Ay: Oktyabr2026

“Yeni Yalta” razılaşması mümkündürmü?

Çində noyabr ayının ortalarında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Sammitə Rusiya və ABŞ Prezidentləri də qatılacaqlar. Rusiya Prezidenti Vladimir Putin 2017-ci ildən buy ana ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq samiitində iştirak edəcək. Sammit çətçivəsində Rusiya, ABŞ və Çin liderləri – Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş planlaşdırılır. Rusiyada bəzi şərhçilər Çindəki gələcək görüşü “yeni Yalta” adlandırıblar. Yəni rusiyalı ekspertlərin fikrincə, 3 böyük dövlətin lideri guya Çində dünyanın bölüşdürülməsini müzakirə edəcəklər.

İkinci Dünya Müharibəsinin bitişinə az qalmış ittifaq dövlətlərin – ABŞ, Böyük Britaniya və SSRİ liderləri Krımın Yalta şəhərində müzakirələr aparmış, müharibə sonrası dağılan Avropanın gələcəyini müəyyənləşdirmişdilər. Ancaq bu dəfə Böyük Britaniyanı Çin əvəz edəcək. Pekinin üçtərəfli görüş vasitəsilə Çinin supergüc statusunu və diplomatik çəkisini nümayiş etdirmək, eyni zamanda özünü etibarlı qlobal qüvvə kimi təqdim etmək istəyir. Əlbəttə, əgər 3 lider dünyada və bölgədə sabitliyin formalaşdırılması üçün razılığa gəlsələr, bu hamının xeyrinə olar. Ancaq Rusiya və Çinin gözləntiləri ABŞ-ınkından fərqlidir. Kreml Ukraynanın parçalanmasına, Pekin isə Tayvanın Çinə birləşməsinə ABŞ-ın mane olmamasını istəyir. Bu isə sülh və sabitlik deyil, dünyada xaosun davam etməsi deməkdir. Digər tərəfdən Ukraynanın gələcək taleyinin müzakirəsində Avropa da iştirak etmək istəyir. Çünki, Ukrayna mövzusunun birbaşa Avropaya dəxli var. Donald Tramp üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması əhəmiyyətindən danışacaq. Vladimir Putin Donald Trampı dinləsə də, Donbasın işğalı fikrindən vaz keçməyəcək. Si Cinpin isə üçtərəfli görüşdə Ukrayna mövzusina maraq göstərməyəcək. Pekin Ukraynanın gələcəyinə görə məsuliyyət daşımaq niyyətində deyil.

Si Cinpin müharibənin zorla dayandırılması və Vladimir Putinin Rusiyada mövqelərinin zəifləməsini istəmir. Pekin Rusiya-Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, Moskvaya qarşı birbaşa tənqiddən çəkinir və Putinin müharibə iqtisadiyyatını dəstəkləməyə kömək etmək üçün Rusiya neft və qazını almağa davam edir.

1945-ci ildə keçirilən Yalta konfransı Avropanın gələcəyini müəyyənləşdirdi. Çində üç liderin görüşü isə Ukraynanın və ya Tayvanın gələcəyini müəyyənləşdirə bilməyəcək. Liderlər müxtəlif mövzularda fikir mübadiləsi aparıb dağılışacaqlar. Donald Trampın Çindəki müzakirələrdəki mövqeyinə sammitdən əvvəl Konqresə keçiriləcək ara seçkilərinə nəticəsi də təsir edəcək.

Kanada xarici siyasətini korrektə edib

Prezident Donald Tramp Kanadaya qarşı gömrük rüsumlarını qaldırdıqdan və bu ölkənin ABŞ-ın ştatı olması barədə davamlı fikirlər söylədikdən sonra Ottava müxtəlif dövlətlərlə tərəfdaşlığını gücləndirməyə qərar verib. Kanada ilk növbədə Avropa İttifaqı ilə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Kanada Avropa İttifaqı ilə “unikal ittifaq” yaratmaq niyyətindədir. Kanadanın Baş naziri Mark Karni bildirib ki, ölkəsi Avropa İttifaqı ilə eyni prioritetlərə və bir-birini tamamlayan güclü tərəflərə malikdir.

