Kateqoriya: Analizlər

Yaxın Şərq-Avropa Dəhlizi yubanır

Böyük dövlətlər arasında nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib. Hindistan qlobal təchizat zəncirinə hakim olmaq məqsədi ötən ilin sentyabrında Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində Yaxın Şərq-Avropa Dəhlizi (IMEC) işə saldı. 2023-cü ilin sentyabrın 9-10 tarixlərində Hindistanda “Bir dünya, bir ailə və bir gələcək” başlığı altında G-20 Dövlət Başçılarının 18-ci Sammiti keçirilmişdi. Yığıncaq çərçivəsində Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi sessiyası da baş tutmuşdu.   Hindistanın baş naziri Narendra Modi bu sessiyada Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini elan etmişdi. İqtisadi dəhlizlə bağlı Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ anlaşma memorandumu imzalamışdı.

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq. Hindistanı Qərbi Asiya və Yaxın Şərqi birləşdirəcək Şərq Dəhlizi və Qərbi Asiya və Yaxın Şərqi Avropanı birləşdirəcək Şimal dəhlizindən ibarətdir. Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Avropaya uzanacaq. Layihə Hindistandan yüklənən malların İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur.

Ağ Ev sahibi Co Baydenin “böyük bir iş” kimi qiymətləndirilən IMEC, ABŞ-ın Hind-Sakit okean və Yaxın Şərq strategiyasının əsas sütunlarından biridir. “Politico” nəşrinin hesabatına görə, Qərb ümid edir ki, ABŞ-ın Çinin “Bir kəmər və yol” təşəbbüsünə (BRI) alternativi kimi təsvir edilən bu iqtisadi dəhliz Pekinin artan geosiyasi müdaxiləsini məhdudlaşdıra bilər. Dehli mart ayında Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında təklif olunan gəmi-dəmir tranzit şəbəkəsinin, IMEC-in gücləndirilməsi və istismarı üçün əməkdaşlıq haqqında Hökumətlərarası Çərçivə Sazişini (IGFA) təsdiqləyib.

Səudiyyə Ərəbistanı artıq layihəyə 20 milyard dollar (18,4 milyard avro) sərmayə qoymağı öhdəsinə götürüb ki, bunun da böyük hissəsi dəmir yolu şəbəkəsinə aiddir. Təklif olunan iqtisadi dəhliz, Hindistan mallarını dəmir yolu və dəniz şəbəkələri vasitəsilə Yaxın Şərq üzərindən Avropaya birləşdirmək məqsədi ilə hazırlanıb və layihənin əsas hissələrindən birinin dəmir yolu olacağı gözlənilir. Bu əlaqə BƏƏ və Səudiyyə Ərəbistanını İordaniya vasitəsilə İsraillə birləşdirəcək. Bir qrup analitikin fikrincə, layihə uğurlu olarsa, IMEC Avropanın iqtisadi dayanıqlığını artıra və ticarətin diversifikasiyası seçimlərini artıra bilər.

Çinin “bir kəmər, bir yol” layihəsi təxminən 150 ölkəni, dünya əhalisinin 60 faizini əhatə edir. ABŞ-ın dəstəklədiyi alternativ layihə özünü təsdiq etdirməlidir. Yaxın Şərqdəki gərginlik və İranın dəstəklədiyi husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə hücumları IMEC layihəsinin reallaşmasına əngəldir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bayden dostlarını niyə tənqid edib?

ABŞ prezidenti Cozef Baydenin son çıxışı aləmi bir-birinə qatıb. Ağ Ev sahibi bir sıra ölkələri tənqid edərkən, ABŞ-ın müttəfiqlərini də hədəf seçib. Bayden Yaponiya və Hindistanın mühacirlərə qarşı “ksenofobiya” siyasətinin onların iqtisadiyyatlarının durğunlaşmasına səbəb olduğunu iddia edib.

Vaşinqtonda çıxış edən Ağ Ev sahibi iqtisadiyyatları miqrant siyasəti ilə bu şəkildə əlaqələndirib: “İqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri sizin və başqalarının sayəsindədir. Niyə? Çünki biz immiqrantları salamlayırıq. Niyə Çin iqtisadi cəhətdən belə pis durğunluq içindədir, Yaponiya niyə problem yaşayır, Rusiya və Hindistan niyə problem yaşayır? Çünki onlar ksenofobikdirlər. Onlar immiqrantları istəmirlər. Bizi güclü edən immiqrantlardır”.

