Kateqoriya: Analizlər

Tramp bu ay Pekinə səfər edəcəkmi?

ABŞ Prezidenti Donald Trampın mart ayında Çinə təxirə salınan səfəri bu ayın ortalarında reallaşmalıdır. Ancaq Ağ Ev sahibinın səfərlə bağlı qərarı hələ açıqlanmayıb. Bunun bir neçə səbəbi var. Birincisi, İranla bağlı gərginlik ABŞ-la Çin arasında fikir ixtilafını dərinləşdirib. ABŞ-ın “Hörmüz boğazını” mühasirədə saxlaması Çinin iqtisadi gücünə mənfi təsir edib. Çin İrandan ucuz neft ala bilmir. İkincisi, Donald Tramp Tayvan mövzusunu Pekində müzakirə etmək istəmir. Halbuki, Çin lideri Si Cinpin ABŞ-ın Tayvana hərbi dəstəyini dayandırmağı Trampdan tələb etməyi planlaşdırır. “Röyters” agentliyinin məlumatına görə, Pekin Tayvan mövzusunu Vaşinqtonla müzakirə predmetinə çevirməyə çalışır.

23 milyon əhalisi olan Tayvanın özündə də Donald Trampın Pekin səfərindən narahatlıq var. Tayvan rəhbərliyi Trampın Si Cinpinlə iqtisadi zəmində razılıq əldə edəcəyi halda Vaşinqtonun ada dövlətinə dəstəyinin azalacağından ehtiyat edirlər. Tayvan rəsmiləri açıq şəkildə adanın iki lider arasında “danışıqlar mövzusu”na çevrilə biləcəyindən narahatlıqlarını ifadə edirlər. Tramp Pekində ABŞ-ın mülki təyyarələrini və kənd təssərrüfatı məhsullarının Çinə satılmasıyla bağlı saziş imzalamağı planlaşdırır. Pekin ABŞ-dan alacaqları müqabilində Vaşinqtonun Tayvan məsələsinə qarışmasını istəmir. Pekin əmin olmaq istəyir ki, hərbi və ya “yumşaq güc” yoluyla Tayvan Çinə birləşdirilərsə, Vaşinqton buna mane olmayacaq.

ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir. Çünki, ABŞ sözdə “vahid Çin” siyasətinə sadiq olduğunu bəyan edib. Yəni ABŞ Tayvanı Çin ərazisi kimi tanıyır. Bununla yanaşı Vaşinqton Tayvanın özünü müdafiə hüququnu da tanıyır. Bu ikisi bir-birinə ziddir.  Tayvan yarımkeçirici sənayesində güclü bir qüvvədir. ABŞ-ın Çinlə ticarəti olduğu kimi Tayvanla da geniş iqtisadi əlaqələri mövcuddur. Bundan başqa Tayvan şirkətlərinin ABŞ-da milyardla dollar yatırımları var. Tayvan Çinə birləşdirlərsə, bu yatırımların taleyi sual altında qalacaq.

Tramp administrasiyası ABŞ-ın Tayvan siyasətində heç bir dəyişiklik olmadığını iddia edir. Ancaq Ağ Ev rəsmiləri vurğulayırlar ki, Tramp ikinci müddətində Tayvana sələfi Cozef Baydenin prezidentliyi dövründə verdiyindən daha çox silah verib. Ancaq bu arqument Tayvan rəhbərliyini sakitləşdirməyib.

Bu arada, Tayvan prezidenti Uliyam Lai ilə Esvatini kralı Msvati III arasında görüş Pekinin narazılığına səbəb olub. Tayvan prezidenti görüşdə bildirib ki, onların dünya ilə əlaqə qurmaq haqqı var və heç bir ölkə buna mane ola bilməz. Pekin digər ölkələrdən Tayvanla əlaqələri dayandırmağı tələb etsə də, ada dövləti müxtəlif ölkələrlə ticarət əlaqələrini genişləndirməyə çalışır. Buna baxmayaraq, Pekinin təzyiqləri nəticəsində Tayvanın sadəcə 12 dövlətlə diplomatik münasibətləri qalıb.

