Kateqoriya: Açıqlamalar

ABŞ mühasirəyə son qoymaq istəmir

ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib. İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi. Ancaq İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi. Bunun səbəbi ABŞ-ın “Hörmüz boğazının” mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin “Hörmüz boğazının” istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, “Hörmüz boğazı” ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil.

Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşığıdı qənaətindədirlər. Çünki İslamabadda hesab edirlər ki, danışıqların baş tutmaması ABŞ-ın “Hörmüz blokadası”nın davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələ ki, dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə, atəşkəsi uzatdığını bildirib.

Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb. Pakistanın informasiya naziri bildirib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki, görüş  və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq. Körfəz ölkələri təşviş içindədirlər. Çünki, yenidən müharibə başlayarsa, İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq. Buna İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər”.

Tayvanın müxalifət lideri Pekinə niyə səfər edib?

ABŞ – İran danışıqları fonunda Pekin Tayvan siyasətini fəallaşdırıb. Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü bundan xəbər verir. Çjen Liven bu səfərini “sülh səyahəti” adlandırıb.
Bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür. Halbuki, Tayvan prezidenti Lay Çinde Pekinlə danışıqların əleyhinədir. Pekin Lay Çindeni demokratik yolla seçilmiş prezident saymır. Pekin onu separatçı adlandırır. Bunun əksinə olaraq Pekin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə “yumşaq gücdən” istifadə etməyə hazırdır. İkincisi, Pekin Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır.

Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyinin aradan qaldırlğılması vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridirlər. Çin lideri Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. Si Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası “siyasi qarşılıqlı etimadı” gücləndirməli və “boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər.

Beləliklə, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır. 1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi “vahid Çin” konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Pekinin ritorikası sərtləşdi.

Buna baxmayaraq, Pekin Tayvan adasını güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir. Müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir. Çünki, Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çin birləşdirilməsinin əleyhinədir.

ABŞ-ın hərbi resursları tükənib

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfərini başqa tarixə keçirməsi Pekində narahatlıqla qarşılanıb. Tramp Çinə səfərini İran müharibəsinə görə təxirə salıb. Bu isə Pekində belə qiymətləndirilir ki, Tramp müharibəni qələbə ilə başa çatdırıb Çinə səfər etmək istəyir. Çin isə ABŞ-ın İrana qarşı müharibədə qələbə qazanmasını istəmir. Digər tərəfdən Donald Trampın Pekinə səfəri təxirə salması Çin lideri Si Cinpinin görüşlər qrafikinə təsir edib.

Pekində ABŞ – İran müharibəsindən bu qənaətə gəliblər ki, Vaşinqton qlobal liderliyini qorumağa çalışır. ABŞ həm də sanksiyalar yolu ilə müxtəlif qitələrdə təsir gücünü artırmağı qarşısına məqsəd qoyub. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çin Tayvan adasını nəzarətə götürmək istəyir. Bunun üçün Çin münasib zamanda hərbi gücündən istifadə etməyi planlaşdırır. ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Çini Tayvan adasını nəzarətə götürməkdən çəkindirmək məqsədi də daşıyır. Əlbəttə, ABŞ Çinlə müharibəyə hazırlaşmır, ancaq İran müharibəsi vasitəsilə Pekinə mesaj göndərilir ki, hərbi qarşıdurma halında Tayvana hərbi dəstək veriləcək.

Vaşinqtonun Asiya və Sakit okean bölgəsində hərbi gücünü və hərbi bazalarının sayını artıracağı da proqnozlaşdırılır. ABŞ Çinə qarşı Yaponiya və Avstraliya ilə kolaisiya yaradacağı da ehtimal edilir. ABŞ eyni zamanda Çini neftlə təmin edən ölkələri də nəzarətə götürmək istəyir. Hörmüz boğazının açılması buna görə Çin üçün əhəmiyyətlidir. İran Hörmüz boğazından Çinə neft daşıyan tankerlərə toxunmasa da, bölgədəki gərginlik enerji daşıyıcılarının çıxış imkanlarını məhdudlaşdırıb.

