Category: Press Releases

Yeni Dehli Kiyev və Moskvaya təfkliləri verib

Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynanın təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib. Ukrayna prezidenti Hindistanın televiziya kanallarından birinə verdiyi müsahibədə fikirini belə izah edib: “Ukrayna təhlükəsizlik zəmanətində maraqlıdır. Biz bu təkliflə Çinə və Türkiyəyə müraciət etmişik. Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmasını istəyirik. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir və belə bir prosesdə iştirakı hamı üçün faydalı olar”.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynaya ötən ay Kiyevə səfər edərək ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşmüşdü. Bu görüşdə sülh əldə etmək üçün beynəlxalq səylər, Qara dəniz təhlükəsizliyi və ikitərəfli əlaqələr müzakirə edilmişdi. Subrahmanyam Jaishankar Hindistanın son  aylarda sülhə dair ümumi çağırışlardan Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələrə keçdiyini bildirib. Hindistanın baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki görüşdə Kreml sahibinə açıq söyləmişdi ki, müharibəni dayandırmaq lazımdır. Narendra Modi oxşar sözləri 2024-cü ildə Moskvada Vladimir Putinlə keçirilən görüşdə də bombaların, silahların və güllələrin işlədildiyi şəraitdə sülh danışıqlarının uğurlu olmayacağını bildirmişdi. Görünür, baş nazirindən təlimat alan Subrahmanyam Jaishankar Rusiya və Ukrayna təmsilçiləri ilə danışıqları intensivləşdirib.

Türkiyə kimi Hindistanı narahat edən məqamlardan biri Qara dənizdə gəmiçiliyin maneələrlə üzləşməsi, raket və dronların ticarət gəmilərini hədəf almasıdır. Bu səbəbdən Hindistanın əsas diqqəti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Yeni Dehli Kiyev və Moskva ilə taxıl və enerji daşıyıcılarının təhlükəsizliyinin təminatı mövzularını da müzakirə edib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa təhlükəsizlik mövzularıyla bağlı müxtəlif ölkələrdən, o cümlədən Hindistandan təkliflər aldığını təsdiq edib. Hindistanın təklifinin ən əhatəli olduğunu bildirən Andriy Sibiqa Yeni Dehlinin enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, eləcə də Qara dənizdə vəziyyətlə bağlı razılaşmaları istədiyini vurğulayıb.

Beləliklə, Yeni Dehli həm Moskva, həm də Kiyevlə məsləhətləşmələri davam etdirir. Kiyevlə yanaşı Moskva da Yeni Dehlinin səylərini müsbət qiymətləndirir. Rusiya prezidenti Vladimir Putin daha əvvəl Hindistanın baş naziri Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər adlandırıb. Buna baxmayaraq, Rusiya Prezidenti Yeni Dehlinin təkliflərini reallaşdırmağa tələsmir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Yeni Dehlinin təklifləri barədə Moskva ilə Kiyev arasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamayıb.

Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var

Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya Prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələri olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb.

Vladimir Putin çıxışı zamanı Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə əhəmiyyət verdiyini bildirib. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir bir problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb. Putin layihənin ləngiməsinin İranla bağlı olduğunu işarə edib: “Şimal-Cənub nəqliyyat dəhlizinnin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdırlar”. Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib.

Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var. Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ki, ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüəksədir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq bunun üçün Yeni Dehli İran ətrafında gərginliyin ortadan qaldırılmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daima gündəmə gətirir. Modi Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur. Vladimir Putin Modi ilə son görüşündə Hindistanın baş nazirinin müharibəylə bağlı söylədiklərindən narazı qaldığını biruzə verməməyə çalışsa da, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindli həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib.

Putin Çinə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib.

Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Rusiyanın Çindən asılılığı artıb. Misal üçün Putin deyib ki, Çinin Sibirin zəgniliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Rusiyanın Ukrayna müharibəsi səbəbindən qonşu ölkənin iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aaparmasaydı, Rusiyanın Çindən bu qədər yatırım ehtiyacı olmazdı.

Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir. Təsadüfi deyil ki, NATO baş katibi son açıqlamalarının birində Mark Rutte Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib. Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çindən Trampla həm də ona görə görüşməyə çalışır ki, böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir.

İki ölkə arasında gərginlik bölgə ölkələrini narahat edir

Pakistan yenə Əfqanıstana hava zərbəsi endirib. Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiulla Mocaxedin sözlərinə görə, Pakistanın endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb, 3 bina dağılıb. Bu hücumlar Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər ərazilərindəki yaşayış evlərini hədəf alıb. Kabil aviazərbəni bütün tanınmış prinsipləri pozan təcavüz aktı və cinayət kimi qiymətləndirib.

İl ərzində iki dövlət arasında buna bənzər toqquşmalar bir neçə dəfə olub. Mart ayında Mart Əfqanıstandan havaya qaldırılan dronlar Pakistan ordusunun bazasına zərbə endirmişdi. Bu zərbə nəticəsində Pakistan komandanlıq qərargahı dağıdılmışdı. Öz növbəsində Pakistan da Əfqanıstana cavab zərbəsi endirmişdi. Pakistanın Kabilə hava hücumları nəticəsində 4 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 10 gün əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə nəfər həlak olmuşdu.

Pakistan Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad Kabilin “Bəlucistan Azadlıq Ordusu”na da sığınacaq verdiyini iddia edir. Taliban bu ittihamlarla razılaşmır. Vəziyyəti gərginləşdirən iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 kilometr uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri çəkiblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu da gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir. Pakistan isə həm sərhəd məntəqələrin, həm də paytaxt Kabilə zərbə endirir.

Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış etsələr də, nəticə yoxdur. İki ölkə arasında gərginlikdən narahat olan ölkələrdən biri də Çindir. Bu ölkənin Pakistanda və Əfqanıstanda yatırımları mövcuddur. Pekin bu iki dövlətin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Ancaq Pakistanla Əfqanıstan arasında müharibə vəziyyət Çinin yatırımlarına və nəqliyyat layihələrinə təhlükə yaradır.

Tramp tərəfdaşlarını seçim qarşısında qoyub

Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra ölkəsinin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır. Əgər idxal və ixracda balans ABŞ-la əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir. Bu halda ABŞ-la iqtisadi sahədə əməkdaşlıq edən ölkənin iki yolu qalır, ya Amerikadan daha çox məhsul almaq, ya da Amerikaya yatırımları artırmaqdır.

Donald Tramp Çin və Hindistanı bu ölkələrin məhsullarına gömrük rüsumlarının tətbiqi ilə hədələyir. Çin lideri Si Cinpin bugünlərdə ABŞ-a səfər edərək, ticarət əlaqələrini yoluna qoymağa çalışdı. Vaşinqton Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti dondurub. Yeni Dehli də bu vəziyyətdən çıxış yolu axtarır və ilk addım atıldı.

Hindistanın “Essar Group” şirkəti ABŞ-da 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Bu, şirkətin xaricdəki ən böyük investisiya layihələrindən biri olacaq, Ayova ştatında 15 milyard dollarlıq polad zavodu tikiləcək. Donald Tramp Ayova layihəsi ilə bağlı məlumatı Ağ Evdə şirkətin sahibi olan Ruia ailəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə açıqlayıb. Bu layihəni “Essar”ın ABŞ-dakı törəmə şirkəti olan “Mesabi Metallics” həyata keçirəcək. Bu dünyadakı ən böyük polad zavodlarından biri olacaq. 2030-cu ildə istehsala başlaması nəzərdə tutulan zavodun tam istifadəyə verildikdən sonra ildə 10 milyon ton polad istehsal edəcəyi gözlənilir. Ağ Ev bəyan edib ki, bütün polad istehsalı prosesi ABŞ-da həyata keçiriləcək. Zavodun ABŞ-da inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və burada şirkətin Minnesota ştatındakı obyektlərindən əldə edilən dəmir filizindən istifadə olunması nəzərdə tutulur. Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb və onu respublikaçıların gərgin aralıq seçki mübarizəsi apardığı mühüm ştatda əldə edilmiş iqtisadi qələbə kimi qiymətləndirib. Tramp Amerika polad sənayesinin “güclü şəkildə canlandığını” qeyd edərək, bunu ötən il polad idxalına tətbiq etdiyi 50%-lik rüsumlarla əlaqələndirib. “Hər kəs zavodlarını burada tikir, çünki rüsum ödəmək istəmirlər”, – deyə Tramp bildirib.