Tacikistan Rusiya və Çin arasında balansa çalışır

Əfqanıstanla Pakistan arasında ara-sıra baş verən hərbi toqquşmalar bölgə ölkələrini narahat edir. Əfqanıstana qonşu olan Tacikistan sərhədlərini gücləndirməyə qərar verib. Bir müddət əvvəl Əfqanıstan ərazisindən sərhədi keçməyə çalışan silah qruplaşma ilə toqquşma Tacikistanda çalışan bir neçə çinli işçinin ölümü ilə nəticələnmişdi. Bu kimi halların qarşısını almaq üçün Tacikistan Rusiya və Çinin iştirakı ilə silahlı qüvvələrini və sərhəd qoşunlarını gücləndirməyə davam edəcək.

Tacikistanda müdafiə sənayesi yoxdur və silah təchizatından asılıdır. Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var. Rusiya Tacikistanda 201-ci hərbi bazanı öz hesabına saxlayır və onun mövcudluğu 2042-ci ilə qədər planlaşdırılıb. Rusiya və Çin tərəfdaş olsalar da, Tacikistanda rəqibdirlər. Hər ikisi Mərkəzi Asiya, o cümlədən Tacikistanla hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin Rusiyanın bu bölgədəki fəaliyyətini diqqətlı analiz edir. Maraqlıdır ki, Rusiyada Çini sadəcə Elmlər Akademiyası nəzdində yalnız Asiya İnstitutu tədqid edirsə, Çinə Rusiyanı araşdıran tədqiqat mərkəzlərinin sayı 20-dən çoxdur. Bu tədqiqat mərkəzləri Rusiyanın iqtisadi gücünü, daxili bazarını və investisiya gücünü  araşdırırlar. Nəticədə Tacikistanda Rusiya istehsalı olan nəqliyyat vasitələrini Çin istehsalı olan elektrikli nəqliyyat vasitələri əvəz edib. Bununla Çin rəqabət üstünlüyü qazanıb və Tacikistanda yeni Çin elektrikli nəqliyyat vasitələrinin faizi artıb. Taciksitanda yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. Çin ikitərəfli ticarət həcmində birinci yerə yüksəlib. Çin, Tacikistanda aparıcı kredit və investisiya təminatçısıdır. Buna baxmayaraq, Tacikistan vətəndaşlarının Çində çalışmaq imkanı yoxdur, əksinə Çin şirkətləri öz vətəndaşlarını bu ölkədə çalışdırırlar ki, bu bır sıra hallarda narazılığa səbəb olur. Tackistan vətəndaşları əsasən Rusiyada çalışamağa üstünlük verirlər. Ancaq Rusiyada da vəziyyət mənfiyə doğru dəyişib. Rusiya miqrasiya qanunlarını sərtləşdirib. Buna baxmayaraq, işçi qüvvəsinin çatışmazlığı səbəbindən Rusiyanın hələ də miqrant işçilərə ehtiyacı var.

Rusiya Tacikistana hər il təxminən 1 milyon ton yanacaq və sürtkü yağları rüsumsuz tədarük etməyə davam edir. Rusiya Qazaxıstanda olduğu kimi Tacikistanda da atom elektrik stansiyası tikmək istəyir. Ancaq Moskvanın bu planları Pekini narahat edir. Çin Rusiyanı Tacikistanda hərbi zəmində də sıxışdırmağa çalışır. Misal üçün Çin Tacikistanla Əfqanıstan sərhədinə nəzarət məntəqələri inşa edir. Çinin Tacikistanda hərbi varlığının digər məqsədi “Böyük İpək Yolu” layihəsinin bu ölkədən keçən hissəsinə nəzarət etməkdir. Ancaq ABŞ-İran müharibəsi və Əfqanıstanın qonşu ölkələrlə sərhədlərində baş verən toqquşmalar Pekinin böyük layihəsinə müxtəlif təhlükələr yaradır.

Yaponiya hərbi strategiyasını dəyişib

Beynəlxalq aləmdəki müxtəlif gərginliklər və müharibələr Yaponiyanı hərbi gücünü artırmağa məcbur edib. Yaponiya hökuməti öldürücü silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırıb. Tokio Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədin yenidən nəzərdən keçirəcək. Yaponiya eyni zamanda hərbi ittifaqlara üstünlük verəcək. Yaponiya hökumətinin qənaətinə görə, hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz. Hökumət eyni zamanda daxili müdafiə sənayesinin texnoloji bazasını gücləndirəcək. Tokio bu prosesi 2014-cü ildən başladıb.

