Kategori: Analizler

Qərb Ukrayna ilə bağlı bu ölkəni xəbərdar edib

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Pekini narahat etməyə başlayıb. Pekin Moskva ilə Kiyev arasında dialoqu bərpa etməyə çağırıb. Bu haqda Çinin BMT-dəki təmsilçisinin müavini Day Bin açıqlama verib. Çinli diplomat tərəfləri danışıqlara başlamaq üçün səmimi olmağa çağırıb.

Pekinin narahatlığı anlaşılandır. Çin müharibəyə neytral qaldığını bəyant etsə də, Pekinin Kremllə yaxınlığı Qərbdə ciddi suallar yaradıb. Amerikalı və avropalı diplomatlar çinli həmkarlarını xəbərdar ediblər ki, əgər Pekin Rusiyaya hərbi texnika göndərsə Çinə qarşı sanksiyalar qəbul olunacaq. Pekin Tehrandan fərqli olaraq Rusiyaya hələ ki, hərbi texnika verməyib. Buna baxmayaraq, Moskva Pekindən silah və hərbi texnika istəyib. Pekin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməklə yanaşı Qərblə münasibətləri davam etdirmək istəyir. Ona görə də Pekin Ukraynada müharibənin qısa müddətdə bitməsini və ya danışıqlar yoluyla dayandırılmasını istəyir. Pekin Moskvaya və Kiyevə təkliflərini göndərib. Aydındır ki, tərəflər Pekinin təklifini qəbul etməyəcəklər. Rusiya işğalı rəsmiləşdirməyə çalışır. Ukrayna buna razılaşmayacaq.

Pekini narahat edən məsələlərdən biri də müharibənin atom elektrik stansiyalarına yaxın ərazilərdə davam etməsidir. Çin humanitar böhranın yaranmasından narahatdır. Pekin Ukraynada Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasını tələb edib və bununla bağlı MAQATE-nin təşəbbüslərini dəstəkləyir. Pekin eyni zamanda əvəlkitək Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edir. Pekinin fikrincə, sanksiyalar böhranın daha da dərinləşməsinə şərait yaradır.

Beləliklə, Pekin müharibəyə görə hamını, o cümlədən Rusiyanı da tənqid edib. Bu tənqid Pekinə ona görə lazımdır ki, ABŞ-ın Çinə qarşı siyasəti sərtləşməsin. Buna baxmayaraq, “Wall Street Journal” dərgisində yayımlanan məqalədə, Çinin Rusiya ilə ticarət əlaqələrini artırdığı yazılıb. Bu o deməkdir ki, əslində Çin müharibədən yararlanaraq Rusiya ticarət əlaqərinin artmasından qazanc əldə edir. Çin Rusiya hərbi-sənaye kompleksi ilə də əməkdaşlığı genişləndirib. Bu arada, Rusiyanın Çinin Xarbin şəhərində yeni konsulluğu açılıb.

"Atlas" Araştırma Merkezi

 

 

Putin “böyük iyirmilərin” toplantısına qatılacaqmı?

“Böyük iyirmilərin” (G20) toplantısı martın 1-də Hindistanda olacaq və bir neçə gün çəkəcək. Liderlərdən əvvəl “böyük iyirmilərin” xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Rusiya prezidenti Vladimir Putinin “böyük iyirmilərin” toplantısında iştirakıyla bağlı durum bəlli deyil. Kreml sahibi hələ qərar verməyib.

Vladimir Putin “böyük iyirmilərin” toplantısında iştirak edərsə, iki durumla üzləşəcək. Birincisi, Putin toplantıda iştirak edəcəyi halda bəzi ölkələrin liderləri Hindistandakı toplantıdan imtina edə bilər. Onlar Putinlə eyni masada oturmaq istəməyə bilərlər. İkincisi, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək. Bu iki səbəbdən Putin toplantıya qatılıb-qatılmayacağıyla bağlı hələ qərar verməyib. Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə bununla göstərəcək ki, dünyadan izolə edilməyib və onun əlini sıxmaq istəyən liderlər var.

Bundan əvvəl İndoneziyada “böyük iyirmilərin” toplantısında gərginlik yaşanmışdı. Qərb ölkələri toplantıda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşı sənəd qəbul etməyə çalışdılar. Ancaq “böyük iyirmilərin” Rusiya ilə sıx münasibətləri olan dövlət liderlərinin bir qrupu bunun əleyhinə çıxdılar. Qərb dövlətlərinin liderləri bu dəfəki “böyük iyirmilərin” toplantısında Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər. Çünki bu mənasızdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq.