ABŞ İrana qarşı müharibədə hərbi reruslarının, o cümlədən raketlərin böyük hissəsini istifadə edib. Amerikalı hərbi ekspertlərin fikrincə, əgər Çinlə hərbi münaqişə olarsa, ABŞ-ın cəmi 8 günlük raket və mərmi resursu var. Bu səbəbdən ABŞ İranla müharibəni bitirdikdən sonra həm hərbi xərclərini, həm də hərbi texnika, o cümlədən raket və mərmi istehsalını artıracaq.

Yaxın Şərqdəki gərginliyi Hindistanın siyasi dairələri də diqqətlə izləyirlər. Hindistan İranla münasibətləri dəyişməz qalıb. Buna görə də İran Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından rahat keçidinə şərait yaradıb. Bundan başqa ABŞ müharibə müddətində Hindistana Rusiyadan neft alışına icazə verib. Ancaq bu müvəqqəti xarakter daşıyır. Müharibənin davamı Hindistanın Yaxın Şərqdən keçməsi planlaşdırılan nəqliyyat layihəsinin reallaşmasına əngəldir.

Trampı Hörmüz boğazındakı vəziyyət narahat etmir

ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək. Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib. Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Misal üçün Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.

Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Pakistanla Çinin müharibənin dayandırılması məqsədilə irəli sürdüklər beş maddəlik plan sadədir. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır.

Donald Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır. ABŞ Prezidenti həmin tarixə qədər müharibəni bitirməyi planlaşdırır. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradır. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq.

İranın hava müdafiə sistemi niyə çökdü?

Ötən ilin yayındakı müharibədə olduğu kimi İranın hava müdafiə sistemi hazırki müharibədə də çökdü. ABŞ və İsrailin hərbi təyyarələri İranın hava məkanında sərbəst şəkildə uçur və istədikləri hədəflərə zərbələr endirirlər. İranın Rusiya və Çindən aldıığı hava müdafiə sistemləri işə yaramadı, böyük əskəriyyəti bombardmanlar nəticəsində dağıdıldı. Rusiya və Çinin hava müdafiə sistemlərinin işə yaramadığı ilk dəfə Venesuelada özünü biruzə verdi. Venesuelanın keçmiş lideri Nikolas Maduro Rusiyadan hava müdafiə sistemlərinin alınmasına milyardlarla dollar xərcləmişdi. Ancaq həmin hava müdafiə sistemləri ABŞ helikopterlərinin paytaxt Karakasa enməsinə və Maduronun oğurlanmasına mane ola bilmədilər.

İran Rusiya ilə yanaşı Çindən də hava müdafiə sistemləri almışdı. İranda keçirilən hərbi paradlarda həm Rusiyanın S-300, həm də Çinin JY-27 radar sistemləri, o cümlədən HQ-9B raketləri nümayiş etdirilirdi. Ancaq İranın ABŞ və İsraillə müharibəsində bu radar və raketlər işə yaramadı. İran ABŞ və İsraillə müharibədə özünün istehsal etdiyi dron və ballistik raketlərdən istifadə edir. Əslində Çinin hava müdafiə sistemləri Rusiyanın S-400 və ABŞ-ın Patriot hava müdafiə sistemlərinin oxşarıdır. Bu hava müdafiə sistemləri nəzəri olaraq eyni anda birdən çox hədəfi izləmək və vurmaq üçün daxili radar sistemlərinə malikdirlər. Praktikada isə bunlar özünü doğrultmadı.

İrana qarşı müharibə Rusiya və Çin istehsalı olan hərbi texnikaya marağı azaldıb. Venesueladakı olaylara və İran müharibəsinə qədər müxtəlif dövlətlər, o cümlədən Misir və bir qrup Latın Amerikası ölkəsi Rusiya və Çinin hərbi texnikasını almaq barədə düşünürdülər. Ancaq artıq bu ölkələr Qərb ölkələrinin istehsalı olan hərbi texnikaya maraq göstərməyə başlayıblar.

