Kateqoriya: Analizlər

Rusiya yeni layihəyə ümidlidir

Rusiya Hindistana dəmiryolu çəkmək istəyir. Rusiya baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Bosfor və Hörmüz boğazındakı riskləri azaltmaq üçün Hind okeanına dəmir yolu çəkilə biləcəyini söyləyib. Rusiyalı rəsminin sözlərinə görə, boğazlardan istifadə çətinləşdikcə, Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən dəmiryolları çəkilə bilər.

Marat Xusnullin Hind okeanına dəmiryol ideyası yeni deyil. Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə Rusiya imperiyasının Şərq ticarətinə birbaşa çıxışını təmin etmək məqsədilə planlar qururdu. Birtaniya imperiyası dənizlərə hakim idisə, Rusiya imperiya Hind okeanına qədər uzanan quru yollarına hakim olmaq istəyirdi. Rusiya bir daha bu təklifə Birinci Dünya Müharibəsinin astanasında qayıdır. Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrtununu Hindistana qədər uzanması ideyası müzakirə olunurdu. Ancaq mövcud regional risklər və Birinci Dünya müharibəsi layihənin reallaşmasına əngəl oldu.

Göründüyü kimi, üstündən 100 ildən çox vaxt keçdikdən sonra Rusiya Hind okeanına quru yolla çatmanın layihəsini yenidən müzakirəyə çıxarıb. Dəmiryolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana uzanması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına altenativ hesab edir.

Bu ideyanın reallaşması çətin görünür. Çünki, Avrasiya bölgəsində 100 il əvvəlki qeyri-sabitlik bu gün də mövcuddur. Digər tərəfdən Rusiyanın Sankt-Peterburq şəhərində Hindistanın Mumbay şəhərinə qədər olan məsafə 7 min kilometrdən çoxdur. Dəmiryolu müxtəlif ölkələrdən keçməlidir.

Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var. Birincisi, Rusiya Ukrayna müharibəsinə görə Avropa bazarını itirib. Rusiya Avropa ölkələrinə neft və qaz sata bilmir. Bu səbəbdən Rusiya diqqətini Asiya bazarına yönəldib. İkincisi, Rusiya Ukrayna müharibəsi fonunda raket zərbələrinə tuş gəlib. Rusiyanın yanacağa böyük ehtiyacı var. İkincisi, Rusiya hazırda Hindistana satdığı neftin qarşılığında bu ölkədən yanacaq alır. Ancaq Hindistandan dəniz yoluyla Rusiyaya çatdırılan yanacaq baha başa gəlir. Ona görə də Rusiya Hindistandan aldığı yanacağı quru yolla əldə etmək istəyir.

Rusiya Ukrayna müharibəsinə qədər Hindistana cəmi 3 faiz neft ixrac edirdi. Hazırda Rusiyanın Hindistanın neft idxalındakı payı iyul ayında rekord səviyyəyə yüksəlib. Rusiya nefti iyul ayında Hindistanın ümumi neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir. indistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistan neft emalı zavodları ABŞ-ın sanksiya təhdid qarşılığında bu ilin əvvəlində Rusiyadan neft alışını azaltmışdı. Ancaq fevralın sonlarında ABŞ-İran müharibəsinin başlaması səbəbindən Yaxın Şərqdən tədarükün pozulması səbəbindən Hindistan Rusiyadan neft idxalını yenidən artırdı. Hindistanın bütün ölkələrdən ümumi xam neft idxalı gündə təxminən 5 milyon barel təşkil edir, Rusiyadan isə idxalı gündə təxminən 2,5-2,8 milyon barel civarındadır. Odur ki, dəmiryolu ideyası Hindistanın da maraqlarına cavab verir. Ancaq dəmiryolunun tikintisi üçün bölgədə sabitlik bərqərar olmalı və bölgə ölkələri arasındakı mübahisələr həllini tapmalıdır.

