ABŞ İran problemini necə həll edəcək?

Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Ancaq hələ ki, nəticə yoxdur. Əksinə, Hörmüz boğazında raket və dronlarla vurulan, minalarla partladılan tankerlərin sayı azalmır. ABŞ Prezidenti Donald Trampın “Hörmüz boğazı nəzarətimizdədir” açıqlaması həqiqəti əks etdirmir. Digər tərəfdən İranın ballistik raket istehsalını yenidən artırması da Vaşinqtonu narahat edir. İranın əvvəlki illərdəki kimi uranı zənginləşdirib-zənginləşdirməsiylə bağlı dəqiq məlumat olmasa da, bu ölkənin mühafizəkarları son zamanlar İranın nüvə silahına malik olmasının əhəmiyyəti barədə açıqlamalar verirlər.

Bu arada, ABŞ-nin BMT-də keçmiş səfiri Nikki Heyli “Fox News” telekanalına müsahibəsində İrana təzyiqin yollarından birini göstərib. Onun fikrincə, Donald Tramp administrasiyası Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkəsini hədəf almaqla İranın maliyyə mənbələrini məhdudlaşdırmağa nail ola bilər. Keçmiş səfir bu yolla İranın zəifləyəcəyini və bu halda müharibəyə ehtiyac olmayacağı qənaətindədir. Nikki Heyli hesab edir ki, İranın neft və pul axını Çinin bankları vasitəsilə həyata keçirilir və bu maşrutu bağlamaqla müharibəsiz İranın məğlub ola biləcəyini söyləyib.

Əlbəttə, Çinin dəstəyi olmadan İrandakı rejimin vəziyyəti ağırlaşacaq. Tehran Çinə satdığı neftin hesabına ballistik raket istehsalını və bölgədəki proksi qüvvələrini dəstəkləyə bilir. Pekinin isə Tehranla əməkdaşlıqdan imtina etmək fikri yoxdur. Donald Tramp Çin lideri Si Cinpinlə son görüşündən sonra belə bir bəyanat vermişdi ki, çinli tərəfdaşı da onun kimi Hörmüz boğazının açılmasını və İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Si Cinpinin belə bir mövqe sərgilməsinə baxmayaraq, Pekin ABŞ-ın İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir. Buna görə də, Çin İrandan neft alır, bu ölkəyə raket və dron istehsalı üçün çiplər göndərir. ABŞ-nin BMT-də keçmiş səfiri isə hesab edir ki, ABŞ Maliyyə Nazirliyi qətiyyətli addımlar atarsa, Çin İranla əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaq. Nikki Heylinin fikrincə, Çin İran naminə ABŞ-nin bank sisteminə çıxış imkanını itirmək istəməz: “Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”. Məsələ bu qədər sadə deyil. Tramp administrasiyası İran məsələsində Pekinə təzyiq etmək istəyib, ancaq nəticə olmayıb.

Si Cinpin hakimiyyətə gəldikdən sonra Çinin xarici siyasəti daha fəal və genişmiqyaslı xarakter alıb. 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürən Si Cinpin bu çərçivədə xeyli ölkəyə səfər edib. Bu səfərlərin və layihənin məqsədi Çinin bölgədə iqtisadi və siyasi təsir imkanlarını artırmaqdır. Eyni zamanda Çin Cənubi Çin dənizində hərbi-dəniz qüvvələrini və hərbi baza şəbəkəsini sürətlə genişləndirib. Vaşinqtonun planı isə Avrasiya bölgəsində Çinin təsir gücünü zəiflətməkdir. Vaşinqtonun İranı ram etməsi səbəblərindən biri də budur.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 213
Bugun 213
Umumi 2142806
azAZ