Gün: İyul 10, 2025

ASEAN ölkələrini nə narahat edir?

ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən konfransında əsas müzakirə mövzusu ABŞ Prezidenti Donald Trampın tarif siyasəti olub. Vaşinqtonun idxal məhsullarına tarifləri artırması əsas gəlirləri ticarət olan Cənub-Şərqi Asiya ölkələrini ciddi narahat edir. ASEAN ölkələrindən yalnız Vyetnam ABŞ-la ticarət sazişi imzalamağa müvəffəq olub. ASEAN ölkələrini Çinin Cənub-Çin dənizindəki adalara iddiası da narahat edir və bu mövzu da Kuala-Lumpurda müzakirə olunub.

Malayziyanın baş naziri Ənvər İbrahim konfrans iştirakçılarına müraciətində qlobal ticarətin döyüş meydanına çevrildiyini təəssüflə bildirib: “Dünya yeni dövrə daxil olub. Bu dövrdə güc və təzyiq ticarət qaydalarını üstələyib. İnkişafa xidmət etməli olan ticarət təzyiq vasitəsinə çevrilib”. Ənvər İbrahimin həyəcan təbili çalması üçün ciddi əsası var. Məsələ burasındadır ki, 10 ölkəni əhatə edən ASEAN üzvlərinin inkişafı dünya ticarətindən  birbaşa asılıdır. Avqustuin 1-dən isə ABŞ tariflərə maksimal qiymətlər tətbiq edəcək. ASEAN ölkələrinin isə əsas ticarəti isə məhz ABŞ-ladır. Bu səbəbdən Malayziyanın baş naziri ASEAN ölkələrini deklarativ deyil, həqiqi birlik nümayiş etməyə çağırıb. O birliyin nümayişi kimi ASEAN ölkələri arasında ticarətin artırılmasını, regional inteqrasiyanı sürətləndirməyi və bununla bölgədən kənar ölkələrdən asılılığı azaltmağı təklif edib.

Malayziyanın baş nazirinin təklifləri müsbət qiymətləndirilsə də, bunları reallaşdırmaq asan deyil. Çünki, ASEAN ölkələri uzun onilliklərdir ticarəti məhz bölgədən kənar istiqamətlərə yönəldiblər. Bunu qısa müddətdə dəyişdirmək çətin olacaq. Bu ilin sonunda ASEAN-ABŞ sammiti keçirilməlidir. ASEAN ölkələri həmin sammitdə ABŞ Prezidenti ilə razılığa ümid edirlər. Buna baxmayaraq, Ağ Ev sahibi Donald Tramp ASEAN ölkələrinə qarşı müxtəlif yüksək tariflər tətbiqi barədə qərar verib.

ASEAN ölkələri ABŞ-la yanaşı Çinlə ticarət aparsalar da, Pekinin ambisiyalarından narahatlıq keçirirlər. Çin hərbi donanması Cənubi-Çin dənizində ildən-ilə fəallığını artırır. Çin mübahisəli adalarda böyük və kiçik hərbi bazalar yaradır. Çin dənizlərdə süni adalar da yaradır. Çin bu siyasəti apararkən, ASEAN ölkələrinin narahatlığını nəzərə almır.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1404447
azAZ