1969-cu ildə Hindistanda qurulan “Essar Group”  sənaye konqlomeratıdır və enerji, mədənçilikdən tutmuş texnologiya və pərakəndə satışa qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad isteh edən kompleksləri və neft email zavodları var. Şirkət həmçinin Böyük Britaniyada “Shell” şirkətinə məxsus “Stanlow” neft emalı zavodunu əldə edib. Şirkət Səudiyyə Ərəbistanında aşağı karbon emissiyalı polad zavodunun tikintisini planlaşdırır.

Tramp növbəti mərhələdə digər ölkələrdən də Amerikaya yatırım qoymağı tələb edəcək. Hindistanla yanaşı digər ölkələrin şirkətləri də Amerikaya yatırım qoymanın yollarını arayırlar. Misal üçün Tayvan Çinlə qarşıdurmada Vaşinqtonun dəstəyini qazanmaq üçün ABŞ-a əlavə olaraq 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən sayılır. Ona görə də Tayvan bu üstünlüyündən istifadə edərək ABŞ-da müxtəlif layihələr həyata keçirir.

ABŞ-la Çin arasında hərbi əməkdaşlıq mümkündürmü?

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı hərbi əməkdaşlıq barədə müzakirə aparılıbmı? Bu barədə “Fox News” televiziya kanalı ilə “The Wall Street Journal” fərqli xəbərlər yayıblar. ABŞ-ın Çindəki səfiri Devid Perdyu “Fox News” kanalına müsahibəsində Ağ Ev sahibi Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı ona Amerika istehsalı olan silahları almaq istəyib-istəmədiyini soruşub. Səfirin sözlərinə görə, Tramp Si Cinpinə ABŞ-nin dünyanın müxtəlif ölkələrinə silah satdığını bildirərək, Çinin də Amerika silahları almaq istəyib-istəmədiyi haqqında onun fikrini öyrənməyə çalışıb.

Si Cipinin Donald Trampın təklifinə necə münasibət göstərdiyi barədə məlumat yoxdur. Səfir eyni zamanda Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq naminə ABŞ-ın Tayvana silah satışını məhdudlaşdırmayacağını da sözlərinə əlavə edib. Vaşinqton Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib. Səfirin sözlərindən belə çıxır ki, ABŞ Tayvanla yanaşı Çinə də hərbi texnika satmağa hazırdır.

Səfirin “Fox News” müsahibəsindən sonra “The Wall Street Journal” nəşrində adının çəkilməsini istəməyən rəsmiyə istinadən ABŞ-ın Çinə hərbi texnika satmayacağına dair məqalə yaylmlanıb. Görünür, amerikalı yüksək rütbəli rəsmi nəşrə açıqlama verməklə səfirin sözlərini təkzib etmək məqsədi güdüb. Amerikalı rəsmi ABŞ-ın Çinə hərbi texnika satışının qanunvericilik əsasında qadağan oldunduğunu xatırladıb. Həqiqətən ABŞ Prezidenti Çin liderinə hərbi texnika almağı təklif etsə də, bunu reallaşdırmaq mümkün deyil. Çinin siyasətini tənqid edən Konqres belə bir sövdələşməyə imkan verməz.

