələndirib. “Hər kəs zavodlarını burada tikir, çünki rüsum ödəmək istəmirlər”, – deyə Tramp bildirib.

1969-cu ildə Hindistanda qurulan “Essar Group”  sənaye konqlomeratıdır və enerji, mədənçilikdən tutmuş texnologiya və pərakəndə satışa qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad isteh edən kompleksləri və neft email zavodları var. Şirkət həmçinin Böyük Britaniyada “Shell” şirkətinə məxsus “Stanlow” neft emalı zavodunu əldə edib. Şirkət Səudiyyə Ərəbistanında aşağı karbon emissiyalı polad zavodunun tikintisini planlaşdırır.

Tramp növbəti mərhələdə digər ölkələrdən də Amerikaya yatırım qoymağı tələb edəcək. Hindistanla yanaşı digər ölkələrin şirkətləri də Amerikaya yatırım qoymanın yollarını arayırlar. Misal üçün Tayvan Çinlə qarşıdurmada Vaşinqtonun dəstəyini qazanmaq üçün ABŞ-a əlavə olaraq 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən sayılır. Ona görə də Tayvan bu üstünlüyündən istifadə edərək ABŞ-da müxtəlif layihələr həyata keçirir.

ABŞ-la Çin arasında hərbi əməkdaşlıq mümkündürmü?

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı hərbi əməkdaşlıq barədə müzakirə aparılıbmı? Bu barədə “Fox News” televiziya kanalı ilə “The Wall Street Journal” fərqli xəbərlər yayıblar. ABŞ-ın Çindəki səfiri Devid Perdyu “Fox News” kanalına müsahibəsində Ağ Ev sahibi Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı ona Amerika istehsalı olan silahları almaq istəyib-istəmədiyini soruşub. Səfirin sözlərinə görə, Tramp Si Cinpinə ABŞ-nin dünyanın müxtəlif ölkələrinə silah satdığını bildirərək, Çinin də Amerika silahları almaq istəyib-istəmədiyi haqqında onun fikrini öyrənməyə çalışıb.

Si Cipinin Donald Trampın təklifinə necə münasibət göstərdiyi barədə məlumat yoxdur. Səfir eyni zamanda Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq naminə ABŞ-ın Tayvana silah satışını məhdudlaşdırmayacağını da sözlərinə əlavə edib. Vaşinqton Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib. Səfirin sözlərindən belə çıxır ki, ABŞ Tayvanla yanaşı Çinə də hərbi texnika satmağa hazırdır.

Səfirin “Fox News” müsahibəsindən sonra “The Wall Street Journal” nəşrində adının çəkilməsini istəməyən rəsmiyə istinadən ABŞ-ın Çinə hərbi texnika satmayacağına dair məqalə yaylmlanıb. Görünür, amerikalı yüksək rütbəli rəsmi nəşrə açıqlama verməklə səfirin sözlərini təkzib etmək məqsədi güdüb. Amerikalı rəsmi ABŞ-ın Çinə hərbi texnika satışının qanunvericilik əsasında qadağan oldunduğunu xatırladıb. Həqiqətən ABŞ Prezidenti Çin liderinə hərbi texnika almağı təklif etsə də, bunu reallaşdırmaq mümkün deyil. Çinin siyasətini tənqid edən Konqres belə bir sövdələşməyə imkan verməz.

“Bloomberg” agentliyinin məlumatına əsasın Si Cinpin Trampın Tayvana dəstəyini azaltmasını, Vaşinqtonin adanın müstəqilliyi əleyhinə açıqlama yayımlamasını istəyib. Donald Tramp Çin liderinin istəyini yerinə yetirməsə də, Tayvan mövzusuna maraq göstərməyib. ABŞ Prezidenti ölkəsinin Tayvana maliyyə yardımını müvəqqəti dayandırsa da, bu mövzuda Konqreslə qarşıdurmada maraqlı deyil. Vaşinqton Tayvanın müstəqilliyini tanımasa və “vahid Çin” prinsipini qəbul etsə də, adanın güc yoluyla Çinə birləşdirilməsinin əleyhinədir. Çin adanı nəzarətə götürmək uğrunda hərbi əməliyyata başlayacağı təqdirdə ABŞ kənarda qala bilməyəcək və Donald Trampla Si Cinpin arasında isti münasibətlərə son qoyulacaq.

