Category: Analyses

Tramp Modi ilə danışıqları müsbət qiymətləndirib

Gözlənildiyi kimi, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub. “Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir.

“Böyük yeddilərin” toplantısına bu ölkələrlə tərəfdaş olan dövlətlərin liderləri də dəvətli idilər. Fransa Prezidenti Emmanuel Makron sammitə Çin lideri Si Cinpini də dəvət etməyi planlaşdırırdı. Ancaq bunun üçün “böyük yeddilərin” ortaq qərar olmalı idi. “Böyük yeddilərin” üzvü olan Yaponiya üçün Çinin sammitdə iştirakı qəbuledilməz idi. Digər tərəfdən Çin lideri Fransadakı müzakirələrə dəvət alsaydı belə, onun sammitə qatılacağını söyləmək çətin idi. Çünki, Çin lideri sammitdə Rusiya əleyhinə müzakirələrdə iştirak etməyəcəkdi. Digər tərəfdən Fransadakı sammitdə nadir torpaq elementlərinin istismar qaydaları müəyyənləşdirilib. Bəllidir ki, dünya üzrə nadir torpaq elementlərinin təxminən 70 faizinə malik olan Çin bunların ixracını xeyli məhdudlaşdırıb. Bu səbəbdən “böyük yeddilər” Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışındadırlar. “Böyük yeddilər” nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər.

ABŞ Prezidenti Donald Tramp fürsətdən istifadə edərək Fransada ikitirəfli görüşlər keçirib. Bunlardan biri Fransadakı sammitə dəvət olunan Hindistanın baş naziri Narendra Modi ilə olub. Donald Tramp Prezident seçildikdən sonra Hindistanın siyasətini tənqidi ilə yadda qalmışdı. Ancaq Ağ Ev sahibi bu dəfə baş nazir Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Tramp ortaq mətbuat konfransında hətta deyib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır. İki lider Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə ediblər. Məsələ burasındadır ki, Hörmüz boğazının atəş altında qalmasıdan əziyyət çəkən ölkələrdən biri də Hindistan olub. Bu boğazda atışmalar nəticəsində Hindistanın dənizçiləri həlak olublar. Digər tərəfdən Hindistan üçün nəzərdə neftlə dolu tankerlər boğazda ilişib qalmışdılar. Ona görə də Vaşinqton-Tehran razılaşması Hindistan üçün əhəmiyyətlidir. Ancaq boğaz tezliklə yenidən açılsa belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər. Trampın Yeni Dehlinin siyasətini tərifləməsinə baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac var. Tramp razılaşmaya yaxınlaşdıqlarını bildirsə, bu ilin fevral ayından başlayan danışıqlar hələ yekunlaşmayıb.

Dünyada dron istehsalı artıb

Müasir müharibələrin xarakteri dəyişib. Müasir müharibələrdə top və tankların yerinə ballistik raketlər və müxtəliv növ dronlardan istifadə edilir. Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində dronlardan istifadəsi o biri dövlətlər üçün nümunə oldu. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Ukraynanın dronları yox idi, Kiyev Türkiyədən “Bayraqdarlar” almışdı. Ukrayna müharibənin beşinci ilində dron istehsalına görə dünya liderləri sırasındadır. Ukrayna işğalçı qoşunların hücumlarını məhz dronlar vasitəsilə neytrallaşdırıb və cəbhə xəttinin yarılmasına imkan vermir. Ukrayna və İrandakı münaqişələr pilotsuz uçuş aparatlarının dünya miqyasında tətbiqini daha da sürətləndirib və müasir müharibələr döyüş taktikalarını kökündən dəyişdirib. Ukrayna məhz yeni döyüş taktikası hesabına hazırda Rusiya ilə Krım arasındakı yollardan və körpülərdən istifadəni mümkünsüz hala gətirib.