“Bloomberg” agentliyinin məlumatına əsasın Si Cinpin Trampın Tayvana dəstəyini azaltmasını, Vaşinqtonin adanın müstəqilliyi əleyhinə açıqlama yayımlamasını istəyib. Donald Tramp Çin liderinin istəyini yerinə yetirməsə də, Tayvan mövzusuna maraq göstərməyib. ABŞ Prezidenti ölkəsinin Tayvana maliyyə yardımını müvəqqəti dayandırsa da, bu mövzuda Konqreslə qarşıdurmada maraqlı deyil. Vaşinqton Tayvanın müstəqilliyini tanımasa və “vahid Çin” prinsipini qəbul etsə də, adanın güc yoluyla Çinə birləşdirilməsinin əleyhinədir. Çin adanı nəzarətə götürmək uğrunda hərbi əməliyyata başlayacağı təqdirdə ABŞ kənarda qala bilməyəcək və Donald Trampla Si Cinpin arasında isti münasibətlərə son qoyulacaq.

Zelenski Trampdan nə xahiş edib?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu Yorkda Ukrayna Prezidenti Vladimir Zelenski görüşüb. Ukrayna Prezidenti müharibənin qışa qədər başa çatdıra bilməsi üçün amerikalı həmkarının səylərini artıracağına ümid etdiyini bildirib. Öz növbəsində Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib. Ağ Ev sahibi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə sülh sazişinin şərtlərin müzakirəsini davam etdirdiyini söyləyib.

Donald Tramp müharibəni başa çatdıracağına əminliyini bir daha ifadə edib. O tərəflərin razılaşmaya yaxın olduqlarını bildirsə də, gələcək sazişin detalları barədə məlumat verməyib. Tramp sadəcə, “hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək” ifadəsini işlədib. ABŞ Prezidenti buna bənzər ifadələri əvvəllər də səsləndirib. Ancaq müharibənin gedişində heç nə dəyişməyib. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşü də nəticə verməyib. Zelenski Trampın “iki ölkə bir-birlərinin yanacaq mərkəzlərinə zərbələr vurmasın” təklifinə bir daha dəstəyini ifadə edib, ancaq Ukrayna Prezidenti Rusiyanın da oxşar qərar verməsinin zəruriliyini xatırladıb. Kreml isə Trampın bu təklifini də qəbul etmək istəmir.

Ukrayna Prezidenti Rusiya lideri ilə üçtərəfli görüşə hazır olduğunu və danışıqlar üçün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İsveçrənin seçilə biləcəyini vurğulayıb. Kreml Kiyevin üçtərəfli görüş təklifinə də müsbət yanaşmır. Rusiya rəsmiləri bunun əvəzinə Ukrayna Prezidenti üçün aşağılayıcı təkliflərini hər dəfə xatırlayırlar: “Ukrayna Prezidentini Moskvada qəbul edə bilərik”. Ukrayna Prezidentinin Moskvaya səfəri Kiyevin Kremlin şərtlərini qəbul etməsi, müharibədə kapitulyasiyaya razı olması deməkdir. Ukrayna Prezidenti heç zaman buna razılaşmaz.

Volodimir Zelenskinin Donald Trampa ünvanladığı bir başqa təklifi də diqqəti çəkib. Zelenski Trampa müharibənin dayandırılması ilə bağlı danışıqlara Çin lideri Si Cinpinin cəlb olunmasını təklif edib. Si Cinpin yaxın günlərdə ABŞ-a səfər edərək Donald Trampla görüşəcək. Zelenski Çin liderinin Rusiya üzərində böyük təsiri olduğu qənaətindədir. Bu isə o deməkdir ki, Pekinin istəyi olarsa Kremli müharibəni dayandırmağa məcbur edə bilər. Ancaq Pekinin belə bir istəyi yoxdur, əksinə müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Bu Pekinin maraqlarına uyğundur. Digər tərəfdən Pekin hesab edir ki, Rusiya-Ukrayna müharibəsi durdurulsa, Vaşinqton diqqətini Çinə yönəldərək, bu ölkəyə təzyiqini artıracaq. Çin hakimiyyəti bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin durdurulması üçün xüsusi canfəşanlıq göstərməyəcək. Təsadüfi deyil ki, Volodimir Zelenski hələ bir neçə gün əvvəlki açıqlamasında Çinin Rusiyanı danışıqlara sövq etmək üçün imkanlarının olduğunu, ancaq Pekinin Ukraynanın tərəfində olmadığı üçün bunu etmədiyini bildirmişdi.

