Müəllif: Şahin Elxanoğlu

Ukrayna vacibdir, yoxsa Burkino-Faso?

Avropa İttifaqının rəhbəri Şarl Mişel bildirib ki, yaxın həftələr Ukrayna savaşında həlledici olacaq. Mişel haqlıdır. Rusiya genişmiqyaslı hücuma hazırlaşır. Əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər. Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırlarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur. Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə “alan” ələ öyrəşib.

 

 

Çinin əhalisi niyə azalıb?

Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 850 min nəfər azalıb. Çində ölkə əhalisinin sayının azalması son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb. Bununla Çində ilk dəfə ölənlərin sayı doğulanların sayını üstələyib.

Çində azalma niyə baş verib?

Bunun bir neçə səbəbi var.

Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. Koronavirus Çində qeydə alındıqda ölənlərin sayı çox deyildi. Pekin sərt qapanma qərarı verdi. Nəticədə dünyada koronavirus geniş yayılarkən, Çində virus nəzarət altına alındı. Ancaq 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəlli oldu ki, sərt qapanma  virusu yox etmədi. Pekin yenidən sərt qapanma qərarı verdi, ancaq bu dəfə çinlilər etiraza başladılar. Pekin etirazların artacağından ehtiyat edərək sərt qapanma siyasətindən imtina etdi. Bu isə öz növbəsində pandemiyanın bu il Çində əvvəlkindən də geniş yayılmasına şərait yaratdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq.

İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Bir uşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük veriridi ki, artan əhalinin problemləri də artırdı ki, onları həll etmək lazım idi.

Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin artan sayı artıq problem yaratmamamağa başladı. Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. İşçi qüvvəsinə ethiyac var. Buna görə də Pekin ailələrə nə qədər uşaq dünyaya gətirmək tövsiyyəsindən imtina edib.

Bu arada, Hindistanın əhalisi artıb. Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib. Bəziləri bu sayın çox ola biləcəyi ehtimalını irəli sürüb. Çünki Hindistanda kəndlərdə ev təsərrüfatlarında bir sıra hallarda doğuşlar qeydə alınmır, bu da əhalinin sayının daha çox olması ehtimalını artırıb.

Bu gedişlə Hindistan əhalisi Çin əhalisini üstələyəcək. Hindistan əhalisinin yarısı 30 yaşdan aşağıdır. Bu amil Hindistanın dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacağı ehtimalını artırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Dəmir Yumruq

İşğal altındakı torpaqlarımızın
azadlığı uğrunda şəhid olanların
əziz xatirəsinə

 

 

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar dalana dirənmişdi. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Azərbaycana qarşı təxribatları artırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşaya mütəmadi gəlişləri, Azərbaycanın qədim şəhərində yallı oynaması, Dağlıq Qarabağ “prezidentinin andiçmə mərasimini” Şuşada keçirməsi və separatçıların parlamentini də qədim şəhərimizə köçürməsini bəyan etməsi müharibənin qaçılmaz olduğunu göstərirdi. Ermənistan silahlı qüvvələrinin iyul ayında törətdiyi təxribat səbir kasamızı daşıran son damla oldu.

 

 

Kitabı buradan yükləyə bilərsiniz: Dəmir Yumruq

 

 

Aprel Atəş(kəs)i

Qarabağ savaşında həlak olanların əziz xatirəsinə ithaf edirəm.

2016 yadda qalan il oldu. Cəbhə bölgəsində 4 günlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. “Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətə hakim oldu. Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı. Savaş başlayana qədər il ərzində müxtəlif görüşlər keçirilmiş, bölgəyə səfərlər reallaşdırılmışdı. Həmin ilin Qarabağla bağlı gedişatın və aparılan danışıqların təfərrütları barədə “Aprel atəş(kəs)i” kitabını yazdım.

