Müəllif: Şahin Elxanoğlu

Avropa Parlamenti bir-birinə zidd iki qətnamə qəbul edib

Avropa Parlamentində yanvarın 18-də bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan əleyhinə sənəd qəbul olunub. Erməni separatçılarının mövqeyini müdafiə edən həmin sənəddə Azərbaycandan Laçın yolunu açmaq tələb olunub. Sənəddə Rusiya hərbi kontingentinin bölgədəki fəaliyyəti tənqid olunaraq onun ATƏT-in sülhməramlı qüvvələrlə əvəz edilməsi gərəkliyi bildirilib. Məgər ATƏT-in sülhməramlı qüvvələri mövcuddur? Sənəddə başqa ziddiyyət də var, Azərbaycan  Ermənistanın Qarabağdakı ermənilərlə  “nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmamağa” çağırılıb.

Bu Avropanın özünün qəbul etdiyi prinsiplərə ziddir. Çünki Avropa Parlamentinin haqqında danışdığı kommunikasiya xətləri Azərbaycanın ərazi bütövlüyü və qanunları pozularaq çəkilib. Bu kommunikasiya xətləri Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır. Bu ona bənzəyər ki, Fransanın hansısa əyaləti Parisin icazəsi olmadan Almaniyadan qaz və elektrik nəql edir.

Maraqlıdır ki, Avropa Parlamenti öz qərarlarına hörmət etmir. Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanıb. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırıb. Yəni həmin qətnamə faktiki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Yeni sənədin heç bir bəndində isə yazılmayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalı və Azərbaycanın ərazi bütövlüyü əleyhinə təxribatlara yol verməməlidirlər.

Diplomatlarımız Avropa Parlamentinin iki qətnaməsi arasındakı ziddiyyəti avropalı deputatların diqqətinə çatdırmalıdırlar. Birində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyi vurğulanıb, digərində separatizmə dəstək ifadə olunub. Qoy izah etsinlər ki, eyni qurum bir-birinə zidd iki sənədi necə qəbul edə bilər? Avropa Parlamenti bir neçə il əvvəl müstəqil olmaq istəyən katalonlara yox dedi, İspaniyanın ərazi bütövlüyünü dəstəklədi, tərəfdaşları Ukraynanın, Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə sanksiya qəbul etdikləri Rusiyaya bağlı olan erməni separatçılarına dəstək verirlər. Diplomatlarımız Avropa Parlamentində Azərbaycan əleyhinə sənəd qəbul edənlərdən bunun izahını tələb etməlidirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Tokayev yeni seçkiyə ehtiyac duyub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəblər keçmiş prezident Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir. Tokayev parlamentin aşağı palatasıyla yanaşı hakimiyyətin regional strukturlarını da buraxıb. Parlamentə seçkilər bu ilin martın 19-a təyin olunub.  Qazaxıstanda Konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Buna misal olaraq istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb.

Əslində Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi. Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək Konstitusiya dəyişikliklərindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirdi. Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlətdi. Yeni Konstitusiyaya görə Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan başqa prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq qadağan edilib. Ayrıca, yeni Konstitusiyada birinci prezident Nursultan Nazarbayevin ismini xatırlayan bəndlər çıxarılıb.

 

 

Sergey Lavrov həm Azərbaycanı, həm də Ermənistanı tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında “balans siyasətini” davam etdirir. Rusiyanın xarici işlər naziri tərəflərdən birini tənqid edərkən, o birisini də tənqid etməyə çalışır.

Sergey Lavrov yanvarın 18-də Moskvada ötən ilin yekunlarıyla bağlı mətbuat konfransı keçirdib. O mətbuat konfransında dedi ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni Lavrovun sözlərindən belə nəticə çıxırdı ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi  yoxdur. Halbuki, Laçın yolu mülki insanlar və ərzaq daşınması üçün açıqdır.

Sergey Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minaların keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırdı: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Lavrov problemi gizlətmək istəyir. Rusiyaya yoldan silahların keçirilməsinə dair məlumat aksiyadan aylar əvvəl verilirdi. Rusiya bu müddətdə yoldan silahın, sursatın və minaların keçirilməsinə mane olmadı. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”. Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti idi. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” apararmı?

Sergey Lavrov mətbuat konfransında Ermənistanı da tənqid etdi. Lavrov dedi ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verdi. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırdı: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”.

Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Birincisi, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. İkincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir.