Buna baxmayaraq, Yaponiya hökuməti əvvəlkitək sülhün fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyini bəyan edib. Ancaq sülhün və sabitliyin davamı müdafiə qabiliyyətinin gücündən asılıdır. Təsadüfi deyil ki, Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, daha da mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur. O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə bildirib. Halbuki, məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün – xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.

Beləliklə, Yaponiya həm daxili hərbi istehsalı artıracaq, həm də bunun üçün tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsinni təmin edəcək. Yaponiyanın hazırda bu sahədə 17 ölkə ilə belə müqaviləsi var. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür.

Yaponiya hərbi texniki əməkdaşlığı uzaq Ukrayna ilə də həyata keçirməyi planlaşdırır. Yaponiya Ukraynaya silah tədarükü həyata keçirəcək. Tokio Ukraynada istehsal olunan dronlara və dron-tutuculara maraq göstərir. Ukraynanı isə Yaponiyanın hava hücumundan müdafiə sistemi maraqlandırır.

Yaponiya hökumətinin hərbi gücünü artırması və tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirməsi Çin və Rusiyanın narahat edir. Moskva və Pekin hesab edirlər ki, İkinci Dünya müharibəsində məğlub olan Yaponiya hərbi gücünü artırmamalıdır. Halbuki, bölgədə realıqlar dəyişib. Çin artan hərbi gücü və Yaponiya sahillərində yaxın Rusiya ilə birgə keçirdiyi hərbi təlimləri Tokionu fərqli qərarlar qəbul etmək məcburiyyətində qoyub.

Bu arada, Çin təxminən on illik nisbi fasilədən sonra Cənubi Çin dənizində genişmiqyaslı süni  adalar tikintisinə yenidən başlayıb. Bu adalar Çinin bölgədəki forpostlarıdır. Adalarda uçuş-enmə zolaqları, limanlar və hərbi obyektlər inşa edilir. Yaradılan adalar Çinin əməliyyat, dənizdə müşahidə imkanlarını genişləndirəcək. Yaponiya və digər bölgə ölkələri Çinin bu planlarına mane ola bilməsələr də, müxtəlif ittifaqlar vasitəsilə balansın pozulmamasına çalışırlar.

Rusiya-Hindistan hərbi müqaviləsinin iki ölkə üçün əhəmiyyəti nədir?

Rusiya ilə Hindistan arasında müdafiə müqaviləsinin təsdiq olunması ekspert dairələrində müzakirə olunur. Müqavilə 2025-ci ilin fevral ayında imzalanaıb. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. Tərəflər müqavilənin əhəmiyyətini bölgədə sülh və sabitliyin qorunmasında əməkdaşlıq kimi qiymətləndiriblər. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar.

Beləliklə, dünyanın ən çox əhalisi olan Hindistan əhəmiyyətli dəyişikliklə xarici hərbçilərə ilk dəfə öz ərazisində əsgər yerləşdirməyə icazə verib. Maraqlıdır ki, müqavilə yanvardan qüvvəyə minib, ancaq Rusiya rəsmiləri bunu bir neçə gün əvvəl elan ediblər. Müqavilə beş il müddətində qüvvədə qalacaq və qarşılıqlı razılıqla  uzadılması mümkündür. Müqavilə limanlara girişi və dəniz qüvvələri üçün qida, su və texniki resursların təchizatını tənzimləyir. Müqavilə hava hərəkətinin idarə edilməsi, naviqasiya dəstəyi və təyyarə təhlükəsizliyini, eləcə də yanacaq, sürtkü yağları və texniki xidmət xidmətlərini əhatə edir.

Hindistan nədən belə bir müqaviləyə ehtiyac duyub? Məsələ burasındadır ki, Hindistan illər boyu keçmiş SSRİ və Rusiyadan hərbi texnika alıb. Moskva 1960-cı illərdən bəri Hindistana əsas silah tədarükçüsüdür. Yeni Dehli bu hərbi texnikaya xidmət məsələsində Rusiya ilə əməkdaşlığa ethiyac duyub. Rusiya Hindistanın əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir.

Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya hücum etdikdən sonra Hindistan Qərb sanksiyalarından sonra endirimli xam neftin ən böyük alıcılarından birinə çevrilib. Buna görə də Yeni Dehli ABŞ prezidenti Trampın və Avropa liderlərinin qəzəbi ilə üzləşib və onlar Hindistanın satın almalarının Putinin müharibə maşınını idarə etdiyini bildiriblər. Yeni Dehlinin isə marağı fərqlidir. Hindistan bu müqavilə vasitəsilə Rusiyanın Vladivostok şəhərindən tutumuş Murmansk şəhərinə qədər şimal dəniz yolu boyunca limanlara çıxış imkanı əldə edəcək. Moskva üçün də bu müqavilə əhəmiyyətlidir. Müqavilə Kremlin Ukraynaya qarşı müharibəsi ilə bağlı qlobal təzyiq fonunda Yeni Dehlini özünə yaxın saxlamağa imkan verir. Digər tərəfdən müqavilənin Moskva üçün strateji dəyəri hazırda Rusiya gəmilərinin və təyyarələrinin Hind okeanı bölgəsində daha uzun müddət qala biləcəyidir.

ABŞ Prezidenti Donald Trampın keçən il Rusiya nefti aldığı üçün Hindistana əlavə 25 faiz ticarət tarifini tətbiq etmək qərarı fonunda Yeni Dehli müdafiə və enerji təchizatını şaxələndirməyə, Qərbdən alış-verişləri artırmağa çalışıb. Bununla yanaşı, Hindistan Rusiya ilə əlaqələrini qorumaq üçün balanslaşdırma siyasətinə üstünlük verir. Hindistanın ABŞ-la da hərbi müqavilələri mövcuddur. Yeni Dehli Vaşinqtona mesaj göndərib ki, Hindistana təzyiqi azaltmasa Yeni Dehli Rusiya ilə hərbi əməkdaşlığı daha üst səviyyəyə çatdıracaq.

Avropa rəqabətdə geriləyir

Dünyanın ərazisinə və resurslarına görə 3 böyük dövlətindən (ABŞ, Rusiya və Çin) ikisi – ABŞ və Rusiya müharibə vəziyyətindədir, yalnız Çin müharibələrdən çəkinərək iqtisadi gücünü artırmaq və regional layihələrdə iştirakını təmin etmək barədə düşünür. ABŞ Çini zəiflətmək istəyərkən, Rusiya və Avropa dövlətləri Çinlə əməkdaşlığı genişləndirməyə çalışır, hətta İranın güvəndiyi əsas paytaxt Pekindir. Öz növbəsində İrandakı rejimin ayaqda qalmasında Çinin rolu böyükdür.

Bu arada, müxtəlif ölkə liderlərinin Pekinə səfərlərinin sayı artıb. Bir neçə gün əvvəl İspaniyanın baş naziri Pedro Sançes Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. ABŞ-ın Avropada əsas tənqidçilərindən biri olan Pedro Sançes Pekindəki çıxışında Çini dünyada sülhün möhkəmləndirilməsində daha fəal rol oynamağa, qlobal münaqişələrin həllində daha yaxından iştirak etməyə və beynəlxalq sabitliyin təmin edilməsinə töhfə verməyə çağırıb. Sançes geosiyasi gərginliklər fonunda Çin kimi böyük dövlətin münaqişələrdə vasitəçi kimi çıxış etməsinin vacibliyini vurğulayıb. Sançes Çinin Yaxın Şərqdə rolunun artırılması barədə fikirlər işlədib. Yaxın Şərqdəki münaqişə səbəbindən bölgənin xaosa sürükləndiyini söyləyən Sançes Çinin problemlərin nizamlanmasında xüsusi rol oynaya biləcəyinə diqqəti çəkib. Bu sözlər Çin lideri Si Cinpinin o qədər xoşuna gəlib ki, o “beynəlxalq nizam çökür” ifadəsini işlədib. Əslində həm Pedro Sançesin sözləri, həm də Si Cipinin reaksiyası ABŞ-ın siyasəti ilə əlaqəlidir. Sançes və Cinpin xaosa ABŞ-ın siyasətinin səbəb olduğuna işarə ediblər. Hər ikisinin fikrincə, dünya nizamının pozulmasına ABŞ rəvac verib.