Hindistan – Çin münasibətləri normallaşır

Dehli Çinin Hindistan iqtisadiyyatına qoyduğu investisiya məhdudiyyətlərinin yumşaldılmasına qərar verib. Bu, Baş nazir Narendra Modinin Pekinlə əlaqələri bərpa etmək və altı illik çəkişməyə son qoymaq məqsədilə atılan addımdır.

Yaxın Şərqdə müharibə fonunda Hindistan və Çin münasibətlərin normallaşmasına çalışırlar. Asiyada iki nüvə silahına malik ölkə – Çin və Hindistan arasında 2020-ci ildə sərhəddə gərginlik yaşamışdı. İki ölkənin sərhədçiləri arasında baş verən toqquşmadan sonra Dehli Pekinlə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmağa qərar vermişdi. Dehli bundan başqa Çinin Hindistana yatırımlarına məhdudiyyət qoymuş, müxtəlif birgə layihələr dondurulmuşdu. Hindistan milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək TikTok da daxil olmaqla Çin mənşəli 59 texnoloji şirkətin fəaliyyətini qadağan etmişdi. Dehli Çinin nəhəng avtomobil istehsalçısı olan BYD-nin 1 milyard dollarlıq investisiya təklifini rədd etmişdi.

Buna baxmayaraq, Hindistan və Çin 2024-cü ildə dörd illik hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli sərhədlərini patrul etmək barədə razılığa gəldilər. Bu ona görə vacib idi ki, sərhədin dağlıq hissələrində növbəti dəfə toqquşma baş verməsin. Bu qərardan bir il sonra Hindistanın baş naziri Narendra Modi 7 illik fasilədən sonra Çinə səfər etdi. Bu səfər nəticəsində Hindistan və Çin arasında beş illik fasilədən sonra birbaşa uçuşlar bərpa olundu.

Hindistanla Çinin yaxınlaşması ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi fonunda baş verib. Bu müharibədən həm Çin, həm də Hindistan əziyyət çəkir. Hər iki dövlətin İrana yatırım planları var idi. Bundan başqa İranın Hörmüz boğazını atəş altında saxlaması Çinin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Belə vəziyyətdə Pekin və Dehli öz aralarında iqtisadi əlaqələri genişləndirməyə qərar veriblər.

ABŞ Hindistana Rusiyadan neft almasına etiraz etmir

Amerika Birləşmiş Ştatları İrana qarşı müharibə fonunda Hindistanın Rusiyadan neft almasına etiraz etmir. Halbuki, Vaşinqton İrana qarşı müharibəyə başlamadan əvvəl Hindistanın Rusiyadan neft alışını davam etdirəcəyi halda bu ölkəyə qarşı gömrük rüsumlarını artıracağını bildirmişdi. Ancaq hazırda ABŞ Prezidenti Donald Trampı Rusiyanı sıxışdırmaq və bu ölkənin neftini alan ölkələri hədələmək deyil, İranı ram etmək düşündürür.

ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasına görə, Hindistanın neftayırma zavodları 30 gün ərzində Rusiya neftini ala biləcəklər. Onun sözlərinə görə, dənizlərdə üzən Rusiya nefti ilə dolu tankerlərə qadağa müvəqqəti ləğv edilib və Hindistanın neftayırma zavodları həmin nefti ala bilərlər. Ancaq Skott Bessent qadağanın müvəqqəti ləğv edildiyini bir daha xatırladaraq Hindistanın gələcəkdə ABŞ neftini alacağına ümid etdiyini söyləyib. Ancaq Bessentin “müvəqqəti” adlandırdığı dövr qeyri-müəyyən müddətə uzadıla da bilər. Çünki ABŞ-İran müharibəsinin 30 günə bitəcəyini proqnozlaşdırmaq çətindir. Müharibə uzana da bilər. Bu müddətdə isə həm neftin qiyməti qalxacaq, həm də Yaxın Şərq ölkələri neftin ixracatında çətinliklərdən qurtulmayacaqlar.

