Kateqoriya: Hesabatlar

Geri qaytarılan əfranların məşəqətləri davam edir

Pakistanla Əfqanıstan arasında növbəti hərbi qarşıdurmadan sonra Rusiya vasitəçilik təşəbbüsü ilə çıxış edib. Moskvada Talibanla Pakistan nümayəndələri arasında görüş keçirilib. Görüşdə Çin, Hindistan, İran və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri də iştirak ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov ayrıca Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Moskva Taliban hökumətini 2025-ci ildə tanıyıb.

Moskvanın vasitəçiliyinə baxmayaraq, Əfqanıstanla Pakistan arasında sülhə nail olmaq çətindir. Birincisi, bu iki ölkə arasında sərhəd müəyyənləşməyib və bu mövzuda tərəflər arasında danışıqlar aparılmır. İkincisi, İslamabad Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların Pakistana hücumlarda iştirak etdiyi qənaətindədir. Bunun özü də iki ölkə arasında sərhədin müəyyənləşməməsindən irəli gəlir.

Bu arada, Pakistan ölkədəki əfqanların deportasiyasını davam etdirir. Bu prosesdə İran da iştirak edir. Halbuki, Pakistan və İran 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana hücumundan bəri ardıcıl münaqişə mərhələlərində Əfqan əhalisinə ev sahibliyi edib. Pakistanın və İranın mövqeləri ondan ibarətdir ki, onilliklərdir əfqanlara ev sahibliyi ediblər, xeyli humanitar dəstək veriblər və hazırda qanuni təhlükəsizlik və immiqrasiya narahatlıqlarına malikdirlər. BMT-nin məlumatlarına əsasən 2026-cı ildə İran və Pakistandan Əfqanıstana bir milyondan çox əfqan qaytarılıb. 2025-ci ildə isə Əfqanıstana 2,9 milyon nəfərin qayıdışı qeydə alınıb. Əfqanların deportasiyası Əfqanıstanın ağır iqtisadi və sosial durumunu daha da ağırlaşdırıb. Qayıdanlar ev və işlə təmin olunmurlar. Deportasiya olunanların bir qismi heç Əfqanıstanda doğulmayıb. Onlar Pakistan və İranda həyat qurublar, iş yeriləri yaradıblar. İndi bunların hamısından məhrumdurlar.

Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından və beynəlxalq səviyyədə dəstəklənən Əfqanıstan hökumətinin süqutundan sonra milyonlarla insanı qəbul etməyə başlayıb. İslamabadın ilkin mərhələdə mövqeyi beləydi ki, sənədləri olmayan Əfqanıstan vətəndaşlarının Pakistanda qeyri-müəyyən müddətə qalmaq hüququ yoxdur. Bununla yanaşı İslamabad əfqanların 2025-ci ilin aprelinə qədər Pakistanı tərk etməsi vacibliyini açıqlamışdı. Nəticədə əfqanların Pakistanı tərk etməkdən başqa seçimi qalmayıb. Əfqanlar Əfqanıstanın dağıdıcı zəlzələdən zərər çəkmiş ərazilərinə qayıdırlar və bu da böhran içində böhran kimi təsvir edilən bir vəziyyət yaradır. Geri qayıdanların beynəlxalq təşkilatların maliyyə və sosial dəstəyə ehtiyacları var. Ancaq heç bir beynəlxalq təşkilat geri qayıdan milyonlarla əfqanın ərzaq və digər problemlərini həll etmək iqtidarında deyil. Məsələnin qəlizləşdirən bir çox dövlətin və beynəlxalq təşkilatın Talibanla təmaslarının olmamasıdır. Geri qaydan qadınların durumu daha mürəkkəbdir. Geri qayıdan əfqan qadınlar Talibanın qızlar üçün təhsil, məşğulluq, hərəkət və ictimai həyatda iştirakla bağlı geniş məhdudiyyətləriylə üzləşiblər. Əfqanıstanın keçmiş hökumət rəsmiləri, təhlükəsizlik işçiləri, jurnalistlər, fəallar və vətəndaş cəmiyyəti işçiləri də ciddi müdafiə problemləri ilə üzləşiblər.