Pedro Sançesin Çinə səfəri və onun Pekindəki çıxışı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirəcəyi şəksizdir. ABŞ Prezidenti Sançesi əvvəllər də sərt tənqid edirdi. Ancaq Trampın mövqeyi İspaniyanın baş nazirini az maraqlandırır. Əskinə, Sanşes  Çinlə texnologiya, innovasiya və sənaye investisiyaları kimi strateji sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə çalışır.

Avropa ölkələrinin iqtisadi zəmində Çindən artan asılılıqları gündəm mövzularındandır. Çin hazırda dünyanın günəş panellərinin 80 faizinə, batareyaların 75 faizinə və elektrikli nəqliyyat vasitələrinin 70 faizinə nəzarət edir. Çin bu sahələrdə inhisarçı mövqeyini qorumağa çalışır. Çin dünyaya avadanlıq, kredit və davamlılıq təklif edir. Bundan başqa Çin hazırda 90-dan çox ölkədə liman layihələrində iştirak edir. Bu Çinə ticarətini dəniz yolları və həmin limanlar vasitəsilə həyata keçirmək üçün vacibdir. Bir başqa dövlətin, o cümlədən bütövlükdə Avropa  İttifaqının bu qədər imkanı yoxdur. Çin süni intellekt və robotexnika sahəsində də rəqiblərini üstələyib. Çin irəliləyərkən, Avropanın əsas dərdi enerji resurslarına çıxış imkanı əldə etməkdir. Belə vizəyyətdə Avropa Çinlə rəqabət aparmaq gücünü itirir. Misal üçün Almaniyanın avtomobil konsernləri işçilərinin bir qismini ixtisar etmək məcburiyyətində qalıblar. Halbuki, Avropanın aparıcı dövləti olan Almaniyanın iqtisadi gücü məhz avtomobil sənayesi üzərində formalaşıb.

Vaşinqton iki dövlətdən çəkinir

ABŞ Müdafiə Nazirliyinin Nüvə silahlarının qarşısının alınması, kimyəvi və bioloji müdafiə siyasəti və proqramları üzrə köməkçi katibi Robert Kadlec Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxış edib. O ABŞ-ın iki nüvə gücünün – Rusiya və Çinin eyni vaxtda qarşısını almaq zərurəti qarşısında böhranla üzləşdiyini bildirib: “Ölkəmizin tarixində ilk dəfə olaraq, iki nüvə silahına malik həmkarını – Çin və Rusiyanı, eləcə də artan imkanlara malik regional gücləri çəkindirmək çətinliyi ilə üzləşirik. Bu, hipotetik gələcək problemi deyil; bu, indi böhrandır. Yeni, daha təhlükəli bir dövr gəlib”. Rusiyanın təxminən 5580, ABŞ-ın 5050 və Çinin 500-600 nüvə başlığına sahib olduğu güman edilir.

Kadlec əlavə edib ki, ABŞ “NATO müttəfiqləri ilə NATO-nun nüvə müqavimət səylərinin etibarlılığını və effektivliyini gücləndirməyin yollarını araşdırmaq üçün işləməyə davam etmək” niyyətindədir. Tarixində ilk dəfə olaraq, ABŞ iki nüvə silahına malik həmkarını – Rusiya və Çini – çəkindirmək ehtiyacı ilə üzləşir və hərbi-nüvə siyasətini bu yeni reallıqlara uyğunlaşdırmalıdır. Robert Kadlecin ifadəsi göstərir ki, Vaşinqton ABŞ-ın bu ölkələrdən biri ilə hərbi münaqişəyə girəcəyi, digərinin isə bundan istifadə edəcəyi ssenaridən qorxur. Hazırkı ABŞ administrasiyası Dənizdən Atılan Kruiz Raket-Nüvə (SLCM-N) və digər silah sistemlərinə investisiyalar qoymaqla öz imkanlarını gücləndirməyi planlaşdırır.