Tayvan hədəfdədir

Çin lideri Si Cinpinin sentyabrın son həftəsində ABŞ-a səfəri planlaşdırılıb. Hər ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambelyasının sessiyası keçirilir. Bu sessiyada müxtəlif dövlətlərin liderləri çıxış edərək, aktual mövzular barədə fikirlərini geniş auditoriyaya çatdırırlar. Ancaq Si Cinpin ABŞ-da yalnız bu ölkənin Prezidenti Donald Trampla görüşəcək. Si Cinpinin Amerikada olmuşkən, BMT Baş Assambleyada çıxış etmək planı yoxdur.

Si Cinpin Ağ Evdə Trampla görüşdə süni intellekt, İran və Hörmüz boğazındakı vəziyyət və ən əsası Tayvanı müzakirə etmək istəyir. Sonuncu mövzu Si Cinpin üçün xüsusi əhəmiyyət daşıyır. Donald Tramp may ayında Çinə səfər etdikdə ABŞ Prezidenti Tayvan mövzusunun müzakirəsinə maraq göstərməmişdi. Halbuki, bu mövzu Si Cinpin üçün digər mövzuların fövqündə dayanır.

Si Cinpin hakimiyyətdə olduğu illərdə iki hədəfinə çatıb. Birincisi, Çin son illərdə iqtisadi gücünü artırıb. Çin süni intellekt və nadir torpaq elementlərinin istehsalında ABŞ-la rəqabət aparacaq gücdədir. İkincisi, Si Cinpin hakimiyyətdə olduğu illərdə Çinin hərbi gücünü də artırıb. Çin son illərdə həm nüvə arsenalını artırıb, həm də hərbi dəniz qüvvələri Sakit Okeanda əsas güclərdən birinə çevrilib. Bu isə ABŞ-la yanaşı Çinə qonşu olan ölkələri, o cümlədən Yaponiyanı ciddi narahat edir. Çünki, Çin hərbi dəniz qüvvələrini gücləndirməklə yanaşı Sakit Okeanda və Yaponiyaya yaxın sularda hərbi təlimlərin sayını artırıb. Si Cinpinin üçüncü hədəfi Tayvanı Çinə birləşdirməkdir. Bu isə reallaması çətin məsələdir.

Buna baxmayaraq, Si Cinpin hakimiyyətdə olduğu müddətdə bu hədəfinə də çatmağa çalışır. O son çıxışında Tayvanın yenidən Çinə qatıldıqdan sonra ölkənin tam inkişaf edəcəyini və bunun bütün Çin xalqına rifah gətirəcəyini bildirib. ABŞ Tayvanı Çinin tərkib hissəsi kimi tanıyır, ancaq adanın güc yoluyla nəzarətə götürülməsinin əleyhinədir. Əgər Çin Tayvana qoşun yeridərsə ABŞ buna müşahidəçi qalmayacaq. ABŞ Çini durdurmaq üçün müdaxilə etmək məcburiyyətində qalacaq. Bu səbəbdən ABŞ Tayvana müasir hərbi texnika satır. Tayvanın özü də son bir neçə ilə hərbi texnika istehsalını genişləndirib. Görünür, Tayvan Si Cinpinin ada barədəki açıqlamalarının boş sözlər olmadığını anlayır. Çin liderinin “möhkəm döyüş ruhu və müstəsna qabiliyyətlərimizlə, istər coşğun dənizlər, istərsə də şiddətli fırtınalar olsun, böyük çətinliklərlə fəal şəkildə mübarizə aparacağıq” cümləsi də bundan xəbər verir.

Buna baxmayaraq, Si Cinpin müharibə ehtimalının Çin üçün yaradacaq risklərini də hesablamaq məcburiyyətindədir. Müharibə Çinə qarşı yeni iffifaqlar formalaşdırmaqla yanaşı, iqtisadi inkişafına ciddi zərər vuracaq. “Milli suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə etməli və bununla da sürətli iqtisadi inkişaf və uzunmüddətli sosial sabitliyin iki böyük möcüzəsində yeni bir fəsil yazmalıyıq” deyən Si Cinpin Tayvanla yanaşı ölkəsinin müharibənin inkişafa vura biləcəyi zərəri də hesablamalıdır.