Müasir müharibələr ABŞ və Avropa ölkələrinin də dron istehsalına marağını artırıb. Çin və Yaponiya dron istehsalını genişləndiriblər. Tokio ümumiyyətlə hərbi texnika istehsalını artırmağa qərar verib. Yaponiyanın müdafiə naziri May ayının sonunda Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Zirvəsində, Şanqri-La Dialoqu kimi də tanınan tədbirdə müdafiə naziri Sindziro Koidzumi Yaponiyanı militarizmdə ittiham edənlərə belə cavab verib: “Yaponiyanın nə nüvə silahı, nə də strateji bmbardmançı silahları var”. Bu cümlə ilə Moskva və Pekinin ittihamlarını nəzərdə tutan yaponiyalı nazir ölkəsinin müdafiə qabiliyyətini artırmaq hüququ olduğunu xatırladıb.

Hindistan da hərbi xərclərini artırmaq siyasətinə üstünlük verir. “Reuters” agentliyinin məlumatına görə, Hindistan Müdafiə Nazirliyi cari ildə yerli şirkətlərə 2 milyard dollardan çox dəyərində hərbi dronlar sifariş edib. Bu Hindistan tarixində ən böyük hərbi sahədə satınalmadır. Hindistanla Pakistan arasındakı son toqquşmalarda dronların imkanlarından istifadə edilib. Hindistanda dronlar və onlar üçün komponentlər istehsal edən 600-dən çox şirkət var ki, onlardan 100-dən çoxu xüsusi olaraq müdafiə sektoruna yönəlib.

Dronlara marağı artanlar arasında Körfəz ölkələri də var. ABŞ-İran müharibəsi dövründə İran Körfəz ölkələrinə qarşı dronlardan istifadə etdi. ABŞ-ın Körfəz ölkələrində yerləşdirdiyi hava müdafiə sistemləri İran dronlarının tamamını neytrallaşdıra bilmədi. Nəticədə İran dronları Körfəz ölkələrinin enerji mərkəzlərinə zərər vurdu. Bundan sonra Körfəz ölkələri Ukraynanın təcrübəsindən faydalanmağa qərar verdilər. Ukrayna Prezidenti Volodimir Zelenski Körfəz ölkələrinə səfər etdi və dronların birgə istehsalına dair sazişlər imzalandı. Körfəz ölkələri dron istehsalıya yanaşı dronları havada məhv edə bilər anti-dronlara də maraq göstərdilər. Ukrayna Prezidentu bunların istehsalında da Körfəz ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Pekin vasitəçi ola bilərmi?

ABŞ-la İran arasında əsas vasitəçi ölkə Pakistandır. Tərəflərin birinci görüşü İslamabadda keçirilmişdi. Danışıqlar nəticə vermədi. Buna baxmayaraq, Pakistan hökuməti tərəflərin ikinci görüşünü də İslmabadda keçirməyə çalışdı. Bu görüş alınmadı.

Tehran İslamabadla yanaşı Pekinin də vasitəçi ola biləcəyinə eyham vurub. İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Çinin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə biləcəyini söyləmişdi.

Pekin vasitəçi olmağa hazırdır. Bu Çinin bölgədə artan roluna işarə olar. Ancaq Pekinin vasitəçiliyini Vaşinqton qəbul etməyəcək. Çünki, Vaşinqton Pekinin Tehranı dəstəyindən narazıdır. Vaşinqtonda hesab edirlər ki, Çinin İrana dəstəyi olmasa, Tehran rejimi tez çökər və ABŞ-ın şərtlərini qəbul edər. Həqiqətən İrandakı rejimin ABŞ-a məğlub olması Pekinin maraqlarına cavab vermir. ABŞ Venesuellanı nəzarətə götürdükdən sonra Çin bu Latın Amerikası ölkəsindən neft ala bilmir. Pekin eyni ilə İranın da bu şəkildə itirilməsindən qorxur. Pekin Hörmüz boğazının açılmasının tərəfdarı olsa da, bunun Tehranın Vaşinqton qarşısında güzəştə getməsi hesabına həll olunmasını istəmir.

Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Hörmüz boğazının İranın yeni strateji alət olduğu fikrini səsləndirib. O şərtlərin İranın Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb etdiyini bildirib. “Boğaz Tehranın təzyiq vasitələrindən biridir” – deyən iranlı rəsmi Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. Pekinin Tehranın bu yanaşmasına etirazı yoxdur. Halbuki, Hörmüz boğazındakı vəziyyət neft bazarına mənfi təsir edir və Çin İranla yanaşı Körfəz ölkələrindən istədiyi həcmdə neft ala bilmir.