Robert Kadlecin sözlərinə görə, “Rusiya dünyanın ən böyük arsenalına və bölgəni məcbur etmək üçün açıq şəkildə nüvə silahlarından istifadə edən bir doktrinaya malik nəhəng bir nüvə gücü olaraq qalır”. O bildirib ki, “nüvə silahlarının sürətli və qeyri-şəffaf şəkildə yığılması ilə yanaşı, Qərbi Sakit Okeandakı əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələr, eləcə də daha uzaq məsafədəki hədəfləri vura bilən qüvvələr də daxil olmaqla ikili məqsədli teatr çatdırılma sistemlərinə böyük investisiyalarla yanaşı, nüvə silahlarının sürətli və qeyri-şəffaf şəkildə artırılması ilə məşğuldur.” Pentaqon köməkçi katibinin çıxışına əsasən, Çinin nüvə potensialının güclənməsi ABŞ-ı Rusiyanın imkanlarından daha çox narahat edir. Robert Kadlec bunun üçün təəccüblü dərəcədə sadə bir səbəb gətirir: “Bu ölçüdə və səviyyədə bir ordu, ABŞ-ın müdaxiləsinin qarşısını almaq və Çinin şərtləri ilə həll yoluna nail olmaq üçün Çinə geniş nüvə imkanları təmin edə bilər.” Başqa sözlə, ABŞ Çin və ada arasında toqquşmanın şiddətlənəcəyi təqdirdə Pekinin nüvə potensialının amerikalıların Tayvan tərəfində hərbi əməliyyatlara müdaxilə etməsinə mane olacağından qorxur.

BRİCS niyə səssizdir?

Yaxın Şərqdəki müharibələr BRİCS təşkilatını çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri də var. İranın son müharibədə ən çox raket və dron atdığı ölkə məhz Birləşmiş Ərəb Əmirlikləridir. BRİCS ABŞ-ın və İsrailin İrana qarşı müharibənin əleyhinə olsa da, İranın təşkilatın digər üzvü – Birləşmiş Ərəb Əmirliklərinin bombalanmasına dəstək verə bilməzdi. Odur ki, təşkilatın vahid açıqlamasının əvəzinə BRİCS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar.

BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır. 2026-cı ilin yanvar ayından BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Hindistanda keçiriləcək sammitdə əsas diqqətin üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində iş davam edir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır.

ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb. ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri xəbərdar edib. BRİCS ölkələrinin əksəriyyəti ABŞ-la ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir.

Bu arada, Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. İki ölkə arasındakı müqavilə bölgədə sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərin fəsadlarının aradan qaldırılması və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb.

Buna baxmayaraq, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir. Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya bu ölkənin əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli Rusiyadan silah idxalını azaltmağa çalışır. Yeni Dehli ABŞ və Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir.

NATO Şərqə doğru genişlənir

NATO Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Şimali Atlantika Blokunun Yaponiya və Cənubi Koreyaya təxminən 300 nümayəndədən ibarət heyət göndərməsi buna sübutdur. Bu səfər Pekinin narazılığına səbəb olub.  Pekində nəşr olunan “Global Times” qəzeti NATO-nun Asiya-Sakit okean regionunun hesabına hərbi, siyasi və diplomatik fəaliyyət dairəsini genişləndirməyə çalışdığını yazıb.

Beləliklə, NATO Şərqə doğru genişlənmək siyasətini həyata keçirir. Şimali Atlantika Bloku bununla gücünü zəifləmədiyini göstərməyə çalışır. Çünki, NATO-nun əsas ölkəsi olan ABŞ Prezidenti Donald Trampın təşkilatı sərt tənqid etməsi Şimali Atlantika Blokunun imicinə mənfə təsir edib. NATO Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışına dəstək vermədi. Buna görə də Tramp ABŞ-ın NATO-nu tərk edəcəyinə dair açıqlamalar verdi. Halbuki, bunu yerinə yetirmək asan deyil. ABŞ-ın NATO-nu tərk etməsi üçün Konqresin qərarı lazımdır. Digər tərəfdən ABŞ NATO-nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər. Bu isə ABŞ-ın fövqəldövlət statusuna mənfi təsir edəcək.