Baydenin bu çıxışı ABŞ-nı xarici və təhlükəsizlik siaysətinə zidd kimi qiymətləndirilib. Çünki, Bayden bugünlərdə Vaşinqtonda Yaponiyanın baş naziri Fumiyo Kişida ilə hərbi əlaqələrin inkişafını, Rusiya və Çinə qarşı birgə mübarizə mövzularını müzakirə etmişdi. Bu görüş hər iki tərəfdə müsbət qiymətləndirilmişdi. Ancaq Baydenin qəfil Yaponiyanın ünvanına aşağılayıcı fikirlər söyləməsi Tokioda narahatlıq doğurub. Eyni sözləri Hindistana da aid etmək olar.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Baydenə cavab olaraq, “ilk növbədə deməliyəm ki, Hindistan iqtisadiyyatı zəifləmir, daha da güclənir və bunu beynəlxalq təşkilatlar da qeyd edir” cümləsini işlədib. Hindli diplomat ölkəsinin açıq cəmiyyət olduğunu vurğulayıb. Subrahmanyam Jaishankar “Economic Times” qəzetinin təşkil etdiyi dəyirmi masada deyib ki, Baydenin Hindistanın ünvanına dediklərini qətiyyətlə rədd edirlər. Hindistanın xarici işlər naziri ABŞ-ın özündə dözümsüzlüyün var olduğunu bildirib və misal kimi ABŞ universitetlərində anti-İsrail etirazların polis gücünə yatırıldığını vurğulayıb.

Ağ Ev sahibinin ölkəsinə zərər vurduğu çıxışdan Rusiya istifadə etməyə çalışacaq. Kreml deyəcək ki, Vaşqinton heş müttəfiqlərinə sadiq deyil. Bunu Baydenin müşavirləri də anlayırlar. Bu səbəbdən Ağ Evin mətbuat katibi Karin Jan-Pyer patronun sözlərini düzəltməyə çalışıb. O deyib ki, ABŞ prezidenti Hindistan və Yaponiyada yaşayan xalqlarla diplomatik münasibətləri gücləndirməyə davam edəcəyini və bunun son üç ildəki hərəkətlərində aydın özünü göstərdiyini bildirib. “Bizim Hindistanla Yaponiya ilə güclü əlaqələrimiz var” deyən mətbuat katibi prezident Cozef Baydenin son üç ildə Tokio və Dehli ilə əlaqələrə xüsusi əhəmiyyətin verdiyini bir daha təkrarlayıb. Bayden Amerikanı immiqrantlar ölkəsi adlandırıb. Ancaq o prezident seçkisində Donald Trampa məğlub olsa Amerika qapılarını immqrantlara bağlayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Qırğızıstanın borcu artıb

Qırğızstanın türk dövlətləri ilə inteqrasiyaya çalışması Pekində diqqətlə izlənilir. Qırğızıstanın Çinə əvvəllər təxirə salınmış borcun ödənilməsi vaxtı gəlir və bu, Mərkəzi Asiya ölkəsində güclü şərq qonşusundan maliyyə asılılığının dərinləşməsi ilə bağlı ictimai narahatlığı artırıb. Qırğızıstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yığılmış ümumi borcunun təqribən 6,2 milyard dollar və ya ÜDM-in 45%-i kimi qiymətləndirilir. Bunun təxminən 1,7 milyard dolları 2021-ci ildə COVID-19 pandemiyası qarşısında 32 milyon dolların geri qaytarılmasını təxirə salmağa razı olan Çin İxrac və İdxal Bankına borcdur.

Pekin Bişkekin əlavə möhlətlər və ya alternativ ödəmə sxemləri ilə bağlı təkliflərini rədd edir. Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda fevralın 2-də hökumətin iclasında Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov bunları deyib: “Biz xarici borc üzrə ödənişlərin pik həddinə çatmışıq”. Japarov bildirib ki, borcun ödənilməsi üçün Qırğızıstan büdcəsindən 2024-cü ildə 400 milyon dollar, 2025-ci ildə 430 milyon dollar və 2026-cı ildə isə 390 milyon dollar ayrılması tələb olunacaq. “Biz hamımız Qırğızıstan adlı eyni gəmidəyik, ona görə də hər kəsin əməyinə və töhfəsinə ehtiyacımız var. Biz bir komanda kimi işləməliyik”, – deyə Cəfərov iclasda bildirib.