Bu arada, ABŞ-la Çin arasında yeni kəşfiyyat qalmaqalı yaşanıb. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiyadan ibarət olan kəşfiyyat alyansı Çin hərbi kəşfiyyat xidmətlərinin gizli məlumatları əldə etmək üçün müxtəlif sosial platformalarından istifadə etdiyinə dair bəyanat yayıb. ABŞ Ədliyyə Nazirliyi saxta konsaltinq saytları tərəfindən gizli məlumatlara çıxışı olan amerikalıları hədəf almaq üçün istifadə edildiyi iddia edilən domen adlarının müsadirə edildiyini açıqlayıb. İki ölkə arasında bu cür qalmaqallar yaşanarkən, Vaşinqtonun Pekinin hər hansı problemin həllində vasitəçiliyini qəbul edəcəyi problematikdir.

Yaponiya hərbi büdcəsini niyə artırır?

Xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ceyhun Bayramovun Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Yaponiyanın Mərkəzi Asiya və Cənubi Qafqaza marağı artıb. Ötən ilin dekabr ayında Tokioda 5+1 formatında Yaponiya-Mərkəzi Asiya Sammiti  keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparmışdı. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edildi. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb. Bununla Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-la yanaşı Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulmuş oldu. Tokio eyni ilə Cənubi Qafqaz ölkələri ilə də əməkdaşlığın inkişafı yollarını arayır. Bu mənada Ceyhun Bayramovun Tokioda keçirəcəyi görüş və müzakirələr ikitərəfli əlaqələrin yeni konturlarını müəyyənləşdirəcək.

Yaponiya bölgədə rolunu artırmağa qərar verib və bu məqsədlə hərbi büdcəsini artırmağa qərar verib. Bu amil Moskva və Pekini narahat etməyə başlayıb. Rusiya və Çinin mövqeyi belədir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə riayət etməlidir. Yəni Moskva Pekinin baxışına görə, Tokionun İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra hərbi xərcləri artırmayacağına dair öhdəliyi var və bu Yaponiya Konstitusiyasında təsbir olunub.

Məsələ burasındadır ki, Yaponiya müharibədə ABŞ-a məğlub olub və Vaşinqton o illərdə Yaponiyanın məhdudiyyətləq qoyub. Ancaq hazırda məhz Vaşinqton həmin məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Çünki, Yaponiya ABŞ-ın müttəfiqidir və Sakit Okean bölgəsində Vaşinqtonun əsas rəqiblər Rusiya və Çindir. Bu iki ölkənin birgə keçirdiyi hərbi təlimlər həm ABŞ, həm də Yaponiyanı narahat edir. Çin son illərdə hərbi gəmilərin istehsalını artırıb və həmin gəmilər Yaponiya sahillərinə yaxın sularda üzürlər. Bu səbəbdən Vaşinqton Tokioya hərbi büdcəsini artırmağa və hərbi texnika istehsalını artırmağa icazə verib. Bu da Moskva və Pekinin Tokioiya qarşı ittihamların artmasına səbəb olub.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda ölkəsinin  “yeni militarizm” siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir. “Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, – deyə Koizumi bildirib. O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir. “Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, – deyə nazir vurğulayıb. Tokionu Çinin Tayvan adasına artan təzyiqləri də narahat edir. Tokio hesab edir ki, Çin güc yolu ilə Tayvan adasını nəzarətə götürərsə, bu bölgə ölkələrinə, o cümlədən Yaponiyaya ciddi təhlükə yaradacaq.

Çin-Şimali Koreya ittifaqı güclənir

Çin lideri Si Cinpinin 7 illik fasilədən sonra Şimali Koreyaya səfəri dünya mediasının diqqətini çəkib. Çünki, Si Cinpinin bu il ilk xarici səfəri olmaqla yanaşı, bu onun Şimali Koreyaya 2-ci səfəri olacaq. Si Cinpin sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada səfər etmişdi. Bunun qarşılığında Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çinə səfər etmişdi.

Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir. İki ölkə arasında siyasi və iqtisadi münasibətlər üst səviyyədədir. Çin Şimali Koreyanın əsas tərəfdaşı sayılır. Şimali Koreya son illərdə müstəqil siyasət yürütməyə çalışsa da, Pxenyanın hər zaman Çinin dəstəyinə ehtiyacı var. Çünki Şimali Koreya ilə münasibətləri gərgin olan ölkələrin sayı çoxdur. Şimali Koreya xarici ticarətinin təxminən 90 faizi Çinlə həyata keçirilir. Digər tərəfdən Şimali Koreyaya ərzağın böyük hissəsi Çindən idxal olunur.  İki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Şimali Koreya uranın zənginləşdirilməsi məqsədilə gərəkli təhcizatı Çindən əldə edir.

Buna baxmayaraq, Şimali Koreyanın son illərdə Kremllə də tərəfdaşlığı güclənib. Şimali Koreya Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Kremlə dəstək verib, hərbçilərini müharibəyə göndərib. Moskva isə bunun qarşılığında Şimali Koreyaya maliyyə ayırıb, ərzaq göndərib. Pekin Pxenyan-Kreml yaxınlığından narahatdır. Pekin Şimali Koreyanın yalnız Çindən asılı olmasını istəyir.

Şimali Koreyanın nüvə ambisiyaları bölgə ölkələrini narahat edir. Çinlə Şimali Koreya arasında strateji tərəfdaşlıq qonşu Cənubi Koreyada diqqətlə izlənilir. Çünki, Seul hesab edir ki, Pekinin Pxenyanı dəstəyi Cənubi Koreyanın təhlükəsizlik maraqlarına problemlər yaradır. Eyni zamanda ABŞ-la Cənubi Koreya arasındakı hərbi strateji müttəfiqlik Çinin maraqlarına ziddir.

Kremlin Talibana dəstəyi artıb

Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyanı da “unutmamağa” çalışır. Kreml əlindən gələni edir ki, bazar günü Ermənistanda keçirilən parlament seçkisində baş nazir Nikol Paşinyanın partiyası məğlub olsun. Rusiyanın son bir ayda Ermənistan hökumətinə təzyiqi artıb, kənd təsərrüfatı məhsullarının girişinə qadağa qoyulub, Kreml İrəvanı qazın qiymətini artırmaqla hədələyir. Bu təzyiqlərə baxmayaraq, Ermənistanda keçirilən sorğular Paşinyanın qələbə qazanacağını göstərir.

Bu arada, Kremlin Əfqanıstana da diqqəti artıb. Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstan tərəfdən isə bu ölkənin müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Maraqlıdır ki, Taliban hərəkatı son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.

Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir. Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan başqa Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb. Digər tərəfdən Talibanla Pakistan arasında münasibətlər gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir. Belə vəziyyətdə Talibanın daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanlstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub.

Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya hakimiyyətinin Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir. Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın yeraltı zənginliklərindən faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada rəqibdirlər. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reakssiya verəcəyi çətindir.

Asiya və Sakit Okean bölgəsi diqqət mərkəzindədir

Sinqapurda hər il may ayının sonunda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda Asiya və Sakit Okean bölgəsindəki durum analiz edilir. Forumda çıxış edən ABŞ-ın müdafiə naziri Pit Heqset bir neçə mövzuya toxunub. Birincisi, o deyib ki, ABŞ iki-üç il ərzində müəyyən növ sursatların istehsalını bir neçə dəfə artırmaq niyyətindədir. Görünür, İranla müharibə ABŞ sursatlarının azaldıb ki, Vaşinqton hərbi resurslarını artırmaq barədə qərar verib. Bu həm də onun işarəsidir ki, ABŞ növbəti regional müharibələrə hazırlaşır. Pit Heqsetin sözlərinə görə, ABŞ sursat istehsalını artırmaq üçün əlavə üç fabrik tikəcək. Buna baxmayaraq, Pentaqon başçısı ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün kifayət qədər sursatı olduğunu bildirib.