“Böyük iyirmilərin” Hindistandakı toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq. G20 ölkələrindən başqa toplantıda – Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvət olunub.

"Atlas" Araştırma Merkezi

 

Vaşinqton Pekini Dehli il əvəz etmək istəyir

Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla Hindistan baş nazirinin təhlükəsizlik müşaviri Adcit Dovalla Vaşinqtonda keçirilən görüşündə hərbi əməkdaşlığını genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər super bilgisayarlar və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsini vacib olduğunu bildiriblər. ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri baş nazir Narendra Modi daha əvvəl bu barədə razılığa gəliblər.

“New York Times” qəzetində yayımlanan məqalədə Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyi yazılıb. Həmin dövr geridə qalıb. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyi Çindən Hindistana keçməsinə çalışır. Bu asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur. Digər tərəfdən Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq.

Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistana və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistanda və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər.

ABŞ süni intellektin yaradılması çalışmalarında da Hindistanla əlaqələri genişləndirməyə çalışır. Bundan başqa iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tuturlar. Bu işə Amerikanın məşhur “General Electric” şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarınz tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırki məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər.

Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyni adlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikro çiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir.

"Atlas" Araştırma Merkezi

 

İran Çindən asılıdır

İran prezidenti İbrahim Rəisi Çinə səfər edərək bu ölkənin lideri Si Tsinpinlə görüşüb. Səfər zamanı iki ölkə arasında 20 əməkdaşlıq sazişi imzalanıb. Sazişlər müxtəlif sahələri əhatə edir. Bu sıraya böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyalarından tutmuş kənd təsərrüfatı, səhiyyə, media, idman və mədəni irsin qorunması kimi sahələr aiddir. Yəni elə bir sahə qalmayıb ki, onunla bağlı əməkdaşlıq barədə razılıq olmasın.

Tehran Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. İbrahim Rəisinin Çinə səfəri İran liderlərindən birinin son 20 ildə bu ölkəyə ilk rəsmi səfəridir. Qərbin sanksiyaları İranı Çinlə iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. 2022-ci ildə İrandan Çinə ixracın həcmi 58% artaraq 14 milyard dolları keçib. Çin İran mallarının birinci idxalçısıır. İrana malların ixracatçısı sırasında isə Çin ikinci yerdə qərar tutub.

Beləliklə, İranın Çindən asılılığı artıb. İran neftini ucuz qiymətə Çinə satır. Çünki İranın başqa bazarlara çıxışı məhduddur. Pekin də bundan istifadə edərək İran neftini ucuz qiymətə alır. Pekin eyni ilə sanksiya altında olan Rusiyadan da ucuz qaz alır. Çünki İran kimi Rusiya da öz qazını sanksiyalar ucbatından başqa ölkələrə sata bilmir.

İranla Çin arasında ən böyük saziş 2021-ci ildə imzalanıb. Bu sazişə görə, Çin  25 il müddətində İrana 400 milyard dollar sərmayə qoyacaq. Ancaq Pekin bu vədi yerinə yetirməyə də bilər. Bu İran ətrafında cərəyan edəcək hadisələrdən asılıdır. Misal üçün İsraillə İran arasında savaş başlasa Pekin planlarını dəyişmək məcburiyyətində qalacaq. İranın uranı zənginləşdirmək çalışmaları Qərblə yanaşı Çində də suallara doğurur. Çinin bəzi addımları isə Tehranda suallar yaradır. Misal üçün Çin lideri Si Tsinpin keçən aylarda İranın bölgədəki rəqibi Səudiyyə Ərəbistanına səfər etmişdi. Çin lideri yalnız Səudiyyə kralı ilə deyil, bu ölkədə bir neçə ərəb lideri ilə görüşmüşdü. Çin lideri ərəb ölkələrinə ayrıca səfərdə vaxt itirməmək üçün Səudiyyə Ərəbistanının paytaxtında Çin-ərəb sammiti keçirildi. Ərəb ölkələri Çinlə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin də bunda maraqlıdır.