Kanada Türkiyə ilə də dialoqu genişləndirib. Halbuki, İkinci Qarabağ müharibəsində Kanadanın keçmiş hökuməti Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırdığını bəyan etmişdi. Kanada Türkiyənin Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozduğunu iddia etmişdi. Bunun üstündən 6 il keçib, Kanadada hökumət dəyişib, yeni baş nazirin Ankara ilə dialoqa ehtiyacı var. Mark Karninin oktyabrın 22-də Türkiyəyə səfəri buna sübutdur.

Mark Karni Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla müdafiə və enerji sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalayıb. Rəcəb Tayyib Ərdoğan imzalanma mərasimindən sonra Mark Karni ilə mətbuata birgə bəyanatında deyib ki, Türkiyə Kanada ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa qərar verib. Onun sözlərinə görə, hər iki ölkə qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesində yeni layihələr həyata keçirməyi hədəfləyir. Öz növbəsində Mark Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada lideri olduğunu xatırladaraq, Türkiyə ilə əməkdaşlığa önəm verdiyini bildirib. Türkiyə ilə Kanada arasında imzalanan müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu iki müttəfiqin müdafiə tərəfdaşlığını gücləndirmək istəyinin konkret nümayişidir.

Kanada Hindistanla da tərəfdaşlığı gücləndirməyə qərar verib. Halbuki, Kanadanın keçmişdə Türkiyə ilə münasibətlərdə olduğu kimi Hindistanla münasibətlərində də gərginliyi var idi. İki ölkə arasında münasibətlər 2023-cü ildə gərginləşmişdi. iki ölkə arasında münasibətlər Ottavanın həmin ilin sentyabrında Hindistan diplomatlarından birini ölkədən çıxarması ilə gərginləşmişdi. Buna səbəb Kanadada Sikx icmasının liderlərindən birinin öldürülməsiydi. Kanada hökuməti bu ölümdə Hindistanın xüsusi xidmət orqanlarının əl olduğunu iddia etmişdi. Buna cavab olaraq Hindistanın Kanadadakı səfirliyi viza verilməsini dayandırmışdı.  Hindistan Xarici İşlər Nazirliyi kanadalı siyasətçilərin Pəncabda müstəqil Xalistan dövləti yaradılmasına çalışan Sikx icmasına mənsub ekstremistlərə simpatiya bəslədiyini bəyan etmişdi.

Kanadanın yeni hökuməti Türkiyə ilə olduğu kimi Hindistanla da münasibətləri normallaşdırmağa qərar verib. Bugünlərdə Kanadanın biznes nümayəndə heyəti Hindistana səfər edib. Kanada şirkətləri Hindistan bazarında yer almağa çalışırlar. Beləliklə, Kanada xarici və təhlükəsizlik siyasətini korrektə etməklə özünü ABŞ Prezidenti Donald Trampın təhdidlərindən qorunmağa çalışır.

Arktika uğrunda mübarizə genişlənib

Arktika uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. ABŞ, Rusiya və Çin Artkikanın zəngin resurslarına iddialıdırlar. İsveçin hərbi kəşfiyyat xidmətinin rəhbəri Tomas Nilsson Britaniyanın “The Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Çin Arktikadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmək üçün Rusiyanın iqtisadi və hərbi asılılığından istifadə edir. Məqalədə deyilir ki, Rusiya tarixən Arktikanı özünün “həyət”i hesab edib və Çini ora buraxmaqda tərəddüd edib. Ancaq Nilsson iddia edir ki, Ukraynadakı münaqişənin və Qərbin sanksiyalarının xərcləri səbəbindən Moskvanın Pekindən maliyyə və texnoloji asılılığı neft, qaz, mikroçiplər və ikili təyinatlı mallar baxımından artıb. Buna görə də, Rusiya Çinin Arktika bölgəsinə irəliləməsini qəbul etməyə məcburdur.

Rusiyanın hazırki vəziyyəti Pekinə Arktikadakı mövqeyini gücləndirmək üçün imkanlar yaradıb. Çin 2018-ci ildə özünü “Arktikaya yaxın” güc elan edərək fəal şəkildə buzqıran donanmasını formalaşdırıb. Bu Çinin sərt şimal şəraitində fəaliyyət göstərmək imkanlarını inkişaf etdirir. Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Kreml Pekinin Arktikada mövqelərinin möhkınlənməsinə mane olmayacaq. Çin qlobal dominantlıq uğrunda ABŞ-la  strateji qarşıdurmasda Rusiyanı əsas müttəfiq kimi görür.