Pit Heqsetin forumdakı çıxışında ABŞ-ın Hindistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə və birgə silah istehsalı planı olduğunu xatırladıb. Pentaqon başçısı Vaşinqtonun “güclü və mənfəətli Hindistan”da maraqlı olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-Hindistan ittifaqı bölgədə güc balansını qoruyacaq. ABŞ Hindistanla birgə “Javel” tank əleyhinə idarə olunan raket istehsalını həyata keçirəcək. ABŞ Prezidenti Donald Trampla Hindistanın baş naziri Narendra Modi ilə 2025-ci ildə imzaladıqları anlaşmaya görə, iki ölkə arasında “Javelin” sistemləri ilə yanaşı “Stryker” zirehli personal daşıyıcıları birgə istehsalı da razılaşdırılıb. Bundan başqa ABŞ Hinidtsanın Hərbi Dəniz Qüvvələrinin gəmilərini gücləndirmək çalışmalarında da iştirak edir. Söhbət həmin gəmilərin yüksək texnologiyalarla təminatından gedir.

Sinqapurdakı toplantıda Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin də çıxışı diqqət çəkib. O Pekinin Yaponiyanın ünvanına “yeni militarism” ittihamlarını təkzib edib. Əskinə, Yaponiyanın müdafiə naziri bildirib ki, Çin bölgədə hərbi gücünü artırıb və bu iki ölkə arasında gərginliyin dərinləşməsinə səbəb olub.

Çin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam etdikcə, Yaponiya da hərbi büdcəsini artırmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, Çindən fərqli olaraq Yaponiyanın nüvə silahı arsenalı və strateji bombardmançı təyyarələri yoxdur. Yaponiya Asiya və Sakit Okean bölgəsindəki tərəfdaşlarıyla əlaqələri gücləndirmək siyasətinə üstünlük verir.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik fonunda Asiya və Sakit Okean bölgəsində də vəziyyət sabit deyil. Bu bölgədə müharibə olmasa da, Tayvan ətrafındakı vəziyyət hər an bölgə ölkələrinə üz-üzə qoya bilər.

Yüksək texnologiyalar uğrunda mübarizə qızışıb

Çinə qısa zaman kəsiyində ABŞ və Rusiya liderləri təşrif buyurdular. ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Pekində müzakirə etdikləri mövzular fərqli olsa da, hər birinin çinli həmkarı Si Cinpindən xahişləri var idi. Si Cinpin bu xahişlərin qir qismini yerinə yetirəcəyini vəd etsə də, digərlərinin həllini sonraya saxladı.

İndi növbə Çinə çatıb. Bu ölkənin xarici işlər naziri Van İnin ABŞ və Kanadaya səfərləri başlayıb. Məqsəd Çinin bu iki ölkə ilə münasibətlərini möhkəmləndirməək və Çin lideri Si Cinpinin ABŞ və Kanadaya gələcək səfərlərini təşkil etməkdir. Van İ liderinin ABŞ və Kanadaya səfəri zamanı müzakirə etmək istədiyi mövzuları indidən tərəfdaşlarını çatdırır.

Bu arada, Van İnin Kanadaya səfərindən bir gün əvvəl Monreal Qlobal Təhlükəsizlik İnstitutunun hesabatı dərc olunub. Həmin hesabatda kanadalı tədqiqatçılar Pekinin texnolgoiyalar sahəsində irəli çıxdığını və bununla mübarizə aparmaq aparmaq üçün “böyük yeddilər”in daha koordinasiyalı hərəkət etməsi vacibliyini göstəriblər.  Kanadalı tədqiqatçılar Çinin Qərbin texnologiyalarını əldə etmək üçün müxtəlif üsulllardan istifadə etdiyini də yazıblar. Bu səbəbdən Kanadanın xarici işlər naziri Anita Anandın çinli həmrarıyla bu mövzunu da müzakirə edəcəyi mümkündür. Bundan başqa xarici işlər nazirlərinin iki ölkə arasında ticarət, investisiya və qlobal təhlükəsizliyi müzakirə etmələri gözlənilir.

Yanvar ayında Kanadanın baş naziri Mark Karni Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşmüşdü. Mark Karninin səfəri Ottava ilə Pekin arasında təxminən 10 il davam edən gərgin münasibətlərdən sonra baş tutmuşdu. Kanada-Çin münasibətləri 2018-ci ildə “Huawei” şirkətinin yüksək vəzifəli rəhbərinin Kanadada həbs edilməsindən sonra ən aşağı səviyyəyə enmişdi. İki ölkə münasibətlərin yeni səviyyəyə qaldırmağa çalışır. Buna baxmayaraq, texnologiyaların oğurlanması və insan haqları mövzusunda fikir ayrılığı qalır.