Ticarət müharibəsi müvəqqəti dayandırılıb

Dünya mediası Çi lideri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfərinin və Prezident Donald Trampla müzakirələrinin yekunlarını analiz edən məqallələr yayımlayır. Ümumi mənzərə belədir: Si Cinpin Vaşinqtonda yüksək səviyyədə qarşılandı, ABŞ Prezidenti Donald Tramp qonağını hava limanında qarşıladı ki, bu ölkə tarixində qeyri-adi hadisədir. ABŞ-a səfər edən rəsmilər adətən Prezident tərəfindən Ağ Evin qapısında qarşılanır. Tramp Si Cinpin üçün istisna qarşılanmaya qərar verdi. Bununla Tramp Çin liderinin şəxsinə hörmətini nümayiş etdirdi.

İki ölkənin lideri bir-birinin ünvanına tərifllər söyləslər də, səfər zamanı fikir ayrılığı yaradan mövzularla bağlı razılaşma əldə olunmayıb. ABŞ Tayvana hərbi texnika satmaq siyasətindən imtina etmək fikrində deyil, bu Donald Trampın  səlahiyyətində də deyil. Tayvanın silahlandırılması məsələsində son söz Konqrensə mənsubdir. ABŞ qanunvericilərinin əksəriyyəti isə Çinin siyasətinə tənqidi yanaşır və Tayvana hərbi dəstəyin davam etdirilməsi qənaətindədir. Tramp sadəcə, Tayvana hərbi texnika satışını müvəqqəti dayandıra bilər. Bunun qarşılığında Pekin Vaşinqtonun istəyi əsasında İrana dəstəkdən imtina etməyəcək. Təsadüfi deyil ki, Vaşinqtonda İranla bağlı şifahi razılaşma əldə olunmayıb. Si Cinpin sadəcə onu deyib ki, o müharibənin əleyhinədir və ABŞ-la İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

Donald Tramp Çinə yüksək gömrük vergilərinin tətbiqini müvəqqəti dondurub. Ancaq bu məsələ də hələ həll olunmayıb. Si Cinpin azad ticarətin tərəfindədir. Donald Tramp isə hesab edir ki, Çinlə ABŞ arasında ixdal ixrac əməliyyatlarından əmələ gələn gəlir bərabərləşməlidir. Çin Amerikaya daha çox məhsul satdığından gəlirlərin bərabərləşməsi çətindir. 2004-cü ildə Çinin istehsal həcmi ABŞ-ınkının yarısı qədər idi; iyirmi il sonra isə bu rəqəm ikiqat artıb. Bu, məqsədyönlü və davamlı siyasətin nəticəsidir. Ümumilikdə Çinin ticarət profisiti 1,2 trilyon dollara çatıb ki, bu da tarixdə hər hansı bir ölkə tərəfindən qeydə alınan ən böyük göstəricidir.

Vaşinqtonla Pekin arasında ticarətin necə aparılmasıyla bağlı razılaşma əldə edilməyənə görə də, Pekin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Çinin bu qərarı ABŞ-la yanaşı qonşu və Avropa ölkələrinə də aiddir. Bu ölkələr Çinin nadir torpaq elementlərinin ixracının məhdudlaşdırılmasını Pekinin təzyiqi kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, sentyabrın əvvəlində ABŞ-ın ev sahibliyi etdiyi “Böyük iyirmilərin” maliyyə nazirlərinini görüşündə Çinin kritik iqtisadi və geosiyasi məsələlərdəki tərəddüdləri səbəbindən birgə bəyanat barədə razılıq əldə olunmayıb. Bu arada, Çin istehsalı olan elektrikli avtomobillərə qarşı hazırda qurulan tarif səddi, demək olar ki, heç bir digər məsələdə həmfikir olmayan siyasi sistemləri və iqtisadi modelləri əhatə edir. ABŞ, İndoneziya, Hindistan və digər dövlətlər Çin istehsalı olan elektrik avtomobillər yüksək tariflər tətbiq edirlər.

Böyük Britaniya Hind-Sakit Okean bölgəsinə diqqəti artırıb

Ötən ilin oktyabr ayında Hindistanla Böyük Britaniya müdafiə sazişi imzalanmışdı. Bu hər iki ölkənin strateji əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm hesab edilirdi. Bu saziş, hərbi əməkdaşlığın genişləndirilməsi və müdafiə sahəsində texnoloji mübadilənin artırılmasına yönəlmişdi.