 

 

Kitabı buradan yükləyə bilərsiniz: Aprel Atəş(kəs)i

 

 

 

 

“Maydandan maydana”

2014-cü ildən başlayaraq Ukraynaya mütəmadi səfərlər edir, oradakı vəziyyəti təhlil edirdim. Kiyevdə ikinci “Maydan hərəkatı” davam edərkən Rusiya Krımı ilhaq etdi, ardınca Donbasda Moskvanın dəstəyi ilə separatçılar mərkəzi hakimiyyətə qarşı fəaliyyətə keçdilər. Kiyevdən Donetsk şəhərinə gedərək oradakı vəziyyəti yerindəcə təhlil etdim və 1990-ci illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalından çıxış edərək Ukraynanı daha ağır böhran gözlədiyi qənaətinə gəldim. Gözlərimin qarşısında Donetsk şəhərində separatçılar və Rusiyadan göndərilən xüsusi təyinatlılar inzibati binaları ələ keçirirdilər. Donetskdə olarkən ilk 5 nəfərin qətlə yetirildiyi xəbərini aldım. Donetskdən qatarla Kiyevə qayıtdım və bu Donbassdan Ukraynanın paytaxtına hərəkət edən sonuncu qatar idi. Kiyevin separatçılarla mübarizəsi başladı. Kiyevdə və Donetskdəki müşahidələrimi və keçirdiyim görüşləri rus dilində qələmə aldığım “Maydandan maydana” kitabında nəql etdim. Kitabın həm Bakıda, həm də Kiyevdə təqdimatını keçirdim.

 

 

Kitabı buradan yükləyə bilərsiniz: От «Майдана» к «Майдану»

 

 

 

Dağlıq Qarabağ: Statussuz Status

VACİB QEYD:  Elxan Şahinoğlu “Dağlıq Qarabağ: Statussuz Status” kitabı 2010-cu ildə qələmə almışdır. O zaman Azərbaycan hakimiyyəti status məsələsini ümumilikdə rədd etməsə də, “mərhələli” həll planın ilkin maddələri yerinə yetirildikdən sonra bu mövzunun müzakirəsinin mümkün olduğunu vurğulayırdı. Lakin ikinci Qarabağ Müharibəsi zamanı və ondan sonra da Azərbaycan hakimiyyəti Qarabağın statusu məsələsinin müzakirə olunmayacağını dəfələrlə bəyan edib.

 

Separatizmlə üzləşən dövlətlərin, o cümlədən Azərbay­ca­nın dünyanın müxtəlif bölgələrindəki muxtariyyətlərə artan marağı labüddür. Bu modellərin öyrənilməsinə və tədqiqinə ehtiyac var. Dünyanın tanınmış simalarından Dalay-Lamanın 2009-cu ildə İtaliyaya səfəri zamanı xüsusi olaraq Cənubi Tirola yollandığını xatırlatmaq lazım gəlir. Tibetin muxta­riy­yəti uğrunda mübarizə aparan Dalay-Lamanın bölgəyə səfə­rinin məqsədi İtaliyaya bağlı muxtar əyalətdə xalqların necə birgə yaşamasının nümunəsi ilə yerindəcə tanış olmaq idi. Bu və bu kimi təcrübələrin öyrənilməsinə erməni separatçıları­nın da ehtiyacı var. Çünki sonda Dağlıq Qarabağa veriləcək sta­tus bu kitabda nəql edilən 10 modelin statusundan artıq olmayacaq.

 

 

Kitabı buradan əldə edə bilərsiniz: Dağlıq Qarabağ-Statussuz Status

 

 

 

 

 

 

 

 

 

Rusiyada yeni hədəf kimdir?

Rusiya prezidenti Vladimir Putin 10 il əvvəl xarici jurnalistlərdən birinin “Ukraynanın NATO-ya inteqrasiyasına necə baxırsınız” sualına belə cavab vermişdi ki, bu onu narahat etmir, “Ukrayna müstəqil dövlətdir, istənilən qurumla əməkdaşlıq seçimində sərbəstdir” demişdi. 2014-cü ildə bu sözlərin həqiqəti əks etdirmədiyini gördük, dəyişən Putin məhz “NATO təhlükəsinə” görə Krımı ilhaq etdiyini açıqladı, 8 il sonra isə eyni “arqumentə” görə Ukraynaya qarşı işğalçı müharibə başladı.