Tehran Çin-ərəb dövlətləri əməkdaşlığının hansı həddə qədər inkişaf edəcəyindən narahatdır. Buna görə də Pekinin Tehrana əməkdaşlıqla bağlı verdiyi vədlərə və imzalanan memorandumlara baxmayaraq, Çin-İran münasibətlərində gedişat fərqli ola bilər. Tehranın özündə də Çinlə ittifaqın İran üçün təhlükəli ol biləcəyini söyləyənlər var.

"Atlas" Araştırma Merkezi

 

Rusiya yenə Gəncəni seçib?

Moskvada Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir qrup azərbaycanlı deputatla görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirərək maraqlı təklif irəli sürüb: “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”. Yəni Matviyenko demək istəyib ki, “baş konsulluğun açılmasına icazə verin, tərəfdaşlığımız daha da güclənsin”. Bu mümkündürmü?

Sahibə Qafarova Valentina Matviyenkodan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. O da ikitərəfli əlaqələrin yüksək qiymətləndirərək, Rusiyanı Qərblı əvəz etməyə çalışan İrəvanı bu sözlərlə xəbərdar edib: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Kreml bu dəfə Vyaçeslav Volodinin vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərib. Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur.

Buna baxmayaraq, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi ciddi araşdırılmalıdır. Böyük ehtimalla Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir. Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu bizə dərs olub. Ona görə tələsmək lazım deyil. Kreml Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. Bu Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir. Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılmasıyla bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsiylə əlaqləndirmək lazımdır.

"Atlas" Araştırma Merkezi

 

Taliban yaddan çıxmayıb

Moskvada fevralın 8-də Əfqanıstanla qonşu olan ölkələrin yüksək rütbəli rəsmilərin və diplomatların iştirakıyla toplantı keçirilib. Toplantıda Əfqanıstandakı vəziyyət və bu ölkədən bölgəyə mümkün təhlükələr müzakirə olunub. Rusiyanı toplantıda Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev təmsil edib.

Toplantıda çıxış edən Rusiya və İran təmsilçiləri Əfqanıstandakı vəziyyətə görə həmişəki kimi ABŞ-ı tənqid ediblər. Onların məntiqinə görə, 2000-ci illərin əvvəllərində ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi və bu ölkədə qayda-qanun yarada bilməməsi indiki ağır vəziyyətə gətirib çıxardıb. Toplantıda Çin və Hindistan təmsilçiləri rusiyalı və iranlı təmsilçilər kimi Əfqanıstandakı ağır vəziyyətə görə ABŞ-ın tənqid etməyiblər. Pekin və Dehli Moskvanın anti-Qərb siyasətindən məsafə saxlayırlar. Maraqlıdır ki, Əfqanıstana aid toplantıda bu ölkəni nəzarətdə saxlayan Taliban təmsil olunmayıb.

Taliban paytaxt Kabili ələ keçirdikdən sonra beynəlxalq aləmdə legitimliyini bərpa etməyə çalışır. Ancaq nəticə hələ yoxdur. BMT-nin də Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımaq barədə qərarı yoxdur.

Əfqanıstanda təhlükəsizlik problemləri həll olunmayıb. Əfqanıstana qonşu olan Mərkəzi Asiya ölkələrinin, Hindistanın və Pakistanın narahatlığı azalmayıb.  Əfqanıstan iqtisadi və sosial problemlər həll olunmayıb, insan hüquqları sahəsində vəziyyət ağırdır, qadınların haqları pozulur, qadınların işləmək və təhsil almaq imkanları məhduddur. Taliban hərəkatının terrorçu “Al-Kaida” qruplaşmasıyla əlaqələrini kəsdiyinə dair şübhələr qalmaqdadır. Dünya Bankının analizinə görə, Əfqanıstan əhalisinin təxminən 70 faizi zəruri ərzaq məhsullarını ala bilmir. Əhalinin 90 fazininin tibbi xidmətdən istifadə imkanları məhduddur.

Taliban kənardan maliyyə yardımı əldə etməyə çalışır. Əfqanıstanın ABŞ banklarında 9 milyard dollara yaxın vəsaiti dondurulub. Vaşinqton bu maiyyəni Talibana vermək istəmir.