Sazişə görə, Böyük Britaniya Hindistana LMM (Lightweight Multirole Missiles) 350 milyon funt sterlinq (təxminən 468 milyon ABŞ dolları) dəyərində raketləri tədarük etməli idi. Raketlər, Böyük Britaniyada Thales tərəfindən istehsal olunacaq. Ekspertlər bir il əvvəl imzalanan sazişi Böyük Britaniyanın müdafiə sənayesi üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdilər. Bu Böyük Britaniyada yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın canlanmasına səbəb olacaq. Hindistan isə bu raketləri əldə etməklə, öz hərbi arsenalını müasirləşdirəcək və regional təhlükəsizlikdə daha aktiv rol oynaya biləcək.

Sazişin imzalanmasında təxminən bir ay sonra Hindistan və Böyük Britaniya “Ajeya Warrior-2025” adlı birgə antiterror təlimlər keçirdilər. Təlimlərdə hər iki ölkədən 240 hərbi qulluqçu iştirak edirdi. 2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilən “Ajeya Warrior” manevrləri Hindistan və Böyük Britaniya ordularının strateji müdafiə əməkdaşlığı çərçivəsində genişmiqyaslı qarşılıqlı fəaliyyətinin mühüm elementi hesab olunur.

Hindistan-Böyük Britaniya hərbi əməkdaşlığı bu il də davam edib. Hindistan Hərbi Dəniz Qüvvələrinin dörd eniş platforması üçün inteqrasiya olunmuş tam elektrik mühərrikinin hazırlanması və daxil edilməsi üzrə hökumətlərarası saziş üzərində iş gedir. Hindistan və Birləşmiş Krallıq Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmilərində elektrik mühərriklərinin tətbiqi və Marlet yüngül çoxməqsədli raketlərinin (LMM) istehsalı üçün iki hökumətlərarası müqavilə (IGA) imzalamağa yaxındırlar. Bunlar uzunmüddətli müdafiə sənayesi əməkdaşlığının qurulması və ikitərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində həlledici addımlardır. Eyni zamanda, Birləşmiş Krallıq daha bir meqa-müqavilə – Hindistanın beşinci nəsil qırıcısı olan qabaqcıl orta döyüş təyyarəsini (AMCA) hərəkətə gətirmək üçün reaktiv mühərrikin dizaynı və inkişafı üçün də öz təklifini irəli sürdü.

Böyük Britaniya Hindistanı Hind-Sakit okean bölgəsindəki ən vacib tərəfdaş kimi qiymətləndirir. Hər iki dövlətin üst-üstə düşən narahatlıqlar və maraqlar var. Bundan başqa iki ölkə arasında 15 iyul 2026-cı ildə qüvvəyə minən ikitərəfli Azad Ticarət Sazişinin imzalanması tərəfdaşlığı gücləndirəcək.

BRİCS-də fikir ayrılıqları ortadan qaldırılmayıb

Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlər BRİCS üzvləri olan Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev yiyəsi – Hindistan olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanı hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olmasını etiraf edib.

Rusiya Ukraynaya qarşı işğalı müharibə aparır. Belə olan halda BRİCS üzvlərinin Rusiyanın mövqeyini müdafiə edən bəndin bəyannaməyə dəstək vermələri mümkün deyildi. İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki, Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkəsidir. BRİCS-də qəribə vəziyyət yaranıb, qurumun bir üzvü (İran) digər üzvünün (Birləşmiş Ərəb Əmirlikləri) ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb.

Buna baxmayaraq, BRİCS üzvləri digər məsələlərdə konsesusa nail olublar. Bəyannamədə BRICS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğuna inandıqları birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər. BRİCS üzvləri malların sabit axınını təmin etmək, qlobal təchizat zəncirlərini qorumaq və fasiləsiz enerji təchizatını təmin etmək üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Üzv ölkələr həmçinin qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinin genişləndirilməsi üzərində işləməyə davam etmək niyyətlərini bəyan ediblər.

Bəyannamədə beynəlxalq təhlükəsizliyə həsr olunan bəndlər də yer alıb. BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə ediblər. Bundan başqa bəyannamədə nüvə təhdidlərilə bağlı risklərlə bağlı narahatlıqlarını bildiriblər. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahıyla təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər.