Hindistan Rusiya-Ukrayna müharibəsinə qədər Rusiyadann neft almırdı. Hindistan ona lazım olan neftin əsas hissəsini Körfəz ölkələrindən alırdı. Hindistanın neft ehtiyatları 25 günə çata bilər. Bu ölkə neftə olan tələbatının təxminən 40 fazini Hörmüz boğazı vasitəsilə Yaxın Şərq ölkələrindən əldə edirdi. Rusiya Qərbin sanksiyalarına görə, satdığı neftin qiymətini ucuzlaşdırdıqdan sonra Hindistanın neftayırma zavodlarının Rusiya neftinə marağı artdı. Ancaq Hindistanın ucuz Rusiya neftini aldığına görə son bir ildə Vaşinqtonun Dehliyə təzyiqi artıb. Dehli Vaşinqtonun təzyiqləri qarşılığında Rusiya neftini imtina etməyə hazırlaşarkən, Yaxın Şərqdə müharibə başladı. Bu da Hindistanın Yaxın Şərq ölkələrindən neftin alışını çətinləşdirib. Odur ki, Hindistan neftə olan tələbatının əsas hissəsini əvvəlkitək Rusiya nefti hesabına ödəmək məcburiyyətində qalıb və Vaşinqton Yaxın Şərqdə müharibə fonunda Dehlinə təzyiq etmək istəmir.

Tokio Vaşinqtonla razılıq əldə edib

Tokio Vaşinqtonla əldə etdiyi razılaşma çərçivəsində ABŞ-ın neft, qaz və kritik mineral layihələrinə təxminən 36 milyard dollar dəyərində investisiya planı hazırlayıb. İlkin tranş strateji sektorlarda üç böyük layihəni əhatə edəcək. Bunlara Texasdakı neft və qaz qurğuları, Ohayoda elektrik enerjisi istehsalı infrastrukturu və Corciyadakı vacib mineral qurğuları daxildir. Ohayo layihəsi tarixdə ən böyük təbii qaz infrastrukturu sayılır. Burada təxminən 9,2 giqavat elektrik enerjisi istehsal ediləcək. Bundan başqa ABŞ-ın Meksika körfəzində dərin su xam neft ixrac qurğusu yerləşdirmək və sintetik sənaye almaz istehsal gücü yaratmaq planları var. Dərin su ixrac qurğusu vasitəsilə ABŞ-da hər il 20 milyard ilə 30 milyard dollar arasında xam neft ixrac ediləcək.

Yaponiyanın baş naziri Sanae Takaiçi qaz infrastrukturunun süni intellekt məlumat mərkəzlərinin enerji təchizatına kömək edəcəyini, habelə yarımkeçirici, avtomobil və aviasiya sənayesində istifadə olunan sintetik almazların müəyyən bir ölkədən həddindən artıq asılılığı azaltmaq üçün nəzərdə tutulduğunu qeyd edib. Yaponiya Ohayo qaz infrastrukturu layihəsinə təxminən 33,3 milyard dollar investisiya qoyacaq.

Sanae Takaiçinin ABŞ-a böyük yatırımlar həyata keçirmək istəyi həm də Çinlə bağlıdır. Sanae Takaiçinin Çinin adını çəkməsə də, ABŞ-a qoyulan yatırımların Yaponiyanın təhlükəsizliyini artıracağına ümid etdiyini bildirib. Ümumlikdə Yaponiyanın ABŞ-a qoyacağı yatırım planı 550 milyar dolları əhatə edəcək. Bunun müqabilində ABŞ Prezidenti Donald Tramp avtomobillər də daxil olmaqla Yaponiya ixracatına ABŞ tariflərini azaltmağa razı olub.