Kuba bu durumdan necə çıxacaq?

ABŞ İranla yanaşı Kubanı da ram etməyə çalışır. Vaşinqton Kubaya neft ixracının qarşısını almaqla ada dövlətinin enerji təminatına zərbə vurub. Kubada avtomobillər yanacaqsız qalıblar, elektrik stansiyaları fasilələrlə çalışır, bu isə ölkənin ərzaq təminatına da məfi təsir edib. Buna baxmayaraq, Kuba rejimi Vaşinqtonun istəklərinə təslim olmayıb. Belə olan halda Vaşinqton Kubanın sabiq lideri Raul Kastroya qarşı ittiham irəli sürüb. İttihamın məğrzi budur ki, Raul Kastronun əmri ilə 1996-cı ildə Kuba qırıcı təyyarələri ABŞ-ın humanitar təşkilatına məxsus iki təyyarəni vurmuş və bu zaman ABŞ_ın 4 vətəndaşı həlak olmuşdu. Kuba hazırki Prezidenti Miqel Dias-Kanel ABŞ-ın ittihamlarını rədd edib. Moskva və Pekində Vaşinqtonun 94 yaşlı Raul Kastroya qarşı ittihamlarını pisləyiblər.

Bu arada, Vaşinqton Çin və Rusiyanın son illərdə Kubadakı kəşfiyyat əməliyyatlarını genişləndirməsi barədə məlumat yayıb. Bu ABŞ üçün daha qorxulu gedişatdır. Vaşinqtonda hesab edirlər ki, Rusiya və Çin Floridadakı ABŞ hərbi obyektlərini izləmək üçün Kubada elektron dinləmə qurğularına investisiya qoyublar və 2023-cü ildən bəri orada işləyən kəşfiyyat işçilərinin sayını təxminən üç dəfə artıb. Pekin və Moskva ayrı-ayrı postlarını casusluq imkanları üçün getdikcə daha vacib hesab edirlər və Yaxın Şərq və Latın Amerikasında əməliyyatlara nəzarət edən iki ABŞ hərbi qərargahının dinləmə diapazonuna daha müasir avadanlıqlar əlavə edirlər.

Görünür, Vaşinqtonda bu qənaətə gəliblər ki, Kuba nəzarətə götürülməsə Rusiya və Çin ABŞ sahillərinə yaxın ada dövlətində kəşfiyyat fəaliyyətini azaltmayacaq. Ancaq ABŞ İran məsələləsini həll etmədən Kubanın nəzarətə götürülməsi əməliyyatına başlamayacaq. Rusiya və Çin Kubanı ayaqda tutmağa çalışırlar. Rusiya Kubaya neftlə dolu bir neçə tanker göndərib. Çin Kuba üçün ayırdığı 60 min düyünün 15 min tonunu adaya göndərib. Kuba lideri buna görə Pekinə minnətdarlığını bildirib.

ABŞ Kuba yanacağın ötürülməsinə yönəlik maneələri ortadan qaldırmasa ada daima kənar yardıma ehtiyac duyacaq. Kubanın son illərdə əsas gəlir mənbəyi turizm idi. Ancaq yanacaqdan məhrum olan Kubadakı otellər də ağır vəziyyətdədirlər. Digər tərəfdən Kubanın hava limanları yanacaq qıtlığına görə sərnişin təyyarələrini havaya qaldıra bilmirlər.

Ada dövlətində hadisələrin iki ssenaridən biri üzrə inkişafını proqnozlaşdırmaq olar. Ya Kubadakı rejim Vaşinqtonla dialoqa başlayacaq və birpartiyalı siyasi sistemdən imtina edərək xalqa seçim imkanı yaradacaq və sanksiyalar yumşaldılacaq, ya da Havana müqavimətini davam etdirərək diami Rusiya və Çindən yardım istəyəcək. Ancaq bu yardımlar Kuba xalqının ağır sosial problemlərini həll etməyəcək. Misal üçün Amerikanın blokadasına baxmayaraq, vaxtilə pulsuz olan Kuba səhiyyəsi və təhsili yüksək səviyyədə idi. Hazırda isə hər iki sahədə böhran hökm sürür, müalicə üçün dərmanlar tapılmır, məktəblərdə isə elektrikin olmaması səbəbindən dərslərə məcburi fasilələr verilib.

