Kateqoriya: Açıqlamalar

Putin Qərbdən niyə qorxur?

Kreml sahibi Vladimir Putinin təbirincə desək, “Qərb ölkələri ümumbəşəri dəyərləri məhv edir”sə başda elə Rusiya prezidenti olmaqla bu ölkənin rəsmilərinin övladları niyə “lənətə gəlmiş” Qərb ölkələrində yaşayır, işləyir və övladlarını böyüdürlər? Çünki rəsmilərin övladları Rusiyanın gələcəyinə inanmadıqları üçün ABŞ və Avropa ölkələrinə üz tutublar. Putinin 9 may paradında səsləndirdiyi “vətənə məhəbbətdən güclü heç nə yoxdur” sözlərinin onun və əsabələrinin övladlarına aidiyyatı yoxdur. Kreml sahibi yenə də deyib ki, Qərb Rusiyaya qarşı müharibəyə başlayıb. Rusiya Ukraynaya qarşı içğalçı müharibəyə başlamasaydı, Qərb niyə Rusiya ilə müharibəyə başlamalıydı ki? Qərb Rusiya ilə savaşmır, sadəcə işğala yol vermək istəməyərək Ukraynanın məğlubiyyətinin qarşısını almağa çalışır. Putin sonrakı cümləsində deyib ki, Qərb öz qaydalarını diqtə etmək üçün münaqişələri qızışdırmağa çalışır. Rusiya “öz qaydalarını” diqtə etməsəydi, bu gün Qarabağda münaqişə ocağı qalmayacaq, separatizmə son qoyulacaq və Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdı. Həmin gün onsuz da gələcək. Qərb mələk deyil, ancaq Rusiyanı idarə edənlər onlardan betərdir.

Kremli hansı ölkə vurdu?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun iddiasına əsasən Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilibsə demək Rusiya üçün durum vahimdir. İkinci Dünya müharibəsi zamanı heç Hitlerin ordusu Moskvaya xeyli yaxınlaşmasına rəğmən, Kremlə zərbə endirə bilməmişdi, Moskvanın hava məkanı ciddi qorunurdu. Şübhəsiz Vaşinqton Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən zəif düşməsi üçün var gücüylə çalışır, Kremli cəzalandırmağın planları qurulur. Halbuki, “ABŞ Kremlə PUA hücumunda iştirak etmir” deyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb. Bütün hallarda Kremlin təpəsini vuranların iki məqsədi olub. Birinci məqsəd müharibənin Rusiya ərazisinə keçdiyinə eyham vurulub. İkinci məqsəd zərbəyə cavab olaraq Rusiyanın reaksiya gücünü öyrənmək istəyiblər. Ukraynada işğalçı müharibə davam etdikcə Rusiya daha çox naməlum gələcəyə doğru irəliləyəcək.

Pekin Krımı Rusiya ərazisi sayır?

Çinin Fransadakı səfiri Lou Şayeтшт Fransanın televiziya kanallarından birinə verdiyi müsahibə geniş ək-səda doğurub. Aparıcı səfirə “Krım kimindir” sualıyla müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb. Çin səfiri müsahibəsində “irəli gedərək” ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadıqlarını” bildirib. Çinli diplomatın sözlərinə  görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.

Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyyət təşkil etdiyini bildirib. Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələyə aydınlaşdırmasını istəyir. Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin buna da haqq qazandıracaq.

Alim Bayel xüsusi missiya ilə Azərbaycana səfir təyin edilib

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə Alim Bayel Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib. 1984-cü ildə Jambıl vilayətinin Taraz şəhərində doğulan Bayel Türkiyədə Orta Doğu Texniki Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bitirib, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamlayıb. Alim Bayel 2008-2012-ci illərdə özəl sektorda çalışıb. 2012–2014-ci illər ərzində  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, həm də 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru olub. Alim Bayel ölkəsində müxtəlif dövlət vəzifələrində çalışıdıqdan sonra 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub. Azərbaycanda fövqəladə və səlahiyyətli səfir postuna təyin olunmazdan öncə Alim Bayel Qazaxıstanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışıb.

Türk dünyasını yaxından tanıyan və Türkiyədə çalışan diplomatın Azərbaycana səfir təyin olunması Astananın Bakı ilə strateji müttəfiqliyi gücləndirməsindən xəbər verir. Türkiyədə təhsil alan və Türkiyədə diplomatik fəaliyyət göstərən diplomatın Anadolu türkcəsində sərbəst danışması onun Azərbaycandakı işini də rahatladacaq, çalışdığı ölkənin rəsmiləri, diplomatları və vətəndaşlarıyla birbaşa ünsiyyət saxlamasına şərait yaradacaq. Digər tərəfdən yeni səfir Türkiyə-Azərbaycan-Qazaxıstan üçbucağının formalaşmasında çalışmalı, 3 ölkə arasında enerji və nəqliyyat əməkdaşlığının genişlənməsində xüsusi rol oynamalıdır.