Regional müharibələr yeni ittifaqlar formalaşdırıb

Regional müharibələr regional ittifaqların yaranmasına səbəb olub. Misal üçün Rusiya – Ukrayna müharibəsi Minsk Moskva ilə yanaşı Pekinlə də ittifaqı gücləndirməyə qərar verib. Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu söylədi. Bunun nəticəsi olaraq Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır.

Oxşar durum Yaxşın Şərqdə yaranıb. Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir. Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıblar. Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Yeni Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini azaltmayıb. ABŞ-da dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balnslaşdırıcı ölkə kimi dəyərləndirirlər.

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı yenicə formalaşıb. Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil. Ər-Riyad Misirin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır.

Digər istiqamətdə ABŞ – İsrail – Birləşmiş Ərəb Əmirlikləri – Hindistan ittifaqı formalaşıb. Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır. Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəli əlaqələri gücləndirmək siyasəti həyata keçirir. Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir. İsraillə Hindistan arasında əməkdaşlıq hərbi müstəvini aşaraq kəşfiyyat paylaşımı, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi, süni intellekt, kosmik texnologiya, səhiyyə innovasiyası və startap ekosistemlərinə qədər genişlənib. Hindistan İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır, İsrail şirkətləri isə getdikcə Hindistanın texnologiya sektorunu sadəcə başqa bir ixrac bazarı deyil, birgə inkişaf platforması kimi görürlər. Dehlinin İsraillə səx əməkdaşlığa baxmayaraq, Yeni Dehli Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də tərəfdaşlığını gücləndirib. Yeni Dehlinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanını Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə cəlb etməkdir. Ər-Riyad layihədə İsrailin iştirakına görə qərar verməyə tələsmir. Çünki, İsrail bu arxitekturada mühüm mövqe tutur. Onun Aralıq dənizi limanları Körfəz ticarətini Avropa bazarları ilə birləşdirən qapılar olmaq potensialına malikdir və bu da İsrailin Asiya, Yaxın Şərq və Avropanı birləşdirən logistika mərkəzi kimi rolunu gücləndirir. Səudiyyə Ərəbistanın bu layihəyə qoşulması üçün İsrailin Fələstin probleminə mövqeyi dəyişməlidir.

Alternativ marşrutlar nəyə görə əhəmiyyətlidir?

Hörmüz boğazıyla bağlı gərginlik azalmır. İran boğazın girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır. Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bu bölgədən neft və sıxılmış qaz nəql edən ölkələrlə yanaşı İranın özünə də ciddi problem yaradıb. Çünki, ABŞ İran sahillərinə yaxlnlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürüb. İranın əsas gəlir mənbəyi neftin ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır.

Bu arada, Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər. Qərb ekspertləri tarixi misallara müraciət edirlər. Misal üçün Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra yaponlarla döyüşən  müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkilişi reallaşdı. Bu yol konsepsiyanın ideya müəllifi olan ABŞ generalı Cozef Stilvellin şərəfinə Stilvel Yolu adlandırıldı. Digər misal Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyşlə bağlı gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu İran neftini Avropaya daşımaq istəyən İsrail və İran arasında əməkdaşlıq layihəsi idi. İranda İslam inqilabından sonra İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildəki xəbərlərdə boru kəmərinin Birləşmiş Ərəb Əmirliklərinin neftini daşıya biləcəyi irəli sürülürdü. 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni bir limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir göstərəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi. Səudiyyə Ərəbistanın təklifi reallşsaydı, bu gün İranın Hörmüz boğazıyla bağlı siyasəti nəticə verməyəcəkdi. Çünki, tankerlər Hörmüz boğazına daxil olmadan Oman limanında neft və sıxılmış qazı daşıyacaqdılar.