QUAD minerallarla bağlı vacib qərar qəbul edib

ABŞ dövlət katibi Marko Rubio Ermənistandan əvvəl Hindistana dördgünlük səfər edib. Dövlət katibi hinldi rəsmilərlə fikir mübadiləsi aparmaqla yanaşı Yeni Dehlidə təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı olan (QUAD) qrupuna daxil olan Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirləri toplantı keçirib.

Rubio Hindistana səfərdən əvvəl bu ölkəni Amerikadan neft idxalının həcmini artırmağa, həmçinin bu xammalı Venesueladan da satın almağa inandırmağa çalışacağını söyləmişdi. Marko Rubio bu məqsədlə Venesuelanın Prezidenti Delsi Rodriqes gələn həftə Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb. Vaşinqtonun məqsədi aydındır, Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir. Bu məqsədlə Vaşinqton Yeni Dehliyə alternativlər təklif edib.

Marko Rubio Yeni Dehlidə olarkən ABŞ Prezidenti Donald Tramp Hindistanın ünvanına mesajlar göndərib. ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə ABŞ-ın Yeni Dehlidəki səfirliyində keçirilən yüksək səviyyəli qəbula telefonla qatılaraq “Hindistanın mənə və ölkəmizə 100 faiz etibar edə biləcəyini” vurğulayıb. “Əgər köməyə ehtiyac duysalar, hara zəng edəcəklərini bilirlər. Biz yaxşı iş görürük. Biz rekordlar qoyuruq. Bizim rekord iqtisadiyyatımız, rekord fond bazarımız var”, – deyə Ağ Ev sahibi əlavə edib. Hindistanın baş naziri Narendra Modinin böyük fanatı olduğunu bildirən Tramp iki dövlət arasında strateji tərəfdaşlığın gücləndirilməsi zərurətini bildirib. Eyni tədbirdə çıxış edən Marko Rubio Amerikanın qlobal rolunu vurğulayıb. ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ikitərəfli əlaqələrə nəticəyə yönəlmiş yanaşmanı vurğulayaraq, ABŞ-ın Corc Vaşinqton dövründən Prezident Trampa qədər qlobal “mayak” olaraq qaldığını və iki dövlətin lideri arasında sıx münasibətlərin qurulduğunu nümunə göstərib. Bütün bu açıqlamalar Hindistanın ABŞ və onun Sakit Okean bölgəsindəki müttəfiqləri ilə əlaqələri genişləndirməsinin təşviqi ilə əlaqəlidir.

Çin Rusiya ilə strateji tərəfdaşdır. Vaşinqton Hindistanın bu ittifaqa qoşulmasını istəmir. Yeni Dehli xarici və təhlükəsizlik siyasətində balansa üstünlük verir. Hindistan Rusiya və Çinlər birgə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in üzvü olsa da, Yeni Dehli bir sıra məsələlərdə Moskva və Pekindən fərqli yanaşmaya malikdir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar təhlükəsizlik və qlobal məsələlərdə Hindistan-ABŞ əməkdaşlığının artdığını vurğulayıb.

QUAD toplantısında dörd ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub. Üzv ölkələr Çinin artan hərbi gücündən narahatdırlar. Pekin QUAD təşkilatının Çinin inkişafını məhdudlaşdırmağa çalışdığı qənaətindədir. Marko Rubio ABŞ-ın dördlükdən dəniz təhlükəsizliyi və vacib minerallar kimi məsələlərdə “konkret tədbirlər” görməsinin zərurətini bildirib. Görüşün əsas nəticlərindən biri minerallarla bağlı çərçivə sənədinin qəbulu olub. Rubionun sözlərinə görə, bu çərçivə dörd ölkənin hər biri üçün etalon rolunu oynayacaq və kritik mineral təchizat zəncirlərini gücləndirmək üçün iqtisadi siyasət alətlərindən istifadəyə və investisiyaların əlaqələndirilməsinə imkan verəcək. Bu sıraya mineralların hasilatı, email və birgə istifadəsi aiddir.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1755496
en_USEN