Pakistanın və Hindistanın Əfqanıstanla bağlı maraqları var. Hər iki dövlət Əfqanıstanla bağlı da bir-biri ilə rəqabət aparırlar. Əfqanıstanda başqa silahlı qruplar da mövcuddur. Taliban hakimiyyəti ələ keçirənə qədər Əfqanıstanın Hindistanla pozitiv münasibətləri mövcud idi. Buna baxmayaraq, Hindistan əfqanlara humanitar yardımlar göndərməkdə davam edir. Bu mənada Taliban da Dehli ilə əlaqələrdən imtina etməyib. Taliban rəhbərləri Hindistanın ünvanına kəskin fikirlər səsləndirmirlər. Hindistan Əfqanıstanda müxtəlif iqtisadi və sosial layihələrə 3 milyard dollar xərcləyib. Taliban Dehlinin bu layihələri davam etdirməsini istəyir.

Pakistan da illər uzunu Əfqanıstana maliyyə dəstəyi verib. Taliban bir hərəkat olaraq Pakistan ərazisində yaranıb və möhkəmlənib. Buna baxmayaraq, Talibanın hazırki rəhbərliyi Pakistandan asılı olmaq istəmir, bərabərhüquqlu tərəfdaşlığa çalışırlar. Misal üçün Taliban Hindistanla Pakistan arasında mübahisəyə qarışmır, Kəşmirlə bağlı mövqe bildirmir. Pakistan ordusu və polisi ölkə daxilindəki radikal qruplaşmalarla mübarizə aparır. Taliban rəhbərliyi həmin qruplaşmalarla heç bir əlaqəsinin olmadığını vurğulayır.   Taliban paytaxt Kabili ələ keçirdikdən sonra ABŞ və digər Qərb ölkələriylə də münasibətlərdə gərginlik yaşamır. Qərb Talibanla əlaqə saxlamır.

Taliban Kabili ələ keçirmədən əvvəl Əfqanıstanın keçmiş hökumətlərinin Azərbaycanla sıx əlaqələri var idi. Azərbaycana Əfqanıstana yardım edir, əfqan məmurlarının Bakıda kurslarda iştirakına şərait yaradırdı. Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu əlaqələr kəsilib. Digər tərəfdən Talibanın Azərbaycandan hər hansı istəyi yoxdur.

"Atlas" Araştırma Merkezi

 

Vaşinqton 2025-ci ilə hazırlaşır

ABŞ-ın müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil. Respublikaçı konqresmenlər hazırki prezident Co Baydenin Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirirlər. Onlar düşünürlər ki, Bayden Pekinlə yumşaq davranır. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.

Niyə məhz 2025-ci ildə toqquşma ehtimalı irəli sürülür?

2024-cü ildə ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri düşünür ki, Çin lideri Si Tsinpin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacaq. ABŞ-da prezident kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni prezidenti işə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq.

Çinli ekspertlər müharibə ssenarilərinə Çində nəşr olunan ingilis dilli “Global Times” qəzetindəki yazıları vasitəsilə cavab veriblər. Çinli ekspertlər Vaşintondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlamaq haqqında Vaşintonda səslənən fikirləri qəti şəkildə rədd edib.

Vaşinqtonda və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da nahatlıq artıb. Tokio da nahatdır. Yaponiyanın baş naziri Fumio Kisido NATO baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlıqlarında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını səsləndirib. NATO baş katibi Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.

Fərqli düşünənlər də var. Misal üçün Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Putinin nüvə silahından istifadə edəcəyi halda Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək.

"Atlas" Araştırma Merkezi

 

Şahın oğlunun azərbaycanlılara vədi varmı?

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi yenə fəallaşıb. O Vaşinqtonda İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışır. Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil ediblər. Rza Pəhləvi hakimiyyətə iddia etmədiyini vurğulasa da, İranda keçid hökuməti yaradıb azad və demokratik seçki keçirə biləcəyi qənaətindədir. Yəqin şahın oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.

Rza Pəhləvinin atası da hakimiyyətdə olduğu illərdə yağlı vədlər verir, İranın inkişafını sürətləndirəcəyini bildirirdi. Nəticə bugünkü İrandır. Şahın oğlu düşünür ki, İranda rejimə qarşı mübarizəyə rəhbərlik edə bilər. Məsələ burasındadır ki, İrandakı etiraz xaotikdir, müxtəlif şəhərlərdə küçələrə çıxanların təşkilatı və liderləri yoxdur. Bu mümkün də deyil, rejim etirazı təşkil edən təşkilatı və lideri dərhal məhv edər. Şahın oğlu bu vəziyyətdə hərəkata xaricdən rəhbərlik edəcəyini planlaşdırır. Ancaq kürd qrupları çıxmaq şərtilə İrandakı digər etnik qrupların Pəvləhi sülaləsinə inamı yoxdur. Fars millətçiliyi baxımından Pəhləvi sülaləsinin indiki rejimdən fərqi yoxdur.

Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır. Azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin hakimiyyəti gəldiyi illərdən başlayıb, indikilər davam etdirir. Bu səbəbdən Qərb ölkələrindəki güney azərbaycanlı fəalların Rza Pəhləvi ilə eyni platformada yer alması çətin görünür. Əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökumətinin formalaşdırılması ideyası pis deyil. Ancaq Rza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlılara hansı haqlar verəcəyi mövzularına toxunmur. Vəd verilsə belə yerinə yetirləcəyinə zəmanət yoxdur. İndiki rejim də hakimiyyətə yiyələnə kimi xeyli vəd vermişdi, islamçılar vədlərini unutmaqla yanaşı şahın devrilməsində rol oynayanları qısa zamanda neytrallaşdırdılar. Ona görə də haqları uğrunda mübarizə aparan azərbaycanlılar indiki rejimdən narazı olduqları kimi şahın Amerikadakı oğlunun arxasınca getməyə də üstünlük verməyəcəklər. Güneyli fəallar rejimə qarşı mübarizədə optimal yol axtarışındadırlar.

"Atlas" Araştırma Merkezi

 

Himalay dağlarında yeni gərginlik gözlənilir

Qərb mətbuatında beynəlxalq aləmə 2023-cü ildə problem yaradacaq münaqişələr barədə məqalələrin sayı artıb. Bu münaqişələrdən biri kimi Çin-Hindistan sərhədində gərginliyin artacağı da göstərilib. Müxtəlif illərdə Çin-Hindistan sərhədində toqquşmalar olub. Bu toqquşmalar sırasında hər iki tərəf itki veriblər. Sərhədin dağlıq hissəsi ən gərgin bölgələrdəndir.

Hindistanda hesab edirlər ki, iki ölkə sərhədçiləri arasında Himalay bölgəsində yenidən toqquşma ehtimalı var. Çin sərhədin bu hissəsində hərbi varlığını gücləndirir, sərhədə dağ yolları inşa edir. Hindistanda hazırlanan hesabatlarda toqquşmaların intensivləşəcəyi proqnozlaşdırılır.

Bu toqquşmalar zamanı Çin hərbçilərin irəliləyə biləcəyi vurğulanıb. Çin sərhədin dağlıq hissəsini Hindistanın içərilərinə doğru çəkməyə çalışır. Sərhədin dağlıq hissəsələri bufer bölgə sayılır.

Çin-Hindistan sərhədinin uzunluğu 3 min 500 kilometrə yaxındır. Sərhədin dağlıq hissəsindəki mübahisə 1950-ci illərdən davam edir. 2020-ci ilin yay aylarında toqquşma zamanı 24 hərbçi həlak olub. Gərginliyin artmaması üçün hər iki ölkənin hərbçiləri və diplomatları şifahi razılıq əldə ediblər. Ancaq şifahi razılaşma müvəqqətidir. Təsadüfi deyil ki, iki il sonra sərhəddə yeni toqquşma baş verib. Doğrudur, bu zaman tərəflər itki verməyiblər, ancaq münaqişənin gələcək illərdə davam edəcəyi qorxusu var.

Maraqlıdır ki, Çin və Hindistan müxtəlif platformalarda əməkdaşlıq edirlər. Misal üçün Çin və Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvləridirlər. Buna baxmayaraq, Hindistanda min nəfər arasında aparılan sorğu zamanı 43 faiz hindlinin ölkələri üçün Çini ən böyük təhlükə kimi qiymətləndiriblər.

"Atlas" Araştırma Merkezi

 

Bakı İrəvana hansı təklifləri göndərib?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər etdiyi Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır. Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi. Həmin təklifləri xatırlayaq:

  1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2.Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3.Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

  1. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakının göndərdiyi yeni təkliflər də böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb.Bu təkiflərə kiçik əlavələrin olunması istisna deyil. Bu əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib. Ötən il İrəvan bu təkiflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan ordusu strateji yüksəklikləri ələ keçirməklə mövqelərini gücləndirdi. Ermənistan hakimiyyətinə yeni bir şans verilir. Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkiflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. “Qarabağ klanı”nın timsalında Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Nikol Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1399569
tr_TRTR