Gün: May 19, 2026

İran ittifaqlardan çəkinmir

ABŞ-la İran arasında danışıqlar əvvəlkitək Pakistan vasitəsilə həyata keçirilir. ABŞ və İran rəsmilərinin İslamabadda birinc görüşü nəticə vermədi. Pakistan höküməti ikinci görüşü də İslamabadda təşkil etməyə çalışarkən, ABŞ və İran tərəfi bir araya gəlmədilər. Buna baxmayaraq, ABŞ və İran Pakistan üzərindən yazışmaları davam etdirir, bir-birlərinə təkliflər göndərirlər. Ancaq bu təkliflər bir-birlərinə zidd olduğundan razılıq əldə etmək mümkün deyil.

Bu arada, Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə  sistemi yerləşdirib. İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd “JF-17 Thunder” qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan “HQ-9” HHM sistemi göndərib.
“Reuters” agentliyinin məlumatına görə, bütün hərbi texnikaya Pakistan hərbçiləri xidmət göstərir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir.
Agentliyin məlumatında bildirilib ki, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir.

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalamışdılar. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyırdı. Müqavilənin əsas bəndi belədir: “İki ölkədən birinə qarşı hər hansı təcavüz hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək”.

Buna baxmayaraq, İran ABŞ-la müharibə zamanı Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirərəkən, Ər-Riyadın İslamabadla strateji müttəfiqliyini nəzərə almadı. Pakistan rəsmiləri İranın Səudiyyə Ərəbistanına raket və dron zərbələrini pisləyən açıqlamalar versələr də, İslamabad Ər-Riyadla imzalanan müqavilə gərəyi İrana qarşı hərbi həmlələr həyata keçirmədi. Bunun əsas səbəbi Səudiyyə Ərəbistanın özünün də İrana əks-zərbələr endirməməsiydi. Səudiyyə Ərəbistanı hücuma məruz qalan digər Körfəz ölkələri kimi ehtiyatlı mövqedən çıxış etdi. Səudiyyə Ərəbistanı krallığı sadəcə martin 18-də İranın hücumuna məruz qalan bölgə ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasını keçirdi. Tolantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak etmişdi. Rəmi Bakı digərləri kimi hesab edirdi ki, İranın təhdidlərinə qarşı kollektiv etiraz sərgilənməlidir. Ər-Riyaddakı toplantının məqsədi İrandakı rejimin qonşu ölkələrə zərbələrini durdurmasıydı, Ancaq Tehran bu toplantıya əhəmiyyət vermədi və Körfəz ölkələrinə zərbələrini azaltmadı. ABŞ yenə İrana qarşı müharibəyə başlayarsa, İrandakı rejim yenidən Körfəz ölkələrinə zərbələr endirəcək və bu zaman Tehran Pakistanın Səudiyyə Ərəbistanı ilə ittifaqını yenə də nəzərə alınmayacaq. Ona görə də İslamabad hər vəchlə bölgədə yenidən müharibənin qarşısını almağa çalışır ki, çətin seçim qarşısında qalmasın.

Rusiya Çindən asılı vəziyyətə düşüb

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Kreml sahibi səfərdən bir gün əvvəl videomüraciət formasında açıqlama verərək iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf etdiyinə görə, Rusiya Prezidenti açıqlamasında zəruri əlavəsini də unutmayıb: “Rusiya-Çin dostluq münasibətləri hər hansı bir ölkəyə qarşı yönəlməyib”. Rusiya Prezidenti, iki ölkə arasında iqtisadi əməkdaşlığı ön plana çəkərək ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdyini və hesablaşmaların rubl və yuanla həyata keçirildiyini xatırladıb.

Vladimir Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla bir-birinin əsas maraqlarına dəstək üzərində qurulduğunu vurğulayıb. Putin Rusiya ilə Çin arasındakı sıx əlaqələrin strateji xarakter daşıdığı qənaətindədir. Onun fikrincə, belə bir tandem qlobal miqyasda sabitləşdirici rol oynayır.

Rusiya-Çin münasibətlərindəki real vəziyyət Putinin söylədiyi kimi deyil. Bu münasibətlər getdikcə birtərəfli xarakter alıb. Rusiya 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropaya sata bilmədiyi neft və qazın böyük həcmini Çinə istiqamətləndirib. Rusiya 2024-cü ildə Çinə təxminən 129 milyard dollar dəyərində mal göndərib – bunların böyük əksəriyyəti xam neft, kömür və təbii qazdan ibarət olub. Ümumilikdə müharibə başladıqdan bu yana Çin Rusiyadan 372 milyard dollar həcmində neft və təbii qaz və digər qanacaq məhsulları alıb. Bunun qarşılığında Rusiya Çinə böyük endirimlərə getmək məcburiyyətində qalıb.

Beləliklə, Rusiya Çindən əldə etdiyi maliyyə hesabına Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək imkanı qazanıb. Ona görə Qərb ölkələrində belə bir rəy var ki, Pekin Moskvaya təsir etsə, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Pekinin Rusiya hakimiyyətinin siyasətinə təsir etmək fikri yoxdur. Əksinə, Çin qonşusuna hərbi sahədə də yardımlarını əsirgəmir.

Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da, qonşusuna milyardlarla dollar dəyərində ikili təyinatlı mallar – hərbi tətbiqi olan mülki məhsullar və texnologiyalar tədarük edib. Bunlar Rusiyanın müdafiə sənayesinin davamlılığına kömək edib. Rusiya həm Çin bazarından, həm də texnologiyalarından asılı vəziyyətə düşüb. Bu ona görə baş verib ki, ABŞ, Avropa Birliyi ölkələri və Böyük Britaniya yarımkeçiricilərin, mikroelektronikanın, dəqiq dəzgahların və silah istehsalı üçün vacib olan digər ikili təyinatlı malların Rusiyaya ixracını qadağan ediblər. Bu isə Rusiyada sənayesində kəskin çatışmazlıqlar yaradıb. “Bloomberg” agentliyinin məlumatına görə, Çin texnologiyası Rusiyaya raketlər, dronlar və digər silahlar istehsalını davam etdirməyə və hətta genişləndirməyə imkan verib və müharibə iqtisadiyyatını işlək vəziyyətdə saxlayıb.

Müharibə bitdikdən sonra Rusiyanın Çindən asılılığı azalmayacaq. Pekinin Moskva üzərindəki təsiri qarşıdakı illərdə daha da artacaq. Bu Çinin maraqlarına uyğundur. Çinin Rusiya-Ukrayna müharibəsində birincinin məğlubiyyətində maraqlı olmamasının başqa səbəbi də var və bu səbəbi Çinin xarici işlər naziri Van İ bir neçə ay əvvəl Brüsseldəki görüşlərində açıq səsləndirmişdi: “Rusiya müharibədə məğlub olarsa, ABŞ Çini hədəf götürəcək”. Yəni Van İ demək istəyib ki, nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, ABŞ Çinin artan gücünün qarşısını ala bilməyəcək. Pekin eyni səbəbdən İrandakı rejimin də ABŞ qarşısında məğlub olmasını istəmir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1387634
azAZ