 

Rəsmi Bakı erməni separatçılarına hansı tələbləri göndərib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də Moskvada keçirdiyi mətbuat konfransında dedi ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib. Yəni Lavrovun fikrincə, bu görüşdən sonra Laçın dəhlizindəki vəziyyət dəyişməlidir. Ancaq vəziyyət belə deyil. Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Ceyhun Bayramov Azərbaycanın tələblərini bir daha Lavrova bildirib. Əsas tələb Qarabağda separatçıların nəzarətində olan mis və qızıl yataqlarında monitorinqin keçirilməsidir. Çünki həmin yataqlar işlər Azərbaycan qanunlarına ziddidir. Yataqların istismarından Azərbaycan faydalana bilmir. Bundan başqa ekoloji məsələlər də var.

Erməni saytları xəbər yaydılar ki, rəsmi Bakı tələblərini Qarabağdakı erməni separatçılarına göndərib. Erməni separatçılarının lideri Araik Arutunyan rəsmi Bakının tələblərini tərəfdarlarına izah edib: 1. Ruben Vardanyan Qarabağı tərk etməlidir; 2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar; 3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır; 4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.

Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcəklər. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.

Həqiqətən, erməni separatçılar üçün bundan da çətin günlər olacaq. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək.

 

 

Pekin Brüsselə hansı mesajı göndərib?

“Financial Times” dərgisində yayımlanan məqaləyə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibə barədə vaxtilə dostu Çin lideri Si Tsinpinin əvvəlcədən məlumatlandırmayıb. Dərgiyə bu haqda məlumatı Pekindəki rəsmi mənbələr veriblər. Rusiya və Çin liderləri müharibədən 20 gün əvvəl 2022-ci ilin fevralın 4-də bir araya gəliblər. Bundan sonra Moskvadan Pekinə mesajlar göndərilib ki, Ukrayna hakimiyyətini cəzalandırmaq istəyirlər. Pekində düşünüblər ki, Rusiya müharibəyə başlayarsa bu qısamüddətli və məhdud miqyaslı qarşıdurma olacaq. Dərginin yazdığına görə, Pekin ilkin ehtimalının yanlış olduğunu anlayıb.

Pekin işğalçı müharibə dövründə Moskva ilə ittifaqı daha da gücləndirib, iki dövlət arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə artıb. Bu o deməkdirmi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Pekinə mane olmur? Pekin ərazi bütövlüyü məsələsinə həssas yanaşmalıdır. Çünki özünün də oxşar problemləri var. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəi davam etdirməsi Pekinin Qərlə münasibətlərinin normallaşmasına əngəldir.

Müharibənin uzanması Pekinə Avropa ölkələri ilə münasibətlərdə əlavə problemlər yaradıb. Pekinin Kremli dəstəkləməsi Qərb ölkələrində neqativ qarşılanıb və bu amil Çinin bu ölkələrlə iqtisadi münasibətlərinə və yeni layihələrin reallaşmasına maneə yaradır. Pekin Kremlin siyasətinin qurbanı olmaq istəmir. “Financial Times” dərgisində yayımlanan məqalədə bir qrup çinli rəsminin Rusiya prezidenti Vladimir Putinin siyasətindən narazı qaldığı göstərilib. Misal üçün Çinin xarici işlər naziri vəzifəsinə bu ölkənin ABŞ-dakı səfiri təyin olunub. Halbuki, nazir vəzifəsinə Rusiya ilə əlaqələrə cavabdeh olan bir başqa diplomatın təyinatı gözlənilirdi. Nazir vəzifəsinə elə bir diplomat təyin edilib ki, o Qərblə münasibətləri yenidən normmalşdırmağa çalışmalıdır.

Pekin iki istiqamətdə xarici siyasət fəaliyyətini genişləndirməlidir. Birinci istiqamət Vaşinqtonla münasibətlərin normallaşdırılmasıdır. Bu çətin vəzifədir. Çünki iki ölkə arasındakı münasibətlər yalnız Çin-Rusiya ittifaqına görə mürəkkəbləşməyib. Çinin Tayvan adasıyla bağlı siyasəti Vaşinqtonun narazılığına səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün Pekin ilk növbədə Tayvan siyasətinə yenidən baxmalıdır. İkinci istiqamət Avropadır.  Pekin Avropa dövlətləri ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. Pekindən Brüsselə belə bir messj göndərilib ki, Çin hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin əleyhinədir. Ancaq bu azdır. Brüsselin Pekindən əsas istəyi Çin hakimiyyətinin Kremlin siyasətinə təsis etməsidir. Bu baş verməyincə, Pekinin Brüssellə münasibətlərini normallaşdırmaq çətin olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

24 ssenaridə nələr var?

Çin Kommunist Partiyasının ötən ilin oktyabr ayındakı qurultayında bu ölkənin lideri Si Tsinpin Tayvan probleminin həllini bu şəkildə göstərmişdi: “Tayvan məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağıq, bu alınmadıqda güc yolundan istifadəni də istisna etmirəm”. Qərb ölkələri Si Tsinpinin bu açıqlamasını müharibə xəbərdarlığı kimi anladılar.