Buna baxmayaraq, ABŞ-NATO münasibətlərindəki ziddiyətlər Şimali Atlantika Blokunun birliyinə təsir edib. Bu mənada NATO-nun Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı təşkilatın təhlükəsizlik məsələlərində arxa planda olmadığını göstərir.  Brüssedə əmindirlər ki, Avropanın təhlükəsizliyi Asiyanın təhlükəsizliyindən birbaşa asılıdır. Şamili Atlantika Bloku buna görə Asiya istiqamətinə önəm verməyə başlayıb. NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya birgə hərbi təlimlərinin sayını artırıb. Ötən ilin yanvar ayında Yaponiya NATO yanında daimi nümayəndəlik açıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, Yaponiya NATO ilə fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşdır. Yaponiya Çin təhlükəsindən qorunmaq üçün qonşu ölkələrlə də hərbi əməkdaşlığı genişləndirib. Misal üçün 2014-cü ildə Yaponiya ilə Avstraliya arasında 7 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi imzalanıb.

Yaponiyanın hərbi gücünü artırması, NATO ilə ittifaqı gücləndirməsi Pekinlə yanaşı Moskvanı da narahat edir. Kreml hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsində məğlubiyyət şərtlərinə görə, hərbi gücünü artırmamalıdır. Halbuki, Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın Çin-Rusiya hərbi təlimlərinin keçirilməsi Tokioya hərbi gücünü artırmaqdan başqa alternativ qoymur.

“Hörmüz boğazı” açılmasa, nə olacaq?

Tehran Vaşinqtonun “Hörmüz boğazının” mühasirəsindən imtina etmədiyi halda İranın boğaza nəzarətdən imtina etməyəcəyini  açıqlayıb. Beynəlxalq birlik “Hörmüz boğazı”yla bağlı razılaşmanın yerinə yetirilməsini istəyir. ABŞ-ın boğazın mühasirəsini davam etdirməsi Vaşinqtonun Pekinlə də münasibətləri gərginləşdirə bilər. Çünki, Vaşinqton elan etmişdi ki, İran limanlarından çıxan tankerlərin hərəkətinə imkan verilməyəcək. İrandan “Hörmüz boğazı” üzərindən  neft alan əsas ölkə isə Çindir.

ABŞ hərbi gəmilərinin Çinə aid tankerləri yoxlamağa başlaması Pekini qəzəbinə səbəb olacaqdı. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın mayın ortalarında Çinə planlaşdırılan səfərin yenidən təxirə salınmasına gətirib çıxara bilərdi. Halbuki, bu səfər çoxdan razılaşdırılıb və Çin lideri Si Cinpin bu səfər vasitəsilə ABŞ Prezidenti Donald Trampla iki ölkə arasında iqtisadi oyun qaydalarını müəyyənləşdirmək istəyir.

ABŞ-ın “Hörmüz boğazı”nı uzun müddət mühasirədə saxlaması Çini Tayvan məsələsini eyni yolla həllinə həvəsləndirə bilərdi. Çin eyni ilə ABŞ kimi Tayvan adasına yaxınlaşan ticarət gəmilərini yoxlamaq barədə düşünə bilər. Pekinin arqumenti bu ola bilər ki, Çinə aid olan Tayvana üçüncü ölkələrin hərbi texnikasının daşınmasını qarşısını almaq istəyir.

Pekinin Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdə gərgin vəziyyətdən istifadə edərək Tayvanı hərbi yolla Çinə birləşdirmək planı haqqında fikirlər söylənilirdi. Ancaq Pekin adanı hərbi yolla ələ keirmənin risklərini hesablamaq məcburiyyətindədir. Adanın hərbi yolla nəzarətə götürülməsi ABŞ-ın Çinə qarşı daha sərt sanksiyaların qəbuluna həvəsləndirəcək. Bundan başqa ada ətrafında iki böyük dövlətin toqquşması ehitmalı da arta bilər. Digət tərəfdən yarımkeçiricilərin istehsalına görə dünya lideri olan Tayvanın nəzarətə götürülməsi Çinin yüksək texnologiyalar sahəsindəki rəqiblərini əzməsi anlamına gələcək ki, ABŞ buna yol verə bilməz. Yəni Tayvanın hərbi yolla ələ kekirilməsi dünyada ticarət müharibələrini alovlandıracaq. Bu isə Çinin özünə də lazım deyil. Bu səbəbdən Pekin Tayvanı hərbi yolla nəzarətə götürmək planını qeyri-müəyyən müddətə təxirə salıb. Pekin Tayvanla bağlı strategiyasında dəyişiklik edib. Pekin “yumşaq güc” amilinə üstünlek verib. Tayvanın müxalifət liderinin Pekinə dəvət edilməsi və Si Cinpinlə görüşməsi bu siyasətinə tərkib hissəsidir.