BRİCS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində fikir birliyinə varıblar. Üzv dövlətlər bəyannamədə Yaxın Şərqdə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və diplomatiya yolu ilə səyləri dəstəklədiklərini vurğulayıblar. Bu mənada BRİCS üzvləri İsrail-Fələstin qarşıdurmasının BMT bəyannamələri əsasında “iki dövlət üçün iki xalq” prinsipi ilə həllində tərəfdar olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var. Bu bəndlərin birində üzvlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd etdiklərini vurğulayıblar. İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəliyi xatırladılıb. Bəyannamənnin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib: “Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”. İsrailin hərbi qüvvələri Suriyanın cənubundakı əraziləri işğal edib və həmin əraziləri tərk etmək planları yoxdur. BRİCS üzvləri yekun bəyannamədə uzaq Kubanı da umutmayıblar. BRICS liderləri ABŞ-ın adını çəkmədən bu dövlətin Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsi və bunun ölkə iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsiri ilə bağlı dərin narahatlıqlarını bildiriblər.

Yeni Dehlidə BRİCS + sammiti də keçirilib. Bu sammit Hİndistan üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki, Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika, Asiya dövlətləriylə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRICS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRICS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir.

Buna baxmayaraq, Yeni Dehlidə keçirilən sammit də göstərdi ki, BRİCS üzvləri arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmayıb. BRİCS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır.

Silah bazarı uğrunda rəqabət genişlənib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, qlobal silah ixaracatında Amerika Birləşmiş Ştatları 42% faizlə birinci yerdə qərar tutub. Fransa 9,8 fazilə qlobal silah ixracı reytinqində ikinci yerdədir. Son illərə qədər ikinci sırada qərar tutan Rusiya isə 6,8% nəticə ilə üçüncü yerə düşüb.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra hərbi texnika ixracını azaltmaq məcburiyyətində qalıb. Bunun iki səbəbi var. Birincisi, müharibəyə görə, Rusiyanın daha çox hərbi texnikaya ehtiyacı var. Rusiya keçmiş illərdə ixraca istiqamətləndirdiyi silah və hərbi texnikanı Ukrayna ilə səbhə xəttinə göndərir. İkincisi, müharibə göstərib ki, Rusiya hərbi texnikası keyfiyyət baxımından yüksək səviyyədə deyil. Rusiyanın düşdüyü bu vəziyyətdən ilk istifadə edən ölkə Fransa olub. Fransa 64 ölkəyə, əsasən də Misir, Yunanıstan və Hindistana silah və hərbi texnika ixracını genişləndirib. Bu 3 ölkə Fransanı silah ixracının əsas hissəsini təşkil edir. Fransa 2025-ci ildə 21 milyard dollar dollar civarında sifariş alıb. Fransa Rafale təyyarələri yanaşı Hindistana aviodaşıyıcılar, İndoneziyaya Scorpene, Mərakeşə isə Caracal helikopterləri satacaq.

Rusiya Ukraynaya müharibəsinə görə Avropa ölkələri hərbi xərcləri artırıblar. Fürsətdən istifadə edən Fransanın Avropa ölkələrinə ixracı yüz dəfələrlə artıb. Buna baxmayaraq, Fransa silah və hərbi texnika ixracının 80 faizi Avropa ölkələrindən kənara yönəlib. Fransanın əsas hərbi texnika ixracı Rafale təyyarəsiylə bağlıdır. Fransa hərbi texnika ixracıyla yanaşı həmin hərbi texnikaya qulluq, gərəkli infrastrukturun yaradılması və təhcizatıyla bağlı da sazişlər imzalayır. Bu həmin ölkələri Fransaya daha çox bağlayır. Fransa Hindistanla hərbi əməkdaşlığı məhz bu əsasda formalaşdırıb. Halbuki, Hindistanın keçmiş illərdə əsas hərbi texnika təhçizatçısı Rusiya idi. Fransa müdafiə sənyesində 240 min işçi çalışır. Ona görə də Fransa uzunmüddətli sazişlərə ehtiyac duyur.