Putinin hakimiyyətdə olduğu illərdə dəyişdiyinə dair başqa bir nümunə də var. Deməli, həmin Putin 2009-cu ildə Rusiyanın məktəb dərsliklərinə yazıçı Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” əsərinin daxil edilməsini lazım bilib. Bu əsər ilk dəfə 1973-cü ildə Qərb ölkələrində nəşr olunub. Əsər yazıçının özünün də keçdiyi məşəqqətli yoldan, o cümlədən 1918-1956-cı illər arasında düşərgələrdə incidilən və ölən milyonlarla SSRİ vətəndaşının represiyasından bəhs edir. Əsər SSRİ-də ilk dəfə 1989-cu ildə “yenidənqurma” illərində dərc olunub. Aleksandr Soljenitsının özünə də siyasi sığınacaq tapdığı ABŞ-dan geri qayıtmasına icazə verilib. Vaxtilə Soljenitsını dahi rus yazıçısı hesab edən Putin artıq fikrini dəyişib. Hazırda Kreml sahibini repressiya qurbanlarının acı taleyinin öyrənilməsi deyil, “imperiya sərhədlərinin genişləndirilməsi” düşündürür. Bu səbəbdən Putinin arxasınca gedənlərin qəddar Stalinə rəğbət artıb. Bu “məntiqə” görə faşist Almaniyası üzərində qələbə qazanan Stalin öz vətəndaşlarını öldürməyib, guya hamı hüzur içində yaşayırmış. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasında hakim partiyanın deputatları Aleksandr Soljenitsının əsərinin məktəb dərsliklərindən çıxarılmasını təklif ediblər. Deputatlar əsərdəki faktların həqiqəti əks etdirmədiyini iddia ediblər. Guya bu əsər yazılmasaydı və tarix kitablarına salınmasaydı, SSRİ-də milyonlarla insanın repressiya qurbanı olduğunu gizlətməkmi mümkündür? Dövlət Duması Ukrayna müharibəsi fonunda tarixi həqiqətləri gənc nəsildən gizlətməyə çalışır. Aydındır ki, sifariş Kremlən – birinci şəxsdən gəlib.

 

Putini dəstəkləmək olmaz!

Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev yanvarın 18-də verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini, o cümlədən Ukraynanı “nasistlərin” idarə etdiyini və dinc əhali arasında itkilərin qarşısını almağın mümkün olmadığını söyləyib. O bu sözlərinə görə həm mandatından, həm də “Ak Yol” Demokrat Partiyasındakı üzvlüyündən məhrum edilib. Bu qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.

Doğru qərardır. Bunun söz azadlığı və ya demokratiya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. İşğalı və işğalçıları dəstəkləyən siyasətçilərin aqibəti belə olmalıdır. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılır. Buna baxmayaraq, Qazaxıstanda belə Putini və Rusiyanın Ukrayna ərazisinin işğalını dəstəkləmək olmaz. Eyni qadağa digər ölkələrdə də tətbiq olunmalıdır. Təəssüf ki, Putin və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər ətrafımızda da var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməyin Ermənistanın Azərbaycan torpaqlarının işğalını dəstəkləməkdən heç bir fərqi yoxdur, ancaq ətrafımızda bunu anlamayanlar var. Qazaxıstan bunu anlamayanlardan birinin dərsini yaxşı verib.

 

Azərbaycan doğru seçim edib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, dünyada silah satışına görə ən yüksək artım nümayiş etdirən iki ölkə – Türkiyə və İsraildir. Hesabatda silah satışıyla məşğul olan 100 şirkətdən üçünün İsrailə, ikisinin Türkiyəyə məxsus olduğu vurğulanıb. Əgər Türkiyənin hərbi istehsalla məşğul olan şirkətləri 2002-ci ildə cəmi 1 milyard dollar civarında hərbi texnika satmışdılarsa, 2021-ci ildə bu göstərici 10 milyard dolları ötüb.

Türkiyə satış bazarını genişləndirib. Buna misal kimi uzaq Filippinin belə Türkiyənin 77 “Atak” helikopterini almasını göstərmək olar. Maraqlıdır ki, son illərdə İsrail şirkətlərinin əsas alıcıları ərəb ölkələri olublar. Halbuki, keçmiş illərdə ərəb ölkələrinin tamamı Fələstin məsələsinə görə İsraili qınayırdı. İndi isə bir qrup ərəb ölkəsi həm İsraillə diplomatik əlaqələr qurub, həm də bu ölkədən modern silahlar alır. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri İsrailin “Barak” adlı hava müdafiə sistemlərinə üstünlük verib. Azərbaycanın Türkiyə və İsraildən aldıqları hərbi texnika bu iki ölkə ilə strateji müttəfiqlik və strateji tərəfdaşlığa əsaslanır. Aldığımız hərbi texnikanın üstün keyfiyyəti özünü İkinci Qarabağ müharibəsində göstərib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı göstərir ki, Türkiyə və İsraillə strateji tərəfdaş olmayanların da bu iki ölkənin hərbi texnikasına marağı artıb.

