“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi nümayəndə heyətinin Pekinə son səfəri zamanı “Sibirin gücü – 2” qaz kəmərinin tikintisi ilə bağlı razılığın əldə olunmamasına diqqəti çəkib. Pekin üçün bu boru kəməri ilə qazın qiymətini müəyyənləşdirmək əsas şərtdir. Pekin Rusiyadan ucuz qaz almaq istəyir. Bu baş verməyincə, qaz kəmərinin tikintisi baş tutmayacaq. Avropaya qaz sata bilməyən Rusiya üçün isə bu boru xəttini işə salmaq həyati əhəmiyyətlidir. Nəşrin yazdığına görə, Çin qazı Rusiyanın daxili qiymətləri ilə və ya min kubmetr üçün təxminən 50 dollarla almağa hazırdır.
Rusiya tərəfinin 2025-ci ilin payızında müzakirə etdiyi qaz kəməri ilə bağlı hüquqi cəhətdən Pekinlə memorandumun imzalanması boru xəttinin tikintisinə heç bir zəmanət vermir. Çin Avropanın siyasətinə üstünlük verərək qaz nəqlində tək bir təchizatçıdan asılı olmaq istəmir. Çin mayeləşdirilmiş təbii qaz tədarükünü müxtəlif istiqamətlərdən əldə etməyə üstünlük verir.
Buna baxmayaraq, Kreml hədəfinə çatmağa çalışır. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Çin arasında “Sibirin gücü – 2” tikinti müqaviləsi üzrə danışıqların korporativ səviyyədə davam etdiyini açıqlayıb. Peskov daha əvvəlki açıqlamasında boru xətti ilə bağlı guya əsas detallar barədə razılığa gəlindiyini söyləmişdi. Rusiya baş nazirinin müavini və enerji sahəsinə cavabdeh olan Aleksandr Novak da bildirib ki, “Sibirin gücü – 2” müqaviləsinin təsdiq prosesinin son mərhələsindədir, lakin sənədlərin texniki təkmilləşdirilməsi davam edir. Halbuki, Pekin boru xəttinin tikintisi ilə bağlı razılıq verməyib. Pekin rusiyalı rəsmilərin açıqlamalarına reaksiya verməyib. Bu o deməkdir ki, Çin rəsmiləri rusiyalı həmkarlarının açıqlamarını təsdiq etmirlər.
Kremlin “Sibirin gücü – 2” layihəsini reallaşdırmağa çalışması Rusiyanın Ukrayna müharibəsi fonunda Çindən necə asılı vəziyyətə düşdüyünün təsdiqidir. Pekin də bu asılılıqdan öz məqsədləri üçün istifadə edir. Qərbdə hətta belə rəy var ki, Çin Rusiyanın daha çox zəifləməsində marağı var. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsi Çinin maraqlarına cavab verir.
Bu arada, Çin Rusiya neft və qazından asılı olmamaq üçün diqqətini Mərkəzi Asiyanın resurslarına yönəldib. Ancaq bundan əvvəl Çin Mərkəzi Asiya ölkələrinə böyük yatırımlar həyata keçirib. Tək elə Qırğızıstana Çin 2 milyard dollardan çox yatırım qoyub. Əsas investisiyalar infrastruktura yönəldilib. Qırğızıstanın istehsal sektorunda Çin şirkətləri sement və metallurgiya sənayesində dominantlıq edir. Çin Qırğızıstanın yolların moderləşdirilməsinə, su elektrik stansiyalarının tikintinə və mədən sektoruna yüz milyonlarla dollar yatırım qoyub. Bunlar güzəştli kreditlər olsa da, Mərkəzi Asiya ölkələri getdikcə daha çox borclanırlar və nəticədə Çin bu dövlətlərin enerji resurslarında böyük pay sahibinə çevrilir. Pekinin enerjiyə çıxış imkanı şaxələndiyindən Rusiyanın böyük meqa layihələrinə ehtiyatla yanaşır.