Fransanın silah bazarında əsas rəqibi Amerika Birləşmiş Ştatlarıdır. Fransanın artan istehsalına baxmayaraq, Avropa silah və hərbi texnika bazarının təxminən yarısı ABŞ istehsalına məxsusdur. ABŞ-ın hərbi texnika ixracı Fransa, Rusiya, Almaniya və Çinin birgə ixracından böyükdür.

Misir ABŞ-a, yoxsa Çinə üstünlük verir?

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkək sammitində iştirakdan sonra Misirə üç günlük səfər edib. Si Cinpin adətən xarici ölkə liderləriylə Pekində görüşməyə üstünlük verir. Si Cinpin Yaxın Şərqə – Səudiyyə Ərəbistanına sonuncu dəfər 4 il əvvəl səfər edib. Si Cinpin bu il yalnız Şimali Koreyaya səfər edib. Bu Si Cinpinin 7 ildən sonra qonşu Şimali Koreyaya ilk səfəri olub. Si Cinpin Misirə isə sonuncu dəfə 10 il əvvəl səfər edib. Halbuki, Misir Prezidenti son illərdə Çinə bir neçə dəfə səfər edib.

Si Cinpinin Misirə səfərini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70 illiyinə həsr olunub. Ancaq aydındır ki, bu səfərin əsas məqsədlərindən biri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini sürətləndirməkdir. Çin Misirlə ticarət əlaqələrini genişləndirməklə yanaşı bu ölkəyə yatırımlarının həsmini artırmağı planlaşdırır. Hörmüz boğazı ətrafında davam edən gərginlik Pekinin diqqətini Misirin nəzarət etdiyi Süveyş kanalına yönəldib.  Misirin BRİKS üzvlüyünə qəbulunda Çinin əhəmiyyətli rolu olub.

Çin liderinin Misirə səfəri ABŞ-da diqqətlə izlənilib. Çünki, ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, Si Cinpinin ABŞ-a müttəfiq olan ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanına və Misirə səfəri Vaşinqtonun bölgəyə təsirinin azaldılmasına yönəlib. Çin isə Yaxın Şərqdə mövqelərini möhkəmlətməyə çalışır. Çinin Misirlə 2025-ci ildə ticarətinin həcmi 20 milyard dollar olub. Halbuki, eyni ildə Misirlə ABŞ arasında ticarətin həcmi 16 milyard dollara yaxın olub. Bundan başqa Çin Misirə 10 milyard dollar yatırım qoyub. Çin Süveyş kanalı ətrafında sənaye bölgələri yaradır. Ümumiyyətlə Çinin müxtəlif okeanları və dənizləri birləşdirən boğqazlar və limanlara yatırımları artıb. Çünki, Çin ticarətin böyük həsmini gəmilərlə həyata keçirir.

Çinin Misirlə ticarətinin artmasına baxmayaraq, Qahirə təhlükəsizlik sahəsində Vaşintonla tərəfdaşlığa bağlıdır. Misir ABŞ-dan hər il hərbi məqsədlər üçün 1.3 milyard dolları alır. Bu səbəbdən Misir Çinlə hərbi əməkdaşlığa maraq göstəmir. Digər tərəfdən Qahirə Pekinlə təmaslardan faydalansa da, Çinin İranla olan əməkdaşlığından narahatdır. İranın raket zərbələri endirdiyi Körfəz ölkələri Misirin strateji tərəfdaşlarıdır. Pekin Yaxın Şərq ölkələri ilə birlikdə okean və dənizlərdə naviqasiya azadlığını təmin etməyə hazır olduğunu vurğulayıb. Ancaq bunun üçün Yaxın Şərq ölkələrinin sahillərinə hərbi gəmiləri göndərmək lazımdır. Çin buna hazır deyil. Bunu hazırda reallaşdıracaq tək ölkə ABŞ-dır. Si Cinpin sentyabrın sonunda ABŞ-a səfər edəcək. Bu səfər Çin lideri xüsusi əhəmiyyət verir. Ona görə də, Si Cinpin Yaxın Şərq ölkələrinə səfər etsə də, ABŞ-ın regional maraqları əleyhinə addım atmaqdan çəkinəcək. Pekin Vaşinqtonla münasibətləri gərginləşdirməkdən ehtiyat edir.

Sammit qədər ikitərəfli görüşlər də əhəmiyyətlidir

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Bişkəkdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir. Görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür. Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib.

İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də Paşinyanla görüş qədər əhəmiyyətlidir. Çünki, bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkəkə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb.

İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bird aha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur.

İlham Əliyevin Bişkəkdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib. İranda olduğu kimi Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər.

Bişkəkdə Nikol Paşinyan da müxtəlif görüşlər keçirib. Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Narendra Modi ilə Məsud Pezeşkian da görüşüb. İran Prezidenti Hindistanın baş naziri ilə görüşdə ABŞ-dan şikayət edib. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, ABŞ-ın öhdəlikləri yerinə yetirmədiyini vurğulayan Məsud Pezeşkian “biz hələ də razılaşma və qarşılıqlı anlaşma əldə etmək üçün çalışırıq” çümləsini işlədib. Halbuki, SEPAH komandanlığı ABŞ-la razılaşma əldə etmək üçün Pezeşkianın söylədiyi kimi qarşılıqlı anlaşmaya çalışmır. Pezeşkian bildirib ki, Hindistanın regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə vermək üçün böyük potensialı var. Hindistan və digər dövlətlərin yeganə istəyi Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi enerji daşıyıcılarının rahat daşınmasına şərait yaradılmasıdır. SEPAH generalları isə boğaza nəzarət fikrindən əl çəkmək istəmirlər.

Rusiya Şərq bazarına yönəlib

Avropa Rusiya neftindən asılılığını azaltdıqdan sonra Hindistan Moskvanın ikinci ən böyük xam neft alıcısına çevrilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl Hindistan Rusiyadan gündəlik cəmi 84 min barel neft alırrdı, hazırda bu həcm 1.8 – 2.8 milyon barel civarındadır. Bundan başqa Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları Moskvanı Hindistan benzini idxal etməyə məcbur edib və bu birtərəfli xam neft axınını Hindistanın kəsirini azalda biləcək ikitərəfli enerji ticarətinə çevirib.

Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları ölkənin enerji sektoru üçün əhəmiyyətli problemlər yaradıb. Kreml 2022-ci ildə Ukraynaya hücum etməyə başlamazdan əvvəl Avropa Rusiya enerji ixracatı üçün əsas istiqamət idi. 2021-ci ildə Rusiya Avropa Birliyinin neft idxalının 25,8 faizini təşkil edirdi və bu da onu blokun ən böyük neft tədarükçüsü edirdi. Rusiya həmin il 27 ölkəni əhatə edən bloka orta hesabla gündə 4,7 milyon barel xam neft ixrac edirdi. Müqayisə üçün, 2021-ci ildə Hindistan Rusiyadan gündə təxminən 84.000 barel xam neft idxal edirdi ki, bu da onun ümumi xam neft idxalının yalnız iki faizini təşkil edirdi.

Avropa ölkələri hazırda Rusiyadan enerji asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Buna görə də Moskva enerji ixracı üçün yeni bazarlar tapıb. Şərq Rusiyanın əsas ixracat məkanıdır. Bu dəyişiklik nəticəsində Hindistan Rusiyanın enerji ticarətində mühüm tərəfdaşına çevrilib. Dünyanın ən çox əhalisi olan ölkəsi hazırda Rusiya neftinin qlobal miqyasda ikinci ən böyük alıcısıdır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarıın avqustun 25-də  Moskvaya səfərindən sonra Yeni Dehli Rusiyanın “fasiləsiz şəkildə Hindistana enerji təchizatını” davam etdirəcəyinə dair zəmanət alıb. İki ölkə arasında ticarət əhəmiyyətli – beş ildə təxminən dörd dəfə artaraq, 2021-22-ci illərdə təxminən 13 milyard dollardan 2025-26-cı illərdə təxminən 60 milyard dollara çatsa da – disbalans da xeyli genişlənib. Hindistanın böyük emal sənayesinin iyun və iyul aylarında Rusiyaya bir milyon bareldən çox benzin tədarük etdiyi təxmin edilir. Rusiyadan idxalın əsas hissəsini xam neft təşkil etməsinə baxmayaraq, ticarət artıq birtərəfli deyil. Yeni Dehli Moskva ilə ticarət kəsirini azaldıb. Eyni zamanda, ölkənin əsas prioritetlərindən biri kimi görünən enerji idxalını şaxələndirməklə Hindistan enerji təhlükəsizliyinin hər hansı bir təchizatçıdan çox asılı olmamasını təmin edib. Hindistan eyni zamanda ABŞ-dan sıxışdırılmış qazın alışını da kəskin artırıb. Bu Hindistana Vaşinqton və digər təchizatçılarla enerji əlaqələrini dərinləşdirərkən Moskva ilə tərəfdaşlığını qorumağa imkan verir. ABŞ-ın İrana qarşı təzyiqi və Hörmüz boğazında qeyri-müəyyənlik davam edərkən   Vaşinqton Hindistana Rusiyadan neft alışına mane olmayacaq. Bu vəziyyət Ukraynanı narahat etməmiş deyil.