Zelenski Trampdan nə xahiş edib?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu Yorkda Ukrayna Prezidenti Vladimir Zelenski görüşüb. Ukrayna Prezidenti müharibənin qışa qədər başa çatdıra bilməsi üçün amerikalı həmkarının səylərini artıracağına ümid etdiyini bildirib. Öz növbəsində Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib. Ağ Ev sahibi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə sülh sazişinin şərtlərin müzakirəsini davam etdirdiyini söyləyib.

Donald Tramp müharibəni başa çatdıracağına əminliyini bir daha ifadə edib. O tərəflərin razılaşmaya yaxın olduqlarını bildirsə də, gələcək sazişin detalları barədə məlumat verməyib. Tramp sadəcə, “hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək” ifadəsini işlədib. ABŞ Prezidenti buna bənzər ifadələri əvvəllər də səsləndirib. Ancaq müharibənin gedişində heç nə dəyişməyib. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşü də nəticə verməyib. Zelenski Trampın “iki ölkə bir-birlərinin yanacaq mərkəzlərinə zərbələr vurmasın” təklifinə bir daha dəstəyini ifadə edib, ancaq Ukrayna Prezidenti Rusiyanın da oxşar qərar verməsinin zəruriliyini xatırladıb. Kreml isə Trampın bu təklifini də qəbul etmək istəmir.

Ukrayna Prezidenti Rusiya lideri ilə üçtərəfli görüşə hazır olduğunu və danışıqlar üçün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İsveçrənin seçilə biləcəyini vurğulayıb. Kreml Kiyevin üçtərəfli görüş təklifinə də müsbət yanaşmır. Rusiya rəsmiləri bunun əvəzinə Ukrayna Prezidenti üçün aşağılayıcı təkliflərini hər dəfə xatırlayırlar: “Ukrayna Prezidentini Moskvada qəbul edə bilərik”. Ukrayna Prezidentinin Moskvaya səfəri Kiyevin Kremlin şərtlərini qəbul etməsi, müharibədə kapitulyasiyaya razı olması deməkdir. Ukrayna Prezidenti heç zaman buna razılaşmaz.

Volodimir Zelenskinin Donald Trampa ünvanladığı bir başqa təklifi də diqqəti çəkib. Zelenski Trampa müharibənin dayandırılması ilə bağlı danışıqlara Çin lideri Si Cinpinin cəlb olunmasını təklif edib. Si Cinpin yaxın günlərdə ABŞ-a səfər edərək Donald Trampla görüşəcək. Zelenski Çin liderinin Rusiya üzərində böyük təsiri olduğu qənaətindədir. Bu isə o deməkdir ki, Pekinin istəyi olarsa Kremli müharibəni dayandırmağa məcbur edə bilər. Ancaq Pekinin belə bir istəyi yoxdur, əksinə müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Bu Pekinin maraqlarına uyğundur. Digər tərəfdən Pekin hesab edir ki, Rusiya-Ukrayna müharibəsi durdurulsa, Vaşinqton diqqətini Çinə yönəldərək, bu ölkəyə təzyiqini artıracaq. Çin hakimiyyəti bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin durdurulması üçün xüsusi canfəşanlıq göstərməyəcək. Təsadüfi deyil ki, Volodimir Zelenski hələ bir neçə gün əvvəlki açıqlamasında Çinin Rusiyanı danışıqlara sövq etmək üçün imkanlarının olduğunu, ancaq Pekinin Ukraynanın tərəfində olmadığı üçün bunu etmədiyini bildirmişdi.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1929484
tr_TRTR