Yəməndəki silahl husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəf aldıqda, bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun bir yol qət etdilər. Bu yol uzun olsa da, hər halda alternativdir. Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə yaşıl işıq yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə əsrin müqaviləsini imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhen boru kəmərlərinin tikintisini də reallaşdırdı. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiyk limanınadan daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorosiyk limnaından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır.

Hörmüz boğazına alternativlər axtarılır

Hörmüz boğazının işlədilməsiylə bağlı Iranla Oman arasındakı danışıqlar başa çatmaq üzrədir. İran tərəfi yekun nəticəyə yaxın olduqlarını bildiriblər. Ancaq iki ölkə arasında danışılqarın yekunlaşması hələ problemin həll demək deyil.

Hörmüz boğazından neft ixrac və idxal edən ölkələr alternativlər barədə düşünürlər. Çünki, bu dövlətlər hesab edirlər ki, Omanla İran arasında razılaşma müvəqqəti xarakter daşıya bilər və ABŞ-İran müharibəsi yenidən alovlanarsa, Tehran yenidən boğazı qapadacaq. Bu isə boğazdan neft və sıxılmış qazın daşınmasının yenidən durdurulması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə mövcud olan silahlı qruplar, o cümlədən onların əlində olan dronlarla alternativ marşrularla daşınan yanacağa da təhlükə yarada bilərlər. Tam təhlükəsizk marşrutların işə salınması üçün isə zaman və maliyyə resurslarına ehtiyac var. Hər halda Səudiyyə Ərəbistanı Qırmızı dənizə uzanan boru xətti ilə neft nəqlini 2 milyon barelə çatdırmağı planlaşdırır.

Hindistan da qərarını verib. Bu ölkə neft idxalının həcminə görə dünyada üçüncü sıradadır. Hindistan son iki ildə Rusiyadan neft alışnı artırmasına baxmayaraq, neftə olan tələbatının 40 fazini Hörmüz boğazı üzərindən əldə edirdi. Ancaq mövcud vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neftayrıma zavodları Hörmüz boğazından neft alışını başqa istiqamətlərlə əvəzləməyə başlayıblar. Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprises” aldığı sifariş əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlanan və Ərəb dənizindən Hindistan sahillərinə qədər uzanan boru xəttinin tikintisini layihələndirir. Layihənin iqtisadi səmərələliyi hesablanacaq. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına 9 milyard dollara yaxın vəsait xərcləməyi planlaşdırıb. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal etmək məcburiyyətindədir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək.

Yaponiya da Hindistanla oxşar vəziyyətdədir. Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında gərginlik fonunda ölkə tarixində ən böyük həcmdə azalıb. Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 100 milyon barel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb. Halbuki, Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Mövcud vəziyyətdə Yaponiya Yaxın Şərqdən neft tədarükündən asılılığını azaltmağa qərar verib. Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan neftini də alıb və bu sahədə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmaq olar.

Yaponiya eyni zamanda yanacaq böhranından əziyyət çəkən qonşularına da yardım əli uzatmağa qərar verib. Yaponiya Baş naziri Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını bildirib. Bu yardım Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Misal üçün enerni böhranı Filippini fövqəladə vəziyyət elana məcbur edib.

Pakistan-İran münasibətlərində gərginlik yarana bilər

İran Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdə davam edir. İran ordusu bununla kifayətlənməyərək, Küveytin yanacaq və istitlik sistemlərinə, o cümlədən sutəmizləmə mərkəzlərinə də zərbələr endirir. Küveyt bu vəziyyətdən çıxış yolları axtarır. Küveytin ABŞ-la müttəfiqliyi və bu ölkədə hərbi bazalarının varlığı təhlükəsizliyin qorunması baxımından yetərli deyil. Ona görə də Küveyt öz təhlükəsizliyini təmin etməyin başqa yollarını da axtarır.