Çin neft emalından tutmuş avtomobil istehsalına qədər geniş sənaye sahələrində vacib olan nadir torpaq elementlərinin hasilatı və emalına hakim olmaqla, vacib mineral bazarının böyük bir hissəsini idarə edir. Pekin nadir torpaq elementlərinin ixracını xeyli məhdudlaşdırıb. Yaponiya sənayesinin isə nadir torpaq elementlərinə ehtiyacı var. Bu səbəbdən Tokio nadir torpaq elementlərinin idxalını alternativ ölkələrdən idxal etməyi planlaşdırır. Takio bu məsələdə Vaşinqtonun dəstəyinə də ümidlidir.

Ukrayna xalqı və ordusu mərdlik nümayiş etdirir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü sadəcə bir tarix deyil. Bu, insanların həyatını — təkcə Ukraynada deyil — “əvvəl” və “sonra”ya bölən həddən kənarda yaşanmış daha bir ildir. Bu, dörd il ağrı və itkilər, eyni zamanda dörd il sarsılmazlıq, cəsarət, mərdlik, həmrəylik və ədalətə inam deməkdir.

2014-cü ildə Krımın işğalı və Luqansk və Donetsk vilayətlərində hibrid müharibə ilə Rusiyanın təcavüzü başladı, 24 fevral 2022-ci il səhər tezdən isə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirdi ki, bu da İkinci Dünya müharibəsinin başa çatmasından bəri Avropada ən böyük müharibəyə çevrildi. Dinc şəhərlərə raket-bomba və dron zərbələri, mülki əhalinin dağıdılmış evləri, məhv edilmiş enerji infrastrukturu, xarabalığa çevrilmiş xəstəxanalar və məktəblər, milyonlarla məcburi köçkün, minlərlə həlak olmuş günahsız insan, on minlərlə qanunsuz olaraq zorla aparılmış ukraynalı uşaq — bunlar Ukraynanın müstəqil və suveren dövlət olmaq, öz gələcəyini sərbəst müəyyən etmək hüququ uğrunda ödəməkdə davam etdiyi bədəlidir.

Lakin putin rejimi ən əsas məsələdə — Ukrayna xalqının gücünü qiymətləndirməkdə — yanıldı. Ukrayna dayandı. Şəhərlər və regionlar dayandı, qəhrəman xalq dayandı, Ukrayna dövləti dayandı! Ordu hücumun qarşısını aldı və əhəmiyyətli əraziləri azad etdi. Cəmiyyət heç vaxt olmadığı qədər birləşdi. Ukraynalılar müxtəlif regionlardan, etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, öz ölkələrini, torpaqlarını, milli kimliklərini, azadlıqlarını və dəyərlərini müdafiə etmək üçün bir araya gəldilər.

Bu dörd faciəli və taleyüklü genişmiqyaslı müharibə ilində Ukrayna öz dərdi ilə tək qalmadı. Biz beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına — onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdirmişlər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərmiş və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir. Bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür. Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır — o göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir.

Biz Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndiririk. Müasir dünyada bunlar abstrakt formullar deyil — bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır.

Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələri regionumuzdan xeyli kənara çıxır. O, qlobal ərzaq təhlükəsizliyinə, enerji bazarlarına və logistika zəncirlərinə təsir göstərmişdir. Rusiya ərzaq və enerji resurslarını qəsdən qlobal təzyiq aləti kimi istifadə edir. Ukrayna isə, öz ərazisində genişmiqyaslı hərbi əməliyyatlara baxmayaraq, dünya ərzaq sabitliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir, o cümlədən buna kəskin ehtiyacı olan ölkələrə taxıl tədarük edir.

Biz yalnız öz torpağımızı müdafiə etmirik — biz müasir dünya nizamının əsasını təşkil edən prinsipləri müdafiə edirik: müstəqillik hüququnu, inkişaf hüququnu, xalqların müharibəsiz, ədalətli dünyada yaşamaq hüququnu.