Pekin boğazın açılması məqsədilə Tehrana niyə təzyiq etmir?

Yaxın aylarda həm ABŞ, həm də Rusiya Prezidentləri ayrı-ayrılıqda Çinə səfər edəcəklər. Onların hər birinin Pekində müzakirə edəcəyi mövzuları var. Rusiya Prezidenti Vladimir Putin özündən əvvəl xarici işlər naziri Sergey Lavrovu Pekinə göndərib. Lavrov Çin lideri Si Cinpin və çinli həmkarı Van i ilə apardığı danışıqlarda iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib. Lavrov Pekində bildirib ki, Rusiya “Hörmüz boğazı”nın blokadası nəticəsində yaranan enerji çatışmazlığını aradan qaldırmağa hazırdır. Başqa sözlə, Kreml Çinin Rusiyadan daha çox neft almasını istəyir.

Rusiyadan indikindən daha çox neft almaq Çinin təhlükəslzlik maraqlarına cavab vermir. Çin enerji daşıyıcılarının alınmasında bir dövlətdən asılı olmaq istəmir. Bu baxımdan Çin İran və Körfəz ölkələrindən neft alışını bərpa etməyə çalışır. Ancaq bunun üçün “Hörmüz boğazında” yaranan böhran həll edilməlidir. Digər tərəfdən Pekin İrandakı rejimin məsələylə bağlı Vaşinqtonla razılaşma əldə etməsini istəyir. Ancaq Pekin eyni zamanda İrandakı rejimin zəifləməsini də istəmir. Müharibə günlərində Pekin İrandakı rejimin məğlub olmamasına çalışıb. Bunu “Financial Times” qəzetində yayımlanan son məqalə də göstərir. Məqalədə İranın müharibə zamanı Çinin casus peykinin imkanlarından istifadə etdiyi yazılıb. Peyk görüntüləri İrana Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına zərbə vurmağa imkan verib. Çin Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib edib.

Pekinin hazırda əsas hədəfi “Hprmüz boğazının” açılmasına nail olmaqdır. Çin diplomatiyası bütün gücünü bu məsələnin həllinə yönəldib. Çinin müdafiə naziri Donq Cun ABŞ-a xəbərdarlıq edərək bildirib ki, ölkəsinin İranla ticarət və enerji sazişləri mövcuddur və digər tərəflərin bu işlərə qarışmamasını gözləyirlər. Maraqlıdır ki, Pekin ABŞ “Hörmüz boğazının” mühasirəsini pisləsə də, İranın boğazı nəzarətdə saxlamasına rəsmi şəkildə etiraz etməyib.

Bu arada, Çin gəmiləri ABŞ-ın “Hörmüz boğazı” ətrafındakı mühasirəsini yarmağa çalışırlar. Çin “Hörmüz boğazı”ndan ən çox asılı olan ölkədir. Çin neft idxalının 80 faizini bu boğazdan keçən tankerlər hesabına təmir edir. Buna baxmayaraq, Pekin BMT-də “Hörmüz boğazı”ndakı durumla bağlı İrana qarşı qətnamələrin qəbuluna mane olur. Çin eyni zamanda, Amerika hegemonluğundan asılı olmayaraq böhranları idarə etmək qabiliyyətini nümayiş etdirməyə çalışır. Tehranla Vaşinqton arasında atəşkəsin əldə olunnması bunun nümunəsidir. Pekin buna paralel olaraq mövcud iğtişaşlara qarşı regional ittifaqlar formalaşdırmağa çalışır. Pekin Körfəz dövlətlərini xarici müdaxiləyə qarşı birləşməyə çağırır. Bunu Çinin ABŞ-a qarşı regional siyasi cəbhə qurmaq cəhdi kimi qiymətləndirmək olar.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1400477
azAZ