Si Tsinpinin açıqlamasına baxmayaraq, Pekində müharibə tərəfdarları çox deyil. Çinin Tayvan məsələsi üzrə rəsmisi Ma Syaoqan bildirib ki, adanın nümayəndələri ilə təmasları genişləndirməyə hazırdırlar. Bu açıqlama Vaşinqtonda müsbət qarşılanıb. Təsadüfi deyil ki, ABŞ-ın Tayvan adası ətrafındakı hərbi dəniz qüvvələrinin fəallığı nisbətən azalıb.

Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər hazırlaşır. Tayvanda keçirilən seçkilərdə müxalifətdə olan Qomindan Partiyası qələbə qazanıb. Qələbə qazanan partiya isə Pekinlə praqmatik danışıqların tərəfdarıdır. Tayvan adasının keçmiş hakimiyyəti Pekinlə dialoqun əleyhinə idi. Vəziyyəti mürəkkəbləşdirən ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri oldu. Bu səfər Pekinin hərbi ritorikasını sərtləşdirdi. Pelosinin Ermənistana səfəri heç bir nəticə vermədiyi kimi, onun Tayvana səfəri də bölgədəki gərginliyin azalmasına xidmət etmədi. Tayvanda hakimiyyət dəyişdiyi kimi Nensi Pelosi də bu gün Nümayəndələr Palatasının sədri deyil.

Müharibə nə Çinin, nə Tayvanın, nə ABŞ-ın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir. Buna baxmayaraq, Çin bölgədə hərbi gücünü artırmaq siyasətindən imtina etməyib. Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək. Vaşinqton danışıqların tərəfdarı olsa da, Çinin bölgədə hərbi gücünün artırmasına seyrçi qalmayacaq. Vaşinqton bölgədəki müttəfiqləriylə birgə Çinin artan gücünün qarşısını almağa çalışacaq.

“Bloomberg” agentliyinin məlumatına görə, bu il ABŞ-ın Tayvan adası ətrafında müttəfiqləriylə birgə bir neçə hərbi təlimi nəzərdə tutulub. Tayvan ətrafında vəziyyətin inkişafına dair 24 ssenari mövcuddur. Bu ssenarilərin bir hissəsində ABŞ və bölgədəki müttəfiqlərinin Çinlə hərbi qarşıdurması yazılıb. Hərbi ssenarilər tərəflərin böyük itkisinə səbəb olacaq. Mümkün müharibənin Tayvan iqtisadiyyatına dağıdıcı zərbəsi olacaq. Entoni Blinken elə ona görə Pekinə səfərə hazırlaşır ki, ssenarilərin ən pis variantı reallaşmasın. Seçim Pekinindir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

İşğalçı hər zaman məğlub olur

Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Yəni Putin deyir ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. Rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib, kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb? Və ya Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, say 100 mini keçib. Putin ölümə göndərdiyi gəncləri də düşünmür. Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar.

 

Separatçılar “seçki” istəyirlər

Qarabağ separatçıları müxtəlif ölkələrə və təşkilatlara «Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin”  bağırarkən, separatçıların “parlamentinin sədri” Artur Tovmasyan Qarabağda növbədənkənar “prezident və parlament seçkilərinin” keçirilməsini təklif edib. Artur Tovmasyan bunu bölgədə yararan böhranla əlaqələndirib. Belə çıxır ki, yaranan böhranı separatçıların liderləri fərqli şəkildə görürlər. Ararik Arutunyan və Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən, bunlardan biri “seçki keçirək” təklifi ilə əslində problemin öz aralarında olduğuna eyham vurub. Çünki, növbədənkənar seçkini o zaman tələb edirlər ki, idarə edənlərdən narazılıq var. Görünür, separatçıların “parlamentinin sədrinin” Araik Arutunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə iddialıdır. Keçmişdə Robert Köçəryanla sıx əlaqəsi olan Artur Tovmasyanın separatçıların “Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyanın istefaya göndərilməsindən də narazıdır. Görəsən Artur Tovmasyanın Nikol Paşinyandan, Araik Arutunyandan və ya Ruben Vardanyandan fərqi nədir ki, “parlamentin sədri” onların çarəsiz qaldıqları durumu separatçıların xeyrinə dəyişəcəyini düşünür? Bir balaca düşüncəsi olan Qarabağ ermənisi bu gün nə Araik Arutunyanın, nə də Ruben Vardanyanın yerində olmaq istəyər. Düşüncə də qalmayıb.

 

Rusiya daha bir tərəfdaş siyahısından çıxarılıb

Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.
Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir” – bu cümlə yeni milli təhlükəsizlik strategiyasında yer alıb. Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib. Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub.
Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb. Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1395679
azAZ