Küveyt Pakistanla genişləndirilmiş müdafiə müqaviləsi üzrə danışıqlar aparır. Küveytin Pakistanla belə bir ittifaqa çalışması səbəbsiz deyil. Birincisi, Pakistanın həm ABŞ, həm də İranla tərəfdaşlıq münasibətləri var. İkincisi, Küveyt Pakistanın nüvə dövləti olması amilini nəzərə alır. Üçüncüsü, Pakistanın Küveytin müttəfiqi Səudiyyə Ərəbistanıyla müdafiə sazişi mövcuddur.

Pakistanla Küveytlə müdafiə müqaviləsinin imzalanmasında maraqlı ola bilərmi? Məsələ burasındadır ki, 2025-ci ildə Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan “Birgə Strateji Müdafiə Sazişi” ABŞ-İran müharibəsində effektli olmadı. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyırdı. Razılaşmada vurğulanırdı ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. İran Səudiyyə Ərəbistanına raket və dronlar atdı, hədəf yalnız ABŞ hərbi bazaları deyildi. Məntiqlə bu halda Pakistan İrana qarşı siyasətini sərtləşdirməli idi. Ancaq İslamabad ehtiyatlı mövqedən çıxış etdi. Çünki, İrana qarşı Səudiyyə Ərəbistanının özü ciddi tədbirlər həyata keçirmədi. İkincisi, İslamabad Ər-Riyadla saziş imzaladıqdan sonra Səudiyyə Ərəbistanının Pakistana böyük yatırımlarının həyata keçirəcəyini gözləyirdi. Bu da olmadı. Pakistan Küveytlə oxşar saziş imzalayarsa, bu sənədin Səudiyyə Ərəbistanı ilə imzalanan sazişdən fərqi olmayacaq. Yeni saziş o halda reallığa çevrilə bilər ki, varlı Küveyt dövləti Pakistana böyük yatırımlar cəlb etsin. Bu halda İranın Küveyti bombalaması İslamabadın Tehrana mövqeyinin sərtləşməsinə səbəb ola bilər.

İran hazırki müharibə şəraitində Pakistanın qarşıdurmadan kənarda qalmasını istəyir. Bu səbəbdən İran rəsmiləri tez-tez Pakistana səfərlər edirlər. Ancaq əgər İran Pakistanın Körfəz ölkələrindəki tərəfdaşlarının ərazilərini bombalamaqda davam edərsə, İslamabadın seyrçi qalması çətinləşəcək. Bu halda Pakistan-İran münasibətlərində çat əmələ gələcək. Hər iki ölkənin sərhədində fəaliyyət göstərən silahlı bəluclar vəziyyəti daha da gərginləşdirə bilərlər.

Tokio pasifist siyasətdən imtina edir

Yaponiya İkinci Dünya müharibəsinin nəticələrindən qurtulmağa çalışır. ABŞ müharibədən sonra Yaponiyaya böyük orduya malik olmağı qadağan etmişdi. Ancaq dünyada və bölgədə reallıqlar dəyişib. ABŞ strateji müttəfiqi Yaponiyanın hərbi gücünü artımasına nəinki icazə verib, bunu təşviq etməyə başlayıb. Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi nüvə silahl mövzusuyla bağlı geniş müzakirəyə başlamaq zərurətindən danışıb. Müdafiə nazirinin fikrincə, Yaponiya üçün nüvə silahları müzakirə olunmalı mürəkkəb bir məsələdir, lakin bu mövzunu görməzdən gəlmək olmaz: “Vəziyyətin kritik təbiətini qəbul edərək, tabu yaratmadan müxtəlif tədbirlər barədə müzakirələri irəli aparmalıyıq”.

Göründüyü kimi, Yaponiya nüvə silahına malik olmaq istiqamətində irəliləyir. Yaponiyanın münasibətlərindəki gərginlik yaşadığı qonşularının – Rusiyanın, Çinin və Şimali Koreyanın nüvə silahları var. Bu səbbədən Tokio da nüvə silahına malik olmaqğın zərurətini vurğulamağa başlayıb. Vaşinqton Yaponiyanın nüvə silahına malik olmaq istəyinin əleyhinə deyil.