Müharibənin Avropaya yayılması ehtimalı artıb

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına dair heç bir işarə yoxdur. ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə vermədi. Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibəni dayandırılmayacaq”. Ancaq Rusiyanın Donbasın tamamının işğalını həyata keçirməsi hazırki şərtlər altında mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir.

Bu arada, Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr genişlənib. Kreml belə bir addım atarsa, bu müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl verdiyi açıqlamada, Çinin Finlyandiyaya Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini bildirib. “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcəyik. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir” – deyən Aleksandr Stubb Pekinin mövqeyindən razı qaldığına işarə edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz – avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.

Finlyandiya Prezidenti haqlıdır. Kreml Avropa İttifaqını və NATO-nu test etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın Ukrayna-Polşa qatarını hədəf alması da Kremlin gələcək panlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyillər. Bu baxımdan Çin xarici işlər nazirinin Filyandiya Prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından rahat olmağa dəyməz.

Ər-Riyad ancaq öz gücünə arxalanmalıdır

Husilər Səudiyyə Ərəbistanına hücumları genişləndiriblər, Məkkə ilə Mədinə kimi şəhərlərin hava məkanlarında dronlar uçuşur. Husilərin Səudiyyə Ərəbistanının enerji strukturlarını hədəf alacağı istisna deyil. Öz növbəsində Səudiyyə Ərəbistan husilərin mövqelərinə zərbələrini davam etdirir. Tərəflər bir-birlərinə qarşı quru əməliyyatlar keçirməyi də planşadıra bilərlər.

ABŞ, Pakistan və Türkiyə Səudiyyə Ərəbistanını hərbi texnika ilə təhciz edə bilsələr də, husilərlə savaşmağa hazır deyillər. Belə vəziyyətdə Səudiyyə ərəbistanı ancaq öz gücünə arxalanmalıdır. Bu arada, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və bir sıra Yaxın Şərq ölkələrinə səfərlə bağlı xəbərdarlıq səviyyəsini artırıb.

Səudiyyə Ərəbistanı husilərlə mübarizə apararkən, Ər-Riyadın Çinlə bağlı qərarı  diqqət çəkib. Ər-Riyad mərkəzi banklar arasında birbaşa transsərhəd ödənişləri həyata keçirmək və dollardan asılılığı azaltmaq məqsədilə Çinin rəhbərliyi ilə yaradılan “mBridge” beynəlxalq ödəniş platforması layihəsindən çıxıb. Bu platformaya 2024-cü ildə qoşulan Səudiyyə Ərəbistanı layihədə cəmi iki il iştirak edib.

Səudiyyə Ərəbistanının Çinin dollara alternativ sərhədlərarası ödəniş sistemi yaratmaq səylərinin bir hissəsi olan və Pekin tərəfindən idarə olunan rəqəmsal valyuta proqramından ayrılmasının səbəbi nədir?

Pekinin irəli sürdüyü platforma Amerika Birləşmiş Ştatlarının narahatlığına səbəb olub. Layihə iştirakçılarının “mBridge” platformasından istifadə edərək SWIFT kimi dolların hökmranlıq etdiyi ənənəvi ödəniş sistemlərindən yan keçməsinə şərait yaradıb. Yeni platforma mərkəzi banklar arasında öz rəqəmsal valyutaları vasitəsilə birbaşa əməliyyatlar aparmaq texnologiyasından istifadə etməyə imkan verir. Bu yanaşma valyuta mübadiləsi əməliyyatlarının vaxtını və xərclərini azaldır, həmçinin dolların vasitəçi valyuta rolunu zəiflədir. Yaxın Şərqdə ABŞ-ın uzunmüddətli müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu platformanın fəal iştirakçısına çevrilmişdilər. Vaşinqtonun təzyiqləri nəticəsində Səudiyyə Ərəbistanı bu platformadan ayrılmağa qərar verib. Səudiyyə Ərəbistanı rəsmiləri isə platformadan ayrılmalarını layihədə məhdud iştiraklarıyla izah ediblər. Halbuki, əsas amil layihənin ABŞ-ın maraqlarına zidd olmasıdır. ABŞ Prezidenti Donald Tramp BRICS ölkələrini dollara alternativlər axtaracaqları təqdirdə 100 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib.