Bu arada, Berinq boğazında Rusiya ilə Çin arasında birgə hərbi təlimlər, bombardmançı patrul uçuşları və dəniz əməliyyatları artıb. Bu gedişatı ən diqqətlə izləyən ölkələrdən biri İsveçdir. Bu ölkə Rusiya və Çinin Arktikadakı  birgə hərbi fəaliyyətin Avropa sərhədinə yaxınlaşa biləcəyindən ehtiyatlanır.

Arktikanın strateji əhəmiyyəti durmadan artır. Birincisi, buzların əriməsi alternativ ticarət yolları yaradır və Avropa ilə Şərqi və Cənub-Şərqi Asiya arasında səyahət müddətini Süveyş kanalı marşrutu ilə müqayisədə 40 faiz azaldıb. İkincisi, Arktikada nəhəng mineral ehtiyatları var və bu da Rusiya, Çin və ABŞ da daxil olmaqla aparıcı qlobal oyunçular arasında geosiyasi rəqabətin artmasına səbəb olub.

Kommunist Partiyası rüşvətxorları müəyyənləşdirməyə çalışır

Pekin dünya liderliyi uğrunda Vaşinqtonla rəqabət apararkən, ölkə daxilində də təmizlik işlərini unutmur. Çin lideri Si Cinpin oktyabrın 26-da Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenar İclasının açılışında geniş məruzə ilə çıxış edib. O çıxışında partiyada yeni antikorrupsiya kampaniyasının başlandığını elan edib. Çin Kommunist Partiyasının rəhbərliyi keçmiş illərdə də korrupsiyaya qarşı mübarizə aparıb. Budəfəki kampaniya çərçivəsində korrupsiyaya bulaşan regional liderlərlə də mübarizə aparılacağı bildirilib. Si Cinpin partiyanın regonlardakı bir qrup liderindən həm də ona görə narazıdır ki, bəzi hallarda öz bölgələrində iqtisadi göstəriciləri şişirdirlər.

Si Cinpinin partiyanın qurultayında ardıcıl olaraq dördüncü müddətə sədr seçiləcəyi şübhə doğurmur. Buna baxmayaraq, Si Cinpin partiya daxilində potensial rəqiblərini müəyyənləşdirməyə çalışır. Si Cinpin hakimiyyətə gəldiyi 2012-ci ildən partiya daxilində korrpusiya ilə mübarizə aparır. Bu illərdə korruspiya ittihamı ilə bir qrup partiya funksioneri, hətta yüksək rütbəli generallar həbs edildilər. Ancaq Si Cinpinin budəfəki anti-korrupsiya kampaniyasını başlmasının bir başqa səbəbi də var. 2027-ci ildə Çin Kommunist Partiyasının qurultayı keçiriləcək. Həmin qurultayda Si Cinpin yenidən partiya sədri uğrunda mübarizə aparacaq. Ona görə də Si Cinpin korrupsiya ilə mübarizə adı altında indidən partiya daxilindəki rəqiblərini neytrallaşdırmağa çalışır. Qurultayda sərdlə yanaşı Mərkəzi Komitənin və partiyanın digər rəhbər orqanlarının tərkibi də müəyyənləşəcək. Si Cinpinin kadr dəyişikliklərinə üstünlük verəcəyi istisna deyil.

Çində illərdir korruprsiya ilə mübarizə aparılsa da, Si Cinpin əldə edilən nəticələrdən razı deyil. Misal üçün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 15 üzvü ilə bağlı araşdırmalar davam edir. Çin iqtisadiyyatı inkişaf etdikcə, ölkə yüz milyardlarla qollar qazanc əldə etdikcə, varlanmaq istəyən partiya funksionerlərinin və generalların sayı azalmır. Bunu Si Cinpin qurultay ərəfəsində yayımladığı məqalədə də etiraf edib.

Varşava Yeni Dehlinin Kremlə təsir edəcəyindən ümidlidir

Avropa İttifaqı ölkələrinin uzun müddətdir Çindən gözləntiləri var idi ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə edəcək. Ancaq Pekin heç bir addım atmadı. Əksinə Pekin Rusiya-Ukrayna müharibəsindən faydalanıb. Birincisi, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Rusiya Avropadan ala bilmədiyi məhsulları, texnologiyaları Çindən əldə edir. İkincisi, müharibə ABŞ-ın Çinə qarşı siyasətini yumşaltmağa səbəb olub.