Bu arada, Yaponiya hakuməti Milli Kəşfiyyat Bürosunun yaradılmasına qərar verib. Büro birbaşa baş nazirə tabe olacaq. Nazirlər Kabineti yanında kəşfiyyat xidməti əvvəl də olub. Ancaq bu xidmət yalnız daxil olan məlumatların analizi ilə məşğul olub. Yeni büronun yaradılmasında məqsəd isə ölkə sirlərini, o cümlədən ölkə şirkətlərinin texnologiyalarını qorumaqdır. Büronun bir başqa vəzifəsi müxtəlif dövlətlərin Yaponiyada xəfiyyə çalışmalarını əngəlləmək olacaq. Bu zaman əsasən Rusiya və Çin dövlətlərinin adı çəkilir. Çində yapon dilində yayımlanan saytlar Tokionun ciddi narazılığına səbəb olub. Büro kibertəhlükəsizlik məsələləri ilə də məşğul olacaq.

Yeni büro müxtəlif nazirliklərin daxilindəki qurumların işini də sistemləşdirəcək. Yaponiya hökumətində hesab edirlər ki, sistemsiz fəaliyyət xarici xəfiyyələrin işini asanlaşdırıb. Yeni büro bunun qarşısını almalıdır. Büronun geniş səlahiyyətləri olacaq, müxtəlif nazirliklərə, o cümlədən polisə təlimat vermək səlahiyyəti olacaq.

Yaponiyanın xanım baş naziri Sanae Takaiçi ölkəsini uzun illər həyata keçirilən pasifist siyasətindən imtina etmək istəyir. Baş nazir həm hərbi xərcləri artırıb, həm də İkinci Dünya müharibəsindən sonra ilk dəfə hərbi texnikanın ixracını genişləndirib. Misal üçün Yaponiya Ukrayna ilə birgə dron istehsalına başlayacaq. Aydındır ki, yeni büronun əsas tərəfdaşı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi olacaq. Yaponiya son illərdə Almaniya və Avstraliya ilə də bu sahədə əməkdaşlığı genişləndirib. Yaponiya eyni zamanda Hindistanla strateji əlaqələri dərinləşdirir. Yaponiyanın baş naziri Sanae Takaiçinin bir müddət əvvəl Hindistana səfəri zamanı iki ölkə arasında yarımkeçiricilər, süni intellekt və enerji sahələrini əhatə edən 100-dən çox biznes müqaviləsi imzalanıb. Yaponiya və Hindistan arasındakı münasibətlərin ənənəvi iqtisadi əməkdaşlıqdan kənara çıxaraq hərtərəfli strateji tərəfdaşlığa doğru irəliləyib. İki ölkə müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməyə qərar verib.

Pekin Tokionun siyasətindən narahatdır. Pekində hesab edirlər ki, Yaponiya hökuməti miltarist siyasətə geri dönüş edib. Tokionun başqa alternativi yoxdur. Beynəlxalq aləmdə güc amili ön plana çıxıb, beynəlxalq hüquq işləmir. Belə vəziyyətdə Yaponiyanın hərbi gücünü artırmaqdan və müttəfiqləriylə hərbi əməkdaşlığı genişləndirməkdən başqa seçimi yoxdur.

Alternativ nəqliyyat marşrutlarına ehtiyac yaranıb

Hörmüz boğazında mürəkkəb vəziyyət sahil və böyük dövlətləri bu istiqamətdən asılılığın azaldılmasına və alternativlər axtarmağa məcbur edib.  Şaxələndirilmiş enerji təchizatı, daha güclü dəniz tərəfdaşlığı, genişləndirilmiş infrastruktur və təhlükəsiz alternativ dəhlizlər qeyri-sabitliyin qlobal ticarəti pozmaq qabiliyyətini azaldır.