Qırğızıstan hökumətinin məlumatları göstərir ki, Çin kreditləri Pekinin qlobal “bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi kimi iri infrastruktur layihələrinə xərclənib. Bunlara paytaxtın mərkəzi istilik stansiyasının modernləşdirilməsi, Şimal-Cənub magistralının yenidən qurulması və ölkənin elektrik şəbəkəsinin yenilənməsi daxildir. Kreditlər 20 il ərzində qaytarılmalıdır. Hökumət borcun ödənilməsi forması kimi bəzi gəlirli mədən aktivləri üzərində nəzarəti Çinə ötürməyi nəzərdən keçirsə də, ictimai etirazların qorxusundan buna yaşıl işıq yandırmayıb. Çin istənilən halda bu ideyanı rədd edib, eyni zamanda 32 milyon dolların təxirə salınmasına razılaşıb.

Qırğızıstan rəsmiləri keçən il Çinə borcunun bir hissəsini yaşıl təşəbbüslərə dəyişməyi təklif ediblər. Bişkək Çini Qırğızıstanın bərpa olunan enerji layihələrinə sərmayə yatırmağa təklif edib. Gəlir bölünməlidir. Çinin bu təklifi də rədd edib.

Çinin Qırğızıstandakı səfiri Du Deven mətbuat konfransında Çinin Qırğızıstan kreditlərini restrukturizasiya etməsinin mümkünlüyü barədə suala belə cavab verib: “Qərar verən təkcə biz deyilik. Çin beynəlxalq normalara riayət etməlidir. Bütün bu məsələlər hansısa həll yolu tapmaq üçün dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda müzakirə oluna bilər”. Restrukturizasiya üzrə irəliləyişin olmaması, Qırğızıstanın borcunu ödəyə bilməsə, Çinin nə edəcəyi ilə bağlı qırğızlar arasında narahatlığı artırıb. Bişkəkdə 2019 və 2020-ci illərdə Çinin Qırğızıstandakı investisiyalarına qarşı yönəlmiş etirazlar aksiyaları olmuşdu. Qırğızıstan borcunu qaytara bilməsə Çin Bişkekin mərkəzi istilik stansiyasını və Şimal-Cənub magistral yolu kimi bəzi əsas aktivlərə nəzarəti ələ keçirə bilər. Qırğız ekspertlərdən biri borcun iki ölkə arasında gərginlik mənbəyinə çevrilə biləcəyini söyləyib: “Problem ondadır ki, biz Çinin Mərkəzi Asiya və Qırğızıstan üçün] uzunmüddətli strateji hədəflərinin nə olduğunu bilmirik. Pekin bölgədə sülhdə maraqlı olduğunu bildirir, ancaq qırğızlar Çinin siyasətinə etibar etmirlər”.  Qırğızların qardaş uyğurlara dəstəyi Pekini narahat edir. Pekin Mərkəzi Asiya ölkələrini, o cümlədən Qırğzıstanı uyğurlara dəstəkdən imtina etməyə çağırır.

“Atlas” Araşdırmalar Mərkəzi

Nüvə təhlükəsizliyi aktuallaşır

Nüvə silahı əldə etmək istəyən dövlətlərin sayı artdıqca, bu, nüvə silahı olmayan ölkələrdə narahatlıq yaradır. Siyasətçilər və ekspertlər “nüvə müharibəsi” ifadəsini tez-tez işlətməyə başlayıblar. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda Kreml Qərb dövlətlərini nüvə silahıyla hədələyir. Digər tərəfdən İran nüvə silahı əldə edərsə, Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək barədə düşünəcəklər. Çinin nüvə silahlarının sayını artrırması bu ölkənin qonşularını ciddi narahat edir.

Yaponiya, Cənubi Koreya və Hindistan nüvə mövzusunda, o cümlədən tərksilah və nüvə silahlarının yayılmaması barədə dialoq aparırlar. Bu 3 ölkə uzun illər nüvə tərksilahının tərəfdarı olublar, nüvə sınaqlarına qadağa müqaviləsi və parçalanan materialların istehsalının dondurulmasını təklif ediblər. Hindistan və Cənubi Koreya nümayəndə heyətləri aprelin 26-da nüvə, kimyəvi və bioloji sahələrlə bağlı tərksilah və silahların yayılmaması sahəsindəki inkişaflara dair danışıqlar aparıblar. Cənubi Koreyanın paytaxtı Seulda keçirilən məsləhətləşmələrdə regional silahların yayılmaması ilə yanaşı, kosmos təhlükəsizliyi ilə bağlı məsələlər, hərbi sahədə süni intellekt daxil olmaqla adi silahlar və çoxtərəfli ixraca nəzarət rejimləri də müzakirə edilib. Cənubi Koreya ilə Hindistan arasında ticarət əlaqələri də ildən-ilə artır. Bu iki dövlət strateji tərəfdaşa çevriliblər.