Belə vəziyyətdə Avropada anlayıblar ki, Pekin Kremlin siyasətinə təsir etməyəcək. Brüsselin yeni gözləntisi Yeni Dehlidəndir. Polşanın Baş naziri Donald Tusk Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsiylə bağlı geniş fikir mübadiləsi aparıb. Ukrayna ilə həmsərhəd olan Polşa müharibədə Kiyevə həm diplomatik, həm hərbi, həm də humanitar dəstək verir. Ancaq Ukraynanın müharibədə məğlub olmaması üçün yalnız Polşanın səyləri kifayət etmir. Modi Tuskla görüşdə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Tusk Hindistanın müharibə ilə bağlı konstruktiv rol oynaya biləcəyini ümidlidir. Hindistan Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması, həmçinin taxıl və yanacaq daşıyan gəmilərin qorunması ilə bağlı  plan hazırlayıb.

Tuskun Hindistanla səfərinin bir məqsədi iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, ikinci məqsədi Yeni Delinin Ukrayna müharibəsində Avropa İttifaqının mövqeyini nəzərə almağa inandırmaqdır. Hindistan gərginliyin azaldılmasına və danışıqlar üçün şəraitin yaradılmasına kömək edə bilər, ancaq sülhə zəmanət verə bilməyəcək. Digər tərəfdən Yeni Dehli müharibənin dayandırılmasına və sülhün əldə olunmasına çalışsa da, Rusiya ilə sıx əlaqələrdən imtina etməyəcək. Yeni Dehlinin Kremlə çıxışının olması, onun Rusiya Prezidenti Vladimir Putinə və onun qərarlarına təsir edə biləcəyi anlamına gəlmir. Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ona açıq söylədi ki, müharibə çıxış yolu deyil və danışıqlara üstünlük verilməlidir. Ancaq bu Putinin müharibəyə baxışını dəyişdirmədi.

Buna baxmayaraq, Brüssel Yeni Dehlinin Moskva dialoq imkanlarının faydalı olacağı qənaətindədir. Halbuki, Hindistanın Avropanın təkidilə öz maraqlarını qurban verməsi ehtimalı azdır. Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub.

ABŞ Venesuela neftini Hindistanda hazır məhsula çevirmək istəyir

ABŞ Prezidenti Donald Tramp Konqresə ara seçkiləri düşünürək, Respublikaçılar Partiyasının uğur qazanması üçün xarici və təhlükəsizlik siyasətində müxtəlif addımlar atıb. Ağ Ev administrasiyası müxtəlif ölkələrlə enerji və nadir torpaq elementləri sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.  Dövlət katibi Marko Rubionun ötən həftə Özbəkistan və Hindistana səfəri bu siyasətin tərkib hissəsi idi. Vaşinqtonun hər iki ölkə ilə əməkdaşlığı genişləndirməkdən gözləntiləri var.

Marko Rubionun Hindistanda dünyanın ən böyük neft emalı kompleksinin yerləşdiyi Camnaqar şəhərinə səfər edib. Rubio bildirib ki, Camnaqar neft emalı kompleksinə sahib olan Hindistanın ən böyük özəl şirkəti “Reliance Industries” ilə əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bu şirkət dünyanın ən varlı işadamlarından biri Mukeş Ambaniyə məxsusdur. Marko Rubio Mukeş Ambani ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini və qlobal enerji bazarının vəziyyəti müzakirə edib. Rubio Ambaniyə məxsus zavodda dizel yanacağı, benzin, kerosin və neft-kimya məhsulları istehsalı ilə tanış olub. Tərəflər etibarlı və əlverişli enerji təchizatı, təchizat zəncirinin dayanıqlığı və artan enerji tələbatı fonunda investisiya cəlb etmək məsələlərinə xüsusi diqqət ayırıblar. Bundan əlavə, Rubio ilə Ambani enerji və rəqəmsal infrastruktur arasındakı əlaqəni müzakirə ediblər.

Hindistanın maliyyə paytaxtı Mumbayda jurnalistlərə açıqlama verən Rubio bunları deyib: “Hindistan neft emalı sahəsində böyük gücdür. Hindistanın zavodları ağır xam nefti emal etmək imkanına malikdirlər. Bunu keçmişdə də ediblər və düşünürəm ki, Venesueladan gələn neftin həcmi artdıqca, onlar yenə də bunu edə biləcəklər”. Başqa sözlə Venesuela neftinə sahiblənən ABŞ bu ölkənin neftini Hindistanın neftayrıma zavodlarında hazır məshula çevirməyi planlaşdırır. ABŞ Hindistanın Venesuela neftini almasını istəyir ki, ucuz Rusiya neftinə ehtiyacı olmasın. Ancaq bunun üçün ABŞ Hindistanın neftayırma zavodlarına tətbiq etdiyi sanksiya siyasətindən imtina etməlidir.