Dəniz yollarından ən çox istifadə edən ölkələrdən biri Hindistandır. Bu ölkə Yaxın Şərqin enerji istehsal edən bölgələri, Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatları və Şərqi Asiyanın istehsal gücləri arasında yerləşir. Qərb sahil xətti Fars körfəzi ilə Qırmızı dənizi birləşdirən dəniz yollarına baxır, Andaman və Nikobar adaları (Hindistana məxsus) isə Hind okeanı ilə Sakit okean arasında keçid olan Malakka boğazına strateji giriş təmin edir. Bu səbəbdən Hindistan iqtisadiyyatının dəniz əlaqəsindən asılılığ böyükdür.

Körfəz ətrafındakı qeyri-sabitlik qlobal enerji qiymətlərinə, Hind okeanındakı təhdidlər isə Asiya təchizat zəncirlərinə təsir göstərir. Husilərin Qırmızı dənizdə kommersiya gəmiçiliyinə hücumları acı reallığı nümayiş etdirib. Minlərlə kilometr uzaqlıqdakı münaqişə daşınma xərclərini sürətlə artıra, təchizat zəncirlərini poza və dünya ölkələrinə zəifliklərini xatırlada bilər.

Hindistan qlobal miqyasda üçüncü ən böyük neft istehlakçısı, ən böyük sıxılmış qaz idxalçılarından biridir. Hindistanın neft email gücü ildən-ilə artır. Bu isə öz növbəsində neftə təbəlatı artırır. Körfəz ölkələri etibarlı enerji bazarlarından asılıdır. Hindistan-Körfəz Əməkdaşlıq Şurası ticarəti 2024-25-ci illərdə təxminən 178 milyard dollara çatdı ki, bu da Hindistanla Yaxın Şərq arasında iqtisadi qarşılıqlı asılılığın dərinliyini nümayiş etdirir. Ona görə də Yaxın Şərqdə gərginlik artanda bu Hindistana da təsir edir. Hindistan dəniz yolları ilə daşınan məhsullarını qorumaq üçün hərbi dəniz qüvvələrini gücləndirməli olub.

Hindistan Körfəz ölkələri ilə güclü əlaqələri ilə yanaşı, İsrail ilə münasibətləri dərinləşdirməyə, ABŞ ilə uzunmüddətli tərəfdaşlığı və Afrika və Avropa ilə artan əlaqələri qoruyub saxlamağa üstünlük verir. Hindistanın İran və Rusiya ilə davam edən ticarət münasibətləri Qərb tərəfdaşlarının narazılığına səbəb olsa da, Yeni Dehli mövcud siyasətindən imtina etməyib. Buna baxmayaraq, Hindistanın Rusiyadan narazı qaldığı hallar da az deyil. Misal üçün iyulun 20-də Odessa limanında yük gəmisinə endirilən zərbə nəticəsində Hindistanın 4 vətəndaşının həlak olmasından sonra Hindistan Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmilərinə hücumları pisləyib və mülki şəxslərin həyatını təhlükə altına atan bu cür hadisələrin dayandırılmasına çağırıb. Bu, Rusiya-Ukrayna münaqişəsində hind dənizçilərinin ilk ölüm faktıdır. Hindistan tərəfi vurğulayıb ki, bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır.

Hindistanın İsraillə tərəfdaşlığını gücləndirməsi diqqət mərkəzindədir. Hindistan və İsrail arasındakı münasibətlər ənənəvi müdafiə əməkdaşlığından çox kənara çıxıb. İsrail Hindistan üçün mühüm texnoloji tərəfdaşa çevrilib, Hindistan isə İsrailə sənaye miqyası və istehsal gücü təmin edir. Hindistanda İsrailə məxsis Dəmir Günbəz hava müdafiə sistemlərinin istehsalı planlaşdırılıb.