Bu arada, aprelin 24-də Yaponiya da Hindistanla tərksilah, silahların yayılmaması və ixraca nəzarət üzrə məsləhətləşmələrin 10-cu raundunu keçirdib. Tokioda keçirilən görüşdə də mövzu eyni olub, tərəflər nüvə, kimyəvi və bioloji sahələrə aid silahsızlanma və yayılmama, kosmosun təhlükəsizliyi, nüvə silahlarının yayılmaması, adi silahlar və ixraca nəzarət sahələrindəki inkişaflar barədə fikir mübadiləsi aparıblar. Hindistan nüvə silahına malik olsa da, Çinin nüvə arsenalını artırmasından narahatdır. Bu narahatlığı Cənubi Koreya və Yaponiya da bölüşür.

Tokio, Seul və Dehli Çinin kosmosdakı tədqiqatlarından da narahatdırlar. Pekin kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır. Kosmosdan hərbi məqsədlər üçün də istifadə etmək olar. Çinin süni peyklərinin sayı artıb. Pekin kosmosun öyrənilməsində Rusiya və ABŞ-la rəqabət gücünü artırıb. Vaşinqtonda hesab edirlər ki, Çinin növbəti məqsədi aya süni peyk göndərməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Fransa bu ölkə ilə hərbi əməkdaşlığa niyə üstünlük verir?

Fransa üzdə digər Qərb ölkələri ilə ittifaqda olsa da, bir sıra hallarda Qərbin rəqibləri ilə əməkdaşlıqdan çəkinmir.  Misal üçün Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırarkən, Fransanın İrəvandakı səfiri Ermənistanın təhlükəsizliyi mövzusunda Parisin Tehranla əməkdaşlıq etdiyini bildirib. Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın bir qisminin İran üzərindən İrəvana çatdırıldığı istisna deyil.

ABŞ və Avropa İttifaqı ölkələrinin Çinlə münasibətlərində xeyli problem var. Buna baxmayaraq, Paris Pekinlə də əməkdaşlığı inkişaf etdirməyin yollarını arayır. Buna misal olaraq Fransa Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu hərbi əməkdaşlıq üçün yeni mexanizm yaratdığını söyləmək olar. “South China Morning Post” nəşrinin yazdığına görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimadı və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyi birgə töhvə verəcək. Nəşr Çin Müdafiə Nazirliyinə istinadən bunları yazıb. Belə çıxır ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Avstraliya, Yeni Zellandiya və Çinə qonşu olan digər dövlətlər Pekinin qərarlarından narahat olarkən, Fransa Çinlə hərbi əməkdaşlıq mexanizmlərini müzakirə edir. Ancaq bu iki ölkənin rəqabət etdiyi bölgələr də var.

Çin Afrikada Fransanın sıxışdırılmasından istifadə etməyə çalışır. Çin təkcə Afrikanın ən böyük ticarət tərəfdaşı deyil, həm də onun ən böyük ikitərəfli kreditorudur. Son 15 ildə Çin və Afrika ölkələri arasında ticarət 282,1 milyard dollara çatıb. Çinin ixracın böyük hissəsi Cənubi Afrika, Anqola və Konqo Demokratik Respublikasına yönəlib. Nigeriya isə Çin mallarının ən böyük idxalçısıdır. Afrikanın böyük təbii ehtiyatlarına və strateji infrastrukturuna çıxış üçün Çin və Afrika dövlətləri arasında müxtəlif ikitərəfli müqavilələr imzalanıb. Çin şirkətləri Afrikanın infrastruktur müqavilələrinin 31 faizində iştirak edir. Bu, əsasən köhnə ticarət marşrutlarını – İpək Yolu (quru ilə) və Dəniz İpək Yolunu canlandırmaq məqsədi daşıyan Çinin “bir kəmər, bir yol” təşəbbüsü tərəfindən dəstəklənib. Çin Keniyada dəmir yolları, Cibuti və Nigeriyadakı limanlar kimi bir neçə meqalayihəni maliyyələşdirib.