Hindistanda Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Yeni Dehlinin müharibənin dayandırılmasıyla bağlı təkliflərini rəsmi Kiyev bəyənib. Yeni Dehli Qara dənizdə ticarət gəmilərinin sərbəst hərəkətini təmin edəcək təkliflər hazırlayıb. Bu təkliflər enerji və dəniz təhlükəsizliyini, eləcə də qida təchizatı zəncirləri və qlobal iqtisadi sabitliyi təmin etməyi hədəfləyir. Yeni Dehlinin Qara dənizdə sabitlikdə maraqlı olması təbiidir. Hindistan Qara dənizin limanlarından müxtəlif məhsulların nəqlini həyata keçirir. Bundan başqa gəmilərdə xeyili sayda Hindistan vətəndaşı çalışır. Yeni Dehli onların təhlükəsizliyini də düşünmək məcburiyyətindədir. Kremlin Yeni Dehlinin təkliflərinə münasibəti bəlli deyil. Kremlin Yeni Dehli ilə əməkdaşlıqda əsas marağı Hindistanın Rusiyadan daha çox neft almasıdır. ABŞ isə bu prosesin qarşısını almağa çalışır.

Hindli nazir Bakıda özbək həmkarıyla da görüşüb

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar oktyabrın 23-də Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlə kifayətlənməyib. Subrahmanyam Cayşankar bir gün sonra Bakıda Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla da görüşüb. Özbəkistanın xarici işlər naziri görüşdən sonra “X” sosial şəbəkəsindəki səhifədə bunları yazıb: “Bakıda hindli həmkarım Subrahmanyam Cayşankarla görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq”.

Hindistan Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Hİndistanın baş naziri Narendra Modinin təlimatıyla xarici işlər nazirinin Azərbaycana səfəri də bundan xəbər verir. Eyni zamanda Hindistanın türk dövlətləri arasında əsas strateji tərəfdaşı Özbəkistandır. Təsadüfi deyil ki, Özbəkistanın xarici işlər naziri fürsətdən istifadə edərək hindli həmkarıyla görüşmək üçün Bakıya da gəlib.

Narendra Modi avqustun 30-da Özbəkistana rəsmi səfəri zamanı bu ölkənin Prezidenti Şavkat Mirziyoyev strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Liderlər həmin görüşdə iki ölkə arasında qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bu hazırki rəqəmdən 5 dəfə çoxdur. Son illər iki ölkə arasında müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistan və Hindistan ticarəti artırmaqla kifayətlənmək istəmirlər. Liderlər arasında danışıqların yekununa əsasən bütün səviyyələrdə siyasi əlaqələri və mübadilələri intensivləşdirmək barədə də razılığa gəliblər. Hindistanın xarici işlər nazirinin Bakıda özbək həmkarıyla görüşü məhz bu siyasətin nəticəsidir. Özbəkistan Azərbaycanın da strateji tərəfdaşıdır. Bu mənada Hindistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək qərarı Özbəkistanın da maraqlarına cavab verir.

Bu arada, oktyabrın 22-də Yeni Dehlidə Hindistan-Əzbəkistan Birgə İşçi Qrupunun 10-cu iclası keçirilib. Müzakirələrin nəticəsi olaraq Hindistan və Özbəkistan terror təhdidlərinə qarşı əməkdaşlığı gücləndirmək və regional təhlükəsizliyi gücləndirmək barədə razılığa gəliblər. Ekstremizm və radikalizmə qarşı mübarizə, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və texnologiyaların terror məqsədləri üçün sui-istifadəsinin qarşısının alınması müzakirə olunan əsas mövzular arasında olub.

Təhlükəsizlik sahəsində əməkdaşlıq hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Tərəflər müvafiq qurumların potensialının gücləndirilməsi və terrorizmə qarşı mübarizədə ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırıblar. Birgə İşçi Qrupunun növbəti iclası Özbəkistanda keçiriləcək.

