Kateqoriya: Analizlər

Rusiyanın yeni prezidentinin siyasəti necə olacaq?

Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya prezidenti Vladimir Putin ağır xəstədir və o yaxın müddətdə ölə bilər.

Bu xəbərlər Rusiyanın hakim strukturları içərisində fikir ayrılığı yaratmaq məqsədilə yayıla bilər. Putinin xəstə olması xəbərləri psixoloji savaşın tərkib hissəsidir. Ancaq Putinin xəstəliyi ilə bağlı xəbərlər həqiqətə uyğun da ola bilər. Putin ölərsə Rusiya ətrafında hadisələr necə inkişaf edəcək, bunun Ukraynadakı müharibəyə hər hansı təsiri olacaqmı? Putinin ölümü Rusiyanın Cənubi Qafqaz siyasətini dəyişə bilərmi?

Putin sağlığıyla bağlı ciddi problemlərin olduğunu anlayarsa özünə varis seçməyə tələsəcək. O elə bir varis seçmək istəyəcək ki, həmin şəxs Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, o Ukraynaya qarşı işğalçı müharibəni intiqam hissi ilə başlayıb. Rusiya hakimiyyətinəki ən mühafizəkar siyasətçilərdən biri  Putinin yerinə keçərsə onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq. Digər tərəfdən Kremləki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək. Ona görə də böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibindən işğal edilən torpaqlardan, o cümlədən Krımdan çıxmaq tələb ediləcək.

Putinin ağır xəstəliyi Rusiyanın Cənubi Qafqaz siyasətinə də təsir edəcək. Rusiya hərbi kontingenti 2025-ci ilə qədər Qarabağda qalacaq. Azərbaycan həmin müddətdən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsini istəyəcək. Vladimir Putin Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Əgər Putin xəstələnərsə və onun yerinə başqa siyasətçi Rusiya prezidenti təyin olunarsa bu rəsmi Bakının manevr imkanlarını artıracaq. Rəsmi Bakı Rusiyanın yeni prezidentindən 2020-ci il 9 noyabr bəyanatına riayət etməsini, Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını tələb edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Pekin Ankaraya verdiyi vədi yerinə yetirməyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekinin Türkiyənin Çindəki səfirinin uyğurların yaşadığı Sincan əyalətinə səfərinə 5 ildir icazə vermədiyini və bunun iki dövlət arasındakı əlaqələrə mənfi təsirini etiraf edib. Mövlüd Çavuşoğlu bu barədə ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında deyib. Çavuşoğlu Pekinin Türkiyədən bir heyətin uyğurların yaşadığı bölgəyə səfər edəcəyini vədini xatırladıb, ancaq Çin hakimiyyəti bu vədini yerinə yetirməyib.

Çavuşoğlu Pekinin uyğur məsələsinə Ankaranın narahatlığı səbəbindən Türkiyə – Çin əlaqələrinin zədələndiyini bildirib. Çavuşoğlu bildirib ki, Pekin daima Türkiyədə yaşayan uyğurların ekstradisiyasını tələb edir. “Biz bu cür tələbləri yerinə yetirmirik” deyən Türkiyənin xarici işlər naziri bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının uyğurlarla bağlı 48 səhifəlik hesabatında Sincanda kütləvi həbslərin işgəncə, cinsi zorakılıq, məcburi əmək, məcburi abort və sterilizasiya ilə yadda qaldığını müəyyən edib. Çavuşoğlu insan haqları pozuntularını ortaya qoyan həmin hesabata Ankaranın reaksiya verdiyini söyləyib.

Xarici işlər naziri bildirib ki, Türkiyə Çinlə şəffaf şəkildə əməkdaşlıq etmək istəyir: “Niyə biz Çinin təbliğat vasitəsinə çevrilməliyik? Biz əməkdaşlıq etmək istəyirik, buna siyasi məsələ kimi baxmırıq. Biz qəti şəkildə Çin əleyhinə deyilik. Biz həmişə demişik ki, “vahid Çin” konsepsiyasını dəstəkləyirik”.