Çinin hərbi gücü Vaşinqtonu narahat edir

Çin Hərbi Dəniz Qüvvələrinin Sakit Okeanda artan fəallığında narahat olan ölkələrin sayı artıb. Çinin sualtı qayığının ötən ay simulyasiya edilmiş döyüş başlığı olan strateji raketin sınağını keçirməsi 38 ölkənin birgə bəyanatına səbəb olub. Cənubi Koreya, ABŞ, Yaponiya və daha 38 ölkə qitələrarası ballistik raketlərin sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışları və buraxılış vasitələri barədə əvvəlcədən xəbərdarlıq etməyə çağıran birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, əvvəlcədən xəbərdarlıq edilmədən nüvə qabiliyyətli raketlərin sınaqdan keçirilməsi bölgə üçün “təhlükəlidir” və regional sabitliyi pozur: “Sadələşdirilmiş, şəffaf bildiriş mexanizmləri heç bir ölkənin hərbi inkişafını və ya əməliyyat ehtiyaclarını məhdudlaşdırmır. Bunun əvəzinə, onlar səhv hesablama riskini azaldır, etimad qurur və təhlükəsizliyə ortaq öhdəliyi əks etdirir”. Bəyanatda vurğulanıb ki, bildirişlərə ballistik raketin və ya buraxılış vasitəsinin ümumi sinfi, buraxılış sahəsi və planlaşdırılan təyinat yeri kimi məlumatlar daxil edilməlidir.

Bu kimi bəyanatlar Pekini narahat etmir. Çin hakimiyyəti hərbi dəniz qüvvələrini və bu qüvvələrin nüvə başlıqlı raketlərlə təhciz olunması siyasətindən imtina etməyəcək. Çin bu sahədə ABŞ-la arasındakı fərqi azaltmağa çalışır. Çin nüvə arsenalını da artırmağa davam edir. ABŞ Çinin nüvə arsenalının məhdudlaşdırılması məqsədilə Pekinlə müvafiq saziş imzalamağa çalışsa da, nəticə əldə edə bilmir.

Hörmüz boğazı ətrafındakı gərginik göstərdi ki, ABŞ-ın müxtəlif dövlətlərdə hərbi bazalarının sayı, o cümllədən dünyanın ən güclü hərbi dəniz qüvvələrinə sahib olması kifayət etmir. Əsas məsələ okean və dənizlərdəki dar boğazlara nəzarət etməkdir. Boğaza nəzarət edən ticarət gəmilərinə də şərtlərini diktə edəcək. Çinin hərbi dəniz qüvvələrin gücləndirməsi və hərbi təlimlərinin sayının artırması məqsədləridən biri Tayvan boğazına nəzarət etməkdir. Əgər Hörmüz boğazı dünya yanacağının keçid yeri kimi tinanınırsa, Tayvan boğazı nadir torpaq elementlərinin və yarımkeçiricilərin daşındığı yer kimi tanınıb. Tayvan boğazı ABŞ üçün əhəmiyyətli olduğundan Çinin bu bölgədə hegemonluğunun qarşısını almağa çalışır.