Hindistan Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini bu ölkənin baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən sammitində İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, Subramanyam Cayşankar məhz Narendra Modinin təlimatıyla Bakıya gəldiyini bildirib.

İlham Əliyev Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırlayıb. Azərbaycan Prezidenti Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Subramanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla Hindistanın Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevindiyini, bunun uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacağını vurğulayıb. Subramanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.

Beləliklə, Hindistan Azərbaycanla ticarət əlaqələrini, o cümlədən enerji sahəsindəki genişləndirmək istəyir. Subramanyam Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi. İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Digər tərəfdən Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması da Yeni Dehlinin diqqətini çəkib.

Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə əhəmiyyət verir. Misal olaraq Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. İran və Hindistan 2024-cü ildə İranın Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıblar. Bu sazişə görə, Hindistan həmin limanın yenidən qurulmasına 500 milyon dollar yatırım qoymalı idi. Ancaq ABŞ və İsrailin İrana qarşı müharibələri və gərginliyin bugünə qədər davam etməsi Hindistanın həmin limanı yenidən qurmaq planlarını müvəqqəti olaraq təxirə salıb. Buna baxmayaraq, Hindistan bu limanla bağlı planlarından imtina etməyib. Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanı əldə edəcək ki, bu Yeni Dehlinin gələcək planlarından xəbər verir. Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyə qərar verməsinin arxasında bu amil də dayanır.

“Qlobal Cənub” ideyası Vaşinqtonu narahat edir

Hindistanın ABŞ-dakı keçmiş səfiri Navtej Sarna “The Week” nəşrində dərc olunan məqaləsində Yeni Delini öz iradəsinə tabe etdirməyə çalışan Tramp administrasiyası qarşısında möhkəm durmağa çağırıb. Bu çağırış, Tramp administrasiyasının dünyanın üçüncü ən böyük xam neft istehlakçısı olan Hindistanı Rusiyadan neft idxalını dayandırmağa məcbur etməsindən sonra səslənib. Daha sonra, ABŞ-ın İrana qarşı apardığı müharibə nəticəsində qlobal neft təchizatında yaranan pozuntular səbəbindən, ABŞ Yeni Deliyə Rusiyadan neft almağa icazə verib. İndi isə, ABŞ-ın özü Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiyadan dizel yanacağı almağa başlayıb. Hindli diplomat bunu son dərəcə riyakar addım adlandırıb.

Hindistanın ABŞ-dakı keçmiş səfiri Tramp dövründə ölkəsi ilə Amerika arasında pisləşən münasibətləri şərh edərkən belə deyib: “Bir millətin ləyaqəti müzakirə mövzusu ola bilməz. Əgər ABŞ-a qarşı dik durmaq iqtisadi geriləmələr, çətin seçimlər və ya alternativlər axtarmaq deməkdirsə, qoy elə də olsun”. Oxşar sözləri Cənubi Afrika Prezidenti Siril Ramafosa da söyləyib. O ABŞ-ın ölkəsinə qarşı getdikcə daha çox cəzalandırıcı xarakter alan münasibətindən hiddətlənərək bunu demişdi: “Bizi zorla istədiyini etdirməyə imkan verməyəcəyik”. Hindli diplomatın və Cənubi Afrika Respublikasının Prezidentinin söylədikləri qarşıdurmaya meylli olan ABŞ ilə üz-üzə qalan “Qlobal Cənub”un iki böyük dövlətinin artan narazılığını əks etdirir.

Hindistan və ABŞ həmişə təbii müttəfiqlər kimi qəbul ediliblər. Baş nazir Narendra Modi ilə Donald Tramp arasında xüsusilə səmimi münasibətlər mövcud olub. Ancaq son vaxtlar bu səmimiyyət sınağa çəkilib. 2025-ci ildə Hindistanın ixrac məhsullarına qarşı cəzalandırıcı rüsumların tətbiq edilməsi (sonradan bu rüsumlar yumşaldılsa da) Yeni Deli üçün gözlənilməz və sərt bir reallıqla üzləşmə anı oldu. Eyni zamanda Vaşinqtonun miqrasiya siyasətindəki köklü dəyişiklikləri, ABŞ-da iş axtaran hindistanlı mütəxəssislərin imkanlarını sarsıtmaq təhlükəsi yaratdı. Bu məhdudiyyətlər hindistanlı texnologiya mütəxəssisləri arasında narahatlığı daha da artırdı. Halbuki onların bir çoxu ənənəvi olaraq Amerikanı “imkanlar ölkəsi” kimi görürdülər. Bunun məcmu təsiri, onilliklər ərzində strateji əməkdaşlıq, ticarət, texnologiya və ortaq geosiyasi maraqlar üzərində qurulmuş münasibətlərin gərginləşməsinə səbəb olub. Bu vəziyyət Sarna kimi şərhçiləri belə bir sual verməyə vadar edib: Hindistan qarşılıqlı tədbirlər barədə düşünmədən Vaşinqtondan gələn zərbələri qəbul etməyə davam etməlidirmi?