Bununla belə, Çinin Afrikadakı bir neçə infrastruktur layihəsi borc tələsi olduğu üçün tənqidlərə məruz qalıb. Bir sıra ölkələr Çini “borc tələsi diplomatiyası” yürütməkdə ittiham edir, nəticədə Afrika yüksək iqtisadi tarifləri qəbul edir. ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson bəyan edib ki, Çinin strategiyası qeyri-müəyyən müqavilələr, soyğunçu kreditlər və dövlətləri borcla yükləyən və onların suverenliyini aşındıran, davamlı inkişafa mane olan korrupsiya sövdələşmələri vasitəsilə asılılığı gücləndirir. Çinə ən çox borclnanan Afrika ölkəsi Keniyadır. Pekin Keniyanın borc üzrə faizlərin təxirə salınması təklifini rədd edib.

Fransa Çinin Afrikadakı fəallığını əngəlləyə bilmir. Buna baxmayaraq, Afrika ölkələrinin Çinə artan borcları Parisdə məmnuniyyətlə qarşılanır. Fransada düşünürlər ki, Afrika ölkələrinin Çinlə münasibətləri gərginləşərsə, həmin dövlətlər yenidən Parislə əməkdaşlığa üstünlük verə bilərlər. Ancaq Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropada casuslar ovu davam edir

Avropada növbəti casus qalmaqalı yaşanr. Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları yaxalanır. Moskva ilə yanaşı Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Son aylarda, həm Böyük Britaniyada, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.

Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və kadameik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan Çin Araşdırma Qrupunda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib.

Bu arada, Almaniyanın daxili işlər naziri Nensi Faeser açıqlama verərək, “biz Çinin biznes, sənaye və elm sahələrində casusluğunun yaratdığı əhəmiyyətli təhlükənin fərqindəyik” cümləsini işlədib. Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar. Həbs orderində bildirilib ki, həbs edilən şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur.

Bu xəbər Almaniya kansleri Olaf Şolzun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Tsinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib.

Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur.

“Atlas” Araşdırmalar Mərkəzi

Mehriban düşmənlər arasında dialoq nəticə vermir

Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin Çinə bir neçə gün əvvəl səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin 3 günlük səfəri Çinin Şanxay şəhərindən başlamı paytaxt Pekində davam etmişdi.

Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib. Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu əvvəlkitək narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”.

Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Misal üçün ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-ın Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimlər tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ-la yanaşı Filippin, Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün ABŞ-ın Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir.

Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər. Ancaq bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədəki gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin Amerika sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-a məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dan geri qalır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. ABŞ-ın hazırki prezidenti Cozef Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarıyla Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib. Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadırlar. Amerikada hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya dəzgahlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir.  “The Financial Times” nəşrində yayımlanan məqalədə, Entoni Blinkenin Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb.

Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi. CNN televiziya kanalının yaydığı məlumata görə, ABŞ dövlət katibi Çinə üç günlük səfərini başa vurarkən deyib ki, Çin prezidenti Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn ABŞ seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Tsinpin seçkilərə qarışmayacağı barədə ABŞ prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi

Mübarizə Aya keçib

ABŞ-la Çin arasında Ay uğrunda rəqabət güclənib. ABŞ-ın NASA Kosmik Agentliyinin rəhbəri Bill Nelson Aya astronavt göndərməyin sürətləndirilməsi vacibliyini bildirib. Onun fikrincə, ABŞ gecikərsə Çin NASA-nı qabaqlaya bilər. Çinin kosmik proqramı sürətlə həyata keçirilir. Çin son 10 ildə kosmik tədqiqatlar sahəsində xeyli irəliləyib. Çin hakimiyyəti kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır.

Bill Nelson ABŞ Konqresinin komitəsində çıxış edərkən bildirib ki, NASA “Artemis” proqramı əsasında amerikalı astronavtların Aya göndərilməsi proqramı üzərində çalışmalarını davam edir. Astronavtlar Ayın cənub hissəsinə enməlidirlər. Bu çox mürəkkəb layihə olduğundan maliyyənin artırılmasını tələb edir. Konqres məhz buna görə dinləmələr təşkil edib ki, Aya astonavtların göndərilib-göndərilməməsi məsələsini aydınlaşdırsın. Nelson Komitədəki çıxışı zamanı konqresmenlərə xatırladıb ki, layihənin maliyyələşməsi vaxtında həyata keçirilməsə və gecikmə baş verərsə, Çin NASA-nı qabaqlayacaq. Bill Nelson onu da deyib ki, Çinin kosmik proqramı hərbi xarakter daşıyır. Çin öz taykonavtlarını Aya 2030-cu ilə qədər göndərməyi planlaşdırır. Əgər Çin taykonavtlarını ABŞ astonavtlarından daha tez Aya göndərərsə, Aya enmə ərazisi Çinə məxsus olacaq.