BRİCS dollardan imtina edə bilmir

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının təsis olunmasından 20 il keçib. Daha sonra təşkilata bir qrup ölkə də qoşulub. Rusiya təşkilata sədrlik etdiyi dövrdə Mərkəzi Asiya ölkələrini də təşkilata üzvlüyə dəvət edib. Qazaxıstan və Özbəkistan dəvəti qəbul ediblər, Tacikistan, Türkmənistan və Qırğızıstan isə gözləmə mövqeyində qalıblar.

BRİCS təşkilatının mərkəzi ofisi yoxdur. Buna baxmayaraq, təşkilatın təsis etdiyi müxtəlif strukturlar üzv dövlətlərdə yerləşib. BRİCS iqtisadi, Şanxay Əməkdaşlıq Təşkilatı isə daha çox təhlükəsizlik mövzularında ixtisilaşıb. Bu iki təşkilatı təsis edən – Rusiya və Çinin əsas məqsədi Amerika Birləşmiş Ştatlarının hegemonluğuna son qoymaqdır. Ancaq bu məsələdə də Rusiya ilə Çin arasında fərqlər var. Pekin ikiqütblü dünyanın, Rusiya isə çoxqütblü dünyanın formalaşmasını istəyir. Rusiya ona görə çoxqütblü dünyanın formalaşmasını istəyir ki, Çin kimi və ABŞ-la rəqabət aparacaq gücə malik deyil. Buna görə də Rusiya tərəfdaş toplamaqda maraqlıdır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə Kremlə çoxqütblü dünya formalaşdırmağa imkan vermir. Digər tərəfdən Qazaxıstan və Özbəkistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsa da, Moskvanın ABŞ-qa qarşı planlarında yer almaq istəmirlər. Təşkilata digər üzvlərin də fərqli maraqları mövcuddur. Misal üçün BRİCS üzvü olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın müttəfiqlərindəndir. Ən maraqlısı odur ki, BRİCS-in digər üzvü İran Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirir. Bu BRİCS təşkilatının mövcud vəziyyətini göstərir.

Qazaxıstan və Özbəkistanın BRİCS-ə üzvlüyü təşkilatın bankından ucuz kreditlər əldə etməsiylə bağlıdır. Hər iki dövlət kreditlər hesabına müxtəlif iqtisadi layihələrini reallaşdırmağa çalışırlar.

BRİCS yaranışının 20 ilində ortaq valyuta formalaşdıra bilməyib. Üzv ölkələr arasında ticarət milli pul vahidləriylə və dollar əsasında həyata keçirilir. Təşkilatın ən böyük iqtisadiyyatına malik Çin beynəlxalq ticarəti tənzimləmək üçün valyuta kimi yuanı təşviq etməyə çalışsa da, dollardan imtina edə bilmir. Çinin böyümə modeli qlobal valyuta sisteminin mövcud strukturlarına sıx bağlıdır. Bu asılılıq yalnız ticarət həcmləri və ya valyuta ehtiyatları ilə bağlı deyil. Söhbət dolların qlobal maliyyənin onurğa sütunu kimi oynadığı roldan gedir.

Növbəti vasitəçi hansı dövlət olacaq?

ABŞ-la İran arasındakı hərbi qarşıdurma illərlə davam edə bilər. Tərəflərin 14 bəndlik memorandumu yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Çünki, kağız üzərindəki bəndlər tərəflərin maraqlarını əks etdirmirdi. Digər tərəfdən İranda hakimiyyətin kimin və ya kimlərin əlində cəmləşdiyinin bəlli olmaması da memorandumun yerinə yetirilməsi ehtimalını azaldırdı. Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazıyla bağlı bir mövqedən çıxış etdi, SEPAH generalları isə yenidən tankerlərə atəş açmağa üstünlük verdilər.

İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoydular. İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı. Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüçünün də nəticəsi olmadı.

İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Misal üçün həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi? Çətin. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur. Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar. İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindililər arasında ölənlər olub. Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb. Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Cabahar İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı.

ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq. Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək. Hindistanın vasitəçi rolunda çıxış etməməsinin başqa səbəbi də var. Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi olan Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1853017
azAZ