Bu dörd il ərzində Ukrayna xalqı artıq son dərəcə ağır bədəl ödəmişdir. Minlərlə ukraynalı hərbçi doğma torpağını müdafiə edərkən həyatını itirmişdir. On minlərlə mülki şəxs atəşlər və işğalın qurbanına çevrilmişdir. Yüzlərlə şəhər və kənd dağıdılmışdır. Lakin hətta xarabalıqlar arasında belə Ukrayna bərpa edir və qurur, uşaqları təhsil alır, iqtisadiyyat, ticarət və biznes inkişaf edir, uşaqlarını və əsirlərini vətənə qaytarır. Bizim dayanıqlılığımız təkcə hərbi gücün deyil, həm də Ukrayna xalqının ruh gücünün və bütün dünyadakı tərəfdaşlarımızın dəstəyinin nəticəsidir.

Biz ədalətli sülhə inanırıq — güc hüququna deyil, hüququn gücünə əsaslanan sülhə. Bu gün, genişmiqyaslı müharibənin dörd ili və Rusiya təcavüzünün başlanmasından on iki il sonra, ölkəmiz beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığa, dialoqa və birgə təşəbbüslərə açıq qalır.

Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və dəstəyin möhkəm tarixi təməli üzərində qurulmuşdur. Biz siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin daha da inkişafında maraqlıyıq.

Bu günlərdə biz yalnız 2022-ci ilin fevralında baş vermiş faciəli hadisələri xatırlamırıq. Biz gələcəyə baxırıq. Ukrayna mübarizəni davam etdirir. Ukrayna bərpa olunur. Ukrayna islahatlar aparır. Ukrayna beynəlxalq tərəfdaşlıqlarını gücləndirir.

Və Ukrayna mütləq qalib gələcək — çünki o, həqiqəti, azadlığı və yaşamaq və inkişaf etmək hüququnun özünü müdafiə edir. Mən əminəm ki, beynəlxalq həmrəylik nə qədər möhkəm olarsa, beynəlxalq hüquq prinsiplərini müdafiə edən dövlətlərin səyləri nə qədər çox birləşərsə, ədalətli və davamlı sülh bir o qədər tez bərqərar olacaq. Azərbaycanın göstərdiyi dəstəyə, dostluğa və ən çətin günlərdə uzadılan qardaş kömək əlinə görə bir daha səmimi təşəkkürümü bildirirəm. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu unutmuruq. Və əminik ki, qarşıda ölkələrimiz üçün strateji tərəfdaşlığın genişlənməsi, uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimada, hörmətə və xalqlarımızın ümumi sülh və firavan gələcəyinə əsaslanan həqiqi dostluğun yeni səhifələri var.

Yuriy Husyev
Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Süni intellekt yalnız varlı dövlətlərə məxsus olmamalıdır

Yeni Dehlidə 16-20 fevral tarixlərində keçirilən süni intellekt sammiti Qlobal Cənubda indiyə qədər keçirilən ən əhəmiyyətli süni intellekt toplantılarından biri kimi seçilib və media orqanları onu bu günə qədər “dünyanın ən böyük” süni intellekt sammiti kimi təsvir ediblər. Bu sammit mühüm dəyişikliyə işarə idi. Böyük Britaniya Süni intellekt Təhlükəsizliyi Sammiti, Süni intellekt Seul Sammiti və Fransa Süni intellekt Fəaliyyət Sammiti kimi sələflərdən sonra Qlobal Şimalın ənənəvi güc mərkəzlərindən kənarda keçirilən ilk qlobal süni intellekt sammiti olub.

Zirvənin əsas məqsədi süni intellektin demokratikləşdirilməsi və Qlobal Şimal və Cənub arasında artan süni intellekt uçurumunun aradan qaldırılması idi. Süni intellekt resursları, istedad, infrastruktur və innovasiya hələ də bir neçə varlı ölkədə və korporasiyada cəmləşib və dünya əhalisinin əksəriyyəti üçün mədəni cəhətdən müvafiq, dil baxımından müxtəlif və sosial cəhətdən təsirli süni intellekt həllərinin inkişafını məhdudlaşdırır.