Şərqi Türküstanın mühacirətdəki hökuməti Türkiyə hökumətini uyğurların həbsini və deportasiyasını dayandırmağa və Çinlə bu məsələdə əməkdaşlığa son qoymağa çağırıb. Şərqi Türküstanın mühacirətdəki hökuməti Vaşinqtonda qurulub. Qurum Şərqi Türküstan xalqını beynəlxalq səhnədə təmsil edir.

Beləliklə, Türkiyə ilə Çin arasındakı münasibətlərdə mübahisə yaradan əsas bənd uyğurlarla bağlıdır. Pekin uyğurları assimilyasiya siyasətini davam etdirir, “əmək düşərgələri” praktikasından imtina etmir. Pekinin bu siyasəti Ankaranın narazılığına səbəb olur. Digər tərəfdən Türkiyədə yaşayan uyğurlar Ankaranın Pekinlə münasibətlərinə yenidən baxmasını tələb edirlər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır. Bu partiya dünyanın müxtəlif ölkələrində türklərin problemlərinə həssas yanaşır. Hakim partiya bunu nəzərə almaq məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Separatizmlə zəhərlənən beyinlər sülhə hazır deyil

Erməni saytlarının Beynəlxalq Böhran Qrupunun Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlaması erməni separatizminin və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur.

Birincisi, hesabat müəllifləri yazıblar ki, Azrəbaycanla Ermənistan arasında yeni müharibə 2020-ci il müharibəsindən az dramatik olmayacaq və qalib yenə Azərbaycan olacaq.

İkincisi, hesabat müəlifləri yazıblar ki, Azərbaycan son iki ildə hərbi qüdrətini daha da artırıb, Türkiyə ilə hərbi ittifaq güclənib, Ermənistan ordusunun isə əksinə hərbi təhcizatı zəifləyib, İrəvan Rusiyadan istədiklərini ala bilməyib. Bunun da əsas səbəbi odur ki, hərbi texnika Ukraynada işğalçı müharibə aparan Rusiyanın özünə lazımdır.

Üçüncüsü, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: Avropanın Azərbaycan qazına ehtiyacı var. Yəni hesabat müəllifləri bununla demək istəyiblər ki, Azərbaycana yeni hədəflərinə çatmaqda Avropa mane olmayacaq.

Hesabat müəllifləri Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır, Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq.

Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir. Azərbaycan ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu. Azərbaycan fəalları Ermənistanla Qarabağın birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə yenə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər.

Belə vəziyyətdə Ermənistanın heç bir ümid yeri yoxdur, yeganə alternativi Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq və bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq separatizmlə zəhərlənən beyinlər hələ buna imkan vermir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Yeni nazir müharibə istəmir(mi?)

Çin yeni ilə mühüm dəyişikliklə daxil olub. Çinin yeni xarici işlər naziri bu ölkənin ABŞ-dakı səfiri Qin Qanq təyin olunub. Bu proqnozlaşdırılan qərar idi. Çünki Qin Qanq hələ oktyabr ayında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzv seçilib. Bu qərar Kommunist Partiyasının 20-ci qurultayında təsdiq edilib. Bu qərardan sonra Çinin ABŞ-dakı səfirinin yaxın müddətdə Pekinə çağrılaraq yüksək vəzifəyə təyin olunacağı ehtimal edilirdi. Əslində Qin Qanq Amerikada cəmi 17 ay səfir vəzifəsində çalışıb. Keçmiş xarici işlər naziri 69 yaşlı Van Yinin isə Kommunist Partiyasında yüksək vəzifəyə təyin olunacağı gözlənilir.

Qin Qanq səfir təyinatından əvvəl uzun illər Çin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O ABŞ-la yanaşı Böyük Britaniyada da səfir işləyib. Qin Qanq 2018-ci ilin sentyabrında Çin xarici işlər nazirinin müavini təyin olunub, 3 il sonra Amerikaya səfir göndərilib. Görünür, Qin Qanqın diplomatik fəaliyyətinə ölkənin lideri Si Tsinpin şəxsən nəzarət edib.