 

Daha bir dövlət nüvə silahı istəyir

Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sayını artırması qonşu Cənubi Koreyanın narahatlığını artırıb. Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol ölkəsinin nüvə silahına yiyələnməsi istəyini səsləndirib. Cənubi Koreya Xarici İşlər Nazirliyi qonşu ölkələri qorxutmamaq üçün məsələyə aydınlıq gətirərək prezidentin nüvə silahıyla bağlı fikrinin hipotetik məna daşıdığını açıqlayıb. Ancaq prezidentin açıqlaması artıq işini görüb.

Beləliklə, Cənubi Koreya “nüvə klubuna” daxil olmaq istəyir. Seulun istəyi anlaşılandır. Qonşu Şimali Koreyada diktatura mövcuddur və bu ölkə istənilən an qonşu ölkəni raket atəşinə tuta bilər. Həmin raket isə nüvə başlığı daşıya bilər. Cənubi Koreya prezidenti nüvə silahına yiyilənmək üçün iki yol göstərib. Birinci yol Cənubi Koreyanın nüvə silahını öz imkanları ilə əldə etməsidir. Cənubi Koreyanın maliyyə və elmi imkanları yüksəkdir, qısa müddətdə çalışmalara başlayıb nüvə silahı əldə edə bilər. İkinci yol müttəfiq dövlətlərdən birinin Cənubi Koreya ərazisində nüvə silahı yerləşdirməsidir. Müttəfiq dövlət dedikdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları nəzərdə tutulub.

ABŞ-ın keçmiş prezident Donald Tramp Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsinin əleyhinə idi. Tramp bunun əvəzinə Şimali Koreya diktatoru ilə dialoqa üstünlük verirdi. Ancaq bu dialoq nəticə vermədi. Şimali Koreya nüvə başlıqlı raketlərin istehsalından imtina etmədi.

Əslində Cənubi Koreyada bir-biri əvəz edən liderlər nüvə silahı məsələsiylə bağlı keçmiş illərdə də açıqlamalar verirdilər. Misal üçün Çənubi Koreyanın 1970-ci illərdəki lideri Pak Çjon Hi nüvə silahı əldə etmək üçün alimlərə tapşırıq vermişdi, çalışmalar başlamışdı. Ancaq Vaşinqton Seula təzyiq etdi və çalışmalar dayandırıldı. Cənubi Koreya 1975-ci ildə “nüvə silahının yayılmaması barədə müqaviləyə” imza atdı. Ancaq hazırda vəziyyət fərqlidir. Şimali Koreya nüvə başlığı daşıya bilən raket istehsalını artırır və Seul buna seyrçi qalmaq istəmir.

Cənubi Koreya prezidentinin nüvə silahıyla bağlı açıqlaması bir çox ölkənin diqqətini çəkib. ABŞ Cənubi Koreyanın müttəfiqi kimi hazırki şərtlər daxilində Seula nüvə silahı əldə etməyə qadağan edə bilməyəcək. Cənubi Koreyanın nüvə silahına yiyələnməsi Rusiya və Çinin xoşlarına gəlməyəcək. Moskva və Pekin buna etiraz edəcəklər. Ancaq Moskva və Pekin Şimali Koreyanın nüvə başlıqlı raketlərdən imtina etməsi üçün heç nə etmədilər. Əksinə Moskva və Pekin Şimali Koreyanın ABŞ və Yaponiyanı raketlərlə hədələməsindən məmnundurlar.

Son aylarda Şimali Koreyanın pilotsuz uçuş aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olurlar. Cənubi Koreyanın havadan müdafiə sistemləri həmin dronları heç də hamısı zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təhciz olunmasıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1399496
azAZ