Bu bölünmə mövcud bərabərsizlikləri daha da şiddətləndirmə riskini yaradır: Qlobal Şimal süni intellekt tətbiqində sürətlə irəliləsə də (Microsoft-un Süni intellekt Diffuziya Hesabatı kimi hesabatlara görə, Qlobal Cənubdan təxminən iki dəfə çox istifadə olunur), bir çox inkişaf etməkdə olan bölgələr infrastruktur, bacarıqlar, məlumatlara çıxış və hesablama gücü baxımından geridə qalır.

Zirvə toplantısında süni intellekt elita üçün lüks deyil, inklüziv artım, davamlı inkişaf və “Bəşəriyyət üçün süni intellekt” üçün bir vasitə kimi təqdim edildi. Qlobal Cənubun səslərini gücləndirməyə ehtiyac var. Qərbin texnologiya dominantlığına nisbətən yerli kontekstlərə üstünlük verməyi və süni intellektin yoxsulluğun azaldılması, sağlamlığın yaxşılaşdırılması və iqlim dəyişikliyinə davamlılıq kimi ortaq məqsədlərə doğru irəliləyişi sürətləndirməsini təmin edilməlidir. Afrika, dünyanın ən böyük və ən gənc əhalisindən biri olmasına baxmayaraq (bir çox ölkədə 1 milyarddan çox insan və orta yaş həddi 20 yaşdan kiçik), ona çatmaqda kəskin çətinliklərlə üzləşir.

Geosiyasətdə daimi dostlar və ya düşmənlər yoxdur, yalnız daimi maraqlar var. Bir neçə ay əvvəl çoxları Hindistan və Çinin heç vaxt dost ola bilməyəcəyinə inanırdı. Dönüş nöqtəsi Dehlidə Süni İntellekt Təsiri Sammitindən sonra gəldi. Sammitdən sonra 89 ölkə və beynəlxalq təşkilat tərəfindən verilən bəyannamə imzalandı. Çin və Banqladeş imza atan tərəflər arasında idi.

ABŞ və Avropa uzun müddətdir ki, texnologiyaya öz inhisarları kimi yanaşırlar. Onların ideyası sadədir: texnologiyanı yaradan hər kəs onu idarə edir və ondan qazanır. Hindistan fərqli bir vizyon təqdim etdi, “Hamı üçün Süni İntellekt”. Hindistan açıq şəkildə bildirdi ki, Süni İntellekt yalnız zəngin ölkələrə və ya böyük texnologiya şirkətlərinə məxsus olmamalıdır. Dünyadakı hər kəs bundan faydalanmalıdır. Çin adətən Hindistanın qlobal təşəbbüslərinə, istər BMT islahatları, istərsə də terrorizm məsələləri olsun, qarşı çıxır. Lakin bu dəfə Çin Hindistanın süni intellekt platformasına qoşuldu. Bunun səbəbi var. ABŞ və Avropa Çinin süni intellekt və yarımkeçirici şirkətlərinə qarşı sərt məhdudiyyətlər tətbiq edib. Çin bilir ki, Hindistanın rəhbərlik etdiyi süni intellekt təşəbbüslərindən kənarda qalmaq onu gələcək qlobal texnologiya sistemlərindən təcrid edə bilər. Çin güclü bazarlara və iqtisadiyyatlara hörmət edir. Hindistan hazırda ən sürətlə böyüyən böyük iqtisadiyyatlardan biridir. Hindistanı görməzdən gəlmək Çinin qlobal təchizat zəncirlərindəki mövqeyinə zərər verərdi. Hindistan təhlükəsiz və etibarlı süni intellekt sistemlərini təşviq edir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1386521
azAZ