Cənubi Afrikanın ABŞ ilə münasibətləri isə tamamilə fərqli bir istiqamətdə inkişaf edib. Aparteid rejimi dövründə Amerika ağdərili azlıq hökuməti ilə əlaqələrini saxlayırdı; lakin aparteid rejiminə qarşı daxili və beynəlxalq müxalifət gücləndikcə, Vaşinqton sonda sanksiyalar tətbiq etməli oldu. Bu arada, hakim Afrika Milli Konqresi (ANC) Sovet İttifaqı və Çinlə əlaqələr qurdu. Pretoriya və Vaşinqton arasındakı münasibətlər, xüsusən də ticarət, investisiya və səhiyyə və inkişaf sahəsində əməkdaşlıq yolu ilə aparteiddən sonrakı dövrdə xeyli yaxşılaşdı. Lakin Trampın Ağ Evə qayıtması bu münasibətləri görünməmiş gərginliyə saldı. Onun administrasiyası ağdərili cənubi afrikalıların təqib olunması iddialarını ortaya atdı. Vaşinqtonun cəzalandırıcı ticarət tədbirləri və Cənubi Afrikanın Amerika bazarına güzəştli çıxışı təmin edən Afrika Böyümə və Fürsət Qanununa (AGOA) çıxışı ilə bağlı qeyri-müəyyənlik Pretoriyanın narahatlığını daha da artırdı. Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım proseduru başlatmaq qərarı, Trampın İsrail hökumətinə sarsılmaz dəstəyi nəzərə alınmaqla, Vaşinqtonu daha da qəzəbləndirdi.

Fərqli tarixlərinə və şəraitlərinə baxmayaraq, Hindistan və Cənubi Afrika Tramp administrasiyası üçün bir neçə xüsusiyyətə malikdir. Hər ikisi də BRICS-in nüfuzlu üzvləridir və Tramp bu qruplaşmanı dəfələrlə Amerikanın iqtisadi və geosiyasi dominantlığına meydan oxumaq kimi təsvir edib. Hər ikisi gücün Vaşinqtonda və bir neçə Qərb paytaxtında cəmləşməkdənsə, daha ədalətli şəkildə bölüşdürüldüyü çoxqütblü beynəlxalq nizamı müdafiə edir. Və hər ikisi Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda Afrika da daxil olmaqla Qlobal Cənub üçün daha güclü bir səs axtarır. Onların müstəqil xarici siyasət yürütməkdə israrlı olması, dostluğu Vaşinqtonun tələblərinə şübhəsiz riayət etməklə ölçməkdə qərarlı görünən ABŞ administrasiyası ilə getdikcə daha çox ziddiyyət təşkil edir.

Hindistan və Cənubi Afrika öz iqtisadi maraqlarına ciddi ziyan vurmadan dünyanın ən böyük iqtisadiyyatına qarşı real olaraq dayana bilərlərmi? 1,4 milyarddan çox əhalisi olan Hindistanın iqtisadi ambisiyalarını davam etdirmək üçün ixrac bazarlarının genişləndirilməsinə, investisiya qoyuluşuna və qabaqcıl texnologiyalara çıxışa ehtiyacı var. Zəif artım, yüksək işsizlik və davamlı struktur bərabərsizlikləri ilə mübarizə aparan Cənubi Afrika ticarətdə və xarici investisiyalarda pozuntulara daha çox məruz qalır. Heç bir ölkə ehtiyatsız qarşıdurma lüksünə dözə bilməz. Lakin iqtisadi zəiflik milli suverenlikdən imtina etmək üçün bəhanə olmamalıdır.