Qin Qanq səfir vəzifəsində çalışarkən dünyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib, məqalələr yazıb. O belə məqalələrdən birini “The National Interest” dərgisində yayımlayıb. Səfir həmin məqalədə Amerika Birləşmiş Ştatlarını dövlətləri “demokratik” və “avtoritar” hissələrə bölməməyə çağırıb. Səfir Rusiya-Ukrayna müharibəsi haqqında isə “müharibədə qaliblər olmur” ifadəsini işlədib. Qin Qanqın bu iki yanaşması onun nazir kimi siyasətini də formalaşdıracaq. Ancaq Pekinin siyasəti ilə bağlı ondan asılı olmayan məsələlər var. “ABŞ-la Çin arasındakı fərqlərə baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq” deyən Qin Qanq qarşılıqlı əməkdaşlıqdan faydalanmağın vacib olduğunu bildirib.

Qin Qanqa çətin olacaq. Pekin Tayvan adasını geri qaytarmaq istəyir, Hindistanla sərhəd problemi var, Yaponiyanın bir neçə adasına iddialıdır. Bu amillər ABŞ-ın Çinə qarşı siyasətini sərtləşdirib. Bundan başqa Vaşinqton bölgədə Çinə qarşı müttəfiq dövlətlərlə bloklar formalaşdırıb. Qin Qanq bütün bu məsələlərin həlli ilə məşğul olacaq. Pekin bir tərəfdən müharibə istəmədiyini bəyan edir, digər tərəfdən bölgədə hərbi varlığını gücləndirməklə məşğuldur.

Pekinin Kremllə ittifaqı gücləndirməsi də Vaşinqtonu narahat edən amillərdəndir. Rusiya və Çin liderləri bir neçə gün əvvəl telefonla danışaraq ittifaqı gücləndirmək barədə qərar veriblər.  Bu baxımdan Qin Qanq Kommunist Partiyasının və ölkənin lideri Si Sinpinin xarici siyasətdə təlimatlarını yerinə yetirəcək. Qin Qanq “müharibədə qaliblər olmur” desə də lideri Si Tsinpin “Tayvan adasını Çinə birləşdirmək üçün lazım gələrsə güc yolundan da istifadə edəcəyik” prinsipini irəli sürüb. Bu isə müharibə deməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Rusiya daha bir tərəfdaş siyahısından çıxarılıb

Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.
Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir” – bu cümlə yeni milli təhlükəsizlik strategiyasında yer alıb. Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib. Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub.
Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb. Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib.
“Atlas” Araşdırmalar Mərkəzi

 

2023-də bizi nə gözləyir?

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik gələn il də azalmayacaq, sülh sazişinin imzalanması ehtimalı yüksək deyil, Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür, eyni ilə gələn il Rusiya ilə Ukrayna arasında razılaşma çətin görünür, müharibə davam edəcək, hər iki tərəfdən itkilər artacaq, qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cumhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarət götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır. İnsan həyatı belədir. Yeni ilimiz mübarək!

 

 

Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var.

“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” – bunu Böyük Britaniyanın böyükləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları olmasaydı, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı. London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi. Ancaq nə baş verdi ki, London bu dəfə “əbədi maraqlarına” tərs addım atdı? Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi eyni ilə digərləri kimi Azərbaycana “yolun açılmasıyla” bağlı çağırışa qoşuldu. Halbuki, Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq.

 

Ermənistan hakimiyyəti niyə görüşdən imtina etdi?

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri sabah Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən imtina edib. Bunun səbəbi nədir? Başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Bunların məntiqinə görə Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır. Azərbaycan vətəndaşlarının yolda etirazı 11-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr bu avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır.
Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi belə bu Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib. Bəs Ermənistan hakimiyyətinin indiki vəziyyətdə alternativi nədir? “Ermənistanla Qarabağı birləşdirən yolu BMT və ATƏT nəzarətə götürsün” – bu, Nikol Paşinyanın təklifidir. Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur.

Haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər

, , ,

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qulaqardına vurdular. Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi.
Hadisələrin inkişafının bir neçə variantı var.
Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?
İkinci variant: Hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq.
Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1386364
azAZ