Avropa ciddi çağrışılarla üz-üzədir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sentyabrın 16-da Avropa Parlamentindəki çıxışı bir neçə hissədən ibarət olub.

Birincisi, Ursula fon der Lyayen Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirməli olan Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb edəcəklərini bildirdi. “Bu, bağlantı sahəsində yeni beynəlxalq layihə olacaq” deyən Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, bu layihəyə dövlət və özəl investisiyaların cəlb edilməsi üçün “Global Gateway” təşəbbüsündən faydalanacaqlar. Avropa İttifaqının Orta Dəhliz layihəsini dəstəkləməkdə məqsədi daşınma marşrutlarını şaxələndirmək və ticarət axınlarını bir neçə dəfə artırmaqdır.

İkincisi, Ursula fon der Lyayen Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığının azalmasını uğur kimi qiymətləndirdi. O Avropanın alternativ enerji mənbələrini gücləndirməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Üçüncüsü, Ursula fon der Lyayen Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı təzyiqin artırılması vacibliyini vurğuladı. Avropa Komissiyasının Prezidenti hesab edir ki, Rusiyaya qarşı sanksiyalar bəhrəsini verir. Müharibənin uzanmasının Avropaya yayılması ehtimalı var. Görünür, bu səbəbdən Ursula fon der Lyayen Rusiyaya təzyiqlərin artırılmasının tərəfdarıdır ki, bununla Kremli dayandırsınlar.

Dördüncüsü, Ursula fon der Lyayen Avropa ölkələrinin hərbi xərclərini artırmasına diqqəti çəkdi. Avropa ölkələrinin son 5 ildə hərbi xərcləri 80 faiz artıb. Avropa Komissiyasının Prezidenti Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətli olduğunu xatırlatdı. Avropa İttifaqı 2022-ci ildən Ukrannaya 221 milyard avro ayırıb.

Beşincisi, Avropa Komissiyasının Prezidenti Avropadan Çindən asılı olduğunu da etiraf etdi: “Avropa nadir torpaq elementlərinin ehtiyacını 90 faizini Çindən əldə edir”. Məsələ burasındadır ki, Çin nadir torpaq elementlərinin ölkə xaricinə daşınmasına məhdudiyyət qoyub. Bu qərar Avropa ölkələri üçün ciddi çətinliklər yaradıb. Avropa İttifaqı eyni zamanda öz sənayesini Çindən qorumağa çalışır. Avropa öz istehsalını qorumaq məqsədlə “Made in Europe” prinsipinə üstünlük verir. “Made in Europe” Avropa istehsalçılarını Çinin ucuz, dövlət tərəfindən subsidiyalaşdırılan məhsullarından qorumalıdır. Ursula fon der Lyayen layihənin Avropada istehsalı canlandırmaq, karbon emissiyalarını azaltmaq və Avropa İttifaqı sənayesinin xarici, xüsusilə subsidiyalaşdırılan Çin məhsullarından asılılığını zəiflətmək məqsədi daşıdığı qənaətindədir. Ancaq bu məsələylə bağlı Avropa İttifaqının iki aparıcı dövləti – Fransa ilə Almaniya arasında fikir ayrılığı mövcuddur.

Beləliklə, Ursula fon der Lyayenin Avropa Parlamentindəki çıxışından bir daha bəlli oldu ki, Brüsselin ciddi çağırışlarla üz-üzədir. Avropa həm müharibədən yayınmalı, eyni zamanda müdafiə qabiliyyətini gücləndirməli, həm Rusiyadan enerji asılılığını azaltmalı, həm də Avropa bazarını Çinin ucuz məhsullarından qorumalıdır.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2052500
en_USEN