Bu, NASA rəhbərinin Çinin kosmos missiyaları ilə bağlı narahatlığını ifadə etdiyi ilk hal deyil. O, keçən il bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyinin kosmos yarışı potensialını qiymətləndirən 196 səhifəlik hesabat dərc etdikdən sonra Yer üzündə ABŞ və Çin arasında geosiyasi gərginlik Aya qədər uzana bilər. “Çin peyk yoxlaması kimi proqramları inkişaf etdirir. Bu imkanların heç olmasa bəziləri silah kimi də fəaliyyət göstərə bilər”, – deyə hesabatda bildirilirdi.

“Soyuq müharibə” illərində kosmosda rəqabət ABŞ-la SSRİ arasında gedirdi. Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu. 20 iyul 1969-cu ildə Aya ayaq basan Neil Armstronqun sözləri tarixə düşdü: “bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün bir nəhəng sıçrayışdır”. SSRİ varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, keçmiş illərdə olduğu kimi böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropa ədalətsiz rəqabətdən şikayətçidir

ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər. Almaniya kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri prezidenti Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün onun Kremlə təsir göstərməyi xahiş edib. Almaniya kansleri Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Olaf Şolts 2024-cü ildə Çinə səfər edən ilk Qərb lideri olub.

Şolts Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakın vacibliyini bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil.

Almaniya kanslerinin Çinə səfərindən nəticəsiz qayıtması bir sıra Qərb mətbuatında tənqid olunub. Hesab edilib ki, Şoltsun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki, Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar.  Digər tərəfdən Almaniyanın böyük şirkətləri Çinlə əməkdaşlıqdan imtina etmək istəmirlər. Brüsselin mövqeyi fərqlidir. Brüssel hesab edir ki, Çin şirkətləri dövlətdən aldıqları dəstək sayəsində Avropadakı məhsullarını ucuz qiymətə sata bilirlər. Bu isə bərabər rəqabət imkanlarını mənfi təsir edir.

“Reuters” agentliyinin məlumatına görə, Pekin Berlinlə əməkdaşlığı inkişaf etdirmək istəyir. Çin lideri iki ölkənin ticarət mübadiləsinin tərəflərin maraqlarına cavab verdiyi qənaətindədir. Almaniya ilə Çin arasında əlaqələr Vaşinqtonda diqqətlə izlənilir. Almaniyanın özündə Çinin yerinə ABŞ-la ticarət əlaqələrinə əhəmiyyət verilməsini dəstəkləyənlər var.  Bu səbəbdən kansler Olaf Şolts Çinlə əməkdaşlıq mövzusunda Almaniya daxilindəki siyasi qüvvələr arasında balansı qorumağa çalışmalıdır.

“The New York Times” nəşrində yayımlanan məqalədə Almaniya istisadiyyatının tədricən Çindən asılılığının artdığı vurğulanıb və Pekin bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Çin məhsulları Almaniya bazarında satılarkən, Almaniya məhsullarının Çin bazarında çətinlikləri var. Çünki dövlətin dəstəyi hesabına Çin məhsulları ucuzdur və belə bir rəqabət şəraitində Almaniya məhsullarının Çində satış imkanları məhduddur.

“Atlas” Araşdırmalar Mərkəzi

Siam körfəzi yeni gərginlik mənbəyidir

Asiya və Sakit Okean bölgəsində vəziyyət gərgindir. ABŞ və onun bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdırlar. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı irəli sürülür. Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.

“The Washington Post” nəşrində bir müddət əvvəl yayımlanan məqalədə Çinin Kambocadakı “Ream” hərbi bazasının tikintisini sürətlə davam etdirdiyi yazılmışdı. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.

Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zellandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlarələrini gücləndiriblər.

Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq.

Buna baxmayaraq, Vyetnam Kamboca rəhbərliyinə yeni kanalla bağlı narahatlığını bildirib. Yeni kanalın ekologiya ilə yanaşı Mekonq çayına mənfi təsir edəcəyi bildirilib. Buna görə də Vyetnam rəhbərliyi kanalın tikintisi ilə bağlı Kambocanın onunla məsləhətləşməsini istəyir. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsəilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffavlığın yaradılmasını istəyir.  Kamboca hökuməti narahatlıq üçün əsas görmdəyini açıqlayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 253565
azAZ