Vilayəti Azərbaycanla müharibə istəmir

İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: “İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”. Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırki vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksu yoxdur. Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur.

Əliyev Paşinyanla hansı ölkədə görüşəcəklər?

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüsseldə, ya da Vaşinqtonda görüşə biləcəkləriylə bağlı xəbərlər yayılıb. ABŞ və Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyanı  görüşdürməkdə maraqlıdırlar. Rusiya və İran isə Vaşinqton və Brüsselin vasitəçiliyinin əleyhinədirlər. Rusiya və İran hesab edir ki, Vaşinqton və Brüssel bölgəyə aid olan məsələlərə qarışmamalıdırlar. Ona görə də təmas xəttindəki son təxribatın bu iki dövlətin “təşəbbüsü” ilə baş verdiyinə dair mülahizələr var. Məqsəd liderlərin Brüssel və Vaşinqtondakı görüşünü əngəlləməkdir. Azərbaycan prezidenti İlham Əliyev görüşün Brüssel və ya Vaşinqtonda keçirilməsinə etiraz etmir. Qərarı Nikol Paşinyan verməlidir. Paşinyan Brüssel və Vaşinqtonla münasibətlərdə lazımsız gərginlik yaşamamaq üçün o da görüşə razılaşa bilər. Ancaq əsas məsələ bu deyil. Görüş Brüssel və ya Vaşinqtonda keçirilsə belə, nəticə nə olacaq? Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz.

Lavrov Türkiyəyə niyə gedəcək?

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir. Putindən əvvəl isə xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Bu böyük ehtimalla Mövlüd Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq. Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq, indiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar. Mövlüd Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. Ərdoğan prezident seçkisində məğlub olarsa, bu onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək. Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xaraktetinə bələddir. Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək.

Azərbaycan Fələstini də unutmayıb

Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır. Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib. Başqa dövlət rəsmiləri də İsrailə səfəri yekunlaşdırdıqdan sonra Fələstinə keçirlər. Bu İsraillə Fələstin arasında balansı qorumağa imkan verir. Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir. Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda Fələstini dəstəklədiyinə görə, Azərbaycana təşəkkürüni bildirib. Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq Nablus regionunda məktəb tikəcək. Bunlar varkən heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmağımızda ittiham edə bilməz.

Azərbaycan İranla eyni platfomaya maraq göstərmir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir. Bu platformanı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib və Azərbaycan prezidenti İlham Əliyev dəstəkləyib. Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları “3+3” platformasına zərbə vurub. İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir. Tehran regional əməkdaşlıqdam danışsa da, “3+3” platformasını dəfn etmək üzrədir. İranlı nazir deyir ki, bölgənin məsələləri “3+3” platforması çərçivəsində həll etməlidir. Biz Ermənistanla və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur.

Putin Hitlerin səhvini təkrarlayır

Kreml sahibi Vladimir Putin Ukraynanın Baxmut şəhərində Rusiyaya qəbir qazır. Rusiya ordusu “Vaqner” muzdlu qrupu ilə birgə aylardır kiçik şəhəri işğal edə bilmədiyinə görə hər gün böyük itkilər verir. Rusiya bu döyüşlərdə müxtəlif təxminlərə görə 30 minə yaxın döyüşçüsünü itirib. Suriyada, Liviyada və Afrikanın mərkəzi ölkələrində ad və pul qazanan “Vaqner” Baxmutda ən ağır məhrumiyyətlərlə üzləşib. ABŞ vaxtilə Ukrayna prezidenti Volodimir Zelenskiyə Baxmutu tərk edib geridə müdafiənin təşkilini təklif etmişdi. Zelenski razılaşmadı və haqlı çıxdı.
Ukrayna prezidenti Baxmutu niyə tərk etməməsini dəmir arqumentlərlə izah edib: 1.Əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, Rusiya prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”; 2. Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq; 3. Baxmut ruslara təhvil veriləcəyi təqdirdə Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər, bizim cəmiyyət yorğunluq hiss edəcək və məni Rusiya ilə kompromissə yönləndirməyə başlayacaq.
Putin Hitlerin səhvini təkrarlayır. Hitler üçün İkinci Dünya müharibəsi zamanı Stalinqradı işğal etmək prinsipial məsələydi. Alman qoşunları şəhərə daxil oldular və aylarla küçə döyüşləri davam etdi, Berlin indiki Moskva kimi hər gün “şəhər bizimdir” deyərkən sovet qoşunları müqaviməti gücləndirərək şəhəri geri aldı. Stalinqrad uğursuzluğu Hitler Almaniyasının sonunun başlanğıcı oldu. Putin eyni yolla gedir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 255863
azAZ