Hindistan Vaşinqtonla daha güclü mövqedən danışıqlar aparmaq üçün nəhəng texnoloji imkanlarından, geniş istehlak bazarından və artan geosiyasi təsirindən istifadə etməlidir. Cənubi Afrika isə öz növbəsində strateji mineral ehtiyatlarından, sənaye imkanlarından və Afrika bazarlarına çıxış qapısı kimi mövqeyindən yararlanmalıdır. Hər iki ölkə digər ölkələrlə iqtisadi tərəfdaşlıqlarını dərinləşdirməli, ixrac istiqamətlərini şaxələndirməli və hər hansı bir qlobal gücdən həddindən artıq asılılığı azaltmalıdır. Bunların heç biri diplomatiyadan imtina etmək və ya Vaşinqtonu qəsdən təhrik etmək demək deyil. Əksinə, Yeni Dehli və Pretoriya mümkün olan hər yerdə ortaq məxrəc axtararaq və sabit münasibətlərin əhəmiyyətli qarşılıqlı faydalarını qəbul edərək Tramp administrasiyası ilə əlaqə saxlamağa davam etməlidirlər.

Çində üçtərəfli görüşdən hansı nəticə çıxacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə Kreml sahibinin beynəlxalq təcriddən çıxmağa çalışacağını bildirib. “Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb və bu, heç də ilk addım deyil” – deyən Ukrayna Prezidenti görüşdə konkret hansı məsələlərin müzakirəsindən xəbərdar olmadığını vurğulayıb. Volodimir Zelenski sözlərinə onu da əlavə edib ki, görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaqsa, Kiyevlə məsləhətləşmələr aparılacağına inanır.

ABŞ dövlət katibi Marko Rubio isə “Fox News” televiziya kanalına müsahibəsində ölkəsinin Rusiya və Çinlə dialoqun davamı vacibliyini belə əsaslandırıb: “ABŞ, Çin və Rusiya dünyanın ən güclü üç ölkəsidir. Bu səbəbdən üç ölkənin dialoqu davam etdirməsi vacibdir. Hər üç ölkə nüvə silahına malikdir. Nüvə silahlarına nəzarət baxımından da üç ölkə arasında müzakirələrin aparılmasına ehtiyac var. ABŞ, Çin və Rusiya arasında dialoq dünya üçün də faydalıdır”.

Əlbəttə, üç nüvə dövlət arasında dialoq anlaşılandır. Ancaq illərdir davam edən bu dialoq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına səbəb olmayıb. Dialoqda iştirak edən Çinin də xarici və təhlükəsizlik siyasətində dəyişən heç nə yoxdur. Çin ABŞ-n bölgədəki müttəfiqlərini narahat edən səviyyədə hərbi fəaliyyətini artırıb. Bundan başqa Çin nüvə arsenalını artırmaqda davam edir.

Vladimir Putin və Si Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində Donald Trampla  üçtərəfli görüş keçirmək istəyirlər. Bu görüş Vladimir Putin üçün həm də ona görə əhəmiyyətlidir ki, Rusiya Prezidenti bu ilin sonunda ABŞ-da keçiriləcək “böyük iyirmilərin” sammitinə qatılmayacaq. Halbuki, Tramp Putini həmin sammitə dəvət alıb. Ancaq Vladimir Putin digər ölkə liderlərinin onunla eyni masada oturmaq istəməyəcəyini anladığından ABŞ-dakı sammitdə iştirakda maraqlı deyil. Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir. Donald Tramp Çində üçtərəfli görüşdə iştirak edəcəyini bildirib. Ancaq üçtərəfli görüşdən nəticə çıxacağını söyləmək çətindir. ABŞ-la Rusiya və Çinin təhlükəsizlik maraqları fərqli olaraq qalır.

Bu arada, Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi Cənubi Çin dənizində Çinin özününkü hesab etdiyi adaya yaxınlaşıb. Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi qeyri-qanunu şəkildə Çinə aid sulara daxil olub. Çin hava qüvvələri ABŞ gəmisini hərəkətini nəzarətə götürüblər. Çin Müdafiə Nazirliyi son hadisəni ABŞ-ın Çinin suveren hüquqlarına hörməsizlik və bunun bölgədəki sülh və sabitliyə təhlükə kimi qiymətləndirib. Filippin Müdafiə Nazirliyininin yayımladığı açıqlamada isə ABŞ hərbi gəmisinin Çinin ərazisinə daxil olmadığı bildirilib. Məsələ burasındadır ki, Çinin Cənubi Çin dənizində iddia etdiyi adalara Filippinin də iddiası var.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 2026637
azAZ