Bu arada, Çinin dövlətə məxsus enerji şirkəti olan Nüvə Enerjisi Korporasiyası nüvə sirlərini əldə etdiyinə ABŞ tərəfindən qara siyahıya alınıb. Bu şirkət Cənubi Koreyada beş elektrik stansiyası işlədir. Elektrik stansiyası həmçinin mühüm sənaye sahəsi olan neft-kimya şirkətlərinə də elektrik enerjisi verir. Bu hal Vaşinqtonu narahat edir. Məsələ burasındadır ki, Çinin Cənubi Koreyada işlətdiyi şirkətlər ABŞ ordusunun bu ölkədəki hərbi bazasının yaxınlığında yerləşir. Federal Təhlükəsizlik Bürosunun Çinin Cənubi Koreyadakı şirkəti ABŞ-ın nüvə texnologiyaları şəbəkəsinə sızmaq və ikili istifadə üçün nəzərdə tutulmuş qabaqcıl nüvə reaktoru dizaynlarını oğurlamaq üçün birgə müəssisələrdən, tərəfdaşlıqlardan və digər qanuni beynəlxalq ticarət təcrübələrindən istifadə edir. Buna görə də Çinin Nüvə Enerjisi Korporasiyası 2019-cu ildən bəri ABŞ Ticarət Nazirliyinin Qurumlar Siyahısındadır. Vaşinqtonda hesab edirlər ki, Nüvə Enerjisi Korporasiyası kəşfiyyat toplama platforması kimi fəaliyyət göstərir.

Yaponiya Çindən asılılığını azaltmaq istəyir

Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl Kuril adalarına səfəri Tokionun ciddi narazılığına səbəb oldu, Rusiyanın səfiri Yaponiya Xarici İşlər Nazirliyinə çağrılaraq etiraz bildirildi. Putinin hakimiyyətdə olduğu illər ərzində ilk dəfə Kuril adalarına səyahəti onun Tokioya bu şəkildə açıq mesajı idi: “Rusiyaya məxsus Kuril adaları heç bir halda Yaponiyaya verilməyəcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrov Tokionun kəskin reaksiyası qarşılığında Yaponiya hökumətinin hazırki xarici siyasətini tənqid edib. Lavrovu narazı salan odur ki, Yaponiya hərbi gücünü artırmağa başlayıb və hərbi sahədə ABŞ-la koordinasiya siyasətini genişləndirib. Bu yeni bir siyasət deyil. Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın sularda Rusiya ilə bərgə keçirdiyi hərbi təlimlər Tokionu hərbi gücünü artırmağa sövq edib. Vaşinqton Tokionun bu siyasətinə tam dəstək verib. Tokio eyni zamanda Moskva ilə dialoqdan imtina etməyib. Misal üçün bir Yaponiyanın biznes nümayəndə heyəti müddət əvvəl Moskvaya səfərinə etmişdi. Ancaq Putinin Kuril adalarına səyahəti iki ölkə arasındakı bu dialoqa zərbə vurdu.

Hazırki şərtlər altında Yaponiyanın yeganə alternativi müttəfiqi Vaşinqtonla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməsidir. Yaponiya, nadir torpaq metalları üçün dünyanın ən dərin sualtı mədəni tikmək üçün ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır.  Bununla ABŞ və Yaponiya nadir torpaq elementlərinin hasilatında dünya lideri lan Çindən asılılığı azaltmağı qarşılarına məqsəd qoyublar. Pekinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyət Yaponiyanı alternativlər axtarmağa məcbur edib.

Yaponiya torpaq elementlərinin əsas idxalçısıdır. Çinlə münasibətlərindəki gərginlik son bir ildə o qədər kəskinləşib ki, Yaponiyanı digər təchizat mənbələri axtarmağa məcbur edib. Yaponiya Sakit okeanın şimal-qərbində yerləşən və yaşayış olmayan adada nadir torpaq elementləri aşkarlayıb. İlkin araşdırmalar nəticəsində həmin adada ağır nadir torpaq elementlərinin əhəmiyyətli dərəcədə miqdarı aşkar edilib. Bu elementlər Yaponiya avtomobil və elektronika sənayesi üçün vacibdir. İlkin araşdırmalar təsdiq olunarsa, Yaponiyanın nadir torpaq elementləri sahəsində Çindən asılılığı azalacaq. Ancaq bu layihənin reallaşdırılması üçün milyardlarla dollar vəsait lazımdır. Yaponiya bu layihəyə ABŞ-ı cəlb etməklə hən iki ölkə arasındakı münasibətlərini gücləndirmək, həm də Çinin mümkün təzyiqlərindən sığortalamağı qarşısına məqsəd qoyub.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1923849
azAZ